×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
14.06.2005
QEYDİYYAT NÖMRƏSİ
926-IIQ
ADI
Ailə kəndli təsərrüfatı haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 23-11-2005, Nəşr nömrəsi: 271), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2005, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 992)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.11.2005
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
150.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Ailə kəndli təsərrüfatı haqqında

Ailə kəndli təsərrüfatı haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun Azərbaycan Respublikasında ailə kəndli təsərrüfatı fəaliyyətinin hüquqi və təşkilati əsaslarmı müəyyən edir.

 

I fəsil

ÜMUMİ MÜDDƏALAR

 

M a d d ə 1. Ailə kəndli təsərrüfatı anlayışı

 

1.1.    Ailə kəndli təsərrüfatı-ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətinin (məhsulların istehsalını, emalını, saxlanmasını, daşınmasını və satılmasını) birgə həyata keçirilməsidir.

1.2.    Ailə kəndli təsərrüfatının tərkibi bir nəfərdən, ailə üzvlərindən və onlarla qohumluq və ya digər münasibətlər əsasında birgə fəaliyyət göstərən şəxslərdən ibarət ola bilər.

1.3.    Ailə kəndli təsərrüfatı kənd yerlərində qanunvericiliklə qadağan olunmayan və məhdudiyyət qoyulmayan bütün iqtisadi fəaliyyət növləri ilə məşğul olan təsərrüfatçılıq subyektidir və onun fəaliyyəti sahibkarlıq sayılmır.

1.4.    Ailə kəndli təsərrüfatının statusu onların uçotunu aparan orqan tərəfindən ailə üzvlərinə təqdim edilən sənədlə rəsmiləşdirilir. [1]

1.5.    Ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və müvafiq icra hakimiyyəti orqanının təklifi əsasında dəyişdirilir. [2]

1.6.    Ailə kəndli təsərrüfatı bu Qanunla müəyyən edilmiş qaydada uçota alındığı gündən fəaliyyətə başlamış hesab olunur.

1.7.    Ailə kəndli təsərrüfatı onun üzvlərinin seçdiyi təsərrüfat başçısı tərəfindən idarə edilir.

 

M a d d ə 2. Ailə kəndli təsərrüfatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

 

Ailə kəndli təsərrüfatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, Azərbaycan Respublikasının Torpaq Məcəlləsindən, Azərbaycan Respublikasının başqa qanunlarından, bu Qanundan, habelə bunlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.

 

M a d d ə 3. Ailə kəndli təsərrüfatı haqqında qanunvericiliyin məqsədi

 

Ailə kəndli təsərrüfatı haqqında qanunvericiliyin məqsədi kənd yerlərində ailə əməyinə əsaslanan təsərrüfatların inkişafının dəstəklənməsi, özünü-məşğulluğun stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, alternativ gəlir mənbələrinin genişləndirilməsi və kənd yerlərinin inkişafının sürətlən-dirilməsidir.

 

M a d d ə 4. Qanunun əhatə dairəsi

 

4.1.   Bu Qanun mülkiyyətində və icarəsində olan torpaq və əmlakdan istifadə etməklə bu Qanunla müəyyən edilmiş qaydada və şərtlərlə kənd yerlərində fəaliyyət göstərən fiziki şəxslərə şamil edilir.

4.2.   Kənd yerlərində fəaliyyət göstərən hüquqi şəxslər, sahibkarlıqla məşğul olan fiziki şəxslər və bağçılıq təsərrüfatları ailə kəndli təsərrüfatına aid edilmir.

 

M a d d ə 5. Ailə kəndli təsərrüfatının uçotu

 

5.1.   Ailə kəndli təsərrüfatının uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

5.2.      Ailə kəndli təsərrüfatının uçotunu müvafiq ərazilər üzrə bələdiyyələr aparır. Bələdiyyələr tərəfindən ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən, məzmunu və təqdim edilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vəsiqə verilir. Vəsiqənin təqdim edilməsi üçün haqq ödənilmir. [3]

5.3.   Ailə kəndli təsərrüfatının dövlət qeydiyyatına alınması tələb olunmur.

 

II fəsil

AİLƏ KƏNDLİ TƏSƏRRÜFATININ TƏŞKİLİ

 

M a d d ə 6. Ailə kəndli təsərrüfatının əmlakı

 

6.1.     Təsərrüfat fəaliyyətini həyata keçirmək üçün ailə kəndli təsərrüfatının əmlakı onun mülkiyyətində və ya icarəsində olan torpaq sahələri, tikililər, qurğular və digər istehsal və qeyri-istehsal vasitələri, mal-material qalıqları, pul vəsaiti və başqalarından ibarətdir.

6.2.   Ailə kəndli təsərrüfatının istifadə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq təsərrüfat üzvlərindən birinin mülkiyyətində, üzvlərin ümumi paylı və ümumi birgə mülkiyyətində və ya icarəsində ola bilər.

6.3.  Müvafiq yaşayış məntəqəsində daimi yaşayan və qeydiyyatda olan torpaq payı almamış vətəndaşlar və istefaya çıxmış hərbi qulluqçular dövlət və bələdiyyə torpaqlarından qanunvericiliyə uyğun qaydada istifadə etməklə ailə kəndli təsərrüfatı kimi fəaliyyət göstərmək istədikdə torpağı icarəyə götürməkdə və ya satın almaqda üstünlük hüququna malikdirlər.

6.4.   Ailə kəndli təsərrüfatının əmlakının və torpaq sahəsinin dövriyyəsi Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

6.5.   Ailə kəndli təsərrüfatında əmlakın istifadəsindən əldə edilən fayda (gəlir, artım, bəhər və başqa formalarda) təsərrüfat üzvlərinin ümumi birgə mülkiyyətidir və qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan qaydada təsərrüfat başçısı tərəfindən bölünür.

 

M a d d ə 7. Ailə kəndli təsərrüfatının hüquqları

 

7.1. Ailə kəndli təsərrüfatının aşağıdakı hüquqlar vardır:

7.1.1.  torpağı və digər əmlakı əsasında qanunvericiliyə uyğun olaraq müstəqil fəaliyyət göstərmək, əmlakının və əldə etdiyi faydanın istifadəsinə müstəqil sərəncam vermək;

7.1.2.  bank və digər kredit təşkilatlarında hesablar açmaq, kredit ittifaqlarının üzvü olmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada onların xidmətlərindən istifadə etmək;

7.1.3.  qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyətçilərdən torpaq və əmlakı satin almaq və ya icarəyə götürmək;

7.1.4.  müəyyən edilmiş qaydada beynəlxalq təşkilatlardan və fondlardan müvafiq yardımlar almaq;

7.1.5.  müvafiq qanunvericiliyə uyğun birliklər yaratmaq və kooperasiya əlaqələri qurmaq:

7.1.6.  qanunvericiliklə müəyyən edilən əmək pensiyası ilə təmin olunmaq və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada dövlət sosial yardımlar almaq;

7.1.7.  qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmlakını sığorta etdirmək, dəymiş ziyanın və itkilərin əvəzini almaq və qanunvericiliklə müəyyən edilmiş digər hüquqları.

7.2. Ailə kəndli təsərrüfatı üzvlərinin hüquqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müdafiə olunur.

 

M a d d ə 8 Ailə kəndli təsərrüfatının vəzifələri

 

8.1. Ailə kəndli təsərrüfatının vəzifələri aşağıdakılardır:

8.1.1. torpaq sahəsinin məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq səmərəli istifadə olunmasını təmin etmək:

8.1.2. torpaqların münbitliyini təmin edən müvafiq aqrotexniki, iqtisadi və təşkilati tədbirləri həyata keçirmək;

8.1.3. torpaq, su, meşə və ətraf mühitin mühafizəsi haqqında qanunvericilik aktlarının tələblərinə riayət etmək;

8.1.4. qanunla müəyyən edilmiş vergiləri, məcburi dövlət sosial sığorta haqlarını və digər ödənişləri vaxtında ödəmək;

8.1.5. istehsal etdiyi məhsulların, gördüyü iş və xidmətlərin keyfiyyətinə dair sanitariya, ekoloji və digər tələblərə, standartlara əməl etmək:

8.1.6. fəaliyyət göstərdiyi yaşayış məntəqəsinin müvafiq bələdiyyəsində uçota durmaq;

8.1.7. müvafiq icra hakimiyyəti orqanlarının və bələdiyyələrin öz səlahiyyətləri daxilində onların fəaliyyətinə aid qanunvericiliyə uyğun tələblərini yerinə yetirmək; [4]

8.1.8. öz fəaliyyəti haqqında qanunvericiliklə müəyyən olunmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanlarına və bələdiyyələrə hesabatlar təqdim etmək;

8.1.9. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

8.2. Ailə kəndli təsərrüfatının üzvləri bu maddədə göstərilən vəzifələri yerinə yetirmədikdə müvafiq qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

 

M a d d ə 9. Ailə kəndli təsərrüfatı ilə dövlət orqanları və bələdiyyələrin qarşılıqlı münasibətləri

 

9.1.  Ailə kəndli təsərrüfatı ərazinin iqtisadi və sosial inkişafını təmin edən sahəvi və regional proqramların hazırlanması və həyata keçirilməsində dövlət orqanları və bələdiyyələr ilə könüllü olaraq qarşılıqlı fəaliyyət göstərə bilər.

9.2.  Dövlət orqanlarının və bələdiyyələrin qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla ailə kəndli təsərrüfatının fəaliyyətinə müdaxilə etmələrinə yol verilmir.

9.3.  Müvafiq dövlət orqanlarının və bələdiyyələrin öz səlahiyyətləri daxilində ailə kəndli təsərrüfatından qanunvericiliyə əməl etməsini tələb etmək hüququ vardır.

9.4.  Ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarı keçdikdə o, sahibkarlıq fəaliyyətinin subyekti kimi fəaliyyət göstərir.

 

M a d d ə 10. Ailə kəndli təsərrüfatına dövlət orqanlarının və bələdiyyələrin himayəsi

 

10.1.     Ailə kəndli təsərrüfatına dövlət himayəsi digər təsərrüfatçılıq subyektləri üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan qaydada şamil edilir.

10.2.     Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr müvafiq proqramlar çərçivəsində ailə kəndli təsərrüfatının dəstəklənməsinə maliyyə vəsaiti nəzərdə tuta bilərlər və öz səlahiyyətləri daxilində ailə kəndli təsərrüfatının inkişafı üçün aşağıdakı istiqamətlərdə kömək göstərə bilərlər:

10.2.1.   istehsal və sosial infrastrukturunun formalaşması və yerlərdə ailə kəndli təsərrüfatına xidmət edən tədarük, emal, ticarət və təchizat təşkilatları şəbəkəsinin təşkili və inkişaf etdirilməsinin stimullaşdırılması;

10.2.2.   aqroservis, aqrokimyəvi, zoobaytarlıq və digər xidmətlərin təşkilinin, həmçinin toxum, əkin materialı, cins mal-qara və quş, avadanlıq və ləvazimat ilə təminatın, mütərəqqi texnika və texnologiyaların tətbiqinin dəstəklənməsi, ekoloji təmiz istehsalın təşviqi;

10.2.3.  ailə kəndli təsərrüfatına güzəştli kreditlərin verilməsinin və lizinq xidməti göstərilməsinin dəstəklənməsi;

10.2.4.  ailə kəndli təsərrüfatında məşğulluğun artırılmasını təmin edən xalq sənətkarlığının, yaşıl turizmin, ənənəvi və qeyri-kənd təsərrüfatı fəaliyyət sahələrinin inkişaf etdirilməsinin dəstəklənməsi;

10.2.5. ailə kəndli təsərrüfatı üzvlərinə elmi və informasiya-məsləhət xidməti göstərilməsinin, onların peşə hazırlığı və yenidən hazırlığının təşkili;

10.2.6.  nailiyyətlərin nümayişi, öyrənilməsi və tətbiqinin genişləndirilməsi məqsədilə müsabiqələrin, sərgilərin, seminarların və təcrübə mübadiləsinin təşkil edilməsi;

10.2.7.  ailə kəndli təsərrüfatına istehsal etdiyi məhsulları şəhər və rayon mərkəzlərində maneəsiz satmaq üçün ödənişsiz əsasda daimi satış yerlərinin ayrılması, həftəlik və mövsümi sərgi-yarmarkaların təşkil edilməsi;

10.2.8.  ailə kəndli təsərrüfatının kooperasiya əlaqələrinin təşviqi;

10.2.9.  daxili bazarın monitorinqinin aparılması və haqsız rəqabətin qarşısının alınması və digər istiqamətlərdə.

 

M a d d ə 11. Ailə kəndli təsərrüfatı üzvlərinin əmək münasibətləri, məcburi dövlət sosial sığortası və pensiya təminatı

 

Ailə kəndli təsərrüfatının üzvləri arasında əmək münasibətləri, onların sosial sığortası və pensiya təminatı Azərbaycan Respublikasının əmək, sosial sığorta və pensiya təminatı haqqında qanunvericiliyi ilə tənzimlənir.

 

M a d d ə 12. Ailə kəndli təsərrüfatının statusunun itirilməsi və ləğv edilməsi

 

12.1. Ailə kəndli təsərrüfatı aşağıdakı hallarda statusunu itirir:

12.1.1.  ailə kəndli təsərrüfatının illik dövriyyəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən həddən çox olduqda;

12.1.2.  ailə kəndli təsərrüfatı üzvləri bu təsərrüfatçılıq formasından könüllü imtina etdikdə;

12.1.3.  sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda.

12.2. Ailə kəndli təsərrüfatı aşağıdakı hallarda ləğv edilir:

12.2.1.   ailə kəndli təsərrüfatının üzvlərindən və ya onların varislərindən heç kim qalmadıqda;

12.2.2.   ailə kəndli təsərrüfatının istifadə etdiyi torpaq sahəsinə və digər əmlaka mülkiyyət və ya icarə hüququna xitam verildikdə.

12.3.     Ailə kəndli təsərrüfatı ləğv edildikdə əmlak münasibətləri Azərbaycan Respublikasının ailə, mülki və torpaq qanunvericiliyinə uyğun həyata keçirilir.

 

III fəsil

AİLƏ KƏNDLİ TƏSƏRRÜFATI HAQQINDA QANUNVERİCİLİYİN POZULMASINA GÖRƏ MƏSULİYYƏT VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ

 

M a d d ə 13. Ailə kəndli təsərrüfatı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

 

Ailə kəndli təsərrüfatı haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. [5]

 

M a d d ə 14. Mübahisələrin həlli

 

Ailə kəndli təsərrüfatının fəaliyyəti ilə bağlı mübahisəli məsələlər inzibati və məhkəmə qaydasında həll olunur. [6]

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 iyun 2005-ci il

    № 926-IIQ

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       29 noyabr 2016-cı il tarixli 424-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 yanvar 2017-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 12)

2.       22 iyun 2021-ci il tarixli 353-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul 2021-ci il, № 146, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 707)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 22 iyun 2021-ci il tarixli 353-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul 2021-ci il, № 146, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 707) ilə 1.4-cü maddədə “verilən” sözü “təqdim edilən” sözləri ilə əvəz edilmişdir.

 

[2] 29 noyabr 2016-cı il tarixli 424-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 yanvar 2017-ci il, № 9, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 12) ilə 1.5-ci maddədə “vaxtaşırı” sözü “müvafiq icra hakimiyyəti orqanının təklifi əsasında” sözləri ilə əvəz edilmişdir.

 

[3] 22 iyun 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul 2021-ci il, № 146) ilə 5.2-ci maddənin ikinci cümləsində “forması və verilmə” sözləri “məzmunu və təqdim edilmə” sözləri ilə və üçüncü cümləsində “verilməsi” sözü “təqdim edilməsi” sözləri ilə əvəz edilmişdir.

 

[4] 29 noyabr 2016-cı il tarixli 424-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 yanvar 2017-ci il, № 9, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 12) ilə 8.1.7-ci və 9.3-cü maddələrdən, 10.2-ci maddənin birinci abzasından “öz səlahiyyətləri daxilində” sözləri çıxarılmışdır.

 

[5] 29 noyabr 2016-cı il tarixli 424-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 yanvar 2017-ci il, № 9, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 12) ilə 13-cü maddədə “qanunvericiliyində” sözü “qanunlarında” sözü ilə əvəz edilmişdir.

 

[6] 29 noyabr 2016-cı il tarixli 424-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 yanvar 2017-ci il, № 9, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 12) ilə 14-cü maddədə “öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən və ya” sözləri “inzibati və” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status