AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
19.11.2018
QEYDİYYAT NÖMRƏSİ
491
ADI
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərin nizamnamələrinin və strukturlarının təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 23-11-2018, Nəşr Nömrəsi: 264), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2018, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 2441)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
23.11.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201811190491
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
26.11.2018
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərin nizamnamələrinin və strukturlarının təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının 11.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi publik hüquqi şəxsin strukturu” təsdiq edilsin (3 nömrəli əlavə).

4. “Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxsin strukturu” təsdiq edilsin (4 nömrəli əlavə).

5. “Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxsin xüsusi təyinatlı “CASPIAN STAR” gəmisinin və “VEGA” sürətli katerinin heyət üzvlərinin aylıq vəzifə maaşları” təsdiq edilsin (5 nömrəli əlavə).

6. “Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Nəqliyyat və Texniki-Təminat İdarəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 4 aprel tarixli 57 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 437) ləğv edilsin.

7. “Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 23 may tarixli 164 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 588; 2015, № 6, maddə 785) ləğv edilsin.

8. “Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyindəki Nəqliyyat və Texniki-Təminat İdarəsinin fəaliyyətinin təşkilinin bəzi məsələləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 sentyabr tarixli 260 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 9, maddə 1135) ləğv edilsin.

9. Bu Qərarın 1-5-ci hissələri ilə təsdiq edilmiş normativ hüquqi aktlarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 19 noyabr 2018-ci il

   № 491

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2018-ci il 19 noyabr tarixli 491 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

1 nömrəli əlavə

 

 

Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi publik hüquqi şəxsin

 

NİZAMNAMƏSİ

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi publik hüquqi şəxs (bundan sonra - Mərkəz) “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanına əsasən yaradılmışdır və Azərbaycan Respublikasının ərazisində dəniz üzgüçülüyünün təhlükəsizliyinin təşkili sahəsində (bundan sonra - müvafiq sahədə) fəaliyyət göstərir.

1.2. Mərkəz Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra - Nazirlik) yanında Dövlət Dəniz Agentliyinin (bundan sonra - Agentlik) tabeliyində fəaliyyət göstərir.

1.3. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsini, “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununu, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hüquqi aktlarınıAgentliyin əmr və göstərişlərini və bu Nizamnaməni rəhbər tutur.

1.4. Mərkəz ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Mərkəz Nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.5. Mərkəzin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.6. Qanuna uyğun olaraq, Mərkəzin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Mərkəz məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.7. Mərkəzin işçiləri xüsusi xidməti geyim formasına malikdirlər.

1.8. Mərkəz Bakı şəhərində yerləşir.

 

2. Mərkəzin fəaliyyətinin məqsədi və istiqamətləri

 

2.1. Mərkəzin fəaliyyətinin məqsədi Azərbaycan Respublikasının ərazisində dəniz üzgüçülüyünün təhlükəsizliyinin daha səmərəli təşkilinin təmin edilməsindən ibarətdir.

2.2. Mərkəz aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

2.2.1. Agentlik tərəfindən təşkil olunan dəniz üzgüçülüyünün təhlükəsizlik sisteminin fəaliyyətinin təmin olunması;

2.2.2. gəmilərdə liman və bayraq nəzarəti ilə əlaqədar yoxlamaların həyata keçirilməsi;

2.2.3. liman kapitanlarının fəaliyyətinin maddi və texniki təminatının həyata keçirilməsi;

2.2.4. bələdçi xidmətinin göstərilməsi;

2.2.5. dəniz üzgüçülüyündə naviqasiya təminatının həyata keçirilməsi.

 

3. Mərkəzin vəzifələri və hüquqları

 

3.1. Mərkəz bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. müvafiq sahədə qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

3.1.2. Azərbaycan Respublikasının ərazisində yerləşən limanlarda liman kapitanlarının və gəmilərin nəzarət yoxlamasını həyata keçirən müfəttişlərin işini təşkil edir;

3.1.3. Azərbaycan Respublikasının ərazi sularında, həmçinin liman akvatoriyasında dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsini (kiçikhəcmli gəmilər istisna olmaqla) “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”nın tələblərinə uyğun olaraq həyata keçirir;

3.1.4. Azərbaycan Respublikasının ərazi sularında gəmilərin uzaq məsafədən tanınmasını və izlənilməsini Beynəlxalq Dəniz Təşkilatının tələblərinə uyğun olaraq həyata keçirir;

