AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
29.12.2017
QEYDİYYAT NÖMRƏSİ
616
ADI
“Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 06-01-2018, Nəşr Nömrəsi: 2), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2017, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2561)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.01.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
060.020.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201712290616
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
09.01.2018
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin beşinci abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 29 dekabr 2017-ci il

     № 616

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017-ci il 29 dekabr tarixli 616 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

 

Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi

 

Q A Y D A S I

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.2.6.-cı maddəsinə əsasən hazırlanmışdır və aktiv məşğulluq tədbiri kimi müəyyən müddət ərzində sığortaedənlərlə birlikdə sığortaolunanların əməkhaqlarının bir hissəsinin işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilməsi şərtlərini və qaydasını müəyyən edir.

1.2. Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi proqramı (bundan sonra - Proqram) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin (bundan sonra – Xidmət) və ya “DOST” mərkəzinin (bundan sonra – Mərkəz) göndərişi əsasında işə qəbul olunmuş sığortaolunanların əməkhaqlarının bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulmuş hissəsinin müəyyən müddətə işsizlikdən sığorta vəsaiti hesabına ödənilməsidir. [2]

1.3. Bu Qaydada istifadə olunan digər anlayışlar “Məşğulluq haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

 

2. Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi şərtləri

 

2.1. Xidmətdə və ya Mərkəzdə işsiz kimi qeydiyyata alınmış şəxslərin sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi proqramında iştirak etmək hüquqları vardır. [3]

2.2. Xidmətin və ya Mərkəzin göndərişi əsasında işəgötürənlə əmək müqaviləsi bağlayaraq müvafiq iş yerində işə qəbul olunmuş sığortaolunanların əməkhaqlarının bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulmuş hissəsi işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilir.

2.3. Proqramda iştirak edən işsizlərdən əlilliyi olan şəxslərə, gənclərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir.

2.4. Proqramda işəgötürənlərin iştirakı üçün aşağıdakı şərtlər müəyyən edilir:

2.4.1. son 1 ildə fəaliyyətdə olan və müraciət tarixinə yerinə yetirilməmiş vergi öhdəliyi və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan;

2.4.2. son 1 ildə iş yerlərinin sayını azaltmayan (ixtisar etməyən və ya ləğv etməyən);

2.4.3. işçilərinin orta illik sayının 40 faizindən çoxunu sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər təşkil edən;

2.4.4. vakansiya bankına müvafiq məlumatları təqdim edən;

2.4.5. kiçik və orta sahibkarlıq subyekti hesab olunan və müflis elan edilməsi barədə müraciəti olmayan.

2.5. Hər bir işəgötürən üzrə əməkhaqlarınn maliyyələşdirilməsi proqramına cəlb olunacaq sığortaolunanların sayı həmin işəgötürənin işçilərinin ümumi sayının 5 faizindən çox ola bilməz.

2.6. Əməkhaqlarının maliyyələşdirilməsi nəzərdə tutulan iş yerləri üzrə vakansiyalar ən azı 3 ay əvvəl vakansiya bankına təqdim edilməlidir.

2.7. Xidmət və ya Mərkəz tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş məşğulluq təsnifatı üzrə müxtəlif vakant iş yerlərinə göndəriş işəgötürənə təqdim edildiyi halda, işəgötürən ilk növbədə, əməkhaqlarının maliyyələşdirilməsi nəzərdə tutulmayan vakant iş yerlərinə, sonra isə əməkhaqlarının maliyyələşdirilməsi nəzərdə tutulan vakant iş yerlərinə işçiləri qəbul etməlidir.

2.8. İşəgötürən tərəfindən əməkhaqları maliyyələşdirilən iş yerləri üzrə əməkhaqqının məbləği maliyyələşdirilməsi nəzərdə tutulmayan iş yerləri üzrə əməkhaqqının məbləğindən 10 faizdən çox fərqlənə bilməz.

2.9. Proqramda iştirak edən işəgötürənlər bu Proqram çərçivəsində Xidmətin göndərişləri əsasında işə götürdükləri işçilərlə əmək müqavilələrinə Proqram başa çatdıqdan sonra ən azı 1 (bir) il ərzində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, xitam verdiyi halda, növbəti maliyyələşdirmə proqramında iştirak etmirlər.

2.10. Büdcədən maliyyələşən təşkilatlar sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi proqramında işəgötürən kimi iştirak etmirlər.

