AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
21.10.1997
QEYDİYYAT NÖMRƏSİ
384-IQ
ADI
Konstitusiya Məhkəməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-1998, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 19)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
380.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Konstitusiya Məhkəməsi haqqında [1]

 

Azərbaycan Respublİkasının Qanunu

 

Birinci fəsil

 

Ümumİ müddəalar

 

Maddə 1.     Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təyinatı

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi (bundan sonra “Konstitusiya Məhkəməsi” adlanacaq) Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya mühakiməsi orqanıdır.

Maddə 2. Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsasları

Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsasları Azərbaycan Respublikasının Konstitusiyası və bu Qanun təşkil edir.

Maddə 3. Konstitusiya Məhkəməsinin əsas məqsəd və vəzifələri

Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etməkdir.

Konstitusiya Məhkəməsinin əsas vəzifələri Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş məsələləri həll etməkdən, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin dördüncü hissəsində göstərilmiş orqanların sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasını və qanunlarını şərh etməkdən və Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş başqa səlahiyyətləri həyata keçirməkdən ibarətdir.

Maddə 4.     İnsan hüquqlarının və azadlıqlarının Konstitusiya Məhkəməsində müdafiəsi

Konstitusiya Məhkəməsi öz fəaliyyətində insan hüquqlarını və azadlıqlarını müdafiə etməlidir.

Şəxsin hüquqları və azadlıqları qüvvədə olan normativ aktlarla pozulduqda o, müvafiq məhkəmələrin vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edərək məsələnin Konstitusiya Məhkəməsinə sorğu vermək yolu ilə göndərilməsini xahiş edə bilər. Bu hüququn təmin olunması qaydası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə, Azərbaycan Respublikasının mülki-prosessual və cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilir.

Maddə 5.     Konstitusiya Məhkəməsinin fəaliyyətinin əsas prinsipləri

Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, ədalət, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur.

Maddə 6.     Konstitusiya Məhkəməsinin müstəqilliyinin əsasları

Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır və təşkili, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, siyasi partiyalardan, ictimai birliklərdən, həmkarlar ittifaqlarından, onların vəzifəli şəxslərindən, həmçinin hüquqi və fiziki şəxslərdən asılı deyildir.

İkinci fəsil

Konstİtusİya Məhkəməsİnİn təşkİlİnİn və fəalİyyətİnİn əsasları

Maddə 7.     Konstitusiya Məhkəməsinin tərkibi, təşkili və səlahiyyətləri

Konstitusiya Məhkəməsinin tərkibi, təşkili və səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 86-cı, 88-ci, 95-ci, 104-cü, 107-ci, 109-cu, 125-ci, 130-cu, 153-cü, 154-cü maddələri ilə tənzimlənir.

Maddə 8.     Konstitusiya Məhkəməsi hakiminin andı

Konstitusiya Məhkəməsinin hakimi təyin edildiyi gün Azərbaycan Respublikası Milli Məclisinin iclasında belə bir and içir:

“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi səlahiyyətlərini şərəf və ləyaqətlə yerinə yetirəcəyimə, Azərbaycan Respublikası Konstitusiyasını qoruyacağıma, baxdığım məsələləri hüquq və ədalət əsasında həll edəcəyimə and içirəm”.

Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətləri and içdiyi vaxtdan başlanır.

Maddə 9.     Konstitusiya Məhkəməsinin hakimliyinə namizədlərə aid tələblər

Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin I hissəsinə görə yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsili və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikasının vətəndaşı Konstitusiya Məhkəməsinin hakimi ola bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin II hissəsinə görə Konstitusiya Məhkəməsinin hakimləri heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, siyasi fəaliyyətlə məşğul ola bilməz və siyasi partiyalara üzv ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.

Maddə 10.  Konstitusiya Məhkəməsi hakimlərinin səlahiyyət müddəti

Konstitusiya Məhkəməsinin hakimləri 10 il müddətinə təyin edilirlər.

Səlahiyyət müddəti qurtardıqdan sonra Konstitusiya Məhkəməsinin hakimi yenidən həmin vəzifəyə yalnız bir dəfə təyin edilə bilər.

Maddə 11.  Konstitusiya Məhkəməsi hakimlərinin müstəqilliyi

Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin I hissəsinə görə Konstitusiya Məhkəməsinin hakimləri öz səlahiyyətlərini həyata keçirərkən müstəqildirlər, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və bu Qanuna tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər.

Maddə 12.  Konstitusiya Məhkəməsi hakimlərinin toxunulmazlığı

Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinin I—III hissələrinə görə Konstitusiya Məhkəməsinin hakimləri toxunulmazdır.

Konstitusiya Məhkəməsinin hakimi cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula və ya həbs edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa və gətirilməyə məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Konstitusiya Məhkəməsi hakiminin toxunulmazlığı həmçinin onun mənzilinə, xidməti otağına, nəqliyyat və rabitə vasitələrinə, poçt-teleqraf yazışmalarına, şəxsi əmlakına və sənədlərinə də şamil olunur.

Cinayət və ya inzibati hüquq pozuntusu törətməkdə şübhə edilən şəxs qismində tutulmuş Konstitusiya Məhkəməsinin hakimi şəxsiyyəti müəyyənləşdiriləndən sonra dərhal azad edilməlidir. Belə olduqda Konstitusiya Məhkəməsinin hakimini tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir. Azərbaycan Respublikasının Baş prokuroru cinayət və ya inzibati hüquq pozuntusu törətməkdə şübhə edilən şəxs qismində tutulmuş Konstitusiya Məhkəməsi hakiminin tutulmasının qanuniliyini yoxlamalıdır.

