AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
15.03.2019
QEYDİYYAT NÖMRƏSİ
102
ADI
“Peşə təhsili müəssisələrinə qəbul Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 20-03-2019, Nəşr Nömrəsi: 64), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2019, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 536)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
20.03.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201903150102
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
29.03.2019
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Peşə təhsili müəssisələrinə qəbul Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Peşə təhsili müəssisələrinə qəbul Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 15 mart 2019-cu il

     № 102

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2019-cu il 15 mart tarixli 102 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Peşə təhsili müəssisələrinə qəbul

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.5-ci maddəsinə əsasən hazırlanmışdır və tabeliyindən, mülkiyyət növündən, habelə təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərən peşə təhsili müəssisələrinə qəbul qaydalarını müəyyən edir.

1.2. İşəgötürənlərin (və ya fərdlərin) vəsaiti hesabına sifarişlər əsasında istehsalatda və ya digər iş sahələrində müəyyən nəzəri və praktiki peşə bacarıqları qazanmış şəxslər, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarının və “DOST” mərkəzlərinin göndərişi əsasında işaxtaran və işsiz şəxslər üçün peşənin öyrənilməsi, ixtisasın artırılması və yenidən hazırlanması üzrə peşə təhsili müəssisələrində təşkil olunan qısamüddətli ödənişli kurslara qəbul bu Qaydalarla tənzimlənmir və peşə təhsili müəssisəsi ilə işəgötürənlərin (və ya fərdlərin) və ya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarının və “DOST” mərkəzlərinin qarşılıqlı razılığı əsasında tədris ili ərzində müqavilə bağlamaqla həyata keçirilir. [1]

1.3. Müvafiq peşə üzrə təhsil standartları və proqramları (kurikulumları) əsasında ixtisaslı işçi kadr hazırlığı aparan və müvafiq lisenziyası olan bələdiyyə və özəl peşə təhsili müəssisələri, eləcə də Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmayan digər dövlət peşə təhsili müəssisələri növbəti tədris ili üçün müvafiq peşə istiqamətləri üzrə ixtisaslara tələbə qəbulu sayına dair sifarişlərini hər il martın 1-dək Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müəyyən olunmuş formada təqdim edirlər.

1.4. Hər tədris ili üçün peşə təhsili müəssisələrinə tələbə qəbulu iqtisadiyyatın inkişaf istiqamətlərinə, əmək bazarının tələblərinə və peşə təhsili müəssisələrinin potensialına uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən baxılır və bu dövlət orqanlarının razılaşdırılmış təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən mayın 1-dək təsdiq edilir.

1.5. Peşə təhsili müəssisələrinə qəbul ümumi orta və ya tam orta təhsil haqqında attestat əsasında aparılır.

1.6. Dövlət peşə təhsili müəssisələrində təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir.

1.7. Dövlət təhsilalanların peşə təhsili səviyyələri üzrə peşə təhsili müəssisələrində dövlət hesabına yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

1.8. Peşə təhsili müəssisələrinə qəbul ixtisas və təhsil müəssisəsinin sərbəst seçimi əsasında müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqədə iştirak ödənişsizdir.

1.9. Peşə təhsili müəssisələrinə qəbulun vaxtı və yeri hər il Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən edilir və kütləvi informasiya vasitələrində yerləşdirilir.

1.10. Peşə təhsili müəssisələrinə qəbul Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

1.11. Əlilliyi olan şəxslər, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar peşə təhsili müəssisələrinə müsabiqədənkənar qəbul edilirlər.

1.12. Cəzaçəkmə müəssisələrinin nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinə qəbul seçilmiş ixtisaslar üzrə məhkumların ərizələri və cəzaçəkmə müəssisəsinin göndərişləri əsasında peşə təhsili müəssisələrinin tərəfindən həyata keçirilir.

1.13. Xüsusi peşə təhsili müəssisələrinə qəbul məhkəmənin qərarı əsasında yerli icra hakimiyyəti orqanlarının yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın göndərişlərinə müvafiq olaraq peşə təhsili müəssisələri tərəfindən həyata keçirilir.

1.14. Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) peşə təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak etmirlər.

1.15. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin peşə təhsili müəssisələrinə qəbulu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na əsasən həyata keçirilir.

1.16. Sağlamlıq imkanları məhdud şəxslərin peşə təhsili müəssisələrinə qəbulu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 aprel tarixli 72 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sağlamlıq imkanları məhdud şəxslərin peşə təhsili müəssisələrinə qəbulu Qaydası”na uyğun olaraq aparılır. [2]

 

2. Sənəd qəbulu

 

2.1. Peşə təhsili müəssisələrinə qəbul üzrə müsabiqədə iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin Elektron sənəd qəbulu altsistemində (bundan sonra – elektron sistem) “Elektron ərizə”ni dolduraraq, təsdiq edilməsi üçün şəxsiyyət vəsiqəsi və attestatının surətini müvafiq qaydada əlavə edirlər. [3]

2.2. Əlilliyi olan şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron sistemində bu Qaydanın 2.1-ci bəndində göstərilən sənədlərlə yanaşı, əlilliyini təsdiq edən sənədin surətini həmin ərizəyə əlavə etməlidirlər.

2.3. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron sistemində bu Qaydanın 2.1-ci bəndində göstərilən sənədlərlə yanaşı, valideynlərini itirməsini və valideyn himayəsindən məhrum olmasını təsdiq edən sənədin surətlərini həmin ərizəyə əlavə etməlidirlər. [4]

 

3. İxtisas seçimi

 

3.1. Peşə təhsili müəssisəsinə ixtisas seçimi sənəd qəbulu zamanı həyata keçirilir.

3.2. Ərizəçilər sərbəst seçim əsasında müvafiq peşə təhsili səviyyəsini, peşə təhsili müəssisələrini və ixtisasları müəyyən edir və istədikləri ardıcıllıqla seçirlər.