 

3. Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi

 

3.1. Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi üzrə aktiv məşğulluq proqramında iştirak etmək istəyən hər bir işəgötürən “Elektron hökumət” portalının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə, “Elektron hökumət portalı” və ya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalında yerləşdirilmiş “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi proqramı” elektron xidməti vasitəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi”nin (bundan sonra – MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) “Müraciət - Ərizə” (1 nömrəli əlavə) formasını doldurub gücləndirilmiş elektron imza ilə təsdiq etməlidir. MEİS-ə məlumatlar bilavasitə işəgötürən tərəfindən və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən ötürülür. [4]

3.2. İşəgötürən Proqramda iştirak məqsədi ilə mövcud informasiya ehtiyatlarında ona aid fərdi və kommersiya xarakterli məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sorğu edilərək əldə olunmasına dair Razılığını (2 nömrəli əlavə) gücləndirilmiş elektron imzası ilə təsdiq etməlidir.

3.3. Elektron formada göndərilmiş müraciət qeydiyyata alındıqdan və Razılıq təsdiq edildikdən sonra, 10 (on) iş günü ərzində həmin işəgötürənin bu proqramda iştirakının mümkünlüyü araşdırılır.

3.4. Proqramda iştirak imkanlarının araşdırılması üçün müraciət etmiş işəgötürənlər tərəfindən təqdim edilmiş müvafiq məlumatların digər orqanlardan elektron formada ödənişsiz əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aşağıdakı dövlət orqanlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur:

3.4.1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi – işəgötürənin vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu barədə, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcunun olmaması barədə məlumat; [5]

3.4.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – işəgötürənin məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcunun olmaması barədə məlumat; [6]

3.4.3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi – işəgötürənin lizinq ödənişləri üzrə yerinə yetirilməmiş öhdəlikləri barədə məlumat;

3.4.4. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi – işəgötürənin gömrük ödənişləri üzrə borcunun olmaması barədə məlumat.

3.5. İşəgötürən bu Qaydanın 2.4-cü bəndində müəyyən edilən şərtlərə uyğun olduğu halda, ona bu barədə elektron bildiriş göndərilir və Razılaşma hazırlanaraq təsdiq edilir.

3.6. Razılaşmada aşağıdakı məlumatlar öz əksini tapır:

3.6.1. sığortaolunanların əməkhaqlarının bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulmuş hissəsinin işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilməsinə razılıq verilmiş vakansiyalar;

3.6.2. sığortaolunanların əməkhaqlarının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsi (məbləği);

3.6.3. sığortaolunanların əməkhaqlarının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdiriləcəyi müddət;

3.6.4. məlumatların mübadiləsi və hesabat;

3.6.5. tərəflərin öhdəlikləri (vəzifələri);

3.6.6. tərəflərin hüquqları.

3.7. Xidmət Razılaşma imzaladığı işəgötürənlərə əməkhaqqı maliyyələşdiriləcəyi iş yerləri üzrə müəyyən edilmiş qaydada göndəriş rəsmiləşdirir. İşəgötürən göndərişdən istifadə barədə məlumatda işaxtaranı vakansiyaya uyğun işlə təmin etməsi ilə bağlı qərarını verərək göndərişdə müvafiq qeydlər aparır və onu imzası və möhürü ilə təsdiqləyərək işaxtarana təqdim edir. Bununla yanaşı, işəgötürən qərarı barədə məlumatı müəyyən edilmiş qaydada MAS-a daxil edərək gücləndirilmiş elektron imzası ilə təsdiqləyir.

3.8. İşəgötürən göndərişdən istifadə barədə məlumatda işaxtaranın vakansiyaya qəbuldan imtina etdiyini bildirdiyi halda, bu barədə göndərişdə müvafiq qeydlər aparır, onu imzası və möhürü ilə təsdiq edərək işaxtarana təqdim edir. Bununla yanaşı, işəgötürən bu qərarı barədə məlumatı MAS-a daxil edərək gücləndirilmiş elektron imzası ilə təsdiqləyir. Bu halda Xidmət və ya Mərkəz işəgötürənə əməkhaqqının maliyyələşdiriləcəyi iş yerləri üzrə müəyyən edilmiş qaydada yeni işaxtaran üzrə göndəriş rəsmiləşdirir. Bu proses Razılaşmanın qüvvədə olduğu müddəti keçməmək şərti ilə, işəgötürən tərəfindən işaxtaranın vakansiyaya uyğun işlə təmin edilməsi ilə bağlı qərar verilənədək davam edə bilər.

