AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
03.11.2020
QEYDİYYAT NÖMRƏSİ
436
ADI
“Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 05-11-2020, Nəşr Nömrəsi: 230), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2020, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1380)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.01.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
360.030.040
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202011030436
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
06.11.2020
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 dekabr tarixli 877 nömrəli Fərmanının 3.7-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar 2021-ci il 1 yanvar tarixindən qüvvəyə minir.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, 3 noyabr 2020-ci il

     № 436

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2020-ci il 3 noyabr tarixli 436 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar vergi və gömrük sahəsində qüvvədə olan və ya təklif olunan güzəşt və azadolmaların (bundan sonra – güzəşt) səmərəliliyinin qiymətləndirilməsini müəyyən edir.

1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. güzəştlərin səmərəliliyi - büdcə, iqtisadi və sosial baxımdan güzəştlərin qiymətləndirilən ölçüsü;

1.2.2. büdcə səmərəliliyi - güzəştlərin vergi və dövlət büdcəsinə daxil olan digər icbari ödənişlərə təsirinin qiymətləndirilməsi ölçüsü;

1.2.3. iqtisadi səmərəlilik - güzəştlərin bu Qaydaların 4.1.2-ci yarımbəndində qeyd olunan iqtisadi göstəricilərə təsirinin qiymətləndirilməsi ölçüsü;

1.2.4. sosial səmərəlilik - güzəştlərin bu Qaydaların 4.1.3-cü yarımbəndində qeyd olunan sosial göstəricilərə təsirinin qiymətləndirilməsi ölçüsü;

1.2.5. büdcə itkiləri - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”na uyğun olaraq güzəştlərin dövlət büdcəsinin gəlirlərinə təsirini qiymətləndirən ölçü.

1.3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra – Maliyyə Nazirliyi) Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi (bundan sonra – Güzəştlərin Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi) vasitəsilə vergi və gömrük sahəsində qüvvədə olan və ya təklif olunan güzəştlərin səmərəliliyinin qiymətləndirilməsini həyata keçirir. Maliyyə Nazirliyi tərəfindən güzəştlərin səmərəliliyinin qiymətləndirilməsinə dair arayış bu Qaydaların 6.6-cı və 6.7-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.

1.4. Bu Qaydalarda istifadə olunan digər anlayışlar “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

 

2. Güzəştlərin səmərəliliyinin qiymətləndirilməsi mərhələləri

 

2.1. Güzəştlərin səmərəliliyinin qiymətləndirilməsi mərhələləri aşağıdakılardır:

2.1.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”na uyğun olaraq Güzəştlərin Mərkəzləşdirilmiş Elekton Reyestr Sistemində məlumatların toplanması;

2.1.2. Güzəştlərin Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi vasitəsilə güzəştlərin səmərəliliyinin qiymətləndirilməsi və nəticələrinin təhlili;

2.1.3. qiymətləndirmənin nəticələrinin növbəti illər üzrə büdcəvergi siyasətinin əsas istiqamətlərində nəzərə alınması və normativ hüquqi aktların layihələrinin hazırlanması.

 

3. Güzəştlərin səmərəliliyinin qiymətləndirilməsinin müddəti

 

3.1. Qüvvədə olan güzəştlərin səmərəliliyinin qiymətləndirilməsi hesabat ilindən sonraki ilin iyul ayının 10-dək həyata keçirilir.

3.2. Qanunvericiliyə yeni təklif olunan güzəştlərin səmərəliliyinin qiymətləndirilməsi aşağıdakı müddətlərdə həyata keçirilir:

3.2.1. gömrük rüsumlarından, habelə Azərbaycan Respublikası Prezidentinin Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə əlavə dəyər vergisindən və aksiz vergisindən azad olunan mallar üzrə təklif təqdim edildiyi tarixdən 1 (bir) ay müddətində (əlavə məlumatların alınmasına ehtiyac yarandıqda, müddət əlavə bir ayadək uzadılır);

3.2.2. bu Qaydaların 3.2.1-ci yarımbəndində nəzərdə tutulmayan digər vergi güzəştlərinə münasibətdə növbəti ilin büdcə zərfi çərçivəsində.

