AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
13.11.2019
QEYDİYYAT NÖMRƏSİ
444
ADI
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının seçim Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 15-11-2019, Nəşr Nömrəsi: 253), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2019, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1864)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.11.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201911130444
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
18.11.2019
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının seçim Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 6.2.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının seçim Qaydaları” təsdiq edilsin (əlavə olunur).

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 13 noyabr 2019-cu il

                      № 444

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 noyabr tarixli 444 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının seçim

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikası ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra – proqram iştirakçıları) seçimi meyarlarını və prosedurlarını müəyyən edir.

1.2. Proqram iştirakçıları bu Qaydalarla müəyyən edilmiş seçim meyarlarına uyğunluğun qiymətləndirilməsinin nəticələrinə görə, xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən və ya təhsil alan Azərbaycan Respublikasının vətəndaşları (bundan sonra – namizədlər) sırasından seçilirlər.

1.3. Dövlət hesabına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda, Azərbaycan Milli Elmlər Akademiyasında doktorantura səviyyəsi üzrə təhsilin normativ müddətinin yarısından artıq müddətdə təhsil alan, doktorantura səviyyəsi üzrə təhsilini başa vurmuş, habelə Azərbaycan Respublikasının dövlət proqramları və beynəlxalq müqavilələri çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almış şəxslər proqram iştirakçılarının seçilməsində namizəd qismində iştirak edə bilməzlər.

 

2. Proqram iştirakçılarının seçimi meyarları

 

2.1. Proqram iştirakçılarının seçimi aşağıdakı meyarlar üzrə aparılır:

2.1.1. namizədin xarici ölkənin ali təhsil müəssisəsində doktorantura səviyyəsi üzrə (bundan sonra – xarici ali təhsil müəssisəsi) təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisas istiqamətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli 241 nömrəli Qərarı ilə müəyyən edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri və ixtisasları”na uyğun olması;

2.1.2. namizədin xarici ali təhsil müəssisəsinə qəbul olunması;

2.1.3. namizədin bakalavr və ya magistr ali təhsil dərəcəsinə malik olması;

2.1.4. namizədin təhsil almaq istədiyi və ya təhsil aldığı xarici ali təhsil müəssisəsinin (namizədin təhsili iki və ya daha artıq sayda xarici ali təhsil müəssisəsində aparıldığı halda, onların hər birinin) aşağıdakı beynəlxalq reytinqlərin hər hansı birində cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə 500-cü yerdən aşağı olmayan sırada yer alması:

2.1.4.1. “Times Higher Education (THE) World University Rankings”;

2.1.4.2. “Academic Ranking of World Universities (Shanghai)”;

2.1.5. Azərbaycan Respublikası ali təhsil müəssisəsinin namizədin xarici ali təhsil müəssisəsində təhsili başa çatdıqdan sonra pedaqoji fəaliyyətə cəlb edilməsi üçün onunla əmək müqaviləsi bağlamağa razılığının olması;

2.1.6. namizədin həqiqi hərbi xidmət keçməsi, yaxud xarici ali təhsil müəssisəsində təhsili başlayanadək çağırışa möhlətinin olması və ya çağırışdan azad edilməsi;

2.1.7. təhsil almaq istədiyi ixtisas üzrə namizədin elmi tədqiqat işlərini aparmaq bacarıqları;

2.1.8. namizədin məntiqi mühakimə yeritmək bacarıqları;

2.1.9. namizədin kommunikasiya bacarıqları, özünəinam və inandırma qabiliyyəti.

