AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
29.12.2017
QEYDİYYAT NÖMRƏSİ
622
ADI
“Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 06-01-2018, Nəşr Nömrəsi: 2), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2017, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2567)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
06.01.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201712290622
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
09.01.2018
“Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında

“Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 iyun tarixli 1471 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 29 dekabr 2017-ci il

     № 622

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017-ci il 29 dekabr tarixli 622 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

 

Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi

 

Q A Y D A S I

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən hazırlanmışdır və həmin Qanunun 11.4-cü maddəsi ilə müəyyən edilmiş məktəbəqədər yaşlı uşaqların təhsili ilə məşğul olan dövlət müəssisələrinə (bundan sonra - müəssisələr) qəbul edilmiş uşaqların (bundan sonra – uşaqlar) müəssisələrdə sosial müdafiəsi məsələlərini tənzimləyir.

1.2. Müəssisələrdə uşaqların irqinə, etnik mənsubiyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə görə ayriseçkiliyə yol verilmir.

 

2. Müəssisələrdə uşaqların sosial müdafiəsi ilə əlaqədar həyata keçirilən tədbirlər

 

2.1. Müəssisələrdə uşaqların sosial müdafiəsinin təmin edilməsi, onların intellektual, fiziki və psixi inkişafının, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, tərbiyəsi istiqamətlərində aşağıdakı tədbirlər həyata keçirilir:

2.1.1. yaş kateqoriyası nəzərə alınmaqla uşaqlar münasib şəraitlə təmin edilirlər;

2.1.2. uşaqların yaşı və səhhəti nəzərə alınmaqla, qida qəbul etmək tələbatları müəssisənin tibb işçisi tərəfindən qiymətləndirildikdən sonra onlar “Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 nömrəli qərarı ilə müəyyən edilmiş qida normalarına əsasən yeməklə təmin edilirlər;

2.1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Bütün tipdən olan internat məktəblərdə, əqli və ya fiziki cəhətdən pozuntusu olan uşaqlar üçün internat məktəblərdə, uşaq evlərində, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqlar üçün internat məktəblərdə tərbiyə olunan uşaq və yeniyetmələrin geyim, ayaqqabı, yumşaq inventarlarla təmin olunması norması”na uyğun olaraq, uşaqlar yumşaq inventarlarla, geyim və ayaqqabı ilə təmin edilirlər; [1]

2.1.4. uşaqların gündəlik həyatda lazım olan vərdiş və bacarıqlarının inkişafını stimullaşdıran mühit yaradılır. Uşaqlar onlar üçün təhlükə yaratmayan və yaşlarına uyğun oyuncaqlarla təmin edilirlər;

2.1.5. dövlət təhsil standartlarına uyğun olaraq hazırlanmış proqramlar əsasında beş yaşına çatmış uşaqların məktəbə hazırlığı təşkil edilir;

2.1.6. öz bacarığı və istedadı ilə fərqlənən uşaqların musiqi məktəblərinə, uşaq yaradıcılıq evlərinə göndərilməsi, habelə olimpiadalarda, festivallarda, müsabiqələrdə, yarışlarda, sərgilərdə iştirakına köməklik göstərilir;

2.1.7. uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə əyləncəli oyunlar, müsabiqələr, yaradıcı insanlarla görüşlər keçirilir, bayram və istirahət günlərinin, tətillərin səmərəli təşkili, onların ekskursiyalara, konsert və teatr tamaşalarına, muzeylərə aparılması, ölkənin tarixinin və mədəniyyət abidələrinin öyrədilməsi təmin edilir;

2.1.8. inkişafında qüsurlar olan və təhsildə çətinlik çəkən uşaqlara onların yaradıcılıq, intellektual və fiziki imkanlarına, yaş xüsusiyyətlərinə uyğun olaraq sosial-psixoloji və pedaqoji yardım göstərilir;

2.1.9. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən uşaqlara tibbi xidmət göstərilir;

2.1.10. yoluxucu xəstəliklərin qarşısının alınması məqsədi ilə “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlara profilaktik peyvəndlər aparılır;

