AKTIN NÖVÜ
KONSTİTUSİYA MƏHKƏMƏSİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
25.01.2021
QEYDİYYAT NÖMRƏSİ
ADI
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 04.02.2021, Nəşr nömrəsi: 25)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
04.02.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
390.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
21202101250120
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
08.02.2021
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası adından

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi - hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş “cinayətin təkrar törədilməsi” əlamətinin həmin Məcəllənin 18-ci maddəsi baxımından şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri V.Cəfərovun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnsan hüquqları üzrə qanunvericilik sektorunun müdiri S.Sadıqovun, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri H.Nəsibovun, Azərbaycan Respublikası Prokurorluğunun nümayəndəsi O.İsayevin və Bakı Apellyasiya Məhkəməsinin hakimi F.Qasımovun mülahizələrini, ekspert Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru A.Rüstəmzadənin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN ETDİ:

 

Sumqayıt Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 178.2.2-ci maddəsində nəzərdə tutulmuş “cinayətin təkrar törədilməsi” əlamətinin həmin Məcəllənin 18-ci maddəsi baxımından şərh olunmasını xahiş etmişdir.

Müraciətə səbəb A.Gəncəliyev barəsində olan cinayət işi olmuşdur. A.Gəncəliyev Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin məhkəmənin 21 iyun 2018-ci il tarixli hökmü üzrə A.Gəncəliyevə təyin olunmuş cərimə cəzasının çəkilməmiş hissəsi sonuncu cəzaya tamamilə birləşdirilərək ona qəti cəza təyin edilmişdir.

Məhkəmənin hökmünə əsasən A.Gəncəliyev ona görə məhkum edilmişdir ki, o, özgə əmlakını ələ keçirmək məqsədilə tanışı K.Qafarovanın etibarından sui-istifadə edərək işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2018-ci ilin əvvəllərində və həmin ilin fevral ayının 26-da ondan iki dəfəyə 5000 (beş min) manat məbləğində pul alıb ələ keçirməklə dələduzluq etmişdir.

Bundan başqa o, təkrarən tanışı C.İbrahimlinin etibarından sui-istifadə edərək ondan 2019-cu ilin iyun və sentyabr aylarında 6 epizod üzrə cəmi 2660 (iki min altı yüz altmış) manat pulu ələ keçirərək dələduzluq etmişdir.

A.Gəncəliyev həmçinin dələduzluq yolu ilə 2019-cu ilin avqust ayında 3 epizod üzrə T.Cəfərovadan cəmi 5000 (beş min) manat; 2019-cu ilin sentyabr ayında 2 epizod üzrə C.Ömərovdan 5000 (beş min) manat (onun 3000 (üç min) manatını sonra qaytarmış); 2019-cu ilin sentyabr-oktyabr aylarında 3 epizod üzrə B.Poladovadan 15000 (on beş min) manat pulu ələ keçirərək mənimsəmişdir.

Müraciətdə qeyd olunur ki, A.Gəncəliyev əvvəllər 2014-cü ildə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 iyun 2016-cı il tarixdə cəzasını çəkib qurtarmışdır.

Bu cinayətə görə A.Gəncəliyevin məhkumluğu 15 iyun 2018-ci il tarixdə ödənilmişdir.

Hazırkı cinayət işi üzrə təqsirli bilindiyi dələduzluq əməllərindən birini – böyük ictimai təhlükə törətməyən cinayəti A.Gəncəliyev 2018-ci ilin fevral ayında onun məhkumluğu ödənilənə qədər törətmişdir. Digər cinayət epizodları isə A.Gəncəliyev məhkumluğu ödənildikdən sonra törətmişdir.

Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır.

Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əməldə tövsifedici əlamət kimi təkrarlığa daxil olan cinayətlərdən biri məhkumluq ödənilmədiyi dövrdə törədilmişdirsə və bu əməl üzrə cinayətlərin residivi yaranmırsa, məhkumluq ödənildikdən sonra törədilən digər cinayətlər üzrə şəxsin əməlində cinayətlərin residivi müəyyən edilə bilməz.

