AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
28.10.1999
QEYDİYYAT NÖMRƏSİ
723-IQ
ADI
Su təchizatı və tullantı suları haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2000, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 2)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
280.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Su təchizati və tullanti sulari haqqinda

Su təchizatı və tullantı suları haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

I fəsil
Ümumİ Müddəalar [1]

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

su təchizatı sistemi - suyu mənbədən götürən, təmizləyən və istehlakçıya çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsidir;

kanalizasiya sistemi - yaşayış məntəqəsində və ya sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantı sularını tullantı təmizləyən məntəqəyə nəql etdirən şəbəkədir;

su təchizatı və kanalizasiya müəssisələri (su təchizatı müəssisələri, kanalizasiya müəssisələri) - mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəyyən ərazi (zona) hüdudlarında su təchizatının və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxsdir;

istehlakçı - su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxsdir;

su təchizatı və tullantı sularının axıdılması obyektləri (su təchizatı obyekti, tullantı sularının axıdılması obyekti, obyekt) - daxili (paylayıcı) su kəmərləri və kanalizasiya şəbəkəsi ümumi (magistral) su təchizatı və kanalizasiya sistemlərinə qoşulmuş və ya qoşulmalı olan hər hansı müəssisə, idarə, təşkilat, yaşayış binası, torpaq sahəsi, qurğu, binadır;

məişət (təsərrüfat)-içməli su - yaşayış məntəqəsində yaşayan əhalinin və sənaye müəssisələri işçilərinin məişət (təsərrüfat) və içmək məqsədləri üçün istifadə olunan sudur;

istehsalat məqsədli su - istehsalat, sənaye, texnoloji və başqa texniki məqsədlər üçün istifadə etdiyi sudur;

tullantı suları - istehlakçıların istifadə edərək çirkləndirdiyi sular, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır;

su (kanalizasiya) müəssisəsinin nümayəndəsi - səlahiyyətləri bu Qanunun 49-cu və 50-ci maddələrində nəzərdə tutulmuş vəzifəli şəxsdir;

yerli orqanlar - Azərbaycan Respublikasının Su Məcəlləsi, digər qanunvericilik aktları və bu Qanunla su təchizatı sahəsində səlahiyyətləri müəyyən edilmiş müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələrdir;

su təchizatı və kanalizasiya obyektinin (obyektin) sahibləri - su təchizatı və kanalizasiya obyektlərinin və ya su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edən obyektlərin (müəssisələrin, qurğuların, binaların, evlərin, mənzillərin) mülkiyyətçiləri, icarəçilərdir;

su təsərrüfatı pasportu – əhali qrupuna aid olan istehlakçılar istisna olmaqla, su təchizatı və kanalizasiya obyektinin fəaliyyət, istismar və texniki xüsusiyyətlərindən asılı olaraq istifadə etdikləri (edəcəkləri) suyun, kanalizasiya sistemlərinə axıdılan (axıdılacaq) tullantı sularının normativ həcmini və tərkibindəki çirkləndirici maddələrin yol verilən qatılıq həddini müəyyənləşdirən texniki sənəddir. [2]

Maddə 2. Qanunun məqsədi

Qanunun məqsədi istehlakçıların dövlət standartlarının tələblərinə cavab verən keyfiyyətli və lazımi miqdarda su ilə təmin edilməsi, tullantı sularının axıdılması sahəsində münasibətlərin tənzimlənməsidir. [3]

Maddə 3. Su təchizatı və tullantı sularının axıdılması haqqında qanunvericilik

1. Su təchizatı və tullantı sularının axıdılması haqqında qanunvericilik bu Qanundan, Azərbaycan Respublikasının Su Məcəlləsindən və digər normativ hüquqi aktlardan ibarətdir.

2. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq normaları və ya Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə ziddiyyət təqşkil edərsə, beynəlxalq hüququn və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin müddəaları tətbiq olunur.

Maddə 4. Sudan istifadə ilə əlaqədar hüquqlar

1. Fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər.

2. Su təchizatı və kanalizasiya müəssisəsinin əldə etdiyi su (təmizlədiyi tullantı suları) onun məhsulu hesab edilir və bu sudan məqsədli istifadə olunur.

3. Hüquqi və fiziki şəxslər tərəfindən su təchizatı müəssisələrindən alınan su həmin şəxslərin mülkiyyətidir və bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, bu sudan onlar tərəfindən istədikləri şəkildə istifadə olunur.

Maddə 5. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi prinsipləri

1. Su təchizatı və kanalizasiya müəssisələri öz vəzifələrini həyata keçirərkən aşağıdakı prinsiplərə əsaslanırlar:

a) su təchizatı, tullantı sularının axıdılması və tullantıların atılması xidmətlərinin göstərilməsində öz xərcinin çıxarılması;

b) istehlakçıların müvafiq keyfiyyətli və lazımi miqdarda su ilə, ilk növbədə içməli su ilə təmin olunması;

c) su ehtiyatlarından səmərəli istifadə olunması;

ç) tullantı suları və tullantıların təmizlənməsi və atılmasının etibarlı sisteminin yaradılması.

2. Su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər.

3. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [4]

Maddə 6. Su təchizatı və kanalizasiya müəssisələrinin funksiyaları

Su təchizatı və kanalizasiya müəssisələri aşağıdakı funksiyaları həyata keçirirlər:

a) nizamnamələrində nəzərdə tutulmuş qaydada və vəzifələrə uyğun olaraq xidmətlər göstərirlər;

b) müəssisənin istifadəsinə verilmiş su ehtiyatlarını, su təchizatı və kanalizasiya qurğularını idarə edirlər;

c) müvafiq icra hakimiyyəti orqanının su təchizatı və kanalizasiya müəssisələrinin vəzifələrinə aid qərarlarını həyata keçirirlər.

II fəsil
Su TƏCHİZATI Və Kanalİzasİya Sahəsİndə Dövlət Tənzİmlənməsİ

Maddə 7. Su təchizatı və tullantı sularının axıdılması sistemlərinin yerləşdirilməsi və inkişaf sxemləri

1. Su təchizatı və tullantı sularının axıdılması sistemlərinin layihələndirilməsi və tikilməsi, əhalinin, müəssisə, idarə və təşkilatların məişət (təsərrüfat)-içməli, sənaye-texnoloji və digər məqsədlər üçün su ilə təmin olunması, həmçinin tullantı sularının axıdılması, nəqli, təmizlənməsi,tullantıların zərərsizləşdirilməsi və atılması prosesləri su təchizatı və kanalizasiya təsərrüfatlarının yerləşdirilməsi və inkişafı respublika və regional sxemlərinə müvafiq olaraq həyata keçirilir.

2. Respublika sxemləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada Azərbaycan Respublikasının bütün ərazisi üçün hazırlanır və təsdiq edilir.

3. Naxçıvan Muxtar Respublikasının regional sxemləri Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanır və təsdiq edilir.

4. Şəhərlərin, rayonların regional sxemləri müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrin iştirakı ilə hazırlanır və təsdiq edilir.

5. Şəhərlərin su təchizatı və kanalizasiya sistemləri kompleksinin layihələndirilməsi zamanı “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirilmə aparılmalıdır. [5]

Maddə 8. Su təchizatı və kanalizasiya müəssisələrinə dövlət yardımı

1. Mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemlərinin etibarlı fəaliyyətini və inkişafını təmin etmək, təbii fəlakətlərin nəticələrini aradan qaldırmaq məqsədi ilə su təchizatı və kanalizasiya müəssisələrinə dövlət yardımı göstərilə bilər.

2. Su təchizatı və kanalizasiya müəssisələri üçün nəzərdə tutulmuş vəsaitdən səmərəsiz istifadə edildikdə, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən dövlət yardımı azaldıla bilər, vəsaitdən məqsədyönlü istifadə olunmadıqda isə tamamilə dayandırıla bilər.

3. Dövlət yardımı dotasiya və kredit şəklində verilə bilər. Dövlət yardımının konkret növü, şərtləri və həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

4. Əhalinin müəyyən kateqoriyalarına imtiyazlı xidmət nəticəsində su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən çəkilmiş xərclərin ödənilməsi müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

Maddə 9. Ərazilərin (zonaların) müəyyən edilməsi və onlara cavabdeh müəssisələrin təyin edilməsi

1. Bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı ölkə ərazisinin su təchizatı və (və ya) tullantı sularının axıdılması zonalarına bölünməsini təmin edir, o cümlədən bir və ya bir neçə zonada su təchizatına və (və ya) tullantı sularının axıdılmasına cavabdeh olan müəssisələri təyin edir. Müəyyən ərazidə su təchizatına və tullantı sularının axıdılmasına cavabdeh olan su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə və müvafiq icra hakimiyyəti orqanı ilə bağlanmış müqavilədə nəzərdə tutulan vəzifələri icra edir və səlahiyyətləri həyata keçirir.

2. Müvafiq icra hakimiyyəti orqanı su təchizatı və kanalizasiya müəssisəsinə müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada və şərtlərlə, bələdiyyələrlə razılaşdırılmaqla, müəssisənin xidməti zonasının hüdudlarından kənarda onun fəaliyyətini həyata keçirməyə səlahiyyət verə bilər.

Maddə 10. Su obyektlərindən istifadəyə icazənin verilməsi

Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə nəzərdə tutulmuş qaydada və şərtlərə əsasən bələdiyyələrlə razılaşdırmaqla aşağıdakılara icazə verir:

a) müəyyən miqdarda yerüstü və yeraltı suyun qəbuluna;

b) tullantı sularının hər hansı yerüstü və yeraltı su hövzələrinə axıdılmasına, həmçinin tullantıların (o cümlədən maye tullantıların) daşınmasına, torpaqda və ya su hövzələrində basdırılmasına;

c) su bəndlərinin, su anbarlarının və digər hidrotexniki qurğuların tikintisinə.

Maddə 11. Fövqəladə hallarda fəaliyyət

1. Bu maddədə fövqəladə hallar dedikdə böyük miqyaslı qəzalar, təbii fəlakətlər nəzərdə tutulur ki, onlar aşağıdakı nəticələrə gətirə bilər:

a) su təchizatı və tullantı suları axıdan qurğuların işinin ciddi şəkildə pozulmasına;

b) əhalinin hamısının və ya əksər hissəsinin mənafeyinə toxunan maddi zərər, dağıntı və insan tələfatına, yaxud fövqəladə ekoloji böhrana.

2. Fövqəladə hallar baş verdiyi zaman müvafiq icra hakimiyyəti orqanı müvafiq su təchizatı və kanalizasiya müəssisəsi, bələdiyyə birgə fəaliyyət göstərirlər.

3. Müvafiq icra hakimiyyəti orqanı fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə əlaqədar su təchizatı və kanalizasiya müəssisələri tərəfindən çəkilmiş xərclərin ödənilməsi məqsədi ilə dövlət vəsaiti ayırır.

III fəsil
Su TƏCHİZATI

Maddə 12. Su təchizatı müəssisələrinin vəzifələri

Hər bir su təchizatı müəssisəsi öz zonası hüdudlarında səmərəli və qənaətcil su təchizatı sistemini yaratmaq və saxlamaqla aşağıdakıları təmin etməlidir:

a) məqsədlərindən asılı olaraq keyfiyyət normalarına və müvafiq dövlət standartlarının tələblərinə cavab verən və lazımi miqdarda istehlakçıların məişət (təsərrüfat)-içməli, istehsalat və digər məqsədlər üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən miqdarda su ilə təmin olunmasını; [6]

b) su kəmərlərindən ətraf mühitə su sızmasının aradan qaldırılmasını və belə halların baş verməsinin qarşısının alınmasını;

c) əsas vəsaitlərin lazımi qaydada saxlanılmasını və onların təkmilləşdirilməsini, xidmətlərin genişləndirilməsini və yaxşılaşdırılmasını, həmçinin su təchizatı sahəsində bu Qanuna müvafiq olaraq digər vəzifələrin yerinə yetirilməsini.

Su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. [7]

Maddə 13. Məişət (təsərrüfat)-içməli məqsədlər üçün su təchizatı

1. Su tәchizatı müəssisələri aşağıdakı hallarda özünün xidməti zonasının konkret ərazisində məişət (təsərrüfat)-içməli su ehtiyaclarının ödənilməsi üçün obyektləri lazımi miqdarda su ilə təmin etməli, habelə su kəmərləri xətlərini quraşdırmalıdırlar:

a) müəssisənin xidməti zonasında yerləşən tələbatçıların (istehlakçıların) sifarişini aldıqda;

b) su təchizatının yeni su kəmərləri xətləri vasitəsi ilə təmin olunması nəzərdə tutulan obyektlər, binalar, o cümlədən tikilməkdə olan və ya layihələşdirilən binalar mövcud olduqda;

c) həmin ərazidə obyektlərin su ilə təchizatından əvvəl müvafiq normativ hüquqi aktlarla müəyyən edilən tələblərin yerinə yetirilməsini və xidmət haqqının ödənilməsini nəzərdə tutan lazımi müqavilələr bağlandıqda.

