AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
06.11.2017
QEYDİYYAT NÖMRƏSİ
1665
ADI
“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 07-11-2017, Nəşr Nömrəsi: 245), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2017, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 2004)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
07.11.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.080.050
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201711061665
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
10.11.2017
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Ölkədə iqtisadiyyatın tarazlı, rəqabətqabiliyyətli və dayanıqlı inkişafını təmin etmək dövlətin iqtisadi siyasətinin prioritetlərindəndir. Aparılan davamlı iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası siyasəti nəticəsində iqtisadiyyatın bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmış, sənaye məhsulları istehsalının həcmi xeyli artmışdır.

Uğurlu inkişafın təmin edilməsi üçün növbəti dövrlərdə də, müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla, iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin balansına götürülmüş əmlakın daha səmərəli idarə olunması zəruridir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə qərara alıram:

1. Səhmləri dövlətə məxsus olan “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti yaradılsın.

2. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – “ASK” ASC) strukturu təsdiq edilsin (əlavə olunur).

3. Müəyyən edilsin ki:

3.1. “ASK” ASC-də 6 üzvdən ibarət Müşahidə Şurası yaradılır; [1]

3.2. “ASK” ASC-nin fəaliyyətinə cari rəhbərliyi Baş direktor həyata keçirir;

3.3. “ASK” ASC-də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aid edilmiş məsələləri Azərbaycan Respublikasının Prezidenti həll edir;

3.4. “ASK” ASC-nin strukturunun təsdiqini, işçilərinin əməkhaqlarının müəyyənləşdirilməsini və nizamnaməsi ilə Müşahidə Şurasına həvalə edilmiş digər səlahiyyətləri “ASK” ASC-nin Müşahidə Şurası həyata keçirir;

3.5. “ASK” ASC-nin nizamnamə kapitalı və fəaliyyəti üçün digər aktivlər, əsasən, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə edilmiş, onun mülkiyyətində (balansında) olan və “ASK” ASC-nin mülkiyyətinə (balansına) veriləcək əmlak hesabına formalaşır.

4. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bir ay müddətində aşağıdakılarla bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

4.1. “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə edilmiş, onun mülkiyyətində (balansında) olan və “ASK” ASC-nin mülkiyyətinə (balansına) veriləcək dövlət əmlakının siyahısı və həmin əmlakın ötürülməsi mexanizmləri;

4.2. “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə edilmiş, onun idarəetməsində olan və “ASK” ASC-nin idarəetməsinə veriləcək problemli aktivlərin (borcların) siyahısı və həmin əmlakın idarəetməyə verilməsi mexanizmləri.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. üç ay müddətində:

5.1.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.1.3. “ASK” ASC-nin fəaliyyətinin təmin edilməsi məqsədilə onun müvafiq inzibati bina ilə təmin olunması üçün tədbirlər görsün;

5.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. “ASK” ASC-nin nizamnaməsi təsdiq edildikdən sonra bu Fərmanın 2-ci hissəsi ləğv olunmuş hesab edilsin.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 noyabr 2017-ci il

                 № 1665

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 6 noyabr tarixli 1665 nömrəli

Fərmanı ilə təsdiq edilmişdir

 

“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin

 

STRUKTURU

 

1. Müşahidə Şurası

1.1. Daxili audit departamenti

1.2. Müşahidə Şurası sədrinin ofisi

 

2. Baş direktor

2.1. İstehsal və xidmət sahələri üzrə Baş direktorun müavini

2.1.1. Aqrar-sənaye sahələri departamenti

1. Aqrar sənaye məhsullarının istehsalı şöbəsi

2. Yüngül sənaye məhsullarının istehsalı şöbəsi

3. Qida sənayesi məhsullarının istehsalı şöbəsi

 

2.1.2. İş və xidmət sahələri departamenti

1. Tikinti və tikinti məhsullarının istehsalı şöbəsi

2. Ticarət və ictimai iaşə xidmətləri şöbəsi

3. Digər istehsalat və xidmətlər şöbəsi

 

2.2. Strateji planlaşdırma və inkişaf məsələləri üzrə Baş direktorun müavini

2.2.1. Tədqiqat, innovasiya və texnologiya şöbəsi

2.2.2. “Startup”lara dəstək şöbəsi

2.2.3. Keyfiyyət, marketinq və satış məsələləri şöbəsi

 

2.3. Maliyyə məsələləri üzrə Baş direktorun müavini

2.3.1. Maliyyə departamenti

2.3.2. İnvestisiya şöbəsi

2.3.3. Satınalma və təchizat şöbəsi

 

2.4. Digər korporativ xidmətlər üzrə Baş direktorun müavini

2.4.1. Hüquq departamenti

2.4.2. İnformasiya texnologiyaları şöbəsi

2.4.3. Beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsi

 

2.5. İnsan resursları departamenti


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1. 20 aprel 2020-ci il tarixli 997 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 21 aprel 2020-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 4, maddə 414)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 20 aprel 2020-ci il tarixli 997 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 21 aprel 2020-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 4, maddə 414) ilə 3.1-ci bəndində “ 5” rəqəmi “ 6” rəqəmi ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status