AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
24.02.1994
QEYDİYYAT NÖMRƏSİ
792
ADI
Həmkarlar ittifaqları haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 15-09-1994, Nəşr nömrəsi: 17, Maddə nömrəsi: 235)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Həmkarlar ittifaqları haqqında

Həmkarlar ittifaqları haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun İnsan hüquqlarının Ümumi Bəyannaməsinə, Beynəlxalq Əmək Təşkilatının konvensiya və tövsiyələrinə, Avropa Sosial Xartiyasına uyğun olaraq Azərbaycan Respublikasında həmkarlar ittifaqlarının hüquqlarının, onların üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün fəaliyyət təminatlarını müəyyən edir. [1]

 

I fəsil

ÜMUMİ MÜDDƏALAR

 

Maddə 1. Əsas anlayışlar

 

Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır.

Bu Qanunda:

“Həmkarlar ittifaqının ilk təşkilatı” dedikdə, istehsal və ya qeyri-istehsal sahələrində bilavasitə iş yeri üzrə çalışan işçilərin, habelə pensiyaçıların, təhsil alan şəxslərin birləşib təsis etdikləri həmkarlar ittifaqı təşkilatı başa düşülür;

“peşələr, sahələr üzrə respublika və ya ərazi həmkarlar ittifaqları birlikləri” dedikdə, həmkarlar ittifaqı ilk təşkilatlarının peşələr, sahələr üzrə birləşib təsis etdikləri respublika və ya ərazi həmkarlar ittifaqı birlikləri başa düşülür; [2]

“həmkarlar ittifaqlarının ərazi birliyi” dedikdə, peşələr, sahələr üzrə həmkarlar ittifaqları birliklərinin respublika və yaxud müvafiq ərazi səviyyəsində birləşib təsis etdikləri həmkarlar. ittifaqları birlikləri başa düşülür; [3]

“işçi” dedikdə, əmək qanunvericiliyinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontraktı) bağlayaraq əmək fəaliyyətini yerinə yetirən fiziki şəxs başa düşülür;

“işəgötürən” dedikdə, tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisə rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs başa düşülür; [4]

“müəssisə” dedikdə, bu Qanunun məqsədləri üçün istənilən qurum, o cümlədən xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları başa düşülür; [5]

“təhsil alan şəxslər” dedikdə, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrində istehsalatdan ayrılmaqla müvafiq sənətə, peşəyə, ixtisasa yiyələnən tələbələr, şagirdlər başa düşülür. [6]

 

Maddə 2. Həmkarlar ittifaqları haqqında qanunvericilik

 

Azərbaycan Respublikasında həmkarlar ittifaqları haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının həmkarlar ittifaqlarının fəaliyyətinə aid olan başqa qanunvericilik aktlarından ibarətdir.

Azərbaycan Respublikası qanunvericiliyi həmkarlar ittifaqlarının hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında və Beynəlxalq Əmək Təşkilatının konvensiyalarında, Avropa Sosial Xartiyasında nəzərdə tutulan hüquqlarını məhdudlaşdırmamalıdır. [7]

 

Maddə 3. Həmkarlar ittifaqlarında birləşmək hüququ

 

İşçilər, pensiyaçılar, təhsil alan şəxslər. heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.

Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulan məqsədlərə nail olmaq üçün ən azı yeddi nəfərin həmkarlar ittifaqı yaratmaq və öz istəkləri ilə müvafiq həmkarlar ittifaqı təşkilatında birləşib onun nizamnaməsini qəbul etmək hüququ var.

İşləməyən pensiyaçıların və işsizlərin həmkarlar ittifaqında üzvlük qaydası həmkarlar ittifaqlarının nizamnamələri ilə tənzim edilir.

Azərbaycan Respublikasında hərbi xidmətdə olan şəxslərə həmkarlar ittifaqlarında birləşməyə icazə verilmir.

(Çıxarılıb) [8]

Həmkarlar ittifaqları öz nizamnamələri ilə müəyyən olunmuş vəzifələri yerinə yetirmək məqsədilə könüllülük prinsipləri əsasında sahə, ərazi və başqa əlamətlər üzrə birliklər (şura, federasiya, konfederasiya) yaratmaq hüququna malikdirlər. [9]

 

M a d d ə 3 - 1 . Həmkarlar ittifaqlarının statusu [10]

 

Həmkarlar ittifaqları yerli, ərazi, respublika və ümumrespublika statusuna malik ola bilərlər. Bir inzibati ərazi vahidində (şəhər, rayon, kənd) sahə (peşə) əlaməti üzrə fəaliyyət göstərən müəssisələrin həmkarlar ittifaqlarının ilk təşkilatlarını özündə birləşdirən həmkarlar ittifaqı birliyi yerli həmkarlar ittifaqı statusu daşıyır.

Bir inzibati ərazi vahidində (şəhər, rayon, kənd) fəaliyyət göstərən yerli həmkarlar ittifaqlarını özündə birləşdirən həmkarlar ittifaqı birliyi ərazi həmkarlar ittifaqı statusu daşıyır.

Sahə (peşə) və ayrı-ayrı sahələrdə fəaliyyət göstərən ilk, yerli və ərazi həmkarlar ittifaqlarını özündə birləşdirən həmkarlar ittifaqı birliyi respublika həmkarlar ittifaqı statusu daşıyır.

Bu maddənin dördüncü hissəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının ərazisi üzrə yaradılan həmkarlar ittifaqı birliyi respublika həmkarlar ittifaqı statusu daşıyır.

Respublika statusu daşıyan həmkarlar ittifaqlarının yarıdan çoxunun birləşib təsis etdikləri həmkarlar ittifaqı birliyi ümumrespublika həmkarlar ittifaqı statusu daşıyır.

