AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
08.12.2020
QEYDİYYAT NÖMRƏSİ
488
ADI
Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 09-12-2020, Nəşr Nömrəsi: 258), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.12.2020, Nəşr nömrəsi: 12 (V kitab), Maddə nömrəsi: 1592)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
14.12.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.070.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202012080488
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
10.12.2020
“Məntəqə seçki komissiyasının formalaşdırılması qaydaları haqqında Təlimat”ın təsdiq edilməsinə dair

Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bu Qərarın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılsın. [1]

2. Bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyətləri aşağıdakı qaydada tətbiq edilsin:

2.1. Aşağıdakı şəxslərin xidməti vəsiqə əsasında hərəkət etmələrinə yol verilir:

2.1.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin, Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin, Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin əməkdaşları;

2.1.2. Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;

2.1.3. mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri (müavinlərin şəhərlərarası və rayonlararası hərəkətinə ezamiyyə vərəqələri əsasında);

2.1.4. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və Aparatının əməkdaşları (əməkdaşların şəhərlərarası və rayonlararası hərəkətinə ezamiyyə vərəqələri əsasında);

2.1.5. dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri (müavinlərin şəhərlərarası və rayonlararası hərəkətinə ezamiyyə vərəqələri əsasında);

2.1.6. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları (əməkdaşların şəhərlərarası və rayonlararası hərəkətinə ezamiyyə vərəqələri əsasında);

2.1.7. hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər;

2.1.8. Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları, habelə onların yerli heyəti (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında);

2.1.9. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin əməkdaşları.

2.2. Aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir:

2.2.1. bu Qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyətinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs və onun işçiləri;

2.2.2. “icaze.e-gov.az” portalına daxil edildikdən sonra hərəkətinə yol verilən dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər müəssisələrin əməkdaşları (2 nömrəli əlavə);

2.2.3. fəaliyyətinin davam etdirilməsinə icazə verilməyən özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları;

2.2.4. dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları.

2.2-1. Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin yaşadıqları və olduqları yerdən hərəkətinə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırış vərəqəsi və ya tibbi müayinədən keçmək üçün göndərişi əsasında, hərbi xidmətdən tərxis olunan şəxslərin yaşadıqları və olduqları yerə gəlməsinə isə onların hərbi bileti və müvafiq hərbi hissə tərəfindən verilmiş vərəqə əsasında yol verilir. [2]

2.3. Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı məsələlər bu Qərarın 3 nömrəli əlavəsi ilə tənzimlənir.

2.4. “ASAN Könüllüləri” İctimai Birliyi, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatı, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” tələbə-könüllüləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin hərəkətinə onlar barədə məlumatlar “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

2.5. Bu Qərarın 2.2-ci və 2.4-cü bəndlərində göstərilən şəxslər bu Qərarın 1-ci hissəsində qeyd olunan ərazilərin arasında və onların hüdudlarından kənara işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edilən ezamiyyə vərəqələri əsasında hərəkət edirlər.

2.6. Digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir:

2.6.1. təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar;

2.6.2. ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar;

2.6.3. yaxın qohumunun dəfnində iştirakla əlaqədar.

2.7. Bu Qərarın 2.6.1-ci və 2.6.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər (SMS – məlumatlar və “E-Təbib” mobil tətbiqindən istifadə ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı iki indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir:

2.7.1. 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda, olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);

2.7.2. 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması (ərzaq mağazalarından, supermarketlərdən, bazar və aptekdən), dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir);

2.8. Şəxsiyyəti təsdiq edən məlumatlar aşağıdakılardır:

2.8.1. Azərbaycan Respublikasının vətəndaşları üçün – şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn, AZE11111111);

2.8.2. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ (DYİ)1111111);

2.8.3. Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriyası və nömrəsi (MOM1111111);

Nümunə: ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün 2 AZE1111111 məzmunlu SMS məlumatı göndərilməlidir.

