AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
05.09.2019
QEYDİYYAT NÖMRƏSİ
383
ADI
“Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 08-09-2019, Nəşr Nömrəsi: 197), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2019, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 1537)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
08.09.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.010.000
090.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201909050383
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
10.09.2019
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Mediasiya haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1555-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli 607 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 5 sentyabr 2019-cu il

                    № 383

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2019-cu il 5 sentyabr tarixli 383 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci, 25.2-ci, 26.6-cı və 27.2-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və mediator olmaq istəyən şəxslərin ilkin hazırlığı, habelə mediatorların ixtisaslarının artırılması ilə bağlı təlim qaydasını müəyyən edir.

1.2. Bu Qaydanın məqsədi mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla), ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrin qarşılıqlı razılıq əsasında həlli sahəsində peşəkar mediatorların hazırlanmasını təmin etməkdir. [1]

1.3. Bu Qaydanın müddəaları ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə, habelə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlimi də əhatə edir.

 

2. Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlimin aparılması qaydası

 

2.1. Mediatorların ilkin hazırlığı və ixtisaslarının artırılması “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fəaliyyət göstərən mediasiya təlimi qurumları tərəfindən ödənişli əsaslarla həyata keçirilir.

2.2. Mediatorların ilkin hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim aşağıda göstərilən şəxslər tərəfindən həyata keçirilir:

2.2.1. son 2 (iki) il müddətində ən azı 10 mediasiya işi aparmış mediator;

2.2.2. son 6 (altı) ildə mediasiya üzrə (o cümlədən, mübahisələrin alternativ həlli fənninin tərkib hissəsi olaraq) azı 2 (iki) il pedaqoji staja malik və ya son 3 (üç) il müddətində beynəlxalq layihələr çərçivəsində ən azı 2 mediasiya təlimi aparmış təlimçi;

2.2.3. beynəlxalq mediasiya qurumlarının mediasiya sahəsində təşkil etdiyi mediasiya təlimçilərinin təlimindən keçməsi barədə müvafiq sertifikatı olan təlimçilər.

2.3. Mediatorların ilkin hazırlığı və ixtisaslarının artırılması bu Qaydanın tələbləri nəzərə alınmaqla, mediasiya təlimi qurumları tərəfindən hazırlanmış təfsilatlı tədris proqramları əsasında həyata keçirilir.

2.4. Mediatorların tədris proqramları nəzəri hissə (mühazirələr), praktiki məşğələlər, treninqlər və səhnələşdirilmiş mediasiya oyunlarından ibarətdir.

2.5. Mediatorların fəaliyyətinin təcrübi xarakter daşıdığını nəzərə alaraq, nəzəri hissə ümumi məşğələlərin 40 faizindən çoxunu təşkil etməməlidir.

2.6. Mediatorların ilkin hazırlığı üzrə təlim üçün tədris proqramında nəzərdə tutulmuş mediasiya dərslərinin saatı 48 saat, ixtisasartırma kursları üçün isə 32 saatdan az olmamalıdır.

2.7. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə, habelə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim üçün tədris proqramında nəzərdə tutulmuş dərslərin saatı ümumi mediasiya dərsləri saatının üçdə bir hissəsi qədər artıq olmalıdır.

2.8. Mediasiya təlimi qurumuna mediator olmaq istəyən ali təhsilli şəxslər və mediator fəaliyyətini həyata keçirən şəxslər müraciət edə bilərlər.

2.9. Mediator olmaq istəyən şəxslər ilkin hazırlıq üzrə təlimdə iştirak etmək üçün aşağıdakı sənədləri mediasiya təlimi qurumuna təqdim etməlidirlər:

2.9.1. şəxsiyyəti təsdiq edən sənədin surəti;

2.9.2. ali təhsil haqqında sənədin surəti (sənədin əsli təqdim edilməmişdirsə, notarial qaydada təsdiq olunmuş surəti);

2.9.3. sağlamlıq barədə tibbi arayışın surəti (quruma təqdim etməzdən əvvəl ən tezi 1 ay əvvəl alınmış);

2.9.4. 2 ədəd fotoşəkil (3x4 sm ölçüsündə).