Hərəkətlərində cinayət əməlinin əlamətləri olan Konstitusiya Məhkəməsinin hakimi Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinin IV və V hissələrində nəzərdə tutulmuş qaydada vəzifədən kənarlaşdırıla bilər.

Vəzifədən kənarlaşdırılmış Konstitusiya Məhkəməsinin hakimi yalnız Konstitusiya Məhkəməsinin hakiminə müəyyən edilmiş vəzifə maaşı alır.

Vəzifədən kənarlaşdırılmış Konstitusiya Məhkəməsinin hakimi yalnız Azərbaycan Respublikası Baş prokurorunun qərarına əsasən cinayət məsuliyyətinə cəlb oluna, eləcə də həbsə alına bilər.

Vəzifədən kənarlaşdırılmış Konstitusiya Məhkəməsinin hakimi barədə bəraət hökmü çıxarıldıqda, habelə ibtidai istintaqda işin icraatına bəraətverici əsaslarla (cinayət hadisəsinin olmadığına, cinayət tərkibinin olmadığına, cinayətdə təqsiri sübuta yetirilmədiyinə görə) xitam verildikdə onun səlahiyyətləri bərpa olunur. Başqa hallarda Konstitusiya Məhkəməsinin hakimi barədə ibtidai istintaqda işin icraatına xitam verilə bilməz.

Konstitusiya Məhkəməsinin hakimi Konstitusiya Məhkəməsindəki fəaliyyətinə, səsverməyə, söylədiyi fikrə görə hüquqi məsuliyyətə cəlb oluna bilməz, ondan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz.

Maddə 13.  Konstitusiya Məhkəməsi sədrinin və sədr  müavininin təyin edilməsi

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 109-cu maddəsinin 9-cu bəndinə, 130-cu maddəsinin II hissəsinə görə Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Konstitusiya Məhkəməsinin hakimlərini təyin etdikdən sonra Konstitusiya Məhkəməsi sədrinin və sədr müavininin təyin edilməsi məsələsi Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun həll edilir.

Konstitusiya Məhkəməsinin sədri, sədr müavini yalnız öz xahişinə görə vəzifədən azad edilirlər. Bu halda onlar Konstitusiya Məhkəməsinin hakimi vəzifəsində qalırlar.

Maddə 14.  Konstitusiya Məhkəməsinin hakimlərinin hüquqları

Konstitusiya Məhkəməsi hakimlərinin aşağıdakı hüquqları vardır:

Konstitusiya Məhkəməsinin bütün iclaslarında iştirak etmək;

Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid məsələlər üzrə qərarlar qəbul edilərkən səsvermədə iştirak etmək;

Konstitusiya Məhkəməsində məsələlərə baxılarkən işdə iştirak edən tərəflərə və maraqlı subyektlərə suallar vermək;

Konstitusiya Məhkəməsində baxılmağa hazırlanan məsələ barəsində hər hansı sənədi və başqa məlumatı qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, siyasi partiyalardan, ictimai birliklərdən, həmkarlar ittifaqlarından, onların vəzifəli şəxslərindən, həmçinin hüquqi və fiziki şəxslərdən tələb etmək, habelə vəzifəli şəxslərin bu işə dair izahatlarını dinləmək;

Konstitusiya Məhkəməsinin qərarı ilə razı olmadıqda xüsusi rəy vermək;

bu Qanunda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

Maddə 15.  Konstitusiya Məhkəməsinin hakimlərinin vəzifələri

Konstitusiya Məhkəməsinin hakimləri:

öz fəaliyyətlərində Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutmalı və onun aliliyini təmin etməli;

Konstitusiya Məhkəməsində məsələlərə baxılarkən işlərə hüquq və ədalət əsasında obyektiv və qərəzsiz yanaşmalı;

Konstitusiya Məhkəməsinin iclaslarını üzürsüz səbəbdən buraxmamalı;

Konstitusiya Məhkəməsində baxılan məsələlər üzrə səsvermədə iştirak etməli;

Konstitusiya Məhkəməsi hakiminin yüksək adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli;

Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid məsələlərin hazırlanması və baxılması ilə əlaqədar Konstitusiya Məhkəməsi sədrinin və sədr müavininin tapşırıqlarını yerinə yetirməli;

bu Qanunun 9-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş tələbləri pozmamalı;

Konstitusiya Məhkəməsində baxılan məsələ haqqında qərar qəbul edilənədək məsələnin mahiyyətinə dair fikir söyləməməlidirlər.

Maddə 16.  Konstitusiya Məhkəməsinin sədri

Konstitusiya Məhkəməsinin sədri:

qanunvericilik, icra və başqa məhkəmə hakimiyyəti orqanları ilə, yerli özünüidarə orqanları ilə, siyasi partiyalarla, ictimai birliklərlə, həmkarlar ittifaqı təşkilatları ilə xarici dövlətlər və beynəlxalq təşkilatlarla, kütləvi informasiya vasitələri ilə, onların vəzifəli şəxsləri ilə, habelə digər hüquqi və fiziki şəxslərlə münasibətlərdə Konstitusiya Məhkəməsini təmsil edir;

Konstitusiya Məhkəməsinin işini təşkil edir;

Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid məsələləri baxılmaq üçün Konstitusiya Məhkəməsinin iclaslarına çıxarır;

Konstitusiya Məhkəməsinin iclaslarını çağırır və iclaslara sədrlik edir;

Konstitusiya Məhkəməsinin sədr müavininin həll etdiyi məsələlərin dairəsini müəyyənləşdirir;

Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid məsələlərin hazırlanması və baxılması ilə əlaqədar Konstitusiya Məhkəməsinin hakimlərinə tapşırıqlar verir;

Azərbaycan Respublikasının Konstitusiyasında və bu Qanunda nəzərdə tutulmamış sorğuları və başqa müraciətləri geri qaytarır;

Konstitusiya Məhkəməsinin saxlanması və fəaliyyətinin təmin edilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsaitə dair sərəncam verir;

Konstitusiya Məhkəməsinin aparatına rəhbərlik edir;

bu Qanunda nəzərdə tutulmuş başqa səlahiyyətləri həyata keçirir;.