3.1.5. Azərbaycan Respublikasının ərazi sularında, həmçinin liman akvatoriyalarında üzən gəmilərin (kiçikhəcmli gəmilər istisna olmaqla) hərəkətini “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair 1972-ci il tarixli Beynəlxalq Qaydalar”a uyğun olaraq Hərəkətin Bölünmə Sistemindən istifadə etməklə tənzimləyir;

3.1.6. radar müşahidəsini və gəmilərin təhlükəsiz keçməsini təmin edir, gəmiləri radar vasitəsilə müşayiət edir;

3.1.7. neft məhsullarının dağılmasının nəticələrinin aradan qaldırılmasında iştirak edir;

3.1.8. gəmilərin Azərbaycan Respublikasının ərazi sularına daxil olmasının aşkar edilməsi, gəmilərlə rabitə əlaqəsinin yaradılması, hər bir gəmi haqqında məlumatları toplayır;

3.1.9. gəmilərin hərəkətinin daimi müşahidəsini həyata keçirir;

3.1.10.       gəmilər tərəfindən “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”nın tələblərinə riayət edilməsini təmin edir;

3.1.11.       gəmilərin hərəkətinin idarə olunmasını, habelə gəmilər tərəfindən müəyyən edilmiş marşruta, sürətə və ara məsafəsinə riayət olunmasını təmin edir;

3.1.12.       qəza-xilasetmə, dibdərinləşdirmə, yedək əməliyyatları zamanı koordinasiyanı təşkil edir;

3.1.13.       yanalma əməliyyatlarına cəlb olunan yedək gəmilərinin sayını müəyyən edir;

3.1.14.       liman akvatoriyasında radiorabitə vasitələri ilə danışıqların aparılmasını təşkil edir;

3.1.15.       Azərbaycan Respublikasının ərazisində yerləşən limanlarda bələdçi xidmətini göstərir;

3.1.16.       gəmilərin bələdçi ilə keçirilməsinin məcburi və məcburi olmayan rayonlarının müəyyən edilməsinə dair təkliflər verir;

3.1.17.       Azərbaycan Respublikasının ərazisində gəmilərin üzmə rejiminə və dəniz üzgüçülüyü qaydalarına riayət olunmasına nəzarətin həyata keçirilməsində iştirak edir;

3.1.18.       dəniz üzgüçülüyünün təhlükəsizlik sisteminin təşkilində iştirak edir;

3.1.19.       gəmilərin nəzarət yoxlaması və yoxlamaların nəticələrinə dair məlumatların mərkəzləşdirilmiş qaydada qeydə alınması, bununla bağlı elektron məlumat bazasına məlumatların ötürülməsi məqsədi ilə tədbirlər görür;

3.1.20.       gəmilərin nəzarət yoxlaması zamanı aşkar olunan çatışmazlıqların təhlilini aparır və həmin çatışmazlıqların aradan qaldırılması məqsədi ilə təkliflər hazırlayaraq Agentliyə təqdim edir;

3.1.21.  Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə Agentlik qarşısında təkliflə çıxış edir;

3.1.22.  Mərkəzin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxır və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görür;

3.1.23.  gəmilərin nəzarət yoxlamalarının həyata keçirilməsi üzrə hüquqi aktlarda dəyişikliklər edilməsinə dair təkliflər hazırlayır və Agentliyə təqdim edir;

3.1.24.  Agentliyin dəniz üzgüçülüyünün təhlükəsizliyinə dair sərgilərdə, konfranslarda və digər tədbirlərdə iştirakına dair materialların hazırlanmasını təşkil edir;

3.1.25.  dənizdə gəmilərdə baş vermiş qəza hadisələrinin araşdırılmasında iştirak edir;

3.1.26.  gəmilərin hərəkətinin idarəetmə xidmətinin fəaliyyətini təşkil edir;

3.1.27.  gəmilərin və üzən vasitələrin uzaq məsafədən müşahidəsini həyata keçirir;

3.1.28.  Agentliyi və qanunvericiliklə müəyyən olunmuş qaydada digər dövlət orqanlarını dəniz üzgüçülüyünün təhlükəsizliyinə dair məlumatlarla təmin edir;

3.1.29.  gəmilərə çağırış siqnallarının, gəmi radiostansiyasının fərdi çağırış nömrələrinin və gəmi peyk rabitə stansiyasının identifikasiya nömrələri də daxil olmaqla, müvafiq sənədlərin verilməsi üçün zəruri tədbirlər görülməsində iştirak edir;

3.1.30.  dəniz yollarında naviqasiya təminatını həyata keçirir;

