AKTIN NÖVÜ
KONSTİTUSİYA MƏHKƏMƏSİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
14.09.2021
QEYDİYYAT NÖMRƏSİ
ADI
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 29.09.2021, Nəşr nömrəsi: 208)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
29.09.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası adından

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Gəncə Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim M.Muradovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri T.Muxtarovun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri K.Paşayevanın, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri H.Nəsibovun, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri E.Rəhimovun və Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi A.Osmanovanın mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor F.Abbasovanın və Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru A.Rüstəmzadənin rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN ETDİ:

 

Gəncə Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 39, 40 və 305-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60, 71, 125 və 127-ci maddələri və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi baxımından şərh olunmasını xahiş etmişdir.

Müraciətdə qeyd olunur ki, Tərtər Hərbi Məhkəməsinin 12 fevral 2021-ci il tarixli hazırlıq iclasının qərarına əsasən, Cinayət Məcəlləsinin 350.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs R.Məmmədov Cinayət Məcəlləsinin 74-cü maddəsinə müvafiq olaraq şəraitin dəyişməsi ilə bağlı onun şəxsiyyətinin ictimai təhlükəli olmadığı müəyyən edildiyindən cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə icraata xitam verilmişdir.

Dövlət ittihamçısı apellyasiya protesti verərək R.Məmmədov barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair Tərtər Hərbi Məhkəməsinin qərarının Cinayət-Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinə əsasən ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Cinayət Məcəlləsinin 74-cü maddəsinə istinad edilməklə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi Cinayət-Prosessual Məcəlləsinin 40.3 və 40.4-cü maddələrinə əsasən deyil, məhz Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən mümkündür. Qanunverici məhkəmənin hazırlıq iclasında cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsinin əsaslarını müəyyən edən Cinayət-Prosessual Məcəlləsinin 305-ci maddəsində həmin Məcəllənin 40.2-ci maddəsini göstərməməklə, şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya əməli törətmiş şəxsin ictimai təhlükəli olub-olmamasının yalnız məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlar əsasında müəyyən edilməsinin mümkünlüyünü qeyd etmişdir. Belə olan halda məhkəmənin hazırlıq iclasında Cinayət Məcəlləsinin 74-cü maddəsinə istinad edilərək Cinayət-Prosessual Məcəlləsinin 305-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Digər tərəfdən Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsində cinayət təqibini istisna edən hallar nəzərdə tutulmuş, həmin Məcəllənin 40-cı maddəsində isə cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar təsbit edilmişdir. Həmin maddələrin məzmunundan görünür ki, Cinayət Məcəlləsinin 74-cü maddəsində nəzərdə tutulan hal cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallara aiddir. Bununla da belə nəticəyə gəlmək olar ki, Cinayət Məcəlləsinin 74-cü maddəsi, yəni şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsində nəzərdə tutulan cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi anlamını daşımır. Məhkəmə tərəfindən göstərilən normanın rəhbər tutularaq cinayət işi üzrə icraata xitam verilməsi qanunçuluq prinsipi ilə ziddiyyət təşkil edir.

Müraciətedənin qənaətinə görə, məhkəmə təcrübəsində Cinayət Məcəlləsinin 74-cü maddəsinə istinad edilərək hazırlıq iclasında cinayət təqibinə Cinayət-Prosessual Məcəlləsinin 39.1.11 və 305.1-ci maddələrinə əsasən xitam verilməsinin mümkünlüyü ilə bağlı fərqli mövqelər mövcuddur. Bu baxımdan vahid məhkəmə təcrübəsinin formalaşdırılması, cinayət və cinayət-prosessual qanunvericiliyi normalarının eyni qaydada tətbiqinin və hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədi ilə yuxarıda qeyd olunan normaların şərh olunması zərurəti yaranmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıları qeyd edir.

Konstitusiyanın 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər (Konstitusiyanın 26-cı maddəsinin II hissəsi və 71-ci maddəsinin I və X hissələri).

Konstitusiyanın 60-cı maddəsinin I və II hissələrinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.

Bu mənada, qanunla nəzərdə tutulmuş hallarda cinayət təqibinə (cinayət işi üzrə icraata) məhkəmədə xitam verilməsi prosedurları da hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququnun tərkib hissəsi kimi qəbul olunmalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələlərin düzgün həll edilməsi üçün şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad etməni nəzərdə tutan cinayət qanununun normasının, eləcə də cinayət prosesinin mərhələlərindən biri olan məhkəmənin hazırlıq iclasının mahiyyətinin və hüquqi təbiətinin açıqlanmasını vacib hesab edir.