2.1.11. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsində qeyd edilmiş xüsusi kateqoriyadan olan uşaqların sosial problemlərinin aradan qaldırılması məqsədi ilə onların müəyyən edilərək aidiyyəti üzrə yönləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir;

2.1.12. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji xidmət təşkil olunur və “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə psixoloji yardım həyata keçirilir. [2]

2.2. Uşaqların sosial müdafiəsinin təmin edilməsi istiqamətində bu Qaydanın 2.1-ci bəndində qeyd edilən tədbirlərlə yanaşı, ixtisaslaşdırılmış müəssisələr tərəfindən həmçinin aşağıdakı xidmətlər də göstərilir:

2.2.1. sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələrində:

2.2.1.1. psixoloji-tibbi-pedaqoji komissiyaların rəylərinə əsasən uşaqlara qabaqlayıcı-inkişafedici yardım edilir, onların valideynlərinə (digər qanuni nümayəndələrinə) psixoloji-pedaqoji dəstək göstərilir və müvafiq məsləhətlər verilir;

2.2.1.2. uşaqların funksional bacarıqlarının bərpa edilməsi, böyük və kiçik motorika, ünsiyyət və koqnitiv bacarıqlarının inkişaf etdirilməsi üçün aktiv terapiya, fizioterapiya, nitq və ünsiyyət terapiyası, idman terapiyası və digər tədbirlər həyata keçirilir;

2.2.1.3. uşaqların valideynlərinə və ya digər qanuni nümayəndələrinə “Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 dekabr tarixli 200 nömrəli qərarı ilə müəyyən edilmiş həcmdə müavinət ödənilir;

2.2.2. uşaq evləri və ailə tipli kiçik qrup evlərində:

2.2.2.1. “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, uşaqlara mütəmadi tibbi xidmət göstərilməsinin təmin edilməsi məqsədi ilə onlar müəssisənin yerləşdiyi ərazi üzrə tibb müəssisəsində qeydiyyata götürülürlər;

2.2.2.2. uşaqların çətin həyat şəraitində olması, valideynlərini itirməsi, valideyn himayəsindən məhrum olması səbəbindən yaranmış psixoloji sarsıntının aradan qaldırılması üçün aktiv həyata motivasiyanın yaradılması, psixoloji inkişafın yaş xüsusiyyətlərinə uyğunluğunun təmin edilməsi istiqamətlərində tədbirlər həyata keçirilir;

2.2.2.3. uşaqların himayəyə və qəyyumluğa verilməsi üçün qəyyumluq və himayə orqanları ilə əməkdaşlıq edilir.

 

3. Müəssisələr tərəfindən həyata keçirilən sosial müdafiə tədbirlərinin maliyyələşdirilməsi

 

3.1. Müəssisələrdə uşaqların sosial müdafiəsi ilə bağlı tədbirlər Azərbaycan Respublikasının dövlət büdcəsi, ödənişli təhsil xidmətlərindən daxil olan vəsaitlər, kredit və qrantlar, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına həyata keçirilir.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       9 aprel 2020-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 aprel 2020-ci il, № 67, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 480)

2.       12 sentyabr 2020-ci il tarixli 335 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 sentyabr 2020-ci il, № 186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1208)

3.       24 noyabr 2020-ci il tarixli 460 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2020-ci il, № 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1403)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 9 aprel 2020-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 aprel 2020-ci il, № 67, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 480) ilə “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın 2.1.3-cü yarımbəndində “yetim” sözü “valideynlərini itirmiş” sözləri ilə əvəz edilmişdir.

 

24 noyabr 2020-ci il tarixli 460 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2020-ci il, № 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1403) ilə “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın 2.1.3-cü yarımbəndində “qüsurlu” sözü “pozuntusu olan” sözləri ilə əvəz edilmişdir.

 

[2] 12 sentyabr 2020-ci il tarixli 335 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 sentyabr 2020-ci il, № 186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1208) ilə “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsil-alanların sosial müdafiəsi Qaydası”nın 2.1.11-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.1.12-ci yarımbənd əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status