AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
04.03.2004
QEYDİYYAT NÖMRƏSİ
23
ADI
"Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımının ayrılması və ödənilməsi qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2004, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 190)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
04.03.2004
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
150.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımının ayrılması və ödənilməsi qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında

"Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına  maliyyə yardımının ayrılması və ödənilməsi qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında [1]

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli 793 nömrəli Fərmanının 1-ci bəndinin altıncı abzasının icrasının təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.  "Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımının ayrılması və ödənilməsi qaydaları haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2.  Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

      Bakı şəhəri, 4 mart 2004-cü il

№ 23

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2004-cü il 4 mart tarixli 23 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımının

 ayrılması və ödənilməsi qaydaları haqqında

ƏSASNAMƏ

1. ÜMUMİ MÜDDƏALAR

Bu Əsasnamə "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli 793 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımının ayrılması və ödənilməsi qaydalarmı müəyyən edir.

2.   KƏND TƏSƏRRÜFATINDA SIĞORTANIN STİMULLAŞDIRILMASINA

MALİYYƏ YARDIMININ AYRILMASI

2.1.   Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu məqsədlə müəyyən etdiyi - sığorta haqqının büdcə vəsaiti hesabına ödənilən hissəsi miqdarında ayrılır.

2.2.   Kənd  təsərrüfatında  sığortanın  stimullaşdırılması  müvafiq  il üçün "Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında" Qanunda nəzərdə tutulmuş maliyyə yardımları həddində həyata keçirilir.

3.   KƏND TƏSƏRRÜFATINDA SIĞORTANIN STİMULLAŞDIRILMASINA

MALİYYƏ YARDIMININ ÖDƏNİLMƏSİ ŞƏRTLƏRİ

3.1. Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımı aşağıdakı hallarda verilir:

-  sığorta müqaviləsi qanunvericiliyə uyğun bağlandıqda;

-  sığorta edilən əmlakın və sığorta hadisələrinin növləri, habelə sığorta haqqının büdcə vəsaiti hesabına ödənilən hissəsi müvafiq qaydada təsdiq edilmiş növlərdən və tariflərdən fərqlənmədikdə;

-  sığorta müqaviləsində sığorta haqqının büdcə vəsaiti hesabına ödənilməyən hissəsinin sığortalı tərəfindən ödənilməsi nəzərdə tutulduqda;

-  sığorta müqaviləsi üzrə sığorta haqqının sığortalının payına düşən hissəsinin ödənilməsini təsdiq edən sənəd olduqda;

-  sığorta müqaviləsində tətbiq olunan sığorta tarifi müvafiq qaydada təsdiq edilmiş maksimum sığorta tarifindən yüksək olmadıqda; [2]

-  sığorta müqaviləsi səpinin ümumi sahəsindən asılı olaraq əkin sahələrində çıxış alındıqdan, bağlarda isə meyvə ağaclarında tumurcuqların oyanmasından sonra bağlandıqda;

-  kənd təsərrüfatı istehsalçıları tərəfindən əkin sahəsi, məhsul istehsalı və əmlakın dövriyyəsi barədə uçot aparıldıqda.

4. KƏND TƏSƏRRÜFATINDA SIĞORTANIN STİMULLAŞDIRILMASINA

 MALİYYƏ YARDIMININ VERİLMƏSİNİN TƏŞKİLİ

4.1.  Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına ayrılan maliyyə yardımı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzdində yaradılmış xüsusi hesabda toplanır və müəyyən olunan qaydalara uyğun gələn sığorta müqavilələri əsasında müvafiq sığortaçılara ödənilir.

4.2.  Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımının verilməsi zamanı Maliyyə Nazirliyi:

 

4.2.1.  sığorta müqaviləsində və sığorta haqqının ödəmə sənədlərində göstərilmiş məlumatların düzgünlüyünü yoxlayır;

4.2.2.  sığorta edənin torpağa mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədləri tələb edir;

4.2.3.  maliyyə yardımlarının miqdarının hesablanması üçün sığortaçılardan sığorta müqavilələrinin və sığorta müqaviləsi üzrə sığorta haqqının ödənilməsi barədə sənədlərin surətlərini, habelə onların əsasında tərtib edilmiş icmal arayışları alır;

4.2.4.  sığortalılara sığorta haqqının ödənilməsinə maliyyə yardımı göstərilməsi üçün sığortaçılarla müqavilələr bağlayır və bir ay müddətində sığorta haqqının müəyyən olunmuş hissəsini onlara ödəyir.

 

4.3.  Sığortaçılar sığorta müqavilələri üzrə sığorta haqqının büdcə vəsaiti hesabına ödənilmiş hissəsinin miqdarı barədə sığortalıları yazılı şəkildə xəbərdar edirlər.

4.4.  Sığorta müqaviləsini bağlamış tərəflər (sığortaçı və sığortalı) müqavilənin vaxtından əvvəl ləğv edilməsi haqqında Maliyyə Nazirliyinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məlumat verməlidirlər. Sığortaçılar ayrılmış maliyyə yardımlarından Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq istifadə edilməsi barədə Maliyyə Nazirliyinə hesabat təqdim edirlər. Maliyyə Nazirliyinin nəzdində yaradılmış xüsusi hesabda toplanan maliyyə yardımının istifadə edilməyən qalıq hissəsi ilin sonunda dövlət büdcəsinə qaytarılır.

Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına ayrılan maliyyə yardımının başqa məqsədlər üçün istifadəsinə yol verilmir.

4.5. Kənd təsərrüfatında əmlakın sığortasına maliyyə yardımının miqdarının düzgün hesablanmasına, məqsədli istifadə edilməsinə və hesabatların təqdim edilməsinə Maliyyə Nazirliyi nəzarət edir.

Qeyd. Bu Əsasnamədə dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. [3]

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       30 avqust 2016-cı il tarixli 322 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 sentyabr 2016-cı il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №8, maddə 1458)

2.       29 mart 2020-ci il tarixli 117 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 378)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 29 mart 2020-ci il tarixli 117 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 378) ilə ləğv edilmişdir.

 

[2] 30 avqust 2016-cı il tarixli 322 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 sentyabr 2016-cı il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №8, maddə 1458) ilə “Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımının ayrılması və ödənilməsi qaydaları haqqında Əsasnamə”nin 3.1-ci bəndin altıncı abzası ləğv edilmişdir.

 

[3] 30 avqust 2016-cı il tarixli 322 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 sentyabr 2016-cı il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №8, maddə 1458) ilə “Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımının ayrılması və ödənilməsi qaydaları haqqında Əsasnamə”nin 4.5-ci bənddən sonra yeni məzmunda “Qeyd” əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status