AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
16.09.1992
QEYDİYYAT NÖMRƏSİ
212
ADI
Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 30-09-1992, Nəşr nömrəsi: 18, Maddə nömrəsi: 830)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında

Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasının ərazisində milli azlıq, azsaylı xalq və etnik qrupların yaşadığını və onların sərbəst inkişafı üçün əlverişli şərait yaratmaq ehtiyacını nəzərə alaraq,

respublikada millətlərarası münasibətləri daha da təkmilləşdirmək və qurulmaqda olan hüquqi dövlət tələbləri səviyyəsinə qaldırmaq məqsədini açıqlayaraq,

Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının 19-cu maddəsini əsas götürərək,

ölkəmizdə milliyyətindən, irqindən və dinindən asılı olmayaraq şəxsiyyət azadlığını və bütün vətəndaşların hüquq bərabərliyinin dönmədən həyata keçirilməsi zəruriyyətini nəzərdə tutaraq qərara alıram:

1.   Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının nazirliklərinə və baş idarələrinə, yerli icra hakimiyyəti başçılarına tapşırılsın:

Azərbaycan Respublikasının ərazisində yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların nümayəndələrinin Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilən siyasi, iqtisadi, sosial, mədəni hüquqlarını və azadlıqlarını qorumaq, onların həyata keçirilməsinə yaxından kömək göstərmək məqsədi ilə nazirlik və idarələrin fəaliyyət çərçivəsində milli münasibətlərlə bağlı məsələlərə, bu Fərmandan irəli gələn vəzifələrə hərtərəfli baxılsın.

Milli azlıq, azsaylı xalq və etnik qrupların nümayəndələrinin peşə hazırlığına uyğun olaraq və heç bir ayrı-seçkiliyə məruz qalmadan bərabər hüquqlara malik olmasını nəzərə alaraq həmin hüquqların həyata keçirilməsi üçün hərtərəfli şərait yaradılsın, onların pozulmasına yönəldilmiş hər hansı bir hərəkətin, yaxud hərəkətsizliyin qarşısı alınsın, ərizə və şikayətlərə, baxılmasında və vətəndaşların qəbulunda həmin məsələlərin həllinə diqqət artırılsın.

2.   Azərbaycan Respublikası Prezidentinin aparatına, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının nazirliklərinə və idarələrinə, yerli icra hakimiyyəti başçılarına aşağıdakı istiqamətlərdə dövlət yardımının və hökumət siyasətinin həyata keçirilməsi bir vəzifə olaraq tapşırılsın:

milli azlıq, azsaylı xalq və etnik qrupların mədəni, dil və dini özgünlüyünün qorunub saxlanması və inkişaf etdirilməsi;

milli ənənə və adətlərə əməl, dini mərasim və ayinlərin tam azad icra edilməsi, ibadət yerlərinin qorunub saxlanılması və onlardan istifadə olunması;

milli sənətkarlığın, peşəkarlıq və özfəaliyyət yaradıcılığı və xalq sənətlərinin sərbəst inkişaf etdirilməsi;

bütün millətlərin tarix və mədəniyyət abidələrinin qorunması;

əhali üçün əhəmiyyəti olan yerlər, qoruqlar, parklar və digər təbiət obyektlərinin mühafizə olunub saxlanılması.

3.   Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikası mədəniyyət, xalq təhsili, maliyyə, ədliyyə nazirliklərinə, şəhər, rayon icra hakimiyyəti başçılarına:

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bütün millətlərin öz mədəniyyət və dini müəssisələrini, cəmiyyətlərini təşkil etmək və fəaliyyət göstərmək hüququnun təmini üçün şərait yaratmaq və müvafiq qanuni tədbirlər görmək tapşırılsın.

Belə müəssisələrə, cəmiyyət və birliklərə qanunvericilikdən irəli gələn dövlət yardımı göstərmək, o cümlədən bina, maddi ehtiyatlar və maliyyə vəsaiti ayırmaq məqsədəuyğun hesab edilsin.

4.   Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquqları haqqında qanun layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

5.   AzərbaYcan Respublikasının Ədliyyə Nazirliyi və Dövlət Sərhədini Mühafizə Komitəsi bütün millətlərin nümayəndələrinin digər dövlətlərin ərazisində yaşayan soydaşları ilə sərbəst əlaqə saxlaması məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədlərini sadələşdirilmiş qaydada keçmək hüququ haqqında qanun layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etsinlər.

Bu məqsədlə Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, başqa əlaqədar nazirliklər və idarələr müvafiq dövlətlərlə ikitərəfli və çoxtərəfli müqavilələr bağlanılması haqqında təkliflər versinlər.

6.   Azərbaycan Respublikasının Xalq Təhsili Nazirliyi azsaylı xalqların sıx yaşadığı ərazidə orta məktəb proqramı üzrə, Bakı və Sumqayıt şəhərlərində isə fakültativ məşğələlər keçirmək yolu ilə həmin xalqların dili və ədəbiyyatının öyrənilməsi üçün tədbirlər hazırlayıb həyata keçirsin.

Azərbaycan Xarici Dillər Pedaqoji İnstitutunun Azərbaycan Dövlət Dillər İnstitutuna çevrilməsini nəzərə alaraq burada azsaylı xalqların filologiyası şöbəsi və müvafiq kafedra açılsın.

