AKTIN NÖVÜ
İqtisadiyyat Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
02.02.2018
QEYDİYYAT NÖMRƏSİ
2
ADI
“Birgə sənaye parkının fəaliyyətinin təşkili və idarə olunması Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.02.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201802020002
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
14.02.2018
“Birgə sənaye parkının fəaliyyətinin təşkili və idarə olunması Qaydası”nın təsdiq edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

02.02.2018

Qeydiyyat nömrəsi

2

Adı

“Birgə sənaye parkının fəaliyyətinin təşkili və idarə olunması Qaydası”nın təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

15.02.2018

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

120.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201802020002

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

14.02.2018

 

 

“Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyası

 

QƏRARA ALIR:

 

1. “Birgə sənaye parkının fəaliyyətinin təşkili və idarə olunması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq şöbəsinin müdiri Anar Əliyevə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.

3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

4. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin müdiri vəzifəsinin icraçısı Elgün Qədirova tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.

5. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiya iclasının protokolu.

 

 

Sədr,

iqtisadiyyat naziri

 

Şahin Mustafayev

 

 


 

 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 2018-ci il 2 fevral tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

 

Birgə sənaye parkının fəaliyyətinin təşkili və idarə olunması

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və birgə sənaye parkının fəaliyyətinin təşkili və idarə edilməsi məsələlərini tənzimləyir.

1.2. “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”də (bundan sonra - Əsasnamə) göstərilmiş “Sənaye parkının yaradılması məqsədləri”, “İdarəedici təşkilatın funksiyaları”, “Operatorun funksiyaları”, “Operatorun gəlirləri”, “Sənaye parkının rezidentinin fəaliyyəti”, “Sənaye parkında stimullaşdırıcı tədbirlər”, “Sənaye parkının torpaq sahələrindən istifadə”, “Sənaye parkında texniki tənzimləmənin xüsusiyyətləri”, “Sənaye parkında şəhərsalma və tikinti fəaliyyəti”, “Sənaye parkının ləğv edilməsi” bölmələri üzrə müddəalar birgə sənaye parklarına da şamil edilir.

1.3. Bu Qayda dövlət, bələdiyyə və xüsusi mülkiyyətçinin, o cümlədən dövlət və bələdiyyənin, dövlət və xüsusi mülkiyyətçinin iştirakı ilə yaradılan birgə sənaye parklarına şamil edilir.

1.4. Bu Qaydada istifadə olunan anlayışlar “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanı və Əsasnamə (1.3.2-ci yarımbənd istisna olmaqla) iləəyyən edilir.

1.5. Birgə sənaye parkları ixtisaslaşmış və qarışıq profilli ola bilər.

 

2. Birgə sənaye parkının yaradılması

 

2.1. Əsasnamənin 2-ci hissəsində nəzərdə tutulmuş məqsədlərə nail olmaq üçün dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlarda birgə sənaye parkı yaradıla bilər.

2.2. Birgə sənaye parkının yaradılması haqqında qərarı dövlət mülkiyyətində olan torpaqlara münasibətdə səlahiyyətli orqanın təklifinə əsasən Azərbaycan Respublikasının Prezidenti, bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə müvafiq bələdiyyə, xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə isə xüsusi mülkiyyətçi qəbul edir.

2.3. Birgə sənaye parkının yaradılması məqsədi ilə bələdiyyə və (və ya) xüsusi mülkiyyətçi səlahiyyətli orqana birgə sənaye parkının yaradılması haqqında təkliflə müraciət edir.