2.9. “E-Təbib” mobil tətbiqində icazələrin alınması aşağıdakı qaydada həyata keçirilir:

2.9.1. tətbiqetməyə daxil olan zaman mobil nömrə daxil edilir və ya müvafiq sosial şəbəkə hesabı ilə giriş edilir;

2.9.2. mobil nömrə daxil edilərkən, həmin nömrəyə geri gələn “OTP” kodu daxil edilir;

2.9.3. giriş etdikdən sonra “lisenziya razılaşma” bölməsinə daxil olunur və razılaşdıqdan sonra “təsdiq edirəm” düyməsi sıxılır;

2.9.4. “Bluetooth” və “GPS” sistemi işlək vəziyyətə gətirilir:

1. açılan əsas səhifədə “icazələr” bölməsinə keçid edilir;

2. tələb olunan “FİN” kodu və doğum tarixi daxil edilir;

3. icazənin növü seçilir (1 və ya 2);

4. “Göndər” düyməsi sıxılır;

2.9.5. “Təsdiq” və ya “İmtina” mesajı gələnə qədər gözləmə mesajı ekranda görünür;

2.9.6. “Təsdiq” mesajı gəldikdən sonra icazə alınmış sayılır.

2.10. Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS-məlumatda və ya “E-Təbib” mobil tətbiqində icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər.

2.11. Bu Qərarın 2.6.3-cü yarımbəndində göstərilən əsasla yaşayış yerini və olduğu yeri tərk etmək üçün hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin “102” Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.

2.12. Aşağıdakı hallarda şəxsin yaşayış yerini və olduğu yeri SMS göndərmədən və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə icazə almadan tərk etmək hüququ vardır:

2.12.1. həyat və sağlamlığına bilavasitə təhlükəli vəziyyət yarandıqda;

2.12.2. məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda (məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırılmasına dair sənəd əsasında).

2.13. SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə, “E-Təbib” mobil tətbiqindən istifadə ilə bağlı yaranan çətinliklərlə əlaqədar isə 8113 Çağrı Mərkəzinə müraciət edilə bilər.

2.14. Müvafiq dövlət qurumları və özəl hüquqi şəxslər əməkdaşları barədə, habelə müvafiq könüllülər təşkilatları könüllülər barədə məlumatları “icaze.e-gov.az” portalına 2020-ci il 9 dekabr tarixindən saat 10:00-dan etibarən daxil etməlidirlər.

3. Operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin nəqliyyat vasitələri hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış dayandırılsın.

4. Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir.

5. Bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin üzərilərində olması məcburidir.

6. Bu Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

7. Bu Qərarla müəyyən edilmiş tələblərə riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

8. Bu Qərara uyğun olaraq fəaliyyətinə icazə verilmiş sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşları və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və onların işçilərinin barəsində məlumatların işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir və “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi, habelə yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS sistemi və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə edilməsi halları aşkar edildikdə, bu barədə məlumatlar məsuliyyət tədbirlərinin görülməsi üçün aidiyyəti üzrə təqdim edilir.

9. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2020, № 9 maddələr 1209, 1231; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 oktyabr tarixli 386 nömrəli, 14 oktyabr tarixli 387 və 390 nömrəli, 16 oktyabr tarixli 395 nömrəli, 23 oktyabr tarixli 410 nömrəli, 28 oktyabr tarixli 426 və 427 nömrəli, 6 noyabr tarixli 443 nömrəli, 19 noyabr tarixli 450 nömrəli, 5 dekabr tarixli 485 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

9.1. 1.1-ci bənddə “2020-ci il 28 dekabr” sözləri “2021-ci il 31 yanvar” sözləri ilə əvəz edilsin;

9.2. 1.1.16-cı yarımbənd ləğv edilsin.

10. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə qüvvəsini saxlayır.

11. Bu Qərar 2020-ci il 14 dekabr tarixindən qüvvəyə minir.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 8 dekabr 2020-ci il

                      № 488

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli 488 nömrəli Qərarına

 

1 nömrəli əlavə

 

Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin

 

SİYAHISI

 

1. Səhiyyə və sosial xidmət sahələri üzrə:

1.1. elmi tədqiqat və laborator xidmətləri;

1.2. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər;

1.3. baytarlıq xidmətləri;

1.4. tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı;

1.5. sosial xidmətlər;

1.6. əqli və hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti.

2. İnfrastruktur sahəsi üzrə:

2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması);

2.2. elektrik enerjisinin istehsalı və təchizatı;

2.3. su təchizatı və meliorasiya;

2.4. telekommunikasiya və rabitə xidmətləri.

3. Nəqliyyat və logistika sahəsi üzrə:

3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;

3.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;

3.3. logistika xidmətləri;

3.4. ictimai nəqliyyat və taksi xidmətləri.

