AKTIN NÖVÜ
Vergilər Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
20.08.2019
QEYDİYYAT NÖMRƏSİ
1917050000012100
ADI
“Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
05.09.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.030.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201908202100
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
04.09.2019
“Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması Qaydası”nın təsdiq edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASININ VERGİLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

20.08.2019

Qeydiyyat nömrəsi

1917050000012100

Adı

“Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması Qaydası”nın təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

05.09.2019

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.030.010

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201908202100

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

04.09.2019

 

 

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 3.1.6-cı yarımbəndinin icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 17-ci hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyası

 

QƏRARA ALIR

 

1. “Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 22 aprel tarixli 1917050000005500 nömrəli Qərarı ləğv edilsin.

3. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Aparatının Hüquq baş idarəsinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

4. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Aparatının Media və kommunikasiya idarəsinə tapşırılsın ki, bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində dərc edildikdən sonra bu Qərarla təsdiq edilmiş “Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması Qaydası”nın Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.

5. Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Nazir,

2-ci dərəcəli dövlət vergi xidməti müşaviri

Mikayıl Cabbarov

 


 

 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 20 avqust tarixli 1917050000012100 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması Qaydası

 

1. Ümumi müddəalar

 

1.1. “Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması Qaydası” (bundan sonra - Qayda) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra Vergi Məcəlləsi) 34.3-1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və təsərrüfat subyektinə (obyektinə) malik olan vergi ödəyicilərinin yenidən uçota alınması qaydalarını müəyyən edir.

1.2. Bu Qaydanın müddəaları ən azı bir təsərrüfat subyekti (obyekti) olan vergi ödəyicilərinə şamil edilir. Bu Qaydanın müddəaları mərkəzləşdirilmiş qaydada uçota alınan vergi ödəyicilərinə şamil edilmir.

1.3. Bu Qaydanın 3.1-ci bəndinə uyğun olaraq bir təsərrüfat subyektinə (obyektinə) malik olan vergi ödəyicilərinin yenidən uçota alınması təsərrüfat subyekti (obyekti) uçota alındığı aydan sonrakı ayın 10-dək həyata keçirilir və bu barədə məlumatlar vergi ödəyiciləri yenidən uçota alındığı rübdən sonrakı ayın 20-dək cari ilin dövlət büdcəsinin gəlirlərinin təhlili və növbəti ilin dövlət büdcəsi layihəsinin tərtibi zamanı nəzərə alınması məqsədilə Maliyyə Nazirliyinə təqdim edilir.

1.4. Bu Qaydanın 4.2-ci və 4.4-cü bəndlərinə uyğun olaraq iki və daha çox təsərrüfat subyektinə (obyektinə) malik olan vergi ödəyicilərinin yenidən uçota alınması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) təhlil və uçota nəzarət strukturunun iyun ayının 5-dək verdiyi rəy əsasında həmin struktur tərəfindən vergi ilindən sonrakı ilin yanvar ayında həyata keçirilir. Verilmiş rəydə qeyd edilən vergi ödəyiciləri barədə məlumatlar Maliyyə Nazirliyi ilə razılaşdırılmış formada rəyin alındığı ilin iyun ayının 15-dək növbəti ilin dövlət büdcəsi layihəsinin tərtibi zamanı nəzərə alınması məqsədilə Maliyyə Nazirliyinə təqdim edilir. [1]

1.5. Bu Qaydanın 1.3-cü və 1.4-cü bəndlərinə uyğun olaraq vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması həyata keçirildiyi ayda vergi ödəyicilərinin iş qovluğu hazırlanaraq yeni uçot yeri üzrə vergi orqanına göndərilir. Uçot yerinin dəyişdirilməsi ilə bağlı vergi ödəyicisinin elektron kabinetinə bu Qaydaya əlavə olunmuş formada “Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınma barədə Bildiriş” (Əlavə olunur) göndərilir.

