AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
17.07.2018
QEYDİYYAT NÖMRƏSİ
346
ADI
Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 18-07-2018, Nəşr Nömrəsi: 157), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2018, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 1592)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.08.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.040.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32201807170346
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
18.07.2018
“Məntəqə seçki komissiyasının formalaşdırılması qaydaları haqqında Təlimat”ın təsdiq edilməsinə dair

Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan dili xalqımızın mənəvi sərvəti və dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biridir. Ölkədə dil siyasətinin formalaşdırılması, ana dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilməklə, həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolunun və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.

Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanları, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, eləcə də “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu və dil siyasəti sahəsində digər normativ hüquqi aktlar, həmçinin tədbirlər Azərbaycanda dilçilik sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən etmişdir.

Bu gün Azərbaycan dilinin istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılmışdır. Eyni zamanda, elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir.

Azərbaycan Respublikasında hər il yüzlərlə əcnəbi təhsil alır. Ölkəmizi əcnəbi tələbələrə daha yaxından tanıtmaq, onların Azərbaycan cəmiyyətinə inteqrasiyasını asanlaşdırmaq və ölkəmizlə mənəvi bağlarını daha da möhkəmlətmək üçün əcnəbilərin, o cümlədən ölkəmizdə təhsil alan xarici ölkə vətəndaşlarının Azərbaycan dilini öyrənməsinə imkan yaradılması əhəmiyyətli məsələlərdən biridir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, müstəqil dövlətçiliyimizin əsas atributlarından biri olan Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin, bu dillə maraqlanan şəxslər üçün əlçatanlığının təmin edilməsi və öyrənilməsinin asanlaşdırılması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Respublikasında “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsinin tətbiqinə, həyata keçirilməsi mexanizmlərinə və icra müddətinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamın 1-ci hissəsinə əsasən təqdim olunacaq təklifləri beynəlxalq təcrübə, habelə Azərbaycan Respublikası qanunvericiliyinin və onun tətbiqi təcrübəsinin təhlili əsasında dəyərləndirsin və “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsinin tətbiqinin məqsədəuyğunluğu barədə, habelə həmin layihənin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaitinə, maliyyələşmə mənbələrinə və icra mexanizmlərinə dair təkliflərini, layihənin tətbiqindən gözlənilən nəticələr barədə proqnozları 2018-ci il dekabrın 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. zərurət yarandığı təqdirdə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müraciətinə əsasən, digər dövlət orqanlarının (qurumlarının) da bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş təkliflərin hazırlanması prosesinə cəlb olunmasını təmin etsin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Sərəncam 2018-ci il avqustun 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 iyul 2018-ci il

346

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status