 

Maddə 4. Həmkarlar ittifaqlarının nizamnamələri və onların dövlət qeydiyyatı

 

Həmkarlar ittifaqlarının nizamnamələri Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır, onlarda, bir qayda olaraq, aşağıdakılar nəzərdə tutulmalıdır:

1)    adı və yerləşdiyi yer;

2)    məqsədi, vəzifələri, fəaliyyət forma və metodları;

3)    üzvlük qaydaları;

4)    üzvlərinin hüquqları və vəzifələri;

5)    təşkilat-daxili quruluşu;

6)    seçkili orqanları, onların seçilməsi və geri çağırılması qaydaları;

7)    seçkili orqanlarının səlahiyyətləri və səlahiyyət müddətləri;

8)    maliyyə mənbələri, üzvlük haqqının müəyyən edilməsi;

9)    beynəlxalq əlaqələrə dair müddəalar;

10)   əmlak məsələləri;

11)   nizamnamənin qəbulu və ona əlavələr, dəyişikliklər edilməsi qaydaları;

12)   fəaliyyətinə xitam verilməsi qaydaları.

Həmkarlar ittifaqı birliyi dövlət qeydiyyatından keçirildiyi vaxtdan hüquqi şəxs hesab olunur və hüquqi şəxs statusu əldə edir. [11]

Həmkarlar ittifaqı birliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatından keçirilir. [12]

 

Maddə 5. Həmkarlar ittifaqlarının müstəqilliyi

 

Həmkarlar ittifaqları dövlət orqanlarından, müəssisələrdən, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmayıb, onlara hesabat vermirlər. Dövlət orqanlarının və vəzifəli şəxslərin həmkarlar ittifaqlarının hüquqlarının məhdudlaşdırılmasına səbəb olan və ya onların nizamnamələri çərçivəsində qanuni fəaliyyətlərinə maneçilik törədən hər cür müdaxiləsi qadağandır. [13]

Həmkarlar ittifaqları müstəqil surətdə öz nizamnamələrini, fəaliyyət proqramlarını hazırlayır və təsdiq edir, strukturlarını müəyyənləşdirir, rəhbər orqanlarını seçir və geri çağırır, yığıncaqlar, konfranslar, plenumlar, məclislər, qurultaylar keçirir və Konstitusiya hüquqları əsasında fəaliyyət göstərirlər.

Adından və təşkilati quruluşundan asılı olmayaraq bütün həmkarlar ittifaqları bərabər hüquqlara malikdirlər.

 

Maddə 6. Həmkarlar ittifaqları birliklərinin sədrlərinin (sədr müavinlərinin) siyasi fəaliyyətlə məşğul olmalarına məhdudiyyətlər [14]

 

(Çıxarılıb) [15]

Həmkarlar ittifaqları birliklərinin sədrləri və ya onların müavinləri eyni zamanda siyasi partiyaların rəhbər orqanlarında ola bilməzlər. Siyasi partiyaların rəhbər orqanlarına seçilən, yaxud təyin edilən həmkarlar ittifaqları təşkilatının sədrləri və ya onların müavinləri öz istəyi ilə bu iki fəaliyyətdən birini davam etdirə bilərlər.

 

Maddə 7, Həmkarlar ittifaqlarında üzvlüyünə görə vətəndaşlar barəsində ayrı-seçkiliyin qadağan edilməsi

 

həmkarlar ittifaqlarında üzvlük, bu Qanunda göstərilən hallar istisna olmaqla, vətəndaşların qanunvericiliklə təmin edilən əmək, sosial, iqtisadi, siyasi, şəxsi hüquqları və azadlıqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.

İşçilərin işə qəbulunu, irəli çəkilməsini, habelə işdən azad edilməsini onların həmkarlar ittifaqları yaratmaq təşəbbüsləri, fəaliyyət göstərən həmkarlar ittifaqlarına daxil olmaları və ya oradan çıxmaları ilə şərtləndirmək qadağandır. [16]

Həmkarlar ittifaqlarına daxil olmaq kişi və qadınlar üçün eyni şərtlərlə açıq olmalıdır və onlar üçün bərabər imkanlar yaradılmalıdır. [17]

 

Maddə 8. Həmkarlar ittifaqları təşkilatlarının fəaliyyətinə xitam verilməsi və ya fəaliyyətinin dayandırılması [18]

 

Həmkarlar ittifaqları təşkilatlarının fəaliyyətinə onların nizamnamələrində nəzərdə tutulan qaydada xitam verilir.

Azərbaycan Respublikasının Konstitusiya quruluşunu devirmək, zorakılıqla dəyişdirmək və ya ərazi bütövlüyünü pozmaq, müharibəni, zorakılığı və qəddarlığı təbliğ etmək, habelə irqi, milli və dini ədavəti qızışdırmaq, Azərbaycan Respublikasının Konstitusiya quruluşuna zidd olan və beynəlxalq hüquqi öhdəlikləri ilə bir araya sığmayan digər əməllər törətmək məqsədi və ya fəaliyyət metodu olan həmkarlar ittifaqları təşkilatlarının yaradılmasına və fəaliyyətinə yol verilmir. Belə həmkarlar ittifaqı təşkilatının fəaliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən xitam verilir. [19]

Hərbi vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan həmkarlar ittifaqları təşkilatlarının fəaliyyəti hərbi vəziyyət başa çatanadək dayandırıla bilər. [20]

 

Maddə 9. Həmkarlar ittifaqlarının rəmzləri

 

Həmkarlar ittifaqlarının peşə, sahə və respublika birliklərinin Azərbaycan xalqının milli-etnik xüsusiyyətlərinə, Azərbaycan Respublikasının Konstitusiya quruluşuna, ərazi bütövlüyünə zidd əlamətləri olmayan rəmzi nişanları, bayraqları, üzvlük vəsiqələri ola bilər. Bu rəmzlər müvafiq həmkarlar ittifaqı birliklərinin orqanları tərəfindən qəbul edilir. [21]

Həmkarlar ittifaqları siyasi partiyaların rəmzlərindən istifadə edə bilməzlər. [22]

 

II fəsil

HƏMKARLAR İTTİFAQLARININ ƏSAS HÜQUQLARI

 

Maddə 10. Həmkarlar ittifaqlarının norma yaradıcılığında iştirakı

 

həmkarlar ittifaqları əmək, sosial, iqtisadi məsələlər barəsində qanunvericilik aktlarının hazırlanmasında iştirak edə bilər.