2. Su təchizatı müəssisələri su kəmərlərinə ehtiyacları olan istehlakçılardan su kəməri istifadəyə verildikdən sonra razılaşdırılmış müddət ərzində ona çəkilən xərclərin ilbəil ödənilməsi haqqında öhdəliklər də daxil olmaqla su kəmərinin tikintisi zamanı su təchizatı müəssisəsi üçün zəruri olan zəmanətlərin (maliyyə və digər xarakterli) və ya başqa öhdəliklərin yerinə yetirilməsi haqqında zəmanətlərin verilməsini qanunvericiliklə və ya müvafiq müqavilələrlə nəzərdə tutulmuş qaydada tələb edə bilərlər. [8]

3. Yeni su kəmərlərinin tikintisi və onların istismara verilməsinə aid bütün məsələlər üzrə müddətlər və şərtlər tərəflərin bağladığı müqavilə ilə, belə müqavilə olmadığı hallarda isə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyənləşdirilir.

4. Su təchizatı müəssisələri obyektləri məişət (təsərrüfat)-içməli məqsədlər üçün su ilə yuxarıda qeyd olunan tələblərin yerinə yetirildiyi təqdirdə və ancaq bu maddədə nəzərdə tutulan obyektlərin təchizi hallarında təmin etməyə borcludurlar.

5. İstehlakçı bu Qanunda nəzərdə tutulmuş haqları vaxtında ödəmədikdə su təchizatı müəssisələri bu maddədə nəzərdə tutulmuş vəzifələrini həyata keçirməkdən imtina edə bilərlər.

6. Məişət (təsərrüfat)-içməli məqsədlər üçün su ilə təmin olunan istehlakçılar tərəfindən bu sudan müqavilədə göstərilməyən məqsədlər üçün istifadə edilməsi və digər istehlakçılara belə istifadəyə icazə verilməsi qadağan olunur.

Maddə 14. İstehsalat məqsədləri üçün su təchizatı

1. Bu maddənin müddəaları o vaxt tətbiq oluna bilər ki, obyektin sahibi tərəfindən su təchizatı müəssisəsinə obyektin su ilə təchizatı barədə sifariş verilmiş olsun və:

a) obyekt tamamilə və ya əsasən qeyri-yaşayış binası olsun;

b) su təchizatı məişət (təsərrüfat)-içməli məqsədlər üçün deyil, digər ehtiyacları ödəmək üçün nəzərdə tutulsun.

2. Su təchizatı müəssisəsi razılaşdırılmış müddətlərə və şərtlərə uyğun olaraq bu maddənin şamil olunduğu hər hansı obyekti su ilə təchiz etməyə borcludur.

3. Su təchizatı müəssisəsi aşağıdakı hallarda su ilə təchiz etməkdən imtina edə bilər:

a) əgər yeni yaradılacaq su təchizatı sistemi, su təchizatı müəssisəsinin digər istehlakçıları məişət (təsərrüfat)-içməli və başqa məqsədlər üçün su ilə təminetmə sahəsində mövcud (sifarişin verildiyi vaxt) və proqnoz öhdəlikləri nəzərə alınmaqla, həddən artıq əlavə məsrəflərə səbəb olarsa;

b) əgər bu su təchizatı müəssisəsinin indiki və gələcək məişət (təsərrüfat)-içməli məqsədli su istehlakçıları qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə maneələr yaradarsa;

c) əgər istehlakçının daxili su paylayıcı şəbəkəsinin vəziyyəti su kəmərləri xətlərinin texniki istismarı üzrə normativ hüquqi aktlara uyğun gəlmirsə.

4. Bu maddədə nəzərdə tutulan obyektlərin su ilə təchiz olunması şərtləri və müddətləri tərəflərin bağladığı müqaviləyə əsasən, belə müqavilə olmadıqda isə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyənləşdirilir.

Maddə 15. İctimai ehtiyaclar üçün su təchizatı

1. Su təchizatı müəssisələri təqdim olunmuş sifarişlər əsasında kanalizasiya, yaşıllaşdırma, yol təsərrüfatı müəssisələrini və yerli orqanları (bələdiyyələri) ictimai ehtiyaclar üçün su ilə təchiz edirlər. Buna kanalizasiya borularının və drenaj axarlarının təmizlənməsi, şose yollarının yuyulması və isladılması, həmçinin böyük su sərfi tələb edən digər ictimai məqsədlər üçün, o cümlədən parkların, hovuzların, hamamların, camaşırxanaların və qızdırıcı sistemlərin su ilə təchizatı aid edilir.

2. Bu maddəyə əsasən su təchizatı müəssisələri tərəfindən su təchizatı bütün maraqlı tərəflər üçün qarşılıqlı əlverişli və sərfəli hesab olunan müqavilə şərtlərinə əsasən təmin edilir.

3. Bu maddəyə əsasən su təchizatı müəssisəsi müqavilədə göstərilməyən hər hansı əlavə xərclərin və işlərin görülməsini nəzərdə tutan su təchizatını həyata keçirməyə borclu deyil. Lakin tərəflərin razılığına əsasən belə işlər sifarişçinin (tamamilə və ya qismən) hesabına su təchizatı müəssisəsi tərəfindən aparıla bilər.

Maddə 16. Suyun topdan təchizatı

1. Müvafiq icra hakimiyyəti orqanı aşağıdakı hallarda su təchizatı müəssisələrindən biri (bir neçəsi) tərəfindən digərinin (digərlərinin) su ilə topdan təchiz edilməsinə dair qərar qəbul edə bilər:

a) suyun verilməsi nəticəsində su verən müəssisənin özünün su təchizatında qıtlıq yaranmadıqda və həmin müəssisə maddi ziyan çəkmədikdə;

b) su təchizatı müəssisələri (tərəflər) arasında suyun verilməsi barədə müvafiq müqavilənin bağlanması mümkün olmadıqda.

2. Bu maddəyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş qərarda, bu qərarla əlaqədar su təchizatı müəssisəsi tərəfindən çəkilmiş xərclərin ödənilməsi nəzərdə tutulmalıdır.

Maddə 17. Sanitar mühafizəsi zonaları

1. Su təchizatı müəssisələri Azərbaycan Respublikasının Su Məcəlləsi ilə nəzərdə tutulmuş sanitar mühafizə zonalarının yaradılması və rejiminin həyata keçirilməsi məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahələri mülkiyyətçilərinin (istifadəçilərinin, icarəçilərinin), həmçinin digər şəxslərin bu zonalarda fəaliyyətlərini qadağan etmək hüquqlarına malikdirlər.

2. Su təchizatı müəssisəsi sanitar mühafizə zonası rejimini mövcud tikinti normalarına və qaydalarına uyğun həyata keçirir.

Maddə 18. Su təchizatının keyfiyyəti

1. Su təchizatı müəssisəsi məişət (təsərrüfat)-içməli ehtiyacları üçün suyun keyfiyyətinə qoyulan tələblərin təmin olunması məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirməlidir:

a) paylayıcı su kəmərləri şəbəkəsinə verilənə qədər suyun keyfiyyətli olmasını təmin etmək;

b) verilən suyun keyfiyyətinin müvafiq dövlət standartlarına uyğunluğuna nəzarət etmək;

c) suyun götürüldüyü yerdə onun keyfiyyətinə nəzarət etmək və onun keyfiyyətinin müvafiq dövlət standartlarına uyğun gəlmədiyi hallarda ondan istifadəyə imkan verməmək.

2. Su təchizatı müəssisələri məişət (təsərrüfat)-içməli ehtiyacları üçün obyektləri su ilə təmin etməkdən ötrü bir və ya bir neçə mənbədən götürülərək magistral kəmərlərə verilən suyun keyfiyyətinin pisləşməsinin qarşısını almaq məqsədi ilə vaxtında təxirəsalınmaz tədbirlər həyata keçirməlidirlər.

3. Su təchizatı müəssisələri, onların təqsiri üzündən baş verən hadisələr istisna olunmaqla, magistral kəmərdən istehlakçının paylayıcı şəbəkəsinə verildikdən sonra suyun keyfiyyətinin pisləşməsinə görə məsuliyyət daşımırlar.

4. Su təchizatı müəssisəsinin təqsiri üzündən suyun magistral kəmərdən istehlakçının paylayıcı sisteminə verilməsi anında onun keyfiyyətinin pisləşməsi təhlükəsi olduqda, həmin müəssisə belə təhlükənin aradan qaldırılması və ya onun minimuma endirilməsi üçün zəruri tədbirləri həyata keçirməlidir.

Maddə 19. Su təchizatının sabitliyi

1. Su təchizatı müəssisələri məişət (təsərrüfat)-içməli məqsədli magistral və digər su kəmərlərində və ya onlara qoşulmuş yanğın əleyhinə istifadə olunan çıxışlarda müəyyən edilmiş normativlərə uyğun minimum sabit təzyiqi təmin etməlidirlər.

2. Bu maddəyə əsasən su təchizatı müəssisələri qəzaların aradan qaldırılması və təmir-profilaktika işlərinin aparılması məqsədi ilə su təchizatının dayandırılması və ya məhdudlaşdırılması zamanı su təchizatının sabitliyinə cavabdehlik daşımırlar.

3. Müvafiq icra hakimiyyəti orqanının su təchizatının təzyiqi və sabitliyinin əlavə olaraq daha yüksək səviyyədə saxlanılması haqqında qərarında su təchizatı müəssisəsində bu qərarın yerinə yetirilməsi üçün zəruri olan pul kompensasiyasının verilməsi nəzərdə tutulmalıdır.

Maddə 20. Suyun qıtlığı zamanı su təchizatı

1. Nəzərdə tutulmuş xərclər hesabına magistral su xətləri ilə bu Qanunun 12-ci maddəsinin “a” yarımbəndinə uyğun olaraq müəyyən edilən miqdarda və tələb olunan keyfiyyətdə suyun verilməsi mümkün olmadıqda, su təchizatı müəssisəsi yerli orqanların (bələdiyyələrin) müraciətinə əsasən və onların hesabına tərəflər arasında razılaşdırılmış yerlərə, yaxud birbaşa obyektlərə suyun digər üsullarla (sudaşıyan maşınların köməyi ilə və ya su üçün tutumların aparılması) çatdırılmasını təmin edir. [9]

2. Bu maddənin 1-ci bəndinin müddəaları o vaxt tətbiq edilir ki:

a) məişət (təsərrüfat)-içməli ehtiyacları üçün suyun təchizatı keyfiyyətinin aşağı səviyyədə olması və ya suyun qıtlığı insanların sağlamlığını və həyatlarını təhlükə altına alsın. Bu halda yerli orqanlar (bələdiyyələr) bu barədə su təchizatı müəssisələrinə məlumat verir və öz tələblərini irəli sürürlər ki, su təchizatı müəssisəsi bu tələblərin yerinə yetirilməsi imkanlarını müəyyənləşdirə bilsin;

b) su təchizatı müəssisəsi alternativ vasitələrin köməyi ilə bu bəndin “a” yarımbəndində qeyd olunan tələblərin yerinə yetirilməsi üçün maliyyə və texniki ehtiyatlara malik olsun;

c) yerli orqanlar (bələdiyyələr) alternativ su təchizatı dövründəki xərclərin müəyyən müddətdə ödənilməsi və kompensasiyanın müddətləri barədə su təchizatı müəssisəsi ilə müqavilə bağlasın.

3. Əhalinin alternativ su təchizatı ilə əlaqədar, mərkəzləşdirilmiş su təchizatının qiymətindən əlavə xərclər müvafiq büdcə vəsaiti hesabına su təchizatı müəssisəsinə ödənilir.

Maddə 21. Su təchizatı sisteminin istismara verilməsinin elan edilməsi

Su təchizatı müəssisəsi su təchizatı zonası və ya onun bir hissəsində su təchizatı sisteminin istismara verilməsi barədə yerli orqanlara (bələdiyyələrə) rəsmi məlumat verir və kütləvi informasiya vasitələrində elan edir.

Maddə 22. Su təchizatı sistemlərinin tikinti xərclərinin ödənilməsi

Su təchizatı sistemlərinin yaradılmasına və ya tikintisinə çəkilən xərclər su təchizatı müəssisəsi tərəfindən aşağıdakı mənbələrdən ödənilə bilər:

a) su təchizatı obyektlərinin sahiblərinin ödəmələrindən;

b) su təchizatı müəssisəsinin ümumi gəlirlərindən və fondlarından;

c) su təchizatı sisteminin inkişafı və əsaslı tikintisinə sərf olunan xərclərin qismən ödənilməsi üçün ayrılan dövlət vəsaitindən və digər ödəmələrdən.