3.1.31.  dəniz yollarının naviqasiya-hidroqrafik təminatını həyata keçirir;

3.1.32.  Agentliyin göstərişləri əsasında Azərbaycan Respublikasının Xəzər dənizinin axtarış-xilasetmə məsul sektorunda dənizdə qəzaya uğramış insanların axtarışı və xilası üçün Azərbaycan Respublikasının və xarici dövlətlərin dəniz və aviasiya qəza-xilasetmə xidmətləri tərəfindən zəruri tədbirlərin həyata keçirilməsində iştirak edir;

3.1.33.  gəmi və dəniz nəqliyyatının digər obyektləri ilə kriptoqrafik rabitənin təşkilində iştirak edir;

3.1.34.  lövbər dayanacaqlarında olan gəmilərin mövqeyini müəyyən edir və onların müşahidəsini təşkil edir;

3.1.35.  gəmilərə naviqasiya, meteoroloji, əməliyyat və digər məlumatların ötürülməsini təmin edir;

3.1.36.  Azərbaycan Respublikasının ərazisində dəniz üzgüçülüyünün təhlükəsizliyi və dəniz mühitinin mühafizəsi qaydalarını pozan şəxslərin məsuliyyətə cəlb edilməsi üçün sənədləri hazırlayır və Agentliyə təqdim edir;

3.1.37.  gəmilərə dənizdə yaranmış təhlükəli vəziyyətlərdən çıxılması üçün məsləhət və tövsiyələr verir;

3.1.38.  dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə gəmilərin hərəkətinin dayandırılmasına dair qərar qəbul edilməsi barədə Agentliyə təklif verir;

3.1.39.  əmək şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər həyata keçirir, Mərkəzin maddi-texniki bazasının gücləndirilməsi üzrə tədbirlər görür, ondan səmərəli istifadə edilməsini təmin edir;

3.1.40.  Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalardan irəli gələn standartların tətbiqi ilə əlaqədar sertifikatlaşdırılmadan keçmək üçün tədbirlər görür;

3.1.41.  dənizdə batmış üzmə vasitələrinin (əmlakı ilə birlikdə) çıxarılması ilə əlaqədar təkliflər verir, habelə həmin əmlakın çıxarılmasının təşkilində və onun mühafizə olunması üçün tədbirlərin görülməsində iştirak edir;

3.1.42.  Azərbaycan Respublikasının ərazisində dəniz naviqasiya avadanlıqlarının işlək vəziyyətdə olmasına nəzarəti həyata keçirir;

3.1.43.  gəmilərin hərəkətinin müasir idarəetmə sistemlərini və rabitə xidmətlərini təşkil edir;

3.1.44.  kanallarda, farvaterlərdə, lövbər dayanacaqlarında və dəniz üzgüçülüyü məqsədləri üçün istifadə edilən digər dəniz ərazilərində dərinliyin ölçülməsində iştirak edir;

3.1.45.  Azərbaycan Respublikasının ərazisində yeni dəniz naviqasiya avadanlıqlarının quraşdırılması və onların coğrafi mövqelərinin müəyyən olunması ilə bağlı təkliflər hazırlayıb Agentliyə təqdim edir;

3.1.46.  ixrac neft və boru kəmərlərinin və onların infrastruktur obyektlərinin, sualtı kabellərin təhlükəsizliyinin təmin olunmasında iştirak edir;

3.1.47.  Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq verilən gəmi sənədlərini yoxlayır;

3.1.48.  fəaliyyət istiqamətinə uyğun olaraq, qəbul edilən dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsində iştirak edir;

3.1.49.  müvafiq sahədə elektron xidmətləri “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına uyğun olaraq təşkil edir;

3.1.50.  Mərkəzin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarına uyğun olaraq baxır və qanunla müəyyən edilmiş qaydada tədbirlər görür;

3.1.51.  kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil edir, Mərkəzin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görür;

3.1.52.  öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;

3.1.53.  Mərkəzə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

3.1.54.  dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görür;

3.1.55.  Mərkəzin informasiya təminatını təşkil edir və onun təhlükəsizliyini təmin edir;

3.1.56.  strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görür;

3.1.57.  qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin edir;

3.1.58.  müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması məqsədi ilə tədbirlər görür.