İşçilərin əmək, sosial və iqtisadi hüquqlarına dair qanun layihələrinə həmkarlar ittifaqları respublika birliyinin rəyi müzakirə edilməklə baxılır.

Həmkarlar ittifaqlarının respublika birlikləri işçilərin mənafelərini və həmkarlar ittifaqlarının hüquqlarını pozan qanunvericilik aktları, dövlət orqanlarının qərarları, sərəncamları barədə müvafiq qanunvericilik, icra və məhkəmə orqanlarına müraciət edə və şikayət verə bilərlər.

Dövlət və yerli özünüidarəetmə orqanları işçilərin əmək, sosial, iqtisadi hüquqlarına və mənafelərinə aid olan normativ aktları müvafiq həmkarlar ittifaqlarına azı 15 gün qabaq məlumat verməklə qəbul edirlər. [23]

Qanunvericiliklə nəzərdə tutulan hallarda həmkarlar ittifaqları respublika birliyi əmək və sosial-iqtisadi məsələlər üzrə qanunvericiliyin tətbiq edilməsi qaydalarını nizama salan normativ aktların hazırlanmasında iştirak edir. [24]

 

Maddə 11. Əmək hüququnun qorunmasında həmkarlar ittifaqlarının hüquqları

 

Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məşğulluğa kömək göstərilməsi tədbirlərin həyata keçirilməsində iştirak edirlər. [25]

İşəgötürənin təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, müvafiq həmkarlar ittifaqı orqanlarına qabaqcadan (azı 3 ay əvvəl) yazılı məlumat verməklə, işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmaqla həyata keçirilir.

Həmkarlar ittifaqları “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə uyğun olaraq məşğulluq sahəsində nəzarətin həyata keçirilməsində iştirak edirlər. [26]

 

Maddə 12. Əmək və həmkarlar ittifaqları haqqında qanunvericiliyə əməl edilməsinə nəzarətin həyata keçirilməsi sahəsində həmkarlar ittifaqlarının hüquqları

 

Həmkarlar ittifaqlarının işəgötürən tərəfindən əmək və həmkarlar ittifaqları haqqında, habelə sosial, iqtisadi məsələlər barədə qanunvericiliyə əməl olunmasını və aşkara .çıxarılmış pozuntuların aradan qaldırılmasını tələb etmək hüququ var.

İşəgötürən bu tələblərə baxmağa və nəticələri barədə müəyyən edilmiş müddətdə, lakin bir aydan gec olmayaraq həmkarlar ittifaqına məlumat verməyə borcludur.

Müəssisənin (filialın, nümayəndəliyin, şöbənin və digər əlahiddə bölmənin) rəhbəri və onun müavinləri əmək qanunvericiliyini pozduqda, qüvvədə olan kollektiv müqavilənin (sazişin) şərtlərini (təəhhüdlərini) yerinə yetirmədikdə həmkarlar ittifaqları onların intizam məsuliyyətinə cəlb edilməsi barədə buna səlahiyyəti olan orqanlar qarşısında məsələ qaldıra bilərlər.

Həmkarlar ittifaqları öz üzvlərinin hüquqlarını müdafiə etmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edə və məhkəmədə nümayəndəlik vəzifəsini yerinə yetirə bilərlər.

Həmkarlar ittifaqları öz üzvlərinə hüquqi yardım xidmətlərini müstəqil surətdə təşkil edir və bu məqsədlə həmkarlar ittifaqları hüquq müfəttişliyi, hüquqi ekspert qrupları, firmaları və başqa orqanlar yarada bilərlər. [27]

 

Maddə 13. Əməyin mühafizəsi sahəsində həmkarlar ittifaqlarının hüquqları

 

Həmkarlar ittifaqları bu Qanunun, “Əməyin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun və digər normativ aktların tələblərinə uyğun iş yerlərində işçilərin əməyinin mühafizəsini tənzim edən qanunvericiliyə, istehsal zədələri nəticəsində əmək xəsarətinə görə zərərin ödənilməsinə, əmək şəraiti, istehsal sanitariyası normalarına işəgötürən tərəfindən əməl edilməsinə nəzarətin həyata keçirilməsində iştirak edirlər. [28]

 

Maddə 14. Kollektiv müqavilələrin və sazişlərin bağlanması sahəsində həmkarlar ittifaqlarının hüquqları

 

Kollektiv müqavilələrin və sazişlərin bağlanması sahəsində həmkarlar ittifaqlarının hüquqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. [29]

Kollektiv danışıqların aparılması və kollektiv müqavilələrin bağlanılması həmkarlar ittifaqı təşkilatlarının təklifinə əsasən həyata keçirilir.

Həmkarlar ittifaqlarının birlikləri dövlət orqanları və digər təşkilatlarla öz səlahiyyətləri daxilində iqtisadı, sosial və mədəni inkişaf məsələləri üzrə kollektiv danışıqlar aparır və kollektiv sazişlər bağlayırlar.