Konstitusiya Məhkəməsinin sədri Konstitusiya Məhkəməsinin hakiminə mənsub olan bütün hüquqlara malikdir və bütün vəzifələri daşıyır.

Maddə 17.  Konstitusiya Məhkəməsi sədrinin müavini

Konstitusiya Məhkəməsi sədrinin müavini Konstitusiya Məhkəməsi sədrinin müəyyənləşdirdiyi məsələləri həll edir, Konstitusiya Məhkəməsi sədrinin tapşırığı ilə onun ayrı-ayrı funksiyalarını yerinə yetirir və Konstitusiya Məhkəməsinin sədri olmadıqda, yaxud öz vəzifələrini həyata keçirə bilmədikdə onu əvəz edir.

Konstitusiya Məhkəməsi sədrinin müavini Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid məsələlərin hazırlanması və baxılması ilə əlaqədar Konstitusiya Məhkəməsi sədrinin tapşırıqlarını yerinə yetirməlidir.

Maddə 18.  Konstitusiya Məhkəməsinin hakimlərinin hüquq bərabərliyi

Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid bütün məsələlərin həllində Konstitusiya Məhkəməsi hakimlərinin, o cümlədən Konstitusiya Məhkəməsi sədrinin və onun müavininin hüquqları bərabərdir.

Maddə 19.  Konstitusiya Məhkəməsinin hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi

Konstitusiya Məhkəməsinin hakiminin səlahiyyətlərinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:

1)   vəfat etdikdə;

2)   vəzifədən könüllü çıxmaq barədə yazılı ərizə verdikdə;

3)   Azərbaycan Respublikasının vətəndaşlığından çıxdıqda, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya xarici dövlət qarşısında öhdəlik götürdükdə;

4)   barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmə qərarı olduqda;

5)   fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə təsdiq edildikdə;

6)   məhkəmənin qərarı ilə ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə;

7)   Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin I hissəsində Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədlər üçün tələblərə uyğun olmadığı aşkar edilərək vəzifəyə təyin edilməsi etibarsız sayıldıqda;

8)   Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin II hissəsində nəzərdə tutulmuş məhdudiyyətləri pozduqda;

9)   üzürsüz səbəbdən dalbadal üç dəfə və ya il ərzində üzürsüz səbəbdən on dəfə Konstitusiya Məhkəməsinin iclaslarında iştirak etmədikdə;

10) Konstitusiya Məhkəməsində baxılan məsələyə dair səsvermədə iştirak etməkdən imtina etdikdə;

11) dörd aydan az olmayan müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirmədikdə və bu barədə Konstitusiya Məhkəməsinin təşkil etdiyi xüsusi həkim komissiyasının xəstəliyi təsdiq edən rəyi olduqda.

Bu maddənin birinci hissəsinin 1—6-cı bəndlərində nəzərdə tutulmuş hallarda Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında məsələ birbaşa Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun həll edilir.

Bu maddənin birinci hissəsinin 6—11-ci bəndlərində nəzərdə tutulmuş hallarda Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında məsələnin Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun həll edilməsi üçün Konstitusiya Məhkəməsi təklif verir.

Üçüncü fəsil

Konstİtusİya Məhkəməsİndə həyata keçİrİlən İcraatın prİnsİplərİ

Maddə 20.  Qərəzsizlik, ədalət, tərəflərin hüquq bərabərliyi

Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinə görə Konstitusiya Məhkəməsində həyata keçirilən icraat zamanı hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və Azərbaycan Respublikasının Konstitusiyasına və bu Qanuna müvafiq baxırlar.

Maddə 21.  İcraatın müstəqilliyi

Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin III hissəsinə görə hər hansı bir şəxs tərəfindən və hər hansı səbəbdən bilavasitə və ya dolayı yolla Konstitusiya Məhkəməsində həyata keçirilən icraata məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir.

Bu cür hərəkətlərə yol verən şəxslər qanunla müəyyən edilmiş qaydada hüquqi məsuliyyət daşıyırlar.

Maddə 22.  Açıqlıq prinsipi

Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin V hissəsinə görə Konstitusiya Məhkəməsində işlərin icraatı açıq aparılır.

İşə qapalı iclasda baxılmasına yalnız o halda icazə verilir ki, Konstitusiya Məhkəməsi açıq icraatın dövlət, peşə və kommersiya sirrinin açılmasına səbəb olacağını güman edir və ya vətəndaşların şəxsi və ya ailə həyatının məxfiliyini qorumaq zərurətinin mövcudluğunu müəyyən edir.

Konstitusiya Məhkəməsinin icraatı şifahi aparılır və Konstitusiya Məhkəməsinin iclasları stenoqrama alınır.

Konstitusiya Məhkəməsinin açıq iclaslarında Konstitusiya Məhkəməsində akreditə olunmuş kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edə bilərlər.

Konstitusiya Məhkəməsinin iclası haqqında məlumat iclasa azı beş gün qalmış rəsmi dövlət qəzetində dərc edilir. Təxirəsalınmaz hallarda bu qaydaya riayət etmək mümkün olmayanda Konstitusiya Məhkəməsi iclasının keçirilməsi vaxtı haqqında məlumat televiziya və radio ilə elan edilməlidir.

