AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
26.05.2021
QEYDİYYAT NÖMRƏSİ
151
ADI
Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 28.05.2021, Nəşr Nömrəsi: 109), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.05.2021, Nəşr nömrəsi: 5, Maddə nömrəsi: 530)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.05.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.070.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202105260151
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
27.05.2021
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 avqust saat 06:00-dək uzadılsın.

2. Müəyyən edilsin ki:

2.1. 2021-ci il 31 may saat 06:00- dan:

2.1.1. açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbi ləğv edilir;

2.1.2. Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilir;

2.1.3. ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir;

2.2. 2021-ci il 10 iyun saat 00:00-dan aşağıdakı iş və xidmət sahələrinin fəaliyyəti bərpa edilir:

2.2.1. dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla);

2.2.2. iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla);

2.2.3. bu Qərarın 2.3-cü bəndi nəzərə alınmaqla idman və sağlamlıq-bərpa obyektlərinin (tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi olmadan);

2.2.4. çimərliklərin və onların ərazisində yerləşən hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin;

2.3. yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olan şəxslər istifadə edə bilərlər; [1]

2.4. 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması, 2021-ci il 1 avqust tarixindən etibarən isə COVID-19 pasportunun olması tələb olunur. [2]

2.5. bu Qərarın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulan iş və xidmət sahələrində koronavirus infeksiyasına qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə, həmçinin digər dövlət orqanları (qurumları) tərəfindən müəyyən edilmiş bütün tələblərə və metodiki göstərişlərə əməl edilməsi məcburidir;

2.5-1. 2021-ci il 10 iyun tarixindən etibarən hava nəqliyyatı vasitəsilə aşağıdakı şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir: [3]

2.5-1.1. Rusiya Federasiyasının və Türkiyə Respublikasının vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə: [4]

1. yaşı 18-dən yuxarı olan şəxslərə münasibətdə – yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;

2. 1–18 yaş arasında olan şəxslərə münasibətdə – yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;

2.5-1.2. 2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək 4 oyununda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə münasibətdə - Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 aprel tarixli 2576 nömrəli Sərəncamının 2-ci hissəsində göstərilən sənədlərdən hər hansı birini və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;

2.5-1.3. bu Qərarın 2.5-1-ci bəndində nəzərdə tutulan şəxslər Azərbaycan Respublikasını tərk edərkən onlardan COVID-19-a dair PCR testi tələb olunmur.

2.5-2. 2021-ci il 21 iyun tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına bu Qərarın 2.5-1.1-ci və 2.5-1.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla icazə verilir: [5]

2.5-2.1. Amerika Birləşmiş Ştatları;

2.5-2.2. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı;

2.5-2.3. Macarıstan Respublikası;

2.5-2.4. İsrail Dövləti;

2.5-2.5. Birləşmiş Ərəb Əmirlikləri;

2.5-2.6. Bəhreyn Krallığı;

2.5-2.7. Qətər Krallığı.

2.5-2-1. Hava nəqliyyatı vasitəsilə aşağıdakı şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir: [6]

2.5-2-1.1. Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin diplomatik pasport sahiblərinə, Azərbaycan Respublikasında xarici ölkələrin diplomatik nümayəndəliklərininkonsulluqlarının rəhbərlərinə, əməkdaşlarına və onların ailə üzvlərinə, Azərbaycan Respublikasında iş icazəsi olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə və onların ailə üzvlərinə (arvadı (əri), himayəsində olan valideynləri və 18 yaşına çatmamış uşaqları, habelə 18 yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqları), habelə ölkəyə girişinə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi icazə verilmiş şəxslərə münasibətdə – müvafiq təsdiqedici sənədlər və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;

2.5-2-1.2. yaxın qohumu Azərbaycan Respublikasının vətəndaşı (valideynlərindən biri, bacısı, qardaşı, əri, arvadı və ya övladı, babası, nənəsi və nəvəsi) olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, o cümlədən onların ailə üzvlərinə (əri, arvadı, valideynləri, uşaqları) münasibətdə – qohumluq dərəcəsini təsdiq edən sənəd və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında.

