AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
13.07.2017
QEYDİYYAT NÖMRƏSİ
3082
ADI
“Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 14-07-2017, Nəşr Nömrəsi: 149), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2017, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 1417)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
14.07.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
150.130.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32201707133082
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
19.07.2017
“Məntəqə seçki komissiyasının formalaşdırılması qaydaları haqqında Təlimat”ın təsdiq edilməsinə dair

“Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi, bu sahədə ixrac potensialının artırılması və kənd əhalisinin məşğulluğunun təmin edilməsi məqsədi ilə qərara alıram:

1. "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək məqsədi ilə hər il dövlət büdcəsi və Dövlət İnvestisiya Proqramı tərtib edilərkən zəruri vəsaitin nəzərdə tutulmasını təmin etsin.

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:

3.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin;

3.2. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 iyul 2017-ci il

                № 3082

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 13 iyul tarixli 3082 nömrəli Sərəncamı ilə

təsdiq edilmişdir

 

Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı

 

1. Giriş

Ölkənin iqtisadi potensialından səmərəli istifadə və ixracyönümlü məhsul istehsalının təşviqi istiqamətində həyata keçirilmiş tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələr əldə etməyə imkan vermişdir. Son illərdə bu istiqamətdə qəbul edilmiş dövlət proqramlarının icrası aqrar sahədə sahibkarlığın inkişafını sürətləndirmiş, regionlarda əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan daha effektiv istifadə olunmasına, infrastrukturun müasirləşdirilməsinə və əhalinin məşğulluğunun artmasına zəmin yaratmışdır.

Aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrindən biri olan pambıqçılıq əməktutumluluğuna və ümumi məhsul buraxılışının həcminə görə yüksək göstəriciləri ilə seçilir.

Azərbaycanda pambıq istehsalı üçün əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğu, emal sənayesinin xammala tələbatının yerli istehsal hesabına ödənilməsi imkanları, həmçinin pambıq və ondan hazırlanmış son məhsullar üzrə ixrac potensialı pambıqçılığın daha da inkişaf etdirilməsini zərurətə çevirir. Məhz buna görə ölkədə pambıqçılığın inkişafına əlverişli şəraitin yaradılması aqrar siyasətin prioritet vəzifələrindən biri kimi müəyyən edilmişdir.

“Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” (bundan sonra - Dövlət Proqramı) pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsinə və bu sahədə problemlərin həllinə yönəldilmişdir.

2. Azərbaycanda pambıqçılığın mövcud vəziyyəti

Azərbaycanda pambıqçılığın kompleks inkişafı XX əsrin 70-ci illərinin əvvəllərinə təsadüf edir. Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə həyata keçirilən uğurlu aqrar siyasət nəticəsində pambıqçılıq çox sürətlə inkişaf etmiş, bu sahədə böyük sənaye potensialı yaradılmış, torpaqlarda meliorativ tədbirlər həyata keçirilmiş, irriqasiya sistemləri qurulmuş və pambıqçılığın elmi bazası gücləndirilmişdir. Təkcə 1981-ci ildə respublika üzrə pambıq istehsalı rekord həddə - 1 milyon 15 min tona çatdırılmış, xammal və emal sənayesi üzrə regional ixtisaslaşma həyata keçirilmiş və güclü maddi-texniki baza yaradılmışdır.

Torpaqların mövcud vəziyyəti, təbii iqlim şəraiti, su ehtiyatlan, əmək resursları və aqrotexniki servis xidmətinin səviyyəsi bir sıra bölgələrdə pambıq əkininin həyata keçirilməsinə imkan verir. Bununla belə, rəsmi statistik məlumatlara əsasən 1990-2015-ci illərdə pambıq əkini sahəsi və istehsalı azalmışdır. Təkcə 2015-ci ildə pambıq əkini sahələri 18,7 min hektar, məhsul istehsalı 35,2 min ton təşkil etmişdir.

Lakin 2016-cı ildən etibarən pambıqçılığın inkişafı istiqamətində görülən əsaslı tədbirlər nəticəsində pambıq əkini sahəsi əvvəlki illə müqayisədə 2,7 dəfə artaraq 51,4 min hektara, pambıq istehsalı 2,5 dəfə artaraq 89,4 min tona çatdırılmışdır.

