AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
29.01.2021
QEYDİYYAT NÖMRƏSİ
20
ADI
“Startapın müəyyən olunması meyarları”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 31-01-2021, Nəşr Nömrəsi: 22), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.01.2021, Nəşr nömrəsi: 1, Maddə nömrəsi: 103)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.01.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.030.010
110.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202101290020
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
03.02.2021
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Startapın müəyyən olunması meyarları”nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Startapın müəyyən olunması meyarları” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 29 yanvar 2021-ci il

                       № 20

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 yanvar tarixli 20 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Startapın müəyyən olunması

 

MEYARLARI

 

1. Ümumi müddəalar

 

1.1. Startapın müəyyən olunması Meyarları (bundan sonra – sənəd) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.80-ci maddəsinə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu sənəddə istifadə olunan anlayışlar Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

 

2. “Startap” şəhadətnaməsini əldə etmək üçün müraciət edən şəxslərə və onların təqdim edəcəyi məhsula (xidmətə) dair meyarlar

 

2.1. “Startap” şəhadətnaməsini əldə etmək üçün müraciət edən şəxslərə (bundan sonra – ərizəçi) dair meyarlar aşağıdakılardır:

2.1.1. mikro və ya kiçik sahibkarlıq subyekti olması;

2.1.2. orta və (və ya) iri sahibkarlıq subyekti olan təsisçilərin hüquqi şəxsdə payının 49 faizdən çox olmaması;

2.1.3. rezident vergi ödəyicisi olması.

2.2. Ərizəçilərin təqdim edəcəyi məhsula (xidmətə) dair meyarlar aşağıdakılardır:

2.2.1. məhsulun (xidmətin) gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunması;

2.2.2. innovativ təşəbbüsə əsaslanan olması:

1. mövcud istehsal və ya xidmət proseslərinin yeni formada təşkili ilə əlavə dəyərin yaradılması;

2. yeni texnologiyanın tətbiqi ilə əlavə dəyərin formalaşması;

2.2.3. rəqabətqabiliyyətli olması;

2.2.4. qısamüddətli (3 ilədək) perspektivdə yaradılan məhsula (xidmətə) olan tələbin əsaslandırılmış formada artımının proqnozlaşdırılması;

2.2.5. digər startap məhsulu (xidməti) ilə eynilik təşkil etməməsi.

 

3. “Startap” şəhadətnaməsinin alınması qaydası

 

3.1. “Startap” şəhadətnaməsini almaq üçün ərizəçi bu sənədin 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş ərizə ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (bundan sonra – Agentlik) müraciət edir. Ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə yazılı formada və ya elektron qaydada Agentliyə təqdim edilir. Ərizə hüquqi şəxsin qanuni təmsilçisi və ya fiziki şəxsin özü tərəfindən imzalanır. Ərizəçini səlahiyyətli nümayəndə təmsil etdikdə isə ərizə səlahiyyətli nümayəndə tərəfindən imzalanır.

3.2. Ərizəyə aşağıdakı sənədlər (məlumatlar) əlavə olunur:

3.2.1. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin, fiziki şəxs olan ərizəçinin isə əlavə olaraq şəxsiyyətini təsdiq edən sənədin surəti, habelə ərizəçini səlahiyyətli nümayəndə təmsil etdikdə onun səlahiyyətini təsdiq edən etibarnamənin əsli;

3.2.2. “Startap” şəhadətnaməsinin alınması üçün tərtib edilən layihənin (bundan sonra – layihə) adını, ətraflı məzmununu əks etdirən və müvafiq proqram təminatında hazırlanmış təqdimat;

3.2.3. məhsulun sənaye nümunəsi və ya dizaynı;

3.2.4. aşağıdakı məlumatlardan ibarət biznes-plan:

1. məhsulun (xidmətin) bazarda payı ilə bağlı bazar araşdırması və marketinq planı, onun bazar potensialı;

2. məhsulun ixrac və ya idxalı əvəzetmə potensialı (əsaslandırma ilə);

