AKTIN NÖVÜ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
27.04.2004
QEYDİYYAT NÖMRƏSİ
4-2
ADI
Uşaqlı ailələrə müavinətlərin təyin edilməsi və ödənilməsi qaydaları haqqında Təlimat
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Normativ Aktlarının Bülleteni (Dərc olunma tarixi: 31-05-2004, Nəşr nömrəsi: 05)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
030.000.000
080.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
3057
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
"Dövlət qeydiyyatına alınmışdır

“Dövlət qeydiyyatına alınmışdır.”

Azərbaycan Respublikasının

Ədliyyə Nazirliyi

Qeydiyyat №-3057

“17” may 2004-cü il

 

Nazir ______________F.Məmmədov

Təsdiq edilmişdir:

Azərbaycan Respublikasının

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının

“27” aprel 2004-cü il  tarixli

“4-2” nömrəli qərarı

Nazir_____________Ə.Nağıyev

 

Razılaşdırılmışdır:

Azərbaycan Respublikasının

Maliyyə Nazirliyi

“14” aprel 2004-cü il

 

Nazir________________Ə.Ələkbərov

 

Razılaşdırılmışdır:

Azərbaycan Respublikasının

Dövlət Sosial Müdafiə Fondu

“02” aprel 2004-cü il

 

Sədr_________________S.Müslümov

 

Uşaqlı ailələrə müavinətlərin təyin edilməsi və ödənilməsi qaydaları haqqında

TƏLİMAT [1]

 

1. ÜMUMİ MÜDDƏALAR

1.1. Bu Təlimat Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında” 04 avqust 2003-cü il tarixli 908 nömrəli Fərmanına, Azərbaycan Respublikası Prezidentinin “Bəzi kateqoriyadan olan vətəndaşlara təyin edilən aylıq və birdəfəlik müavinətlərin məbləği barədə” 1999-cu il 08 noyabr tarixli 201 nömrəli Fərmanına,  “Aztəminatlı ailələrə verilən müavinətlərin artırılması haqqında” Azərbaycan Respublikası  Prezidentinin 22 may 1996-cı il tarixli 315 nömrəli Sərəncamına, “Aztəminatlı ailələrə verilən müavinətlərin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 22 may 1996-cı il tarixli 315 nömrəli Sərəncamına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 1997-ci il tarixli 468 nömrəli Sərəncamına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin  “Yetim və valideyn himayəsindən məhrum uşaqları qəyyumluğa (himayəyə) götürmüş şəxslərə pul müavinəti ödənilməsi barədə” 02 fevral 1995-ci il tarixli 22 nömrəli Qərarına əsasən  hazırlanmışdır və uşaqlı ailələrə müavinətlərin təyin edilməsi və ödənilməsi  qaydalarını müəyyən edir.

2. MÜAVİNƏTLƏRİN NÖVLƏRİ VƏ MƏBLƏĞİ

2.1 Uşaqlı  ailələrə qanunvericiliklə aşağıdakı müavinətlər təyin edilir:

2.1.1. Valideynlərdən biri və yaxud hər ikisi şəhid olmuş ailədə hər bir uşağın 16 yaşı (şagirdlər üçün 18 yaş) tamam olanadək onların hər birinə 35 min manat məbləğində aylıq müavinət;

2.1.2. Çernobıl Atom Elektrik Stansiyasının qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılmasında iştirak etmiş şəxslərin dispanser qeydiyyatında olan uşaqlarının hər birinə 25 min manat məbləğində aylıq müavinət;

2.1.3. Ailədə adambaşına düşən orta aylıq gəlirin 16500 manatdan az olduğu hallarda uşaq doğulduğu aydan başlayaraq 16 yaşa çatanadək (təqaüd almayan məktəblilər 18 yaşınadək) verilən 9000 manat məbləğində aylıq müavinət;

2.1.4. Uşağın valideyni müddətli həqiqi hərbi xidmətdə olduğu dövrdə 12500 manat məbləğində aylıq müavinət;

2.1.5. Müharibə əlillərinin və 20 yanvar hadisələri zamanı əlil olanların uşaqlarına  20000 manat məbləğində aylıq müavinət;

2.1.6. Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə)şərti maliyyə vahidinin bir misli məbləğində təyin olunan aylıq müavinət;

2.1.7. Uşaq doğularkən 70 min manat məbləğində birdəfəlik müavinət.

2.2. Əmək haqqına yüksək dağlıq yerlərində yaşamağa görə əmsalların hesablandığı yerlərdə yaşayan ailələrə bütün növ aylıq müavinətlərin məbləği yüksəkliyə görə əmsallar tətbiq olunmaqla müəyyən edilir.

3. MÜAVİNƏTLƏRİN TƏYİN OLUNMASI QAYDALARI VƏ MÜDDƏTLƏRİ

3.1. Bu Təlimatın 2.1.1., 2.1.2., 2.1.4., 2.1.5., 2.1.6., 2.1.7. yarımbəndlərində göstərilən   müavinətlər ailənin  gəlirindən asılı olmayaraq təyin edilir.

3.2. Bu Təlimatın 2.1.3 yarımbəndi üzrə  müavinət almaq hüququ işləyənlər ücün  ailənin  müavinət üçün müraciət edilən aydan əvvəlki altı ayın, kəndli (fermer) təsərrüfatında və mövsümi işlərdə çalışanlar və işləməyənlər üçün müraciət edilən ildən əvvəlki ilin gəliri üzrə müəyyən edilir.

Bu növ müavinətlərin təyin olunması üçün ailədə adambaşına düşən orta aylıq gəlir 16500 manatdan artıq olmamalıdır. Yüksəkliyə görə əmsalların hesablandığı yerlərdə yaşayan ailələrdəki uşaqların müavinət hüququ müəyyən edilərkən bu məbləğ yüksəkliyə görə əmsallar tətbiq olunmaqla müəyyən olunur.

3.3. Alimentdən könüllü imtina etmiş şəxslərin uşaqlarına müavinət hüququ ümumi əsaslarla ailənin gəliri üzrə müəyyən edilir.

3.4. Adambaşına düşən aylıq gəliri 16500 manatdan çox olmayan ailələrin uşaqlarına müavinət uşağın 16 yaşı (təqaüd almayan məktəblilər 18 yaşı ) tamam olan aydan artıq olmamaqla işləyənlər üçün (kəndli (fermer) təsərrüfatında və mövsümi işlərdə çalışanlar istisna olmaqla) altı aylıq, kəndli (fermer) təsərrüfatında və mövsümi işlərdə çalışanlar və işləməyənlər üçün isə illik təyin edilir.

Şəhid ailələrinin, 20 yanvar hadisələri  zamanı  əlil  olanların,  müharibə əlillərinin, müddətli  hərbi  xidmət  qulluqçularının,  ÇAES  qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılmasında iştirak etmiş şəxslərin dispanser qeydiyyatında olan uşaqlarına müavinət uşağın 16 yaşı (təqaüd almayan məktəblilərin 18 yaşı) tamam olan aydan artıq olmamaqla illik təyin edilir.

3.5. Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına müavinət qəyyumluq müddəti, lakin  uşağın 16 yaşından (təqaüd almayan məktəblilər 18 yaşından) artıq olmayan müddət üçün hər bir uşağa görə təyin edilir.

3.6. Uşaqlı ailələrə aylıq müavinətlər həmin müavinətin təyin edilməsi haqqında ərizə və bütün lazımi sənədlərlə birlikdə onları almaq hüququ yaranan aydan 3 ay gec olmayaraq müraciət edildikdə, müavinət hüququ yaranan aydan, 3 aydan gec müraciət edildikdə isə müraciətdən əvvəlki müddət üçün, lakin 3 aydan çox olmamaq şərtilə təyin edilir və ödənilir.

3.7. Uşaq doğularkən birdəfəlik müavinət müraciət edilmə müddətindən asılı olmayaraq təyin olunub ödənilir.

3.8. Övladlığa götürülmüş uşaqlar doğma uşaqlara bərabər tutulur və müavinət ümumi əsaslarla təyin edilib ödənilir. Ögey ata və ögey ana ilə yaşayan uşaqlara yaşadıqları ailədə ümumi qaydada müavinət təyin edilir.

3.9. Tam dövlət təminatında olan uşaqlara  müavinət verilmir.

4. ORTA AYLIQ GƏLİRİN MÜƏYYƏN EDİLMƏSİ

4.1. Ailədə adambaşına düşən orta aylıq gəlir müəyyən edilərkən ailənin tərkibində ər, arvad, onların 18 yaşadək (əyani təhsil alanlar 23 yaşadək) uşaqları nəzərə alınır.

4.2. Uşaq doğulduğu aydan başlayaraq 16 (təqaüd almayan məktəblilər 18) yaşına çatanadək müavinət almaq hüququ müəyyən edilərkən ailənin ümumi gəlirinə aşağıdakılar daxil edilir:

a) əmək haqqı, eləcə də əvəzçilik üzrə əmək haqqı (işçinin tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əmək haqqına əlavələr (artım əmsalları), əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar);

b) pensiyaların bütün növləri və onların üzərinə hesablanan ayrı-ayrı müavinətlər;

c) təqaüdlər;

ç)fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə, o cümlədən kəndli (fermer) təsərrüfatında məşğul olanların və muzdla işləyənlərin, eləcə də  kooperativ üzvlərinin və kooperativdə müqavilə ilə işləyənlərin qazancı;

Bu şəxslərin qazancı Azərbaycan Respublikası Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa  müvafiq olaraq sosial sığorta haqqını ödədikləri barədə verilmiş sənədlər əsasında müəyyən olunur.

d) əmək  vəzifələrini yerinə yetirərkən xəsarət almış və ya peşə xəstəliyinə tutulmuş işçilərə zərərin əvəzinə ödənilən məbləğlər;

e) müavinət almaq hüququ müəyyən edilərkən ödənilən alimentlər ailənin məcmu gəlirindən çıxılır, alınan alimentlər isə nəzərə alınır;

ə) uşaq üç yaşa çatanadək ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyət dövründə verilən müavinət;

f) məzuniyyət haqqı, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma görə müavinətlər;

g) işsizliyə görə müavinət;

ğ) nahar yeməyi üçün verilən pul kompensasiyaları (əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri istisna olmaqla).

4.3. Valideynlərdən biri başqa dövlətdə yaşayır və ya işləyirsə onun gəliri mövcud rəsmi kursla Azərbaycan milli manatına çevirməklə nəzər alınır.

4.4. Ailədə adam başına düşən orta aylıq gəlir müəyyən olunarkən ailənin ümumi gəliri gəlirin nəzərə alındığı ayların sayına müvafiq olaraq 6-ya və ya 12-yə, alınan məbləğ isə ailə üzvlərinin sayına bölünür.

Ailədə adambaşına düşən gəlirin 6 aylıq qazancdan hesablandığı hallarda illik mükafatlar yarıya bölünməklə, illik gəlirdən hesablandığı hallarda isə tam məbləğdə yalnız bir dəfə nəzərə alınır.

Əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar ödəniş sənədinə daxil edildiyi ayda, məzuniyyət haqqı, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma görə müavinətlər isə aid olduğu dövrün gəlirində hesaba alınır.

4.5. Yetim və valideyn himayəsindən məhrum olmuş və qəyyum himayəsinə verilmiş uşaqların müavinət hüququ müəyyən edilərkən qəyyumun gəliri ümumi gəlirə daxil edilmir.

Ümumi gəlirdə yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlara ailə başçısını itirməyə görə ödənilmiş pensiyanın bir aylıq məbləği nəzərə alınır.

5. MÜAVİNƏTİ TƏYİN EDƏN ORQANLAR

5.1. Uşaqlı ailələrə müavinət işləyib-işləməməsindən asılı olmayaraq ailənin yaşayış yeri üzrə rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərində yaradılmış komissiya tərəfindən təyin edilir.

5.2. Müavinət təyinatı üçün ərizələrin qəbulu və sənədlərin vaxtında rəsmiləşdirilməsi məsələsi rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərində müavinətlər üzrə səlahiyyətli şəxsə həvalə olunur.

5.3. Rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərində müavinət təyinatı üçün sənədləri müavinətlər üzrə səlahiyyətli şəxs qəbul edir və müavinət təyin edilməsi üzrə komissiyanın müzakirəsinə hazırlayır. Ərizəyə sənədlər tam əlavə olunmadıqda, çatışmayan sənədlərin təqdim olunması üçün vətəndaşa bildiriş verilir.

5.4. Müavinət təyinatı üçün zəruri olan bütün sənədlər təqdim edildikdən ən geci 10 gün müddətində komissiya müavinətin təyin olunması, müavinət almaq hüququ olmadıqda və zəruri sənədlər təqdim edilmədikdə isə müavinət təyin etməkdən imtina haqqında qərar qəbul edir. Komissiyanın qərarı protokolla rəsmiləşdirilir.

6. MÜAVİNƏTİN ÖDƏNİLMƏSİ QAYDALARI

6.1. Bu Təlimatın 2.1.7 yarımbəndi ilə təyin olunmuş birdəfəlik müavinət Dövlət Sosial Müdafiə Fondunun, digər yarımbəndlərlə təyin olunmuş müavinətlər isə dövlət büdcəsinin vəsaiti hesabına vətəndaşın arzusuna görə bank və ya rabitə orqanları vasitəsilə ödənilir.

6.2. Müavinətlərin maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilir.

6.3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rübdə bir dəfə maliyyələşmə mənbəyindən asılı olaraq vəsaitlərin istifadəsi barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Dövlət Sosial Müdafiə Fonduna hesabat verir.

MÜAVİNƏT TƏYİNATI ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR

7.1. Müavinət təyin edilməsindən ötrü hər təyinat müddəti üçün müavinətin növündən asılı olaraq  aşağıdakı sənədlər tələb olunur:

-müəyyən olunmuş formada ərizə;

-uşaqların doğum haqqında şəhadətnaməsinin surəti;

-yaşayış yerindən ailə üzvlərinin məşğulluğu qeyd olunmaqla ailə tərkibi barədə arayış;

-ailə üzvlərinin gəlirinin nəzərə alındığı dövrdəki qazancı haqqında arayış;

-valideynin şəhid olmasını təsdiq edən sənəd;

-valideynin Çernobıl AES qəzası ilə  əlaqədar əlil olduğunu təsdiq edən sənəd;

-ÇAES qəzası nəticəsində vəfat etmiş valideynin ölüm haqqında şəhadətnaməsinin surəti;

- uşağın dispanser qeydiyyatında olmasını təsdiq edən sənəd;

- valideynin müharibə əlili olduğunu təsdiq edən sənəd;

- valideynin 20 yanvar hadisələri zamanı əlil olmasını təsdiq edən sənəd;

-qəyyumluqda olan uşaqlar üçün qəyyumluq haqqında rayon (şəhər) icra hakimiyyətinin qərarı;

-keçən təqvim ili üçün sahibkarlıq və ya fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxslər haqqında ərazi vergi idarələrindən arayış-siyahı;

-sahibkarlıq və fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxslərin qazancı barədə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrindən arayış;

-əmək qabiliyyətli valideyni işləməyən ailələrdə valideynlərin keçmiş təqvim ilində işsizliyə görə aldıqları müavinətin məbləği barədə yerli məşğulluq xidmətindən arayış-siyahı;

-müddətli hərbi qulluqda olan hərbi qulluqçular üçün hərbi komissarlıqdan arayış;

-doğum ilə əlaqədar birdəfəlik müavinətin ödənilməsi üçün VVADQ arayışı

-valideynin alimentdən yayınmasını təsdiq edən arayış.

8. YEKUN  MÜDDƏALAR

8.1. Bu sahəyə nəzarəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.

8.2. Bu Təlimatın tələblərini pozan şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       26 oktyabr 2015-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı

 

BÜLLETENƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 26 oktyabr 2015-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı ilə “Uşaqlı ailələrə müavinətlərin təyin edilməsi və ödənilməsi qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi ilə bağlı 2004-cü il 27 aprel tarixli 4-2 nömrəli qərarı ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status