Dövlət orqanları və işəgötürənlər kollektiv müqavilələr və kollektiv sazişlər bağlamaq haqqında həmkarlar ittifaqlarının yazılı təklifini aldığı gündən on təqvim günü ərzində danışığa başlamalı və kollektiv danışıqların aparılması təşəbbüsü ilə çıxış edən tərəfə danışıqlarda onun tərəfindən iştirak edəcək nümayəndələr barədə məlumat təqdim etməklə cavab göndərməlidirlər. [30]

Həmkarlar ittifaqları kollektiv müqavilələrin və kollektiv sazişlərin yerinə yetirilməsinə öz səlahiyyətləri daxilində qanunvericiliyə uyğun olaraq nəzarət edirlər.

 

Maddə 15. İşçilərin həyat səviyyəsinə nəzarətin həyata keçirilməsi sahəsində həmkarlar  ittifaqlarının hüquqları

 

Həmkarlar ittifaqlarının birlikləri səlahiyyətlərinə uyğun işçilərin sosial və iqtisadi müdafiəsi, həyat səviyyəsinin əsas meyarları, qiymət əmsallarının dəyişməsindən asılı olaraq kompensasiyaların məbləğlərinin müəyyən edilməsi üzrə plan və proqramların hazırlanmasında, qanunvericiliklə müəyyən edilmiş dolanacaq minimumunun gözlənilməsinə, qiymətlərin artımından asılı olaraq əmək haqqının, pensiyaların, təqaüdlərin, müavinətlərin miqdarının vaxtında artırılmasına nəzarət edilməsində iştirak edirlər.

 

Maddə 16. Həmkarlar ittifaqlarının beynəlxalq əlaqələri

 

Həmkarlar ittifaqları nizamnamə məqsəd və vəzifələrinə müvafiq olaraq beynəlxalq həmkarlar ittifaqları təşkilatlarına daxil ola, qanunvericiliklə müəyyən olunmuş qaydada xarici iqtisadi fəaliyyətlə məşğul ola bilərlər.

 

Maddə 17. Həmkarlar ittifaqlarının informasiya hüquqları

 

həmkarlar ittifaqı təşkilatları nizamnamə vəzifələrini və hüquqlarını, bu Qanunda nəzərdə tutulan səlahiyyətlərini həyata keçirmək, öz üzvlərini məlumatlandırmaq üçün kütləvi informasiya vasitələri və nəşriyyatlar təsis edə; mətbuat xidməti və sosioloji tədqiqat mərkəzləri yarada; dövlət və təsərrüfat orqanlarının vəzifəli şəxslərindən, işəgötürəndən dövlət, kommersiya və qanunla qorunan başqa sirr olmayan məlumatları tələb edə bilərlər.

Dövlət və təsərrüfat orqanları, işəgötürən həmkarlar ittifaqlarını müvafiq məlumatlarla maneəsiz təmin etməyə borcludurlar. [31]

 

Maddə 18. Əmək mübahisələrinə baxılmasında həmkarlar ittifaqlarının hüquqları

 

həmkarlar ittifaqları öz üzvləri ilə işəgötürən arasındakı fərdi əmək mübahisələrini səlahiyyətləri dairəsində həll edir, kollektiv əmək mübahisələrinə (münaqişələrə) baxılmasında iştirak edirlər. [32]

Əmək mübahisələrinin (münaqişələrinin) predmeti və həlli qaydası Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilir.

 

Maddə 19. Həmkarlar ittifaqlarının kütləvi tədbirlər keçirmək hüquqları

 

Qüvvədə olan qanunvericiliyə uyğun olaraq və nizamnamə məqsəd və vəzifələrini həyata keçirmək məqsədilə həmkarlar ittifaqları tətillər, mitinqlər, küçə yürüşləri, nümayişlər və başqa kütləvi tədbirlər təşkil edib keçirə bilərlər.

 

III fəsil

HƏMKARLAR İTTİFAQLARININ FƏALİYYƏTİNİN HÜQUQİ TƏMİNATI VƏ ƏMLAK VƏZİYYƏTİ

 

Maddə 20. Dövlət və təsərrüfat orqanlarının, ictimai təşkilatların və vəzifəli şəxslərin həmkarlar ittifaqları barəsində vəzifələri [33]

 

Dövlət və təsərrüfat orqanları, siyasi partiyalar və ictimai birliklər, işəgötürən və digər vəzifəli şəxslər həmkarlar ittifaqlarının hüquqlarını pozmamalı, onların fəaliyyətinə yardım göstərməlidirlər. [34]

Mülkiyyət formasından asılı olmayaraq işəgötürən həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqlarından həmkarlar ittifaqına üzvlük haqlarının mühasibatlıq vasitəsi ilə tutulmasını təmin edir və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürür. [35]

Bu Qanunun pozulması qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur. [36]

İşəgötürən tərəfindən əmək və həmkarlar ittifaqları haqqında qanunvericiliyə, kollektiv müqavilənin şərtlərinə, əmək və sosial məsələlər üzrə sazişlərə əməl edilməsini yoxlamaq və nizamnamə vəzifələri ilə bağlı məsələlərlə əlaqədar həmkarlar ittifaqı nümayəndələrinin həmkarlar ittifaqı üzvlərinin iş yerlərinə getməsinə mane olmaq qadağan edilir. [37]

İşəgötürənin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqlarının qabaqcadan razılığının alınması Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq tənzimlənir. [38]

 

Maddə 21. Əmək funksiyasının icrasından azad edilməyib həmkarlar ittifaqı orqanlarına seçilmiş işçilər üçün təminatlar [39]

 

Həmkarlar ittifaqı orqanlarının öz əmək funksiyasının icrasından azad edilməyən üzvləri həmkarlar ittifaqlarının seçkili orqanlarında, təşkil etdiyi tədris kurslarında, seminarlarda iştirak etdiyi müddət üçün həmkarlar ittifaqının vəsaiti hesabına orta əmək haqqı məbləğində haqq ödəməklə işəgötürənin razılığı ilə istehsal işindən azad edilirlər. [40]

Həmkarlar ittifaqı ilk təşkilatlarının tərkibinə seçilmiş və öz əmək funksiyasının icrasından azad edilməmiş həmkarlar ittifaqı üzvlərinə həmkarlar ittifaqı fəaliyyətini həyata keçirmək üçün müddəti və şərtləri kollektiv müqavilələrdə (sazişlərdə) göstərilən asudə vaxt verilir.