Maddə 23. Su təchizatı sisteminə qoşulmaqdan irəli gələn vəzifələr və şərtlər

1. Su təchizatı müəssisəsi öz su təchizatı zonasında yerləşən hər hansı istehlakçının müraciətinə əsasən onu aşağıdakı şərtlərlə su təchizatı sisteminə qoşmalıdır:

a) müraciət edən istehlakçı mövcud və ya tikilməsi planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibi olsun;

b) qoşulma, fiziki şəxs olan istehlakçılar istisna edilməklə digər istehlakçı qruplar üzrə istehlakçının hesabına aparılsın. [10]

2. Müraciətlə əlaqədar su təchizatı müəssisəsi aşağıdakıları tələb edə bilər:

a) su təchizatı sisteminə qoşulma üçün zəruri olan məlumatların, habelə su təsərrüfatı pasportunun təqdim olunmasını; [11]

b) istehlakçı tərəfindən aparılan işlər zamanı qoşulmaya dair müvafiq norma, qayda və tələblərə riayət olunmasını. [12]

3. Xidmətlər göstərilərkən su təchizatı müəssisəsi səbəbsiz olaraq hər hansı istehlakçılar qrupuna və ya potensial istehlakçılara ayrı seçkilik etməməlidir. Ayrı-ayrı istehlakçıya və ya istehlakçılar qrupuna ilkin xidmətlərin göstərilməsinə qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə və qaydada etiraz edilə bilər.

4. Yaşayış binaları, o cümlədən mənzillər yalnız su təchizatı sisteminə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün Dövlət qəbul komissiyasına təqdim edilə bilərlər. Yaşayış binalarının, o cümlədən mənzillərin su təchizatı sisteminə qoşulma qaydası və haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [13]

5. İstehlakçının su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması üçün texniki şərtlərin verilməsi, habelə su təsərrüfatı pasportunun nümunəsi, tərtibi və razılaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [14]

Maddə 24. Su təchizatı sisteminə qoşulmağa qoyulan tələblər

1. Su təchizatı müəssisələri öz xidməti zonası hüdudlarındakı istehlakçılardan aşağıdakıları rəsmi qaydada tələb edə bilər:

a) su təchizatı sisteminə qanuni əsaslarla qoşulmalarını;

b) hər hansı qanunsuz və ya müəyyən olunmuş norma, qayda və tələblərə uyğun gəlməyən qoşulmanın ləğv olunmasını;

c) su təchizatı xidmətlərinin göstərilməsi üçün zəruri işlərin görülməsini. ;

d) su təsərrüfatı pasportunun tərtib edilməsini. [15]

2. İstehlakçılar su təchizatı sisteminə qoşulmaq istəmələri barədə su təchizatı müəssisəsinə yazılı müraciət edə bilərlər.

Su təchizatı müəssisəsi on gün müddətində müraciətə baxaraq obyektin su təchizatı sisteminə qoşulmasına razılıq verir və ya əsaslandırılmış qaydada burdan imtina edir.

Qoşulmağa imtinadan qanunvericiliklə nəzərdə tutulmuş qaydada şikayət edilə bilər.

3. Su təchizatı müəssisəsi istehlakçılara onların su təchizatı sisteminə birgə qoşulduğu barədə, qoşulmanın müddətini göstərməklə, bildiriş göndərə bilər.

4. İstehlakçılar tərəfindən qoşulma üçün zəruri olan işlərin nəzərdə tutulmuş müddətlərdə görülməsi haqqında su təchizatı müəssisələrinin tələbləri yerinə yetirilmədikdə və ya qismən yerinə yetirildikdə, su təchizatı müəssisələri bu işləri həmin istehlakçıların hesabına apara bilərlər.

5. Su təchizatı müəssisələrinin qoşulmağa, o cümlədən əvəzçilik qaydasında qoşulmağa çəkdiyi xərclər, belə qoşulma nəticəsində sudan istifadə edən bütün istehlakçılar tərəfindən ödənilir.

Maddə 25. Su təchizatı sisteminin genişləndirilməsi

1. Su təchizatı sistemi olmayan ərazilərdə yerləşən obyektlərin sahibləri və ya yerli orqanlar (bələdiyyələr) mövcud su təchizatı sisteminin genişləndirilməsi barədə su təchizatı müəssisəsinə yazılı müraciət edə bilərlər. Su təchizatı sisteminin genişləndirilməsi və obyektlərin qoşulması işləri bu barədə müraciət etmiş orqan və ya obyekt sahibi hesabına aparılır.

2. Mövcud su təchizatı sisteminin genişləndirilməsinin (magistral su kəmərləri də daxil olmaqla) dəyəri istehlakçılardan alınacaq ödənişlərin miqdarından artıq olduqda su təchizatı müəssisələri müraciət edənlərdən su təchizatı sisteminin genişləndirilməsinə tələb olunan xərclərin bir hissəsini qabaqcadan ödəməyi tələb edə bilərlər. Bu halda belə ödəniş adi qoşulmağa tələb olunan ödənişə əlavə kimi götürülür.

Maddə 26. Su təchizatı müəssisələrinin su təchizatının məhdudlaşdırılması və dayandırılması üzrə hüquqları

1. Su təchizatı müəssisəsi aşağıdakı hallarda istehlakçının su təchizatını dayandıra bilər:

istehlakçının müvafiq yazılı müraciəti (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;

tikinti, təmir-profilaktika və qəza işlərinin görülməsinə və su tutumlarının təmizlənməsinə ehtiyac yarandıqda;

su götürülən yerlərdə səth sularının bulanıqlıq dərəcəsi artdıqda və ya su hövzəsində fövqəladə ekoloji böhran vəziyyəti yarandıqda;

istehlakçının paylayıcı su kəmərləri şəbəkəsi, su tutarları (su anbarları), qoşulmalar, siyirtmələr, kranlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə;

su təchizatı müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə;

su təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda;

məişət (təsərrüfat) - içməli su ehtiyacları üçün nəzərdə tutulmuş magistral su kəmərlərindəki sudan digər məqsədlərlə istifadə olunduqda;

məhkəmənin qərarı ilə; [16]

dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında. [17]

2. Su təchizatı müəssisəsi bu maddənin 1-ci bəndinin altıncı və yeddinci abzaslarına əsasən su təchizatını dayandırdıqda və ya məhdudlaşdırdıqda o, istehlakçıdan su təchizatının dayandırılması , məhdudlaşdırılması və bərpası ilə əlaqədar xərclərin ödənilməsini tələb edə bilər. [18]

3. İstehlakçıya suyun verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Suyun dəyərini ödəməyən istehlakçıya suyun verilməsinin dayandırılması, suyun dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. [19]

4. Su təchizatı müəssisəsinin səlahiyyətli şəxsinin bu Qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. [20]

Maddə 27. Su təchizatının məhdudlaşdırılması və dayandırılması hallarında su təchizatı müəssisəsinin vəzifələri

1. Zəruri işlərlə əlaqədar su təchizatının dayandırılması hallarında su təchizatı müəssisəsi aşağıdakıları yerinə yetirməlidir:

a) qeyd olunan işlərin müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsini təmin etmək;

b) müvafiq işlərin görülməsi üçün 24 saatdan artıq müddətə obyektin məişət (təsərrüfat)-içməli su təchizatının dayandırılmasını yalnız həmin obyektin qəza su təchizatının (müvəqqəti kəmərlər və ya digər üsullarla) təmin ediləcəyi şərti ilə həyata keçirmək.

2. İstehlakçı tərəfindən, tarixi göstərilməklə su təchizatından imtina etməsi barədə qabaqcadan məlumatın daxil olduğu halda, su təchizatı müəssisəsi su təchizatını dayandırmalıdır.

Fövqəladə və dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparıldığı hallar və ya su təchizatının cüzi dayandırılması halları istisna olunmaqla, su təchizatı müəssisəsi bu Qanunun 28-ci maddəsində nəzərdə tutulanlara əsasən istehlakçıya yalnız qabaqcadan xəbərdarlıq etdikdən sonra suyun verilməsini dayandıra bilər. [21]

Maddə 28. Su təchizatının dayandırılması haqqında xəbərdarlıq [22]

1. Su təchizatı müəssisəsi, istehlakçını mütləq qaydada xəbərdar etmək şərti ilə bu Qanunda nəzərdə tutulmuş hallarda su təchizatını dayandırır , məhdudlaşdırır və ya tənzimləyir.

2. Xəbərdarlıqda aşağıdakılar göstərilir:

a) xəbərdarlığın aid olduğu su təchizatı zonası;

b) su təchizatının dayandırılması , tənzimlənməsi və ya məhdudlaşdırılması müddəti (günlər və saat göstərilmədikdə);

c) xəbərdarlığın tələblərinin yerinə yetirilməsinin qaydaları;

ç) belə fəaliyyətin həyata keçirilməsinin məqsədləri;

d) belə fəaliyyətlə әlaqәdar digər məsələlər.

3. Xəbərdarlıq istehlakçıya aşağıdakı üsullarla çatdırıla bilər:

a) kütləvi informasiya vasitələri ilə;

b) su təchizatı zonasında hərəkət edən səsgücləndirici vasitələrlə;

c) poçt və ya digər rabitə vasitələri ilə.

4. Bütün istehlakçılar xəbərdarlıqda nəzərdə tutulan tələbləri yerinə yetirməlidirlər.

Maddə 29. Sudan istifadəyə müvəqqəti qadağalar

1. İçməli su təchizatının ciddi qıtlığı yarandıqda, su təchizatı müəssisəsi aşağıdakı məqsədlər üçün verilən suyu dayandıra və ya ondan istifadəni məhdudlaşdıra bilər:

a) fərdi bağların suvarılmasına verilən suyu;

b) ictimai məqsədlər üçün verilən suyu.

2. Su təchizatı müəssisələri kütləvi informasiya vasitələri ilə su təchizatının məhdudlaşdırılması və ya dayandırılması nəzərdə tutulan müddət, ərazi və tarix haqqında əvvəlcədən kütləvi informasiya vasitələri ilə məlumat verirlər.

3. Su təchizatının dayandırılması və ya məhdudlaşdırılması müddətində bu maddənin müddəalarını pozan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

4. Su təchizatının dayandırılması və ya məhdudlaşdırılması haqqında məlumat bu maddəyə uyğun olaraq elan olunduqda su təchizatı müəssisəsi tərəfindən bu müddət ərzində alınacaq ödəniş əsaslandırılmış şəkildə ixtisar olunmalıdır. Əgər avans ödəmələri tutulubsa, onda bu məbləğ bundan sonrakı dövrdə tutulacaq ödəmələrə aid edilir.

Maddə 30. Verilən suyun həcminin hesablanması

1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. [23]

2. Suölçən cihazlar quraşdırılmadan yeni obyektlərin istifadəyə verilməsi qadağan olunur.

Maddə 31. Suölçən cihazların quraşdırılması və istismarı

1.  Fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. [24]

2. Suölçən cihazlar qanunvericiliklə nəzərdə tutulmuş hallarda su təchizatı müəssisəsinin vəsaiti hesabına quraşdırılır. [25]

3. Su təchizatı müəssisəsi bütün quraşdırılmış suölçən cihazların hesabatını aparmalıdır.

4. Su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi suölçən cihazların göstəricilərinin qeydə alınması, onların quraşdırılması, təmiri, dəyişdirilməsi, çıxarılması, yerlərinin dəyişdirilməsi, onlara xidmət göstərilməsi və onlardan göstəricilərin silinməsi məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada su təchizatı cihazının yanına buraxılmaq hüququna malikdir.

5. Su təchizatının düzgün ölçülməsini və qeydiyyatını təmin etmək məqsədi ilə suölçən cihazın yerinin dəyişdirilməsi, təmiri, çıxarılması, quraşdırılması, onun fəaliyyətinə mane olan amillərin aradan qaldırılması və ya hər hansı digər işlər su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi tərəfindən və ya onun iştirakı ilə aparılır.

6. İstehlakçının suölçən cihazın dəqiqliyinin yoxlanılması üçün su təchizatı müəssisəsinə yazılı şəkildə müraciət etmək hüququ var. Su təchizatı müəssisəsi müraciət daxil olduğu gündən üç həftə müddətində istehlakçının vəsaiti hesabına belə yoxlamanı həyata keçirməyə borcludur.

Maddə 32. İstehlakçıların verilən suyun həcminin hesablanması ilə əlaqədar vəzifələri

1. İstehlakçılar verilən suyun həcminin hesablanması ilə əlaqədar aşağıdakıları həyata keçirməlidirlər:

a) suölçən cihazın mühafizəsini təmin etmək və onu lazımi texniki vəziyyətdə saxlamaq;

b) suölçən cihazın göstəricilərinin təhrif olunmasının qarşısını almaq məqsədi ilə zəruri tədbirlər həyata keçirmək;

c) bu Qanunun 31-ci maddəsində nəzərdə tutulan səlahiyyətli nümayəndənin suölçən cihazların yanına buraxılmasını təmin etmək;

ç) suölçən cihazın istifadə olunan suyun miqdarını əks etdirən göstəricisini və cihazın vəziyyəti haqqında lazımi məlumatı su təchizatı müəssisəsinə təqdim etmək.