M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universitetinin Quba filialında, M. Ə. Sabir adına Pedaqoji Məktəbin Qusar filialında Dağıstan türkləri, yerli əhali və azsaylı xalqlar üçün kadrlar hazırlansın.                                                    

Respublikanın dağlıq rayon sakinləri, azsaylı xalqların gəncləri və respublikadan kənarda yaşayan soydaşlarımız üçün ali və orta ixtisas məktəblərinə güzəştli qəbul haqqında müvafiq təkliflər hazırlanıb təqdim olunsun.

7.   Azərbaycan Respublikasının Elmlər Akademiyasında və M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetində Azərbaycanda (güney bölgəsi daxil olmaqla) yaşayan bütün xalqların qədim köklərini, tarixi inkişafını, dil və ədəbiyyatının tədqiqini təmin etmək və onu dünya tələbləri səviyyəsinə çatdırmaq məqsədilə semitologiya, antik dillər, qafqazşünaslıq kafedraları və şöbələri açılsın, burada Şumer, Elam, Manna, Midiya, Albaniya hun, Xəzər və başqa qədim etnosların tarixi və mədəni irsini araşdırmağa qadir olan mütəxəssislər hazırlansın. Bu məqsədlə xaricdən mütəxəssislər dəvət olunsun və xaricə, dünya əhəmiyyətli elm və tədris ocaqlarına tələbə, aspirant və elmi işçilər ezam edilsin, bütün xərclər dövlət büdcəsi hesabına ödənilsin.

8.   Azərbaycan Respublikasının xalq təhsili və mədəniyyət nazirlikləri azsaylı xalqların sənətkarlığını, bədii peşəkarlıq və özfəaliyyət yaradıcılığını, qədim sənətlərini yaşatmağa, milli mədəniyyət mərkəzlərində kitabxanaların, bədii özfəaliyyət kollektivlərinin, xalq incəsənəti studiyalarının və emalatxanalarının yaradılmasına yardım göstərsinlər.

9.   Azərbaycan Respublikasının Dövlət Mətbuat Komitəsi azsaylı xalqların dillərində tədris, sorğu-məlumat və bədii ədəbiyyatın buraxılışına diqqət yetirsin.

Ölkəmizdə milli münasibətlər üzrə respublika əhəmiyyətli dövri mətbuat orqanının olmamasını nəzərə alaraq, bütün xalqların həyat və yaradıcılığını, əməyini, mənəvi dünyasını işıqlandırmaq, dil və mədəniyyətlərinin yayılmasına dövlət yardımı göstərmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşavir xidmətinin nəzdində “Elin səsi” adlı iri ölçülü həftəlik respublika qəzeti buraxılsın.

10.  Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti Azərbaycanda yaşayan azsaylı xalqların və etnik qrupların ədəbiyyatını, folklorunu, əmək və həyatını işıqlandıran teleradio-proqramlar təşkil etsin, habelə, talış və kürd dillərində “Respublika yenilikləri”, yerli radioqovşağı ilə azsaylı xalqların dillərində gündəlik verilişlər getməsini təmin etsin. [1]

11.  Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanda göstərilən xalqların dil və mədəniyyətinə dövlət yardımı tədbirlərinin maliyyələşdirilməsini təmin etsin.

12.  Bakı, Sumqayıt, Lənkəran, Qusar, Zaqatala, Qəbələ icra hakimiyyəti başçıları bir ay müddətində slavyan, yəhudi, ləzgi, talış, avar, udin və başqa azsaylı xalqların və etnik qrupların milli mədəniyyət mərkəzlərini bina, yaxud xidməti iş otağı ilə təmin etsinlər.

13.  Azərbaycan Respublikası Prezidenti aparatında yaradılmış millətlərarası münasibətlər üzrə Məsləhət Şurasına bütün millətlərin mənafeyini təmsil etməklə yanaşı, millətlərarası münasibətləri təkmilləşdirmək, habelə Prezident səlahiyyətinin həyata keçirilməsi, bu Fərmandan doğan əməli məsələlərin həlli üçün müvafiq tövsiyələr və tədbirlər hazırlanması tapşırılsın.

14.  Azərbaycan Respublikasının Baş prokuroruna, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, milli əlamətə görə ayrı-seçkiliyə, milli müstəsnalığın, milli üstünlüyün bərqərar edilməsinə və ya milli düşmənçiliyin qızışdırılmasına yönəldilən hər hansı bir hərəkətin qanunla müəyyən edilmiş qaydada qarşısı alınsın və günahkarlar qanuni məsuliyyətə cəlb olunsunlar. [2]

 

Azərbaycan  Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY.

 

Bakı şəhəri, 16 sentyabr 1992-ci il.

                        № 212.

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       18 iyul 2005-ci il tarixli 260 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 7, maddə 596)

2.       3 mart 2017-ci il tarixli 1275 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 mart 2017-ci il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 353)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 18 iyul 2005-ci il tarixli 260 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 7, maddə 596) ilə 10-cu bənddə “Dövlət Televiziya və Radio Verilişləri Şirkəti” sözləri “Azərbaycan Televiziya və Radio VerilişləriQapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilmişdir.

 

[2] 3 mart 2017-ci il tarixli 1275 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 mart 2017-ci il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 353) ilə 14-cü hissəsində “Milli Təhlükəsizlik Nazirliyinə” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinə” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status