 

Maddə 22. Əmək funksiyasının icrasından azad edilib həmkarlar ittifaqı orqanına seçilmiş işçilər üçün təminatlar [41]

 

həmkarlar ittifaqı orqanlarında seçkili vəzifələrə seçildiyinə görə əmək funksiyasının icrasından azad edilmiş həmkarlar ittifaqı üzvlərinin seçkili səlahiyyətləri başa çatdıqdan sonra onlara əvvəlki işi (vəzifəsi) verilir, bu mümkün olmadıqda isə həmin müəssisədə və ya işçinin razılığı ilə başqa müəssisədə buna bərabər iş (vəzifə) verilir. [42]

Müvafiq iş (vəzifə) vermək mümkün olmadıqda isə həmkarlar ittifaqı işçinin işə düzələcəyi dövr üçün, lakin altı aydan artıq olmayan müddətdə onun orta əmək haqqını saxlayır.

Müəssisədə əmək funksiyasının icrasından azad edilərək həmkarlar ittifaqına seçilmiş işçilərə həmin müəssisənin digər işçiləri üçün müəyyən edilmiş güzəştlər bərabər əsaslarla şamil olunur. [43]

 

Maddə 23. Həmkarlar ittifaqları ilk təşkilatlarının fəaliyyəti üçün maddi şəraitin yaradılmasında işəgötürənin vəzifələri [44]

 

İşəgötürən həmkarlar ittifaqının fəaliyyəti üçün zəruri olan avadanlıqları və otaqları kollektiv müqavilədə göstərilən şərtlərlə həmkarlar ittifaqlarına verir.

Kollektiv müqavilə bağlanarkən qəbul edilən qərara müvafiq surətdə müəssisə özünün balansında olan, yaxud icarəyə götürdüyü binaları, otaqları, qurğuları və başqa obyektləri, habelə istirahətin təşkili, işçilərlə və onların ailələri ilə mədəni-maarif işi, bədən tərbiyəsi, sağlamlıq işi aparmaq üçün zəruri olan istirahət bazalarını, uşaq-gənclər və digər sağlamlıq düşərgələrini pulsuz olaraq həmkarlar ittifaqlarının istifadəsinə verə bilər.

Müəssisə həmkarlar ittifaqlarına kollektiv müqavilədə müəyyən edilən sosial, iqtisadi və mədəni tədbirlər üçün vəsait ayıra bilər.

 

Maddə 24. Həmkarlar ittifaqlarının mülkiyyət hüquqlarının təminatları

 

Həmkarlar ittifaqlarının büdcəsinin formalaşdırılması və xərclənməsi qaydaları onların nizamnamələri ilə müəyyən edilir.

Həmkarlar ittifaqları kollektiv mülkiyyət hüququ əsasında əmlaka, maliyyə vəsaitinə, eləcə də valyuta vəsaitinə və nizamnamələrində nəzərdə tutulmuş fəaliyyətinin maddi təminatı üçün zəruri olan digər əmlaka malik ola bilərlər. [45]

Həmkarlar ittifaqlarının əmlakının onların razılığı olmadan alınmasına yol verilmir.

Həmkarlar ittifaqı təşkilatı öz fəaliyyətinə xitam verdikdə əmlakının taleyi müvafiq həmkarlar ittifaqının nizamnaməsində nəzərdə tutulan qaydada həll edilir.

 

Azərbaycan Respublikasının Prezidenti  Heydər ƏLİYEV

 

Bakı şəhəri, 24 fevral 1994-cü il

№ 792

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       5 noyabr 1996-cı il tarixli 188-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226)

2.       25 aprel 1997-ci il tarixli 280-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 379)

3.       5 oktyabr 2001-ci il tarixli 183-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 676)

4.       5 oktyabr 2001-ci il tarixli 190-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 683)

5.       20 aprel 2004-cü il tarixli 642-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 397)

6.       14 dekabr 2004-cü il tarixli 813-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 5)

7.       10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 684)

8.       10 oktyabr 2006-cı il tarixli 153-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 922)

9.       17 aprel 2007-ci il tarixli 316-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 437)

10.    1 oktyabr 2007-ci il tarixli 424-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 11, maddə 1049)

11.    1 fevral 2010-cu il tarixli 951-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 171)

12.    29 iyul 2012-ci il tarixli 412-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 iyul 2012-ci il, № 158, “Azərbaycan” qəzeti, 20 iyul 2012-ci il, № 159, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 672)

13.    11 dekabr 2012-ci il tarixli 498-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 yanvar 2013-cü il, № 12; “Azərbaycan” qəzeti, 23 yanvar 2013-cü il, № 15; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 01, maddə 17)

14.    17 oktyabr 2014-cü il tarixli 1076-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 31 oktyabr 2014-cü il, № 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1172)

15.    15 dekabr 2017-ci il tarixli 921-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 fevral 2018-ci il, № 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 6)

16.    1 may 2018-ci il tarixli 1100-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan” qəzeti, 1 iyul 2018-ci il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1159)

17.    29 mart 2019-cu il tarixli 1552-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 may 2019-cu il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 797)

18.    12 iyul 2019-cu il tarixli 1661-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 avqust 2019-cu il, № 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1382)

 



QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

[1] 10 oktyabr 2006-cı il tarixli 153-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 922) ilə preambulada “tövsiyələrinə” sözündən sonra “, Avropa Sosial Xartiyasına” sözləri əlavə edilmişdir.

