AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
22.01.2002
QEYDİYYAT NÖMRƏSİ
13
ADI
Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün hesablanması və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2002, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 91)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
22.01.2002
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün hesablanması və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında

Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün hesablanması və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI [1]

 

"Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli, 549 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün hesablanması və ödənilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   A.RASİZADƏ

 

Bakı şəhəri, 22 yanvar 2002-ci il

        № 13

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər  Kabinetinin

2002-ci il 22 yanvar tarixli, 13 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün hesablanması və ödənilməsi

 

QAYDALARI

 

Bu Qaydalar "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununa əsasən hazırlanmışdır və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarında (bundan sonra şəhər, rayon məşğulluq mərkəzləri) peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün hesablanması və ödənilməsi qaydalarını müəyyən edir. [2]

 

1. Təqaüdün hesablanması qaydaları

 

1.1. Şəhər, rayon məşğulluq mərkəzlərinin göndərişi ilə vətəndaşların peşə hazırlığı, yenidən hazırlıq keçdikləri, ixtisaslarını artırdıqları dövrdə təhsil alan şəxslərə aşağıdakı məbləğdə aylıq təqaüd verilir:

1.1.1. işaxtaran kimi qeydiyyata alındıqdan (bundan sonra işsizliyin başlanmasından) əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən az olmayan müddətdə haqqı ödənilən işə malik olanlar üçün axırıncı iş yerindəki son 12 ay üzrə hesablanmış orta aylıq əmək haqqının 70 faizi məbləğində, lakin həmin təqaüdün təyin edildiyi dövrdə Dövlət Statistika Komitəsi tərəfindən rəsmi dərc olunmuş respublika üzrə orta aylıq əmək haqqından çox və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş təqaüdün minimum məbləğindən az olmamaqla;

1.1.2. ilk dəfə işaxtaranlar, uzun fasilədən sonra (bir ildən çox) yenidən əmək fəaliyyətinə başlamaq istəyənlər, habelə işsizliyin başlanmasından əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən az müddətdə haqqı ödənilən işə malik olanlar üçün təsdiq olunmuş təqaüdün minimum məbləğində;

1.1.3. istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində əvvəlki işi görmək qabiliyyətini itirənlər üçün əmək stajının müddətindən asılı olmayaraq axırıncı iş yerindəki son 12 ay üzrə hesablanmış orta aylıq əmək haqqının 100 faizi məbləğində, lakin həmin təqaüdün təyin edildiyi dövrdə Dövlət Statistika Komitəsi tərəfindən rəsmi dərc olunmuş respublika üzrə orta aylıq əmək haqqından çox və təsdiq olunmuş təqaüdün minimum məbləğindən az olmamaqla;

1.1.4. işsizliyin başlanmasından əvvəlki 12 ay ərzində işəgötürənin təqsiri olmadan müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məcburi ödənişsiz məzuniyyətdə olduğu hallarda və bu səbəbdən həmin 12 ay ərzində 26 təqvim həftəsindən az müddətdə haqqı ödənilən işə malik olanlar üçün təqaüd axırıncı iş yerindəki faktiki işlədiyi aylar üzrə hesablanmış əmək haqqının cəmlənmiş məbləğini faktiki işlənmiş ayların sayına bölməklə hesablanmış orta aylıq əmək haqqının 70 faizi məbləğində, lakin həmin təqaüdün təyin edildiyi dövrdə Dövlət Statistika Komitəsi tərəfindən rəsmi dərc olunmuş respublika üzrə orta aylıq əmək haqqından çox və təsdiq olunmuş təqaüdün minimum məbləğindən az olmamaqla;

bir aydan az işləmiş işçilərin orta aylıq əmək haqqını hesablamaq üçün işçinin faktiki işlədiyi günlər ərzində qazandığı əmək haqqını günlərə bölməklə bir günlük əmək haqqı müəyyən edilir və aylıq iş günlərinin orta illik sayına vurulur;

1.1.5. işsizliyin başlanmasından əvvəlki 12 ay ərzində işəgötürənin təqsiri olmadan müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məcburi ödənişsiz məzuniyyətdə olduğu hallarda axırıncı iş yerində heç bir haqqı ödənilən işə malik olmayanlar üçün təqaüd təsdiq olunmuş təqaüdün minimum məbləğinin iki misli miqdarında müəyyən edilir.

1.2. Əgər vətəndaş axırıncı iş yerində 12 aydan az işləmişdirsə (lakin 12 ay ərzində o, 26 təqvim həftəsindən az olmayan müddətdə axırıncı, həmçinin əvvəlki iş yerləri üzrə haqqı ödənilən işə malikdirsə), bu halda orta aylıq əmək haqqı axırıncı iş yerində faktiki işlədiyi aylarda hesablanmış əmək haqqının cəmlənmiş məbləği faktiki işlənmiş ayların sayına bölünməklə hesablanır və təqaüd hesablanmış orta aylıq əmək haqqının 70 faizi məbləğində, lakin həmin təqaüdün təyin edildiyi dövrdə Dövlət Statistika Komitəsi tərəfindən rəsmi dərc olunmuş respublika üzrə orta aylıq əmək haqqından çox və təsdiq olunmuş təqaüdün minimum məbləğindən az olmamaqla müəyyən edilir.

1.3. Təqaüdün hesablanması üçün orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin siyahısı “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması Qaydasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli, 137 nömrəli qərarına uyğun olaraq müəyyən edilir.

