AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
16.07.2018
QEYDİYYAT NÖMRƏSİ
303
ADI
“Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 18-07-2018, Nəşr Nömrəsi: 157), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2018, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 1637)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
18.07.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.120.100
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201807160303
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
19.07.2018
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1012-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 aprel tarixli 1923 nömrəli Fərmanının 1.4.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

 

Bakı şəhəri, 16 iyul 2018-ci il

                   № 303

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2018-ci il 16 iyul tarixli 303 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7.4-cü maddəsinə əsasən hazırlanmışdır və qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və qeydiyyata alınmış subyektlərin dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. qida zənciri - qida məhsullarının “tarladan–süfrəyədək” prinsipi əsasında ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), satışı, ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinin məcmusu;

1.2.2. qida (yeyinti) məhsulları sahəsində fəaliyyət göstərən subyektlər – qida zəncirinin bütün mərhələlərində fəaliyyəti həyata keçirən təsərrüfat subyektləri, həmçinin dövlət orqanları (qurumları), bələdiyyələr. [1]

1.2.3. yeyinti məhsulları - ərzaq xammalı, qida məhsulları və əlavələri (inqrediyentləri), tamlı mallar qrupuna daxil edilmiş məhsullar;

1.2.4. qida məhsulları - insan tərəfindən təbii və ya emal edilmiş halda istifadə olunan məhsullar;

1.2.5. yeyinti məhsullarının təhlükəsizliyi - qida məhsullarının insan həyatı və sağlamlığı üçün təhlükəli olmamasına zəmanət verən ekoloji, sanitariya, baytarlıq və fitosanitar norma, qayda və tələblərə uyğunluğu.

1.3. Qida təhlükəsizliyi qeydiyyatına alınmamış təsərrüfat subyektlərinin fəaliyyəti qadağandır.

 

2. Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması

 

2.1. Azərbaycan Respublikasının ərazisində qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər (bundan sonra-subyektlər) Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra - Agentlik) tərəfindən qeydiyyata alınır və subyektlərin dövlət reyestrinə daxil edilir.

2.2. Qida təhlükəsizliyi qeydiyyatı Agentlikdə qeydiyyata alınmış subyektlər, onların təsərrüfat fəaliyyətinə cəlb olunmuş obyektlər, qida məhsullarının və ya xidmətlərin adı və növü də daxil olmaqla, qida zəncirinin bütün mərhələlərini əhatə edir.

2.3. Subyektlər qeydiyyat üçün Agentliyə və ya Agentliyin “ASAN xidmət” mərkəzlərində, kiçik və orta biznes evlərində və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində fəaliyyət göstərən nümayəndəsinə forması bu Qaydaların 1 nömrəli əlavəsində göstərilən ərizə ilə müraciət edirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: [2]

2.3.1. fiziki şəxslər üçün – şəxsiyyət vəsiqəsinin və vergi uçotuna alınmanı təsdiq edən şəhadətnamənin (VÖEN) surəti;

2.3.2. hüquqi şəxslər üçün – vergi uçotuna alınmanı təsdiq edən şəhadətnamənin (VÖEN) surəti;

2.3.3. bu Qaydaların 2.3.1-ci və 2.3.2-ci yarımbəndlərində göstərilən şəxslərin nümayəndələri müraciət etdikdə - onun səlahiyyətlərini təsdiq edən sənəd;

2.3.4. subyektin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və icarə müqaviləsinin notarial qaydada təsdiq edilmiş surəti;

2.3.5. subyekt idxalçı olduqda - idxal edilən yeyinti məhsullarının təhlükəsizliyini təsdiq edən sertifikatın (mövcud olduqda) surəti.

2.4. Subyektdən bu Qaydaların 2.3-cü bəndində göstərilməyən sənədlərin tələb edilməsinə yol verilmir.

2.5. Bu Qaydaların 2.3.1-2.3.5-ci yarımbəndlərində göstərilən sənədlər təqdim edildikdən sonra ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında subyektə elektron qaydada və ya sifarişli poçt bildirişi vasitəsilə 2 (iki) iş günü müddətində məlumat verilir.