 

[2] 10 oktyabr 2006-cı il tarixli 153-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 922) ilə 1-ci maddənin ikinci hissəsində üçüncü abzasda “sahələr üzrə həmkarlar ittifaqları” sözləri “sahələr üzrə respublika və ya ərazi həmkarlar ittifaqları” sözləri ilə, “təsis etdikləri həmkarlar ittifaqı” sözləri “təsis etdikləri respublika və ya ərazi həmkarlar ittifaqı” sözləri ilə əvəz edilmişdir.

 

[3] 10 oktyabr 2006-cı il tarixli 153-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 922) ilə 1-ci maddənin ikinci hissəsində dördüncü abzas çıxarılmışdır və beşinci-səkkizinci abzaslar müvafiq olaraq dördüncü-yeddinci abzaslar hesab edilmişdir.

 

[4] 17 oktyabr 2014-cü il tarixli 1076-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 31 oktyabr 2014-cü il, № 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1172) ilə 1-ci maddəsinin ikinci hissəsinin beşinci abzasından “hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan” sözləri çıxarılmışdır.

 

[5] 20 aprel 2004-cü il tarixli 642-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 397) ilə 1-ci maddəsinin ikinci hissəsinin yeddinci abzasından "kəndli (fermer) təsərrüfatları" sözləri çıxarılmışdır.

 

10 oktyabr 2006-cı il tarixli 153-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 922) ilə dördüncü-altıncı abzaslar müvafiq olaraq yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

işçi” dedikdə, əmək müqaviləsi (bağlaşması) ilə müvafiq sənət, ixtisas, peşə üzrə mülkiyyət və təsərrüfatçılıq, formasından asılı olmayaraq müəssisələrdə çalışan Azərbaycan Respublikasının vətəndaşları, vətəndaşlığı olmayanlar, habelə əcnəbi vətəndaşlar başa düşülür;

“müdiriyyət” dedikdə, mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq müəssisələrin işçilərlə əmək müqaviləsi (bağlaşması) bağlamaq, bu müqaviləni pozmaq və ya dəyişdirmək hüququna malik vəzifəli şəxsləri, habelə mülkiyyətçi və ya onun müvəkkil etdiyi idarəetmə orqanı başa düşülür;

“müəssisə” dedikdə, mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq idarələr, müəssisələr, təşkilatlar, assosiasiyalar, birgə və qarışıq müəssisələr, səhmdar cəmiyyətləri və digər iş yerləri başa düşülür;

 

[6] 29 mart 2019-cu il tarixli 1552-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 may 2019-cu il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 797) ilə 1-ci maddənin ikinci hissəsinin yeddinci abzasında “ali və orta ixtisas təhsili müəssisələrində, texniki peşə məktəblərində” sözləri “peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrində” sözləri ilə əvəz edilmişdir və həmin abzasdan “, şagirdlər” sözü çıxarılmışdır.

 

[7] 10 oktyabr 2006-cı il tarixli 153-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 922) ilə 2-ci maddənin ikinci hissəsində “konvensiyalarında” sözlərindən sonra “, Avropa Sosial Xartiyasında” sözləri əlavə edilmişdir.

 

[8] 10 oktyabr 2006-cı il tarixli 153-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 922) ilə 3-cü maddənin beşinci hissəsi çıxarılmışdır, altıncı hissə beşinci hissə hesab edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Müdiriyyətə daxil olan şəxslər həmin müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqının üzvü ola bilməz.

 

[9] 10 oktyabr 2006-cı il tarixli 153-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 922) ilə 3-cü maddənin beşinci hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

həmkarlar ittifaqları könüllü və müstəqil olaraq özlərinin ilk təşkilatlarını, peşə, sahə, respublika və digər ərazi birliklərini yarada bilərlər.

 

[10] 10 oktyabr 2006-cı il tarixli 153-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 922) ilə 3-1-ci maddə əlavə edilmişdir.

 

[11] 10 oktyabr 2006-cı il tarixli 153-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 922) ilə 4-cü maddənin ikinci hissədə “təşkilatı” sözü “birliyi” sözü ilə, “hüquqları” sözü “statusu” sözü ilə əvəz edilmişdir.

 

[12] 5 noyabr 1996-cı il tarixli 188-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226) ilə 4-cü maddənin adındaonlarınsözündən sonradövlətsözü əlavə edilmiş, ikinci hissəsindənizamnaməsi qeydiyyatdansözləridövlət qeydiyyatındansözləri ilə, üçüncü hissəsindətəşkilatının nizamnaməsisözləritəşkilatı”, “qeydiyyatdansözüdövlət qeydiyyatındansözləri ilə əvəz edilmişdir.

10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 684) ilə 4-cü maddənin üçüncü hissəsində "İctimai birliklər haqqında" Azərbaycan Respublikası Qanununda" sözləri "qanunvericiliklə" sözü ilə əvəz edilmişdir.

10 oktyabr 2006-cı il tarixli 153-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 922) ilə 4-cü maddənin üçüncü hissədə “təşkilatı” sözü “birliyi” sözü ilə əvəz edilmişdir.

 

[13] 10 oktyabr 2006-cı il tarixli 153-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 922) ilə 5-ci maddənin birinci hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Bu Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, həmkarlar ittifaqlarının hüquqlarının həyata keçirilməsinə mane ola bilən hər hansı müdaxilə qadağandır.

 

[14] 10 oktyabr 2006-cı il tarixli 153-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 922) ilə 6-cı maddəsinin adı aşağıdakı redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 6. Həmkarlar ittifaqlarının siyasi fəaliyyətinin yol-verilməzliyi

 

[15] 10 oktyabr 2006-cı il tarixli 153-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 922) ilə 6-cı maddəsinin birinci hissə çıxarılmışdır, ikinci hissə birinci hissə hesab edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Həmkarlar ittifaqlarına siyasi fəaliyyətlə məşğul olmaq, siyasi partiyalarla birləşmək, yaxud onlarla birgə fəaliyyət göstərmək, siyasi partiyalara yardım, ianə vermək və Onlardan yardım, ianə almaq qadağandır.