 

2. Əsas anlayışlar

 

2.0. Bu Qaydanın məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur:

2.0.1. İqtisadi maraqlar mərkəzi – vergi ödəyicisinin əsas nəzarət orqanlarının yerləşdiyi yerdən asılı olmayaraq, digər təsərrüfat subyektləri (obyektləri), o cümlədən istehsal sahələri ilə müqayisədə vergi ödəyicisinin fəaliyyəti üzrə gəlirlərinin formalaşmasında daha çox iştirak edən təsərrüfat subyektinin (obyektinin), o cümlədən istehsal sahəsinin yerləşdiyi yer;

2.0.2. Vergi orqanı – vergi ödəyicilərinin uçota alınmasını həyata keçirən qurum;

2.0.3. Elektron kabinet – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilmiş formada vergi orqanı ilə vergi ödəyicisi arasında bağlanmış müqaviləyə əsasən Dövlət Vergi Xidmətinin informasiya sistemində yaradılan, vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifə; [2]

2.0.4. Təsərrüfat subyekti (obyekti) - malların (işlərin, xidmətlərin) təqdim edilməsinin həyata keçirildiyi, həmçinin vergi ödəyicisinin gəlirlərinin formalaşmasında iştirak edən yer;

2.0.5. Yenidən uçota alınma - vergi ödəyicisinin hüquqi ünvanı və ya yaşayış yeri üzrə uçotdan çıxarılaraq bu Qaydaların müddəalarına əsasən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə və ya təsərrüfat subyekti (obyekti) uçotdan çıxarıldıqda hüquqi ünvanı və ya yaşayış yeri üzrə uçota alınması.

 

3. Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə yenidən uçota alınması

 

3.1. Vergi ödəyicisinin bir təsərrüfat subyekti (obyekti) olduqda və həmin təsərrüfat subyekti (obyekti) vergi ödəyicisinin olduğu yerdən kənarda olduqda vergi ödəyicisi həmin təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə yenidən uçota alınır.

3.2. Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) vergi uçotundan çıxarıldıqda, həmin vergi ödəyicisi olduğu yer üzrə növbəti ayın 10-dək yenidən uçota alınır və bu barədə məlumatlar təsərrüfat subyekti (obyekti) uçotdan çıxarıldığı rübdən sonrakı ayın 20-dək dövlət büdcəsi gəlirlərinin icrasının təhlili məqsədilə Maliyyə Nazirliyinə məlumat təqdim edilir.

 

4. Vergi ödəyicisinin iqtisadi maraqlar mərkəzi üzrə yenidən uçot alınması

 

4.1. Vergi ödəyicisinin iki və daha çox təsərrüfat subyekti (obyekti) olduqda həmin vergi ödəyicisi iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınır. İqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınma vergi ödəyicisinin müraciəti və ya vergi orqanının təşəbbüsü ilə həyata keçirilir.

4.2. Vergi ödəyicisinin müraciəti əsasında vergi ödəyicisinin iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınması aşağıdakı qaydada həyata keçirilir:

4.2.1. Vergi ödəyicisinin iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınması barədə müraciətinə Dövlət Vergi Xidmətinin təhlil və uçota nəzarət strukturu tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa uyğun baxılır; [3]

4.2.2. Müraciətə baxılmanın nəticəsində vergi ödəyicisinin iqtisadi maraqlar mərkəzi müəyyən olunduğu təqdirdə vergi ödəyicisinin iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınması bu Qayda ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

4.3. Vergi ödəyicisinin iqtisadi maraqlar mərkəzi üzrə yenidən uçota alınmasından aşağıdakı hallarda imtina edilir:

4.3.1. vergi orqanının uçot məlumatlarına əsasən vergi ödəyicisinin bir təsərrüfat subyektinin (obyektinin) olduğu və ya vergi ödəyicisinin təsərrüfat subyektlərinin (obyektlərinin) yalnız bir vergi orqanının ərazi dairəsində olduğu müəyyən edildikdə;

4.3.2. vergi ödəyicisinin ərizəsində iqtisadi maraqlar mərkəzi düzgün göstərilmədikdə;

4.3.3. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ərizənin qəbulundan imtina üçün əsaslar olduqda.