2.6. Agentlik təqdim olunmuş sənədləri araşdırır, sənədlərdə çatışmazlıqlar olmadıqda, subyektin qeydiyyata alınması üçün ona məxsus obyektin qiymətləndirilməsi və ekspertizanın (analizin) aparılması üçün həmin obyektdə istehsal olunan yeyinti məhsulundan nümunə götürülməsi məqsədi ilə mütəxəssis (məsul şəxs) təyin edir. 7(yeddi) iş günü müddətində obyektin qiymətləndirilməsi və götürülmüş yeyinti məhsulu nümunəsinin analizi başa çatdırılmalıdır.

2.7. Bu Qaydaların 2.6-cı bəndində göstərilən mütəxəssis (məsul şəxs) “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq obyektin istehsal şəraitinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, habelə gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunluğunu qiymətləndirir. Qiymətləndirmənin nəticələri əsasında akt tərtib edilir və yeyinti məhsulundan nümunə götürür.

2.8. Obyektdə istehsal olunan yeyinti məhsulundan götürülmüş nümunələrin Agentliyin tabeliyində olan və ya “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş digər laboratoriyada analizi aparılır. Məhsulun analizi subyektin vəsaiti hesabına həyata keçirilir. Analizin nəticələri barədə laboratoriya tərəfindən bir iş günü müddətində Agentliyə sınaq protokolu (yazılı rəy) təqdim edilir.

2.9. Agentlik obyektin qiymətləndirilməsinin və götürülmüş yeyinti məhsulunun nümunəsinin ekspertiza nəticələrinə uyğun olaraq subyektin qeydiyyata alınması və ya qeydiyyatdan imtina barədə qərar qəbul edir. Qəbul edilmiş qərar 2 (iki) iş günü müddətində subyektə təqdim edilir, yaxud sifarişli poçt vasitəsilə göndərilir.

2.10. Subyektin qeydiyyata alınması barədə qərar qəbul edildiyi halda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dövlət rüsumu ödənildikdən sonra subyekt dövlət reyestrinə daxil edilir və forması bu Qaydaların 2 nömrəli əlavəsində göstərilən “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış” verilir.

2.11. Subyektlərin qeydiyyatına görə dövlət rüsumu yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməlidir.

2.12. “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış” Agentliyin sifarişinə uyğun olaraq onun vəsaiti hesabına mətbəə üsulu ilə hazırlanır. Çıxarışın doldurulması elektron (lazer) texnikası vasitəsilə həyata keçirilir.

2.13. Bu Qaydaların 2.10-cu bəndində göstərilən dövlət reyestrindən çıxarışların uçotu Agentlik tərəfindən müəyyən edilən “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarışlar” kitabında aparılır. Kitab qaytanlanır, səhifələri ardıcıl olaraq nömrələnir və Agentliyin möhürü ilə möhürlənir.

2.14. Subyektin qeydiyyata alınmasından “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda imtina edilir.

2.15. Subyektin qeydiyyata alınmasından imtina barədə qərarı əsaslandırılmalıdır.

2.16. Subyekt qeydiyyata alınmasından imtina barədə qərardan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

2.17. Bu Qaydaların 2.14-cü bəndində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə subyektin qeydiyyata alınmasından imtinaya yol verilmir.

2.18. Subyektin qeydiyyatının ləğvi üçün əsaslar aşağıdakılardır:

2.18.1. subyekt tərəfindən ləğvedilmə barədə ərizə təqdim edildikdə;

2.18.2. hüquqi şəxs olan subyekt (və ya onun nümayəndəliyi, filialı) ləğv edildikdə;

2.18.3. fiziki şəxs olan subyektin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə;

2.18.4. məhkəmənin müvafiq qərarı olduqda;

2.18.5. qeydiyyat üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə.

2.19. Subyektin qeydiyyatının dayandırılması və bərpası “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun həyata keçirilir.

2.20. Qeydiyyata alınmış subyektin təqdim etdiyi sənədlərdə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış məlumatlarda hər bir sonrakı dəyişiklik “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsi ilə müəyyən edilmiş qaydada qeydiyyata alınır. Qeydiyyata alınmış subyektlərin dövlət reyestri məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq baş verən dəyişikliyin edilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. [3]

 

3. Qeydiyyata alınmış subyektlərin dövlət reyestrinin aparılması

 

3.1. Qeydiyyata alınmış subyektlərin dövlət reyestri (bundan sonra-reyestr) Agentlik tərəfindən aparılır.

3.2. Reyestr Azərbaycan Respublikasının informasiya ehtiyatıdır. Reyestrə daxil edilən məlumatlar Agentliyin internet saytında yerləşdirilir və istifadəçilər üçün açıqdır.