 

[16] 10 oktyabr 2006-cı il tarixli 153-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 922) ilə 7-ci maddənin ikinci hissəsində “onların müəyyən həmkarlar ittifaqına mənsubiyyəti, oraya daxil olması və ya oradan çıxması” sözləri “onların həmkarlar ittifaqları yaratmaq təşəbbüsləri, fəaliyyət göstərən həmkarlar ittifaqlarına daxil olmaları və ya oradan çıxmaları” sözləri ilə əvəz edilmişdir.

 

[17] 1 oktyabr 2007-ci il tarixli 424-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 11, maddə 1049) ilə 7-ci maddəsinə üçüncü hissə əlavə edilmişdir.

[18] 1 may 2018-ci il tarixli 1100-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan” qəzeti, 1 iyul 2018-ci il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1159) ilə 8-ci maddənin adına “xitam verilməsi” sözlərindən sonra “və ya fəaliyyətinin dayandırılması” sözləri əlavə edilmişdir.

 

[19] 5 oktyabr 2001-ci il tarixli 190-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 683) ilə 8-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin təqdimatına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi" sözləri "qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi" sözləri ilə əvəz edilmişdir.

17 aprel 2007-ci il tarixli 316-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 437) ilə 8-ci maddəsinin 2-ci hissəsinin birinci cümləsindən “Bu Qanunun 6-cı maddəsinin birinci hissəsinin tələblərini pozan,” sözləri çıxarılmışdır.

 

[20] 1 may 2018-ci il tarixli 1100-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan” qəzeti, 1 iyul 2018-ci il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1159) ilə 8-ci maddəyə yeni məzmunda üçüncü hissə əlavə edilmişdir.

 

[21] 5 noyabr 1996-cı il tarixli 188-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226) ilə 9-cu maddənin birinci hissəsinin 2-ci cümləsindəqeydiyyatsözüdövlət qeydiyyatısözü ilə əvəz edilmişdir.

10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 684) ilə 9-cu maddənin birinci hissəsinin ikinci cümləsindən "və müəyyən olunmuş qaydada dövlət qeydiyyatı orqanı tərəfindən təsdiq edilir" sözləri çıxarılmışdır.

 

[22] 11 dekabr 2012-ci il tarixli 498-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 yanvar 2013-cü il, № 12; “Azərbaycan” qəzeti, 23 yanvar 2013-cü il, № 15; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 01, maddə 17) ilə 9-cu maddəsinin ikinci hissəsində “rəmzi nişanlarından” sözləri “rəmzlərindən” sözü ilə əvəz edilmişdir.

 

[23] 10 oktyabr 2006-cı il tarixli 153-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 922) ilə 10-cu maddəsinin dördüncü hissədə “təsərrüfat” sözü “yerli özünüidarəetmə” sözləri ilə əvəz edilmişdir.

 

[24] 10 oktyabr 2006-cı il tarixli 153-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 922) ilə 10-cu maddəsinin beşinci hissədə “iştirak edə bilər” sözləri “iştirak edir” sözləri ilə əvəz edilmişdir.

 

[25] 12 iyul 2019-cu il tarixli 1661-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 avqust 2019-cu il, № 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1382) ilə 11-ci maddənin birinci hissəsində “dövlət məşğulluq siyasətinin hazırlanmasında iştirak edirlər” sözləri “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məşğulluğa kömək göstərilməsi tədbirlərin həyata keçirilməsində iştirak edirlər” sözləri ilə əvəz edilmişdir.

 

[26] 10 oktyabr 2006-cı il tarixli 153-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 922) ilə 11-ci maddənin ikinci hissəsində “müdiriyyət” sözü “işəgötürən” sözü ilə əvəz edilmişdir.

12 iyul 2019-cu il tarixli 1661-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 avqust 2019-cu il, № 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1382) ilə 11-ci maddənin ikinci və üçüncü hissələri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

İşəgötürənin təşəbbüsü ilə müəssisənin və ya onun struktur bölmələrinin ləğv edilməsi istehsalın tamamilə və ya qismən dayandırılmasına, iş yerlərinin ixtisarına və ya əmək şəraitinin pisləşməsinə səbəb ola bilərsə, belə tədbirlər qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla müvafiq həmkarlar ittifaqlarını azı üç ay qabaqcadan xəbərdar etmək və işçilərin hüquqlarının və mənafelərinin közlənilməsi barədə onlarla danışıqlar aparmaqla həyata keçirilir.

Həmkarlar ittifaqları öz səlahiyyətləri daxilində qanunvericilikdə nəzərdə tutulan qaydada məşğulluğun vəziyyətinə, məşğulluq sahəsində təminatlar haqqında qanunvericiliyə əməl olunmasına nəzarət edirlər.

 

[27] 14 dekabr 2004-cü il tarixli 813-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 5) ilə 12-ci maddəsinin beşinci hissəsindən "vəkilliyi," və "məsləhətxanaları," sözləri çıxarılmışdır.

10 oktyabr 2006-cı il tarixli 153-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 922) ilə 12-ci maddənin birinci və ikinci hissələrində “müdiriyyət” sözü “işəgötürən” sözü ilə əvəz edilmişdir.

 

[28] 10 oktyabr 2006-cı il tarixli 153-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 922) ilə 13-cü maddədə “müdiriyyət” sözü “işəgötürən” sözü ilə əvəz edilmişdir.

 

[29] 25 aprel 1997-ci il tarixli 280-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 379) ilə 14-cü maddəsi yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

Maddə 1 4. Kollektiv müqavilələrin (sazişlərin) bağlanması sahəsində həmkarlar

ittifaqlarının hüquqları

Həmkarlar ittifaqları müdiriyyətlə, dövlət və təsərrüfat orqanları ilə danışıqlar aparmaq və kollektiv müqavilələr, sazişlər bağlamaq sahəsində üstünlüyə malikdirlər.