2. İstehlakçı suölçən cihazların mühafizəsi tələblərinə əməl etmədikdə, su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi istehlakçının vəsaiti hesabına onların təmirini, yenidən quraşdırılmasını və onların işinə mane olan səbəblərin aradan qaldırılmasını və ya su təchizatının ölçülməsi və düzgün qeydiyyatının təmin edilməsi üçün zəruri olan digər işləri yerinə yetirə bilər.

Suölçən cihazın göstəricisi pozulduğu halda su təchizatı müəssisəsi bu dövrdə istifadə olunmuş suyun həcmini əvvəlki müvafiq dövrdəki göstəricini nəzərə almaqla, borunun suburaxma qabiliyyətinə əsasən müəyyənləşdirir. Suölçən cihazın göstəricisinin pozulması dövrünün müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

3. Suölçən cihazın yenidən quraşdırılmasına ehtiyacı olan istehlakçı bu barədə həmin ehtiyacın yarandığı gündən yeddi gündən gec olmayaraq qabaqcadan su təchizatı müəssisəsinə yazılı müraciət etməlidir. Suölçən cihazın göstəricisi onun yenidən qurulması anında götürülür.

Maddə 33. İstehlakçıların hüquqları

İstehlakçılar aşağıdakı hüquqlara malikdirlər:

a) su obyektlərindən xüsusi məqsədlərlə istifadəni həyata keçirmək üçün müvafiq qurğular və tikililər inşa etmək;

b) qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilədə nəzərdə tutulan miqdarda almadığı suyun əvəzini tələb etmək;

c) su təchizatı müəssisələri ilə su almaq üçün su kəmərinə qoşulması barədə müqavilə bağlamaq;

ç) keyfiyyət standartlarına uyğun məişət (təsərrüfat)-içməli məqsədlər üçün suyu almaq;

d) istehsalat zərurəti ilə əlaqədar sudan təkrar istifadə etmək;

e) Azərbaycan Respublikasının Su Məcəlləsi və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

IV fəsil
TULLANTI SULARININ AXIDILMASI

Maddə 34. Kanalizasiya müəssisələrinin əsas vəzifələri

1. Kanalizasiya müəssisələrinin əsas vəzifələri aşağıdakılardır:

a) tullantı sularının nəqli, təmizlənməsi, zərərsizləşdirilməsi və ətraf mühitə və ya su hövzələrinə axıdılması;

b) ümumi istifadədə olan kanalizasiya qurğularının genişləndirilməsi və yenidən qurulmasının təmin olunması, onlara texniki xidmətlərin göstərilməsi;

s) kanalizasiya sistemlərindən ətraf mühitə tullantı sularının sızmasını aradan qaldırmaq və əvvəlcədən qarşısını almaq üçün tədbirlərin görülməsi.

2. Kanalizasiya müəssisəsi tərəfindən su obyektlərinə tullantı sularının axıdılması qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

3. Kanalizasiya müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. [26]

Maddə 35. Yeni kanalizasiya qurğularının istismara verilməsi

1. Kanalizasiya qurğularının tikintisi başa çatdıqdan və onları öz balanslarına qəbul etdikdən sonra kanalizasiya müəssisələri bu qurğuların xidməti ərazisindəki tullantı sularını qəbul etməyə hazır olduqlarını elan edir və obyektlərin bu qurğulara qoşulmasını təmin edir.

Yeni kanalizasiya qurğularının istismara verilməsi müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada həyata keçirilir.

2. Obyektlərin kanalizasiya qurğularına qoşulmasından sonra onların sahibləri bu Qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödənişləri verməlidirlər.

3. Kanalizasiya qurğularının istismara verilməsi elan edildikdən sonra kanalizasiya müəssisəsinin xidməti ərazisində tikilməkdə və yenidən qurulmaqda olan bütün obyektlər kanalizasiya sisteminə qoşulmalıdır. Tullantı sularının axıdılması üçün istifadə olunan hər hansı fərdi qurğu isə ancaq müvafiq dövlət standartları və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydaların gözlənilməsi şərti ilə kanalizasiya müəssisələrinin icazəsinə əsasən istismar oluna bilər.

4. Obyektin sahibi kanalizasiya sisteminə obyektin qoşulmasına etiraz etdiyi halda da, kanalizasiya müəssisəsinin kanalizasiya sistemindən istifadəyə görə ondan qanunvericiliklə nəzərdə tutulmuş qaydada haqqın ödənilməsini tələb etmək hüququ var.

Maddə 36. Ümumi istifadədə olan kanalizasiya sisteminə birləşmək hüququ

Obyektlərin tikintisi aparılan və ya planlaşdırılan ərazilərdə ümumi istifadədə olan kanalizasiya sistemləri olmadıqda, yerli orqanlar (bələdiyyələr) və ya obyektlərin sahibləri kanalizasiya müəssisəsinə obyektlərin ümumi istifadədə olan kanalizasiya sisteminə qoşulması məqsədi ilə onların hesabına kanalizasiya kəmərlərinin çəkilməsi və ya kanalizasiya qurğularının tikintisinin təmin olunması haqqında yazılı sifarişlə müraciət edə bilərlər.

Maddə 37. Ümumi istifadədə olan kanalizasiya sisteminə qoşulma və tullantı sularının axıdılması

1. Ayrıca kanalizasiya sistemlərinin və tullantı suları axıdılan obyektlərin ümumi istifadədə olan kanalizasiya sistemlərinə birləşdirilməsi üçün:

a) obyektin sahibi kanalizasiya müəssisəsinə müəyyən edilmiş qaydada müraciət etməli, habelə su təsərrüfatı pasportunu tərtib və təqdim etməli; [27]

b) belə qoşulmanın ümumi istifadədə olan kanalizasiya sisteminin istismarının vəziyyətinə mənfi təsir göstərməyəcəyi barədə kanalizasiya müəssisəsi zəmanət verməli;

c) qoşulacaq obyektin kanalizasiya qurğularının vəziyyətinin və konstruksiyasının müvafiq tələblərə cavab verməsini təsdiq etmək üçün kanalizasiya müəssisəsi müraciət edənin hesabına obyektdə zəruri yoxlamanı keçirməli;

ç) müraciət edən obyektin ümumi istifadədə olan kanalizasiya sisteminə qoşulması üzrə bütün xərcləri (o cümlədən yollarda torpaq işləri xərclərini) ödəməlidir.

2. Müraciət edən tərəfindən kanalizasiya sistemlərinə qoşulmanın qaydaları və tələbləri pozulduğu hallarda kanalizasiya müəssisəsi obyekti qoşmaqdan, onun olduğu ərazidə tullantı sularının axıdılmasını və drenaj işlərinin aparılmasını yerinə yetirməkdən imtina edə bilər.

3. Müraciət edən ümumi istifadədə olan kanalizasiya sisteminə onun obyektinin qoşulmasına və tullantı sularının axıdılmasına imtina haqqında qərardan qanunvericiliklə nəzərdə tutulmuş qaydada şikayət edə bilər.

Maddə 38. Ümumi istifadədə olan kanalizasiya sistemlərinə qoşulma və tullantı sularının axıdılması məsələlərinin razılaşdırılması

1. Ümumi istifadədə olan kanalizasiya sisteminə qoşulmaq məqsədi ilə:

a) qoşulacaq obyektin sahibi kanalizasiya müəssisəsindən cavab alındığı gündən və ya özünün müraciət etdiyi gündən bir ay müddətində həmin müəssisəyə obyektin qoşulması planını (layihəsini) və su təsərrüfatı pasportunu təqdim edir. Kanalizasiya müəssisəsi bir ay müddətində bu plana baxır və onu təsdiq (lazım gələrsə, dəyişikliklər etməklə) edir. Obyektin sahibi təsdiqlənmiş plana və razılaşdırılmış su təsərrüfatı pasportuna uyğun olaraq qoşulmanı yerinə yetirir; [28]

b) kanalizasiya müəssisəsi qoşmaqdan əsassız imtina edilməsinə yol verməmək üçün qoşulma haqqında müraciəti obyektiv araşdırmalıdır;

c) müraciət edənin obyektini qoşmaq məqsədi ilə mövcud kanalizasiya sisteminin genişləndirilməsinin dəyəri bu obyektdən tullantı sularının axıdılmasına görə alınması nəzərdə tutulmuş məbləğdən həddən artıq çox olduqda, kanalizasiya müəssisəsi, müraciət edəndən kanalizasiya sisteminin genişləndirilməsinə tələb olunan məbləğin bir hissəsinin əvvəlcədən ödənilməsini tələb edə bilər;

ç) obyektin sahibi obyektin qoşulması ilə əlaqədar işlərin nəzərdə tutulmuş müddətdə yerinə yetirilməsini təmin edə bilmədikdə, belə işlər kanalizasiya müəssisəsi tərəfindən qeyd olunan obyektin sahibinin hesabına görülə bilər.

Maddə 39. Kanalizasiya sisteminə axıdılmanın (atılmanın) qadağan edilməsi

1. Ümumi istifadədə olan kanalizasiya sistemlərinə istehlakçılar tərəfindən aşağıdakıların axıdılması (atılması) qadağandır:

a) yağış sularının;

b) tullantı sularının emalına və ya axmasına mane olan, kanalizasiya borularını sıradan çıxaran hər hansı maddələrin;

c) neft məhsullarının və kalsium karbidin;

ç) insanların sağlamlığı üçün təhlükəli maddələrin;

d) yoluxucu xəstəxanaların zərərsizləşdirilməmiş tullantı sularının;

e) kanalizasiya müəssisəsi ilə bağlanmış məişət və istehsalat tullantı sularının axıdılması haqqında müqavilədə nəzərdə tutulan hallar istisna olunmaqla, qadağan olunmuş tullantıların, tullantı sularının və maddələrin.

2. Tullantı sularının yağış kanalizasiya sisteminə axıdılması qadağan edilir.

3. İstehsalat tullantılarının axıdılması (atılması) qadağan edilən istehsalat və müəssisə növləri və ya konkret müəssisələr normativ hüquqi aktlarla müəyyən edilir.

Maddə 40. Ayrıca kanalizasiya qurğularının (avadanlığın, sistemlərin) kanalizasiya müəssisələrinə verilməsi

1. Ayrıca kanalizasiya qurğusunun sahibi özünə məxsus kanalizasiya qurğusunun kanalizasiya müəssisəsinə verilməsi barədə müraciət edə bilər.

2. Kanalizasiya müəssisəsi ayrıca kanalizasiya qurğusunun sahibinə həmin qurğunu almaq niyyətini bildirir. Bundan sonra iki ay müddətində kanalizasiya müəssisəsi və ayrıca kanalizasiya qurğusunun sahibi qurğunun verilməsi şərtlərini, o cümlədən kompensasiyanın ödənilməsinin mümkünlüyünü razılaşdırırlar.

3. Qanunvericilikdə başqa hal nəzərdə tutulmadıqda, ayrıca kanalizasiya qurğusu kanalizasiya müəssisəsinə təhvil verildikdən sonra onun istismarı, texniki xidməti və təmiri üçün lazım olan torpaq sahəsi ilə birlikdə əvvəlki sahibinin hüquq və vəzifələri kanalizasiya müəssisəsinə keçir.

Maddə 41. Ayrıca kanalizasiya sistemlərinə dair tələblər

1. Ümumi istifadədə olan kanalizasiya sisteminə qoşulması məqsədi ilə ayrıca kanalizasiya sisteminin tikintisi və ya avadanlığın qurulması kanalizasiya müəssisəsinin razılığı ilə müvafiq normativ hüquqi aktlara uyğun olaraq aparılır.

2. Kanalizasiya müəssisəsinin səlahiyyətli nümayəndəsi aşağıdakı hüquqlara malikdir:

a) ayrıca kanalizasiya sisteminin tikintisinə dair norma və qaydalara, avadanlığın quraşdırılmasına və təhlükəsiz istismarına dair tələblərə riayət olunmasına nəzarət etmək məqsədi ilə tullantı suları axıdılan obyektə girmək;

b) sulardan və tullantı sularından nümunələr götürmək;

c) obyektin ümumi istifadədə olan kanalizasiya sisteminə qoşulması ilə əlaqədar obyekt sahibinə verdiyi bildirişdə müəyyənləşdirilmiş müddətlərdə aşağıdakı tədbirləri həyata keçirməyi tələb etmək:

avadanlığın təmizlənməsinin, təmirinin və ya ona texniki xidmətin həyata keçirilməsini;

avadanlıq müəyyən edilmiş normalara uyğun gəlmədikdə onun istismarının dayandırılmasını (tamamilə və ya qismən, daimi və ya müvəqqəti);

suların çirklənməsinin qarşısını almaq və ya dayandırmaq məqsədi ilə digər zəruri tələblərin həyata keçirilməsini.