“Pambıqçılıq haqqında” Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 1012-IIIQ nömrəli Qanunu pambıqçılığın hüquqi, təşkilati və iqtisadi əsaslarının müəyyən edilməsi, xam pambıq və pambıq məhsullarının dövriyyəsi ilə əlaqədar münasibətlərin tənzimlənməsi sahəsində mühüm addım olmuşdur.

Son illərdə kənd təsərrüfatı məhsulları istehsalçıları üçün tətbiq olunan güzəştlər pambıqçılığın inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində mühüm rol oynamış, bu sahəyə investisiyaların cəlb olunmasına və pambıq istehsalına marağı artırmışdır.

Aqrar sahədə tətbiq edilən dəstək tədbirləri ilə bağlı yeni mexanizmin formalaşdırılması, bu sahədə hesabatlılığın, şəffaflığın və büdcə vəsaitlərindən səmərəli istifadənin təmin edilməsi, müraciətlərin sadələşdirilməsi və elektronlaşdırılması məqsədilə pambıq istehsalçılarına Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq subsidiya verilir. [1]

Dövlət Proqramı ölkədə müvafiq istiqamətdə aparılan işlərin daha da gücləndirilməsinə və pambıqçılığın sürətli inkişafına təkan verəcəkdir.

3. Dövlət Proqramının məqsəd və vəzifələri

3.1. Dövlət Proqramının məqsədi ölkədə pambıqçılıq məhsullarına tələbatın ödənilməsi, pambıq emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, pambıq məhsullarının ixracının artırılması, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsindən və bu sahənin inkişafının stimullaşdırılmasından ibarətdir.

3.2. Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:

3.2.1. pambıqçılığın inkişaf etdirilməsi üzrə institusional tədbirlərin həyata keçirilməsi;

3.2.2. pambıqçılıq sahəsində fəaliyyəti tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi;

3.2.3. pambıqçılıq sahəsində elmi təminatın və kadr potensialının daha da gücləndirilməsi;

3.2.4. pambıqçılığın infrastruktur təminatının yaxşılaşdırılması;

3.2.5. pambıq istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi;

3.2.6. pambıq istehsalçıları ilə emal müəssisələri arasında səmərəli iqtisadi əlaqələrin qurulması;

3.2.7. pambıq istehsalı və emalı sahələrinə yerli və xarici investisiyaların cəlb edilməsinin təşviqi;

3.2.8. pambıqçılıq məhsullarının rəqabətqabiliyyətliliyinin artırılması;

3.2.9. pambıqçılıq məhsullarının ixracının təşviqi;

3.2.10. pambıqçılıq məhsulları üzrə idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi;

3.2.11. pambıqçılıq məhsulları istehsalı ilə əlaqəli sahələrin inkişafının dəstəklənməsi;

3.2.12. pambıqçılıqda kooperasiyanın inkişaf etdirilməsi.

4. Pambıqçılığın inkişafının əsas istiqamətləri

4.0. Azərbaycanda pambıqçılığın inkişafı sahəsində qarşıya qoyulmuş məqsəd və vəzifələrin reallaşdırılması üçün aşağıdakı istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

4.0.1. qabaqcıl idarəetmə təcrübəsinin, intensiv becərmə-suvarma texnologiyalarının tətbiqi hesabına xam pambıq istehsalının artırılması və bu sahədə səmərəliliyin təmin edilməsi;

4.0.2. pambıqçılığın müasir texnika ilə təminatının yaxşılaşdırılması;

4.0.3. pambıq istehsalında növbəli əkin sisteminin tətbiq edilməsi;

4.0.4. rayonlar üzrə pambığın optimal əkin sahəsinin müəyyənləşdirilməsi və ixtisaslaşmanın dərinləşdirilməsi;

4.0.5. mövcud pambıq emalı müəssisələrinin fəaliyyətinin bərpası, modernləşdirilməsi, mütərəqqi texnika və texnologiyalar əsasında yeni pambıq emalı müəssisələri yaradılmasının dəstəklənməsi;

4.0.6. dərin emal məhsulları istehsalının təşviqi;

4.0.7. yeni pambıq emalı məhsulları hesabına ixracın genişləndirilməsi;

4.0.8. dünya pambıq bazarında müşahidə edilən konyunktur dəyişikliklərinin, o cümlədən kimyəvi liflərin tekstil sənayesində istifadəsinin genişlənməsinin nəzərə alınması;

4.0.9. pambıq toxumçuluğu təsərrüfatlarının maddi-texniki bazasının gücləndirilməsi və lifsiz toxum istehsalının təşkili.