Maddə 23.  Çəkişmə prinsipi

Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin VII hissəsinə görə Konstitusiya icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir.

Konstitusiya Məhkəməsi tərəflərin və maraqlı subyektlərin sübutları və dəlilləri ilə bağlı deyildir və baxılan məsələlərin hərtərəfli, tam və obyektiv araşdırılmasına nail olmalıdır.

Maddə 24.  İcraatın apırıldığı dil

Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin X hissəsinə görə Konstitusiya Məhkəməsində həyata keçirilən icraat Azərbaycan Respublikasının dövlət dilində aparılır.

Konstitusiya Məhkəməsində baxılan işin iştirakçısı olan və icraatın aparıldığı dili bilməyən şəxslərə işin bütün materiallarının onların bildiyi dilə tərcüməsi və Konstitusiya Məhkəməsinin iclaslarında ana dilində çıxış etməsi təmin edilir.

Maddə 25.  Kollegiallıq prinsipi

Konstitusiya Məhkəməsinin iclasları kollegial aparılır.

Maddə 26.  Konstitusiya Məhkəməsində həyata keçirilən icraatın bilavasitəliyi

Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid məsələlərə baxarkən işə dair sənədləri, materialları, sübutları bilavasitə araşdırmalı, tərəfləri, maraqlı subyektləri, şahidləri, ekspertləri dinləməli, baxılan sənədləri iclasda elan etməlidir.

Dördüncü fəsil

Konstİtusİya Məhkəməsİnİn İclasları

Maddə 27.  Konstitusiya Məhkəməsi iclasının səlahiyyətli olması

Konstitusiya Məhkəməsinin iclası azı 6 hakim iştirak etdikdə səlahiyyətlidir.

Maddə 28.  Konstitusiya Məhkəməsi iclasının aparılmasının ümumi qaydaları

Konstitusiya Məhkəməsinin hakimləri məhkəmə iclas salonuna girərkən məhkəmə iclasının katibi elan edir: “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi gəlir, xahiş edirəm, ayağa qalxın”. Məhkəmə iclas salonunda olanların hamısı ayağa qalxmalı, sonra Konstitusiya Məhkəməsinin iclasına sədrlik edənin dəvəti ilə öz yerlərini tutmalıdırlar.

Konstitusiya Məhkəməsinin iclasını Konstitusiya Məhkəməsinin iclasına sədrlik edən aparır. Sədrlik edən iclası açır və gündəlikdə duran məsələlər haqqında məlumat verir. İclasın gedişində sədrlik edən fasilə elan edə bilər. İşi bir iş günü ərzində başa çatdırmaq mümkün olmadıqda sədrlik edən Konstitusiya Məhkəməsinin iclasında fasilə elan edir və iclasın yenidən başlanması vaxtı haqqında məlumat verir.

Konstitusiya Məhkəməsi iclasının gündəliyinə daxil olan məsələlər başa çatdıqda Konstitusiya Məhkəməsinin iclasına sədrlik edən iclası bağlı elan edir.

Konstitusiya Məhkəməsinin hakimləri məhkəmə iclas salonunu tərk edərkən məhkəmə iclas salonunda olanların hamısı ayağa qalxmalıdır.

Maddə 29.  Konstitusiya Məhkəməsinə verilən sorğuların və müraciətlərin geri götürülməsi

Konstitusiya Məhkəməsinə sorğu və ya müraciət vermiş orqanın Konstitusiya Məhkəməsinin həmin sorğuya və ya müraciətə baxılmasına həsr edilmiş iclası başlanana qədər öz sorğusunu və ya müraciətini geri götürmək hüququ vardır.

Maddə 30.  Konstitusiya Məhkəməsi iclasının təxirə salınması və ya başqa vaxta keçirilməsi

Aşağıdakı hallarda Konstitusiya Məhkəməsinin təyin olunmuş iclası təxirə salına və ya başlanmış iclas başqa vaxta keçirilə bilər:

1)   Konstitusiya Məhkəməsinin tərkibində yetərsay olmadıqda;

2)   Konstitusiya Məhkəməsinin iclasında iştirak etməli hər hansı tərəf, maraqlı subyekt, şahid, ekspert iclasda iştirak etmədikdə, əgər bu hal işə hərtərəfli, tam və obyektiv baxılmasına mənfi təsir göstərə bilərsə;

3)   Konstitusiya Məhkəməsinin tələb etdiyi sənədlər və materillar təqdim olunmadıqda və ya vaxtında təqdim olunmadıqda;

4)   Konstitusiya Məhkəməsi tərəflərin və ya maraqlı subyektlərin iclası təxirə salmaq və ya başqa vaxta keçirmək haqqında əsaslandırılmış vəsatətlərini təmin etdikdə;

5)   Konstitusiya Məhkəməsinin iclasında baxılan məsələnin hərtərəfli, tam və obyektiv araşdırılmasına maneəçilik törədən başqa hallar olduqda.

Maddə 31.  Konstitusiya Məhkəməsi iclasının hazırlanması

Konstitusiya Məhkəməsinə sorğu gəldikdə və ya Azərbaycan Respublikasının Konstitusiyası ilə Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid edilmiş məsələlərin həlli üçün Konstitusiya Məhkəməsinin sədri Konstitusiya Məhkəməsinin hakimlərindən birini məsələ üzrə məruzəçi təyin edir.