3. məhsulun (xidmətin) unikallığı və rəqabətqabiliyyətliliyi (əsaslandırma ilə);

4. investisiya planı;

3.2.5. əmək resursları haqqında aşağıdakı məlumatlar:

1. olduğu halda – idarəetmə orqanlarının üzvlərinin fəaliyyət təcrübəsi və (və ya) təhsilləri haqqında;

2. olduğu halda – məhsulun (xidmətin) hazırlanması, bazara yerləşdirilməsi və sonrakı inkişafını təmin edəcək işçiləri haqqında;

3. olduğu halda – məsləhətçiləri haqqında;

4. olduğu halda – səhmdarları (payçıları) və (və ya) investorları haqqında;

3.2.6. olduğu halda – startapa cəlb olunan qrant, investisiya və ya kredit barədə məlumatlar;

3.2.7. olduğu halda – startap məhsuluna dair patent və ya patent almaq üçün iddia sənədi;

3.2.8. olduğu halda – texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsi.

3.3. Bu sənədin 3.2-ci bəndində göstərilənləri, o cümlədən elektron sənədləri əldə etmək üçün dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müəyyən olunmuş hədlərdə istifadə edilir. Bu mümkün olmadığı hallarda, həmin sənədlərin təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında aidiyyəti orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

3.4. Ərizə Agentliyə daxil olduğu gün müəyyən olunmuş qaydada qeydiyyata alınır. Daxil olmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə (məlumatlara) 30 (otuz) gün müddətində baxılır.

3.5. Ərizədə və ona əlavə edilmiş sənədlərdə (məlumatlarda) aradan qaldırılması mümkün olan, “Startap” şəhadətnaməsinin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq, Agentlik onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar eyni zamanda ərizəçiyə bildirilməlidir.

3.6. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman sənədin 3.4-cü bəndində nəzərdə tutulmuş müddətin axımı dayandırılır və dayandırılmış müddət “Startap” şəhadətnaməsinin verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.

3.7. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə (məlumatlarda) aşkar olunmuş çatışmazlıqları bu sənədin 3.6-cı bəndində göstərilən müddətdə aradan qaldırmadıqda, Agentlik ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edir və bu barədə məlumatı 2 (iki) iş günü müddətində ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

3.8. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra “Startap” şəhadətnaməsinin alınması üçün təkrar ərizə ilə Agentliyə müraciət edə bilər.

3.9. Agentlik ərizədə və ona əlavə edilmiş sənədlərdə (məlumatlarda) çatışmazlıqlar aşkar etmədikdə, təqdim olunan sənədləri (məlumatları) qiymətləndirmək məqsədilə Agentlikdə yaradılmış Ekspertlər Şurasına təqdim edir. Ekspertlər Şurası aşağıdakı tərkibdə formalaşdırılır:

3.9.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən – 3 nəfər;

3.9.2. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən – 2 nəfər;

3.9.3. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən – 1 nəfər;

3.9.4. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyindən – 1 nəfər;

3.9.5. Azərbaycan Milli Elmlər Akademiyasından – 1 nəfər;

3.9.6. müstəqil ekspertlərdən – 3 nəfər.

3.10. Ekspertlər Şurasının sadə səs çoxluğu ilə qəbul edilmiş müvafiq rəyi Agentliyə təqdim edilir.

3.11. Agentlik tərəfindən “Startap” şəhadətnaməsinin verilməsi və ya verilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edilir. “Startap” şəhadətnaməsi (2 nömrəli əlavə) 3 (üç) il müddətinə verilir.

3.12. “Startap” şəhadətnaməsinin verilməsindən aşağıdakı hallarda imtina edilir:

3.12.1. bu sənədin 3.5-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, ərizədə və ona əlavə olunmuş sənədlərdə (məlumatlarda) qanunauyğun olmayan məlumatlar olduqda;

3.12.2. ərizəçi bu sənədin 2.1-ci bəndi ilə müəyyən edilmiş meyarlara uyğun olmadıqda;

3.12.3. ərizəçinin təqdim etdiyi məhsul (xidmət) bu sənədin 2.2-ci bəndi ilə müəyyən edilmiş meyarlara uyğun olmadıqda.