3.2. Mərkəz bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı hüquqları həyata keçirir:

3.2.1.      müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;

3.2.2.      Azərbaycan Respublikasının ərazisində mülkiyyət növündən və milli mənsubiyyətindən (dövlət bayrağından) asılı olmayaraq, bütün dəniz gəmilərinə, liman və digər dəniz nəqliyyatı obyektlərinə maneəsiz daxil olmaq;

3.2.3.      gəmi üzgüçülüyə yararlı olmadıqda, gəminin yüklənilməsinə, təchizatına, gəmi heyətinin komplektləşdirilməsinə dair tələblər pozulduqda və ya gəmidə olan insanların həyatına və ya sağlamlığına təhlükə, habelə gəminin dəniz mühitinə zərər vurmaq təhlükəsi yarada biləcək digər çatışmazlıqları olduqda, gəmi sənədlərinə olan tələblər pozulduqda, sanitar-karantin və miqrasiya xidmətlərinin, gömrük, sərhəd və digər səlahiyyətli dövlət orqanlarının göstərişi olduqda, müəyyən edilmiş liman ödənişləri və ya səlahiyyətləri çərçivəsində dəniz limanı kapitanının qəbul etdiyi qərarına əsasən tətbiq edilmiş sanksiyaların məbləğləri ödənilmədikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarı olduqda, gəminin limandan çıxışını qadağan etmək (gəmini saxlamaq) hüququ vardır;

3.2.4.      dəniz və digər nəqliyyat növləri arasında nəqliyyat qovşaqlarında yük sahibləri ilə, operatorlarla, ekspeditorlarla, agentliklərlə və digər təşkilatlarla qarşılıqlı münasibətlərin təkmilləşdirilməsində iştirak etmək;

3.2.5.      fəaliyyət istiqamətləri üzrə hüquqi və fiziki şəxslərlə müqavilələr bağlamaq, onların yerinə yetirilməsinə nəzarət etmək və göstərilən xidmətlər müqabilində haqq almaq;

3.2.6.      Agentliyin razılığı ilə gəmilərin nəzarət yoxlaması üzrə beynəlxalq və regional təşkilatlarla əməkdaşlıqda iştirak etmək;

3.2.7.      dəniz üzgüçülüyünün təhlükəsizliyi ilə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi üzrə təklifləri hazırlayıb Agentliyə təqdim etmək;

3.2.8.      Mərkəzin işçilərinin, o cümlədən bələdçilərin və gəmilərin nəzarət yoxlamasını aparan müfəttişlərin attestasiyasını həyata keçirmək;

3.2.9.           fəaliyyət istiqamətləri üzrə təlimlər, seminarlar, konfranslar, müşavirələr, simpoziumlar və digər tədbirlər keçirmək, habelə xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

3.2.10.       müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;

3.2.11.       beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədi ilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

3.2.12.       müvafiq sahədə yoxlamalar aparmaq, icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn digər tədbirlər görmək;

3.2.13.       fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qrupları və komissiyalar yaratmaq;

3.2.14.       dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.15.       fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, tədqiqatlar, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq və Agentliyə təqdim etmək;

3.2.16.       müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

3.2.17.       Agentliklə razılaşdırmaqla, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

3.2.18.       fəaliyyət istiqamətlərinə uyğun olaraq, digər hüquqları həyata keçirmək.

 

4. Mərkəzin idarə olunması

 

4.1. Mərkəz öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Mərkəzə ümumi rəhbərliyi və nəzarəti İdarə Heyəti həyata keçirir. İdarə Heyətinin üzvlərini - İdarə Heyətinin sədrini və onun iki müavinini Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri ilə razılaşdırmaqla, Agentliyin direktoru vəzifəyə təyin və vəzifədən azad edir.

4.3. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyətinin üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.

4.4. İdarə Heyəti aşağıdakı vəzifələri yerinə yetirir:

4.4.1.  Mərkəzin fəaliyyətini təşkil edir;

4.4.2.  təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Nazirliyə və Agentliyə təkliflər verir və sənədlər (o cümlədən, Mərkəzin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim edir;

4.4.3.  Mərkəzin inkişaf istiqamətləri ilə bağlı Agentliyə təkliflər verir, strateji məqsəd və planlarını müəyyən edir;

4.4.4.  Mərkəzin fəaliyyətinə nəzarət edir;

4.4.5.  aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edir;

4.4.6.  Mərkəzin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət edir;

4.4.7.  Mərkəzə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

4.4.8.  Mərkəzin strukturu, ştat cədvəli və işçilərinin say həddi, xərclər smetası ilə bağlı Agentliyə təkliflər verir;

4.4.9.  Agentliyin razılığı ilə Mərkəzin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Mərkəzin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul edir;

