AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
16.07.2018
QEYDİYYAT NÖMRƏSİ
302
ADI
“Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 18-07-2018, Nəşr Nömrəsi: 157), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2018, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 1636)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
18.07.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.120.100
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201807160302
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
19.07.2018
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1012-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 aprel tarixli 1923 nömrəli Fərmanının 1.4.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları" təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

 

Bakı şəhəri, 16 iyul 2018-ci il

                    № 302

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2018-ci il 16 iyul tarixli 302 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin dördüncü hissəsinə əsasən hazırlanmışdır və yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının formasını və verilmə qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. yeyinti məhsulları - ərzaq xammalı, qida məhsulları və əlavələri (inqrediyentlər), tamlı mallar qrupuna aid edilən məhsullar;

1.2.2. qida təhlükəsizliyi sertifikatı - yeyinti məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədilə verilən sənəd; [1]

1.2.3. yeyinti məhsullarının təhlükəsizliyi - qida məhsullarının insan həyatı və sağlamlığı üçün təhlükəli olmamasına zəmanət verən ekoloji, sanitariya, baytarlıq və fitosanitar norma, qayda və tələblərə uyğunluğu;

1.2.4. qida (yeyinti) məhsulları sahəsində fəaliyyət göstərən subyektlər - qida zəncirinin bütün mərhələlərində fəaliyyəti həyata keçirən təsərrüfat subyektləri, həmçinin dövlət orqanları (qurumları), bələdiyyələr.

 

2. Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə qaydası

 

2.1. Ölkəyə idxal edilən yeyinti məhsulları qanunvericiliyə əsasən tanınmış və ya bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra-Agentlik) tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına (bundan sonra-sertifikat) malik olmalıdır.

2.2. Forması bu Qaydaların əlavəsində göstərilən sertifikat “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Agentlik tərəfindən aparılmış ekspertizanın nəticələrinə əsasən idxal olunan yeyinti məhsullarına verilir.

2.3. İdxal olunan yeyinti məhsulunun istehsalçısı olan subyektlər ”Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olaraq qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda həmin istehsalçının məhsullarına sertifikat tələb edilmir.

 

2.4. Xarici ölkələrə ixrac edilən qida məhsullarına idxalçı ölkələr tələb etdiyi hallarda Agentlik tərəfindən idxalçı ölkələrin tələbləri də nəzərə alınmaqla sertifikat verilir.

2.5. Sertifikatın alınması üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə uyğun olaraq ərizə ilə Agentliyə müraciət olunmalıdır.

2.6. Ərizədə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsi ilə müəyyən edilmiş məlumatlar göstərilir.

2.7. Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:

2.7.1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş sənədlər;

2.7.2. idxal üçün yeyinti məhsulunun mənşə ölkəsini təsdiq edən sertifikat, alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş tərcüməsi, idxal ediləcək yeyinti məhsuluna dair hesab-faktura (invoys), onun növündən asılı olaraq ixracatçı ölkənin səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş yeyinti məhsulunun təhlükəsizliyini təsdiq edən sənəd;

2.7.3. ixrac üçün alqı-satqı müqaviləsi, ixrac olunan yeyinti məhsulunun növündən asılı olaraq fitosanitar sertifikatı, baytarlıq sertifikatı, yeyinti məhsullarının ixracı ilə bağlı idxalçı ölkələrin, o cümlədən Avropa İttifaqının bu sahədə tələblərini əks etdirən sənədlər.

2.8. Bu Qaydaların 2.7.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlər barədə məlumatları Agentlik Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsində göstərilən qaydada əldə etdiyi halda həmin sənədlərin surətlərinin ərizəyə əlavə edilməsi tələb olunmur.

2.9. Yeyinti məhsulları sertifikatlaşdırılarkən təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədi ilə Agentlik tərəfindən ekspertizadan keçirilir.

2.10. Yeyinti məhsullarının ekspertizası yeddi iş günü müddətində aparılmalıdır. Ekspertiza ərizəçinin vəsaiti hesabına həyata keçirilir.

2.11. Ekspertizanın keçirilməsi üçün Agentliyin mütəxəssisləri tərəfindən sertifikatlaşdırılan yeyinti məhsullarından nümunələr götürülür və “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş laboratoriyalarda onların sınağı (tədqiqi) aparılır.

2.12. Yeyinti məhsullarından götürülmüş nümunələr “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq ekoloji, sanitariya, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə ekspertizadan keçirilir.

2.13. Müxtəlif yeyinti məhsullarının eyni ad altında və ya eyni yeyinti məhsullarının bir neçə ad altında, yaxud tərkibində narkotik vasitələr və psixotrop maddələr və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materialları olan yeyinti məhsullarına və bioloji fəallığa malik qida əlavələrinə sertifikat verilmir.

2.14. Sertifikatın verilməsi və sertifikatın verilməsi üçün dövlət rüsumunun ödənilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq həyata keçirilir.

2.15. Sertifikatın alınmasına görə dövlət rüsumu subyektlər tərəfindən yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməlidir.