3.13. Ərizəçi “Startap” şəhadətnaməsinin verilməsindən imtina haqqında qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilər.

3.14. “Startap” şəhadətnaməsinə malik olan şəxslər barədə məlumatlar Agentlik tərəfindən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təqdim edilir.

3.15. “Startap” şəhadətnaməsinə malik olan şəxslər sənədin 2.2-ci bəndinin tələblərinə cavab verən yeni məhsul (xidmət) yaratmaqla, bu sənəddə müəyyən edilmiş qaydada yeni “Startap” şəhadətnaməsi almaq üçün müraciət etmək hüququna malikdirlər.

 

4. “Startap” şəhadətnaməsinin dublikatının verilməsi qaydası

 

4.1.“Startap” şəhadətnaməsi itirildikdə və ya zədələndikdə, şəhadətnamənin sahibi onun dublikatının verilməsi üçün Agentliyə ərizə ilə müraciət edir.

4.2. Agentlik ərizənin daxil olduğu tarixdən 3 (üç) iş günü müddətində “Startap” şəhadətnaməsinin dublikatını hazırlayaraq ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

4.3. “Startap” şəhadətnaməsinin dublikatı verilənədək şəhadətnamənin sahibi öz fəaliyyətini Agentliyə təqdim etdiyi ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında arayış əsasında həyata keçirir. Həmin arayış Agentliyin rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

4.4. “Startap” şəhadətnaməsinin dublikatı itirilmiş və ya zədələnmiş şəhadətnamə ilə eyni hüquqi qüvvəyə malikdir.

 

5. “Startap” şəhadətnaməsinin ləğv edilməsi qaydası

 

5.1. “Startap” şəhadətnaməsi aşağıdakı hallarda ləğv edilir:

5.1.1. “Startap” şəhadətnaməsinin sahibi tərəfindən ərizə ilə müraciət olunduqda;

5.1.2. “Startap” şəhadətnaməsinin sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə;

5.1.3. “Startap” şəhadətnaməsinin sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə;

5.1.4. məhkəmənin müvafiq qərarı olduqda;

5.1.5. “Startap” şəhadətnaməsinin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə.

5.2. “Startap” şəhadətnaməsi bu sənədin 5.1-ci bəndində göstərilən hallara (bu sənədin 5.1.4-cü yarımbəndi istisna olmaqla) istinad edilməklə, Agentliyin qərarı ilə ləğv edilir. Həmin qərar qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində “Startap” şəhadətnaməsinin sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

5.3. “Startap” şəhadətnaməsinin ləğvi haqqında qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na

 

1 nömrəli əlavə

 

Fiziki və ya hüquqi şəxsə “Startap” şəhadətnaməsinin verilməsi üçün ərizənin forması

_____________________________________________________________________________

(müraciət olunan qurumun adı)

 

“Startap” şəhadətnaməsinin verilməsi üçün

 

ƏRİZƏ

 

1. Ərizəçi haqqında məlumatlar:

1.1. hüquqi şəxsin adı/fiziki şəxsin soyadı, adı, atasının adı __________________

______________________________________________________________________

1.2. hüquqi şəxsin hüquqi ünvanı/fiziki şəxsin ünvanı ______________________

______________________________________________________________________

1.3. hüquqi şəxsin/fiziki şəxsin VÖEN-i ___________________________________

1.4. əlaqə telefonu ______________________________________________________

1.5. internet ünvanı (veb-saytı) (olduğu halda)  _____________________________

1.6. elektron poçtu ______________________________________________________

1.7. hüquqi şəxsin/fiziki şəxsin (olduğu halda) səlahiyyətli nümayəndəsinin:

1.7.1. soyadı, adı, atasının adı _____________________________________________

1.7.2. ünvanı  ___________________________________________________________

1.7.3. əlaqə telefonu ______________________________________________________

1.7.4. elektron poçtu ______________________________________________________

1.8. iqtisadi fəaliyyət sahəsi ________________________________________________

“Startap” şəhadətnaməsinin verilməsini xahiş edirəm.