 

4. Güzəştlərin səmərəliliyinin qiymətləndirilməsinin məlumat mənbələri

 

4.1. Güzəştlərin büdcə, iqtisadi və sosial baxımdan səmərəliliyinin qiymətləndirilməsi zamanı aşağıdakı göstəricilərdən istifadə olunur:

4.1.1. büdcə səmərəliliyi göstəriciləri:

1. güzəşt üzrə hesablanmış büdcə itkisi;

2. iqtisadi fəaliyyət sahəsi və güzəştdən istifadə edən vergi ödəyiciləri üzrə vergi və dövlət büdcəsinə daxil olan digər icbari ödənişlər;

3. güzəştdən istifadə edən şəxslərin sayı;

4.1.2. iqtisadi səmərəlilik göstəriciləri:

1. əlavə dəyər (istehsal);

2. istehlak;

3. iqtisadi fəaliyyət sahəsi üzrə ÜDM-in deflyator indeksi;

4. malların (işlərin, xidmətlərin) təqdim edilməsindən əldə edilən gəlir (dövriyyə);

5. mənfəət (gəlir)/zərər;

6. borc;

7. idxal;

8. ixrac;

9. torpaq sahəsi;

10. əmlakın orta illik dəyəri (o cümlədən əsas kapitala yönəldilən investisiya);

4.1.3. sosial səmərəlilik göstəriciləri:

1. işçilərin sayı;

2. əməkhaqqı fondu.

4.2. Bu Qaydaların 4.1-ci bəndində qeyd olunan göstəricilər Güzəştlərin Mərkəzləşdirilmiş Elektron Reyestr Sisteminə ötürülən aşağıdakı məlumat mənbələrindən əldə edilir:

4.2.1. qüvvədə olan güzəştlər üzrə:

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilən ölkənin iqtisadi və sosial inkişafı üzrə makroiqtisadi proqnoz göstəriciləri;

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilən bəyannamə məlumatları əsasında vergi növləri, iqtisadi fəaliyyət növləri, neft-qaz və qeyri-neft-qaz sektorları, mülkiyyət növləri və vergi ödəyicilərinin kateqoriyaları üzrə güzəşt verilən vergitutma bazası;

3. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin statistik məlumatları;

4. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin idxalixrac əməliyyatlarına dair göstəriciləri (güzəşt verilmiş xarici ticarət fəaliyyətinin iştirakçıları, güzəşt verilmiş xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə gömrük dəyəri, gömrük ödənişləri);

5. Maliyyə Nazirliyinin dövlət gəlirlərinin proqnozlaşdırılmasına və güzəştlər üzrə hesablanmış büdcə itkilərinə dair məlumatları;

6. büdcə təşkilatlarının, büdcədənkənar dövlət fondlarının, publik hüquqi şəxslərin və digər hüquqi və fiziki şəxslərin məlumatları;

4.2.2. vergi və gömrük güzəştləri üzrə müraciət formasına uyğun olaraq, büdcə təşkilatları, büdcədənkənar dövlət fondları və publik hüquqi şəxslər, habelə digər hüquqi və fiziki şəxslər tərəfindən təklif olunan güzəştlər üzrə Güzəştlərin Mərkəzləşdirilmiş Elektron Reyestr Sisteminə ötürülən əsaslandırılmış məlumatlar.

4.3. Güzəştlərin iqtisadi və sosial baxımdan səmərəliliyinin qiymətləndirilməsində güzəştlərin növündən və iqtisadi fəaliyyət sahəsindən asılı olaraq ən azı 3 (üç) göstəricidən istifadə edilir. Bu zaman güzəşt tətbiq olunan vergi növü üzrə vergitutma obyektinə, gömrük rüsumları üzrə isə malların gömrük dəyərinə aid göstəricilər nəzərə alınır.