4. Əsas istehsalat sahələri üzrə:

4.1. müdafiə sənayesi məhsullarının istehsalı;

4.2. maşınqayırma sənayesi üzrə fəaliyyət;

4.3. neft avadanlıqları və qurğularının istehsalı;

4.4. qida məhsullarının və onlar üçün xammalın istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;

4.5. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

4.6. kimyəvi məhsulların istehsalı;

4.7. kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti;

4.8. əkinçilik və məhsul yığımı;

4.9. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

4.10. neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi;

4.11. metallurgiya sənayesi üzrə fəaliyyət;

4.12. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

4.13. mühəndislik və layihələndirmə xidmətləri;

4.14. mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri;

4.15. qablaşdırma məhsullarının istehsalı;

4.16. daş, metal və taxta məhsullarının istehsalı;

4.17. mebel istehsalı və təmiri;

4.18. diri heyvanların kəsimi.

5. Pərakəndə və topdansatış üzrə:

5.1. ərzaq mağazaları (supermaketlər, bazarlar);

5.2. apteklər;

5.3. yanacaqdoldurma məntəqələri;

5.4. Azərbaycan Respublikasının ərazisində bütün ticarət obyektləri (nəzdində ərzaq mağazası və apteklər istisna olmaqla) tərəfindən yalnız çatdırılma xidmətinin göstərilməsi (və ya onlayn satış);

5.5. Azərbaycan Respublikasının ərazisində ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yalnız çatdırılma xidmətlərinin göstərilməsi (və ya onlayn satış).

6. Məişət xidmətləri üzrə:

6.1. məişət tullantılarının yığılması və utilizasiyası;

6.2. poçt xidmətləri;

6.3. kimyəvi təmizləmə;

6.4. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;

6.5. avtomobillərin təmiri;

6.6. avtomobil yuyulma məntəqələri;

6.7. heyvan sığınacaqları;

7. Kütləvi informasiya vasitələri.

8. Maliyyə təşkilatları üzrə:

8.1. banklar və bank olmayan kredit təşkilatları, lombardlar;

8.2. investisiya şirkətləri, fond birjaları;

8.3. sığorta təşkilatları;

8.4. ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar.

9. Xüsusi xidmət növləri üzrə:

9.1. çatdırılma xidmətləri;

9.2. məişət avadanlıqlarının, kompüter və mobil cihazların təmiri;

9.3. dezinfeksiya xidmətləri.

10. Vəkillik fəaliyyəti.

11. Otellərin fəaliyyəti.

12. Tamaşaçıların iştirakı olmadan açıq havada rəsmi idman yarışlarının keçirilməsi, habelə beynəlxalq idman yarışlarına hazırlıq üzrə tədbirlərin təşkili.

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli 488 nömrəli Qərarına

 

2 nömrəli əlavə

 

Əməkdaşları “icaze.e-gov.az” portalına daxil edildikdən sonra hərəkətinə yol verilən dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər müəssisələrin

 

SİYAHISI

 

1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi

4. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

7. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

8. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi

9. Azərbaycan Respublikasının Energetika Nazirliyi

10. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

11. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

12. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

13. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

14. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

15. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

16. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

17. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi

18. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

19. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

20. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

21. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi

22. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

23. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi

24. Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası

25. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)

26. Azərbaycan Respublikasının Mərkəzi Bankı, dövlətə məxsus banklar

27. Azərbaycan Respublikasının Dövlət Neft Fondu

28. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları

29. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

30. Dənizkənarı Bulvar İdarəsi

31. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

32. Azərbaycan Respublikasının Hesablama Palatası

33. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu

34. Əmanətlərin Sığortalanması Fondu

35. Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu

36. “Azərkontrakt” Səhmdar Cəmiyyəti

37. “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilat

38. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti

39. “Azəriqaz” İstehsalat Birliyi

40. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

41. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti

42. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti

43. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (onun törəmə və birgə müəssisələri)

44. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti

45. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti

46. “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti

47. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti

48. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti

49. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti

50. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

51. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti

52. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

53. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti

54. Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi

55. Bakı Nəqliyyat Agentliyi

56. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti

57. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti

58. Dövlət Dəniz Agentliyi

59. Dövlət Mülki Aviasiya Agentliyi

60. Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi

61. “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti

62. “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti

63. “AzInTelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti

64. “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti

65. Dövlət Avtomobil Nəqliyyatı Xidməti

66. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi

67. “Azercell Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti

68. “Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyəti

69. “AzerFon” Məhdud Məsuliyyətli Cəmiyyəti

70. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət və sosial reabilitasiya müəssisələri

71. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrinin əməkdaşları

72. Məişət tullantılarının yığılması və utilizasiyası müəssisələri.

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli 488 nömrəli Qərarına

 

3 nömrəli əlavə

 

Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı

 

TƏLİMAT

 

1. Ümumi müddəa

 

1.1. Bu Təlimat xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı ilə məşğul olan şəxslərin, o cümlədən yardımçı sahələrdə (xammal, istehsal vasitələrinin (gübrə, pestisid, toxum, baytarlıq preparatlarının, bitki mühafizə vasitələrinin, texnika və materialların, aqrokimyəvi maddələrin) istehsalı, idxalı, satışı və aqrotexniki xidmətlərin göstərilməsi) fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı qaydaları müəyyən edir.

