AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
15.05.2020
QEYDİYYAT NÖMRƏSİ
1022
ADI
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 16-05-2020, Nəşr Nömrəsi: 95), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2020, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 547)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.05.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13202005151022
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
20.05.2020
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 may 2020-ci il

                  № 1022


Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair

 

SAZİŞ

 

Bundan sonra təklikdə “Tərəf” və birlikdə isə “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Höküməti, iki ölkə arasında mövcud olan yaxın və dostluq əlaqələrini nəzərə alaraq, Tərəflər arasında iqtisadi və sosial əməkdaşlığın genişləndirilməsinin və artırılmasının əhəmiyyətini vurğulayaraq,

energetika sahəsində bərabərlik, qarşılıqlı hörmət və qarşılıqlı faydalara əsaslanan əməkdaşlığın gücləndirilməsini arzu edərək,

belə əməkdaşlığın iki ölkə arasında əlaqələri gücləndirmə ehtimalının tamamilə fərqinə vararaq,

energetika və mədənçilik sahələrində iki ölkə arasındakı mövcud əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirməyi arzu edərək,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

Məqsəd

 

Bu Sazişin məqsədi öz dövlətlərinin milli qanunvericiliyi çərçivəsində Tərəflər arasında energetika və mədənçilik sahələrində, xüsusilə bərpa olunan və təmiz enerji və enerji səmərəliliyi, enerjiyə qənaət edən işıqlandırma vasitələrinin, məişət və sənaye elektrik avadanlıqlarının, o cümlədən fərdi təsərrüfatlar üçün külək və günəş enerji minigeneratorlarının istehsalının təşkili, karbohidrogen, neft-kimya və elektroenergetika sahələrində ikitərəfli elmi, texniki, texnoloji, hüquqi, inzibati və ticari əməkdaşlığın inkişafını təşviq etməkdir.

 

Maddə 2

Səlahiyyətli qurumlar

 

Bu Sazişin həyata keçirilməsi məqsədilə Tərəflər aşağıda qeyd olunmuş səlahiyyətli orqanları təyin edir:

- Azərbaycan Respublikası Hökuməti adından - Azərbaycan Respublikasının Energetika Nazirliyi; və

- Türkiyə Respublikası Hökuməti adından - Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi.

 

Maddə 3

Bərpa olunan və təmiz enerji və enerji səmərəliliyi

 

1. Tərəflər bərpa olunan və təmiz enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlıq edirlər.

2. Tərəflər bərpa olunan və təmiz enerji və enerji səmərəliliyi sahələrində fəaliyyət imkanlarını müəyyən edir və hər iki Tərəfin səlahiyyətli orqanları və investorlarını bu sahələrdə layihələrin dəstəklənməsi və inkişafı üçün birlikdə fəaliyyət göstərməyə təşviq edirlər.

3. Tərəflər bu sahədə əməkdaşlığın qurulması məqsədilə işçi qrupun yaradılmasını dəstəkləyirlər.

 

Maddə 4

Karbohidrogen və neft-kimya

 

Tərəflər karbohidrogen və neft-kimya üzrə aşağıdakı sahələrdə əməkdaşlıq edirlər:

a) Karbohidrogen resurslarının işlənməsi və istifadəsi ilə əlaqəli layihələrdə texniki əməkdaşlıq,

b) Geologiya və yataq mühəndisliyi ilə əlaqəli layihələrdə əməkdaşlığın inkişafı,

c) Karbohidrogenlərin (quruda və dənizdə) kəşfiyyatı, hasilatı, nəqli, emalı, kommersiyalaşdırılması, paylanması və ticarəti,

d) Neft-kimya və emal olunmuş neft məhsullarının istehsalı və ticarəti,

e) Təbii qaz anbarlarının və ötürücü infrastrukturların və bununla əlaqəli texnologiyaların qurulması, bərpası, inkişafı, istismarı və texniki baxışı,

f) Mayeləşdirilmiş Təbii Qaz terminalları (LNG) və bununla bağlı texnologiyaların qurulması, bərpası, inkişafı, istismarı, ehtiyat hissələrinin istehsalı və texniki baxışı,

g) Neft-kimya və neft emalı proseslərinin dərinləşdirilməsi - xammaldan daha səmərəli istifadə istiqamətlərinin araşdırılması.

 

Maddə 5

Elektrik enerjisi

 

Tərəflər elektrik enerjisi ilə bağlı aşağıdakı sahələrdə əməkdaşlıq edirlər:

a) Ötürmə Sistemi Operatorlarının təşkilatı strukturlarının inkişaf etdirilməsi üçün təcrübə mübadiləsi,

b) Elektrik enerjisinin ötürmə şəbəkələrinin tikintisi, istismarı və texniki baxışına dair texniki əməkdaşlıq,

c) Elektrik enerjisi ticarəti və birləşmə potensialının inkişafı,

d) Elektrik enerjisi bazarının tənzimlənməsi sahəsində bilik və təcrübə mübadiləsi.

 

Maddə 6

Mədənçilik

 

Tərəflər mədənçilik sahəsində aşağıdakı sahələrdə əməkdaşlıq yaradırlar:

a) Mineral resursların kəşfiyyatı və geoloji tədqiqatlara dair əməkdaşlıq imkanlarının qarşılıqlı ekspert rəyləri əsasında dəyərləndirilməsi,

b) Mədənçilik ilə bağlı təlim proqramlarının təşkil edilməsi,

c) Ən yüksək səviyyədə mühafizə, təhlükəsizlik və ətraf mühitin qorunması standartlarına uyğun olaraq, mədənçilik sahəsində texnologiyaların inkişafı.