3.3. Reyestr kağız və elektron daşıyıcılarda tərtib edilir.

3.4. Kağız və elektron daşıyıcılardakı qeydlər arasında ziddiyyət olduqda, kağız daşıyıcılarda olan qeydlər əsas götürülür.

3.5. Reyestr aşağıdakı məlumatlardan ibarətdir:

3.5.1. qeydiyyata alınmış subyektlər barədə məlumatlar (hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının, nümayəndəliyinin adı və hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi və fəaliyyət ünvanı);

3.5.2. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);

3.5.3. subyektin qeydiyyata alındığı tarix və qeydiyyat nömrəsi;

3.5.4. subyektin fəaliyyət istiqamətindən asılı olaraq, həmin fəaliyyətin həyata keçirildiyi faktiki (əsas) ünvan;

3.5.5. subyektin səlahiyyətli nümayəndəsi (olduğu halda) barədə məlumatlar;

3.5.6. işçilərin (tibbi müayinədən keçmiş işçilər daxil olmaqla) sayı barədə məlumatlar;

3.5.7. subyektin fəaliyyət istiqaməti (istiqamətləri);

3.5.8. subyektin istehsal və idxal (ixrac) etdiyi yeyinti məhsulunun, o cümlədən qida məhsulunun adı və növü barədə məlumatlar;

3.5.9. qeydiyyat zamanı təqdim edilmiş sənədlərdə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış məlumatlarda sonradan edilmiş dəyişikliklər barədə məlumatlar;

3.5.10. subyektlərə Agentlik tərəfindən edilmiş xəbərdarlıqlar, verilmiş göstərişlər və onların icrası barədə, habelə qeydiyyatın dayandırılması, bərpası və ləğv edilməsinə dair məlumatlar.

3.6. Reyestr illər üzrə və Azərbaycan Respublikasının inzibati ərazi vahidləri (rayon və ya şəhər) üzrə aparılır.

3.7. Subyektin qeydiyyatı hüquqi şəxsin (xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının) hüquqi ünvanı, fiziki şəxsin qeydiyyat ünvanı əsasında müəyyən edilir.

3.8. Bu Qaydaların 2.10-cu bəndinə uyğun olaraq verilmiş “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış”ın qeydiyyat nömrəsi həmin subyektin qida məhsulları sahəsində fəaliyyəti zamanı fərdiləşdirilmə vasitəsidir.

3.9. “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış”ı almış subyekt onun düzgünlüyünü yoxlamalı və yanlışlıq aşkar etdikdə, bu barədə Agentliyə məlumat verməlidir. Agentlik həmin yanlışlığın aşkar edilməsi barədə məlumatı yoxlamalı və reyestrdə müvafiq düzəlişlər aparmalıdır.

3.10. Subyektlər barədə məlumatlar, reyestrə daxil edildikdən sonra qeydiyyata alınması və reyestrə daxil edilməsi üçün təqdim edilmiş sənədlər Agentlikdə saxlanılır.

3.11. Reyestrdən məlumatlar, o cümlədən kommersiya və (və ya) vergi sirri təşkil edən məlumatlar sorğu əsasında aşağıdakılara verilir:

3.11.1. məhkəmə, istintaq və təhqiqat orqanlarına;

3.11.2. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə;

3.11.3. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada məcburi icra orqanına;

3.11.4. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada vəkilə;

3.11.5. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada notariusa;

3.11.6. hüquqi şəxs olan subyektin təsisçilərinin (iştirakçıların) vərəsələrinə;

3.11.7. fiziki şəxs olan subyektin vərəsələrinə;

3.11.8. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş şəxslərə;

3.11.9. barəsində reyestrdən məlumatların verilməsi tələb olunan şəxsin razılığı ilə üçüncü şəxslərə.

