AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
09.02.2021
QEYDİYYAT NÖMRƏSİ
32
ADI
“Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28.02.2021, Nəşr nömrəsi: 2, Maddə nömrəsi: 197)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
170.140.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 91 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 3, maddə 490, № 6, maddə 1229; 2020, № 5, maddə 642) ilə təsdiq edilmiş “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar 2021-ci il yanvarın 1-dən tətbiq edilir.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 9 fevral 2021-ci il

    № 32

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2021-ci il 9 fevral tarixli 32 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən yanacağın və elektrik enerjisinin dəyərinin ödənilməsi üzrə qarşılıqlı hesablaşmaların aparılması və daxil olmuş vəsaitlərdən istifadə ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Bu Qaydanın məqsədləri üçün elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər dedikdə, Azərbaycan Respublikasının Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “Azərkontrakt” ASC), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyi (bundan sonra – “Azneft” İB), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi (bundan sonra – “Azəriqaz” İB), “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “Azərenerji” ASC) və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “Azərişıq” ASC) başa düşülür.

1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. “Azneft” İB-in xüsusi bank hesabı – ”Azneft” İB tərəfindən ölkə daxilində təbii qazın satışından daxil olan vəsaitin yığılması üçün müvəkkil bankda açılmış hesab;

1.3.2. “Azəriqaz” İB-in xüsusi bank hesabı – “Azəriqaz” İB tərəfindən təbii qazın pərakəndə satışından daxil olan vəsaitin yığılması üçün müvəkkil bankda açılmış hesab;

1.3.3. “Azərenerji” ASC-nin xüsusi bank hesabı – “Azərenerji” ASC tərəfindən ölkə daxilində elektrik enerjisinin satışından daxil olan vəsaitin yığılması üçün müvəkkil bankda açılmış hesab;

1.3.4. “Azərişıq” ASC-nin xüsusi bank hesabı – “Azərişıq” ASC tərəfindən ölkə daxilində elektrik enerjisinin satışından daxil olan vəsaitin yığılması üçün müvəkkil bankda açılmış hesab.

 

2. “Azərişıq” ASC və “Azərenerji” ASC arasında ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə

 

2.1. “Azərişıq” ASC tərəfindən istehlakçılara satılan elektrik enerjisinə görə ödənilən vəsait bu Qaydanın 1.3.4-cü yarımbəndində nəzərdə tutulan bank hesabına mədaxil edilir.

2.2. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan bank hesabına mədaxil edilmiş vəsaitin 0,2 faizi mütəmadi olaraq müvəkkil bank tərəfindən avans ödənişi şəklində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (bundan sonra – EMTA) cari bank hesabına, 65 faizi “Azərenerji” ASC-nin xüsusi bank hesabına, 15 faizi isə “Azərişıq” ASC-nin cari bank hesabına köçürülür və bu barədə “Azərişıq” ASC-yə məlumat verilir.

2.3. “Azərişıq” ASC müvəkkil bank tərəfindən bu Qaydanın 2.2-ci bəndinə əsasən “Azərenerji” ASC-nin xüsusi bank hesabına köçürülən məbləğə uyğun əlavə dəyər vergisini (ƏDV) öz əlavə dəyər vergisinin depozit hesabından, ƏDV-nin depozit hesabında vəsait çatışmadığı təqdirdə isə çatışmayan hissənin öz xüsusi bank hesabından “Azərenerji” ASC-nin ƏDV-sinin depozit hesabına köçürülməsini təmin edir.

2.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli Qərarı ilə yaradılmış Komissiyadan (bundan sonra – Komissiya) əlavə müraciət daxil olmadığı təqdirdə, hesabat ayının son iş gününün sonuna “Azərişıq” ASC-nin xüsusi bank hesabının qalığı müvəkkil bank tərəfindən “Azərenerji” ASC-nin xüsusi bank hesabına köçürülür və bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra – Dövlət Vergi Xidməti) məlumat verilir.