Məruzəçi-hakim məsələni hərtərəfli öyrənir və bu Qanunda nəzərdə tutulmuş müddətdə Konstitusiya Məhkəməsinin həmin məsələyə dair iclasını hazırlayır: zəruri sənədləri və materialları toplayır; sorğunu tərəflərə, başqa növ sənədi isə maraqlı subyektlərə təqdim edir və məsələyə dair onların fikrini öyrənir; şahidlərin, ekspertlərin, digər şəxslərin iclasa çağırılmasını təşkil edir; məsələyə hərtərəfli, tam və obyektiv baxılması üçün başqa zəruri tədbirləri görür, məsələ üzrə məruzə hazırlayır.

Məruzəçi-hakim iclasın hazırlanması ilə əlaqədar bütün tədbirləri Konstitusiya Məhkəməsi adından həyata keçirir.

Maddə 32.  Konstitusiya işinin tərtib edilməsi

Konstitusiya Məhkəməsinin iclasına hazırlıq mərhələsi başa çatdırıldıqdan sonra konstitusiya işi tərtib olunur. Konstitusiya işinə aşağıdakı sənədlər daxil edilir:

1)   sorğu, müraciət, ərizə və ya konstitusiya işinin başlanmasına səbəb olan başqa sənəd;

2)   sorğuya, müraciətə, ərizəyə və ya konstitusiya işinin başlanmasına səbəb olan başqa sənədə qoşulan materiallar;

3)   məruzəçi-hakimin konstitusiya işinə qoşduğu materiallar;

4)   konstitusiya işi üzrə ekspert cəlb edilmişsə, onun rəyi;

5)   tərəflərin və ya maraqlı subyektlərin qoşduğu əlavə materiallar;

6)   konstitusiya işi ilə əlaqədar başqa sənədlər;

7)   məruzəçi-hakimin məruzəsi.

Konstitusiya Məhkəməsinin hakimləri konstitusiya işi tərtib edildikdən sonra onunla tanış ola bilərlər.

Maddə 33.  Konstitusiya Məhkəməsinin iclasına sədrlik edən

Konstitusiya Məhkəməsinin iclasına Konstitusiya Məhkəməsinin sədri, o olmadıqda, yaxud onun tapşırığı ilə Konstitusiya Məhkəməsinin sədrinin müavini, onlar olmadıqda isə Konstitusiya Məhkəməsinin yaşca ən böyük hakimi sədrlik edir. Məruzəçi-hakim Konstitusiya Məhkəməsinin iclasına sədrlik edə bilməz.

Konstitusiya Məhkəməsinin iclasına sədrlik edən:

iclası aparır;

tərəflərin və ya maraqlı subyektlərin öz fikirlərini sərbəst ifadə etməsinə şərait yaradır;

konstitusiya işinə hərtərəfli, tam və ya obyektiv baxılmasına imkan yaradır;

şahidlərin və ekspertlərin dinlənilməsini təşkil edir;

tərəflərin və ya maraqlı subyektlərin bir-birinə, şahidlərə və ekspertlərə sual verməsinə icazə verir (Konstitusiya Məhkəməsinin iclasına sədrlik edən baxılan konstitusiya işinə aid olmayan və ya yönəldici xarakter daşıyan sualların verilməsinə yol verməməlidir);

tərəflərin, maraqlı subyektlərin iclas zamanı verdikləri vəsatətləri Konstitusiya Məhkəməsinin müzakirəsinə çıxarır;

tərəflər, maraqlı subyektlər, şahidlər və ekspertlər konstitusiya işinin mahiyyəti ilə əlaqəsi olmayan məsələlərdən danışdıqda, onların sözünü kəsir;

iclas salonunda qaydanın gözlənilməsinə nəzarət edir;

iclas salonunda qaydanı pozan şəxslərin iclas salonundan çıxarılması haqqında sərəncam verir;

müşavirə otağında Konstitusiya Məhkəməsinin hakimlərinin səsverməsini təşkil edir;

Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarı elan edir.

Maddə 34.  Konstitusiya Məhkəməsinin iclasında Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətləri

Konstitusiya Məhkəməsinin iclasında Konstitusiya Məhkəməsinin hakimi:

Konstitusiya Məhkəməsinin iclasına sədrlik edənə suallar verə bilər;

Konstitusiya Məhkəməsinin iclasına sədrlik edənin icazəsi ilə məruzəçi-hakimə, tərəflərə, maraqlı subyektlərə, şahidlərə və ekspertlərə suallar verə bilər;

Konstitusiya Məhkəməsinin iclasında təqdim edilmiş vəsatətlərlə və başqa materiallarla tanış ola bilər;

iclasın aparılmasına dair fikir söyləyə bilər;

Konstitusiya Məhkəməsinin iclasına sədrlik edəndən iclasda qaydanın təmin olunmasını tələb edə bilər.

Konstitusiya Məhkəməsinin hakimi müşavirə otağında Konstitusiya Məhkəməsinin qəbul ediləcək qərarına dair fikir söyləyə bilər, qərarın lehinə və ya əleyhinə səs verə bilər.

Beşinci fəsil

Konstİtusİya İcraatı

Maddə 35.  Konstitusiya Məhkəməsində həyata keçirilən icraatın üsulları və növləri

Konstitusiya Məhkəməsində icraat aşağıdakı iki üsulla həyata keçirilir:

1)   konstitusiya məhkəmə icraatı;

2)   xüsusi konstitusiya icraatı.

Konstitusiya Məhkəməsində baxılan konstitusiya işləri üzrə Konstitusiya Məhkəmə icraatı aşağıdakı növlərdə həyata keçirilir:

1)   Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1—6-cı və 8-ci bəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün verilmiş sorğularla əlaqədar işlərin icraatı;

2)   siyasi partiyaların və digər ictimai birliklərin ləğv edilməsi barədə sorğularla əlaqədar işlərin icraatı;

3)   qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrlə əlaqədar sorğular üzrə işlərin icraatı.