4.4. Vergi orqanının təşəbbüsü ilə vergi ödəyicisinin iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınması hər il iki və daha çox təsərrüfat subyekti (obyekti) olan vergi ödəyicilərinin təsərrüfat subyektləri (obyektləri) üzrə illik gəlirləri (xərclər çıxılmadan) müəyyən edilməklə bu Qayda ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

4.5. Vergi ödəyicilərinin təsərrüfat subyektləri (obyektləri) üzrə illik gəlirləri aşağıdakı məlumatlar əsasında müəyyən edilir:

4.5.1. səyyar və kameral vergi yoxlamasının nəticələri əsasında vergi ödəyicisinin fəaliyyət göstərdiyi təsərrüfat subyektlərində (obyektlərdə) müəyyən edilmiş gəlir məbləği (xərclər çıxılmadan);

4.5.2. xronometraj metodu ilə müşahidənin nəticələri əsasında vergi ödəyicisinin fəaliyyət göstərdiyi təsərrüfat subyektlərində (obyektlərdə) müəyyən edilmiş gəlir məbləği (xərclər çıxılmadan);

4.5.3. vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalarda olan məlumatlar; [4]

4.5.4. vergi ödəyicisi tərəfindən təqdim edilmiş vergi bəyannamələrində olan məlumatlar;

4.5.5. vergi ödəyicisinin maliyyə hesabatlarında olan məlumatlar;

4.5.6. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.

4.6. Vergi ödəyicisinin iqtisadi maraqlar mərkəzi kimi qəbul edilmiş təsərrüfat subyekti (obyekti) vergi uçotundan çıxarıldıqda, həmin vergi ödəyicisinin uçotda olan digər təsərrüfat subyektləri (obyektləri) üzrə illik gəlirləri müəyyən edilərək yenidən uçota alınır.

 


 

“Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması Qaydası”na  əlavə

 

Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınma barədə

 

BİLDİRİŞ №___

 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir ki, ________________________________________________________________________________

________________________________________________________________________________[5]

(vergi ödəyicisi olan hüquqi şəxsin tam adı və VÖEN-i və ya fiziki şəxsin soyadı, adı, atasının adı və VÖEN-i)

 

VÖEN

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 34.3-1-ci maddəsinə uyğun olaraq “__”________20___-cu il tarixdən 

________________________________________________________________________________

(yenidən uçota alındığı vergi orqanının adı)

yenidən uçota alınmışsınız.

Bildirişin verilmə tarixi:     “____”  ___________ 20__-cu il.

 

_____________________ rəisi(müavini) ________________________________________

       vergi orqanının adı                                                                    soyadı, adı və atasının adı

________________________

                     imza

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       20 iyul 2020-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202007200004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2020-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 20 iyul 2020-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202007200004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2020-ci il) ilə “Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması Qaydası”nın 1.4-cü bəndin birinci cümləsində “Vergilər Nazirliyinin” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti)” sözləri ilə əvəz edilmişdir.

 

[2] 20 iyul 2020-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202007200004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2020-ci il) ilə “Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması Qaydası”nın 2.0.3-cü yarımbəndində “Vergilər Nazirliyi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə, “Azərbaycan Respublikası Vergilər Nazirliyinin” sözləri “Dövlət Vergi Xidmətinin” sözləri ilə əvəz edilmişdir.

 

[3] 20 iyul 2020-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202007200004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2020-ci il) ilə “Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması Qaydası”nın 4.2.1-ci yarımbəndində “Vergilər Nazirliyinin” sözləri “Dövlət Vergi Xidmətinin” sözləri ilə əvəzedilmişdir.

 

[4] 20 iyul 2020-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202007200004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2020-ci il) ilə “Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması Qaydası”nın 4.5.3-cü yarımbəndində “elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturalarda” sözləri “elektron qaimə-fakturalarda” sözləri ilə əvəz edilmişdir.

 

[5] 20 iyul 2020-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202007200004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2020-ci il) ilə “Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması Qaydası”na əlavə “Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınma barədə Bildiriş №__” formasında “Azərbaycan Respublikası Vergilər Nazirliyi” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status