3.3. Peşə təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd vermiş şəxslər maksimum 5 (beş) ixtisas seçmək hüququna malikdirlər.

 

4. Müsabiqənin keçirilməsi

 

4.1. Peşə təhsili müəssisələrinə ilk peşə təhsili və texniki peşə təhsili səviyyələri üzrə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır.

4.2. Peşə təhsili müəssisələrinə yüksək texniki peşə təhsili səviyyəsi üzrə tələbə qəbulu ümumi orta və tam orta təhsil səviyyələri üzrə məzunların buraxılış imtahanında və ya Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən orta ixtisas təhsili müəssisələrinə ümumi orta və tam orta təhsil bazasında qəbul imtahanında iştirak etmiş ərizəçilərin isə həmin imtahanda əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

4.3. Attestatında qiymətlərinin orta balı, buraxılış və ya qəbul imtahanında əldə etdikləri nəticələr eyni olan iki və daha çox ərizəçini bir-birindən fərqləndirmək məqsədi ilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə qiymətləndirmə göstəricilərindən istifadə edilir:

4.3.1. ixtisas seçimi zamanı seçdiyi peşə təhsili müəssisəsinin və ixtisasın qeyd olunmuş ardıcıllığı;

4.3.2. buraxılış və ya qəbul imtahanında əldə etdiyi nəticələr eyni olan ərizəçilərə münasibətdə attestatına müvafiq fənlər üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

4.3.3. seçdiyi ixtisasdan asılı olaraq, ixtisasa uyğun müvafiq fənn (və ya fənlərin) qiyməti;

4.3.4. ixtisas üzrə iş stajı;

4.3.5. işəgötürənin göndərişi.

4.4. Peşə təhsili müəssisələrinə tələbə qəbulu zamanı müsabiqədə iştirak edən şəxslərin yerləşdirilməsi onların seçdikləri ixtisasların ardıcıllığına və təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, peşə təhsili müəssisəsinə müsabiqədənkənar daxil olmuş tələbələrin sayı nəzərə alınmaqla həyata keçirilir.

4.5. Müsabiqədə iştirak edən şəxs tərəfindən saxta və ya başqasına aid sənədlərin təqdim edilməsi halı aşkar edildikdə, onun müsabiqə nəticələri ləğv edilir.

4.6. Müsabiqənin nəticələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi internet səhifəsində və kütləvi informasiya vasitələrində yerləşdirilir. Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerlər üzrə müsabiqədə iştirak etmiş şəxslər tərəfindən bu Qaydaya uyğun olaraq yenidən ixtisas seçimi aparılır və həmin yerlərə qəbul həyata keçirilir.

4.7. Müsabiqənin nəticələri barədə məlumat müsabiqədə iştirak edən şəxslərin elektron şəxsi kabinetində yerləşdirilir və ərizəsində göstərdiyi elektron poçt ünvanına və ya telefonuna bu barədə mesaj göndərilir.

 

5. Yekun müddəalar

 

5.1. Peşə təhsili müəssisəsinə qəbul olmuş şəxs aşağıda qeyd olunan sənədləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müsabiqənin nəticələri rəsmi elan edildikdən sonra 10 (on) gün müddətində qəbul olunduğu peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir:

5.1.1. attestatın əsli;

5.1.2. sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;

5.1.3. şəxsiyyət vəsiqəsinin surəti;

5.1.4. 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil;

5.1.5. hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;

5.1.6. güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.

5.2. Qəbul olmuş şəxsin qeyd olunan müddətdə qəbul olunduğu peşə təhsili müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

5.3. Qəbul və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Apelyasiya Komissiyası yaradılır.

5.4. Müsabiqədə iştirak etmiş şəxs Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə, şəxsən müraciət etməlidir.

5.5. Müsabiqədə iştirak etmiş şəxs Apelyasiya Komissiyasının qərarından narazı qaldıqda, müsabiqənin nəticəsi ilə bağlı inzibati qaydada və ya məhkəməyə şikayət verə bilər.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       10 sentyabr 2019-cu il tarixli 404 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 sentyabr 2019-cu il, № 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1558)

  1. 30 dekabr 2019-cu il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 2099)
  2. 5 mart 2021-ci il tarixli 59 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 278)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 5 mart 2021-ci il tarixli 59 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 278) ilə “Peşə təhsili müəssisələrinə qəbul Qaydası”nın 1.2-ci bəndində hər iki halda “məşğulluq orqanlarının” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarının və “DOST” mərkəzlərinin” sözləri ilə əvəz edilmişdir.

 

[2] 10 sentyabr 2019-cu il tarixli 404 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 sentyabr 2019-cu il, № 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1558) ilə “Peşə təhsili müəssisələrinə qəbul Qaydası”nın 1.16-cı bəndində “olan şəxslərin peşə-ixtisas” sözləri “şəxslərin peşə” sözləri ilə əvəz edilmişdir.

 

[3] 30 dekabr 2019-cu il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 2099) ilə “Peşə təhsili müəssisələrinə qəbul Qaydası”nın 2.1-ci bəndində “Milli Təhsil Məlumat Bazasının” sözləri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin sözləri ilə, “sistemində” sözü isə “altsistemində (bundan sonra – elektron sistem)” sözləri ilə əvəz edilmişdir.

 

[4] 30 dekabr 2019-cu il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 2099) ilə “Peşə təhsili müəssisələrinə qəbul Qaydası”nın 2.2-ci və 2.3-cü bəndlərində “elektron sənəd qəbulu sistemində” sözləri “elektron sistemində” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status