3.9. İşaxtaranın işə qəbulu onunla əmək müqaviləsinin bağlanılmasına dair bildirişin MEİS-inƏmək müqaviləsi bildirişi” altsistemində qeydiyyata alınması ilə təsdiqlənir. [7]

3.10. İşçi ilə işəgötürən arasında əmək müqaviləsi bağlanarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq sınaq müddəti müəyyən edilə bilər. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər.

3.11. İşəgötürən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, əmək müqaviləsinə sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi barədə Razılaşmanın müddətinin bitməsindən əvvəl öz təşəbbüsü ilə xitam verdiyi halda, həmin iş yeri üzrə yeni göndəriş rəsmiləşdirilmir.

3.12. Əmək müqaviləsinə əməkhaqqının maliyyələşdirilməsi barədə Razılaşmanın müddətinin bitməsindən əvvəl sığortaolunanın təşəbbüsü ilə xitam verildiyi halda, həmin işaxtaranın Proqramda iştirakı dayandırılır.

 

4. Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi müddəti və məbləği

 

4.1. Əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən əvvəlki il üçün müəyyən olunmuş orta aylıq əməkhaqqından çox, lakin minimum aylıq əməkhaqqından az olmamaq şərtilə, sığortaolunanın ştat vahidi üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) və əməkhaqqına üstəliyin (əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı) 50 faizini təşkil edir.

4.2. Əməkhaqqına əlavələr, mükafatlar və digər ödənclər işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilmir və bu ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işəgötürənlərin vəsaiti hesabına maliyyələşdirilir.

4.3. Əməkhaqqının maliyyələşdirilən hissəsi əmək müqaviləsinin hüquqi qüvvəyə mindiyi aydan başlayaraq, hər ay işəgötürən tərəfindən Razılaşmada nəzərdə tutulan müddətdə və məbləğdə ödənilir.

4.4. Razılaşmanı imzalamış işəgötürənlər onun icrası və Xidmət tərəfindən Proqram üzrə ödəniləcək vəsait barədə hesabatı sonrakı ayın 5-dək elektron qaydada MEİS-ə (3 nömrəli əlavə) təqdim edirlər. Hesabatın Xidmət tərəfindən qəbul olunması təsdiq edildikdən sonra, həmin ayın 10-dan gec olmayaraq, bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsi üzrə ödəniş işəgötürənə ödənilir. [8]

4.5. İşəgötürənlərin təqdim etdikləri aylıq hesabatlar onların hər rüb üçün “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsinin üçüncü abzasına uyğun olaraq təqdim olunmuş məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatla üzləşdirilir. İşsizlikdən sığorta vəsaiti hesabına artıq ödənilmiş əməkhaqları aşkar edildiyi halda, bu vəsaitin geri qaytarılması işəgötürənlərdən müəyyən edilmiş qaydada tələb olunur və həmin işəgötürənə münasibətdə Proqramın icrası dayandırılır. [9]

4.6. İşin xüsusiyyətindən (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan hallardan) asılı olaraq, sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi 3 (üc), 6 (altı), 9 (doqquz) ay və yaxud 1 (bir) il müddətində Razılaşmaya uyğun həyata keçirilir.

 

5. Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi qaydasının icrasına nəzarət

 

5.1. Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi qaydasının icrasına nəzarət Xidmət tərəfindən həyata keçirilir. Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsinə əsassız olaraq rədd cavabı aldıqda, onun ödənilməsi müddətləri başqa vaxta keçirildikdə, ödənişin məbləği ilə razılaşmadıqda, sığortaolunanlar Xidmətin işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəmə qaydasında şikayət edə bilərlər.