5. Dövlət Proqramının maliyyələşmə mənbələri

5.0. Dövlət Proqramı üzrə tədbirlərin icrasının aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:

5.0.1. dövlət büdcəsi;

5.0.2. büdcədənkənar fondlar;

5.0.3. Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu, “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri; [2]

5.0.4. yerli və xarici investisiyalar;

5.0.5. qanunvericiliklə qadağan olunmayan digər mənbələr.

6. Dövlət Proqramının icrasından gözlənilən nəticələr

6.1. Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda pambıqçılıq ənənələrinin bərpa olunmasına, pambıq emalı məhsulları üzrə idxaldan asılılığın azaldılmasına, kənd yerlərində əhalinin məşğulluğuna, aqrar sənaye potensialının artırılmasına, ixrac imkanlarının genişləndirilməsinə və ölkəyə əlavə valyuta daxilolmalarına şərait yaradacaqdır.

6.2. Eyni zamanda, görülən tədbirlər nəticəsində qabaqcıl texnologiyaların geniş tətbiqinə əsaslanan pambıq istehsalı və emalı kompleksi təşəkkül tapacaq, yerli pambıq xammalına əsaslanan tekstil sənayesi formalaşacaqdır.

6.3. Dövlət Proqramının icrası nəticəsində 2022-ci ildə xam pambıq istehsalı 500 min ton təşkil edəcəkdir.

 


7. “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə

 

TƏDBİRLƏR PLANI

 

Sıra

№-si

Tədbirin adı

İcra müddəti

İcraçılar

7.1. Pambıqçılığın inkişafı üzrə institusional tədbirlər

7.1.1.

Pambıqçılıq sahəsində fəaliyyət göstərən ictimai birliklərin fəaliyyətinin gücləndirilməsi

2017-2022

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi

7.1.2.

Pambıqçılıq sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi

2017-2019

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi

7.1.3.

Pambıq əkini dövriyyəsinə cəlb ediləcək torpaqların müəyyənləşdirilməsi

2017-2018

Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları

7.1.4.

Pambıq istehsalı və emalı sahəsində klasterlərin yaradılmasının təşviqi

2017-2022

İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

7.1.5.

Pambıqçılıq sahəsində risklərin idarə edilməsi və mütərəqqi sığorta mexanizminin yaradılması

2017-2018

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası

7.2. Pambıqçılıq sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi

7.2.1.

Pambıqçılıqla məşğul olan müvafiq elmi tədqiqat müəssisələrinin və elit toxumçuluq təsərrüfatlarının maddi-texniki bazasının gücləndirilməsi

2017-2019

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi

7.2.2.

Pambıq istehsalı və emalı sahəsində kadrların hazırlanması məqsədi ilə peşə, orta ixtisas və ali təhsil müəssisələri şəbəkəsinin yaradılması

2017-2022

Kənd Təsərrüfatı Nazirliyi, Təhsil Nazirliyi

7.2.3.

Yüksəkkeyfiyyətli, tezyetişən və məhsuldar yeni pambıq sortlarının yaradılması

2017-2022

Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

7.2.4.

Pambıq bitkisi genofondunun zənginləşdirilməsi, seleksiyada istifadəsi, qorunub saxlanılması və nümayiş əkinlərinin təşkili

2017-2022

Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

7.3. Pambıqçılığın infrastruktur təminatının yaxşılaşdırılması

7.3.1.

Xam pambığın keyfiyyətinə nəzarət məqsədi ilə mövcud laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və yeni laboratoriyaların yaradılması

2017-2022

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi

7.3.2.

Əkin dövriyyəsinə cəlb ediləcək sahələrin su təminatının yaxşılaşdırılması üçün kiçik və orta həcmli sututarların yaradılması

2017-2022

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Maliyyə Nazirliyi

7.3.3.