1.4. Azərbaycan Ordusundan və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdən azad edilmiş hərbi qulluqçuların orta aylıq əmək haqqının hesablanması zamanı onların vəzifə maaşı (yeni vəzifə maaşını təşkil edən bütün artım növləri və əlavələr daxil olmaqla), hərbi və ya xüsusi rütbəyə görə maaşlar və xidməti illərə (fasiləsiz işə) görə əlavələr nəzərə alınır. Bu vətəndaşlara təqaüd hesablanmış orta aylıq əmək haqqının 70 faizi məbləğində, lakin həmin təqaüdün təyin edildiyi dövrdə Dövlət Statistika Komitəsi tərəfindən rəsmi dərc olunmuş respublika üzrə orta aylıq əmək haqqından çox və təsdiq olunmuş təqaüdün minimum məbləğindən az olmamaqla müəyyən edilir. [3]

1.5. Himayəsində 18 yaşına çatmamış uşağı olan şəxslərin təqaüdünün məbləği himayədə olan hər bir uşaq üçün təqaüdün 10 faizi məbləğində, lakin təqaüdün 50 faizindən artıq olmamaq şərti ilə artırılır. Ailədə valideynlərdən hər ikisinə təqaüd təyin edildikdə, təqaüdün himayədə olan hər uşaq üçün 10 faiz artırılması yalnız valideynlərdən birinə şamil edilir.

1.6. İşsizlik müavinəti təyin edilmiş vətəndaşlar şəhər, rayon məşğulluq mərkəzləri tərəfindən peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kurslarına cəlb edildikdə onlara işsizlik müavinətinin ödənilməsi müvəqqəti olaraq dayandırılır və işsizlik müavinəti məbləğində təqaüd ödənilir.

1.7. Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdlər qanunvericiliklə müəyyən edilmiş qaydada indeksləşdirilir.

 

2. Təqaüdün ödənilməsi qaydaları

 

2.1. Təqaüdün ödənilməsi tədris müəssisəsi ilə şəhər, rayon məşğulluq mərkəzləri arasında bağlanmış müqaviləyə əsasən aşağıdakı qaydada tənzimlənir:

2.1.1 müqavilədə xərclər smetasında göstərilən vəsaitin tədris müəssisəsinə köçürülməsi nəzərdə tutulduqda, təqaüd tədris müəssisəsi tərəfindən ödənilir.

Tədris müəssisəsi tərəfindən təqaüdün ödənilməsi mümkün olmadıqda təqaüd müstəsna hal kimi Dövlət Məşğulluq Xidmətinin razılığı ilə şəhər, rayon məşğulluq mərkəzləri tərəfindən yalnız nağdsız qaydada ödənilir; [4]

2.1.2. kurslar şəhər, rayon məşğulluq mərkəzlərinin nəzdində yaradılmış tədris bazasında təşkil edildikdə, təqaüd kursun təşkilatçısı olan məşğulluq mərkəzi tərəfindən yalnız nağdsız qaydada ödənilir. [5]

2.2. Müdavimin razılığı ilə tәqaüd onun bankdakı şəxsi hesabına köçürülə bilər. [6]

2.3. Müdavimlərə təqaüdlər kurs başlandığı gündən hər tədris ayının tamamında ödəniş cədvəli əsasında ödənilir. Tədris ayı tam olmadıqda, həmin dövrün təqaüdünün məbləği həmin ayın günlərinin sayına bölünüb tədris günlərinin sayına vurulmaqla müəyyən edilir.

2.4. Şəhər, rayon məşğulluq mərkəzlərində işsizlik müavinəti təyin edilən və həmin mərkəzlərin göndərişi ilə peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kurslarına cəlb olunan vətəndaşların əmək kitabçasında təhsilin başlanması və başa çatdırılması haqqında əmrlərə əsasən müəyyən olunmuş qaydada qeydlər aparılır. Vətəndaşın əmək kitabçası olmadıqda şəhər, rayon məşğulluq mərkəzi tərəfindən ona müvafiq əmrlərin nüsxələri verilir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.        10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 449)

2.        10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620)

3.        26 may 2017-ci il tarixli 229 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 may 2017-ci il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 1000)

4.        29 may 2019-cu il tarixli 251 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 iyun 2019-cu il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 984)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 29 may 2019-cu il tarixli 251 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 iyun 2019-cu il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 984) ilə ləğv edilmişdir.

 

[2] 10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 449) ilə preambulada "Nazirliyinin Baş Məşğulluq İdarəsinin" sözləri "Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin" sözləri ilə əvəz edilmişdir.

 

[3] 10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620) ilə “Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün hesablanması və ödənilməsi Qaydaları”nın 1.4-cü bəndində “Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən” sözləri “Azərbaycan Ordusundan” sözləri ilə əvəz edilmişdir.

 

[4] 10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 449) ilə 2.1.1-ci yarımbəndində "Baş Məşğulluq İdarəsinin" sözləri "Dövlət Məşğulluq Xidmətinin" sözləri ilə əvəz edilmişdir.

 

[5] 26 may 2017-ci il tarixli 229 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 may 2017-ci il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 1000) ilə “Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün hesablanması və ödənilməsi Qaydaları”nın 2.1.1-ci yarımbəndinin ikinci abzasında və 2.1.2-ci yarımbəndində “nağd yolla” sözləri “yalnız nağdsız qaydada” sözləri ilə əvəz edilmişdir.

 

[6] 26 may 2017-ci il tarixli 229 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 may 2017-ci il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 1000) ilə “Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün hesablanması və ödənilməsi Qaydaları”nın 2.2-ci bəndi ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status