AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
09.04.2019
QEYDİYYAT NÖMRƏSİ
613
ADI
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2019, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 613)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.04.2019
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 205 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 205 nömrəli Fərmanının 4.7-ci bəndinə uyğun olaraq Agentliyin balansına verilən dövlət əmlakının qiymətləndirilərək Agentliyin nizamnamə fondunda nəzərə alınması üçün müvafiq təkliflərini Agentlik dövlət qeydiyyatına alındığı gündən iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi:

3.1. Agentliyin dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin;

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanla təsdiq edilmiş Nizamnamənin 5.1-ci bəndində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 9 aprel 2019-cu il

                  № 613

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2019-cu il 9 aprel tarixli 613 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin

 

NİZAMNAMƏSİ

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi (bundan sonra - Agentlik) “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə (bundan sonra - müvafiq sahə) xidmətlər göstərən publik hüquqi şəxsdir. Agentlik müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, tənzimləməni və nəzarəti həyata keçirir.

1.2. Agentlik Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində fəaliyyət göstərir.

1.3. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

1.4. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.6. Agentliyin müstəqil balansı, əmlakı, bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.7. Qanuna uyğun olaraq, Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Agentlik məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.5. Agentlik Bakı şəhərində yerləşir.

 

2. AGENTLİYİN FƏALİYYƏTİNİN MƏQSƏDİ VƏ FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

 

2.1. Agentliyin fəaliyyətinin məqsədi yerin təkindən səmərəli, təhlükəsiz və aşkarlıq şəraitində istifadəni təmin etmək, mineral xammal bazasını genişləndirmək və möhkəmləndirməkdir.

2.2. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.2.1. yerin təkinin geoloji öyrənilməsinə, istifadəsi və mühafizəsinə nəzarət, mineral xammal ehtiyatlarından səmərəli istifadə edilməsi sahəsində dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;

2.2.2. yerin təkindən istifadə sahəsində tənzimləməni və qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək;

2.2.3. mineral xammal sahəsinin inkişafını təmin etmək;

2.2.4. bu Nizamnamədə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.

 

3. AGENTLİYİN VƏZİFƏLƏRİ VƏ HÜQUQLARI

 

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır:

3.1.1. yerin təkində kəşf edilmiş faydalı qazıntı ehtiyatlarını və yer təkinin xüsusiyyətlərini qiymətləndirən geoloji informasiyanı ekspertizadan keçirmək;

3.1.2. geoloji öyrənilmə məqsədilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunu vermək;

3.1.3. yer təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədilə “dağ-mədən ayırması” statusunu vermək;

3.1.4. yerin təkindən səmərəli istifadəyə, onun mühafizəsinə və geoloji öyrənilməsinə nəzarəti həyata keçirmək;

3.1.5. yerin təkindən səmərəli, kompleks istifadənin təmin edilməsi, mineral xammal bazasının genişləndirilməsi və möhkəmləndirilməsi istiqamətində tədbirlər görmək;

3.1.6. yerin təki “Lisenziyalar və icazələr haqqında” və “Yerin təki haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada istifadəyə verilərkən, dağ-mədən ayırmasının ilkin hüdudlarını müəyyənləşdirmək;

3.1.7. faydalı qazıntı növlərinin istehsal həcmini müəyyənləşdirmək;

3.1.8. ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının yerləşdiyi dövlət torpaqlarının icarəyə verilməsinə rəy vermək;

3.1.9. hər il müsabiqə və hərraca çıxarılması nəzərdə tutulan yer təki sahələrinin siyahısını hazırlamaq, Nazirliyin rəsmi internet saytında yerləşdirmək, müsabiqə və hərracları keçirmək, “Lisenziyalar və icazələr haqqında” və “Yerin təki haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada yer təkinin istifadəyə verilməsində azad rəqabət mühitini təmin etmək;

3.1.10. yer təki sahələrini birbaşa danışıqlar əsasında “Lisenziyalar və icazələr haqqında” və “Yerin təki haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada istifadəyə vermək; [1]

3.1.11. yer təkinin istifadəsinə və yerin təkindən özbaşına istifadəyə yol verilməməsinə nəzarət etmək;