Cinayət Məcəlləsinin 74-cü maddəsinə görə, şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər.

Cinayət-Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır.

Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Cinayət Məcəlləsinin 72.2, 73.2, 73.3, 73-1.1 və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir (Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsi).

Həmin Məcəllənin 40.4-cü maddəsinə uyğun olaraq, şəxsin iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azad edilməsi üçün Cinayət Məcəlləsinin 73-2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir.

Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə görə isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər.

Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır.

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında “cinayət məsuliyyətindən və cəzadan azad etmə” anlayışlarına aydınlıq gətirərək göstərmişdir ki, nəzəriyyədə cinayət məsuliyyətindən azad etmə dedikdə, törədilmiş cinayətə görə dövlətin şəxsi mühakimə etməkdən və ona cəza tətbiq etməkdən imtina etməsi başa düşülür. Cəzadan azad etmə isə məhkum olunmuş şəxsə cəzanın tətbiq edilməməsini və yaxud cəzanın qalan hissəsini çəkməkdən azad edilməsini nəzərdə tutur. Cinayət məsuliyyətindən azad etmə və cəzadan azad etmə aşağıdakılara görə fərqlənirlər:

- cinayət mühakimə icraatının mərhələlərinə görə;

- bu cür qərar qəbul etmək səlahiyyətinə malik olan şəxslərin və orqanların dairəsinə görə.

Cinayət məsuliyyətindən azad etmə həm məhkəməyədək mərhələdə, həm də məhkəmə baxışı mərhələsində mümkündür. Cəzadan azad etmə isə yalnız məhkəmə baxışı mərhələsində mümkündür.

Cinayət məsuliyyətindən prokurorun razılığı ilə təhqiqatçı və ya müstəntiq, habelə məhkəmə azad edə bilər. Cəzadan azad etmə isə məhkəmənin müstəsna səlahiyyətidir.

Cinayət məsuliyyətindən azad etmə müvafiq olaraq cəzadan azad etməni də əhatə edir. Bu zaman cinayət məsuliyyətindən azad etmənin ilkin anı – məhkəməyədək mərhələ, son anı – hökm elan olunanadək məhkəmə baxışı mərhələsidir. Bu mərhələdən sonra isə söhbət yalnız cəzadan azad etmədən gedə bilər.

Cinayət məsuliyyətindən azad etmə halları Cinayət Məcəlləsinin 72-75-ci maddələri ilə yanaşı, həmin Məcəllənin 20-ci (cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamaqla əlaqədar cinayət məsuliyyətindən azad etmə); 21-ci (ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətməklə bağlı cinayət məsuliyyətindən azad etmə); 30.2-ci (cinayət törətməkdən könüllü imtina etməklə əlaqədar cinayət məsuliyyətindən azad etmə) və 81.2-ci (amnistiya aktı ilə cinayət məsuliyyətindən azad etmə) maddələrində də nəzərdə tutulmuşdur. Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə, bu maddələrdə sadalanan halların mövcudluğu cinayət təqibinin həyata keçirilməməsi üçün əsas ola bilər.

Cinayət Məcəlləsinin 20, 21, 75 və 81.2-ci maddələrində göstərilən hallar ümumiyyətlə cinayət təqibini istisna edir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.12-ci maddələrinin imperativ xarakterinə əsasən, yuxarıda göstərilən hallardan hər hansı biri aşkar olunduqda şəxs barəsində cinayət təqibi başlanılmır, artıq başlanmış icraat gedişində aşkar olunduqda isə cinayət təqibinə xitam verilir.

Bundan fərqli olaraq, Cinayət Məcəlləsinin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallarda cinayət işinin başlanılmaması və ya ona xitam verilməsi təhqiqatçının, müstəntiqin və ya prokurorun vəzifəsi deyil, hüququdur və bu hüququn həyata keçirilməsinin öz xüsusiyyətləri vardır.

Qeyd edildiyi kimi, şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə Cinayət Məcəlləsinin 74-cü maddəsində nəzərdə tutulmuşdur.