2.5. Dövlət Vergi Xidməti bu Qaydanın 2.4-cü bəndinə uyğun olaraq “Azərenerji” ASC-nin xüsusi bank hesabına köçürülən məbləğə müvafiq olan ƏDV məbləğinin “Azərişıq” ASC-nin ƏDV-sinin depozit hesabından “Azərenerji” ASC-nin ƏDV-sinin depozit hesabına köçürülməsinin təmin olunmasına nəzarət edir.

2.6. Hər ayın 15-dək əvvəlki ay ərzində “Azərişıq” ASC tərəfindən EMTA-ya ödənilməli olan haqqın məbləği üzrə qalıq borc barədə, həmçinin “Azərişıq” ASC tərəfindən “Azərenerji” ASC-dən alınmış elektrik enerjisinin həcmi və dəyəri barədə tutuşdurma aktları tərtib edilir və həmin tutuşdurma aktlarının bir nüsxəsi Komissiyaya təqdim olunur. Müvafiq dəqiqləşdirmələr aparıldıqdan sonra qalıq borcun məbləği EMTA-nın cari bank hesabına, qalan məbləğ isə “Azərenerji” ASC-nin xüsusi bank hesabına (o cümlədən aparılmış ödəniş məbləğinə uyğun ƏDV-nin məbləği “Azərenerji” ASC-nin ƏDV-sinin depozit hesabına) köçürülür.

2.7. Hər ayın 15-dək əvvəlki ay üzrə “Azərişıq” ASC-nin EMTA-ya qalıq borcunun ödənilməsinə dair ödəniş tapşırığı (və ya borcun olmadığını əks etdirən tutuşdurma aktı), habelə “Azərişıq” ASC-nin “Azərenerji” ASC-yə qalıq borcunun ödənilməsinə dair ödəniş tapşırığı (və ya borcun olmadığını əks etdirən tutuşdurma aktı) daxil olmadığı təqdirdə, müvəkkil bank “Azərişıq” ASC-nin xüsusi bank hesabının həmin ayın ilk iş gününün əvvəlinə olan qalığını EMTA-nın hesab-fakturasına uyğun məbləğdə EMTA-nın cari hesabına, qalan məbləği isə “Azərenerji” ASC-nin xüsusi bank hesabına köçürür və bu barədə Dövlət Vergi Xidmətinə məlumat verir.

2.8. Dövlət Vergi Xidməti bu Qaydanın 2.7-ci bəndinə əsasən “Azərenerji” ASC-nin xüsusi bank hesabına köçürülən məbləğə uyğun ƏDV məbləğinin “Azərişıq” ASC-nin ƏDV-sinin depozit hesabından “Azərenerji” ASC-nin ƏDV-sinin depozit hesabına köçürülməsinin təmin olunmasına nəzarət edir.

2.9. Bu Qaydanın 2.2-2.8-ci bəndlərinin tələbləri nəzərə alınmaqla, “Azərişıq” ASC-nin xüsusi bank hesabında qalan vəsaitlər dövlət büdcəsinə vergilərin, məcburi dövlət sosial sığorta haqlarının, işsizlikdən sığorta haqlarının və tibbi sığorta haqlarının, habelə EMTA-ya ödənilməli olan haqların ödənilməsinə yönəldilir, qalan hissəsi isə bu Qaydanın 2.10-cu bəndində nəzərdə tutulan qaydada istifadə olunur.

2.10. Bu Qaydanın 2.9-cu bəndində nəzərdə tutulan ardıcıllıqla ödənişlər həyata keçirildikdən sonra “Azərişıq” ASC xüsusi bank hesabında qalan vəsaiti “Azərişıq” ASC-nin cari il üzrə təsdiq edilmiş gəlirlər və xərclər smetasına uyğun olaraq və ya xüsusi layihələrin icrası məqsədilə özünün cari bank hesabına köçürür.

 

3. “Azərenerji” ASC və “Azərkontrakt” ASC arasında ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə

 

3.1. “Azərenerji” ASC tərəfindən satılmış elektrik enerjisinə görə daxil olan vəsait bu Qaydanın 1.3.3-cü yarımbəndində nəzərdə tutulan bank hesabına mədaxil edilir.