2.4. Birgə sənaye parkının yaradılması haqqında təklifə aşağıdakı sənədlər əlavə edilir:

2.4.1. yaradılması təklif edilən birgə sənaye parkının fəaliyyət profili haqqında məlumat;

2.4.2. birgə sənaye parkının yaradılmasının iqtisadi əsaslandırılması;

2.4.3. yaradılması təklif edilən birgə sənaye parkının əsasnaməsinin layihəsi;

2.4.4. yaradılacaq idarəedici təşkilatın təsisçilərinin təsis müqaviləsinin layihəsi;

2.4.5. yaradılacaq idarəedici təşkilatın nizamnaməsinin layihəsi;

2.4.6. birgə sənaye parkının yaradılması ilə əlaqədar tədbirlər planının layihəsi;

2.4.7. bələdiyyə və (və ya) xüsusi mülkiyyətçinin ilkin razılığını təsdiq edən sənəd;

2.4.8. yaradılacaq birgə sənaye parkının ərazi sərhədlərinin dəqiq təsviri və ərazinin planı, yaradılması təklif olunan birgə sənaye parkında yerləşən torpaqların tərkibi haqqında məlumat.

2.5. Birgə sənaye parkının yaradılması məqsədi ilə daxil olan təklifə 30 (otuz) iş günü müddətində baxılır.

2.6. Birgə sənaye parkının yaradılmasına aşağıdakı qaydada baxılır:

2.6.1. birgə sənaye parkının yaradılması haqqında təklif daxil olduqda, səlahiyyətli orqan təklifi qeydiyyata alır və bələdiyyəyə və (və ya) xüsusi mülkiyyətçiyə qeydiyyatı təsdiq edən sənəd (arayış) təqdim edir;

2.6.2. səlahiyyətli orqan təklifin və ona əlavə edilmiş sənədlərin bu Qaydanın 2.4-cü bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Təklifə əlavə edilməli bütün sənədlər təqdim edilmədikdə, təklifin qeydiyyata alındığı tarixdən 3 (üç) iş günündən gec olmayaraq səlahiyyətli orqan həmin çatışmazlıqları göstərməklə, bələdiyyəyə və (və ya) xüsusi mülkiyyətçiyə bu barədə yazılı məlumat verir. Bu zaman təklifə baxılmanın axımı dayandırılır və dayandırılmış müddət təklifə baxılmanın ümumi müddətinə daxil edilmir;

2.6.3. bələdiyyə və (və ya) xüsusi mülkiyyətçi yazılı məlumatı aldığı vaxtdan ən geci 15 (on beş) iş günü müddətində həmin çatışmazlıqları aradan qaldırmalıdır. Çatışmazlıq aradan qaldırıldıqdan sonra baxılmanın ümumi müddətinin axımı bərpa edilir;

2.6.4. bələdiyyənin və (və ya) xüsusi mülkiyyətçinin təklifinin dəyərləndirilməsi səlahiyyətli orqanda bu məqsədlə yaradılmış qiymətləndirmə komissiyası (bundan sonra - komissiya) tərəfindən həyata keçirilir;

2.6.5. komissiya səlahiyyətli orqan tərəfindən onun işçiləri arasından seçilmiş şəxslərdən və təklifi təqdim etmiş bələdiyyənin üzvləri və (və ya) xüsusi mülkiyyətçi və (və ya) onun nümayəndələrindən ibarət tərkibdə yaradılır. Komissiya ictimai əsaslarla fəaliyyət göstərir. Komissiyanın tərkibi səlahiyyətli orqanın rəhbəri tərəfindən müəyyən edilir;

2.6.6. xüsusi biliklər tələb olunduqda, komissiyanın tərkibinə kənar təşkilatların mütəxəssisləri və müstəqil ekspertlər daxil edilir. Təklifin hazırlanması üçün cəlb olunmuş mütəxəssislər, ekspertlər, məsləhətçilər, eləcə də hüquqi və maliyyə cəhətdən bələdiyyə və (və ya) xüsusi mülkiyyətçi ilə əlaqədə olan hüquqi şəxsin nümayəndələri və ya fiziki şəxslər komissiyanın tərkibinə daxil edilə bilməzlər;

2.6.7. komissiya bələdiyyənin və (və ya) xüsusi mülkiyyətçinin təklifinə dair rəyini özünün yekun iclasında müəyyən edir, iclası protokol ilə rəsmiləşdirir və onu təklifə baxılmanın ümumi müddətinin bitməsinə ən geci 5 (beş) iş günü qalmış yazılı formada səlahiyyətli orqana, bələdiyyəyə və (və ya) xüsusi mülkiyyətçiyə təqdim edir;