 

Maddə 7

Sərmayə qoyuluşu

 

1. Tərəflər öz dövlətlərinin milli qanunvericiliklərinə uyğun olaraq energetika və mədənçilik sahələrində fəaliyyət göstərəcək birgə müəssisə və/və ya şirkətlərin yaradılmasını dəstəkləyirlər.

2. Tərəflər hər iki ölkədə və/və ya üçüncü ölkələrdə dövlət və/və ya özəl şirkətlər vasitəsilə energetika və mədənçilik sahələrində sərmayə qoyuluşlarının təşviqi üçün birgə fəaliyyət göstərməyə razılaşdılar.

 

Maddə 8

Xərclər

 

1. Bu Saziş üzrə fəaliyyətlər ilə əlaqədar xərclər, hər bir Tərəfin dövlətinin müvafiq milli qanunvericiliyinə və büdcə müddəalarına uyğun olaraq, müvafiq vəsaitlərin mövcudluğuna bağlıdır.

2. Bu Saziş üzrə xüsusi fəaliyyətin həyata keçirilməsi üçün Tərəflər tərəfindən xüsusi vəsaitin tələb olunması halında hər bir Tərəfin dövlətinin müvafiq milli qanunvericiliyinə uyğun olaraq zəruri vəsait üçün qayda və şərtləri Tərəflər yazılı hala gətirirlər.

3. Qarşılıqlı olaraq başqa cür razılaşdırılmadığı təqdirdə, bu Saziş çərçivəsində əməkdaşlıqdan irəli gələn bütün xərclər sözügedən xərcləri yaradan Tərəf tərəfindən ödəniləcəkdir.

 

Maddə 9

Konfidensiallıq

 

1. Hər bir Tərəf bu Saziş çərçivəsindəki əməkdaşlıqdan irəli gələn məxfi məlumatı və ya informasiyanı açıqlama zərurəti olduğu zaman digər Tərəfin yazılı razılığını əldə edir.

2. Bu Sazişin ləğvindən və ya müddətinin bitməsindən asılı olmayaraq, Tərəflər tərəfindən yazılı şəkildə başqa cür razılaşdırılmadığı təqdirdə, Tərəflər bu maddənin müddəalarını və öhdəliklərini yerinə yetirməyə davam edirlər.

 

Maddə 10

Əqli mülkiyyət

 

1. Bu Şazişə uyğun olaraq əməkdaşlıq çərçivəsində yaradılan və ya ötürülən əqli mülkiyyətin qorunması Tərəflərin dövlətlərinin milli qanunvericiliyinə və onların dövlətlərinin tərəf olduğu beynəlxalq müqavilələrə uyğun olaraq təmin edilir.

2. Bu Sazişin məqsədi üçün əqli mülkiyyət anlayışı 14 iyul 1967-ci il tarixində Stokholm şəhərində imzalanmış və 28 sentyabr 1979-cu il tarixində düzəliş edilmiş Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis edilməsi haqqında Konvensiyanın 2-ci maddəsinin (vııı) bəndində qeyd olunduğu mənada başa düşülür.

 

Maddə 11

Digər beynəlxalq müqavilələr

 

Bu Sazişin müddəaları Tərəflərin öz dövlətlərinin tərəf olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn mövcud hüquq və öhdəliklərinə təsir edəcək şəkildə şərh edilmir.

 

Maddə 12

Mübahisələrin həlli

 

Bu Sazişin təfsiri, icrası və ya tətbiqi zamanı yarana biləcək hər hansı bir fikir ayrılığı Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə dostcasına həll edilir.

 

Maddə 13

Dəyişikliklər

 

Tərəflərin qarşılıqlı razılığı əsasında bu Sazişə hər hansı dəyişikliklər edilə bilər. Belə dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və 14-cü maddənin müddəalarına uyğun olaraq qüvvəyə minir.

 

Maddə 14

Qüvvəyəminmə, müddət və xitam

 

1. Bu Saziş, bu Sazişin qüvvəyə minməsi üçün zəruri olan öz müvafiq daxili prosedurlarının tamamlanmasını təsdiq edən sonuncu yazılı bildirişin diplomatik kanallar vasitəsilə Tərəflər tərəfindən alındığı tarixdən qüvvəyə minir.

2. Bu Saziş 5 (beş) il müddətinə bağlanılır və onun müddətinin bitməsindən ən azı 3 (üç) ay əvvəl Tərəflərdən biri bu Sazişi ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş vermədiyi təqdirdə, avtomatik olaraq növbəti 5 (beş) illik müddətlərə qüvvədə qalır.

3. Hər iki Tərəf yazılı şəkildə başqa cür razılığa gəlmədiyi təqdirdə, bu Sazişin ləğvi bu Saziş çərçivəsində davam edən hər hansı proqramların və/və ya layihələrin həyata keçirilməsinə təsir etmir.

Bakı şəhərində 2020-ci il 25 fevral tarixində, hər biri Azərbaycan, türk və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərəbər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilində olan mətnə üstünlük verilir.

 

Azərbaycan Respublikası

Hökuməti adından

(imza)

Türkiyə Respublikası

Hökuməti adından

(imza)

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status