3.2. Bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan bank hesabına mədaxil edilmiş vəsaitin 0,9 faizi mütəmadi olaraq müvəkkil bank tərəfindən EMTA-nın cari bank hesabına, 50 faizi müvəkkil bank tərəfindən mütəmadi olaraq avans ödənişi şəklində “Azərkontrakt” ASC-nin cari bank hesabına, 15 faizi isə “Azərenerji” ASC-nin cari bank hesabına köçürülür və bu barədə “Azərenerji” ASC-yə məlumat verilir.

3.3. “Azərenerji” ASC müvəkkil bank tərəfindən “Azərkontrakt” ASC-nin cari bank hesabına köçürülən məbləğlərə uyğun ƏDV məbləğini öz ƏDV-sinin depozit hesabından, ƏDV-nin depozit hesabında vəsait çatışmadığı təqdirdə isə çatışmayan hissənin özünün xüsusi bank hesabından “Azərkontrakt” ASC-nin ƏDV-sinin depozit hesabına köçürülməsini təmin edir.

3.4. Komissiyadan bu barədə müraciət daxil olduğu təqdirdə, müvəkkil bank tərəfindən hesabat ayının son 5 (beş) iş günü (və ya iş günlərindən biri və ya bir neçəsi) ərzində bu Qaydanın 3.3-cü bəndinə uyğun olaraq EMTA-nın cari bank hesabına və “Azərkontrakt” ASC-nin cari bank hesabına məbləğlərin köçürülməsi həmin müraciətdə nəzərdə tutulan xüsusi məbləğə uyğun həyata keçirilir.

3.5. Hər ayın 15-dək əvvəlki ay üzrə “Azərenerji” ASC tərəfindən EMTA-ya ödənilməli olan haqqın məbləği barədə, habelə “Azərkontrakt” ASC-dən alınmış təbii qazın həcmi və dəyəri barədə tutuşdurma aktlar tərtib edilərək bir nüsxəsi Komissiyaya təqdim olunur. Aparılmış dəqiqləşdirmələr əsasında qalıq borc məbləğləri müvafiq olaraq EMTA-nın cari bank hesabına və “Azərkontrakt” ASC-nin cari bank hesabına (o cümlədən, ödəniş məbləğinə uyğun ƏDV-nin məbləği “Azərkontrakt” ASC-nin ƏDV-sinin depozit hesabına) köçürülür.

3.6. Hər ayın 15-dək əvvəlki ay üzrə “Azərenerji” ASC-nin EMTA-ya qalıq borcunun ödənilməsinə dair ödəniş tapşırığı (və ya borcun olmadığını özündə əks etdirən təsdiq edilmiş tutuşdurma aktı), habelə “Azərenerji” ASC tərəfindən “Azərkontrakt” ASC-dən alınmış təbii qazın dəyəri üzrə qalıq borcun ödənilməsinə dair ödəniş tapşırığı (və ya borcun olmadığını özündə əks etdirən tutuşdurma aktı) daxil olmadığı təqdirdə, müvəkkil bank “Azərenerji” ASC-nin xüsusi bank hesabında həmin ayın ilk iş gününə olan məbləğdən EMTA-nın hesab-fakturasına uyğun olaraq ona olan borcun məbləğini EMTA-nın cari bank hesabına, qalan məbləği isə “Azərkontrakt” ASC-nin cari bank hesabına köçürür və bu barədə Dövlət Vergi Xidmətinə məlumat verir.

3.7. Dövlət Vergi Xidməti bu Qaydanın 3.6-cı bəndinə əsasən müvəkkil bank tərəfindən “Azərkontrakt” ASC-nin cari bank hesabına köçürülən məbləğə uyğun ƏDV məbləğinin “Azərenerji” ASC-nin ƏDV-sinin depozit hesabından “Azərkontrakt” ASC-nin ƏDV-sinin depozit hesabına köçürülməsinin təmin olunmasına nəzarət edir.