Cinayət hüquq nəzəriyyəsində şəraitin dəyişməsi dedikdə, cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə şəxsin həyatında şəraitin ciddi surətdə dəyişməsi başa düşülür. Belə hallarda şəraitin dəyişməsi şəxsin həyatı ilə bağlı olur. Bu, cinayət törədən şəxsin yaşayış yerini dəyişməsində, ali məktəbə daxil olmasında, həqiqi hərbi xidmətə getməsində və s. ifadə oluna bilər. Bundan başqa, şəraitin dəyişməsi siyasi, iqtisadi və sosial sahələrdə baş verən dəyişikliklərlə də bağlı ola bilər. Belə dəyişiklik ölkə miqyasında və ya müəyyən regionda, şəhərdə və s. ərazidə baş verə bilər. Şəraitin dəyişməsinin nisbətən geniş miqyasda baş verməsi ictimai münasibətlər sistemində elə dəyişikliyi nəzərdə tutur ki, bunun təsiri ilə cinayət əməli öz maddi əlamətini - ictimai təhlükəliliyini itirir.

Cinayət təqibini istisna edən halları nəzərdə tutan Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsi bir sıra istisnalarla elə halların sistemini müəyyən edir ki, bu hallar mövcud olarsa, cinayət təqibi (cinayət işi) başlanıla bilməz, başlanmış cinayət təqibinə (cinayət işinə) isə xitam verilməlidir. Həmin maddədə nəzərdə tutulmuş hallarda müvafiq qərarın qəbul edilməsi cinayət prosesini həyata keçirən orqanın hüququ deyil, vəzifəsidir.

Cinayət-Prosessual Məcəlləsinin 40-cı maddəsi də müvafiq halların sistemini müəyyən edir, lakin həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan hallardan fərqli olaraq, bu maddədə sadalanan hallar cinayət təqibinin həyata keçirilməməsinə imkan verir.

Qeyd edilməlidir ki, Cinayət-Prosessual Məcəlləsinin 40-cı maddəsində iki növdə olan hallar təsbit edilmişdir. Birincisi, cinayət prosesini həyata keçirən orqanların mülahizəsinə görə cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hallarda cinayət təqibinin başlanılmaması və ya ona xitam verilməsi cinayət prosesini həyata keçirən orqanların hüququ olaraq qalır (onlar üçün məcburi xarakter kəsb etmir).

İkincisi, cinayət təqibinin həyata keçirilməməsinin cinayət prosesini həyata keçirən orqanların mülahizəsindən asılı olmadığı hallar. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Cinayət Məcəlləsinin 72.2, 73.2, 73.3, 73-1.1 və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir.

Cinayət-Prosessual Məcəlləsinin 40.4-cü maddəsinə əsasən isə şəxsin iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azad edilməsi üçün Cinayət Məcəlləsinin 73-2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Göründüyü kimi, bu hallarda cinayət təqibinin başlanılmaması və ya ona xitam verilməsi artıq cinayət prosesini həyata keçirən orqanların vəzifəsi kimi göstərilir (onlar üçün məcburi xarakter kəsb edir).

Beləliklə, Cinayət-Prosessual Məcəlləsinin 40.3 və 40.4-cü maddələri imperativ qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsini nəzərdə tutduğu halda, həmin Məcəllənin 40.2-ci maddəsində göstərilən hallar üzrə (Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələri) şəxsin cinayət məsuliyyətindən azad edilməsi cinayət prosesini həyata keçirən orqanın vəzifəsi kimi nəzərdə tutulmamış və qanunverici bu halları cinayət təqibini həyata keçirən orqanların və ya məhkəmənin mülahizəsinə buraxmışdır.

Qeyd edildiyi kimi, Cinayət-Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında Cinayət-Prosessual Məcəlləsinin 39-cu (cinayət təqibini istisna edən hallar), habelə 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar (cinayət təqibinin həyata keçirilməməsinin cinayət prosesini həyata keçirən orqanların mülahizəsindən asılı olmadığı hallar) müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır.

Göründüyü kimi, Cinayət-Prosessual Məcəlləsinin 305.1-ci maddəsində həmin Məcəllənin 40.2-ci maddəsi ona görə göstərilməmişdir ki, bu maddədəki hallarla, Cinayət-Prosessual Məcəlləsinin 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar cinayət prosesini həyata keçirən orqanlar üçün məcburilik əlamətinə görə bir-birindən fərqlənirlər. Bu, o deməkdir ki, məhkəmə cinayət təqibinə Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsində nəzərdə tutulmuş əsasla, yəni öz mülahizəsinə görə hazırlıq iclasında deyil, yalnız məhkəmə baxışında xitam verə bilər.