 

5. Güzəştlərin səmərəliliyinin qiymətləndirilməsi metodologiyası

 

5.1. Bu Qaydaların 4-cü hissəsində qeyd olunan göstəricilər əsasında güzəştlərin büdcə, iqtisadi və sosial baxımdan səmərəliliyinin qiymətləndirilməsi:

5.1.1. büdcə səmərəliliyi əmsalı aşağıdakı düsturla hesablanır:

 

 

burada:

Öt - qiymətləndirilən ildə iqtisadi fəaliyyət sahəsi və güzəştdən istifadə edən vergi ödəyiciləri üzrə vergi və dövlət büdcəsinə daxil olan digər icbari ödənişlərin məbləği;

Ö0 - əvvəlki 2 (iki) ildə iqtisadi fəaliyyət sahəsi və güzəştdən istifadə edən vergi ödəyiciləri üzrə vergi və dövlət büdcəsinə daxil olan digər icbari ödənişlərin orta məbləği;

Gt - qiymətləndirilən ildə iqtisadi fəaliyyət sahəsi və güzəştdən istifadə edən vergi ödəyiciləri üzrə güzəştlərin səmərəliliyinin qiymətləndirilməsi üçün istifadə olunan göstəricinin məbləği (miqdarı);

G0 - əvvəlki 2 (iki) ildə iqtisadi fəaliyyət sahəsi və güzəştdən istifadə edən vergi ödəyiciləri üzrə güzəştlərin səmərəliliyinin qiymətləndirilməsi üçün istifadə olunan göstəricinin orta məbləği (miqdarı);

İt - qiymətləndirilən ildə güzəştdən istifadə edən iqtisadi fəaliyyət sahəsi üzrə ÜDM-in deflyator indeksi;

t - qiymətləndirilən ildə güzəşt üzrə hesablanmış büdcə itkisinin məbləği;

Vt - qiymətləndirilən ildə güzəştdən istifadə edən vergi ödəyicilərinin sayı;

Qeyd. Büdcə səmərəliliyi əmsalı hər bir iqtisadi və sosial göstərici baxımından ayrılıqda hesablanır və qiyməti 1-dən yuxarı olduqda, əmsal 1, 0-1 aralığında dəyişdikdə əmsal 0,3, 0-dan kiçik olduqda, əmsal 0 kimi götürülür.

5.1.2. iqtisadi səmərəlilik əmsalı aşağıdakı düsturla hesablanır:

 

 

burada:

t - güzəştlərin səmərəliliyinin qiymətləndirilməsində istifadə olunan iqtisadi səmərəlilik göstəricilərinin sayı;

Bi - “t” iqtisadi səmərəlilik göstəricisi üzrə hesablanmış bal;

5.1.3. sosial səmərəlilik əmsalı aşağıdakı düsturla hesablanır:

 

 

burada:

t - güzəştlərin səmərəliliyinin qiymətləndirilməsində istifadə olunan sosial səmərəlilik göstəricilərinin sayı;

Bi - “t” sosial səmərəlilik göstəricisi üzrə hesablanmış bal.

5.1.4. güzəştlərin iqtisadi və sosial səmərəliliyinin qiymətləndirilməsi üçün balların hesablanması zamanı bu Qaydaların 4.1.2-ci və 4.1.3-cü yarımbəndlərində qeyd olunan göstəricilər iqtisadi və (və ya) sosial vəziyyətə təsiri baxımından “A” və “B” qruplarına bölünür. Balların hesablanması zamanı həmin göstəricilərin “A” və ya “B” qruplarının hər ikisindən götürülməsi mütləq deyildir.

“A” qrupu üzrə güzəştlərin tətbiqi nəticəsində artırılması iqtisadi və (və ya) sosial vəziyyətə müsbət təsir edən göstəricilər:

1. əlavə dəyər (istehsal);

2. istehlak;

3. malların (işlərin, xidmətlərin) təqdim edilməsindən əldə edilən gəlir (dövriyyə);

4. mənfəət (gəlir);

5. ixrac;

6. torpaq sahəsi;

7. əmlakın orta illik dəyəri (o cümlədən əsas kapitala yönəldilən investisiya);

8. işçilərin sayı;

9. əməkhaqqı fondu.