3.8. Bu Qaydanın 3.2-3.7-ci bəndlərinin tələbləri nəzərə alınmaqla, “Azərenerji” ASC-nin xüsusi bank hesabında qalan vəsaitlər dövlət büdcəsinə vergilərin, məcburi dövlət sosial sığorta haqlarının, işsizlikdən sığorta haqlarının və tibbi sığorta haqlarının, habelə EMTA-ya ödənilməli olan haqların ödənilməsinə yönəldilir, qalan hissəsi isə bu Qaydanın 3.9-cu bəndində nəzərdə tutulan qaydada istifadə olunur.

3.9. Bu Qaydanın 3.8-ci bəndində nəzərdə tutulan ardıcıllıqla vəsaitlər ödənildikdən sonra, “Azərenerji” ASC-nin xüsusi bank hesabında qalan vəsait “Azərenerji” ASC-nin cari il üzrə təsdiq olunmuş gəlirlər və xərclər smetasına uyğun həcmdə özünün cari bank hesabına köçürülür və ya xüsusi layihələrin icrasına yönəldilir.

 

4. Təbii qazın ölkə daxilində satışından daxil olmuş vəsaitdən istifadə

 

4.1. “Azneft” İB tərəfindən “Azərkontrakt” ASC-yə satılmış təbii qaza görə daxil olan vəsait bu Qaydanın 1.3.1-ci yarımbəndində nəzərdə tutulan xüsusi bank hesabına mədaxil edilir.

4.2. “Azəriqaz” İB tərəfindən ölkə daxilində təbii qazın pərakəndə satışına görə ödənilən vəsait bu Qaydanın 1.3.2-ci yarımbəndində nəzərdə tutulan xüsusi bank hesabına mədaxil edilir.

4.3. Bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan bank hesabına mədaxil edilmiş vəsaitin 0,9 faizi mütəmadi olaraq müvəkkil bank tərəfindən avans ödənişi şəklində EMTA-nın cari bank hesabına, 50 faizi “Azərkontrakt” ASC-nin cari bank hesabına, 15 faizi isə “Azəriqaz” İB-nin cari bank hesabına köçürülür və bu barədə “Azəriqaz” İB-ə məlumat verilir.

4.4. “Azəriqaz” İB müvəkkil bank tərəfindən “Azərkontrakt” ASC-nin cari bank hesabına köçürülən məbləğə uyğun ƏDV məbləğini öz ƏDV-sinin depozit hesabından, ƏDV-nin depozit hesabında vəsait çatışmadığı təqdirdə isə çatışmayan hissənin özünün xüsusi bank hesabından “Azərkontrakt” ASC-nin ƏDV-sinin depozit hesabına köçürülməsini təmin edir.

4.5. Hər ayın 15-dək əvvəlki ay üzrə “Azəriqaz” İB tərəfindən EMTA-ya ödənilməli olan haqqın məbləği üzrə qalıq borc barədə, habelə “Azərkontrakt” ASC-dən alınmış təbii qazın həcmi və dəyəri barədə tutuşdurma aktları tərtib edilərək bir nüsxəsi Komissiyaya təqdim edilir. Aparılmış dəqiqləşdirmələrə əsasən EMTA-ya ödənilən haqqın məbləği və “Azərkontrakt” ASC-dən alınmış təbii qazın dəyəri üzrə qalıq borcun məbləği müvafiq olaraq EMTA-nın cari bank hesabına, qalan məbləğ isə “Azərkontrakt” ASC-nin cari bank hesabına (o cümlədən ödəniş məbləğinə uyğun ƏDV-sinin məbləği “Azərkontrakt” ASC-nin ƏDV-sinin depozit hesabına) köçürülür.