 

2. Şəxslərin hərəkətini zəruri edən hallar

 

2.1. Xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı ilə məşğul olan şəxslərin və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkətinə aşağıdakı hallarda yol verilir:

2.1.1. kənd təsərrüfatı məhsullarının və xammalının istehsalı, idxalı, tədarükü, təchizatı, saxlanması, daşınması, emalı, satışı, utilizasiyası ilə bağlı fəaliyyət;

2.1.2. heyvandarlıq sahəsində fermer fəaliyyəti: baytarlıq tədbirlərinin aparılması, heyvanların yemlənməsi, məhsullarının toplanması, daşınması (heyvan və ya məhsul), satışı, kəsilməsi, soyuducuya yığılması, utilizasiyası, iri və xırdabuynuzlu heyvanların qış otlaqlarından yay otlaqlarına aparılması;

2.1.3. bitkiçilik sahəsində fermer fəaliyyəti: şum, səpin, əkin, suvarma, budama və digər aqrotexniki qulluq (dərmanlama, gübrələmə və s.), məhsul yığımı, daşınması, anbara yığılması;

2.1.4. gübrə, pestisid, toxum, baytarlıq preparatlarının, bitki mühafizə vasitələrinin, suvarma və kənd təsərrüfatı texnika və materiallarının, aqrokimyəvi maddələrin istehsalı, idxalı, daşınması, satışı, qurulması və tətbiqi;

2.1.5. aqrotexniki və baytarlıq xidmətlərinin göstərilməsi;

2.1.6. heyvanlar üçün yem satış məntəqələrinin fəaliyyəti.

 

3. Hərəkətinə icazə verilən şəxslərin siyahısı

 

3.1. Bu Təlimatın 2.1-ci bəndində göstərilən sahələr üzrə fəaliyyət göstərən aşağıdakı şəxslərin rayon və şəhərdaxili, habelə rayonlar və şəhərlərarası hərəkətinə icazə verilir:

3.1.1. fermerlər (kənd təsərrüfatı məhsullarının istehsalçıları);

3.1.2. tədarükçülər və təchizatçılar;

3.1.3. aqronomlar;

3.1.4. baytar həkimlər;

3.1.5. zootexniklər;

3.1.6. süni mayalanma mütəxəssisləri;

3.1.7. mövsümi işçilər (budama, alaqlama, məhsul yığımı və s. sahələrdə);

3.1.8. mexanizatorlar (kənd təsərrüfatı texnikalarını idarə etmək hüququ olan şəxslər);

3.1.9. bu Təlimatın 2.1-ci bəndində göstərilən sahələr üzrə fəaliyyət göstərən şəxslərin işçiləri.

3.2. Bu Təlimatın 3.1-ci bəndi ilə müəyyən edilən şəxslər ilə birgə onların istifadəsində olan nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.

 

4. Şəxslərin hərəkətinin təşkili

 

4.1. Hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər – bu Təlimatın 2.1-ci bəndində göstərilən sahələrdə fəaliyyət göstərəcək əməkdaşları barədə məlumatları gücləndirilmiş elektron imza vasitəsilə “icaze.e-gov.az” portalına daxil etdikdən sonra onların şəhərlərarası, rayonlararası, habelə rayon daxilində hərəkətinə (nəqliyyat vasitələri ilə birgə) yol verilir.