2.2. Namizədin bu Qaydaların 2.1.1-2.1.6-cı yarımbəndlərində göstərilən meyarlara uyğunluğu bu Qaydaların 3.2-ci bəndində göstərilən qaydada təqdim etdiyi sənədlər əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində Dövlət Proqramının İdarəetmə Qrupu (bundan sonra – İdarəetmə Qrupu) tərəfindən qiymətləndirilir. İdarəetmə Qrupunun yaradılması, fəaliyyətinin təşkili qaydası və səlahiyyətləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

2.3. Namizədin bu Qaydaların 2.1.7-2.1.9-cu yarımbəndlərində göstərilən meyarlara uyğunluğu bu Qaydaların 4-cü hissəsinə uyğun olaraq aşkarlıq şəraitində şəffaf üsullarla keçirilən müsahibə vasitəsilə qiymətləndirilir.

2.4. Bu Qaydaların 2.1.4-cü yarımbəndində göstərilən meyar Dövlət Proqramı çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçirildiyi xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alan və ya qəbul olunmuş namizədlərə şamil edilmir.

2.5. Bu Qaydaların 2.1.4-cü yarımbəndi ilə müəyyən edilmiş tələblərə cavab verən xarici ali təhsil müəssisəsində bakalavr və magistr ali təhsil dərəcəsini almış namizədlərin bu Qaydaların 2.1.7-2.1.9-cu yarımbəndlərində göstərilən meyarlar üzrə qiymətləndirilməsi aparılmır və onlar bu Qaydaların 2.1.1-2.1.6-cı yarımbəndlərində göstərilən meyarlara uyğunluğun qiymətləndirilməsinin nəticələrinə görə proqram iştirakçısı seçilirlər.

 

3. Sənədlərin qəbulu

 

3.1. Proqram iştirakçılarının seçimi barədə elan, namizədlərdən sənədlərin qəbulunun son tarixi göstərilməklə hər tədris ilinin hər semestrinin başlamasına azı 2 (iki) ay qalmış Azərbaycan Respublikası Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) rəsmi internet saytında verilir.

3.2. Proqram iştirakçılarının seçimi prosedurunda iştirak etmək üçün namizəd sənədlərin qəbulu müddətində Nazirliyin rəsmi internet saytında “Xarici ali təhsil müəssisəsində doktorantura səviyyəsi üzrə təhsil almaq üçün elektron ərizə”ni (bundan sonra – elektron ərizə) doldurmalı və aşağıdakı sənədlərin skan edilmiş surətini əlavə edib, elektron ərizəni təsdiq etməlidir:

3.2.1. namizədin xarici ali təhsil müəssisəsinə qəbul edildiyini və ya namizədin xarici ali təhsil müəssisəsində təhsil aldığını təsdiq edən sənəd (ingilis, rus və türk dillərindən başqa digər dillərdə olan sənədlərin notariat qaydasında təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsi);

3.2.2. Azərbaycan Respublikası ali təhsil müəssisəsinin namizədin xarici ali təhsil müəssisəsində təhsili başa çatdıqdan sonra pedaqoji fəaliyyətə cəlb edilməsi üçün onunla əmək müqaviləsini bağlamağa razılıq məktubu;

3.2.3. ali təhsil pilləsinin müvafiq səviyyəsində təhsil almış namizədin bakalavr və ya magistr diplomu və ona əlavə (ali təhsilini başa vurmuş, lakin bu və ya digər səbəblər üzündən seçimin aparıldığı müddətdə ali təhsil haqqında sənəd almamış namizədə bu barədə ali təhsil müəssisəsi tərəfindən verilmiş arayış);

3.2.4. xarici ölkədə ali təhsil almış namizədin bakalavr və ya magistr diplomu və ona əlavə;

3.2.5. namizədin hərbi bileti, yaxud xarici ali təhsil müəssisəsində təhsili başlayanadək ona müddətli həqiqi hərbi xidmətə çağırışa möhlətin verildiyini və ya çağırışdan azad edildiyini təsdiq edən arayış;