2.16. Sertifikatın müddəti, dublikatının verilməsi, onun yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa edilməsi və ləğvi qaydaları “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

2.17. Sertifikat xüsusi blanklarda Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində tərtib edilir və mühafizə olunur. Sertifikat sertifikatı verən orqanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və imza həmin orqanın möhürü ilə təsdiqlənir.

2.18. Sertifikat Agentliyin sifarişinə əsasən onun vəsaiti hesabına mətbəə üsulu ilə hazırlanır.

2.19. Sertifikatın doldurulması elektron (lazer) texnikası vasitəsilə həyata keçirilir və onların uçotu Agentlik tərəfindən müəyyən edilən “Qida təhlükəsizliyi sertifikatları kitabı”nda aparılır. “Qida təhlükəsizliyi sertifikatları kitabı” qaytanlanır, səhifələri ardıcıl olaraq nömrələnir və Agentliyin möhürü ilə möhürlənir.

2.20. Sertifikatın sahibi ona verilən sertifikatdan yalnız özü istifadə edə bilər.

2.21. Sertifikatın verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.21.1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda;

2. 21.2. müxtəlif yeyinti məhsulları eyni ad altında və ya eyni yeyinti məhsulları bir neçə ad altında olduqda;

2.21.3. yeyinti məhsulları təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinə uyğun olmadıqda.

2.22. Sertifikatın verilməsindən imtina edildikdə, Agentlik ərizənin qeydiyyata alındığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq, sertifikatın verilməsindən imtina haqqında inzibati akt qəbul edir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində subyektə (ərizəçiyə) təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

 


 

"Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi

sertifikatının forması və verilmə Qaydaları"na

əlavə

 

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

Qida Təhlükəsizliyi Sertifikatı

Food Safety Agency of the Republic of Azerbaijan

Health Certificate

(idxal / import)

Ölkə / Country

ƏSLİ / ORIGINAL             SURƏT / СOPY /

1. İdxalçı müəssisənin adı və ünvanı /

 Name and Address of the Importer:

2.  Sertifikatın nömrəsi və verilmə tarixi /

Number and Issue Date of the Certificate:

4. Qəbul edən müəssisənin dövlət qeydiyyat nömrəsi /

Registration Number of the Consignor:

3. Göndərən müəssisənin adı və ünvanı /

Name and Address of the Consignor:

5. Göndərən müəssisənin dövlət qeydiyyat nömrəsi /

Registration Number of the Consignee:

6. İstehsalçı müəssisənin adı və ünvanı / Name and Address of the Producer:

7. Məhsulun adı / Name of the Product:

8. Partiyanın miqdarı / The Lot Quantity:

9. Partiyanın nömrəsi / The Total Number

of Packaging:

10. Partiyanın son istifadə tarixi / Expiration Date:

11. Qablaşdırma növü / Type of Packaging:

12. Qablaşdırmanın ümumi sayı / The Total Number of Packaging:

13. Mənşə ölkəsı / Country of Origin:

İSO Kodu / ISO Code:   

14. Təyinat ölkəsi / Country of Destination:

Azərbaycan / Azerbaijan

İSO Kodu / ISO Code:    AZ                  

15. Yüklənmə yeri / Place of Loading:

    

16. Yoladüşmə tarixi və Azərbaycan SKM-nə giriş / Date of Departure and Entry BIP in Azerbaijan:

17. Nəqliyyat vasitəsi / Means of Transport:

Təyyarə / □          Gəmi / □      Dəmir yolu / □

Aeroplane            Ship              Railway wagon

 

Avtomobil /                             Digər/

Road vehicle                             Qther     

Qeydiyyat nişanı / İdentification Number:

 

Konteynerin identifikasiyası və möhürün nömrəsi /  Identification of Container and Seal Number:

18. Məhsulun saxlanma şəraiti / Conditions of Storage:

 

19. XİF MİN / HS CODE:

20. Etibarlılıq  müddəti / Validity Period:

21. Xalis çəki / Net Weight:

22. İstifadə təyinatı / İntended Purpose of Use:

 

Bu Sertifikat təsdiq edir ki, yuxarıda göstərilən məhsul partiyası təhlükəsizlik göstəricilərinə görə qüvvədə olan norma və qaydalara uyğundur. / This is to certify that the product lot described above have been inspected and/or tested according to appropriate official procedures.

 

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətli nümayəndəsi   ___________

(adı, soyadı)

 

Authorised Representative of the Food Safety Agency of the Republic of Azerbaijan ____________

(name, surname)

 

                                                                                                          İmza / Signature

                                                                                                          M.Y/ Stamp 

 

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       30 dekabr 2019-cu il tarixli 521 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №12, maddə 2101)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 30 dekabr 2019-cu il tarixli 521 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №12, maddə 2101) ilə “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın 1.2.2-ci və 1.2.4-cü yarımbəndləri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi

1.2.2. qida təhlükəsizliyi sertifikatı - yeyinti məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə verilən sənəd;

1.2.4. qida (yeyinti) məhsulları sahəsində fəaliyyət göstərən subyektlər – qida zəncirinin bütün mərhələlərində fəaliyyəti həyata keçirən dövlət orqanları (qurumları), bələdiyyələr, hüquqi və fiziki şəxslər.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status