2.5-3. 2021-ci il 1 iyul tarixindən aşağıdakı tələblərə riayət etməklə şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilir: [7]

2.5-3.1. şənlik mərasimləri “İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun təşkil edilməli, qonaqların ümumi sayı 150 (yüz əlli) nəfərdən çox olmamalı və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir;

2.5-3.2. 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmur; [8]

2.5-3.3. 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi (bundan sonra – COVID-19 pasportu) olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur; [9]

2.5-3.4. şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) bu Qərarın 2.4-cü bəndinin tələblərinə cavab verməlidir;

2.5-3.5. şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir;

2.5-3.6. şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir;

2.5-3.7. şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə bu Qərarın əlavəsində nəzərdə tutulan formada iltizamnamə imzalanmalı və şənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən “icaze.e-gov.az” portalına daxil edilməlidir;

2.5-3.8. bu Qərarın 2.5-3.1-2.5-3.7-ci bəndlərinin tələbləri pozulmaqla şənlik mərasimlərinin keçirilməsi qadağandır;

2.5-3.9. ictimai iaşə obyektlərində monitorinqlər, habelə 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunması ilə bağlı nəzarət tədbirləri Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir;

2.5-3.10. “icaze.e-gov.az” portalı ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə müraciət edilə bilər.

2.5-4. 2021-ci il 17 iyul tarixindən etibarən İran İslam Respublikası ilə əldə olunmuş müvafiq razılaşmanın tələblərinə uyğun olaraq, Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun (bundan sonra – avtobus marşrutu) İran İslam Respublikasının ərazisindən keçməklə həyata keçirilməsinə aşağıdakı tələblərə riayət etməklə icazə verilir: [10]

2.5-4.1. avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən COVID-19-a dair PCR testi barədə arayış tələb olunmur, ölkə ərazisində Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsinə gələn həmin sərnişinlərdən tibbi personal tərəfindən COVID-19-a dair PCR testinin keçirilməsi məqsədilə yaxma götürülür və Azərbaycan Respublikasının vətəndaşları üçün bu müayinələr ödənişsiz əsaslarla aparılır;

2.5-4.2. səfər zamanı daşıyıcı, sərnişinlər və sərnişin avtonəqliyyat vasitəsinin işçi heyəti tərəfindən xüsusi karantin rejiminin tələblərinə və koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə çərçivəsində qəbul edilmiş tələblərə əməl edilməsi məcburidir.

2.5-4-1. 2021-ci il 5 avqust tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına bu Qərarın 2.5-1.1-ci və 2.5-1.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla icazə verilir: [11]

2.5-4-1.1. Almaniya Federativ Respublikası;

2.5-4-1.2. Avstriya Respublikası;

2.5-4-1.3. Belçika Krallığı;

2.5-4-1.4. Çexiya Respublikası;

2.5-4-1.5. Danimarka Krallığı;

2.5-4-1.6. İrlandiya Respublikası;

2.5-4-1.7. İspaniya Krallığı;

2.5-4-1.8. İsveç Krallığı;

2.5-4-1.9. İsveçrə Konfederasiyası;

2.5-4-1.10. Kanada;

2.5-4-1.11. Lüksemburq Böyük Hersoqluğu;

2.5-4-1.12. Malta Respublikası;

2.5-4-1.13. Niderland Krallığı;

2.5-4-1.14. Polşa Respublikası;

2.5-4-1.15. Portuqaliya Respublikası;

2.5-4-1.16. Serbiya Respublikası;

2.5-4-1.17. Sinqapur Respublikası;

2.5-4-1.18. Sloveniya Respublikası;

2.5-4-1.19. Slovakiya Respublikası;

2.5-4-1.20. Yunanıstan Respublikası.

2.5-5. 2021-ci il 1 sentyabr tarixindən etibarən:

2.5-5.1. dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir.

1. mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri;

2. mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri;

3. bu Qərarın 2.4-cü bəndi nəzərə alınmaqla, bu Qərarın əlavəsində qeyd olunan iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisələr;

2.5-5.2. ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb edilir;

2.5-5.3. yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:

1. ictimai iaşə müəssisələrində;

2. mehmanxanalarda;

3. iri ticarət mərkəzlərində. [12]

2.6. 2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək 4 oyununda məhdud sayda tamaşaçının iştirakına icazə verilir;

2.7. bu Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

3. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddələr 1209, 1231, № 10, maddələr 1274, 1275, 1278, 1283, 1298, 1314, 1315, № 11, maddələr 1387, 1394, № 12, maddələr 1588, 1592, 1612; 2021, № 1, maddələr 92, 106; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 3 mart tarixli 48 nömrəli, 19 mart tarixli 71, 72 nömrəli və 19 aprel tarixli 100 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.1-ci bənddə “1 iyun” sözləri “1 avqust” sözləri ilə əvəz edilsin;

3.2. 1.1.15-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“1.1.15. 2021-ci il 5 iyun saat 00:00- dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması.”.

4. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 660) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.2-ci bəndə “bazarlarda” sözündən əvvəl “qapalı” sözü əlavə edilsin;

4.2. 1.7-ci və 1.8-ci bəndlər ləğv edilsin.

5. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 noyabr tarixli 451 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 11, maddə 1395) ləğv edilsin.

6. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə öz qüvvəsini saxlayır.

7. Bu Qərar 2021-ci il 31 may saat 06:00-dan qüvvəyə minir.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 26 may 2021-ci il

    № 151

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2021-ci il 22 iyun tarixli 177 nömrəli Qərarına

əlavə

 

ŞƏNLİK MƏRASİMLƏRİNDƏ XÜSUSİ KARANTİN REJİMİNİN

TƏLƏBLƏRİNƏ ƏMƏL EDİLMƏSİNƏ DAİR

İLTİZAMNAMƏ

 

Biz, _________________________________________________________________ rəhbəri

(şənlik keçirilən müəssisənin adı)

________________________________________________________________ və vətəndaş

(soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi)

___________________________________________________________________________

(soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi)

 

“_____”___________ 20_____ il tarixində ______________________________ünvanında

keçiriləcək şənlik mərasimi zamanı “Şənlik mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunması ilə bağlı metodiki göstərişlər”də müəyyən edilmiş tələblərə əməl etməyi öhdəmizə götürürük və epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müştərək məsuliyyətə cəlb olunacağımız barədə məlumatlandırılmışıq.

 

______________________________

(öhdəlik götürən şəxsin imzası)

________________________________

(öhdəlik götürən şəxsin imzası)

“ _____” __________ 20 ___ il

“_____” ______________ 20 ___ il

 


 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2021-ci il 26 iyul tarixli

229 nömrəli Qərarına

əlavə

 

İşçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin

 

SİYAHISI

 

1. Kommunal sahə üzrə:

1.1. elektrik enerjisi, qaz, istilik ilə təchizat;

1.2. su təchizatı və meliorasiya, çirkli suların yığılması və təmizlənməsi;

1.3. tullantıların yığılması, emalı və məhv edilməsi.

2. Nəqliyyat, logistika və kommunikasiya sahəsi üzrə:

2.1. dəmir yolu, dəniz, hava və avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti;

2.2. liman xidmətləri;

2.3. logistika xidmətləri;

2.4. telekommunikasiya və rabitə xidmətləri;

2.5. poçt və kuryer fəaliyyəti.

3. Sosial sahə üzrə:

3.1. sosial xidmətlərin göstərilməsi;

3.2. fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxslər üçün baxıcılıq xidməti.

4. Ticarət və ictimai iaşə sahəsi üzrə:

4.1. topdan və pərakəndə ticarət;

4.2. ictimai iaşə;

4.3. yeməklərin göndərilməsi və çatdırılma xidmətləri.

5. Turizm sahəsi üzrə:

5.1. mehmanxanalar və digər yerləşmə vasitələri xidmətləri göstərən müəssisələr;

5.2. turagentliklərininturoperatorların fəaliyyəti

6. Maliyyə xidmətləri üzrə:

6.1. maliyyə və sığorta fəaliyyəti (bank, bank olmayan kredit təşkilatları, lombardlar, sığorta təşkilatları, ödəniş xidmətləri).

7. Digər sahələr üzrə:

7.1. poliqrafiya fəaliyyəti, çap və surətçıxarma xidmətləri;

7.2. bütün növ maşın və avadanlıqların quraşdırılması və təmiri;

7.3. kompüterlərin və rabitə avadanlıqlarının, şəxsi istifadə əşyalarının, məişət mallarının təmiri;

7.4. avtomobillərə və motosikletlərə texniki xidmət göstərilməsi, onların təmiri və yuyulması;

7.5. kirayə və lizinq fəaliyyəti;

7.6. daşınmaz əmlakın alınması və satılması xidmətləri;

7.7. memarlıq, mühəndislik, layihələndirmə və texniki məsləhətlər verilməsi sahəsində fəaliyyət;

7.8. reklam fəaliyyəti və bazarın öyrənilməsi;