2.6.8. komissiyanın bələdiyyə və (və ya) xüsusi mülkiyyətçi tərəfindən təqdim edilmiş təklifə dair rəyi müsbət olduqda, habelə bu müsbət rəy əsasında bələdiyyə və (və ya) xüsusi mülkiyyətçi tərəfindən birgə sənaye parkının yaradılması barədə yekun qərar qəbul edildikdə, səlahiyyətli orqan təklifi və bu Qaydanın 2.4-cü bəndinə əsasən tələb olunan sənədləri, həmçinin birgə sənaye parkının fəaliyyət ərazisi, sosial və digər infrastrukturla təminatı imkanları haqqında məlumatı və idarəedici təşkilat barəsində təklifini Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

2.6.9. birgə sənaye parkının fəaliyyət ərazisi haqqında məlumatda ərazi sərhədlərinin dəqiq təsviri və ərazinin planı, yaradılması təklif olunan birgə sənaye parkında yerləşən torpaqların tərkibi haqqında məlumat, torpaq sahələrinin mülkiyyətçilərinin və torpaq istifadəçilərinin siyahısı göstərilməlidir;

2.6.10. bələdiyyənin və (və ya) xüsusi mülkiyyətçinin təklifinə dair komissiyanın rəyi mənfi olduqda, habelə bələdiyyə və (və ya) xüsusi mülkiyyətçi tərəfindən birgə sənaye parkının yaradılması barədə qərar qəbul edilmədikdə, səlahiyyətli orqan bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulmuş müddətdə təklifi və ona əlavə edilmiş sənədləri öz rəyi ilə birlikdə bələdiyyəyə və (və ya) xüsusi mülkiyyətçiyə qaytarır;

2.6.11. təqdim edilmiş təklifdə və ya ona əlavə olunmuş sənədlərdəki çatışmazlıqlar bu Qaydanın 2.6.3-cü yarımbəndi iləəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda, səlahiyyətli orqan təklifi və ona əlavə edilmiş sənədləri bələdiyyəyə və (və ya) xüsusi mülkiyyətçiyə qaytarır.

2.7. Səlahiyyətli orqan birgə sənaye parkının yaradılması məqsədi ilə bələdiyyə və (və ya) xüsusi mülkiyyətçi qarşısında təkliflə çıxış edə bilər.

 

3. Birgə sənaye parkının fəaliyyətinin təşkili və idarə olunması

 

3.1. Birgə sənaye parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişaf etdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə, Əsasnaməyə və bu Qaydaya uyğun olaraq idarəedici təşkilat tərəfindən həyata keçirilir.

3.2. İdarəedici təşkilat dövlətin, bələdiyyənin və (və ya) xüsusi mülkiyyətçinin təsisçiliyi ilə yaradılır.

3.3. İdarəedici təşkilat birgə sənaye parkının yaradılması haqqında qərarla müəyyən edilir.

3.4. Əsasnamənin 5-ci hissəsi iləəyyən olunmuş funksiyaların yerinə yetirilməsində tərəflərin bərabərhüquqlu iştirakını təmin etmək üçün kollegial orqan olan birgə komissiya (bundan sonra – birgə komissiya) yaradılır.

3.5. Birgə sənaye parkının daha səmərəli idarə olunmasını təmin etmək üçün birgə komissiyanın qərarı ilə müsabiqə əsasında operator cəlb edilə bilər.

3.6. İdarəedici təşkilat və operator birgə sənaye parkının fəaliyyətinə görə cavabdehdirlər. Operatorun əsas fəaliyyəti birgə sənaye parkın idarə olunmasına dair idarəetmə sazişi çərçivəsində həvalə olunmuş funksiyaları icra etməkdən ibarətdir.

3.7. Operator birgə sənaye parkını onunla idarəedici təşkilat arasında bağlanılan idarəetmə sazişi əsasında idarə edir. İdarəetmə sazişində Əsasnamənin 4.5-ci bəndindəəyyən edilmiş məlumatlar nəzərdə tutulur.

3.8. İdarəedici təşkilat və operator birgə sənaye parkının rezidenti kimi fəaliyyət göstərə bilməzlər.

3.9. Birgə sənaye parkının fəaliyyətinin təşkili məqsədi ilə Əsasnamənin 4.6-cı bəndində nəzərdə tutulmuş tədbirlər həyata keçirilir.

3.10. Birgə sənaye park üçün nəzərdə tutulmuş dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələri, binalar və qeyri-yaşayış sahələri icarəyə vermək hüququ ilə idarəedici təşkilatın istifadəsinə verilir. Birgə sənaye parkına verilən infrastruktur obyektlərindən yalnız onun fəaliyyət məqsədləri üçün istifadə edilir.

 

4. Birgə komissiyanın fəaliyyətinin təşkili

 

4.1. Birgə komissiyanın tərkibi səlahiyyətli orqanın nümayəndələri, müvafiq bələdiyyənin üzvləri və (və ya) xüsusi mülkiyyətçi və (və ya) onun nümayəndələri daxil edilməklə, səlahiyyətli orqanın, müvafiq bələdiyyənin və xüsusi mülkiyyətçinin iştirak payına uyğun müəyyən edilir.

4.2. Birgə komissiya ictimai əsaslarla fəaliyyət göstərir.

4.3. Birgə komissiyanın tərkibi, onun sədri də daxil olmaqla 7 üzvdən ibarətdir. Birgə komissiyanın işinə rəhbərliyi birgə komissiyanın üzvləri arasından seçilmiş sədr həyata keçirir.

4.4. Birgə komissiyanın iclaslarına sədrliyi sədr, iclaslarının təşkilini və işinin əlaqələndirilməsini isə birgə komissiyanın üzvləri arasından seçilmiş katib yerinə yetirir.

4.5. Birgə komissiyanın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli hesab edilir.

4.6. Birgə komissiyanın iclasları bir qayda olaraq, ildə ən azı 4 (dörd) dəfə keçirilir. Əlavə iclaslar komissiya sədrinin, üzvlərinin yarıdan çoxunun və ya idarəedici təşkilatın tələbi ilə çağırıla bilər.

4.7. Birgə komissiyanın üzvü iclaslarda şəxsən iştirak etməlidir. Birgə komissiyanın üzvü iclasda iştirak edə bilmədiyi təqdirdə, o, bu barədə birgə komissiyanın sədrini əvvəlcədən məlumatlandırmalıdır. İclasda birbaşa iştirak edə bilməyən birgə komissiyanın üzvü iclasda müzakirəsi nəzərdə tutulmuş məsələlərin baxılmasında qiyabi şəkildə iştirak edə bilər. Bu məqsədlə üzv iclasın keçiriləcəyi günədək əsaslandırılmış rəyini yazılı və ya elektron şəkildə birgə komissiyanın sədrinə göndərir. Rəyini yazılı və ya elektron formada təqdim etmiş üzv birgə komissiyanın iclasında iştirak etmiş hesab edilir və səsvermədə onun səsi nəzərə alınır.

4.8. Birgə komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, birgə komissiyanın sədrinin səsi həlledici hesab edilir.

4.9. Birgə komissiyanın iclasları komissiya sədrinin və katibinin imzaladığı protokolla rəsmiləşdirilir.

 

5. Birgə sənaye parkının maliyyələşdirilməsi və gəlirin bölüşdürülməsi

 

Birgə sənaye parkının fəaliyyətinin təşkili və idarə olunması xərclərinin, həmçinin gəlirlərin bölüşdürülməsi bu Qaydanın 3.2-ci bəndinə əsasən yaradılacaq idarəedici təşkilatın təsis müqaviləsi ilə iştirak paylarına uyğun olaraq müəyyən edilir.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status