3.2.6. namizədin xarici ali təhsil müəssisəsində təhsil alma bacarıqları barədə rəyi özündə ehtiva edən ali təhsil müəssisəsi və ya elmi müəssisə və təşkilatda çalışan professor-müəllim heyətinin ən azı 2 (iki) üzvü tərəfindən verilmiş tövsiyə məktubu (namizəd pedaqoji fəaliyyətlə məşğul olduğu halda, məktublardan biri onun işəgötürəni tərəfindən təqdim edilə bilər);

3.2.7. namizədin sağlamlığı haqqında arayış (forma AZS-086/1);

3.2.8. namizədin tədqiqat işinə dair Azərbaycan dilində məlumat (tədqiqat planı: qısa xülasə, metodologiya, tədqiqat sualı, biblioqrafiya) – 2000 sözdən az olmayan həcmdə;

3.2.9. namizədin xarici ölkələrin təsir gücünə (“impakt faktor”) malik olan, istinad indeksli elmi nəşrlərində dərc olunmuş elmi məqalələri, yaxud həmin məqalələrə elektron keçidlərin (linklərin) siyahısı.

3.3. Elektron ərizə namizəd tərəfindən təsdiq edildikdən sonra namizəd üçün Nazirliyin rəsmi internet saytından girişi olan elektron şəxsi kabineti yaradılır.

3.4. Elektron şəxsi kabinet vasitəsilə namizəd istənilən vaxt elektron ərizəsinin cari statusu barədə məlumatı əldə edə bilər, habelə bu Qaydalarla müəyyən edilmiş sənədləri və məlumatları təqdim və əldə edə bilər.

3.5. Elektron ərizə namizəd tərəfindən təsdiq edildiyi tarixdən 30 gün müddətində bu Qaydaların 2.2-ci bəndində göstərilən qaydada namizədin seçim meyarlarına uyğunluğunun qiymətləndirilməsi aparılır və namizədin müsahibəyə buraxılması, yaxud müsahibəyə buraxılmaması barədə məlumat onun elektron şəxsi kabinetinə və elektron ərizəsində qeyd etdiyi digər əlaqə vasitələri ilə ona göndərilir.

3.6. Aşağıdakı hallarda namizəd müsahibəyə buraxılmır:

3.6.1. bu Qaydaların 3.2.1-3.2.9-cu yarımbəndlərində göstərilən sənədlər natamam təqdim olunduqda və ya həmin sənədlərdə uyğunsuzluqlar aşkar edildikdə;

3.6.2. bu Qaydaların 2.2-ci bəndində göstərilən qaydada aparılmış qiymətləndirmə nəticəsində namizədin seçim meyarlarına uyğun olmadığı müəyyən edildikdə.

3.7. Təqdim etdiyi sənədlərdə uyğunsuzluqlar və (və ya) çatışmazlıqlar aradan qaldırıldıqdan sonra namizədin həmin sənədləri sənədlərin qəbulu müddətində bu elektron şəxsi kabineti vasitəsilə yenidən təqdim etmək hüququ vardır.

 

4. Müsahibənin keçirilməsi qaydası

 

4.1. Namizədlərlə müsahibələri Nazirlik tərəfindən yaradılan və ictimai əsaslarla fəaliyyət göstərən müsahibə komissiyaları aparır.

4.2. Müsahibə komissiyalarının tərkibi 3 (üç) nəfərdən az olmamaqla Nazirliyin, Azərbaycan Respublikası Dövlət Neft Fondunun və namizədlərin ixtisas istiqamətlərinə uyğun sahədə dövlət siyasətini (tənzimləməni) həyata keçirən dövlət orqanlarının (qurumların) əməkdaşlarından formalaşdırılır.

4.3. Müsahibə komissiyalarının tərkibinə namizədlərin ixtisas istiqamətlərinə uyğun sahə üzrə fəlsəfə doktoru (elmlər namizədi) dərəcəsi olan mütəxəssislər cəlb edilə bilərlər.