Konstitusiya Məhkəməsində baxılan konstitusiya işləri üzrə xüsusi konstitusiya icraatının aşağıdakı növləri həyata keçirilir:

1)   Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi üçün verilən sorğularla əlaqədar işlərin icraatı;

2)   Azərbaycan Respublikası Prezidentinin səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdiyi barədə məlumatı aydınlaşdırmaq üçün Azərbaycan Respublikası Milli Məclisinin müraciəti ilə əlaqədar işlərin icraatı;

3)   Azərbaycan Respublikası Prezidentinin istefa ərizəsinə baxılması ilə əlaqədar işlərin icraatı;

4)   Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması məsələsi ilə əlaqədar işlərin icraatı;

5)   Azərbaycan Respublikası Milli Məclisi deputatları seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqi ilə əlaqədar işlərin icraatı;

6)   yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının keçirilməsi vaxtının təyin edilməsi ilə əlaqədar  işlərin icraatı;

7)   Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər edilməsi haqqında təkliflərinə dair Konstitusiya Məhkəməsinin rəyinin çıxarılması ilə əlaqədar işlərin icraatı.

Maddə 36.  Konstitusiya məhkəmə icraatında tərəflər

Konstitusiya məhkəmə icraatının tərəfləri sorğuverənlər və cavabverənlərdir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinə görə konstitusiya məhkəmə icraatında sorğuverənlər Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ola bilərlər.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinə görə konstitusiya məhkəmə icraatında aşağıdakılar cavabverən ola bilərlər:

1)   sorğuverənin fikrinə görə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olmayan normativ hüquqi aktı qəbul etmiş orqan;

2)   sorğuverənin fikrinə görə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olmayan rəhbər göstərişləri qəbul etmiş Azərbaycan Respublikasının Ali Məhkəməsi;

3)   sorğuverənin fikrinə görə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) uyğun olmayan bələdiyyə aktını qəbul etmiş yerli özünüidarə orqanı;

4)   sorğu verənin fikrinə görə Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olmayan Azərbaycan Respublikasının qüvvəyə minməmiş dövlətlərarası müqaviləsini imzalamış vəzifəli şəxs;

5)   sorğu verənin fikrinə görə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olmayan Azərbaycan Respublikasının hökumətlərarası müqaviləsini imzalamış vəzifəli şəxs;

6)   ləğv edilməsi sorğuverən tərəfindən tələb olunan siyasi partiya və ya ictimai birlik;

7)   sorğuverənin səlahiyyətlər bölgüsünün pozulmasında təqsirləndirdiyi qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanı.

Konstitusiya məhkəmə icraatında sorğuverənləri və cavabverənləri onların qanuni nümayəndələri təmsil edə bilərlər.

Maddə 37.  Xüsusi konstitusiya icraatında maraqlı subyektlər

Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş hallarla əlaqədar Konstitusiya Məhkəməsinə müraciət etmiş orqanlar və bu cür Müraciətlər əsasında mənafelərinə toxunulan orqanlar və şəxslər xüsusi Konstitusiya icraatının maraqlı subyektləridir.

Xüsusi konstitusiya icraatında maraqlı subyektləri onların qanuni nümayəndələri təmsil edə bilərlər.

Maddə 38.  Tərəflərin və maraqlı subyektlərin hüquq və vəzifələri

Tərəflərin və maraqlı subyektlərin konstitusiya işinin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq hüququ vardır. Konstitusiya Məhkəməsinin iclasında konstitusiya işinə baxılarkən tərəflər və maraqlı subyektlər etirazlar verə bilər, sübutlar təqdim edə bilər, sübutların tədqiqində iştirak edə bilər, bir-birinə, şahidlərə və ekspertlərə suallar verə bilər, vəsatət verə bilər, onlara verilən suallara cavab verə bilər, başqa tərəfin vəsatətlərinə, sübutlarına və çıxışlarında söylədikləri fikirlərə etiraz edə bilər, yekun çıxışı edə və ya yekun sözü söyləyə bilərlər.

Tərəflər və maraqlı subyektlər Konstitusiya Məhkəməsinə hörmət etməyə, xüsusi konstitusiya icraatının tələblərini gözləməyə borcludurlar. Tərəflər və maraqlı subyektlər Konstitusiya Məhkəməsinə çağırıldıqları vaxtda gəlməli, Konstitusiya Məhkəməsində qəbul edilmiş qaydaya hörmətlə yanaşmalı, Konstitusiya Məhkəməsinin iclasına sədrlik edənin sərəncamlarını dərhal yerinə yetirməlidirlər.

Maddə 39.  Şahid

Konstitusiya Məhkəməsinin iclasında baxılan konstitusiya işi üzrə hər hansı halı bilən şəxs şahid adlanır. Sorğuverənin, cavabverənin, maraqlı subyektin təklifi ilə və ya Konstitusiya Məhkəməsinin qərarı ilə şahid ifadə vermək üçün Konstitusiya Məhkəməsinə çağırıla bilər. Şahid konstitusiya işi üzrə müəyyən edilməli olan ona məlum hallar haqqında ifadə verməlidir.

Şahid Konstitusiya Məhkəməsinə hörmət etməyə Konstitusiya icraatının tələblərini gözləməyə borcludur. Şahid Konstitusiya Məhkəməsinə çağırıldığı vaxtda gəlməli, Konstitusiya Məhkəməsində qəbul edilmiş qaydaya hörmətlə yanaşmalı, Konstitusiya Məhkəməsinin iclasına sədrlik edənin sərəncamlarını dərhal yerinə yetirməlidir.