Meliorativ tədbirlərin gücləndirilməsi, drenaj şəbəkələrinin bərpası, yenilərinin yaradılması və şoranlaşmış torpaqların əkinəyararlı vəziyyətə gətirilməsi

2017-2022

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC, Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi

7.3.4.

Pambıq emalı müəssisələrinin elektrik, qaz təchizatı və digər infrastruktur sistemlərinə qoşulmasının təmin edilməsi

2017-2019

“Azərişıq” ASC, “Azərsu” ASC, Dövlət Neft Şirkəti, yerli icra hakimiyyəti orqanları

7.3.5.

Yanğından mühafizə tədbirlərinin gücləndirilməsi

2017-2022

Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti orqanları

7.4. Pambıqçılıq sahəsində dövlət dəstəyi tədbirləri

7.4.1.

Pambıqçılığın müasir texnika və avadanlıqlarla, keyfiyyətli pestisid və gübrə ilə təminatının gücləndirilməsi

2017-2022

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi

7.4.2.

Pambıq toxumunun lifsizləşdirilməsini həyata keçirən müasir emal müəssisələrinin yaradılmasının dəstəklənməsi

2017-2022

İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

7.4.3.

Pambıqçılıq sahəsində fəaliyyət göstərən fermerlərə ödənişsiz məsləhət xidmətlərinin təşkili, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə edilməsi

2017-2022

Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

7.4.4.

Pambıq istehsalı və emalı sahələrinə yerli və xarici investisiyaların cəlb olunmasının təşviqi

2017-2022

İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

7.4.5.

Pambıqçılıqda müasir suvarma metodlarının geniş tətbiqinin stimullaşdırılması, o cümlədən pivot sistemlərinin tətbiq olunduğu layihələrin dəstəklənməsi

2017-2022

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC

7.4.6.

Tədarük və emal imkanlarının artırılması məqsədi ilə pambıq qəbulu məntəqələrinin, emal zavodlarının yenidən qurulması

2017-2019

İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi

7.4.7.

Yeni emal güclərinin yaradılmasında şirkətlərin dəstəklənməsi

2017-2022

İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

7.4.8.

İqtisadi baxımdan əsaslandırılmış səmərəli layihələrə xüsusi güzəştli kreditlərin verilməsi

2017-2022

İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

7.5. Pambıqçılıqda marketinq fəaliyyətinin gücləndirilməsi və ixracın təşviqi

7.5.1.

Pambıq məhsulları istehsalçılarının yerli və beynəlxalq bazarlarda marketinq fəaliyyətinin dəstəklənməsi, pambıq məhsulları ixracının təşviqi

2017-2022

İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

7.5.2.

Pambıqçılıq məhsulları üzrə ölkə və beynəlxalq əhəmiyyətli sərgi, yarmarka, konfrans və festivallarda iştirak, xarici ölkələrdə milli brendlərin təşviqi

2017-2022

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi

7.5.3.

Pambıq məhsullarının istehsalı, emalı və ixracı ilə məşğul olan yerli şirkətlər barədə məlumatların Azərbaycanda istehsal olunan malların vahid məlumat bazası üzrə portalda yerləşdirilməsi

2017-2022

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       27 noyabr 2018-ci il tarixli 374 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2287)

2.      21 may 2019-cu il tarixli 1188 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 909)

3.      1 may 2020-ci il tarixli 2011 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 2 may 2020-ci il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 572)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 1 may 2020-ci il tarixli 2011 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 2 may 2020-ci il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 572) ilə “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın 2-ci hissəsinin altıncı abzası yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 22 sentyabr tarixli 2350 nömrəli Sərəncamına uyğun olaraq, təhvil verdikləri hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 0,1 manat subsidiyanın verilməsi və eyni zamanda, şirkətlər tərəfindən xam pambığın tədarük qiymətinin artırılması bu sahənin inkişafına əlavə stimul vermişdir.

 

[2] 27 noyabr 2018-ci il tarixli 374 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2287) “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın 5.0.3-cü yarımbəndində “Sahibkarlığa Kömək Milli” sözləri “Sahibkarlığın İnkişafı” sözləri ilə əvəz edilmişdir.

21 may 2019-cu il tarixli 1188 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 909) ilə “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın 5.0.3-cü yarımbəndində “Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin” sözləri “Aqrar Kredit və İnkişaf Agentliyinin” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status