3. Tullantı sularını axıdan obyektin və ya ayrıca kanalizasiyanın sahibi bu maddənin 2-ci bəndinin "c" yarımbəndində nəzərdə tutulan tədbirləri yerinə yetirmədikdə kanalizasiya müəssisəsi obyektin sahibinin vəsaiti hesabına lazımi işləri görə bilər.

Maddə 42. Zədələnmiş ayrıca kanalizasiya sistemlərinə baxış hüququ

1. Aşağıdakı hallarda ümumi istifadədə olan kanalizasiya müəssisəsinin ayrıca kanalizasiya sistemlərinə baxış keçirməyə və bu məqsədlə torpaq işləri də daxil olmaqla zəruri işlərin aparılmasına hüquqları var:

a) ümumi istifadədə olan kanalizasiya sistemlərinə qoşulmuş kanalizasiya sistemlərinin və qurğuların texniki vəziyyəti insanların sağlamlığı üçün təhlükə yaratdıqda və əhəmiyyətli dərəcədə narahatlığa səbəb olduqda;

b) tullantı suları kanalizasiya sistemlərindən sızaraq qrunt sularını çirkləndirdikdə.

2. Aşağıdakı sübuta yetirilmiş hallar istisna olunmaqla, aşkar edilmiş nasazlıqların aradan qaldırılması üzrə bu maddənin 1-ci bəndində qeyd olunan işlərlə əlaqədar bütün xərclər ayrıca kanalizasiyanın (obyektin) sahibləri tərəfindən ödənilir:

a) obyektin sahibi tərəfindən zəruri işlərin müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsi haqqında ona əvvəl təqdim olunmuş bütün tələblərin dəqiq yerinə yetirilməsi;

b) kanalizasiya müəssisəsinin obyektin sahibindən qeyd olunan işlərin yerinə yetirilməsini tələb etməsinə kifayət qədər əsasının olmaması;

c) kanalizasiya müəssisəsinin gördüyü işlərin zəruri olmaması və ya bu işlərin görülməsi üçün vəsaitdən səmərəli istifadə olunmaması.

Maddə 43. Kanalizasiya sisteminin istismarının dayandırılması

1. Kanalizasiya müəssisəsi ancaq aşağıdakı hallarda kanalizasiyadan istifadəni qadağan edə və ya onun istismarını müvəqqəti dayandıra bilər:

a) avadanlıqların quraşdırılması, onlarda təmir və texniki xidmət işləri görüldükdə;

b) avadanlıqların qoşulması və istismara verilməsi zamanı;

c) tullantı sularının sızması və suların çirklənməsinin qarşısını almaq zərurəti olduqda.

2. Müəyyən ərazilərdə kanalizasiya sisteminin ləğvi və ya onun fəaliyyətinin uzun müddətli dayandırılması zərurəti yarandıqda, kanalizasiya müəssisələri bu Qanunda nəzərdə tutulmuş qaydada həmin ərazidəki obyektləri öz hesablarına digər kanalizasiya sisteminə qoşmalıdırlar.

Maddə 44. İstehsalat tullantı suları

1. Kanalizasiya müəssisələri hər hansı istehlakçı ilə (hüquqi və fiziki şəxslərlə) onların obyektlərindən istehsalat tullantı sularının axıdılması, saxlanması və təmizlənməsi barədə müqavilə bağlaya bilərlər.

2. İstehsalat və məişət tullantı sularının təmizlənməsi və təkrar istifadəsi üzrə layihələrin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi aparılır. Kanalizasiya müəssisəsi ümumi istifadədə olan kanalizasiya sisteminə obyektdən axıdılan tullantı sularının tərkibini nəzarətdə saxlamaq məqsədi ilə bu obyektlərdə müntəzəm olaraq müşahidə aparır. [29]

İstehsalat və məişət tullantı sularının təmizlənməsi və təkrar istifadəsi sahəsində fəaliyyət göstərən mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər edilir.

İstehsalat və məişət tullantı sularının təmizlənməsi və təkrar istifadəsi sahəsində fəaliyyət göstərən mövcud obyektlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.

İstehsalat və məişət tullantı sularının təmizlənməsi və təkrar istifadəsi sahəsində fəaliyyət göstərən obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur.

3. Kanalizasiya müəssisələri hər hansı istehsalat tullantı sularını kanalizasiyaya axıtmazdan əvvəl obyektin sahibindən onların ilkin təmizlənməsini tələb edə bilərlər. Bu tullantı suları (özləri və ya digər maddələrlə birləşmədə) aşağıdakılara təhlükə yaratdıqda kanalizasiya müəssisələri istehsalat tullantı sularının axıdılması üçün müqavilənin bağlanmasından imtina edə bilərlər:

a) bu sularla təmasda olan insanların həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə;

b) kanalizasiya müəssisəsinin avadanlıqlarının təhlükəsiz istismarına və texniki vəziyyətlərinə;

c) tullantı sularının təmizlənməsi və emalının texnoloji proseslərinə.

Bu cür imtina istehsalat tullantı sularının daşınması və emalı xərcləri ilə bağlı razılıq əldə edilmədiyi halda da edilə bilər.

4. İstehlakçılar:

a) istehsalat tullantı sularının axıdılması haqqında müqavilənin bağlanmasından kanalizasiya müəssisəsinin imtinası ilə;

b) belə müqavilənin şərtləri ilə;

c) istehsalat tullantı sularının axıdılması ilə əlaqədar ödəmələrin məbləği ilə razılaşmadıqda kanalizasiya müəssisəsinin qərarından qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edə bilərlər.

V fəsil
Su TӘCHİZATI və kanalİzasİya müəssİsələrİ üçün ümumİ olan hüquqlar və vəzİfələr

Maddə 45. Torpaqlardan istifadə etmək hüquqları

1. Su təchizatı və kanalizasiya müəssisələri öz vəzifələrini həyata keçirmək məqsədi ilə su təchizatı və kanalizasiya qurğularının tikilməsini təmin edir və bu məqsədlərlə müvafiq qanunvericiliklə nəzərdə tutulmuş qaydada torpaqlardan istifadə etmək hüququna malikdirlər.

2. Dövlət və ya bələdiyyələrin mülkiyyətində olan torpaqların ayrılması müvafiq icra hakimiyyəti orqanının və (və ya) bələdiyyə orqanının razılığına əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Torpaq qanunvericiliyinə zidd olmayan hallarda xüsusi mülkiyyətdə olan torpaqlardan qeyd olunan məqsədlərlə istifadə torpaqların mülkiyyətçisi ilə bağlanmış müqaviləyə əsasən onların satın alınması, icarəyə götürülməsi və ya kompensasiyanın verilməsi yolu ilə həyata keçirilir.

Maddə 46. Torpaq üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması [30]

Hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaqların dövlət ehtiyacları üçün alınmasına Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və şərtlərlə yol verilir. [31]

Maddə 47. Su təchizatı və kanalizasiya müəssisələrinin əmlakı

1. Su kəmərləri və ya kanalizasiya sisteminin tərkib hissəsi olan və su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən alınmış və ya tikilmiş mühəndis-texniki qurğular, su kəmərləri, avadanlıq və digər əmlak ayrıca müqavilədə digər şərtlər nəzərdə tutulmayıbsa, onların əmlakı hesab olunur.

2. Qanunvericiliyə zidd olmayan hallarda su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən və ya onun tapşırığı ilə başqasının mülkiyyətində olan torpaq sahəsində quraşdırılmış qurğu və digər əmlak müəssisənin mülkiyyəti hesab olunur. Qanunvericiliklə müəyyən olunmuş hallarda və qaydada müəssisə ilə torpaq mülkiyyətçisi arasında bağlanmış müqavilədə başqa şərt nəzərdə tutulmadıqda, belə qurğular torpaq mülkiyyətçisinə keçmir və ona onların istismarından əldə olunmuş gəlirdən pay almağa hüquq verilmir.

3. Su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən tikilmiş, alınmış və ya istismar olunan mühəndis-texniki qurğular bu müəssisənin su təchizatı və tullantı sularının axıdılması zonasından kənarda yerləşə bilər.

Maddə 48. Pozuntuların aradan qaldırılmasına dair xəbərdarlıq

1. Su təchizatı və kanalizasiya müəssisəsinin bildiriş vasitəsi ilə obyektin sahibindən aşağıdakıları tələb etmək hüququ var:

a) daxili su təchizatı və kanalizasiya sisteminin ümumi istifadədə olan su təchizatı və kanalizasiya sistemlərinə birləşməsi üçün istifadə edilən avadanlıqların nasazlıqlarını müəyyən müddətlərdə aradan qaldırmaq. Ümumi sistemə bir neçə sahibin daxili sistemlərinin ardıcıl olaraq qoşulduğu halda su təchizatı və kanalizasiya müəssisəsi belə nasazlıqların aradan qaldırılmasını bir neçə sahibdən və ya onların hamısından tələb edə bilər;

b) bu Qanuna müvafiq olaraq xidmətlərin göstərilməsi haqqında bağlanmış müqavilənin şərtlərinin və bu Qanunun müddəalarının yerinə yetirilməsi üçün zəruri olan vəzifələrin vaxtında yerinə yetirilməsini.

2. Bildirişin tələblərinin yerinə yetirilmədiyi hallarda su təchizatı və kanalizasiya müəssisəsi aşağıdakıları edə bilər:

a) bildiriş almış və müvafiq tələblərin yerinə yetirilməsinə cavabdeh sahibin hesabına nasazlıqların aradan qaldırılması üçün zəruri işləri görmək;

b) obyekti ümumi su təchizatı sistemindən ayırmaq və ya xidmətlərin göstərilməsini dayandırmaq və bu Qanunda nəzərdə tutulmuş qaydada görülmüş işlərin dəyərinin ödənməsini obyektin sahibindən tələb etmək;

c) bildirişdə göstərilmiş tələblərin yerinə yetirilməsi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəməyə müraciət etmək.

Maddə 49. Su təchizatı və kanalizasiya müəssisələrinin səlahiyyətli nümayəndələri

1. Su təchizatı və kanalizasiya müəssisələri bu Qanuna uyğun olaraq hüquq və vəzifələrin həyata keçirilməsini həvalə etməklə səlahiyyətli nümayəndələrini təyin edirlər.

2. Səlahiyyətli nümayəndəyə onun fotoşəkli və şəxsi imzası olan müəyyən olunmuş formada vəsiqə verilir.

3. Zəruri hallarda səlahiyyətli nümayəndə və ya ona bu səlahiyyəti verən su təchizatı və kanalizasiya müəssisəsi kömək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada ona lazımi kömək göstərməlidir.

4. Səlahiyyətli nümayəndələr sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. [32]

Maddə 50. Su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edən obyektə buraxılmaq hüququ

1. Qanunvericilikdə müəyyən edilmiş qaydada sahibə əvvəlcədən bildirməklə səlahiyyətli nümayəndə öz vəsiqəsini təqdim edərək, aşağıdakıları həyata keçirmək üçün su təchizatı və tullantı suları axıdılan obyektə buraxılmaq hüququna malikdir:

a) obyekti su təchizatı və (və ya) kanalizasiya sistemlərinə qoşmaq və ya borcların alınması məqsədi ilə onu sistemlərdən ayırmaq;

b) su və ya tullantı sularından nümunə götürmək, analiz aparmaq, baxış və ölçü işləri aparmaq, fotoşəkil çəkmək və məlumat toplamaq;

c) obyekt sahibi və ya su təchizatı (kanalizasiya) xidmətlərini göstərən müəssisələrin işçiləri tərəfindən bu Qanunla müəyyənləşdirilmiş vəzifələrin və müvafiq tələblərin yerinə yetirilməsinə nəzarət etmək;

ç) suölçən cihazı təmir etmək, onu sökmək və ya onun göstəricilərini götürmək;

d) su təchizatı və tullantı sularının axıdılması sahəsinə aid olan qurğulara, cihazlara, mexanizmlərə və qovşaqlara baxış keçirmək;

e) su təchizatı və kanalizasiya müəssisəsinin funksiyaları ilə əlaqədar hər hansı zəruri işləri yerinə yetirmək;

ə) su təchizatının ehtiyacları üçün torpağın əldə olunmasının məqsədyönlüyünü araşdırmaq məqsədi ilə torpaq sahələrinə və onların üzərindəki su mənbələrinə baxmaq;

f) bu Qanunun müddəalarının icrasının və ya işlədiyi su təchizatı və kanalizasiya müəssisəsinin maraqlarının mühafizəsinin təmin olunmasına nəzarət etmək.