Bilərəkdən yalan ifadələr verən və ya ifadə verməkdən imtina edən şahid Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş cinayət məsuliyyəti daşıyır.

Maddə 40.  Ekspert

Konstitusiya Məhkəməsinin iclasında baxılan konstitusiya işi üzrə elmi və ya başqa xüsusi biliyə malik olan şəxsi Konstitusiya Məhkəməsi, məruzəçi-hakim, tərəflər və ya maraqlı subyektlər ekspert kimi dəvət edə bilərlər.

Ekspert ona verilən suallara obyektiv və əsaslandırılmış cavab verməlidir. Ekspert suallara cavab vermək üçün konstitusiya işinin bütün materialları ilə tanış olmaq və zəruri əlavə materiallarla tanış edilmək haqqında vəsatətlə Konstitusiya Məhkəməsinə müraciət edə bilər. Ekspert onda olan materialları verilmiş suallara cavab vermək üçün yetərli saymadıqda, yaxud verilmiş suallara cavab vermək üçün zəruri biliyə malik olmadıqda bu barədə Konstitusiya Məhkəməsinə xəbər verməlidir. Ekspert Konstitusiya Məhkəməsinin iclasında sədrlik edənin icazəsi ilə ona verilmiş suallara cavab vermək üçün tərəflərə, maraqlı subyektlərə və şahidlərə sual verə bilər.

Ekspert Konstitusiya Məhkəməsinə hörmət etməyə, konstitusiya icraatının tələblərini gözləməyə borcludur. Ekspert Konstitusiya Məhkəməsinə çağırıldığı vaxtda gəlməli, Konstitusiya Məhkəməsində qəbul edilmiş qaydaya hörmətlə yanaşmalı, Konstitusiya Məhkəməsinin iclasına sədrlik edənin sərəncamlarını dərhal yerinə yetirməlidir.

Maddə 41.  Konstitusiya Məhkəməsində konstitusiya işinə baxılmasının başlanması

Konstitusiya Məhkəməsində konstitusiya işinə baxılmasının onun iştirakçılarının məhkəməyə gəlməsinin yoxlanılması ilə başlanır.

Konstitusiya Məhkəməsinin iclasına sədrlik edən tərəflərin, maraqlı subyektlərin, şahidlərin, ekspertlərin məhkəməyə gəlməsi və iştirak etməyənlərin gəlməməsinin səbəbləri haqqında məlumat vermək üçün məhkəmə iclasının katibinə söz verir.

Konstitusiya Məhkəməsinin iclasına sədrlik edən konstitusiya işinin adını, habelə Konstitusiya Məhkəməsinin iclasda iştirak edən tərkibini, məhkəmə iclasının katibini, tərəfləri, maraqlı subyektləri elan edir və lazım gəldikdə tərəflərin, maraqlı subyektlərin səlahiyyətlərini yoxlayır.

Maddə 42.  Konstitusiya işinə baxılmasında iştirak edən şəxslərə onların hüquq və vəzifələrinin izah edilməsi

Konstitusiya Məhkəməsinin iclasına sədrlik edən konstitusiya işinə baxılmasında iştirak edən şəxslərin hər birinə onların hüquq və vəzifələrini izah edir.

Maddə 43.  Konstitusiya işinə baxılmasında iştirak edən şəxslərin Konstitusiya Məhkəməsinin iclasına gəlməməsinin nəticələri

Konstitusiya işinə baxılmasında iştirak edən şəxs Konstitusiya Məhkəməsinin iclasına gəlmədikdə Konstitusiya Məhkəməsi gəlməyən şəxsin iştirakı olmadan işə baxmağın mümkünlüyü haqqında iclasa gələn tərəfin və ya maraqlı subyektin mülahizələrini dinləyir və məhkəmə baxışını davam etdirmək və ya işə baxılmasını başqa vaxta keçirmək haqqında qərardad çıxarır.

Maddə 44.  Şahidlərin dənlənilənədək Konstitusiya Məhkəməsinin iclas salonundan çıxarılması

Konstitusiya işinə baxılmasında iştirak edən şahidlər dənlənilənədək Konstitusiya Məhkəməsinin iclas salonundan çıxarılırlar.

Maddə 45.  Məruzəçi-hakimin çıxışı

Konstitusiya işinə mahiyyəti üzrə baxılması məruzəçi-hakimin çıxışı ilə başlanır. Məruzəçi-hakim çıxışında baxılan məsələnin mahiyyətini izah edir, konstitusiya işinin hallarını təhlil edir, konstitusiya işində olan sənədlərin qısa məzmunu və məsələnin hazırlanması üçün görülən tədbirlər haqqında məlumat verir.

Məruzəçi-hakim çıxışında konstitusiya işinin müqəddəratı haqqında fikir söyləməməlidir. Konstitusiya Məhkəməsinin hakimləri məruzəçi-hakimə suallar verə bilərlər.

Maddə 46.  Vəsatətlərin həlli

Konstitusiya işinə baxılarkən tərəflər, maraqlı subyektlər və ekspertlər Konstitusiya Məhkəməsinə vəsatətlər verə bilərlər.

Yazılı verilmiş vəsatətləri Konstitusiya Məhkəməsinin iclasına sədrlik edənin tapşırığı ilə məhkəmə iclasının katibi elan edir və konstitusiya işinə qoşur.

Vəsatət Konstitusiya Məhkəməsinin həmin iclasında Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarlarla təmin və ya rədd olunur.