 

 


 

 

“Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”na

1 nömrəli əlavə

 

 

Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi proqramında iştirak üçün

 

MÜRACİƏT - ƏRİZƏ

 

** Nömrəsi

 

 

** GG.AA.İİİİ

İşəgötürən barədə məlumat

** İşəgötürənin adı

 

** İşəgötürənin VÖEN-i

 

** İşçilərin orta illik sayı (nəfər)

 

Elektron poçt ünvanı

 

Stasionar telefon nömrəsi

 

Mobil telefon nömrəsi

 

* Müflis edilməsi barədə müraciəti var?

bəli/xeyr

* Son bir ildə fasiləsiz fəaliyyəti olub?

bəli/xeyr

Vakansiya bankı üzrə məlumat

** vakansiya

** yarandığı tarix

* Əmək müqavilələrinin gözlənilən müddəti (il, ay)

 

 

 

 

 

 

* Müraciət tarixinə yerinə yetirilməmiş vergi və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması barədə məlumat

Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu var?

bəli/xeyr

Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcu var?

bəli/xeyr

Lizinq ödənişləri üzrə yerinə yetirilməmiş öhdəlikləri var?

bəli/xeyr

Gömrük ödənişləri üzrə borcu var?

bəli/xeyr

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərdən olan işçilər barədə məlumat

*Sosial müdafiəyə xüsusi ehtiyacı olanların kateqoriyaları

FİN

** Əmək müqaviləsinin nömrəsi

SAA

 

 

 

 

 

______________________________

 

* Təqdim edilməsi mütləq tələb edilən məlumatlar.

** Sistem tərəfindən avtomatik müəyyən edilən, bu baş vermədikdə, istifadəçi tərəfindən əl ilə daxil edilməsi mümkün olan məlumatlar.

 

 


 

 

“Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”na

2 nömrəli əlavə

 

 

Məlumatların sorğu edilməsinə dair

 

R A Z I L I Q

 

** Nömrəsi

 

 

         ** GG.AA.İİİİ

İşəgötürən barədə məlumat

** İşəgötürənin adı

 

** İşəgötürənin VÖEN-i

 

** Səlahiyyətli şəxsin soyadı, adı və atasının adı

 

** Səlahiyyətli şəxsin vəzifəsi

 

 

Aşağıdakı dövlət orqanlarının informasiya sistemlərində mənə aid olan fərdi və kommersiya xarakterli məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sorğu edilərək əldə olunmasına dair razılığımı bildirirəm:

 

1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi – vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu barədə, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcunun olmaması barədə məlumat; [10]

2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi – lizinq ödənişləri üzrə yerinə yetirilməmiş öhdəliklər barədə məlumat;

3. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi – gömrük ödənişləri üzrə borcun olmaması barədə məlumat.

 

 

_______________________________________

 

** Sistem tərəfindən avtomatik müəyyən edilən, bu baş vermədikdə, istifadəçi tərəfindən əl ilə daxil edilməsi mümkün olan məlumatlar.

 

 

 


 

 

“Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”na

3 nömrəli əlavə

 

Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi proqramının icrasına dair işəgötürənin

 

H E S A B A T I

** Nömrəsi

 

 

 

 

 

 

 

 

** GG.AA.İİİİ

Hesabatın:

ili:

 

ayı:

 

hazırlandığı tarix:

gg.aa.iiii ss.dd

İşəgötürən barədə məlumat

** İşəgötürənin adı

 

** İşəgötürənin VÖEN-i

 

**Səlahiyyətli şəxsin soyadı, adı və atasının adı

 

**Səlahiyyətli şəxsin vəzifəsi

 

 

Subsidiyalaşdırılmış iş yerləri üzrə sığorta barədə məlumat

                                                                                                                                                                                                                                                          manatla

Sığortaolunanın FİN-i

Aktiv əmək müqaviləsi bildirişinin nömrəsi

Əmək müqaviləsinin müddəti

Əmək müqaviləsinin bağlandığı tarix

Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix

Əmək müqaviləsi üzrə əməkhaqqı (vəzifə maaşı)

Hesabat ayında hesablanmış:

Hesabat ayında ödənilmiş:

işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissə üzrə:

əmək-haqqı (vəzifə maaşı)

əmək-haqqına üstəlik

əmək- haqqı (vəzifə maaşı)

əmək- haqqına üstəlik

əmək- haqqı (vəzifə maaşı)

əmək- haqqına üstəlik

 

 

 

 

 

 

 

 

 

 

 

 

CƏMİ

 

 

 

 

 

 

 

 

 

 

 

Hesabat dövrünün əvvəlinə Xidmətin işəgötürənə borcu

 

Hesabat dövrü üçün  Xidmət tərəfindən işəgötürənə ödəniləcək vəsait

 

Hesabat dövrünün sonuna Xidmətin işəgötürənə borcu

 

 

__________________________

** Sistem tərəfindən avtomatik müəyyən edilən, bu baş vermədikdə, istifadəçi tərəfindən əl ilə daxil edilməsi mümkün olan məlumatlar.