3.1.12. faydalı qazıntı ehtiyatlarının qiymətləndirilməsi işlərinin və ya faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün istifadəyə verilən yer təki sahəsinin xüsusiyyətlərini təyin edəcək qabaqlayıcı geoloji və geo-ekoloji işlər aparılmasına nəzarət etmək;

3.1.13. fəaliyyət istiqamətlərinə uyğun olaraq, ölkədə faydalı qazıntıların çıxarılması ilə məşğul olan, bu sahədə fəaliyyət göstərən və fəaliyyəti dayandırılmış fiziki və hüquqi şəxslərin, faydalı qazıntıların çıxarılması üçün istifadə edilən yer təki sahələrinin dəqiq uçotunu, görülən işlərin qanunvericiliyin tələblərinə uyğunluğunu müəyyən etmək;

3.1.14. faydalı qazıntı ehtiyatlarının, eləcə də faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün istifadə edilən yer təki sahələrinin ekspertizasını və uçotunu aparmaq;

3.1.15. faydalı qazıntılar çıxarılarkən təbii ehtiyatlardan kompleks istifadə tələblərinə, o cümlədən faydalı qazıntıların və yanakı komponentlərin yerin təkindən daha dolğun çıxarılmasına nəzarət etmək;

3.1.16. faydalı qazıntı yataqlarının işlənilməsi zamanı yerin təkindən çıxarılan və yerin təkində saxlanılan faydalı qazıntıların və yanakı komponentlərin uçotuna nəzarət etmək;

3.1.17. çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində sənaye və məişət tullantılarının yığılmasının qarşısını almaq üçün aidiyyəti üzrə məsələ qaldırmaq, habelə yeraltı içməli suların minerallaşmış və ya kondisiyaya uyğun gəlməyən sularla qarışması təhlükəsi olan sahələrdə yeraltı içməli suların rejiminə nəzarət etmək;

3.1.18. yerin təkindən istifadədən sonra torpaqların rekultivasiyası qaydalarına əməl edilməsinə nəzarət etmək;

3.1.19. yerin təkindən istifadədə və onun mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmadıqda, yataqayırma hüdudundan kənara çıxılmaqla faydalı qazıntılar çıxarıldıqda bu sahədə fəaliyyət göstərən müəssisə və obyektlərin fəaliyyətini dayandırmaq, habelə “Lisenziyalar və icazələr haqqında” və “Yerin təki haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada yerin təkindən istifadə üçün verilmiş hüququ dayandırmaq və ya ləğv etmək;

3.1.20. mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, yer təkinin bütün istifadəçilərinin yer təkindən istifadəyə dair müəyyən edilmiş qaydalara, qanunvericiliyin tələblərinə, standartlara, normalara əməl etmələrinə nəzarət etmək;

3.1.21.faydalı qazıntı yataqlarının işlənilməsi ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı üçün yararlı yer təki sahələri haqqında geoloji informasiyanın ekspertizasını keçirmək;

3.1.22. geoloji kəşfiyyat işlərinin bütün növlərinin ekspertizasını təşkil etmək və layihə-smeta sənədlərini təsdiq etmək;

3.1.23. sənaye əhəmiyyətini itirmiş, yaxud sonrakı istismar-kəşfiyyat işləri və ya yataqların işlənilməsi zamanı təsdiq edilmiş faydalı qazıntıların balans ehtiyatlarını hasilat müəssisələrinin uçotundan silmək barədə təkliflərə baxmaq və müvafiq qərar qəbul etmək;

3.1.24. Azərbaycan Respublikasının mineral xammal bazasının inkişafı üçün investisiyalar cəlb etmək;

3.1.25. yerin təkindən istifadə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görmək, faydalı qazıntı yataqlarının işlənilməsi, dağ-mədən sənayesinin istehsalat tullantılarından istifadədə müəyyən edilmiş normalara və qaydalara, habelə faydalı qazıntı karxanalarının rekultivasiyasına və keyfiyyətinə, onların istifadəçilərə verilməsi müddətinə nəzarət etmək;

3.1.26. yer təkindən istifadə və onun mühafizəsi sahəsində qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.27. beynəlxalq müqavilələrlə tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

3.1.28. müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək;

3.1.29. dövlət orqanları və qurumlarının, yerli özünüidarətmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;

3.1.30. müvafiq sahədə elektron xidmətləri “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;

3.1.31. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.32. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Agentlik əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