“A” qrupu üzrə ballar (Bi) aşağıdakı düsturla hesablanır:

 

 

Qeyd. “А” qrupuna aid olan göstərici üzrə düsturda göstərilən müqayisə təmin edildiyi halda, “Bi = 1” bal, əks halda “Bi = 0” bal kimi qiymətləndirilir.

burada:

Gt - qiymətləndirilən ildə iqtisadi fəaliyyət sahəsi və güzəştdən istifadə edən vergi ödəyiciləri üzrə güzəştlərin səmərəliliyinin qiymətləndirilməsi üçün istifadə olunan göstəricinin məbləği (miqdarı);

İt - qiymətləndirilən ildə güzəştdən istifadə edən iqtisadi fəaliyyət sahəsi üzrə ÜDM-in deflyator indeksi;

Vt - qiymətləndirilən ildə güzəştdən istifadə edən vergi ödəyicilərinin sayı;

G0 - əvvəlki 2 (iki) ildə iqtisadi fəaliyyət sahəsi və güzəştdən istifadə edən vergi ödəyiciləri üzrə güzəştlərin səmərəliliyinin qiymətləndirilməsi üçün istifadə olunan göstəricinin orta məbləği (miqdarı);

V0 - əvvəlki 2 (iki) ildə güzəştdən istifadə edən vergi ödəyicilərinin orta sayı;

“B” qrupu üzrə güzəştlərin tətbiqi nəticəsində azaldılması iqtisadi və (və ya) sosial vəziyyətə müsbət təsir edən göstəricilər:

1) zərər;

2) idxal;

3) borc.

“B” qrupu üzrə ballar (Bi) aşağıdakı düsturla hesablanır:

 

 

Qeyd. “B” qrupuna aid olan göstərici üzrə düsturda göstərilən müqayisə təmin edildiyi halda, “Bi = 1” bal, əks halda “Bi = 0” bal kimi qiymətləndirilir.

burada:

Gt - qiymətləndirilən ildə iqtisadi fəaliyyət sahəsi və güzəştdən istifadə edən vergi ödəyiciləri üzrə güzəştlərin səmərəliliyinin qiymətləndirilməsi üçün istifadə olunan göstəricinin məbləği (miqdarı);

İt - qiymətləndirilən ildə güzəştdən istifadə edən iqtisadi fəaliyyət sahəsi üzrə ÜDM-in deflyator indeksi;

Vt - qiymətləndirilən ildə güzəştdən istifadə edən vergi ödəyicilərinin sayı;

G0 - əvvəlki 2 (iki) ildə iqtisadi fəaliyyət sahəsi və güzəştdən istifadə edən vergi ödəyiciləri üzrə güzəştlərin səmərəliliyinin qiymətləndirilməsi üçün istifadə olunan göstəricinin orta məbləği (miqdarı);

V0 - əvvəlki 2 (iki) ildə güzəştdən istifadə edən vergi ödəyicilərinin orta sayı.

5.2. Güzəştlərin səmərəliliyinin yekun qiymətləndirilməsi üzrə inteqral səmərəlilik əmsalı (Sig) aşağıdakı düsturla hesablanır:

 

 

burada:

B - büdcə səmərəliliyi əmsalının qiyməti;

B - büdcə səmərəliliyi əmsalının xüsusi çəkisi 0,2-yə bərabər götürülür;

İ - iqtisadi səmərəlilik əmsalının qiyməti;

İ - iqtisadi səmərəlilik əmsalının xüsusi çəkisi 0,6-ya bərabər götürülür;

S - sosial səmərəlilik əmsalının qiyməti;

S - sosial səmərəlilik əmsalının xüsusi çəkisi 0,2-yə bərabər götürülür.

 

Qeydlər:

1. Səmərəlilik əmsallarından hər hansı birini müəyyən etmək mümkün olmadıqda, həmin əmsal sıfır kimi qəbul olunur, xüsusi çəki isə digər iki səmərəlilik əmsalları arasında bərabər bölünür.