4.2. Bu Təlimatın 4.1-ci bəndində göstərilənlər istisna olmaqla, bu Təlimatın 3.1-ci bəndi ilə müəyyən edilən şəxslərin hərəkəti aşağıdakı qaydada həyata keçirilir:

4.2.1. olduğu kənd daxilində - sərbəst qaydada;

4.2.2. olduğu rayon daxilində (kəndlərarası, rayon-kənd, kənd-rayon) - yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəliklərinin arayışı ilə (1 nömrəli əlavə);

4.2.3. rayonlar arasında - mexanizator, “Elektron Kənd Təsərrüfatı” informasiya sistemində (bundan sonra – EKTİS) qeydiyyatdan keçmiş fermer, təchizatçı, tədarükçü - olduğu rayon dövlət aqrar inkişaf mərkəzinin (bundan sonra – DAİM), digərləri - olduğu rayon yerli icra hakimiyyəti orqanının arayışı ilə (2 nömrəli əlavə);

4.2.4. Bakı-Sumqayıt şəhərləri - rayon arasında - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyi və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin arayışı ilə (3 nömrəli əlavə).

4.3. Bu Təlimatın 4.2-ci bəndi ilə müəyyən edilən qurumlar müvafiq arayışların verilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməlidirlər.

4.4. Bu Təlimatda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin, habelə bu Təlimatın 4.2-ci bəndi ilə müəyyən edilmiş sənədin üzərlərində olması məcburidir.

4.5. Bu Təlimatda nəzərdə tutulmuş qaydada hərəkətin təşkili, habelə hərəkət zamanı xüsusi karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

4.6. Bu Təlimatın tələblərinə əməl etməyən DAİM və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşları barədə şəxslər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə (1652) müraciət edə bilərlər.

4.7. Bu Təlimatın tələblərinə əməl etməyən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları barədə şəxslər Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Çağrı Mərkəzinə (1003) müraciət edə bilərlər.

4.8. Bu Təlimatın tələblərinə əməl etməyən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları barədə şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zəng Mərkəzinə (102) müraciət edə bilərlər.

4.9. Müraciət əsaslı hesab olunduqda, bu hal əməkdaşın intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

4.10. Bu Təlimatın tələblərinin pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqdır.

 


 

 

“Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı

Təlimat”a

 

1 nömrəli əlavə

 

Şəxsin rayon daxilində hərəkətinə icazə verilməsi haqqında

 

ARAYIŞ

 

_____________________________________________________________________________

(adı, soyadı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi)

 

_____________________________________________________________________________

 

fəaliyyəti ilə məşğul olmaq üçün ___________________________ rayonunun (şəhərinin) _______________________ kəndindən (qəsəbəsindən) ______________________ kəndinə (şəhərinə, qəsəbəsinə) səyahət edir.

 

Arayış “_____”____________ 202 _______ ilədək etibarlıdır.

 

________________________________________

            (vəzifəli şəxsin soyadı, adı, möhür, imza)

 

“_____”__________ 202 ____ il

 


 

“Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı

Təlimat”a

2 nömrəli əlavə

 

Şəxsin rayonlararası hərəkətinə icazə verilməsi haqqında

 

ARAYIŞ

 

_____________________________________________________________________________

(adı, soyadı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi)

 

____________________________________________________________________________

 

fəaliyyəti ilə məşğul olmaq üçün _____________________ rayonunun (şəhərinin) ___________________ kəndindən (qəsəbəsindən) ___________________ kəndinə (şəhərinə, qəsəbəsinə) səyahət edir.

 

Arayış “_____”____________ 202 _______ ilədək etibarlıdır.

 

________________________________________

            (vəzifəli şəxsin soyadı, adı, möhür, imza)

 

“____” __________ 202 ____ il

 


 

“Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı

Təlimat”a

3 nömrəli əlavə

 

Şəxsin ____________________ rayona hərəkətinə icazə verilməsi haqqında

 

ARAYIŞ

 

___________________________________________________________________________

(adı, soyadı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi)

 

___________________________________________________________________________

 

fəaliyyəti ilə məşğul olmaq üçün ____________________________ rayonunun (şəhərinin)

_____________________ kəndindən (qəsəbəsindən) ________________________ kəndinə

(şəhərinə, qəsəbəsinə) səyahət edir.

 

Arayış “_____”____________ 202 _______ ilədək etibarlıdır.

 

_____________________________________________

                   (vəzifəli şəxsin soyadı, adı, möhür, imza)

 

 

 “_____”__________ 202 ____ il

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       24 dekabr 2020-ci il tarixli 509 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1610)

2.       16 yanvar 2021-ci il tarixli 9 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 17 yanvar 2021-ci il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 92)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 16 yanvar 2021-ci il tarixli 9 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 17 yanvar 2021-ci il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 92) ilə 1-8-ci və 10-cu hissələr ləğv edilmişdir.

 

[2] 24 dekabr 2020-ci il tarixli 509 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1610) ilə yeni məzmunda 2.2-1-ci bənd əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status