AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
22.01.2002
QEYDİYYAT NÖMRƏSİ
14
ADI
İşsizlərin qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2002, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 92)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
22.01.2002
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
060.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
İşsizlərin qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi haqqında

İşsizlərin qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI [1]

 

“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli, 549 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İşsizlərin qeydiyyata alınması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   A.RASİZADƏ

 

Bakı şəhəri, 22 yanvar 2002-ci il

                    № 14

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 22 yanvar tarixli, 14 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

İşsizlərin qeydiyyata alınması

 

QAYDALARI

 

Bu Qaydalar “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun hazırlanmışdır və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarında (bundan sonra – şəhər, rayon məşğulluq mərkəzləri) müvafiq qaydada işaxtaran və işsiz hesab edilən Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin (bundan sonra - vətəndaşların) qeydiyyatının aparılmasında vahid qaydaları müəyyən edir. [2]

 

1. İşaxtaran vətəndaşların qeydiyyata alınması

 

1.1. 15 yaşına çatmış hər bir vətəndaş yaşadığı ərazi üzrə şəhər, rayon məşğulluq mərkəzinə şəxsən aşağıdakı sənədləri təqdim etdikdən sonra işaxtaran kimi qeydiyyata alınır və ona işaxtaranın fərdi qeydiyyat vərəqəsi açılır:

1.1.1. şəxsiyyətini təsdiq edən sənəd;

1.1.2. əmək kitabçası (yaxud onu əvəz edən sənəd);

1.1.3. peşə və ya ixtisasını təsdiq edən sənəd (zəruri hallarda).

1.2. Pensiyaçılar və məşğul vətəndaşlar əmək kitabçasını (yaxud onu əvəz edən sənədi) təqdim etməyə bilərlər.

1.3. İlk dəfə işaxtaranlar şəxsiyyətini təsdiq edən və təhsil haqqında (zəruri hallarda) sənədləri təqdim edirlər.

 

2. İşsiz vətəndaş

 

2.1. İşsiz vətəndaş – işi və qazancı olmayan, işə başlamağa hazır olub, şəhər, rayon məşğulluq mərkəzlərində işaxtaran kimi qeydiyyata alınan, əmək qabiliyyəti yaşda olan əmək qabiliyyətli şəxsdir.

2.2. Aşağıda göstərilən vətəndaşlar işsiz sayıla bilməzlər:

2.2.1. 15 yaşına çatmayanlar;

2.2.2. pensiya (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiyalar istisna olmaqla) hüququ qazanmış vətəndaşlar;

2.2.3. qeydiyyata alındıqdan sonrakı 10 gün müddətində münasib iş axtarmaq məqsədi ilə üzrsüz səbəbdən şəhər, rayon məşğulluq mərkəzinə gəlməyənlər və ya bu müddət ərzində təklif edilən iki münasib işdən imtina edənlər (vətəndaşa eyni iş təkrarən təklif oluna bilməz);

2.2.4. ilk dəfə iş axtaranlar;

2.2.5. azadlıqdan məhrumetmə cəzanı çəkənlər;

2.2.6. muzdla işləyən, o cümlədən əmək müqaviləsi (kontraktı) ilə tam və tam olmayan iş vaxtı ərzində haqq müqabilində iş görən, habelə haqqı ödənilən başqa işi (xidməti) olanlar;

2.2.7. sahibkarlar, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, mülkiyyətində torpaq payı olanlar;

2.2.8. haqqı ödənilən vəzifəyə seçilən, təyin və ya təsdiq edilənlər;

2.2.9. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər; [3]

2.2.10. əmək qabiliyyətinin müvəqqəti itirilməsi, məzuniyyət, ixtisasartırma, tətil, istehsalatın dayandırılması və ya başqa səbəblərlə əlaqədar iş yerində müvəqqəti olmayanlar;

2.2.11. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;

2.2.12. Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları.

 

3. İşsiz statusu verilməsi və işsizlərin qeydiyyatı qaydaları

 

3.1. İşi və qazancı olmayan, işə başlamağa hazır olub şəhər, rayon məşğulluq mərkəzində işaxtaran kimi qeydiyyata alınmış, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli vətəndaşlar işsiz statusu almaq hüququna malikdirlər.