4.4. Müsahibə komissiyalarına üzv olan Nazirliyin əməkdaşları həmin komissiyalara sədrlik edirlər.

4.5. Müsahibə komissiyalarının üzvləri aşağıdakı tələblərə riayət etməlidirlər:

4.5.1. müsahibə aparılacaq yerə təyin edilmiş vaxtda gəlmək;

4.5.2. müsahibə zamanı müsahibə otağını üzrlü səbəb olmadan tərk etməmək;

4.5.3. müsahibənin aparılmasına mane olan texniki və digər vasitələrdən istifadə etməmək, o cümlədən rabitə vasitələrini müsahibə otaqlarına gətirməmək;

4.5.4. namizədə yalnız bu Qaydaların 2.1.7-2.1.9-cu yarımbəndlərində göstərilən meyarlara uyğunluğunun qiymətləndirilməsi üçün zəruri olan suallar vermək;

4.5.5. sualları verərkən, bu Qaydaların 4.15-ci bəndində göstərilən vaxt həddinə riayət etmək;

4.5.6. müsahibənin gedişi zamanı namizədin bu və ya digər meyara uyğun olub-olmaması barədə fikir bildirməmək;

4.5.7. müsahibənin aparılmasına mane olan digər hərəkətlərə yol verməmək;

4.5.8. namizədin qiymətləndirilməsi nəticələrinin məxfiliyinə riayət etmək.

4.6. Namizədlər aşağıdakı tələblərə riayət etməlidirlər:

4.6.1. müsahibənin aparılacağı yerə təyin edilmiş vaxtda gəlmək;

4.6.2. üzrlü səbəbdən müsahibədə iştirak edə bilməyəcəyi təqdirdə, təyin edilmiş müsahibə tarixinə azı 1 (bir) iş günü qalmış Nazirliyə bu barədə məlumat vermək;

4.6.3. bu Qaydaların 3.2.1-ci, 3.2.3-cü və 3.2.4-cü yarımbəndlərində göstərilən sənədlərin əslini və ya notariat qaydasında təsdiq edilmiş surətlərini (ingilis, rus və türk dillərindən başqa digər dillərdə olan sənədlərin notariat qaydasında təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini) müsahibədə müsahibə komissiyasına təqdim etmək;

4.6.4. müsahibə komissiyasının üzvlərinə hörmətlə yanaşmaq, onların suallarını, tapşırıqlarını sonadək dinləmək;

4.6.5. suallara mahiyyəti üzrə cavab verməyə çalışmaq;

4.6.6. üzrlü səbəb olmadan müsahibənin keçirildiyi otağı tərk etməmək;

4.6.7. rabitə və digər texniki vasitələri müsahibənin keçirildiyi otağa gətirməmək.

4.7. Namizəd müsahibənin aparılacağı yerə müəyyən edilmiş vaxtda gəlmədikdə, müsahibə komissiyasının üzvləri tərəfindən onun müsahibədə iştirak etməməsi barədə akt tərtib edilir.

4.8. Bu Qaydaların 4.6.2-ci yarımbəndində göstərilən qaydada məlumat vermədən müsahibədə iştirak etməyən namizədlə həmin tədris ili üçün aparılan seçim çərçivəsində yeni müsahibənin keçirilməsinə yol verilmir.

4.9. Bu Qaydaların 4.6.2-ci yarımbəndində göstərilən qaydada məlumat verməklə müsahibədə iştirak etməyən namizədlə İdarəetmə qrupunun qərarı ilə həmin tədris ili üçün aparılan seçim çərçivəsində 1 (bir) dəfədən artıq olmamaqla yeni müsahibənin keçirilməsinə yol verilir.

4.10. Müsahibə komissiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Müsahibələrin nəticələri protokollaşdırılır. Müsahibənin nəticəsi barədə protokol müsahibə komissiyasının iclasında iştirak edən bütün üzvlər tərəfindən imzalanır.