4.4.10.   Agentliyin razılığı ilə Mərkəzin maliyyə planlaşdırılmasını və büdcəsini təsdiq edir;

4.4.11.   Agentliyin razılığı ilə Mərkəzin fəaliyyətinə dair illik hesabatı dinləyir;

4.4.12.   Agentliyin razılığı ilə Mərkəzin kənar auditorunu təyin edir və audit hesabatını qəbul edir;

4.4.13.   kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür;

4.4.14.   Agentliyin razılığı ilə Mərkəzin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edir;

4.4.15.   bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görür;

4.4.16.   İdarə Heyəti üzvlərinin müraciətlərinə baxır və qərar qəbul edir;

4.4.17.   İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar verir.

4.5. İdarə Heyətinin iclası ayda bir dəfədən az olmayaraq çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları İdarə Heyəti üzvlərinin hər biri iştirak etdikdə səlahiyyətlidir (bu Nizamnamənin 4.6-cı bəndində nəzərdə tutulmuş hal istisna olmaqla). İdarə Heyətinin iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün) səsi həlledicidir.

4.6. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.7. İdarə Heyətinin sədri:

4.7.1.  Mərkəzin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

4.7.2.  Nazirliyin hüquqi aktlarını, Agentliyin əmr və göstərişlərini icra edir, Agentliyə hesabat verir;

4.7.3.  İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;

4.7.4.      öz təşəbbüsü ilə və İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

4.7.5.      öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

4.7.6.      Mərkəzin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.7.7.      Mərkəzin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.7.8.      Mərkəzin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.7.9.      Mərkəzin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;

4.7.10.   Mərkəzin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir;

4.7.11.   Mərkəzin əmlakından onun Nizamnaməsində nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.7.12.   Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Mərkəzin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.7.13.   Mərkəzin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qrupları yaradır;

4.7.14.   Mərkəzin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.7.15.   Mərkəzdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.7.16.   Mərkəzdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.

4.8. İdarə Heyətinin üzvləri:

4.8.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

4.8.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.8.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

4.8.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;

4.8.5. İdarə Heyətinin qərarları, iclas protokolları və digər sənədlərlə tanış olurlar.

4.9. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

 

5. Mərkəzin nizamnamə fondu, əmlakı və maliyyə-təsərrüfat fəaliyyəti

 

5.1. Mərkəzin nizamnamə fondunun məbləği 2585073 (iki milyon beş yüz səksən beş min yetmiş üç) manatdır.

5.2. Mərkəzin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

5.3. Mərkəz öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Mərkəz balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Mərkəz qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Mərkəzin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində Agentliklə razılaşdırılmaqla sərəncam vermək hüququna malikdir.

5.5. Mərkəzin “Dəniz limanları haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsində göstərilən dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı xidmətlərinin qiymətləri (tarifləri) tənzimlənən qiymətlərə (tariflərə) aiddir.

 

6. Mərkəzin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

 

6.1. Mərkəzin fəaliyyətinə nəzarət Agentlik tərəfindən həyata keçirilir.

6.2. Mərkəzin fəaliyyətinə dair hesabat, habelə illik maliyyə hesabatı İdarə Heyətinin sədri tərəfindən Agentliyə təqdim edilir.

 

7. Mərkəzdə uçot və hesabat

 

7.1. Mərkəz “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Mərkəz “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik uçot aparır, statistik hesabatları tərtib və təqdim edir.

7.3. Mərkəz idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. Mərkəz öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

 

8. Mərkəzin ləğvi və yenidən təşkili

 

8.1. Mərkəzin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2018-ci il 19 noyabr tarixli 491 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

2 nömrəli əlavə

 

 

Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxsin

 

NİZAMNAMƏSİ

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin tabeliyində Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxs (bundan sonra - İdarə) “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanına əsasən yaradılmışdır və Azərbaycan Respublikasının ərazisində dəniz naviqasiya avadanlıqlarının və qurğularının quraşdırılması, habelə dəniz yollarına və dəniz kanallarına müvafiq xidmətlərin göstərilməsi sahəsində (bundan sonra - müvafiq sahədə) fəaliyyət göstərir.

1.2. İdarə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra - Nazirlik) yanında Dövlət Dəniz Agentliyinin (bundan sonra - Agentlik) tabeliyində fəaliyyət göstərir.

1.3. İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsini, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin aktlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin normativ hüquqi aktlarını və Agentliyin əmr və göstərişlərini, digər normativ hüquqi aktları və bu Nizamnaməni rəhbər tutur.

