AKTIN NÖVÜ
Təhsil Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
18.01.2021
QEYDİYYAT NÖMRƏSİ
KQ-01
ADI
“Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
22.01.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15202101180001
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
21.01.2021
“Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası”nın təsdiq edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

18.01.2021

Qeydiyyat nömrəsi

KQ-01

Adı

“Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

22.01.2021

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

190.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15202101180001

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

21.01.2021

 

 

Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili ilə əlaqədar, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 9.2-ci bəndini və 16-cı hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyası qərara alır:

1. “Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının Hüquq şöbəsinə (R.Hüseynov) tapşırılsın ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsi (V.Yaqublu) və Ümumi təhsilin təşkili və idarəolunması şöbəsi (R.Tağıyev) bu qərardan irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

4. Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının Vətəndaşların müraciətləri ilə iş və kommunikasiya şöbəsi (R.Xanlarov) bu qərarın ümumi təhsil müəssisələrinə göndərilməsini, “Azərbaycan müəllimi” qəzetində dərc edilməsini və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

 

Kollegiyanın sədri,

Nazir

 

Emin Əmrullayev

 

 


 

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 18 yanvar 2021-ci il tarixli KQ-01 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmişdir.

 

“Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası

 

1. Ümumi müddəalar

 

Bu Qayda xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili müddətində summativ qiymətləndirmənin aparılması və yarımillik qiymətlərin hesablanması məsələlərini tənzimləyir.

 

2. Summativ qiymətləndirmə

 

2.1. Summativ qiymətləndirmə hər bir fənn üzrə təhsil proqramında (kurikulumda) müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsi ilə bağlı təhsilalanların əldə etdiyi nailiyyətlərin müəyyən olunması məqsədilə yarımilliyin sonunda bir dəfə olmaqla distant formada aparılır.

2.2. I sinif şagirdlərinin summativ qiymətləndirilməsi aparılmır.

2.3. II-XI sinif şagirdlərinin tədris ilində bütün fənlər üzrə summativ qiymətləndirilməsi fənni tədris edən müəllim tərəfindən aparılır.

2.4. Summativ qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülür.

2.5. Summativ qiymətləndirmədə tapşırıqvermə üsulundan (test, inşa, çalışma, şifahi sorğu, yaradıcılıq və əl işləri, layihə) istifadə olunur.

2.6. Summativ qiymətləndirmə 45-60 dəqiqə ərzində təşkil olunur.

2.7. Summativ qiymətləndirmədə istifadə olunan qiymətləndirmə vasitələri (suallar) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası"nın tələbləri nəzərə alınmaqla hazırlanır. Suallar hər bir sinif və fənn üzrə 4 səviyyədə tərtib edilir. 1-ci səviyyə ən aşağı, 4-cü səviyyə isə ən yüksək səviyyəni əks etdirir. Suallar müxtəlif mürəkkəblik səviyyəsində hazırlanır. 1-ci və 2-ci səviyyəyə təhsilalanların əksəriyyətinin cavablandıra biləcəyi suallar aid edilir. 3-cü və 4-cü səviyyəyə daha hazırlıqlı şagirdlərin cavablandıra biləcəyi suallar aid edilir. Səviyyələr üzrə sualların qiymətləndirmə ballarının 100 ballıq şkalada bölgüsü aşağıdakı kimi nəzərdə tutulur:

2.7.1. 1-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir;

2.7.2. 2-ci səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;

2.7.3. 3-cü səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;

2.7.4. 4-cü səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir.

2.8. Şagirdin ballarının “2”, “3”, “4”, “5” qiymətlərinə uyğunluğu aşağıdakı qaydada müəyyənləşdirilir:

2.8.1. 30-dək (30 daxil olmaqla) olan ballar “2” qiyməti ilə;

2.8.2. 30-dan 60-dək (60 daxil olmaqla) olan ballar “3” qiyməti ilə;

2.8.3. 60-dan 80-dək (80 daxil olmaqla) olan ballar “4” qiyməti ilə;

2.8.4. 80-dən 100-dək (100 daxil olmaqla) olan ballar “5” qiyməti ilə.

2.9. Üzrsüz səbəbdən summativ qiymətləndirmədə iştirak etməyən təhsilalanın həmin qiymətləndirmələr üzrə balı “0” qəbul olunur.

2.10. Təhsilalan summativ qiymətləndirmədə üzrlü səbəbdən (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə, sürətli internet bağlantısı və ya internetə çıxışı olmadıqda, texniki imkanları məhdud olduqda) iştirak edə bilmədikdə, müvafiq qiymətləndirmə günündən sonra növbəti 1 (bir) ay müddətində onun üçün summativ qiymətləndirmə təşkil edilir. Sürətli internet bağlantısı və ya internetə çıxışı olmaması səbəbindən şagirdin qiymətləndirmədə iştirak edə bilməməsi halında təhsil müəssisəsi tərəfindən şagirdin əyani formada qiymətləndirmədə iştirakı üçün müvafiq şərait yaradılması təmin olunur. Qeyd olunan müddətdə təhsilalan qiymətləndirmədə hər hansı səbəbdən iştirak etmədikdə qiymətləndirmə üzrə balı “0” qəbul olunur.”

 

3. Yarımillik qiymətlərin hesablanması

 

Summativ qiymətləndirmə nəticəsində müəyyən edilmiş ballar şagirdlərin yarımillik balları və qiymətləri hesab olunur və sinif jurnalında müvafiq qaydada yazılır.

 

4. Yekun müddəalar

 

4.1. Bu Qayda xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili müddətində qüvvədədir.

4.2. Bu Qaydanın qüvvədə olduğu müddətdə “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası” bu Qaydaya zidd olmayan hissədə tətbiq edilir.

 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status