2. Ərizəyə aşağıdakı sənədlər və məlumatlar əlavə edilir:

2.1. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin, fiziki şəxs olan ərizəçinin isə əlavə olaraq şəxsiyyətini təsdiq edən sənədin surəti, habelə ərizəçini səlahiyyətli nümayəndə təmsil etdikdə – onun səlahiyyətini təsdiq edən etibarnamənin əsli;

2.2. startap layihəsinin adı, ətraflı məzmununu əks etdirən və müvafiq proqram təminatında hazırlanmış təqdimat;

2.3. məhsulun sənaye nümunəsi və ya dizaynı;

2.4. aşağıdakı məlumatlardan ibarət biznes-plan:

2.4.1. məhsulun (xidmətin) bazarda payı ilə bağlı bazar araşdırması və marketinq planı, onun bazar potensialı;

2.4.2. məhsulun ixrac və ya idxalı əvəzetmə potensialı (əsaslandırma ilə);

2.4.3. məhsulun unikallığı və rəqabətqabiliyyətliliyi (əsaslandırma ilə);

2.4.4. investisiya planı;

2.4.5. əmək resursları haqqında aşağıdakı məlumatlar:

1. olduğu halda – idarəetmə orqanlarının üzvlərinin fəaliyyət təcrübəsi və (və ya) təhsilləri haqqında;

2. olduğu halda – məhsulun (xidmətin) hazırlanması, bazara yerləşdirilməsi və sonrakı inkişafını təmin edəcək işçiləri haqqında;

3. olduğu halda – məsləhətçiləri haqqında;

4. olduğu halda – səhmdarları (payçıları) və (və ya) investorları haqqında;

5. olduğu halda startapa cəlb olunan qrant, investisiya və ya kredit barədə məlumat;

6. olduğu halda – startap məhsuluna dair patent və ya patent almaq üçün iddia sənədi;

7. olduğu halda – texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsi.

 

3. Hüquqi şəxsin qanuni təmsilçisi _________________________________________

                                                                                            (vəzifəsi, soyadı, adı)

4. Ərizənin doldurulduğu tarix ____________________________________________

                                                                                                    (gün, ay, il)

5. Ərizəçinin imzası ______________________________________________________

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2021-ci il 29  yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na

 

2 nömrəli əlavə

 

“STARTAP” ŞƏHADƏTNAMƏSİ

 

№ _____                                                                                “____” ___________ 20__ il

 

____________________________________________________________________________

(şəhadətnaməni verən orqanın adı və ünvanı)

____________________________________________________________________________

(şəhadətnamənin verildiyi hüquqi şəxsin tam adı / VÖEN-i,

fiziki şəxsin soyadı, adı, atasının adı /VÖEN-i)

____________________________________________________________________________

(hüquqi şəxsin hüquqi ünvanı, fiziki şəxsin ünvanı)

____________________________________________________________________________

(məhsul (xidmət) barədə məlumat)

____________________________________________________________________________

(etibarlılıq müddəti)

 

Bu şəhadətnamə “Startap” şəhadətnaməsini əldə etmək üçün müraciət edən hüquqi və ya fiziki şəxsin və təqdim ediləcək məhsulun (xidmətin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin “____“ ________ il tarixli ____ nömrəli Qərarı ilə müəyyən edilmiş meyarlara uyğunluğunu təsdiq edir və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.31-ci və ya 106.1.23-cü maddəsində nəzərdə tutulan azadolmadan istifadə hüququ verir.

 

 

 

 

 

 

(məsul şəxsin vəzifəsi)

 

(imzası)

 

(adı, soyadı)

 

 

             M.Y.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status