2. Aşağıdakı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada su təchizatı və kanalizasiya müəssisələrinin səlahiyyətli nümayəndələri bu maddədə nəzərdə tutulmuş məqsədlər üçün obyektlərə əvvəlcədən bildirmədən daxil ola bilərlər:

a) fövqəladə hadisə zamanı;

b) obyekt sahibi işlərin aparılmasına etiraz etmədikdə;

c) suyun çirklənməsini, ondan qeyri məqsədlər üçün və səmərəsiz istifadəni aradan qaldırmaq və həmçinin bu Qanunun müddəalarının pozulmasının qarşısını almaq üçün.

3. Yaşayış binalarının və mənzillərin sahibləri (icarəçiləri) tərəfindən sudan istifadəyə qoşulmuş məhdudiyyətlərə riayət olunmadığı, sudan səmərəsiz və qeyri-məqsədlər üçün istifadə olunduğu və bu Qanunun müddəalarının pozulduğu haqqında əsaslı məlumatların olduğu hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisələrinin səlahiyyətli nümayəndələrinə yaşayış binalarına saat iyirmi birdən sonra və səhər saat doqquza kimi daxil olmağa icazə verilmir.

Maddə 51. Su təchizatı və kanalizasiya müəssisələrinin işlərin yerinə yetirilməsi üzrə hüquqları

1. Su təchizatı və kanalizasiya müəssisələrinin işlərin yerinə yetirilməsi üzrə aşağıdakı hüquqları vardır:

a) torpaq işlərini yerinə yetirmək;

b) özünün funksiyalarının icrası üçün zəruri olan texniki qurğuları qurmaq, istifadə və istismar etmək, quyular qazmaq;

c) torpaqdan, tullantılardan və tullantı sularından zəruri nümunələr götürmək;

ç) su təchizatı-kanalizasiya qurğularını tikmək, onları istismar və ya idarə etmək və bu Qanuna uyğun olaraq öz səlahiyyəti daxilində digər müvafiq fəaliyyəti həyata keçirmək.

Maddə 52. Dövlət torpaqlarında və yollarda işlərin yerinə yetirilməsi

1. Su təchizatı və kanalizasiya müəssisələri müvafiq normativ hüquqi aktların tələblərinə uyğun olaraq dövlət torpaqlarında və yollarda zəruri işlərin görülməsi üçün tədbirlər həyata keçirirlər.

2. Su təchizatı və kanalizasiya müəssisələri:

a) işləri görərkən və onları başa çatdırdıqdan sonra vətəndaşlar və dövlət torpaqlarının və yolların digər istifadəçiləri üçün təhlükənin aradan qaldırılması məqsədi ilə bütün zəruri tədbirləri həyata keçirməyə;

b) tikinti zibilini daşımağa;

c) iş aparılan yeri işlər başlanandan əvvəlki vəziyyətinə qaytarmağa;

ç) yol örtüklərinin bərpası ilə əlaqədar müvafiq orqanların, yol xidmətinin və vətəndaşların xərclərini ödəməyə;

d) işləri ən qısa müddətlərdə və maksimum səmərəliliklə görməyə borcludurlar.

3. Su təchizatı və kanalizasiya müəssisələri, başqalarına məxsus su kəmərləri, drenaj sistemləri və digər əmlakla əlaqədar, bu maddədə nəzərdə tutulan tədbirləri həyata keçirdikləri hallarda öz xərclərini qeyd olunan əmlak sahibinin hesabına ödətdirmək hüququna malikdirlər.

Maddə 53. Görülən işlər barədə bildiriş

İstehlakçıların mənafelərinə toxunan işlərin görüldüyü hallarda su təchizatı və kanalizasiya müəssisələri onları aşağıdakı müddətlərdə xəbərdar etməlidirlər:

a) adi hallarda - işləri başlamazdan əvvəl 7 gündən gec olmayaraq;

b) fövqəladə vəziyyətdə - işləri başlamazdan əvvəl imkan daxilində tez, bu mümkün olmadıqda işləri başlayandan dərhal sonra.

Maddə 54. Boru kəmərlərinin yerlərinin dəyişdirilməsi üzrə vəzifələr

1. Qanunvericiliyə zidd olmayan hallarda mülkiyyətində (istifadəsində, icarəsində) torpaq sahəsi olan hüquqi və ya fiziki şəxs, boru kəmərlərinin və ya qurğuların yerləşdiyi ərazidə müəyyən işlərin (o cümlədən tikinti) görülməsinin planlaşdırılması ilə əlaqədar su təchizatı və kanalizasiya müəssisəsindən bu torpaq sahəsində yerləşən və bu müəssisənin mülkiyyətində olan və ya onun xidmət göstərdiyi boru kəmərlərinin (kollektor, kanal), yaxud digər qurğuların yerinin dəyişdirməsini tələb edə bilərlər. Bu zaman boru kəmərlərinin və digər qurğuların yerinin dəyişdirilməsi üzrə xərclər və su təchizatı müəssisəsinə su təchizatında baş verən fasilələrə görə dəyən ziyan belə tələbi qoyan şəxslərin hesabına ödənilir.

2. Belə tələblər alındıqdan sonra su təchizatı və kanalizasiya müəssisələri yerinə yetirilməsi mümkün olmayan və ya səmərəsiz olanlar istisna olunmaqla, yerdə qalan bütün tələbləri yerinə yetirməlidir.

3. Əgər bu, mütləq zəruriyyətdən irəli gəlirsə, su təchizatı və kanalizasiya müəssisəsi yol xidməti və ya digər kommunal xidmətləri (elektrik təchizatı, qaz, istilik təchizatı, telefon rabitəsi) müəssisələrinin tələbi ilə öz qurğularını köçürməli və ya götürməlidir. Bu zaman qurğu və avadanlıqların köçürülməsi üzrə bütün işlər belə tələbi qoyan müəssisələrin hesabına aparılır.

4. Su təchizatı və kanalizasiya müəssisəsi qurğuların köçürülməsi tələbini qoyan hüquqi və fiziki şəxslərdən qanunvericilikdə müəyyən edilmiş qaydada pul və ya digər şəkildə girov təminatını verməyi tələb edə bilər. Təminatın miqdarı planlaşdırılan işlərin dəyərindən asılıdır.

Maddə 55. Su təchizatı (kanalizasiya) müəssisələrinin əlavə xidmətləri sahəsində hüquqları

Su təchizatı və kanalizasiya müəssisələri hər hansı istehlakçının xahişi ilə onların hesabına və ya öz təşəbbüsü ilə (özünün hesabına), öz səlahiyyətləri çərçivəsində aşağıdakıları edə bilər:

a) hər hansı avadanlığı modernləşdirmək və ya təmir etmək;

b) hər hansı tədqiqatı və ya baxışı keçirmək;

c) öz səlahiyyətlərinə aid olan hər hansı digər işləri görmək.

Maddə 56. Layihələndirmə və tikinti işlərinin razılaşdırılması

1. Su təchizatı və kanalizasiya obyektlərinin layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) aparılır və həmin obyektlərin layihələndirilməsi və tikintisi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla həyata keçirilir. [33]

Müvafiq icra hakimiyyəti orqanı layihələndirmə və tikinti haqqında müvafiq müraciətlərə baxır və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsi ilə müəyyən edilmiş qaydada qəbul edilmiş qərar barədə məlumat verir. [34]

2. İstehlakçıların birbaşa və dolayısı ilə su təchizatına, tullantı sularının axıdılmasına, subasmanın qarşısının alınmasına təsir göstərən tikinti və təsərrüfat fəaliyyəti qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq su təchizatı və kanalizasiya müəssisələri, bələdiyyələrlə razılaşdırılmaqla həyata keçirilir.

Maddə 57. Tikinti norma və qaydalarına riayət edilməsi

1. Su təchizatı və kanalizasiya müəssisələri, həmçinin ayrıca su təchizatı və kanalizasiya sistemlərinin (obyektlərin) sahibləri tikinti və memarlıq sahəsində dövlət standartlarına və normalarına riayət etməlidirlər.

2. Həmin norma və standartlara riayət edilməklə aparılan işlər:

a) müvafiq ixtisaslı və işlərin aparılmasına icazəsi olan mütəxəssislər tərəfindən və ya onların başçılığı altında yerinə yetirilməlidir;

b) su təchizatı və kanalizasiya müəssisələrini məlumatlandırmaqla işlərin yerinə yetirilməsinə onlardan razılıq alındıqdan sonra başlanılmalıdır;

c) su təchizatı və kanalizasiya müəssisəsinin səlahiyyətli nümayəndəsinin göstərişlərinə müvafiq onun iştirakı ilə və nəzarəti altında aparılmalıdır;

ç) su təchizatı və kanalizasiya müəssisəsinin səlahiyyətli nümayəndəsi tərəfindən qəbul edilməlidir.

VI fəsil
İqtİsadİ tənzİmləmə və malİyyə məsələlərİ

Maddə 58. Suyun götürülməsi və tullantı sularının axıdılmasına görə ödənişlər

Ödənişlər aşağıdakılara görə müəyyənləşdirilir:

a) bu Qanuna müvafiq olaraq verilmiş icazəyə əsasən suyun götürülməsinə görə;

b) bu Qanuna müvafiq olaraq verilmiş icazəyə əsasən tullantı sularının və tullantıların atılmasına görə.

Ödənişlərin miqdarı, onların hesablanması və ödənilməsi qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilir.

Maddə 59. Su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrlə bağlı hüquqları

1. Müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş şərtlərlə və qaydada su təchizatı və kanalizasiya müəssisələri aşağıdakı hüquqlara malikdir:

a) bu Qanuna müvafiq olaraq onların fəaliyyəti prosesində bağlanılan müqavilədə göstərdikləri hər hansı xidmət növü üçün ödəmələrin və əvvəlcədən ödəmənin (avans) miqdarının müəyyənləşdirilməsinə dair təkliflər vermək;

b) su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu Qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək;

c) qeyd olunan ödənişlərin müəyyənləşdirilmiş müddətlərdə verilməməsinə, həmçinin vəzifələrin hər hansı formada yerinə yetirilməməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əlavə yığımlar və ya gecikdirilmiş borclar üzrə faizlər şəklində cərimə məbləğləri almaq;

ç) su təchizatı və tullantı sularının axıdılması obyektlərinin ilkin və ya təkrar qoşulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməni müəyyənləşdirmək, tələb etmək və almaq.

2. Kanalizasiya müəssisələri göstərdiyi xidmətlərin müvafiq qaydada ödənilməsi şərti ilə leysan axarları vasitəsi ilə suların axıdılması üçün yol xidməti (müəssisələri) ilə müqavilə bağlaya bilərlər.

3. Su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği aşağıdakılara əsasən hesablanır:

a) suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna;

b) müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara.

Maddə 60. Su təchizatı və kanalizasiya xidmətlərinə görə ödəmələr

1. Su təchizatı və kanalizasiya müəssisələri istehlakçıların bütün kateqoriyaları üçün göstərdiyi xidmətlərə görə ödəmələrin aşağıdakı növlərini, müddətlərini və məbləğini müqavilədə təklif edə bilərlər:

a) mövcud qaydalara uyğun suölçən cihazların göstәricilәrinә və ya hesabat göstəricilərinə əsasən götürülmüş suyun və axıdılmış tullantı sularının miqdarına görə ödəmə;

b) su təchizatı və kanalizasiya sistemlərinə qoşulmağa görə ödəmə;

c) su təchizatı və kanalizasiya sistemlərinə qoşulmağa görə birdəfəlik ödəmə;

ç) su təchizatı və kanalizasiya müəssisələri tərəfindən texniki vasitələrin, o cümlədən suölçən cihazların quraşdırılmasına görə əvvəlcədən (avans) ödəmə (fiziki şəxs olan istehlakçılar istisna olmaqla). [35]

2. Suyun keyfiyyətindən, tullantı sularının və tullantıların xüsusiyyətlərindən, xidmətin göstərilməsinin yerindən və mövsümündən, su təchizatının 24 saat ərzində və ya rejimli (fasilələrlə) olmasından asılı olaraq, su təchizatı və kanalizasiya müəssisələri bu maddənin 1-ci bəndində göstərilən müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş ödəmələrə (tariflərə) artırılma və ya azaldılma əmsalları tətbiq edə bilərlər.

3. Su təchizatı və kanalizasiya müəssisələri, zərurət olduqda hər hansı istehlakçıya əlavə xidmət göstərmək üçün onunla əlavə müqavilə bağlamaqla, əlavə ödəmələrin verilməsini təklif edə bilərlər.

4. Həmin müqavilə, ilkin və təkrar qoşulma da daxil olmaqla, istehlakçı tərəfindən xidmətlərin ödənilməsi üzrə öhdəlikləri nəzərdə tuta və xidmət göstərilməsi prosesində ortaya çıxan su təchizatı və kanalizasiya müəssisələri ilə istehlakçı arasında münasibətləri tənzimləyə bilər.

5. Müqaviləyə görə istehlakçı su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən materialların alınması və işlərin görülməsi də daxil olmaqla, ilkin qoşulmağa çəkdiyi faktiki xərclərə əsasən təqdim olunmuş hesabı ödəyir.