İstintaq orqanı isə hesab etmişdir ki, əməldə təkrarlıq mövcud olmuşdursa, belə cinayətlər vahid cinayət kimi qiymətləndirilməli, təkrar törədilən cinayətin başlanğıcı birinci epizod, sonu isə sonuncu epizod qəbul edilməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu cinayət işinin faktiki hallarına qiymət vermədən cinayətlərin təkrar törədilməsi məsələsinə müraciətdə göstərildiyi kimi Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin tələbləri baxımından deyil, həmin Məcəllənin 16-cı maddəsinin tələbləri baxımından şərh edilməsini zəruri hesab edir.

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin düzgün həll edilməsi üçün cinayətlərin çoxluğu, cinayətlərin təkrar törədilməsi və onların residivinə bir daha nəzər yetirilməsini vacib hesab edir.

 Cinayətlərin çoxluğuna dair ətraflı açıqlama Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında verilərək qeyd edilmişdir ki, cinayətlərin çoxluğu dedikdə, təqsirli şəxs tərəfindən cinayət məsuliyyətinə səbəb olan ardıcıl əməllərin törədilməsi və ya əvvəllər törədilmiş hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məhdudiyyət müddəti ərzində yeni cinayətlərin törədilməsi halları başa düşülür.

Cinayətlərin çoxluğunun struktur elementi kimi konkret cinayətlər çıxış edir. Çoxluq, hər biri müstəqil cinayət tərkibi yaradan iki və ya daha artıq cinayət əməlinin törədilməsini nəzərdə tutur.

Konkret cinayətlər, onların obyektiv və subyektiv tərəflərinin əlamətləri əsasında qurulur. Bu nöqteyi-nəzərdən oğurluq, xuliqanlıq, soyğunçuluq, rüşvətxorluq və s. ayrıca cinayətlər hesab olunurlar.

Çoxluğun elementi olan konkret cinayətlərin müxtəlif növləri mövcuddur və nəzəriyyədə onlar sadə və mürəkkəb növlərə bölünürlər.

Sadə konkret cinayət o halda mümkündür ki, bir əməlin müvafiq olaraq cinayət qanununda təsvir olunan bir nəticəsi olur. Məsələn, oğurluqda bir əməl - əmlakı gizli yolla talama və bir nəticə - mülkiyyətçinin əmlakına vurulmuş ziyan mövcuddur.

Sadə konkret cinayət həmçinin cinayət qanununda nəzərdə tutulmuş bir neçə nəticəyə səbəb olan vahid əməldən də ibarət ola bilər. Belə ki, Cinayət Məcəlləsinin 222-1.2 və 221-1.3-cü maddələri özbaşına tikinti işlərini aparma nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin vurulmasına, həmçinin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda müvafiq məsuliyyəti nəzərdə tutur. Burada bir əməl və bir neçə nəticə mövcuddur.

Konkret cinayətlərə alternativ tərkibli cinayətlər də aiddir. Belə ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, onun obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma təşkil edir.

Beləliklə, sadə konkret cinayət bir hərəkətin (və ya hərəkətsizliyin) və bir nəticənin və ya bir hərəkətin və bir neçə nəticənin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir.

Mürəkkəb konkret cinayətlər sadə konkret cinayətlərlə müqayisədə daha qəliz struktura malikdirlər. Bu cinayətlərdə törədilmiş əməlin mürəkkəb obyektiv və subyektiv tərəfi olur.

Nəzəriyyədə mürəkkəb konkret cinayətlərin növü kimi uzanan, davam edən, mürəkkəb tərkibli cinayətlər, həmçinin, əlavə ağır nəticələrin baş verməsi ilə tövsif olunan cinayətlər (onları bir çox hallarda nəticələrinə görə tövsif olunan cinayətlər də adlandırırlar) qəbul edilirlər.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələyə aydınlıq gətirilməsi üçün davam edən cinayətlərin mahiyyətinin açıqlanmasını vacib hesab edir.

Azərbaycan Respublikasının cinayət qanunvericiliyi uzanan və davam edən cinayətlərin anlayışını vermir. Lakin qanunvericilik bu cinayətlərin mövcudluğunu tanıyır və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət Prosessual Məcəllə) 74.2-ci maddəsində həmin cinayətlərə istinad olunması heç də təsadüfi xarakter daşımır. Onu da qeyd etmək lazımdır ki, bu cinayətlər məhkəmə təcrübəsində də tanınır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2005-ci il 3 mart tarixli Qərarında göstərilmişdir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır.