3.12. İstehlakçıların qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatda olub-olmaması barədə məlumatı maneəsiz əldə etmələri üçün reyestrə çıxışı Agentlik tərəfindən təmin edilir.

3.13. “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış” itirildikdə, yaxud zədələndikdə, onun dublikatının verilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə uyğun olaraq həyata keçirilir. Reyestrdən çıxarışın dublikatının verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. [4]

 

 


 

“Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi

qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”na

 

1 nömrəli əlavə

 

Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması haqqında

 

Ə R İ Z Ə

 

1. Qeydiyyata alınan subyektin adı:

2. VÖEN:

3. Hüquqi ünvanı:

4. Ümumi işçilərin sayı:

 

6. Faktiki ünvanı:

5. Tibbi müayinədən keçmiş işçilərin sayı:

 

7. Fəaliyyət istiqaməti haqqında məlumatlar:

7.1. fəaliyyət istiqaməti:

7.2. yeyinti (o cümlədən qida) məhsulunun (məhsullarının) və ya xidmət sahəsinin növü:

7.3. yeyinti (o cümlədən qida) məhsulunun (məhsullarının) və ya xidmət sahəsinin adı:

7.4. tətbiq edilən normativ sənəd (sənədlər):

7.5. tətbiq edilən proseslər haqqında qısa məlumat (misal: süd məhsullarının istehsalı, qəbulu, saxlanması, daşınması və s.):

8. Xammallar və köməkçi materiallar haqqında məlumat:

9. Qablaşdırma növü (növləri):

10. Səlahiyyətli nümayəndə:

11. Şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi:

Əlaqə vasitələri

şəhər telefonu:

 

mobil telefon:

 

poçt indeksi:

 

elektron ünvan:

 

İmza:

 

Tarix

 

                                                                                                  M.Y

 

 

 


 

“Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”na

 

                       2 nömrəli əlavə

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ QİDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ

 

QİDA MƏHSULLARI SAHƏSİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN

SUBYEKTLƏRİN DÖVLƏT REYESTRİNDƏN

ÇIXARIŞ

 

Qeydiyyat nömrəsi: 

Qeydiyyat tarixi:

Qeydiyyata alınan subyektin adı:

Faktiki ünvanı:

Fəaliyyət istiqaməti:

Yeyinti (o cümlədən qida) məhsulunun (məhsullarının) və ya xidmət sahəsinin növü:

 

Yeyinti (o cümlədən qida) məhsulunun (məhsullarının)  və ya xidmət sahəsinin adı:

 

Bu çıxarışla təsdiq edilir ki, qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt qida təhlükəsizliyi qeydiyyatına alınmışdır.

 

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin

səlahiyyətli nümayəndəsi:

 

Adı, soyadı: ____________________________________________

 

İmza: ________________________________________________

 

                        M.Y                                                        

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       16 oktyabr 2018-ci il tarixli 453 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 oktyabr 2018-ci il, № 235, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2167)

2.       16 sentyabr 2019-cu il tarixli 409 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 sentyabr 2019-cu il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1563)

3.       30 dekabr 2019-cu il tarixli 521 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №12, maddə 2101)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 30 dekabr 2019-cu il tarixli 521 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №12, maddə 2101) ilə “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”nın 1.3-cü bəndi ləğv edilmişdir və 1.2.2-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.2.2 qida (yeyinti) məhsulları sahəsində fəaliyyət göstərən subyektlər – qida zəncirinin bütün mərhələlərində fəaliyyəti həyata keçirən dövlət orqanları (qurumları), bələdiyyələr, hüquqi və fiziki şəxslər;

 

[2] 16 oktyabr 2018-ci il tarixli 453 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 oktyabr 2018-ci il, № 235, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2167) ilə “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”nın 2.3-cü bəndinə “ASAN xidmət mərkəzlərində” sözlərindən sonra “, kiçik və orta biznes evlərində” sözləri əlavə edilmişdir.

 

[3] 16 sentyabr 2019-cu il tarixli 409 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 sentyabr 2019-cu il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1563) ilə “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”nın 2.20-ci bəndə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[4] 16 sentyabr 2019-cu il tarixli 409 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 sentyabr 2019-cu il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1563) ilə “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”nın 3.13-cü bəndə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status