1.4. İdarə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. İdarə Nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.5. İdarənin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.6. Qanuna uyğun olaraq, İdarənin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. İdarə məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.7. İdarənin işçiləri xidməti geyim formasına malikdirlər.

1.8. İdarə Bakı şəhərində yerləşir.

 

2. İdarənin fəaliyyətinin məqsədi və istiqamətləri

 

2.1. İdarənin fəaliyyətinin məqsədi gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün Azərbaycan Respublikasının ərazisində dəniz naviqasiya avadanlıqlarının və qurğularının quraşdırılmasından, habelə dəniz yollarına və dəniz kanallarına müvafiq xidmətlərin göstərilməsinin təmin edilməsindən ibarətdir.

2.2. İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.2.1. dəniz yollarının və dəniz kanallarının dərinliyinin yoxlanılması və dib dərinləşdirmə işlərinin həyata keçirilməsi;

2.2.2. Azərbaycan Respublikasının ərazisində yeni dəniz naviqasiya avadanlıqlarının və qurğularının quraşdırılması, istismarda olan avadanlıq və qurğulara texniki xidmətlərin göstərilməsi;

2.2.3. İdarənin balansında olan dəniz nəqliyyatı vasitələrinin təmirinin vaxtında təşkil edilməsi;

2.2.4. İdarənin balansında olan dəniz nəqliyyatı vasitələrinin səmərəli istifadəsinə və istismarına nəzarətin həyata keçirilməsi;

2.2.5. Agentliyin göstərişinə əsasən, nəzarət müfəttişlərinin dəniz nəqliyyatı vasitəsilə təmin edilməsi.

 

3. İdarənin vəzifələri və hüquqları

 

3.1. İdarə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1.  müvafiq sahədə qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

3.1.2.  İdarənin balansında olan dəniz nəqliyyatı vasitələrinin istismarına nəzarəti və onların növbəti, habelə növbədənkənar texniki baxışdan keçirilməsini həyata keçirir;

3.1.3.  balansında olan dəniz nəqliyyatı vasitələrinə mövcud texniki sənədlərin tələblərinə uyğun olaraq cari texniki xidmətin göstərilməsini, habelə onların əsaslı təmirini, yenidən qurulmasını, bərpasını, texniki vəziyyətinin yaxşılaşdırılmasını həyata keçirir;

3.1.4.  dəniz üzgüçülüyünün təhlükəsizliyi məqsədi ilə Azərbaycan Respublikasının ərazisində istismarda olan dəniz naviqasiya avadanlıqlarına və qurğularına texniki xidmətlər göstərir;

3.1.5.  Azərbaycan Respublikasının ərazisində yeni dəniz naviqasiya avadanlıqları və qurğularının qurulmasını və istismara hazır vəziyyətə gətirilməsini təmin edir;

3.1.6.  Agentliyin göstərişinə əsasən, gəmilərin nəzarət yoxlamasının təşkili məqsədi ilə təyinat məntəqəsinə çatdırılması üçün nəzarət müfəttişlərini dəniz nəqliyyatı vasitəsilə təmin edir;

3.1.7.  Agentliyin göstərişinə əsasən, texniki nasazlıq səbəbindən və ya pis hava şəraiti ilə əlaqədar dənizdə köməksiz vəziyyətdə olan gəmilərə yedək və ya digər yardımçı gəmilərlə köməklik göstərilməsini təşkil edir;

3.1.8.  balansında olan dəniz nəqliyyatı vasitələri üçün yanacaq və ehtiyat hissələrinin alınmasını təşkil edir və onları yanacaqla və ehtiyat hissələri ilə təmin edir;

3.1.9.  sifariş əsasında dəniz yollarının və dəniz kanallarının dərinliyinin yoxlanılması və dib dərinləşdirmə işlərini icra edir;

3.1.10.   balansında olan dəniz nəqliyyatı ilə bağlı yanacaq və ehtiyat hissələrinin hesabatının aparılmasını təmin edir;

3.1.11.   İdarənin istifadəsində olan inzibati binanın, mövcud avadanlığın və digər maddi qiymətlilərin istismarını və mühafizəsini təşkil edir;

3.1.12.   İdarənin fəaliyyəti ilə bağlı müvafiq maliyyə, statistik və digər hesabatları aparır, habelə bu hesabatları ildə bir dəfədən az olmayaraq Agentliyə təqdim edir;