Maddə 47.  Konstitusiya Məhkəməsinin yeni sübutlar cəlb etmə hüququ

Konstitusiya işinə baxılarkən Konstitusiya Məhkəməsi iclasa yeni şahidlərin və ekspertlərin çağırılması və dinlənilməsi, əlavə sənədlərin və materialların cəlb edilməsi haqqında qərardad çıxara bilər.

Maddə 48.  Konstitusiya məhkəmə icraatı zamanı tərəflərin çıxışı

Konstitusiya məhkəmə icraatı zamanı məruzəçi-hakimin çıxışından sonra Konstitusiya Məhkəməsinin iclasına sədrlik edən tərəflərə çıxış üçün söz verir. Birinci sorğuverən çıxış edir, sonra cavabverənə söz verilir.

Tərəfləri bir neçə nümayəndə təmsil edə bilər. Tərəfləri təmsil edən bütün nümayəndələr çıxış edə bilərlər.

Sorğuverən çıxışında məsələnin mahiyyətini izah edir, mövqeyini əsaslandırmaq üçün sübutları təqdim edir.

Cavabverən çıxışında sorğu ilə bağlı öz mövqeyini bildirir, mövqeyini əsaslandırmaq üçün sübutları təqdim edir.

Hər bir tərəfin çıxışından sonra Konstitusiya Məhkəməsinin iclasına sədrlik edən hakimlərə çıxış etmiş tərəfə sual vermək imkanı yaradır. Bundan sonra sual vermək imkanı başqa tərəfə verilir.

Maddə 49.  Xüsusi konstitusiya icraatı zamanı maraqlı subyektlərin çıxışı

Xüsusi konstitusiya icraatı zamanı məruzəçi-hakimin çıxışından sonra Konstitusiya Məhkəməsinin iclasına sədrlik edən maraqlı subyektlərə çıxış üçün söz verir. Birinci Azərbaycan Respublikasının Konstitusiyası ilə Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ verilmiş subyektlərin nümayəndələri çıxış edir, sonra bu cür müraciətlər əsasında mənafelərinə toxunulan orqanların nümayəndələrinə və şəxslərə söz verilir.

Maraqlı subyektləri bir neçə nümayəndə təmsil edə bilər. Maraqlı subyektləri bir neçə nümayəndə təmsil edə bilər. Maraqlı subyektləri təmsil edən bütün nümayəndələr çıxış edə bilərlər.

Azərbaycan Respublikasının Konstitusiyası ilə Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ verilmiş orqanın nümayəndəsi çıxışında müraciətinin səbəblərini izah edir və Konstitusiya Məhkəməsindən istədiyi qərar haqqında fikir söyləyir.

Bu cür müraciətlər əsasında mənafelərinə toxunulan orqanların nümayəndələri və ya mənafelərinə toxunulan şəxslərin özləri, yaxud nümayəndələri xüsusi konstitusiya icraatında iştirak etdikdə öz çıxışlarında müraciətlə bağlı mövqelərini bildirir və əsaslandırırlar.

Hər bir maraqlı subyektin çıxışından sonra Konstitusiya Məhkəməsinin iclasına sədrlik edən hakimlərə çıxış etmiş maraqlı subyektə sual vermək imkanı yaradır. Bundan sonra sual vermək imkanı başqa maraqlı subyektə verilir.

Maddə 50.  Şahidlərin dinlənilməsi

Şahidlərin dinlənilməsi sorğuverənin şahidlərinin və ya Azərbaycan Respublikasının Konstitusiyası ilə Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ verilmiş subyektin şahidlərinin dinlənilməsi ilə başlanır, bundan sonra cavabverənin şahidləri və ya Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda Konstitusiya Məhkəməsinə edilmiş müraciət əsasında mənafelərinə toxunulan subyektin şahidləri və axırda Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə çıxarılmış şahidləri dinlənilir.

Konstitusiya Məhkəməsinin iclasına sədrlik edən hər bir şahidə konstitusiya işi üzrə bildiyi məlumatları Konstitusiya Məhkəməsinə söyləməyi təklif edir. Şahidin çıxışından sonra ona suallar verilə bilər. Şahidə birinci olaraq sorğuverən və ya Azərbaycan Respublikasının Konstitusiyası ilə Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ verilmiş subyekt, sonra isə cavabverən və ya Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda Konstitusiya Məhkəməsinə edilmiş müraciət əsasında mənafelərinə toxunulan subyekt suallar verirlər.

Konstitusiya Məhkəməsinin hakimləri şahidlərin dinlənildiyi hər bir vaxt onlara suallar verə bilərlər.

Maddə 51.  Sənədlərin elan edilməsi

Konstitusiya işinə qoşulmuş və ya məhkəmə iclasında məhkəməyə təqdim olunmuş sənədlər Konstitusiya Məhkəməsinin iclasında elan edilir. Bundan sonra tərəflər və ya maraqlı subyektlər sənədlərin elan edilməsi ilə bağlı izahat verə bilərlər.

Konstitusiya Məhkəməsinin iclasında təqdim olunmuş sənədlər konstitusiya işinə Konstitusiya Məhkəməsinin qərardadına əsasən qoşulur.

Maddə 52.  Ekspertlərin dinlənilməsi

Ekspertlərin dinlənilməsi sorğuverənin ekspertlərinin və ya Azərbaycan Respublikasının Konstitusiyası ilə Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ verilmiş subyektin ekspertlərinin dinlənilməsi ilə başlanır, bundan sonra cavabverənin ekspertləri və ya Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda Konstitusiya Məhkəməsinə edilmiş müraciət əsasında mənafelərinə toxunulan subyektin ekspertləri və axırda Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə