AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
30.08.2005
QEYDİYYAT NÖMRƏSİ
286
ADI
Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 03-09-2005, Nəşr nömrəsi: 204), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2005, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 718)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
03.09.2005
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
020.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə [1]

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Bakı şəhəri dövlət texniki inventarlaşdırma orqanı və Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinin dövlət texniki inventarlaşdırma orqanının strukturunda olan yerli qurumları bütün sənədləri və əmlakı ilə birlikdə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərkibinə verilsin.

3. Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinin dövlət texniki inventarlaşdırma orqanının mərkəzi aparatı ləğv edilsin və onun sənədləri və əmlakı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilsin.

4. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 621; 2005-ci il, №2, maddə 64) 4.1-ci bəndi çıxarılsın.

5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

5.1. üç ay müddətində Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerli qurumlarının işçilərinin statusu barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. bir ay müddətində normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.3. öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Qanunvericiliyə uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak obyektləri üzrə kadastr aparan icra hakimiyyəti orqanlarına tapşırılsın ki, bu Fərmanın 1-ci bəndi ilə təsdiq edilən Əsasnamə qüvvəyə minənədək topladıqları kadastr məlumatlarını üç ay müddətində, Əsasnamə qüvvəyə mindikdən sonra daxil olan kadastr məlumatlarını hər rüb Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etsinlər.

7. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə tapşırılsın ki, daşınmaz əmlakın vahid kadastrının müvafiq məlumatlarını hər rüb qanunvericiliklə müəyyən edilmiş qaydada ayrı-ayrı daşınmaz əmlak obyektləri üzrə kadastr aparan icra hakimiyyəti orqanlarına təqdim etsin.

8. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 avqust 2005-ci il

№ 286

 

Azərbaycan Respublikası Prezidentinin

2005-ci il 30 avqust tarixli 286 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının Daşınmaz

Əmlakın Dövlət Reyestri Xidməti haqqında  [2]

ƏSASNAMƏ

I. ÜMUMİ MÜDDƏALAR

1. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra - Xidmət) Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 188 nömrəli Fərmanı ilə yaradılmışdır.

2. Xidmət Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrini (bundan sonra - dövlət reyestri) tərtib edən və aparan mərkəzi icra hakimiyyəti orqanıdır.

3. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki Məcəlləsini, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

4. Xidmət müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

5. Xidmətin fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

6. Xidmət Bakı şəhərində yerləşir.

II. XİDMƏTİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

7. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

7.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirir;

7.2. daşınmaz əmlakın vahid kadastrını tərtib edir və aparır;

7.3. daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərini aparır və müvafiq texniki sənədləri tərtib edir, habelə bu Əsasnaməyə uyğun olaraq torpaq sahələrinin yeni planını və ölçüsünü çəkir; [3]

7.4. öz səlahiyyətləri daxilində tikililərin, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və əmlak kompleksi kimi müəssisələrin inventar və bazar münasibətlərinə uyğun real dəyərinin müəyyənləşdirilməsini təmin edir.

III. XİDMƏTİN VƏZİFƏLƏRİ

8. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmət aşağıdakı vəzifələri yerinə yetirir:

8.1. paralel olaraq kompüterdən istifadə etmədən istənilən yazı üsulu ilə kağız (yazılı sənədlər) üzərində və kompüterdən istifadə etməklə elektron daşıyıcıları (disk, disket və s.) üzərində dövlət reyestrini tərtib etmək və aparmaq;

8.2. hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək;

8.3. təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq;

8.4. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasını müəyyən etmək;

8.5. hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək;

8.6. qanunla müəyyən edilmiş müddətdə hüquqları dövlət qeydiyyatına almaq, habelə tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququnu və eyni zamanda onun ipoteka ilə yüklülüyünü qabaqcadan qeydiyyata almaq;

8.7. qanunla müəyyən edilmiş hallarda və qaydada hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək;

8.8. dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək;

8.9. pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədləri hüquqların dövlət qeydiyyatı üçün qəbul etməmək;

8.10. dövlət reyestrinə daxil edilən hər bir daşınmaz əmlak obyektinə Azərbaycan Respublikasının ərazisində dəyişməyən, təkrarolunmaz daşınmaz əmlak obyektinin vahid şəkildə olduğunu göstərən daşınmaz əmlakın dövlət reyestr nömrəsi vermək;

8.11. hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədilə dövlət reyestrindən çıxarış vermək;

8.12. qanuna uyğun olaraq daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış vermək və ya belə arayışın verilməsindən imtina etmək;

8.13. hüquq sahibinin sorğusuna əsasən ona məxsus olan daşınmaz əmlak haqqında digər şəxslərə verilən arayışlar barədə qanunla müəyyən edilmiş müddətdə hüquq sahibinə məlumat vermək;

8.14. dövlət reyestrini, ərizə jurnalını və hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər daxil edilən qovluqları daimi saxlamaq;

8.15. qanunla müəyyən edilmiş müddətdə hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək;

8.16. qanunla müəyyən edilmiş hallarda məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını ləğv etmək;

8.17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını aparmış dövlət orqanlarının verdikləri bu Qanuna uyğun olaraq dövlət reyestrində saxlanılmalı olan məlumatları dövlət reyestrinə daxil etmək;

8.18. qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim edilən Azərbaycan Respublikasının dövlət əmlakının Registrinə daxil olan məlumatları, o cümlədən daşınmaz dövlət əmlakının istifadəyə və icarəyə verilməsinə, habelə girova qoyulmasına dair əqdlərin qeydiyyatı haqqında məlumatları, daşınmaz əmlakın ipotekası barəsində verilən qiymətli kağızlar haqqında məlumatları dövlət reyestrinə daxil etmək;

8.19. qanunvericiliklə müəyyən edilmiş qaydada yaşayış fondundan qeyriyaşayış fonduna və ya əksinə keçirilmiş daşınmaz əmlak obyektləri barədə məlumatları dövlət reyestrinə daxil etmək;

8.20. daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və təsvir edilməsini təmin etmək məqsədilə daşınmaz əmlakın vahid kadastrını tərtib etmək və aparmaq;

8.21. ayrı-ayrı daşınmaz əmlak obyektləri üzrə kadastr tərtib edən və aparan icra hakimiyyəti orqanlarının qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim etdikləri məlumatları daşınmaz əmlakın vahid kadastrına daxil etmək;

8.22. daşınmaz əmlakın vahid kadastrının məlumatlarını sorğu əsasında dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə vermək;

8.23. üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, əmlak kompleksi kimi müəssisələr olan torpaq sahələrinin (üzərində dövlət müəssisə və obyektləri olan torpaq sahələri istisna olmaqla) bir hissəsi üzərində hüquqların, həmin hüquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) hallarında bu hissənin yeni planını və ölçüsünü çəkmək; [4]

8.24. tikililərin, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və əmlak kompleksi kimi müəssisələrin (dövlət müəssisə və obyektləri istisna olmaqla) inventarlaşdırılmasını aparmaq;

8.25. inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan müvafiq texniki sənədlər tərtib etmək; [5]

8.26. qanunla müəyyən edilmiş hallarda və qaydada tikililərin, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və əmlak kompleksi kimi müəssisələrin (dövlət müəssisə və obyektləri istisna olmaqla) inventar və bazar münasibətlərinə uyğun real dəyərinin müəyyənləşdirilməsini təmin etmək;

8.27. dövlət reyestrinə daxil edilmiş daşınmaz əmlakın inventar və bazar münasibətlərinə uyğun real dəyəri üzrə məlumat bankını yaratmaq;

8.28. daşınmaz əmlakın inventar və bazar münasibətlərinə uyğun real dəyəri haqqında məlumatı sorğu əsasında dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə vermək;

8.29. öz səlahiyyətləri daxilində aşkar olunan qanun pozuntuları haqqında qanunvericiliyə uyğun tədbirlər görülməsini təmin etmək;

8.30. Xidmətin fəaliyyəti barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabatlar vermək;

8.31. öz səlahiyyətlərinə aid olan məsələlər barəsində qanunvericilik aktlarına dair təkliflər vermək; [6]

8.32. Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;

8.33. Xidmətin işçilərinin sosial vəziyyətinin və mədəni-məişət şəraitinin yaxşılaşdırılmasının təmin edilməsi üçün öz səlahiyyətləri daxilində tədbirlər görmək;

8.34. Xidmətin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görmək;

8.35. qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

IV. XİDMƏTİN HÜQUQLARI

9. Xidmət öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1. öz səlahiyyətləri daxilində dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

9.2. öz səlahiyyətlərinə aid olan məsələlər barəsində qanunvericilik aktlarının layihəsini hazırlamaq və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;

9.3. qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətlərinə dair məsələlərin icrası ilə bağlı təlimatlar, qaydalar və digər normativ aktlar hazırlamaq, digər icra hakimiyyəti orqanları ilə razılaşdıraraq təsdiq etmək;

9.4. aidiyyəti icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyət göstərmək;

9.5. xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

9.6. Xidmətin səlahiyyətlərinə aid məsələlərə dair metodik materiallar və tövsiyələr hazırlamaq;

9.7. qanuna uyğun olaraq Xidmətin xüsusi hesabına ödənilən haqdan Xidmətin ehtiyacları üçün istifadə etmək;

9.8. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

9.9. xarici, yerli hüquqi və fiziki şəxslərdən qrant və yardımlar almaq;

9.10. qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V. XİDMƏTİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

10. Xidmətin mərkəzi aparatı və onun strukturunda olan yerli qurumları, habelə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Xidmətin vahid sistemini təşkil edir. [7]

11. Xidmətin strukturu və işçilərinin ümumi say tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir. Xidmətin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. [8]

12. Xidmətin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir. Rəis Xidmətə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

13. Xidmətin rəisinin Azərbaycan Respublikasının Baş naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini var.

14. Xidmətin rəisi:

14.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

14.2. Xidmətin mərkəzi aparatının struktur bölmələrinin əsasnamələrini təsdiq edir;

14.3. müəyyən edilmiş əməkhaqqı fondu və işçilərin say həddi daxilində Xidmətin mərkəzi aparatının və onun strukturunda olan yerli qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir; [9]

14.4. Xidmətin mərkəzi aparatının və yerli qurumlarının işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür; [10]

14.5. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

14.6. Xidmətin rəis müavinləri arasında vəzifə bölgüsünü aparır;

14.7. Xidməti təmsil edir.

15. Xidmətdə rəisdən (kollegiyanın sədri), Xidmətin rəis müavinlərindən, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisindən və Xidmətin rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Xidmətin kollegiyasının tərkibinə həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər. [11]

16. Xidmətin kollegiyasının üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

17. Xidmətin kollegiyası öz iclaslarında Xidmətin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.

18. Xidmətin kollegiya iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Xidmətin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir və protokolla rəsmiləşdirilir və bir qayda olaraq rəsmi əmr və sərəncamları ilə həyata keçirilir.

19. Xidmətin kollegiyasının qərarının qəbul edilməsində kollegiyanın sədri ilə üzvləri arasında fikir ayrılığı yarandıqda sədr öz qərarını həyata keçirir və yaranan fikir ayrılığı barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verir.

20. Xidmətin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.

21. Xidmətin kollegiyasının iclaslarına, zəruri hallarda, iştirak etmək üçün digər icra hakimiyyəti orqanlarının və təşkilatların rəhbərləri dəvət edilə bilər.

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       27 yanvar  2006-cı il tarixli 356 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 1, maddə 11)

2.       25 may  2006-cı il tarixli 411 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 409)

3.       21 iyun 2007-ci il tarixli 593 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №6, maddə 606)

4.       11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970)

5.       24 iyun 2009-cu il tarixli 116 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 28 iyun 2009-cu il, № 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 6, maddə 428)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 21 iyun 2007-ci il tarixli 593 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №6, maddə 606) ilə Fərmanın adında, preambulasında, 1-3-cü, 6-7-ci bəndlərində və 5.1-ci yarımbəndində «Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında» sözləri «Azərbaycan Respublikasının» sözləri ilə əvəz edilmişdir.

 

24 iyun 2009-cu il tarixli 116 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 28 iyun 2009-cu il, № 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 6, maddə 428) ilə ləğv edilmişdir.

 

[2] 21 iyun 2007-ci il tarixli 593 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №6, maddə 606) ilə «Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin adında və 1-ci bəndində «Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında» sözləri «Azərbaycan Respublikasının» sözləri ilə əvəz edilmişdir.

 

[3] 25 may  2006-cı il tarixli 411 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 409) ilə 7.3-cü bənddə “və öz səlahiyyətləri daxilində mərzçəkmə işlərini aparır, habelə müvafiq texniki sənədləri tərtib edir” sözləri “işlərini aparır və müvafiq texniki sənədləri tərtib edir, habelə bu Əsasnaməyə uyğun olaraq torpaq sahələrinin yeni planını və ölçüsünü çəkir” sözləri ilə əvəz edilmişdir.

 

[4] 25 may  2006-cı il tarixli 411 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 409) ilə 8.23-cü bənddə “sahələrində” sözü “sahələrinin” sözü ilə, “mərzçəkmə işlərini aparmaq” sözləri “bir hissəsi üzərində hüquqların, həmin hüquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) hallarında bu hissənin yeni planını və ölçüsünü çəkmək” sözləri ilə əvəz edilmişdir.

 

[5] 25 may  2006-cı il tarixli 411 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 409) ilə 8.25-ci bənddən “mərzçəkmə və” sözləri çıxarılmışdır.

 

[6] 25 may  2006-cı il tarixli 411 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 409) ilə  8.31-ci bənddə “aktlarının hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək” sözləri “aktlarına dair təkliflər vermək” sözləri ilə əvəz edilmişdir.

 

       [7] 27 yanvar  2006-cı il tarixli 356 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 1, maddə 11) ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə” nin 10-cu bəndinin birinci cümləsində “qurumları” sözündən sonra “,habelə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti” sözləri əlavə edilmiş və ikinci cümləsi çıxarılmışdır.

Ikinci cümlə əvvəlki redaksiyada deyilirdi:

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Xidmətin ümumi strukturuna daxildir

 

 

                21 iyun 2007-ci il tarixli 593 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №6, maddə 606) ilə  «Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 10-cu bənddə «Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin yanında» sözləri «Naxçıvan Muxtar Respublikasının» sözləri ilə əvəz edilmişdir.

 

[8] 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970) ilə «Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə 11-ci bənddə «Xidmətin» sözündən sonra «strukturu və» sözləri və yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[9] 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970) ilə «Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə 10-cu və 14.3-cü bəndlərdə «onun strukturunda olan yerli» sözləri çıxarılmışdır.

 

 

[10] 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970) ilə «Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə 14.4-cü bənddə «yerli» sözü çıxarılmışdır.

[11] 21 iyun 2007-ci il tarixli 593 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №6, maddə 606) ilə  «Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 15-ci bənddə «Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin yanında» sözləri «Naxçıvan Muxtar Respublikasının» sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status