Danışıqların aparılması və kollektiv müqavilələrin bağlanması həmkarlar ittifaqı təşkilatlarının təklifinə əsasən həyata keçirilir.

Həmkarlar ittifaqlarının birlikləri müvafiq dövlət və təsərrüfat orqanları ilə iqtisadi, sosial və mədəni inkişaf məsələləri üzrə danışıqlar, aparır və sazişlər bağlayırlar.

Müdiriyyət, dövlət və təsərrüfat orqanları kollektiv müqavilələr, sazişlər bağlamaq haqqında həmkarlar ittifaqlarının təklifi üzrə 10 gündən gec olmayaraq danışıqlara başlamalıdırlar.

həmkarlar ittifaqları kollektiv müqavilələrin, sazişlərin yerinə yetirilməsinə nəzarət edirlər.

Kollektiv müqavilələrin (sazişlərin) bağlanması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

 

[30] 10 oktyabr 2006-cı il tarixli 153-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 922) ilə 14-cü maddəyə ikinci-beşinci hissələr əlavə edilmişdir.

1 fevral 2010-cu il tarixli 951-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 171) ilə 14-cü maddəsinin dördüncü hissəsində on gün müddətində danışıqlara başlamağa borcludurlar sözləri on təqvim günü ərzində danışığa başlamalı və kollektiv danışıqların aparılması təşəbbüsü ilə çıxış edən tərəfə danışıqlarda onun tərəfindən iştirak edəcək nümayəndələr barədə məlumat təqdim etməklə cavab göndərməlidirlərsözləri ilə əvəz edilmişdir.

 

[31] 10 oktyabr 2006-cı il tarixli 153-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 922) ilə 17-ci maddənin birinci və ikinci hissələrində “müdiriyyət” sözü “işəgötürən” sözü ilə əvəz edilmişdir.

 

[32] 10 oktyabr 2006-cı il tarixli 153-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 922) ilə 18-ci maddənin birinci və ikinci hissələrində “müdiriyyət” sözü “işəgötürən” sözü ilə əvəz edilmişdir.

 

[33] 10 oktyabr 2006-cı il tarixli 153-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 922) ilə 20-ci maddənin adında “Müdiriyyətin, dövlət” sözləri “Dövlət” sözü ilə əvəz edilmişdir.

 

[34] 10 oktyabr 2006-cı il tarixli 153-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 922) ilə 20-ci maddənin birinci hissədə “müdiriyyət və” sözləri “işəgötürən və digər ” sözləri ilə əvəz edilmişdir.

 

[35] 29 iyul 2012-ci il tarixli 412-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 iyul 2012-ci il, № 158, “Azərbaycan” qəzeti, 20 iyul 2012-ci il, № 159, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 672) ilə 20-ci maddəsinə yeni məzmunda ikinci hissə əlavə edilmişdir.

15 dekabr 2017-ci il tarixli 921-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 fevral 2018-ci il, № 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 6) ilə 20-ci maddənin ikinci hissəsinə “işəgötürən” sözündən sonra “həmkarlar ittifaqının üzvü olan” sözləri əlavə edilmişdir.

 

[36] 5 oktyabr 2001-ci il tarixli 183-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 676) ilə 20-ci maddəsinin ikinci hissəsində "Həmkarlar ittifaqlarının hüquqlarının pozulması və ya onların qanuni fəaliyyətinə mane olma" sözləri "Bu Qanunun pozulması" sözləri ilə əvəz edilmişdir.

 

[37] 10 oktyabr 2006-cı il tarixli 153-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 922) ilə 20-ci maddənin üçüncü hissədə “Müdiriyyət” sözü “İşəgötürən” sözü ilə əvəz edilmişdir.

 

[38] 10 oktyabr 2006-cı il tarixli 153-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 922) ilə 20-ci maddəyə dördüncü hissə əlavə edilmişdir.

 

[39] 10 oktyabr 2006-cı il tarixli 153-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 922) ilə 21-ci maddənin adında, birinci və ikinci hissələrində “istehsal işindən ” sözləri “əmək funksiyasının icrasından” sözləri ilə əvəz edilmişdir.

 

[40] 10 oktyabr 2006-cı il tarixli 153-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 922) ilə 21-ci maddənin birinci hissədə “müdiriyyətin” sözü “işəgötürənin” sözü ilə əvəz edilmişdir, “seçkili orqanlarında” sözlərindən sonra “, təşkil etdiyi tədris kurslarında, seminarlarda” sözləri əlavə edilmişdir.

 

[41] 10 oktyabr 2006-cı il tarixli 153-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 922) ilə 22-ci maddənin adında “İstehsal işindən” sözləri “Əmək funksiyasının icrasından” sözləri ilə əvəz edilmişdir.

 

[42] 10 oktyabr 2006-cı il tarixli 153-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 922) ilə 22-ci maddənin birinci hissədə “işdən” sözü “əmək funksiyasının icrasından” sözləri ilə əvəz edilmişdir.

 

[43] 10 oktyabr 2006-cı il tarixli 153-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 922) ilə 22-ci maddəyə üçüncü hissə əlavə edilmişdir.

 

[44] 10 oktyabr 2006-cı il tarixli 153-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 922) ilə 23-cü maddənin adında “müdiriyyətin” sözü “işəgötürənin” sözü ilə, birinci hissəsində “Müəssisənin müdiriyyəti ” sözləri “İşəgötürən” sözü ilə əvəz edilmişdir.

 

[45] 10 oktyabr 2006-cı il tarixli 153-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 922) ilə 24-cü maddənin ikinci hissəsindən “kollektiv” sözü çıxarılmışdır.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status