2. Səmərəlilik əmsallarından ikisini müəyyən etmək mümkün olmadıqda, inteqral səmərəlilik əmsalı hesablanmır.

3. Büdcə səmərəliliyi əmsalının qiymətində bu Qaydaların 5.1.1-ci yarımbəndinə uyğun olaraq iqtisadi və sosial göstəricilərin hər biri üzrə hesablanmış büdcə səmərəliliyi əmsallarının ədədi ortası nəzərə alınır.

 

6. Güzəştlərin səmərəliliyinin qiymətləndirilməsi üzrə nəticələrin təhlili

 

6.1. Qüvvədə olan güzəştlərin səmərəliliyinin qiymətləndirilməsi üzrə nəticələrə dair arayış hesabat ilindən sonraki ilin avqust ayının 1-dək tərtib edilir.

6.2. Qanunvericiliyə yeni təklif olunan güzəştlərin səmərəliliyinin qiymətləndirilməsi üzrə nəticələrə dair arayış aşağıdakı müddətlərdə tərtib edilir:

6.2.1. gömrük rüsumlarından, habelə Azərbaycan Respublikası Prezidentinin Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə əlavə dəyər vergisindən və aksiz vergisindən azad olunan mallar üzrə təklifin bu Qaydaların 3.2.1-ci yarımbəndinə əsasən qiymətləndirilməsi aparılan tarixdən sonrakı 1 (bir) ay müddətində (əlavə məlumatların alınmasına ehtiyac yarandıqda, müddət əlavə bir ayadək uzadılır);

6.2.2. bu Qaydaların 6.2.1-ci yarımbəndində nəzərdə tutulmayan digər vergi güzəştlərinə münasibətdə növbəti ilin büdcə zərfi çərçivəsində.

6.3. İnteqral səmərəlilik əmsalına əsasən güzəştlərin səmərəliliyi aşağıdakı kimi qiymətləndirilir:

6.3.1. əmsal 0,3-dən aşağı olduqda - səmərəsiz;

6.3.2. əmsal 0,3-0,6 aralığında olduqda (0,6 əmsal daxil olmaqla) - səmərəli;

6.3.3. əmsal 0,6-1,0 aralığında olduqda (1,0 əmsal daxil olmaqla) - yüksək səmərəli.

6.4. Büdcə, iqtisadi və sosial səmərəlilik əmsallarından ikisini müəyyən etmək mümkün olmadıqda, inteqral səmərəlilik əmsalı hesablanmır və güzəştin sosial-iqtisadi mahiyyəti nəzərə alınmaqla qərar qəbul olunur.

6.5. Güzəştlərin səmərəliliyinin qiymətləndirilməsi üzrə nəticələrə dair arayışda aşağıdakılar əks etdirilir:

6.5.1. güzəşt növü;

6.5.2. iqtisadi fəaliyyət növü;

6.5.3. güzəştdən istifadə edən kateqoriyalar (beynəlxalq müqavilə və konvensiyalar, büdcə təşkilatları, büdcədənkənar dövlət fondları, publik hüquqi şəxslər, sahibkarlıq fəaliyyəti və sosial xarakterli güzəştlər);

6.5.4. güzəştlərin büdcə, iqtisadi və sosial səmərəlilik göstəricilərinə təsiri;

6.5.5. güzəştlərə yenidən baxılmasına dair təkliflər.

6.6. Maliyyə Nazirliyi avqust ayının 1-dən gec olmayaraq, güzəştlərin səmərəliliyinin qiymətləndirilməsi üzrə nəticələrə dair arayışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə, həmin qurumlar isə avqust ayının 15-dən gec olmayaraq arayışa dair rəy və təkliflərini Maliyyə Nazirliyinə təqdim edirlər.

6.7. Maliyyə Nazirliyi güzəştlərin səmərəliliyinin qiymətləndirilməsi üzrə nəticələrə dair arayışı “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11.15-ci maddəsinə əsasən növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı 3 (üç) il üçün icmal büdcənin göstəriciləri ilə birlikdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status