4.11. Hər iş günü ərzində müsahibələrin keçirilməsi üçün ayrılmış müddət 6 (altı) saatdan artıq olmamalıdır.

4.12. Namizədləri əvvəlcədən məlumatlandırmaqla müsahibələrin videoçəkilişi aparılır.

4.13. Müsahibənin keçirildiyi tarix və yer barədə məlumat müsahibənin keçirilməsinə azı 3 (üç) gün qalmış müsahibə komissiyasının üzvlərinə, namizədin elektron şəxsi kabinetinə və elektron ərizəsində qeyd etdiyi digər əlaqə vasitələri ilə ona göndərilir.

4.14. Müsahibə keçirilən gün müsahibədə iştirak edəcək namizədlərin siyahısı və bu Qaydaların 2.2-ci bəndində göstərilən qaydada namizədin seçim meyarlarına uyğunluğunun qiymətləndirilməsinin nəticələri müsahibə başlamazdan əvvəl müsahibə komissiyasına təqdim edilir.

4.15. Hər bir namizədlə müsahibə fərdi qaydada, Azərbaycan dilində və (və ya) namizədin təhsil almaq istədiyi tədris dilində, 40 (qırx) dəqiqədən artıq olmamaqla aparılır.

4.16. Namizədin bu Qaydaların 2.1.7-2.1.9-cu yarımbəndlərində göstərilən meyarlara uyğunluğunun qiymətləndirilməsi namizədin iştirakı olmadan, müsahibə komissiyasının müsahibədə iştirak edən hər bir üzvü tərəfindən verilən qiymətlər əsasında aparılır.

4.17. Müsahibə komissiyalarının üzvləri tərəfindən namizədlərə verilən qiymətlərin yuxarı həddi aşağıdakı kimi müəyyən edilir:

4.17.1. təhsil almaq istədiyi ixtisas üzrə elmi tədqiqat işlərini aparmaq bacarıqları – 20 bal;

4.17.2. məntiqi mühakimə yeritmək bacarıqları – 15 bal;

4.17.3. kommunikasiya bacarıqları, özünəinam və inandırma qabiliyyəti – 15 bal.

4.18. Namizədin bu Qaydaların 2.1.7-2.1.9-cu yarımbəndlərində göstərilən meyarlara uyğun olub-olmaması onun müsahibənin nəticələrinə görə əldə etdiyi yekun qiymətlə müəyyən edilir.

4.19. Namizədin əldə etdiyi yekun qiymət aşağıdakı düsturla hesablanır:

 

Y= (üzv1 + üzv2+…+ üzvn ) ÷ n

 

Y – namizədin əldə etdiyi yekun qiymət;

üzv1, üzv2, üzvn - müsahibə komissiyasının hər bir üzvü tərəfindən verilmiş qiymətlərin cəmi;

n – müsahibədə iştirak edən müsahibə komissiyası üzvlərinin sayı.

4.20. Namizədin yekun qiyməti 40 və daha artıq olduqda, namizəd bu Qaydaların 2.1.7-2.1.9-cu yarımbəndlərində göstərilən meyarlara uyğun hesab olunur.

4.21. Namizədin yekun qiyməti namizədin elektron şəxsi kabinetinə və elektron ərizəsində qeyd etdiyi digər əlaqə vasitələri ilə ona göndərilir.

4.22. Namizədin bu Qaydaların 4.6.3-cü yarımbəndinə uyğun olaraq təqdim etdiyi sənədlər müsahibə başa çatdıqdan dərhal sonra namizədə qaytarılır.

4.23. Namizəd qəbul edilmiş qərardan inzibati və ya məhkəmə qaydasında şikayət verə bilər.

4.24. Proqram iştirakçısı seçilmiş namizədlərin siyahısı Nazirliyin əmri ilə təsdiq edilir və onlarla Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada xarici ali təhsil müəssisəsində təhsilin maliyyələşdirilməsini tənzimləyən müqavilə bağlanılır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status