AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
25.07.2019
QEYDİYYAT NÖMRƏSİ
327
ADI
“İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası”nın təsdiq edilməsi və “İşsizlərin qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 14 nömrəli Qərarının ləğv edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 30-07-2019, Nəşr Nömrəsi: 164), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2019, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 1349)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.07.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
060.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201907250327
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.07.2019
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası”nın təsdiq edilməsi və “İşsizlərin qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 14 nömrəli Qərarının ləğv edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “İşsizlərin qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 14 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 92; 2006, № 9, maddə 830; 2011, № 5, maddə 449; 2017, № 4, maddə 620) ləğv edilsin.

3. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 25 iyul 2019-cu il

     № 327

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2019-cu il 25 iyul tarixli 327 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.1-ci maddəsinə əsasən hazırlanmışdır və işaxtaran və işsiz şəxslərin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin müvafiq yerli qurumlarında və “DOST” mərkəzlərində (bundan sonra – Mərkəz) qeydiyyata alınması qaydasını müəyyən edir. [1]

1.2. Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Əmək Məcəlləsi, “Məşğulluq haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

 

2. İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması

 

2.1. 15 yaşı tamam olmuş hər bir şəxs işaxtaran kimi qeydiyyata alınmaq üçün “Elektron hökumət” və ya “e-sosial” portallarının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə, Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (bundan sonra – MEİS) “Məşğulluq” altsistemində (bundan sonra – MAS) forması Qanunun 5.3-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş “Müraciət-Ərizə”ni dolduraraq təsdiq etməlidir.

2.2. Müraciət MAS tərəfindən qəbul edildikdən sonra həmin şəxs işaxtaran kimi qeydiyyata alınır və bu barədə məlumat MAS tərəfindən işaxtaranın elektron kabinetində yerləşdirilir və mobil nömrəsinə göndərilir.

2.3. MAS-da işaxtaran kimi qeydiyyata alınmış, işi və qazancı olmayan əmək qabiliyyətli şəxsə Mərkəz tərəfindən 5 (beş) iş günü müddətində münasib iş təklifi edilmədiyi və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, habelə bu Qaydanın 4.3-cü bəndinə uyğun olaraq təqdim edilmiş göndərişə münasibətdə işəgötürənin hərəkətsizliyi halında həmin şəxsin işsiz kimi qeydiyyata alınması barədə qərar qəbul olunur və bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq tərtib edilmiş fərdi məşğulluq vərəqində müvafiq qeydlər aparılmaqla, onun şəxsi kabinetinə yerləşdirilir.

2.4. İşsiz kimi qeydiyyata alınmazdan əvvəl işaxtaranın Qanunun 4-cü maddəsinə uyğun olaraq məşğul şəxslərin dairəsinə aid olmaması məşğul şəxslərin reyestrində MAS tərəfindən yoxlanılır. İşaxtaranın məşğul şəxs olduğu müəyyən edildikdə, onun işsiz şəxs kimi qeydiyyata alınmasına yol verilmir və bu barədə məlumat səbəbi göstərilməklə, onun şəxsi kabinetində yerləşdirilir.

2.5. İşsiz kimi qeydiyyata alınan şəxsə münasib iş təklifi bu Qaydanın 4-cü hissəsinə uyğun olaraq həyata keçirilir.

 

3. Fərdi məşğulluq vərəqinin məzmunu və ondan istifadə edilməsi

 

3.1. Qanunun 5.4-cü maddəsinə əsasən şəxs işaxtaran kimi qeydiyyata alındığı zaman MAS-a daxil etdiyi və MEİS-dən əldə edilən məlumatlar əsasında avtomatlaşdırılmış qaydada fərdi məşğulluq vərəqi tərtib edilir. [2]

3.2. Şəxsin bu Qaydaya uyğun olaraq işaxtaran və işsiz şəxs kimi qeydiyyata alınması zamanı elektron informasiya resurslarından əldə edilməsi mümkün olmayan fərdi məlumatları daxil etməsi üçün imkan yaradılır.

3.3. Fərdi məşğulluq vərəqində işaxtaran və işsiz şəxslə bağlı aşağıdakı məlumatlar yerləşdirilir:

3.3.1. fərdi məlumatlar, o cümlədən:

3.3.1.1. təhsili və peşəsi (ixtisası);

3.3.1.2. məşğulluq tarixçəsi (olduğu təqdirdə);

3.3.2. təklif olunan münasib iş və aktiv məşğulluq tədbirləri, onların icra vəziyyəti.

3.4. Qanunun 5.6-cı maddəsinə uyğun olaraq işaxtaran və işsiz şəxslərin MAS-da real vaxt rejimində fərdi məşğulluq vərəqindən çıxarış əldə etmək hüququ vardır.

3.5. Qanunun 5.7-ci maddəsinə uyğun olaraq işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslərin ixtisası, peşəsi, sağlamlıq imkanlarının məhdudluğu və yaşayış ünvanı üzrə məlumatlar dəyişdiyi halda, onlar şəxsi kabinetlərindən istifadə etməklə, MEİS-də həmin məlumatları yeniləməlidirlər.

3.6. İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər Qanunda nəzərdə tutulmuş aktiv məşğulluq tədbirinə cəlb edildiyi zaman bu barədə məlumatlar Mərkəz tərəfindən fərdi məşğulluq vərəqinə daxil edilir və MEİS tərəfindən avtomatik yoxlanılaraq yenilənir. [3]

3.7. İşaxtaran və işsiz şəxsin qeydiyyatı ləğv edildikdə, fərdi məşğulluq vərəqi MAS-da deaktiv edilir və təkrar qeydiyyat zamanı aktivləşdirilərək, müvafiq qeydlərin aparılması davam etdirilir.

