AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
23.02.2021
QEYDİYYAT NÖMRƏSİ
263-VIQ
ADI
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 26-02-2021, Nəşr nömrəsi: 44), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28.02.2021, Nəşr nömrəsi: 2, Maddə nömrəsi: 115)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
26.02.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
450.010.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12202102230263
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.03.2021
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 fevral 2021-ci il

                 № 263-VIQ


 

Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında

 

ANLAŞMA MEMORANDUMU

 

Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti,

2018-ci il 12 avqust tarixli Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın müddəalarını, beynəlxalq hüququn prinsip və normalarını və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini rəhbər tutaraq,

Xəzər dənizində Tərəflərin dövlətlərinin suveren hüquqlarının həyata keçirilməsi məqsədilə,

Xəzər dənizinin dibinin və təkinin mineral resurslarının işlənməsi sahəsində Tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlığın vacibliyini qəbul edərək və karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və onların beynəlxalq bazarlara nəqli üzrə layihələrin birgə həyata keçirilməsinə hazırlıqlarını vurğulayaraq, karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və onların beynəlxalq bazarlara nəqli üzrə layihələrə xarici investisiyaların uzunmüddətli əsasda səmərəli və qarşılıqlı faydalı şəkildə cəlb olunmasında Tərəflərin maraqlı olduqlarını nəzərə alaraq,

bundan sonra “Dostluq” adlandırılacaq Kəpəz/Sərdar yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi məqsədilə, Xəzər dənizinin dibinin təkindən istifadəyə və dibin və təkin resurslarının mənimsənilməsi ilə bağlı digər qanunauyğun təsərrüfat-iqtisadi fəaliyyətlərə olan suveren hüquqların həyata keçirilməsindən çıxış edərək,

ətraf mühitin təhlükəsizliyi və mühafizəsi sahəsində müvafiq beynəlxalq norma və standartlara riayət edilməsinin vacibliyini qəbul edərək, aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

Tərəflər “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi məqsədilə həmin yatağın coğrafi koordinatlarını müəyyən edəcəklər.

 

Maddə 2

 

“Dostluq” yatağının karbohidrogen resursları Tərəflər arasında 30 % Azərbaycan Respublikasına, 70 % Türkmənistana nisbətində bölüşdürülür.

“Dostluq” yatağından çıxarılmış, beynəlxalq bazarlara ixrac üçün nəzərdə tutulmuş karbohidrogen resurslarının daşınması Azərbaycan Respublikasının mövcud olan nəqliyyat-tranzit sistemlərinin istifadə edilməsi ilə rəqabət qabiliyyətliliyi şərtləri əsasında və beynəlxalq neft-qaz sənayesində qüvvədə olan normalara və təcrübəyə uyğun olaraq həyata keçirilir.

Bu kontekstdə Tərəflər karbohidrogen resurslarının beynəlxalq bazarlara nəqli sahəsində ən səmərəli beynəlxalq əməkdaşlıq formalarını istifadə edəcəklər.

 

Maddə 3

 

Tərəflər müddəaları “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə Tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökumətlərarası saziş bağlayacaqlar.

Hökumətlərarası sazişin işlənib hazırlanması və razılaşdırılması məqsədilə Tərəflər birgə işçi qrup yaradırlar. Tərəflər birgə işçi qrupun tərkibinə daxil olacaq öz nümayəndələri barədə diplomatik kanallar vasitəsilə bir-birini məlumatlandıracaqlar.

Birgə işçi qrup mümkün qısa müddət ərzində hökumətlərarası sazişin layihəsini hazırlayacaq və razılaşdıracaqdır.

 

Maddə 4

 

Tərəflər bu Memorandum və onun həyata keçirilməsi ilə bağlı konfidensial məlumatları digər Tərəfin qabaqcadan yazılı icazəsi olmadan açmamalı, yaymamalı və ya istənilən üçüncü tərəfə təqdim etməməlidirlər.

 

Maddə 5

 

Bu Memorandumun müddəaları Tərəflərin dövlətlərinin Xəzər dənizində sektorlarının bölgü xəttinin təyin edilməsini əvvəlcədən müəyyən edən kimi nəzərdən keçirilməməlidir.

 

Maddə 6

 

Bu Memorandumun tətbiqi və ya həyata keçirilməsi ilə bağlı yarana biləcək istənilən mübahisələr və fikir ayrılıqları Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.

 

Maddə 7

 

Bu Memorandum Tərəflərin onun qüvvəyə minməsi üçün tələb olunan dövlətdaxili prosedurların tamamlanması barədə sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alınması tarixindən qüvvəyə minir.

Aşqabad şəhərində 2021-ci il 21 yanvar tarixində, Azərbaycan, türkmən və rus dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Memorandumun təfsirində fikir ayrılığı yarandığı təqdirdə, Tərəflər rus dilində olan mətndən istifadə edəcəklər.

 

Azərbaycan Respublikası

Hökuməti adından

(imza)

Türkmənistan

Hökuməti adından

(imza)

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status