Eyni zamanda vurğulanmalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsində göstərilən hallarda məhkəmə tərəfindən hazırlıq iclasında cinayət təqibinə xitam verilməsinin nəzərdə tutulmaması cinayət mühakimə icraatının həyata keçirilməsi mərhələlərinin hüquqi təbiəti ilə də əlaqədardır.

Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə müvafiq olaraq, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmçinin məhkəmənin hazırlıq iclası zamanı ittiham və müdafiə tərəflərinin məhkəmə baxışı zamanı təqdim etdikləri sübutların siyahısı barədə, məhkəmə baxışından sübut kimi yolverilməz materialların xaric edilməsi barədə məsələlər həll edilir (Cinayət-Prosessual Məcəlləsinin 299.4.2 və 299.4.3-cü maddələri).

Cinayət-Prosessual Məcəlləsinin 299-cu maddəsinin məzmunundan göründüyü kimi, məhkəmənin hazırlıq iclasının mahiyyəti ondan ibarətdir ki, məhkəmə iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətlər etmədən və məhkəməyə verilmiş şəxsin təqsirlilik məsələsini həll etmədən, bu məsələlərin məhkəmə iclasında həll edilməsi üçün faktiki halların kifayət edib-etməməsi və məhkəmə baxışının təyin edilməsinin mümkün olub-olmaması ilə bağlı tərəflərin fikrini öyrənərək müəyyən nəticəyə gəlir.

Məhkəmənin hazırlıq iclasının əhəmiyyəti isə ondan ibarət olur ki, məhz bu mərhələ faktiki halları tam şəkildə tədqiq edilməmiş işlərin, eləcə də prosessual qanunun kobud pozulmasına yol verilmiş işlərin məhkəmə baxışına verilməsinin qarşısının alınmasına təminat yaradır. Başqa sözlə, məhkəmənin hazırlıq iclası məhkəmə baxışı üçün zəruri şəraitin yaradılmasını, məhkəmə iclasının uğurla həyata keçirilməsini təmin edir.

Cinayət Məcəlləsinin 74-cü maddəsinin tətbiqi ilə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və bununla əlaqədar olaraq onun barəsində cinayət təqibinə xitam verilməsi üçün, ilk növbədə, şəxsin təqsiri müəyyən edilməli, bundan sonra şəraitin dəyişmiş olmasına dəlalət edən hallar müəyyən edilərək qiymətləndirilməlidir.

Hazırlıq iclasının mahiyyəti və əhəmiyyəti nəzərə alınaraq qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 74-cü maddəsində göstərilən halların, o cümlədən şəxsin təqsirinin müəyyən edilməsi məhkəmənin hazırlıq iclasında mümkün deyil.

Burada həmçinin nəzərə almaq lazımdır ki, Cinayət-Prosessual Məcəlləsinin 7.0.9-cu maddəsinə əsasən, ədalət mühakiməsi məhkəmə tərəfindən həyata keçirilir. Cinayət mühakimə icraatı zamanı ədalət mühakiməsi həyata keçirilərkən cinayət işlərinə və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına cinayət-prosessual qanunvericiliyinin qəbul olunmuş prinsip və vəzifələri çərçivəsində baxılmalıdır.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz surətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən Cinayət-Prosessual Məcəlləsində daha geniş əks olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühüm və xüsusi yerə malikdir. O, həm Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq, yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasını və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Cinayət məhkəmə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla (Cinayət-Prosessual Məcəlləsinin 8-36-cı maddələri) nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır (“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 2009-cu il 12 may tarixli Qərar).

Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi tələb edir ki, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləsinə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar (Cinayət-Prosessual Məcəlləsinin 28.1-ci maddəsi).

Cinayət mühakimə icraatında tərəflərin çəkişməsi prinsipi isə Azərbaycan Respublikasında cinayət mühakimə icraatının ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilməsini nəzərdə tutmaqla, hər bir tərəfin məhkəmədə təmsil olunmasını və öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malik olmalarını ehtiva edir (Cinayət-Prosessual Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri).

Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirməyi tələb edir. Bu prinsipə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Cinayət-Prosessual Məcəlləsinin 33.2, 33.3 və 33.4-cü maddələri).

Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci maddəsində məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilən məsələlər sırasında cinayət hadisəsinin və təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmaması müəyyən olunmuşdur.

Göstərilən normaların təhlilindən göründüyü kimi, cinayət əməlinin və ya əməli törətmiş şəxsin ictimai təhlükəliliyini itirib-itirməməsi, şəraitin dəyişməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olub-olmamasına dair sübutlara məcmu halında, məhkəmə baxışı mərhələsində qiymət verilməlidir.

Məhz buna görə də Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilmişdir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Konstitusiyanın 60-cı maddəsinin I hissəsinin, 127-ci maddəsinin II hissəsinin, Cinayət-Prosessual Məcəlləsinin 39, 40.2, 43.3, 299 və 305.1-ci maddələrinin tələblərinə uyğun olaraq, Cinayət Məcəlləsinin 74-cü maddəsində nəzərdə tutulmuş hallar yalnız məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər.

Bununla yanaşı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müraciətdə qaldırılan məsələlərin həlli zamanı hüquqi müəyyənlik prinsipi, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqelər əsas götürülməlidir. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquqtətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir (“Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli Qərar).

Cinayət hüquq norması qəbul edilərkən qanunçuluğun prinsiplərindən olan qanunun aliliyi, vahidliyi, məqsədəuyğunluğu və qanunçuluğun reallığı prinsiplərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sadalanan prinsiplərə əməl olunması Konstitusiyada təsbit olunmuş bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik, tarazlıq prinsiplərindən irəli gəlir. Cinayət hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir və bu meyarlar Cinayət Məcəlləsinin qanunçuluq prinsipinin təmin edilməsinə xidmət edir. Belə ki, hamının qanun və məhkəmə qarşısında bərabərlik və qanunçuluq prinsiplərinin təmin edilməsi yalnız cinayət hüquq normalarının bütün hüquqtətbiqedən orqanlar tərəfindən vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, qanunçuluq prinsipi baxımından hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz mülahizələrə və özbaşınalığa gətirib çıxarmaqla bərabərlik, qanunun aliliyi prinsiplərini pozmuş olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 21 oktyabr tarixli Qərarı).

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir çox qərarlarında göstərmişdir ki, əsas hüquqların məhdudlaşdırılması yalnız o halda qanunla müəyyən olunmuş hesab edilə bilər ki, şüurlu şəxs norma ilə tanış olaraq və hüquqşünasın yardımına və ya məhkəmə təcrübəsinə müraciət etmədən öz hərəkətlərinin nəticələrini kifayət qədər dəqiq dəyərləndirə bilsin. Məhkəmə, həmçinin hesab etmişdir ki, baxılan aspektdə hüquqi müəyyənlik üçün əsas təhlükəni hədsiz ümumi ifadələr, əsas terminlərin açıqlanmaması və ya eyni terminlərin müxtəlif qanunlarda müxtəlif şərhlərinin mövcudluğu yaradır (Landvreugd Hollandiyaya qarşı iş üzrə 2002-ci il 4 iyun tarixli, Brumaresku Rumıniyaya qarşı iş üzrə 1999-cu il 28 oktyabr tarixli Qərarlar).

Qeyd olunanlarla yanaşı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulamağı vacib bilir ki, hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Cinayət mühakimə icraatında cinayət prosesini həyata keçirən orqanların hər bir prosessual hərəkətləri qanunvericilikdə dəqiq və birmənalı tənzimlənmişdir. Hüquqi müəyyənlik prinsipi onu da tələb edir ki, bu orqanlar cinayət-prosessual qanunvericiliyindən kənar hərəkətlərə yol verməməli, cinayət təqibi zamanı qanunvericilikdə müəyyən olunmuş cinayət prosesi mərhələlərinin xüsusiyyətlərinə, ardıcıllıqlarına, təyinatına, prosessual hədlərinə və s. dəqiq riayət etməlidirlər. Cinayət prosesinin hər bir mərhələsinin qarşısında duran vəzifələrin düzgün yerinə yetirilməsi nəticə etibarı ilə cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinə xidmət etməklə, hər kəsin hüquqlarının müdafiəsinə təminat vermiş olur.

Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 74-cü maddəsində nəzərdə tutulmuş şəraitin dəyişməsinə görə məhkəmənin hazırlıq iclasında cinayət təqibinə xitam verilməsi hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab verməmiş olur.

Müraciətdə qaldırılan digər məsələ Cinayət Məcəlləsinin 74-cü maddəsinə istinad edilərək Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsinin mümkünlüyü və bununla əlaqədar “cinayət qanunu müddəalarının qüvvəsinə görə cinayət məsuliyyətindən azad etmə” normasının mənasının və prosessual əsas kimi tətbiq dairəsinin müəyyənləşdirilməsi ilə bağlıdır.

İlk növbədə qeyd olunmalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsində “cinayət qanunu müddəalarına” görə deyil, məhz “cinayət qanunu müddəalarının qüvvəsinə görə cinayət məsuliyyətindən azad etmə” anlayışından istifadə edilməsi Cinayət Məcəlləsinin “Cinayət qanununun qüvvəsi”ni təsbit edən 2-ci fəslindən irəli gəlir.

Belə ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları cinayət qanununun zamana və məkana görə qüvvəsini təsbit edən normalara şamil edilə bilər. Cinayət qanununun məkana görə qüvvəsinə əsasən cinayət məsuliyyətindən azad etmə Cinayət Məcəlləsinin 12.1-ci maddəsində nəzərdə tutulmuş hallarda tətbiq olunur. Həmin maddəyə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.

Beləliklə, şəxs tərəfindən törədilən əməl Azərbaycan Respublikasının və ya ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılmırsa, prosessual hüquq norması kimi Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsaslanmaqla şəxs cinayət məsuliyyətindən azad edilir.

Cinayət qanununun zamana görə qüvvəsinə əsasən cinayət məsuliyyətindən azad etmə isə Cinayət Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda tətbiq edilir. Həmin maddəyə görə, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. İctimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə şamil edilir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qeyd edilən hallarda da cinayət təqibini və ya cinayət mühakimə icraatını həyata keçirən orqanlar Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsaslanmaqla şəxsi cinayət məsuliyyətindən azad edir.

Müraciətdə göstərilən məsələyə münasibətdə isə qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsinə görə cinayət məsuliyyətindən azad etmə cinayət təqibini istisna edən halları nəzərdə tutan Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsindəki halı ona görə ehtiva edə bilməz ki, əks hal cinayət mühakimə icraatını həyata keçirən orqanlar üçün məcburi olan normanın dispozitiv formada şərhinə gətirib çıxarar. Şəraitin dəyişməsi halı (Cinayət Məcəlləsinin 74-cü maddəsi) cinayət-prosessual qanunvericiliyinə müvafiq olaraq cinayət təqibi orqanının mülahizəsinə əsasən xitam verilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallara aid olduğundan, qanunverici onun tətbiqinin prosessual əsası qismində yalnız Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsini nəzərdə tutmuşdur.

Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsindəki “cinayət qanunu müddəalarının qüvvəsinə görə” müddəası cinayət qanununun zamana və məkana görə qüvvəsinə əsasən cinayət məsuliyyətindən azad etməni ehtiva edir.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Konstitusiyanın 60-cı maddəsinin I hissəsinin, 127-ci maddəsinin II hissəsinin, Cinayət-Prosessual Məcəlləsinin 39, 40.2, 43.3, 299 və 305.1-ci maddələrinin tələblərinə uyğun olaraq, Cinayət Məcəlləsinin 74-cü maddəsində nəzərdə tutulmuş hallar yalnız məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər;

- Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin “cinayət qanunu müddəalarının qüvvəsinə görə” müddəası cinayət qanununun zamana və məkana görə qüvvəsinə əsasən cinayət məsuliyyətindən azad etməni nəzərdə tutur.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA ALDI:

 

1. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinin, 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40.2, 43.3, 299 və 305.1-ci maddələrinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsində nəzərdə tutulmuş hallar yalnız məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər.

2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin “cinayət qanunu müddəalarının qüvvəsinə görə” müddəası cinayət qanununun zamana və məkana görə qüvvəsinə əsasən cinayət məsuliyyətindən azad etməni nəzərdə tutur.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

Sədr:    Fərhad ABDULLAYEV

 

Bakı şəhəri, 14 sentyabr 2021-ci il.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status