6. Qanunvericiliklə müəyyən edilmiş qaydada su təchizatı və kanalizasiya müəssisəsi vaxtı keçmiş ödənişlərin məbləğini istehlakçının akkreditiv hesabından silmək hüququna malikdir. Akkreditiv hesabın məbləği borcların ödənilməsinə kifayət deyildirsə, su təchizatı və kanalizasiya müəssisəsi borcların ödənilməməsi məsələsini məhkəmə qaydasında həll edə bilər. Bu qayda ödənişin hesabın ödənilmək üçün təqdim edildiyi gündən otuz gün keçdikdən sonra tətbiq olunur.

7. Akkreditivin məbləği göstərilmiş xidmətlərə görə borclar həcmində azalarsa, onda istehlakçı su təchizatı və kanalizasiya müəssisəsinin tələbinə əsasən akkreditivin depozit məbləğini nəzərdə tutulmuş səviyyəyə qədər çatdırmalıdır.

8. Akkreditivin məbləği bu Qanunla nəzərdə tutulmuş aylıq xidmətlərə görə bütün ödənişlərin cəminin iki misli səviyyəsində müəyyənləşdirilir. Orta aylıq ödənişlərin hesabatı, bu istehlakçının daxil olduğu kateqoriyanın istifadə normalarını da nəzərə almaqla, əvvəlki altı ayın istehlakının orta qiymətinə və ya suölçən cihazın göstəricilərinə əsasən aparılır.

Akkreditivin məbləği su təchizatı və kanalizasiya müəssisəsinin razılığına əsasən hissə-hissə keçirilə bilər.

9. Su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə akkreditiv hesablaşmalar üzrə bu Qanunda öz əksini tapmayan məsələlər mövcud qanunvericiliklə müəyyənləşdirilir.

Maddə 61. Xidmət haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri

1. Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.

2. Su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, obyektdən istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən obyektdən istifadə dayandırıldıqdan sonra da alına bilər.

Maddə 62. Xidmətlərə görə borcların alınması

Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. [36]

Maddə 63. Yanğın əleyhinə məqsədlər üçün istifadə olunmuş suya görə ödənişdən azad edilmə

1. Su təchizatı və kanalizasiya müəssisələri aşağıdakı məqsədlər üçün su təchizatı və tullantı sularının axıdılması üzrə xidmətlərinə və işlədilmiş suyun miqdarına görə haqq almırlar:

a) yanğının söndürülməsinə və ya fövqəladə vəziyyətlər zamanı yanğınsöndürmə xidmətlərinin ehtiyaclarını ödəməyə xidmət etdikdə;

b) yuxarıdakı məqsədlər üçün su ehtiyatları yaradıldıqda.

2. Bu maddənin 1-ci bəndində nəzərdə tutulan hallarda su təchizatı və kanalizasiya müəssisələrinin xərcləri müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət büdcəsi hesabına ödənilir.

Maddə 64. Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatların ödəmələr üzrə vəzifələri

1. Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlar (büdcə müəssisələri) bu Qanunda nəzərdə tutulmuş qaydada su təchizatı və kanalizasiya müəssisəsinin onlara göstərdikləri bütün xidmətlərin dəyərini ödəməlidirlər.

2. Büdcə müəssisələri nəzərdə tutulmuş müddətdə ödənişləri köçürmədikdə su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə müəyyən olunmuş qaydada büdcəyə maliyyə öhdəliklərini büdcə müəssisəsi ilə qarşılıqlı razılaşma əsasında əvəz edə bilər.

VII fəsil
Su TӘCHİZATI və TULLANTI SULARININ AXIDILMASI sahəsİndə qanunverİcİlİyİn POZULMASINA görə məsulİyyət

Maddə 65. Hüquqi məsuliyyətə səbəb olan ümumi hallar

1. Hüquqi və fiziki şəxslər qanunvericiliyə müvafiq olaraq aşağıdakılara görə məsuliyyət daşıyırlar:

a) sudan səmərəsiz, israfçılıqla istifadə etdikdə və ya öz hərəkətləri ilə buna başqaları üçün imkan yaratdıqda;

b) sudan, ondan istifadəyə verilmiş icazədə və ya su təchizatı müəssisəsi tərəfindən nəzərdə tutulmuş məqsədlərdən fərqli məqsədlər üçün istifadə etdikdə;

c) suyun götürülməsi və təmizlənməsi üzrə hər hansı işlərin yerinə yetirilməsinə mane olduqda;

ç) su təchizatı və kanalizasiya müəssisələrinin səlahiyyətli nümayəndələrinin bu Qanun çərçivəsində öz vəzifələrini yerinə yetirməsinə mane olduqda.

2. Bu maddədə nəzərdə tutulan hallarda maddi zərər vurmuş şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada zərəri ödəməlidirlər.

Maddə 66. Üçüncü şəxslərə suyun qanunsuz verilməsi

Sudan istifadənin aşağıdakı halları istisna olmaqla, istehlakçı tərəfindən su təchizatı müəssisəsinin qanuni istehlakçısı olmayan üçüncü şəxsi su ilə təmin etməsi və ya sudan istifadəyə icazə verməsi qadağan edilir:

a) su kəmərləri şəbəkəsinə qoşulmuş obyektdə suyun istifadəsi;

b) yanğının söndürülməsi üçün suyun istifadəsi;

c) su təchizatı müəssisəsi ilə müqaviləyə əsasən suyun istifadəsi.

Maddə 67. Qanunsuz qoşulma

1. Bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır.

2. Küçələrdə quraşdırılmış supaylayıcı kranlarından suyu ancaq məişət (təsərrüfat) - içməli məqsədlər və ya su təchizatı müəssisəsi tərəfindən müəyyənləşdirilmiş digər məqsədlər üçün götürməyə icazə verilir.

Maddə 68. Avadanlığın zədələnməsi

1. Bu Qanuna və müvafiq qanunvericiliyə zidd olmayan hallar istisna olmaqla, su təchizatı və kanalizasiya sisteminin texniki qurğularının müəyyənləşdirilmiş ərazilərində, su təchizatı və kanalizasiya müəssisələrinin razılığı olmadan hər hansı işlərin görülməsi qadağandır.

2. Su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının zədələnməsi (qəsdən və ya ehtiyatsızlıq üzündən) və ya sıradan çıxarılması qanunvericiliyə müvafiq olaraq məsuliyyətə cəlb edilməyə səbəbdir.

3. Su təchizatı və kanalizasiya sistemlərinin hər hansı texniki qurğusuna dəyişdirici, zədələyici və ya dağıdıcı təsir göstərə biləcək və onun sanitariya mühafizə zonasında yerləşən hər hansı tikili və avadanlıq, əks halların lehinə sübutlar yoxdursa, bu tikili və avadanlığa görə texniki qurğunun korlanmasına sübut kimi qəbul edilə, bundan irəli gələn və qanunvericiliklə nəzərdə tutulmuş prosessual nəticələrin əmələ gəlməsinə səbəb ola bilər.

4. Aşağıdakı hallara yol vermək qadağan olunur:

a) sanitariya mühafizəsi zonasında su kəmərləri və kanalizasiya borularının və yeraltı texniki qurğuların mühafizə hasarlarının dağıdılması;

b) yeraltı texniki qurğuların, su kəmərləri və kanalizasiya borularının, kommunikasiyaların qəsdən və ya ehtiyatsızlıq üzündən sıradan çıxarılması, onların açılması, zədələnməsi və ya digər formada onlara təsir edilməsi;

c) texniki su kəmərinin içməli su kəmərinə qoşulması;

ç) suölçən cihazların göstəricilərinin dəyişdirilməsi;

d) suölçən cihazların normal fəaliyyətinə təsir göstərən və onların çıxarılmasını tələb edən işlərin və fəaliyyətin həyata keçirilməsi.

Maddə 69. Suların qeyri məqsədlər üçün istifadəsi, israfçılıqla işlədilməsi və çirkləndirilməsi

Fiziki və hüquqi şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada aşağıdakı hallarda müvafiq məsuliyyət daşıyır:

a) şəxsin təqsiri üzündən su itkisi baş verdikdə, sudan qeyri məqsədlər üçün istifadə olunduqda;

b) şəxsin götürdüyü suyun həcmi icazə veriləndən artıq olduqda;

c) qəsdən və ya ehtiyatsızlıq üzündən fəaliyyəti nəticəsində içməli su mənbəyi çirkləndirildikdə və ya onun çirklənmə təhlükəsi yarandıqda;

ç) təqsiri üzündən şəxsin tabeliyində olan su kəmərləri şəbəkəsi sıradan çıxdıqda və nəticədə su kəmərləri magistralındakı və ya ona qoşulmuş borulardakı su çirklənməyə məruz qaldıqda və ya çirklənmə təhlükəsi altında olduqda.

Maddə 70. Su kəmərləri və kanalizasiya sistemlərinə təsir göstərən qurğuların tikintisi

Su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan aşağıdakılar qadağan edilir:

a) su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərini yerinə yetirmək;

b) su kəmərləri və kanalizasiya texniki qurğularının hər hansı torpaq, daş və digər mühafizə örtüklərini, hasar və dayaqlarını dağıtmaq və ya çıxarmaq.

Maddə 71. Ağacların və kənd təsərrüfatı bitkilərinin əkilməsi

1. Su təchizatı və kanalizasiya müəssisələrinin tabeliyində olan texniki qurğuların boru və ya kanalizasiya kollektorlarının, mərkəzi su kəmərləri və kanalizasiya magistrallarının hər iki tərəfində beş metrə qədər məsafədə ağacların, kolların və kənd təsərrüfatı bitkilərinin (bundan sonra əkmələr) əkilməsi qadağan olunur.

2. Əkmələr su kəməri magistralına, kanalizasiya kollektoruna və ya digər texniki qurğuya yaxınlaşmağa mane olduqda və ya onların zədələnməsinə səbəb olduqda su təchizatı və kanalizasiya müəssisəsi əkmələr olan torpaq sahəsinin mülkiyyətçisinə (istifadəçisinə, icarəçisinə) aşağıdakı tələbləri irəli sürə bilər:

a) əkmələrin çıxarılması;

b) qurğuların zədələnməsi ilə əlaqədar zərərin ödənilməsi;

c) tələbdə göstərilən müddətdə zədələnmiş obyektin öz hesabına bərpası.

3. Torpaq mülkiyyətçisi (istifadəçisi, icarəçisi) tələbdə göstərilənləri yerinə yetirmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi onun hesabına zəruri işləri görmək hüququna malikdir.

Maddə 72. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar.

Su təchizatı və kanalizasiya müəssisələri bu Qanunun tələblərini pozduqlarına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

 

Azərbaycan Respublikasının Prezidenti  Heydər Əlİyev

Bakı şəhəri, 28 oktyabr 1999-cu il

                  № 723-IQ

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       17 aprel 2007-ci il tarixli 314-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 436)

2.       1 aprel 2008-ci il tarixli 588-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №5, maddə 348)

3.       30 sentyabr 2009-cu il tarixli 881-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 noyabr 2009-cu il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 768)

4.       2 aprel 2010-cu il tarixli 980-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 may 2010-cu il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 374)

5.       18 mart 2011-ci il tarixli 90-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 263)

6.       20 aprel 2012-ci il tarixli 339-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyun 2012-ci il, № 122, “Azərbaycan” qəzeti 6 iyun 2012-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 6, maddə 505)

7.       30 may 2014-cü il tarixli 970-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 617)

8.       28 oktyabr 2016-cı il tarixli 374-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2016-cı il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 1992)

9.       3 aprel 2018-ci il tarixli 1063-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 mart 2018-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 854)

10.    3 may 2019-cu il tarixli 1580-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun 2019-cu il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 989)

11.    2 aprel 2021-ci il tarixli 288-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 may 2021-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 429)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 30 sentyabr 2009-cu il tarixli 881-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 noyabr 2009-cu il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 768) ilə 19-cu maddənin 2-ci bəndindən “və ya məhdudlaşdırılması” sözləri, 26-cı maddənin adından “məhdudlaşdırılması və” sözləri və 2-ci bəndindən “və ya məhdudlaşdırdıqda” sözləri, “, məhdudlaşdırılması” sözü, 27-ci maddənin adından “məhdudlaşdırılması və” sözləri, 28-ci maddənin 1-ci bəndindən “, məhdudlaşdırır və ya tənzimləyir” sözləri, 2-ci bəndinin “b” yarımbəndindən “, tənzimlənməsi və ya məhdudlaşdırılması” sözləri, 29-cu maddənin 1-ci bəndindən “və ya ondan istifadəni məhdudlaşdıra” sözləri, 2-ci bəndindən “məhdudlaşdırılması və ya” sözləri, 3-cü və 4-cü bəndlərindən “və ya məhdudlaşdırılması” sözləri çıxarılmışdır.