2.10. İxtisasartırma kurslarında iştirak etmək üçün müraciət edən mediatorlar mediasiya təlimi qurumuna şəxsiyyəti təsdiq edən sənədin surətini və mediatorların ilkin hazırlığı üzrə təlimi bitirməsini təsdiq edən sertifikatı təqdim edirlər.

2.11. Mediasiya təlimi qurumuna elektron qaydada müraciət edilən zaman yuxarıda qeyd edilən sənədlərin skan edilmiş surəti göndərilir.

2.12. Bu Qaydanın 2.9-cu və 2.10-cu bəndlərində göstərilən sənədlər təqdim edildikdən sonra mediasiya təlimi qurumu “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Mediasiya Şurası üzvlüyündən çıxarıldıqda və ya fəaliyyəti dayandırıldıqda təqdim olunmuş sənədlər ödəniş də daxil olmaqla, müraciət edildiyi gündən 2 (iki) iş günü müddətində geri qaytarılır.

2.13. Təlimdə iştirak etmək üçün müraciət etmiş və müvafiq sənədləri təqdim etmiş şəxslərə təlimin başlanılmasına azı 10 gün qalmış bu barədə məlumat verilir.

2.14. Mediator olmaq istəyən şəxslərin və mediatorların (bundan sonra - dinləyici) ilkin hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim əyani formada aparılır.

2.14-1. Təbii və ya texnogen qəzalar, epidemiya, fövqəladə vəziyyət və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində dinləyicilərin ilkin hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlimlərin əyani formada keçirilməsi mümkün olmadıqda, Mediasiya Şurasının qərarı ilə təlimlər distant (məsafədən) formada keçirilir. [2]

2.15. Təlim qruplarında dinləyicilərin sayı 15 nəfərdən çox olmamalıdır.

2.16. Təlim zamanı dinləyicilər kağız və (və ya) elektron daşıyıcılarda təlim materialları ilə təmin olunurlar.

 

3. Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlimin nəticələrinin qiymətləndirilməsi

 

3.1. Mediatorların ilkin hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim başa çatdıqdan sonra 5 (beş) iş günü müddətində imtahan keçirilir.

3.2. İmtahanda mediatorun nəzəri bilikləri müsahibə vasitəsilə, praktiki vərdişləri isə mediasiya imitasiyası vasitəsilə yoxlanılır.

3.3. Müsahibə hər bir dinləyici ilə fərdi qaydada, Azərbaycan Respublikasının dövlət dilində və azı 20 dəqiqə aparılır.

3.4. İmtahan təlim qurumunun rəhbəri tərəfindən formalaşdırılan komissiya tərəfindən keçirilir. İmtahan komissiyası Mediasiya Şurasının, mediasiya təlimi qurumunun nümayəndəsi və müstəqil ekspertdən ibarət olmaqla, 3 nəfər tərkibdə formalaşdırılır və qərar səsvermə yolu ilə komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.

3.5. İmtahanın nəticələri dinləyicilərə səsvermədən dərhal sonra bildirilir.

3.6. Dinləyici imtahanın nəticələrindən Mediasiya Şurasına və (və ya) məhkəməyə şikayət edə bilər.

3.7. İmtahanın nəticəsi protokolla rəsmiləşdirilir. Protokol komissiya üzvləri tərəfindən imzalanır.

3.8. İmtahanı müvəffəqiyyətlə keçmiş şəxslərə forması Mediasiya Şurası tərəfindən təsdiq edilən sertifikat təqdim edilir.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       26 sentyabr 2020-ci il tarixli 356 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 sentyabr 2020-ci il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1229)

2.       8 oktyabr 2020-ci il tarixli 380 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 oktyabr 2020-ci il, № 208, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1268)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 26 sentyabr 2020-ci il tarixli 356 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 sentyabr 2020-ci il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1229) ilə “Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası”nın 1.2-ci bəndində “iqtisadi mübahisələr” sözləri “kommersiya mübahisələri” sözləri ilə əvəz edilmişdir.

 

[2] 8 oktyabr 2020-ci il tarixli 380 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 oktyabr 2020-ci il, № 208, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1268) ilə “Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası”na yeni redaksiyada 2.14-1-ci bənd əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status