3.1.13.   İdarənin cari fəaliyyəti ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada malları satın alır və xidmətlərin göstərilməsi üzrə sifarişləri həyata keçirir;

3.1.14.   fəaliyyət istiqamətinə uyğun olaraq qəbul edilən dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsində iştirak edir;

3.1.15.   səlahiyyətləri daxilində əmək şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər həyata keçirir;

3.1.16.   İdarədə vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir;

3.1.17.   fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericiliyə zidd olmayan digər fəaliyyətləri həyata keçirir;

3.1.18.   İdarənin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarına uyğun olaraq baxır və qanunla müəyyən edilmiş qaydada tədbirlər görür;

3.1.19.   kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil edir, İdarənin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görür;

3.1.20.   öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;

3.1.21.   İdarəyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

3.1.22.   dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görür;

3.1.23.   İdarənin informasiya təminatını təşkil edir və onun təhlükəsizliyini təmin edir;

3.1.24.   strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görür;

3.1.25.   qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin edir;

3.1.26.   müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər verir və onların həyata keçirilməsində iştirak edir.

3.2. İdarə bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

3.2.1.  müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;

3.2.2.  Azərbaycan Respublikasının ərazisində mülkiyyət növündən və milli mənsubiyyətindən (dövlət bayrağından) asılı olmayaraq, bütün dəniz gəmilərinə, liman və digər dəniz nəqliyyatı obyektlərinə maneəsiz daxil olmaq;

3.2.3.  Agentliyin razılığı ilə dəniz üzgüçülüyünün təhlükəsizliyi sahəsində beynəlxalq və regional təşkilatlarla əməkdaşlıqda iştirak etmək;

3.2.4.  Azərbaycan Respublikasının ərazisində mövcud dəniz naviqasiya avadanlıqları və qurğularının yenilənməsi ilə bağlı layihələr hazırlamaq və Agentliyə təqdim etmək;

3.2.5.  İdarənin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlər görmək, habelə müəyyən edilmiş vəzifələrin icrasının təmin olunması məqsədi ilə zəruri dəniz nəqliyyatı vasitələrinin alınması ilə bağlı təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

3.2.6.  Agentliyin razılığı ilə fəaliyyət istiqamətləri üzrə hüquqi və fiziki şəxslərlə müqavilələr bağlamaq, onların yerinə yetirilməsinə nəzarət etmək və göstərilən xidmətlər müqabilində haqq almaq;

3.2.7.  İdarənin işçilərinin attestasiyasını qanunla müəyyən edilmiş qaydada həyata keçirmək;

3.2.8.  müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;

3.2.9.  beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədi ilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

3.2.10.   fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qrupları və komissiyalar yaratmaq;

3.2.11.   dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.12.   fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, tədqiqatlar, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq və Agentliyə təqdim etmək;

3.2.13.   müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

3.2.14.   fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.15.   əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.16.   xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

3.2.17.   fəaliyyət istiqamətlərinə uyğun olaraq, digər hüquqları həyata keçirmək.

 

4. İdarənin idarə olunması

 

4.1. İdarə öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. İdarəyə ümumi rəhbərliyi və nəzarəti İdarə Heyəti həyata keçirir. İdarə Heyətinin üzvlərini - İdarə Heyətinin sədrini və onun iki müavinini Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri ilə razılaşdırmaqla, Agentliyin direktoru vəzifəyə təyin və vəzifədən azad edir.

4.3. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyətinin üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.

4.4. İdarə Heyəti aşağıdakı vəzifələri yerinə yetirir:

4.4.1.  İdarənin fəaliyyətini təşkil etmək;

4.4.2.  təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Nazirliyə və Agentliyə təkliflər vermək və sənədlər (o cümlədən, İdarənin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;

4.4.3.  İdarənin inkişaf istiqamətləri ilə bağlı Agentliyə təkliflər vermək, strateji məqsəd və planlarını müəyyən etmək;

4.4.4.  İdarənin fəaliyyətinə nəzarət etmək;

4.4.5.  aidiyyəti şəxslə dəyəri İdarənin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;

4.4.6.  İdarənin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;

4.4.7.  İdarəyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

4.4.8.  İdarənin strukturu, ştat cədvəli və işçilərinin say həddi, xərclər smetası ilə bağlı Agentliyə təkliflər vermək;

4.4.9.  Agentliyin razılığı ilə İdarənin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin İdarənin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;

4.4.10.   Agentliyin razılığı ilə İdarənin maliyyə planlaşdırılmasını və büdcəsini təsdiq etmək;

4.4.11.   Agentliyin razılığı ilə İdarənin fəaliyyətinə dair illik hesabatı dinləmək;

4.4.12.   Agentliyin razılığı ilə İdarənin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;

4.4.13.   kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

4.4.14.   Agentliyin razılığı ilə İdarənin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri İdarənin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;

4.4.15.   bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;

4.4.16.   İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.4.17.   İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.