Konstitusiya Məhkəməsinin Plenumu nəzəriyyədə uzanan və davam edən cinayətlərə verilmiş anlayışlara əsaslanaraq qeyd edir ki, uzanan cinayət, hərəkət və ya hərəkətsizliklə törədilməklə, fasiləsiz, nisbətən uzun zaman ərzində həyata keçirilən konkret cinayət kimi qəbul edilir.

Uzanan cinayət – konkret cinayətdir və bu səbəbdən Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur. Məsələn, Cinayət Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş qanunsuz olaraq silahın saxlanması.

Davam edən cinayətlər isə zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni cinayət əməllərindən ibarətdir.

Davam edən cinayətlərə aşağıdakı əlamətlər aiddir:

1) bu cinayətlər iki və daha artıq müstəqil, yəni bir-birindən zamana görə ayrılan oxşar cinayət əməllərindən ibarətdirlər;

2) cinayətlər bir-biri ilə vahid niyyət və ümumi, yekun nəticənin əldə olunması istəyi ilə birləşir;

3) həmin cinayətlər cinayətlərin çoxluğu kimi deyil, bir konkret cinayət kimi qiymətləndirilir və Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur.

Şəxs, talamanı oğurluq yolu ilə edərək düşünülmüş cinayəti bir neçə mərhələdə həyata keçirirsə onun əməlləri digər tövsifedici əlamətlər olmadığı halda Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə əhatə olunan bir davam edən cinayət kimi tövsif olunur.

Göstərilənlərə görə davam edən cinayətləri cinayətlərin çoxluğundan, o cümlədən təkrar cinayətlərdən fərqləndirmək lazımdır.

Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 18 mart tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cinayətlərin çoxluğu termininin adı çəkilməsə də, Cinayət Məcəlləsinin 16, 17 və 18-ci maddələrində cinayətlərin çoxluğuna aid olan cinayətlərin təkrar törədilməsi, cinayətlərin məcmusu, cinayətlərin residivi və onların növləri ilə bağlı olan məsələlər tənzimlənir.

Təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur.

Cinayətlərin təkrar törədilməsinin özünəməxsus əlamətlərinin araşdırılması mühüm əhəmiyyət kəsb edir.

Əvvəlki cinayət qanunvericiliyindən fərqli olaraq, cinayətlərin təkrar törədilməsi Cinayət Məcəlləsinin Ümumi hissəsində müstəqil normada nəzərdə tutulmuşdur. Əvvəlki Cinayət Məcəlləsində cinayətlərin təkrar törədilməsi Məcəllənin Xüsusi hissəsinin normalarında cinayət tərkibinin əlaməti kimi və ağırlaşdırıcı halları nəzərdə tutan zəruri tərkib əlaməti kimi müəyyən edilmişdi. Hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 16-cı maddəsində ümumi təkrarlıq anlayışından imtina edilmiş, xüsusi təkrarlığın isə iki müstəqil növü müəyyən olunmuşdur:

- Məcəllənin eyni maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi (Cinayət Məcəlləsinin 16.1-ci maddəsi);

- yalnız Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda, Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi (Cinayət Məcəlləsinin 16.2-ci maddəsi).

Maddənin mahiyyətindən göründüyü kimi, təkrar cinayətlər eyni və həmcins cinayətlərə bölünür.

Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir).

Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri).

Beləliklə, Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq:

- həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı;

- cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda;

- şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı;

- eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır.

Təkrarlıqla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli Qərarında qeyd edilmişdir ki, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır.

Qeyd etmək lazımdır ki, təkrarlıq, cinayətlərin real məcmusu və davam edən cinayətlər anlayışları ilə müəyyən qarşılıqlı əlaqədədir.

Həm təkrarlıqda, həm cinayətlərin real məcmusunda iki və daha artıq cinayət törədilir. Bu anlayışlardan əmələ gələn cinayətlər müəyyən zaman fərqi ilə törədilir. Bundan əlavə, təkrarlığa daxil olan və ya real məcmunu yaradan bütün cinayətlər şəxs məhkum olunana qədər törədilir.