3.1.33. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və daim yenilənməsini təmin etmək;

3.1.34. Agentliyə ayrılan kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasım təmin etmək;

3.1.35. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.36. Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.37. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.38. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.39. yerin təkindən istifadə və onun mühafizəsi, mineral xammal ehtiyatlarının səmərəli işlənməsi sahəsində peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;

3.1.40. yer təki istifadəçilərinin yerin təkindən istifadə müddətlərinə əməl etmələrinə nəzarət olunmasına imkan verən elektron qeydiyyat və nəzarət sistemi yaratmaq, bu sistemdə qanuni əsaslarla istifadəyə və icarəyə verilmiş faydalı qazıntılar yerləşən torpaqlar, onların istifadəçiləri və icarəçiləri barədə məlumatların əks olunmasını, həmin sistemin torpaqların elektron kadastr uçotu informasiya sisteminə inteqrasiyasını təmin etmək;

3.1.41. yerin təki haqqında qanunvericiliyin tələbləri və onlara əməl olunması sahəsində mütəmadi maarifləndirmə və təbliğat işləri aparmaq;

3.1.42. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır:

3.2.1. yer təkindən istifadə və onun mühafizəsi sahəsində normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təkliflər vermək;

3.2.2. yer təkindən istifadə və onun mühafizəsi sahəsində beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;

3.2.3. yerin təkindən istifadə və onun mühafizəsi, mineral xammal ehtiyatlarının səmərəli işlənməsi qaydalarının müəyyənləşdirilməsinə dair təkliflər vermək;

3.2.4. ümumi yayılmış faydalı qazıntıların siyahısının müəyyənləşdirilməsi üçün təkliflər vermək;

3.2.5. faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı metodikasının, geoloji kəşfiyyat texnikasının və texnologiyasının təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;

3.2.6. yer təkinin öyrənilməsində elmi-təcrübi əhəmiyyəti olan kern və nümunələrin saxlanılması və qorunması qaydasının müəyyənləşdirilməsinə dair təkliflər vermək;

3.2.7. mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəssisə və təşkilatlardan yerin təkindən istifadə haqqında Nazirliyin müəyyən etdiyi hesabat formaları üzrə məlumatları, habelə mədən vergisi ödəyicilərindən faydalı qazıntıların hasil edilmiş həcmi haqqında ildə bir dəfə hesabat balansı almaq;

3.2.8. yerin təkindən istifadə edilərkən, habelə neft, qaz və başqa maddələr, materiallar yer altında saxlanılarkən, zərərli maddələr və istehsal tullantıları basdırılarkən, çirkli sular axıdılarkən yer təkinin, faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə və yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda, faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə istehsalat və məişət tullantılarının basdırılmasının qarşısının alınması üçün aidiyyəti üzrə müraciət etmək;

3.2.9. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici ölkələrin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, onların müvafiq təcrübəsini öyrənmək;

3.2.10. yer təkindən istifadə və onun mühafizəsi sahəsində qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə yoxlamalar aparmaq, icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn digər tədbirlər görmək;

3.2.11. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

3.2.12. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə səlahiyyətlərinə aid zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.13. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

3.2.14. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

3.2.15. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.16. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.17. təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

3.2.18. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

3.2.19. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

4. AGENTLİYİN İDARƏ OLUNMASI

 

4.1. Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Agentliyin idarəetmə orqanı İdarə Heyətidir.

4.3. Agentliyin İdarə Heyəti (bundan sonra - İdarə Heyəti) Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi üç nəfərdən - Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədrin iki müavinindən ibarətdir.

4.4. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.

4.5. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:

4.5.1. Agentliyin fəaliyyətini təşkil etmək;

4.5.2. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Nazirliyə təkliflər vermək və sənədlər (o cümlədən Agentliyin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;

4.5.3. Agentliyin strateji məqsəd və planlarını müəyyən etmək, inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Nazirliyə təkliflər vermək;

4.5.4. Agentliyin maliyyə planlaşdırmasını və büdcəsini Nazirliklə razılaşdırmaqla təsdiq etmək;

4.5.5. Agentliyin fəaliyyətinə nəzarət etmək;

4.5.6. Agentliyin strateji məqsəd və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;

4.5.7. Agentliyin əməkhaqqı fondunun və işçilərinin say həddinin təsdiq edilməsi üçün Nazirliyə təkliflər təqdim etmək, Agentliyin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;