4.5. İdarə Heyətinin iclası ayda bir dəfədən az olmayaraq çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları İdarə Heyəti üzvlərinin hər biri iştirak etdikdə səlahiyyətlidir (bu Nizamnamənin 4.6-cı bəndində nəzərdə tutulmuş hal istisna olmaqla). İdarə Heyətinin iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün) səsi həlledicidir.

4.6. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.7. İdarə Heyətinin sədri:

4.7.1.  İdarənin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

4.7.2.  Nazirliyin hüquqi aktlarını, Agentliyin əmr və göstərişlərini icra edir, Agentliyə hesabat verir;

4.7.3.  İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;

4.7.4.  öz təşəbbüsü və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

4.7.5.  öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

4.7.6.  İdarənin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.7.7.  İdarənin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.7.8.  İdarənin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.7.9.  İdarənin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;

4.7.10.  İdarənin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir;

4.7.11.   İdarənin əmlakından onun Nizamnaməsində nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.7.12.   Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində İdarənin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.7.13.   İdarənin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qrupları yaradır;

4.7.14.   İdarənin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.7.15.   İdarədə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.7.16.  İdarədə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.

4.8. İdarə Heyətinin üzvləri:

4.8.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

4.8.2. İdarə Heyətinin iclasının gündəliyi və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.8.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

4.8.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;

4.8.5. İdarə Heyətinin qərarları, iclas protokolları və digər sənədlərlə tanış olurlar.

4.9. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

 

5. İdarənin nizamnamə fondu, əmlakı və maliyyə-təsərrüfat fəaliyyəti

 

5.1. İdarənin nizamnamə fondunun məbləği 1 875 000 (bir milyon səkkiz yüz yetmiş beş min) manatdır.

5.2. İdarənin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır.

5.3. İdarə öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. İdarə balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. İdarə qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra İdarənin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində Agentliklə razılaşdırılmaqla sərəncam vermək hüququna malikdir.

5.5. İdarənin xidmətləri qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir.

 

6. İdarənin fəaliyyətinə nəzarət forması və əhatə dairəsi

 

6.1. İdarənin fəaliyyətinə nəzarət Agentlik tərəfindən həyata keçirilir.

6.2. İdarənin fəaliyyətinə dair hesabat, habelə illik maliyyə hesabatı İdarə Heyətinin sədri tərəfindən Agentliyə təqdim edilir.

 

7. İdarədə uçot və hesabat

 

7.1. İdarə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. İdarə “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik uçot aparır, statistik hesabatları tərtib və təqdim edir.

7.3. İdarə özünün idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. İdarə öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

 

8. İdarənin ləğvi və yenidən təşkili

 

8.1. İdarənin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2018-ci il 19 noyabr tarixli 491 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

3 nömrəli əlavə

 

 

Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi publik hüquqi şəxsin strukturu

 

1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin Aparatı.

2. Liman Kapitanı Xidməti.

3. Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi.

4. Bələdçi Xidməti.

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2018-ci il 19 noyabr tarixli 491 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

4 nömrəli əlavə

 

 

Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxsin strukturu

 

1. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında Dövlət Dəniz Agentliyinin Nəqliyyat və Texniki-Təminat İdarəsinin Aparatı.

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2018-ci il 19 noyabr tarixli 491 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

5 nömrəli əlavə

 

 

Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxsin xüsusi təyinatlı “CASPIAN STAR” gəmisinin və “VEGA” sürətli katerinin heyət üzvlərinin aylıq vəzifə maaşları

 

1. “CASPIAN STAR” gəmisi üzrə

 

Vəzifələrin adı

Aylıq vəzifə maaşı (manatla)

Kapitan

1 900

Mexanik

1 600

Növbə köməkçisi

1 300

İnzibatçı

1 000

Bosman

800

Matros

650

 

 

2. “VEGA” sürətli kateri üzrə

 

Vəzifələrin adı

Aylıq vəzifə maaşı (manatla)

Kapitan

1 200

Mexanik

750

Matros

650

 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status