Bununla belə, təkrarlıq ilə cinayətlərin real məcmusu arasında ciddi fərqlər də var.

Belə ki, eyni cinayətlərin təkrarlığı zamanı, bu cinayətlərə aid olan cinayət əməlləri başa çatmış olduqda və ya cinayətə cəhd təşkil etdikdə, törədilənlərin hamısı Cinayət Məcəlləsinin eyni maddəsi ilə əhatə olunur. Real məcmuda isə hər bir cinayət əməli Cinayət Məcəlləsinin fərqli maddələrinin təsiri altına düşür.

Təkrarlıq ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən olan iki və daha çox cinayət törədilir. Bundan əlavə, bu əməllər arasında müəyyən zaman kəsiyi var.

Lakin həmin anlayışlar arasında müraciətdə qaldırılan məsələ üçün böyük əhəmiyyət kəsb edən fərq ondan ibarətdir ki, davam edən cinayətdə təkrarlıq istisna olunur və şəxsin əməli vahid cinayət kimi tövsif olunur (məsələn, oğurluq yolu ilə davam edən talama). Eyni növdən olan cinayətlərin təkrarlığı zamanı isə daha sərt cəzanın təyin edilməsini nəzərdə tutan Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi tətbiq olunur.

Beləliklə, davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir.

Müraciətdə qaldırılan məsələyə cavab verilməsi üçün cinayətlərin residivinə də diqqət yetirilməlidir.

Cinayət Məcəlləsinin 18-ci maddəsində cinayətlərin çoxluğu kimi cinayətlərin residivin anlayışı və növləri müəyyən olunmuşdur.

Cinayət Məcəlləsinin 18-ci maddəsinə əsasən, şəxsin əməlində residivin mövcud olması üçün iki şərt tələb olunur:

- şəxsin əvvəllər qəsdən cinayət törətməyə görə məhkumluğunun olması;

- şəxsin qəsdən cinayət törətməsi.

Bununla yanaşı, cinayətlərin residivi özünəməxsus xüsusiyyətlərə malikdir:

- residivi təşkil edən cinayətlərin ardıcıl olaraq törədilməsi;

- əvvəllər törədilmiş cinayətə görə qanunla müəyyən edilmiş qaydada götürülməmiş və ya ödənilməmiş məhkumluğun olması;

- əvvəllər törədilmiş cinayətə görə məhkəmə tərəfindən təyin edilmiş cəzanın tam və yaxud qismən çəkilməsi.

Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, cinayətlərin residivini cinayətlərin çoxluğunun digər formalarından, xüsusilə də təkrarlıqdan fərqləndirən xüsusiyyətlər mövcuddur. Bunlar aşağıdakılardır:

- şəxsin əvvəllər törədilmiş cinayətə görə qanunla müəyyən edilmiş qaydada götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olması;

- şəxs tərəfindən qəsdən yeni cinayətin törədilməsi (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 18 mart tarixli Qərarı).

Nəzərə almaq lazımdır ki, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır:

18.4.1. böyük ictimai təhlükə törətməyən cinayətlər; 

18.4.2. yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər;

18.4.3. bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar;

18.4.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur.

- Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin tələbləri baxımından təkrarlığa daxil olan cinayətlərdən biri məhkumluğun ödənilmədiyi dövrdə törədildikdə və bu zaman cinayətlərin residivi yaranmadıqda, digər cinayətlər isə məhkumluq ödənildikdən sonra törədildikdə, şəxsin əməlində cinayətlərin residivi müəyyən edilə bilməz.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA ALDI:

 

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur.

2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin tələbləri baxımından təkrarlığa daxil olan cinayətlərdən biri məhkumluğun ödənilmədiyi dövrdə törədildikdə və bu zaman cinayətlərin residivi yaranmadıqda, digər cinayətlər isə məhkumluq ödənildikdən sonra törədildikdə, şəxsin əməlində cinayətlərin residivi müəyyən edilə bilməz.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

Sədr:    Fərhad ABDULLAYEV

 

Bakı şəhəri, 25 yanvar 2021-ci il.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status