4.6. Hər ayın 15-dək əvvəlki ay üzrə “Azəriqaz” İB-in EMTA-ya qalıq borcunun ödənilməsinə dair ödəniş tapşırığı (və ya əvvəlki ay üzrə borcun olmadığını əks etdirən tutuşdurma aktı), habelə “Azəriqaz” İB tərəfindən “Azərkontrakt” ASC-dən alınmış təbii qazın dəyəri üzrə qalıq borcun ödənilməsinə dair ödəniş tapşırığı (və ya əvvəlki ay üzrə borcun olmadığını əks etdirən tutuşdurma aktı) daxil olmadığı təqdirdə, müvəkkil bank “Azəriqaz” İB-in xüsusi bank hesabının həmin ayın ilk iş gününə olan qalığını EMTA-nın hesab-fakturasına uyğun olaraq ona olan borcun məbləğində EMTA-nın cari hesabına, qalan məbləği isə “Azərkontrakt” ASC-nin cari bank hesabına köçürür və bu barədə Dövlət Vergi Xidmətinə məlumat verir.

4.7. Dövlət Vergi Xidməti bu Qaydanın 4.6-ci bəndinə əsasən “Azərkontrakt” ASC-nin cari bank hesabına köçürülən məbləğə uyğun ƏDV məbləğinin “Azəriqaz” İB-in ƏDV-sinin depozit hesabından “Azərkontrakt” ASC-nin ƏDV-sinin depozit hesabına köçürülməsinin təmin olunmasına nəzarət edir.

4.8. Bu Qaydanın 4.3-4.7-ci bəndlərinin tələbləri nəzərə alınmaqla, “Azəriqaz” İB-in xüsusi bank hesabında qalan vəsaitlər dövlət büdcəsinə vergilərin, məcburi dövlət sosial sığorta haqlarının, işsizlikdən sığorta haqlarının və tibbi sığorta haqlarının, habelə EMTA-ya ödənilməli olan haqların ödənilməsinə yönəldilir, qalan hissəsi isə Komissiyaya məlumat verilməklə, “Azəriqaz” İB-in cari bank hesabına köçürülür.

4.9. “Azərkontrakt” ASC-nin cari bank hesabına daxil olan vəsaitdən mütəmadi olaraq “Azneft” İB-in xüsusi bank hesabına alınmış qazın həcminə uyğun məbləğdə vəsait köçürülür. “Azərkontrakt” ASC aldığı təbii qazın dəyərinin ödənilməsi ilə yanaşı, hər ayın əvvəli göstərilmiş xidmətlərə uyğun olaraq, qaz müqavilələrinin icrası ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi ilə bağlanılmış xidmət müqaviləsindən irəli gələn ödənişləri həyata keçirir.

4.10. “Azərkontrakt” ASC müvəkkil bank tərəfindən “Azneft” İB-in xüsusi bank hesabına köçürülən məbləğə uyğun ƏDV məbləğini öz ƏDV-sinin depozit hesabından (ƏDV-nin depozit hesabında vəsait çatışmadığı təqdirdə isə çatışmayan hissənin özünün cari bank hesabından) “Azneft” İB-in ƏDV-sinin depozit hesabına köçürülməsini təmin edir.

4.11. Hər ayın 15-dək əvvəlki ay üzrə “Azərkontrakt” ASC tərəfindən “Azneft” İB-dən alınmış təbii qazın həcmi və dəyəri barədə tutuşdurma aktı tərtib edilərək, bir nüsxəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir. Müvafiq dəqiqləş-mələr aparıldıqdan sonra qalıq borcun məbləği “Azneft” İB-in xüsusi bank hesabına (o cümlədən aparılmış ödəniş məbləğinə uyğun ƏDV-sinin məbləği “Azneft” İB-in ƏDV-sinin depozit hesabına) köçürülür.

4.12. Bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulan bank hesabına daxil olan vəsaitin 40 faizi mütəmadi olaraq müvəkkil bank tərəfindən “Azneft” İB-in cari bank hesablarına köçürülür.

4.13. Bu Qaydanın 4.9-4.12-ci bəndlərində nəzərdə tutulan vəsaitlər ödənildikdən sonra, “Azneft” İB-nin xüsusi bank hesabında qalan vəsait Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin cari il üzrə təsdiq edilmiş gəlirlər və xərclər smetasına uyğun həcmlərdə “Azneft” İB-in cari bank hesabına köçürülür və ya xüsusi layihələrin icrasına yönəldilir.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status