 

4. Münasib iş təklifi

 

4.1. Qanunun 5.5-ci maddəsinə uyğun olaraq şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 (beş) iş günü müddətində Mərkəz vakansiya bankından münasib iş təklifini seçərək, işaxtaranın şəxsi kabinetində yerləşdirir.

4.2. İşaxtaran münasib iş təklifini qəbul edib-etmədiyi barədə məlumatı MAS-a daxil edərək təsdiqləməlidir. Münasib işdən imtina etdiyi halda, işaxtaran həmin iş təklifini qəbul etməməsi səbəblərini göstərməlidir. Qanunun 6.1-ci, 6.4-cü və 6.5-ci maddələrinə uyğun olaraq səbəblər Mərkəz tərəfindən əsaslı hesab edildikdə, işaxtarana yeni münasib iş təklif edilir. Əks halda, bu hal münasib işdən imtina hesab edilir. İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslərə mərkəz tərəfindən eyni münasib işin təkrar təklif edilməsinə yol verilmir.

4.3. İşaxtaran tərəfindən qəbul edilmiş münasib iş təklifi əsasında Mərkəzin səlahiyyətli şəxsi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş vakansiyaya göndəriş və işaxtaranın fərdi məşğulluq vərəqindən çıxarış MAS tərəfindən elektron qaydada işəgötürənə göndərilir və işaxtaranın şəxsi kabinetində yerləşdirilir.

4.4. Göndəriş təqdim edildiyi gündən ən geci 5 (beş) iş günü müddətində işəgötürən boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarını qəbul edərək, bu barədə məlumatı MAS-a daxil etməlidir.

4.5. İşəgötürən Mərkəzin bu Qaydanın 4.3-cü bəndinə uyğun olaraq təqdim etdiyi göndərişə əsasən işaxtaranın vakansiya üzrə işə qəbulundan imtina etməsi və ya vakansiyaya uyğun işlə təmin etməsi ilə bağlı qərarı barədə göndərişdə müvafiq qeydlər aparır və bu barədə məlumatı MAS-a daxil edərək, gücləndirilmiş elektron imzası ilə təsdiqləyir.

4.6. İşaxtaranın işə qəbulu onunla əmək müqaviləsinin bağlanılmasına dair bildirişin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə uyğun olaraq MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində qeydiyyata alınması ilə, siyahısı “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş dövlət orqanlarında isə əmək müqaviləsi kağız üzərində yazılı formada bağlanıldıqda təsdiqlənir.

 

5. İşaxtaran və işsiz şəxslərin qeydiyyatdan müvəqqəti çıxarılması, qeydiyyatının ləğv edilməsi və qeydiyyata alınmasından imtina edilməsi

 

5.1. Qanunun 5.8-5.12-ci maddələri ilə müəyyən edilmiş hallar MEİS tərəfindən aşkar edildiyi halda, işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslərin müvafiq olaraq qeydiyyatdan müvəqqəti çıxarılması, qeydiyyatının ləğv edilməsi və qeydiyyata alınmasından imtina edilməsi barədə Mərkəz tərəfindən qərar qəbul olunur.

5.2. İşsiz kimi qeydiyyata alınmayan və ya Qanunun 5.11.4-cü maddəsinə əsasən işsiz kimi qeydiyyatı ləğv olunan şəxs işaxtaran kimi qeydiyyatda saxlanılır və işsiz kimi qeydiyyata alınmaq üçün 1 (bir) aydan sonra təkrar müraciət etmək hüququna malikdir.

5.3. Qanunun 5.14-cü maddəsinə əsasən işaxtaran kimi qeydiyyatı ləğv edilmiş şəxs həmin hal aradan qaldırıldıqdan sonra işaxtaran kimi qeydiyyata alınmaq üçün təkrar müraciət etmək hüququna malikdir.

5.4. Qanunun 5.8-ci və 5.10-cu maddələrinə əsasən işaxtaran və ya işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılmış şəxslərin təkrar qeydiyyatı onların elektron müraciəti əsasında həmin maddələrdə nəzərdə tutulan müddətlər bitdiyi halda, müraciət edildiyi gündən sonrakı ayın 1-dən bərpa edilir. [4]


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       5 iyun 2021-ci il tarixli 160 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 iyun 2021-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, IV kitab, maddə 666)

2.       17 iyul 2021-ci il tarixli 211 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2021-ci il, № 149, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 873)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 5 iyun 2021-ci il tarixli 160 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 iyun 2021-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, IV kitab, maddə 666) ilə “İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası”nın 1.1-ci bəndində “Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanlarında” sözləri “Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin müvafiq yerli qurumlarında” sözləri ilə əvəz edilmişdir.

 

[2] 17 iyul 2021-ci il tarixli 211 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2021-ci il, № 149, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 873) ilə “İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası”nın 3.1-ci bənddə elektron sözü avtomatlaşdırılmış sözü ilə əvəz edilmişdir.

 

[3] 17 iyul 2021-ci il tarixli 211 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2021-ci il, № 149, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 873) ilə “İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası”nın 3.6-cı bənddən Mərkəz tərəfindən fərdi məşğulluq vərəqinə daxil edilir və sözləri çıxarılmışdır.

 

[4] 17 iyul 2021-ci il tarixli 211 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2021-ci il, № 149, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 873) ilə “İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası”na yeni məzmunda 5.4-cü bənd əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status