Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Maddə 1. Qanunun məqsədi
Bu Qanun dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin edilməsi qaydasını müəyyən edilir.
Maddə 2. Hakimiyyət səlahiyyətinin verilməsi
Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı qanunvericiliklə müəyyən edilir.
[1]
Maddə 3. Hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləği
Dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə qərar qəbul edildiyi vaxtdan müvafiq səlahiyyətin icrasına görə hər ay vəzifə maaşına qanunvericiliklə müəyyən edilmiş məbləğdə əlavə haqq verilir.
[2]
Maddə 4. Hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın ödənilməsi mənbəyi
Hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın ödənilməsi hakimiyyət səlahiyyətinə malik olan dövlət qulluqçusunun qulluq keçdiyi müvafiq dövlət orqanı üçün dövlət büdcəsində nəzərdə tutulmuş əmək haqqı fondu həddində həyata keçirilir. [3]
Maddə 5. Qanunun qüvvəyə minməsi
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2002-ci il
№ 334-IIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
4 noyabr 2003-cü il tarixli 506-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 12, maddə 671)
2.
28 aprel 2009-cu il tarixli 807-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 399)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
4 noyabr 2003-cü il tarixli 506-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 12, maddə 671) ilə 2-ci maddədə "qanunvericilik və müvafiq icra hakimiyyəti orqanı tərəfindən" sözləri "qanunvericiliklə" sözü ilə əvəz edilmişdir.
[2]
4 noyabr 2003-cü il tarixli 506-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 12, maddə 671) ilə 3-cü maddədə "qanunvericilik və müvafiq icra hakimiyyəti orqanı tərəfindən" sözləri "qanunvericiliklə" sözü ilə əvəz edilmişdir.
[3] 28 aprel 2009-cu il tarixli 807-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 399) ilə 4-cü maddəsində “işlədiyi” sözü “qulluq keçdiyi” sözləri ilə əvəz edilmişdir.