 


 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       13 dekabr 2018-ci il tarixli 534 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 dekabr 2018-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2730)

2.       26 aprel 2019-cu il tarixli 190 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 may 2019-cu il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 781)

3.       9 iyul 2019-cu il tarixli 295 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1318)

4.       15 iyul 2019-cu il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2019-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1334)

5.       8 iyul 2020-ci il tarixli 244 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 iyul 2020-ci il, № 132, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 974)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 8 iyul 2020-ci il tarixli 244 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 iyul 2020-ci il, № 132, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 974) ilə ləğv edilmişdir.

 

[2] 9 iyul 2019-cu il tarixli 295 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1318) ilə “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nın 1.2-ci bəndinə “(bundan sonra – Xidmət)” sözlərindən sonra “və ya “DOST” mərkəzinin (bundan sonra – Mərkəz)” sözləri əlavə edilmişdir.

 

[3] 9 iyul 2019-cu il tarixli 295 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1318) ilə “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nın 2.1-ci, 2.2-ci, 2.7-ci bəndlərinə, 3.8-ci bəndin üçüncü cümləsinə ismin müvafiq hallarında “Xidmət” sözündən sonra ismin müvafiq hallarında “və ya Mərkəz” sözləri əlavə edilmişdir.

 

[4] 13 dekabr 2018-ci il tarixli 534 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 dekabr 2018-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2730) ilə “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nın 3.1-ci bəndinin birinci cümləsində “Elektron xidmətlər” sözləri “e-sosial” internet” sözləri ilə əvəz edilmişdir, “Mərkəzləşdirilmiş” sözündən sonra “Elektron” sözü əlavə edilmişdir və “MİS” abreviaturası “MEİS” abreviaturası ilə əvəz edilmişdir.

 

15 iyul 2019-cu il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2019-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1334) ilə “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nın 3.1-ci bəndin birinci cümləsində “Məşğulluq Alt Sistemində” sözləri “Məşğulluq” altsistemində” sözləri ilə və ikinci cümləsində “Elektron informasiya sisteminə” sözləri “MEİS-ə” abreviaturası ilə əvəz edilmişdir.

 

[5] 26 aprel 2019-cu il tarixli 190 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 may 2019-cu il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 781) ilə “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nın 3.4.1-ci yarımbəndinə “barədə” sözündən sonra “, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcunun olmaması barədə” sözləri əlavə edilmişdir.

 

[6] 26 aprel 2019-cu il tarixli 190 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 may 2019-cu il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 781) ilə “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nın 3.4.2-ci yarımbəndi ləğv edilmişdir.

 

[7] 13 dekabr 2018-ci il tarixli 534 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 dekabr 2018-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2730) ilə “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nın 3.9-cu bəndində “MİS-in” abreviaturası “MEİS-in” abreviaturası ilə əvəz edilmişdir.

 

15 iyul 2019-cu il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2019-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1334) ilə “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nın 3.9-cu bəndində “Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi”ndə” sözləri “Əmək müqaviləsi bildirişi” altsistemində” sözləri ilə əvəz edilmişdir.

 

[8] 13 dekabr 2018-ci il tarixli 534 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 dekabr 2018-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2730) ilə “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nın 4.4-cü bəndinin birinci cümləsində “MİS-ə” abreviaturası “MEİS-ə” abreviaturası ilə əvəz edilmişdir.

 

[9] 26 aprel 2019-cu il tarixli 190 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 may 2019-cu il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 781) ilə “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nın 4.5-ci bəndinin birinci cümləsində “məcburi dövlət sosial sığorta haqqının toplanması qaydaları ilə müəyyən edilmiş müddətdə və formada təqdim etdikləri” sözləri “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsinin üçüncü abzasına uyğun olaraq təqdim olunmuş” sözləri ilə əvəz edilmişdir.

 

[10] 26 aprel 2019-cu il tarixli 190 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 may 2019-cu il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 781) ilə “Məlumatların sorğu edilməsinə dair Razılıq”ın 1-ci hissəsinə “barədə” sözündən sonra “, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcunun olmaması barədə” sözləri əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status