 

[2] 30 may 2014-cü il tarixli 970-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 617) ilə 1-ci maddənin on ikinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda on üçüncü abzas əlavə edilmişdir.

 

[3] 30 may 2014-cü il tarixli 970-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 617) ilə 2-ci maddədə “əhalinin, müəssisə, idarə və təşkilatların” sözləri “istehlakçıların” sözü ilə əvəz edilmişdir.

 

[4] 30 sentyabr 2009-cu il tarixli 881-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 noyabr 2009-cu il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 768) ilə 5-ci maddəyə 3-cü bənd əlavə edilmişdir.

 

[5] 3 may 2019-cu il tarixli 1580-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun 2019-cu il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 989) ilə 7-ci maddəyə yeni məzmunda 5-ci hissə əlavə edilmişdir.

 

[6] 30 may 2014-cü il tarixli 970-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 617) ilə 12-ci maddənin “a” yarımbəndində “lazımi miqdarda” sözləri çıxarılmışdır, “məqsədlər üçün” sözlərindən sonra “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən miqdarda” sözləri əlavə edilmişdir.

 

[7] 2 aprel 2021-ci il tarixli 288-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 may 2021-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 429) ilə 12-ci maddəyə yeni məzmunda ikinci hissə əlavə edilmişdir.

 

[8] 18 mart 2011-ci il tarixli 90-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 263) ilə 13-cü maddənin 2-ci bəndi çıxarılmışdır.

 

[9] 30 may 2014-cü il tarixli 970-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 617) ilə 20-ci maddənin 1-ci hissəsində “lazımi” sözü “bu Qanunun 12-ci maddəsinin “a” yarımbəndinə uyğun olaraq müəyyən edilən” sözləri ilə əvəz edilmişdir.

 

[10] 18 mart 2011-ci il tarixli 90-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 263) ilə 23-cü maddənin 1-ci bəndin “b” yarımbəndi aşağıdakı redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

b) qoşulma istehlakçının hesabına aparılsın.

 

[11] 30 may 2014-cü il tarixli 970-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 617) ilə 23-cü maddənin 2-ci hissənin “a” yarımbəndinə “məlumatların” sözündən sonra “, habelə su təsərrüfatı pasportunun” sözləri əlavə  edilmişdir.

 

[12] 18 mart 2011-ci il tarixli 90-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 263) ilə 23-cü maddənin 2-ci bəndin “b” yarımbəndi çıxarılmışdır.

 

[13] 2 aprel 2010-cu il tarixli 980-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 may 2010-cu il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 374) ilə 23-cü maddəsinə 4-cü bənd əlavə edilmişdir.

 

[14] 18 mart 2011-ci il tarixli 90-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 263) ilə 23-cü maddəyə yeni məzmunda 5-ci bənd əlavə edilmişdir.

 

30 may 2014-cü il tarixli 970-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 617) ilə 23-cü maddənin 5-ci hissəyə “verilməsi” sözündən sonra “, habelə su təsərrüfatı pasportunun nümunəsi, tərtibi və razılaşdırılması” sözləri əlavə edilmişdir.

 

[15] 30 may 2014-cü il tarixli 970-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 617) ilə 24-cü maddənin 1-ci hissəsinin “c” yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda “d” yarımbəndi əlavə edilmişdir.

 

[16] 30 sentyabr 2009-cu il tarixli 881-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 noyabr 2009-cu il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 768) ilə 26-cı maddə üzrə 1-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1. Su təchizatı müəssisələri aşağıdakı hallarda bu Qanunla və digər normativ hüquqi aktlarla nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməmək və ya su təchizatını məhdudlaşdırmaq hüququna malikdirlər:

a) məişət (təsərrüfat)-içməli su ehtiyacları üçün nəzərdə tutulmuş magistral su kəmərlərindəki sudan digər məqsədlərlə istifadə olunduqda;

b) su təchizatının məhdudlaşdırılmasını və ya kəsilməsini tələb edən tikinti, təmir-profilaktika və qəza işlərinin görülməsinə və su tutumlarının təmizlənməsinə ehtiyac yarandıqda;

c) su götürülən yerlərdə səth sularının bulanıqlıq dərəcəsi artdıqda və ya su hövzəsində fövqəladə ekoloji böhran vəziyyəti yarandıqda;

ç) su təchizatı müəssisəsinin xidmət haqqı istehlakçı tərəfindən ödənilmədikdə. Suyun kəsilməsi ilə əlaqədar xərclər də daxil olmaqla bütün borcların istehlakçı tərəfindən ödənilməsindən sonra su təchizatı bərpa oluna bilər;

d)obyektdə paylayıcı su kəmərləri şəbəkəsi, su tutarları (su anbarları), qoşulmalar, siyirtmələr, kranlar yararsız vəziyyətdə olduqda və ya müvafiq dövlət standartlarının tələblərinə cavab vermədikdə;

e) obyektdə suyun itkisi və çirklənməsinə qarşı zəruri tədbirlər həyata keçirilmədikdə və su təchizatı müəssisəsinin qanuni tələbləri istehlakçı tərəfindən yerinə yetirilmədikdə;

ə) istehlakçı bu Qanunun sudan səmərəli istifadə və onun çirklənmədən mühafizəsi haqqında müddəalarını pozduqda;

f) qoşulma qanunsuz olduqda;

g) istehlakçı səlahiyyətli şəxsin bu Qanunun tələblərinin pozulmasının qarşısını almaq və dayandırmaqla əlaqədar vəzifələrinin həyata keçirilməsinə mane olduqda;

ğ) istehlakçı bu Qanunda nəzərdə tutulan digər tələbləri yerinə yetirmədikdə;

h) istehlakçının yazılı xahişi olduqda.

 

[17] 28 oktyabr 2016-cı il tarixli 374-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2016-cı il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 1992) ilə 26-cı maddənin 1-ci hissənin doqquzuncu abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda onuncu abzas əlavə edilmişdir.

 

[18] 30 sentyabr 2009-cu il tarixli 881-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 noyabr 2009-cu il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 768) ilə 26-cı maddə üzrə 2-ci bənddə “a”, “ç” və “f” yarımbəndlərinə” sözləri “altıncı və yeddinci abzaslarına” sözləri ilə əvəz edilmişdir.

 

[19] 28 oktyabr 2016-cı il tarixli 374-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2016-cı il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 1992) ilə 26-cı maddənin 3-cü hissədə “dayandırılması” sözündən sonra “(dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla)” sözləri əlavə edilmişdir.

 

[20] 30 sentyabr 2009-cu il tarixli 881-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 noyabr 2009-cu il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 768) ilə 26-cı maddə üzrə 3-cü və 4-cü bəndlər yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3. Su təchizatı müəssisəsinin hər hansı obyektin su təchizatını dayandırmaq hüquqları bu və ya digər obyektlər istehlakçıya məxsus olduqda və bir paylayıcı boru vasitəsi ilə təmin olunduqda, digər obyektlərə də tətbiq oluna bilər.

4.Bu maddənin tələbləri obyektdə (bir binada, evdə) olan bir və ya bir neçə istehlakçı tərəfindən yerinə yetirilmədikdə, su təchizatı müəssisəsi həmin obyektin su təchizatını dayandıra bilər. Bu halda obyektin istismarına cavabdeh olan təşkilat suyun dayandırılması haqqında normativ hüquqi aktlarla digər şərtlər qoyulmadıqda, suyun kəsilməsinə səbəb olan istehlakçıdan, çəkə biləcəyi əlavə xərclər də daxil olmaqla, suyun kəsilməsi və onun təkrar verilməsi ilə əlaqədar su təchizatı müəssisəsinin çəkdiyi bütün xərcləri tələb edə bilər.

 

[21] 28 oktyabr 2016-cı il tarixli 374-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2016-cı il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 1992) ilə 27-ci maddənin 2-ci hissəsinin ikinci abzasında “Fövqəladə” sözündən sonra “və dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparıldığı” sözləri əlavə edilmişdir.

 

[22] 30 sentyabr 2009-cu il tarixli 881-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 noyabr 2009-cu il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 768) ilə 27-ci maddənin 2-ci bəndinin ikinci abzasında və 28-ci maddənin adında “məhdudlaşdırılması” sözü “dayandırılması” sözü ilə əvəz edilmişdir.

 

[23] 30 sentyabr 2009-cu il tarixli 881-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 noyabr 2009-cu il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 768) ilə 30-cu maddənin birinci bəndinə ikinci və üçüncü cümlələr əlavə edilmişdir.

 

[24] 18 mart 2011-ci il tarixli 90-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 263) ilə 31-ci maddənin 1-ci bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1. Suölçən cihazlar su təchizatı müəssisəsinin bu Qanuna uyğun tələblərinə və yaxud istehlakçının müraciətinə əsasən istehlakçının hesabına quraşdırılır.

 

[25] 18 mart 2011-ci il tarixli 90-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 263) ilə 31-ci maddənin 2-ci bənd çıxarılmışdır.

 

[26] 2 aprel 2021-ci il tarixli 288-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 may 2021-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 429) ilə 34-cü maddəyə yeni məzmunda 3-cü hissə əlavə edilmişdir.

 

[27] 30 may 2014-cü il tarixli 970-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 617) ilə 37-ci maddənin 1-ci hissəsinin “a” yarımbəndinə “müraciət etməli” sözlərindən sonra “, habelə su təsərrüfatı pasportunu tərtib və təqdim etməli” sözləri əlavə edilmişdir.

 

[28] 30 may 2014-cü il tarixli 970-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 617) ilə 38-ci maddənin 1-ci hissəsinin “a” yarımbəndinin birinci cümləsinə “(layihəsini)” sözündən sonra “və su təsərrüfatı pasportunu” sözləri, üçüncü cümləsində “təsdiqlənmiş plana” sözlərindən sonra “və razılaşdırılmış su təsərrüfatı pasportuna” sözləri əlavə edilmişdir.

 

[29] 3 may 2019-cu il tarixli 1580-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun 2019-cu il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 989) ilə 44-cü maddənin ikinci hissəsi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Kanalizasiya müəssisəsi ümumi istifadədə olan kanalizasiya sisteminə obyektdən axıdılan tullantı sularının tərkibinə nəzarət etmək məqsədi ilə bu obyektlərdə müntəzəm olaraq müşahidə aparır.

 

[30] 17 aprel 2007-ci il tarixli 314-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 436) ilə 46-cı maddəsinin mətni yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Torpaq qanunvericiliyinə zidd olmayan hallarda torpaq mülkiyyətçisi ilə razılığa gəlmək mümkün olmadıqda, dövlət və ictimai mənafelərin təmin olunması, təbii fəlakətlərin nəticələrini və ya təhlükəsini aradan qaldırmaq məqsədi ilə torpaq sahəsi onun mülkiyyətçisindən qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətinə məcburi satın alına bilər. Bu halda itirilmiş faydanı da nəzərə almaq şərti ilə torpağın əvvəlki mülkiyyətçisinə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya ödənilir və ya onun arzusu ilə ona digər torpaq sahəsi verilir.

 

[31] 1 aprel 2008-ci il tarixli 588-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №5, maddə 348) ilə 46-cı maddəsindən "və ya ictimai ehtiyaclar" sözləri çıxarılsın.

20 aprel 2012-ci il tarixli 339-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyun 2012-ci il, № 122, “Azərbaycan” qəzeti 6 iyun 2012-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 6, maddə 505) ilə 46-cı maddəsinin mətni yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaqların dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün özgəninkiləşdirilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və şərtlərlə yol verilir.

 

[32] 2 aprel 2021-ci il tarixli 288-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 may 2021-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 429) ilə 49-cu maddəyə yeni məzmunda 4-cü hissə əlavə edilmişdir.

 

[33] 3 may 2019-cu il tarixli 1580-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun 2019-cu il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 989) ilə 56-cı maddənin 1-ci hissəsində “layihələndirilməsi” sözündən əvvəl “layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) aparılır və həmin obyektlərin” sözləri əlavə edilmişdir.

 

[34] 3 aprel 2018-ci il tarixli 1063-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 mart 2018-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 854) ilə 56-cı maddənin 1-ci hissəsinin ikinci abzasında “müraciəti alan gündən bir ay müddətində” sözləri “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsi ilə müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilmişdir.

 

[35] 18 mart 2011-ci il tarixli 90-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 263) ilə 60-cı maddənin 1-ci bəndinin ç) yarımbəndində “ödəmə” sözündən sonra “(fiziki şəxs olan istehlakçılar istisna olmaqla)” sözləri əlavə edilmişdir.

 

[36] 30 sentyabr 2009-cu il tarixli 881-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 noyabr 2009-cu il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 768) ilə 62-ci maddənin birinci cümləsində “30 gün müddətində ödənilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin azı üç gün əvvəlcədən borcluya xəbərdarlıq etmək şərti ilə onun obyektini su təchizatı sistemindən ayırmaq hüququ vardır” sözləri “bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status