4.5.8. Nazirliyin razılığı ilə Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Agentliyin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;

4.5.9. Agentliyin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;

4.5.10. Agentliyin fəaliyyətinə dair illik hesabatı dinləmək;

4.5.11. Agentliyin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;

4.5.12. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

4.5.13. Nazirliyin razılığı ilə Agentliyin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.5.14. aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.5.15. yerin təkindən istifadəyə görə ödəmə sisteminə dair Nazirliyə təkliflər vermək;

4.5.16. Agentlikdə daxili audit bölməsi yaratmaq, həmin bölmənin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

4.5.17. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.5.18. cari və operativ məsələlər barədə Nazirliyə məlumat vermək;

4.5.19. bu Nizamnamənin 3.1.34-cü yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasım təmin etmək;

4.5.20. bu Nizamnamənin 3.1.26-cı və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;

4.5.21. İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.

4.6. İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul edilir. İdarə Heyətinin iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün) səsi həlledicidir.

4.7. İdarə Heyətinin üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.

4.8. İdarə Heyətinin sədri:

4.8.1. Agentliyin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

4.8.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclasların gündəliyini müəyyənləşdirir və iclaslara sədrlik edir;

4.8.3. öz təşəbbüsü ilə və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

4.8.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

4.8.5. Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan sərəncam və əmrlər verir;

4.8.6. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.8.7. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.8.8. Nazirliyin müəyyən etdiyi struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının və digər struktur bölmələrinin ştat cədvəlini, habelə xərclər smetasını təsdiq edir;

4.8.9. əməkhaqqı fondu çərçivəsində Agentliyin işçilərinin əməkhaqlarını müəyyən edir, vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini təşkil edir;

4.8.10. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsinə, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə dair qərarlar qəbul edir;

4.8.11. Agentliyin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.8.12. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Agentliyin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.8.13. Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı komissiyalar və işçi qruplar yaradır;

4.8.14. Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.8.15. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.8.16. Agentlikdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.

4.9. İdarə Heyətinin üzvləri:

4.9.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

4.9.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.9.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

4.9.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;

4.9.5. İdarə Heyətinin qərarları, iclas protokolları və digər sənədlərlə tanış olurlar.

4.10. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adma xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

 

5. AGENTLİYİN NİZAMNAMƏ FONDU, ƏMLAKI VƏ MALİYYƏ FƏALİYYƏTİNİN ƏSASLARI

 

5.1. Agentliyin ilkin nizamnamə fondu 100.000 (yüz min) manatdır. [2]

5.2. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun vəsaitindən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

5.3. Agentlik öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Agentlik qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Agentliyin, onun idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

5.5. Agentliyin məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir.

 

6. AGENTLİYİN FƏALİYYƏTİNƏ NƏZARƏTİN FORMASI VƏ ƏHATƏ DAİRƏSİ

 

6.1. Agentliyin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, təsisçinin səlahiyyətləri çərçivəsində Nazirlik, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirirlər.

6.2. Agentliyin fəaliyyətinə dair illik hesabat Nazirliyə təqdim edilir.

 

7. AGENTLİKDƏ UÇOT VƏ HESABAT

 

7.1. Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

7.3. Agentlik idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir. Kənar auditorun rəyi rəsmi internet səhifəsində dərc edilir.

 

8. AGENTLİYİN LƏĞVİ VƏ YENİDƏN TƏŞKİLİ

 

Agentliyin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       30 iyul 2020-ci il tarixli 1118 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 898)

2.       13 iyul 2021-ci il tarixli 1395 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 iyul 2021-ci il, № 145, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 729)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 13 iyul 2021-ci il tarixli 1395 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 iyul 2021-ci il, № 145, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 729) ilə “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Nizamnaməsi”nin 3.1.6-cı, 3.1.9-cu və 3.1.10-cu yarımbəndlərində “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu” sözləri “Lisenziyalar və icazələr haqqında” və “Yerin təki haqqında” Azərbaycan Respublikasının qanunları” sözləri ilə əvəz edilmişdir.

 

[2] 30 iyul 2020-ci il tarixli 1118 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 898) ilə “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Nizamnaməsi”nin 5.1-ci bəndindən “ilkin” sözü çıxarılmışdır.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status