3.2. İşaxtaran kimi qeydiyyata alınmış və işsiz statusu almaq hüququna malik olan vətəndaş aşağıdakı sənədləri təqdim etdiyi andan ona münasib iş təklif edilmədiyi halda şəhər, rayon məşğulluq mərkəzi 11 gün ərzində həmin şəxsə işsiz statusu verilməsi və müavinət təyin edilməsi haqqında qərar qəbul edir:

3.2.1. mərkəzlərindən pensiya (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiya istisna olmaqla) , yaşa görə və əlilliyə görə sosial müavinət almaması haqqında arayış; [4]

3.2.2. yaşadığı yeri üzrə vergi orqanlarından fərdi qaydada sahibkarlıqla məşğul olmaması haqqında arayış;

3.2.3. yerli icra hakimiyyətinin ərazi üzrə nümayəndəliyindən mülkiyyətində torpaq payı olmaması haqqında arayış;

3.2.4. himayəsində olan 18 yaşına çatmamış uşaqların doğum haqqında şəhadətnamələrinin surəti;

3.2.5. qeydiyyata alındıqdan əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən az olmayan müddətdə haqqı ödənilən işə malik olanlar üçün axırıncı iş yerindən son 12 ay üzrə əmək haqqı barədə arayış.

3.3. İşsiz statusu müəyyən olunan vaxtdan 12 ay keçdikdən sonra işsiz vətəndaş münasib işlə təmin olunmayıbsa, onun təkrarən işsizliyə görə müavinət almaq hüququ vardır. Bu zaman onlar bu Qaydaların 3.2.1 və 3.2.4.-cü yarımbəndlərində göstərilən sənədləri yenidən təqdim etməlidirlər.

3.4. İşsizliyin başlanmasından əvvəlki 12 ay ərzində işəgötürənin təqsiri olmadan müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məcburi ödənişsiz məzuniyyətdə olduğu hallarda və bu səbəbdən həmin 12 ay ərzində 26 təqvim həftəsindən az müddətdə haqqı ödənilən isə malik olan vətəndaşlar yuxarıda qeyd olunan sənədlərlə yanaşı, işəgötürənin təqsiri olmadan işin dayandırılması və müddəti haqqında işəgötürənin və həmkarlar ittifaqı təşkilatının təsdiq etdiyi arayış təqdim edirlər.

3.5. Şəhər, rayon məşğulluq mərkəzi işaxtaran vətəndaşa işsiz statusu verilməsi ilə əlaqədar qanunvericilikdə tələb olunan sənədlər haqqında fərdi qeydiyyat vərəqəsində imza etdirməklə müvafiq izahat verməlidir.

3.6. Şəhər, rayon məşğulluq mərkəzləri işsizlik müavinətinin ödənilməsinin başlanması, dayandırılması və başa çatdırılması haqqında əmrlərə əsasən vətəndaşın əmək kitabçasında müəyyən olunmuş qaydada qeydlər aparırlar. Vətəndaşın əmək kitabçası olmadıqda, həmin mərkəz tərəfindən ona müvafiq əmrlərin nüsxələri verilir.

3.7. İşaxtarana müəyyən olunmuş qaydada işsiz statusu vermədiyi halda, onun bir aydan sonra təkrarən işsiz statusu almaq üçün müvafiq şəhər, rayon məşğulluq mərkəzinə müraciət etmək hüququ vardır.

3.8. İşsiz statusu almış vətəndaşların qeydiyyatı müvafiq qeydiyyat kitabında aparılır.

3.9. İşsiz vətəndaş işə düzəldikdə, hərbi xidmətə çağırıldıqda, yaşayış yerini dəyişdikdə, azadlıqdan məhrumetmə cəzasına məhkum edildikdə, müvafiq qanunvericiliyə uyğun olaraq pensiyaya çıxdıqda, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda və torpaq payı aldıqda şəhər, rayon məşğulluq mərkəzinə məlumat verməlidir.

3.10. Bu Qaydaların 3.9-cu bəndində nəzərdə tutulan hallarda, habelə işsiz vətəndaş vəfat etdikdə, eləcə də işsiz statusunu saxta sənədlər təqdim etmək yolu ilə aldıqda, şəhər, rayon məşğulluq mərkəzinin göndərişi ilə peşə hazırlığı (yenidən hazırlıq) kurslarına üzrsüz səbəbdən gəlmədikdə və yaxud tədrisi başa vurduqdan sonra təklif olunan iki münasib işdən imtina etdikdə şəhər, rayon məşğulluq mərkəzi tərəfindən işsiz statusu ləğv edilir və həmin vətəndaş işsiz statusu almış vətəndaşların qeydiyyatından çıxarılır.

3.11. Qeydiyyata alındıqdan sonrakı iki il ərzində şəhər, rayon məşğulluq mərkəzi ilə əlaqə yaratmayan işaxtaran vətəndaşlar qeydiyyatdan çıxarırlar.

3.12. İşsiz vətəndaşların qeydiyyatdan çıxarılması üçün əsas verən təsdiqedici sənəd şəhər, rayon məşğulluq mərkəzinə təqdim olunduqdan sonra onların fərdi qeydiyyat vərəqəsinə tikilir və həmin mərkəz tərəfindən qeydlər aparılmaqla qeydiyyatdan çıxarılır.

3.13. İşsizlik müavinəti alan vətəndaşlar ayda bir dəfə əmək kitabçası (və ya onu əvəz edən sənəd) təqdim etməklə şəhər, rayon məşğulluq mərkəzində müvafiq qeydiyyat kitabında yenidən qeydə alınmalıdırlar. Vətəndaşa işsiz statusu təyin olunan gün qeydiyyat günü hesab edilir.

 

4. Müəssisə, idarə və təşkilatlardan sərbəstləşdirilən işçilərin qeydiyyatı

 

4.1. Müəssisə, idarə və təşkilatların ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilmiş sərbəstləşdirilən işçilər 1 ay müddətində yaşadıqları ərazi üzrə şəhər, rayon məşğulluq mərkəzindən işaxtaran vətəndaş kimi qeydə alınmalıdırlar. Bu halda həmin işçilər işlə təmin olunmadıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş təminatları almaq üçün şəhər, rayon məşğulluq mərkəzi tərəfindən onlara müvafiq arayışlar verilir. Həmin arayışlar işçinin işdən çıxarıldığı gündən yeni işə düzələn günədək əmək kitabçası və ya onu əvəz edən sənədi təqdim etmək şərti ilə ikinci və üçüncü ayların tamamında verilir.

4.2. Müəssisə, idarə və təşkilatlardan sərbəstləşdirilən vətəndaşlar üzrsüz səbəbdən qanunvericilikdə nəzərdə tutulmuş bir ay müddətində şəhər, rayon məşğulluq mərkəzində müvafiq qaydada qeydiyyata alınmadıqları halda onlara ikinci və üçüncü aylarda orta aylıq əmək haqqının ödənilməsi üçün arayış verilmir. Bu vətəndaşlara işsiz statusunun verilməsi bu Qaydaların 3-cü bəndinə uyğun olaraq müəyyən edilir.

4.3. Hüquqi şəxslərin ləğvi və ya işçilərin sayının və ştatların ixtisar olunması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq sərbəstləşdirilmiş və işdən azad edildikdən sonra şəhər, rayon məşğulluq mərkəzində qeydiyyata alınmış, lakin əmək qanunvericiliyi ilə müəyyən edilmiş işdənçıxarma müavinəti və ya orta aylıq əmək haqqı ödənilən müddət ərzində işə düzəldilməmiş vətəndaşlara işsiz statusu bu müddətin qurtardığı birinci gündən təyin edilir.

4.4. İşçilərin sayının azaldılması və ya ştatların ixtisarı ilə əlaqədar müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsaslarla əmək müqaviləsinə xitam verildiyi və işdənçıxarma müavinəti ödənildiyi hallarda həmin şəxsə sərbəstləşdirildiyi gündən sonrakı bir ay müddət bitdikdən sonra işsiz statusu təyin edilə bilər. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsaslarla əmək müqaviləsinə xitam verildiyi və müavinətin ödənildiyi hallarda həmin şəxsə işdən çıxdığı gündən sonrakı iki ay müddət bitdikdən sonra işsiz statusu təyin edilə bilər. Bu hallarda işsiz statusunun verilməsi bu Qaydaların 3-cü bəndinə uyğun olaraq müəyyən edilir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       26 sentyabr 2006-cı il tarixli 217 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-ci il, № 9, maddə 830)

2.       10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 449)

3.       10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620)

4.       25 iyul 2019-cu il tarixli 327 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 iyul 2019-cu il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1349)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 25 iyul 2019-cu il tarixli 327 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 iyul 2019-cu il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1349) ilə ləğv edilmişdir.

 

[2] 10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 449)ilə təsdiq edilmiş "İşsizlərin qeydiyyata alınması Qaydaları"nın preambulasında "Nazirliyinin Baş Məşğulluq İdarəsinin" sözləri "Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin" sözləri ilə əvəz edilmişdir.

 

[3] 10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620) ilə “İşsizlərin qeydiyyata alınması Qaydaları”nın 2.2.9-cu yarımbəndindən “və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə” sözləri çıxarılmışdır.

 

[4] 26 sentyabr 2006-cı il tarixli 217 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-ci il, № 9, maddə 830) ilə edilmiş “İşsizlərin qeydiyyata alınması Qaydaları” nın 3.2.1-ci bəndindən “şəhər, rayon əhalinin sosial müdafiə mərkəzlərindən” sözləri çıxarılsın, “(pensiya istisna olmaqla)” sözlərindən sonra “, yaşa görə və əlilliyə görə sosial müavinət” sözləri əlavə edilmişdir.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status