7.9. işə düzəltmə agentliklərinin fəaliyyəti;

7.10. tədris və repetitor xidmətləri;

7.11. tərcümə üzrə xidmətlər;

7.12. dizayn fəaliyyəti;

7.13. fotoqrafiya sahəsində fəaliyyət;

7.14. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı göstərilən xidmətlər (mühasibat uçotu və audit, hüquq, kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə məsləhət (konsaltinq) xidmətləri və sahibkarlıq subyektlərinə təqdim edilən bu kimi digər iş və xidmətlər);

7.15. istehsal və yaşayış binalarının, mənzillərin təmizlənməsi və yığışdırılması;

7.16. dezinfeksiya xidmətləri;

7.17. toxuculuq və xəz məmulatlarının yuyulması və kimyəvi təmizlənməsi;

7.18. dərzi xidmətləri;

7.19. bərbərxana və gözəllik salonları;

7.20. baytarlıq fəaliyyəti;

7.21. heyvan sığınacaqları.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       5 iyun 2021-ci il tarixli 162 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 iyun 2021-ci il, № 116)

2.       16 iyun 2021-ci il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 iyun 2021-ci il, № 124)

3.       22 iyun 2021-ci il tarixli 177 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 iyun 2021-ci il, № 129)

4.       16 iyul 2021-ci il tarixli 210 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 iyul 2021-ci il, № 148)

5.       26 iyul 2021-ci il tarixli 229 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 iyul 2021-ci il, № 153)

6.       28 iyul 2021-ci il tarixli 230 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 iyul 2021-ci il, № 155)

7.       2 avqust 2021-ci il tarixli 231 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 avqust 2021-ci il, № 159)

8.       28 avqust 2021-ci il tarixli 245 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 avqust 2021-ci il, № 183)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 22 iyun 2021-ci il tarixli 177 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 iyun 2021-ci il, № 129) ilə 2.3-cü bənddə (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) sözləri (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) sözləri ilə əvəz edilmişdir.

 

[2] 22 iyun 2021-ci il tarixli 177 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 iyun 2021-ci il, № 129) ilə 2.4-cü bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2.4. 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunur;

 

[3] 5 iyun 2021-ci il tarixli 162 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 iyun 2021-ci il, № 116) ilə yeni məzmunda 2.5-1-ci bənd əlavə edilmişdir.

 

[4] 16 iyun 2021-ci il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 iyun 2021-ci il, № 124) ilə 2.5-1.1-ci bəndə “vətəndaşlarına” sözündən sonra “və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə” sözləri əlavə edilmişdir.

22 iyun 2021-ci il tarixli 177 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 iyun 2021-ci il, № 129) ilə 2.5-1.1-ci və 2.5-2-ci bəndlərə daimi yaşayan sözlərindən sonra digər ölkə vətəndaşlarına, habelə sözləri əlavə edilmişdir.

 

[5] 16 iyun 2021-ci il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 iyun 2021-ci il, № 124) ilə yeni məzmunda 2.5-2-ci bənd əlavə edilmişdir.

 

[6] 28 iyul 2021-ci il tarixli 230 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 iyul 2021-ci il, № 155) ilə yeni məzmunda 2.5-2-1-ci bənd əlavə edilmişdir.

 

[7] 22 iyun 2021-ci il tarixli 177 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 iyun 2021-ci il, № 129) ilə yeni məzmunda 2.5-3-cü bənd əlavə edilmişdir.

 

[8] 28 avqust 2021-ci il tarixli 245 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 avqust 2021-ci il, № 183) ilə 2.5-3.2-ci bənd ləğv edilmişdir.

 

[9] 28 avqust 2021-ci il tarixli 245 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 avqust 2021-ci il, № 183) ilə 2.5-3.3-cü və 2.5-3.9-cu bəndlərdən 50 nəfərdən sözləri çıxarılmışdır.

 

[10] 16 iyul 2021-ci il tarixli 210 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 iyul 2021-ci il, № 148) ilə yeni məzmunda 2.5-4-cü bənd əlavə edilmişdir.

 

[11] 2 avqust 2021-ci il tarixli 231 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 avqust 2021-ci il, № 159) ilə yeni məzmunda 2.5-4-1-ci bənd əlavə edilmişdir.

 

[12] 26 iyul 2021-ci il tarixli 229 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 iyul 2021-ci il, № 153) ilə yeni məzmunda 2.5-5-ci bənd əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status