×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
26.12.2005
QEYDİYYAT NÖMRƏSİ
341
ADI
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 27-12-2005, Nəşr nömrəsi: 300), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2005, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1110)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
27.12.2005
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

"Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 31 may tarixli 242 nömrəli fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. "Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. "Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibi təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

3.1. qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin;

3.3. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyinin yaradılması və onun fəaliyyətinin təşkili ilə bağlı məsələləri həll etsin;

3.4. müvafiq dövlət orqanları ilə birlikdə "Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları"nı təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.5. öz səlahiyyətləri daxilində bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) qiymətlərinin (tariflərinin) tənzimlənməsi ilə bağlı görülən işlər barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə hesabat təqdim etsin.

5. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 26 dekabr 2005-ci il

№ 341

 

 


 

Azərbaycan Respublikası Prezidentinin

2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında

 

ƏSASNAMƏ

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası (bundan sonra - Şura) Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların (bundan sonra - qiymət) dövlət tənzimlənməsini həyata keçirən kollegial orqandır. [1]

1.2. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

1.3. Şura öz fəaliyyətini mərkəzi və yerli icra hakimiyyəti orqanları, təsərrüfat subyektləri, yerli özünüidarəetmə orqanları, habelə ictimai təşkilatlarla əlaqəli həyata keçirir.

 

II. ŞURANIN VƏZİFƏLƏRİ

 

2.1. Şuranın əsas vəzifələri aşağıdakılardan ibarətdir:

2.1.1. Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilik aktlarına uyğun olaraq dövlət tənzimlənməsinə aid edilmiş qiymətlərin tənzimlənməsinin həyata keçirilməsini təmin etmək;

2.1.2. qiymətlərin tənzimlənməsi (tənzimlənmə üsulunun seçilməsi, təkliflərə baxılması, müzakirəsi, layihələrin hazırlanması, təsdiqi, tətbiqi, dəyişdirilməsi və s.) üzrə müvafiq sənədlər qəbul etmək;

2.1.3. qiymətlərin dövlət tənzimlənməsinin qanunvericilik və normativ hüquqi bazasının təkmilləşdirilməsi, qiymətlərin və tariflərin formalaşması, onların tətbiq olunmasına dövlət nəzarətinin gücləndirilməsi üzrə təkliflər vermək;

2.1.4. qüvvədə olan qanunvericiliyin pozulması yolu ilə təyin edilmiş qiymətlərin tətbiqinin dayandırılması haqqında qərar qəbul etmək, bu sahədə cərimə və sanksiyaların tətbiq edilməsi barədə təkliflər vermək;

2.1.5. tənzimlənən qiymətlərə əsaslı təsir göstərən xərclərin azaldılmasına dair təkliflər vermək;

2.1.6. tənzimlənən qiymətlər barədə şərh vermək və digər tədbirlər həyata keçirmək;

2.1.7. qiymətləri dövlət tənzimlənməsinə aid edilmiş inhisarçı subyektlərin məhsullarının (iş və xidmətlərinin) siyahısına əlavə və dəyişikliklər edilməsinə dair aidiyyəti orqanlara təkliflər vermək;

2.1.8. ayrı-ayrı istehlakçı qruplar, müəssisə və təşkilatlar, investorlar üçün qiymətlər üzrə güzəştlərin verilməsinə, habelə limit və normaların müəyyənləşdirilməsinə dair təkliflər hazırlamaq;

2.1.9. qiymətlərin dövlət tənzimlənməsi üzrə həyata keçirilən işlər barədə kütləvi informasiya vasitələrinə tənzimləmənin zəruriliyi, məqsədi və mümkün nəticələri barədə məlumat vermək;

2.1.10. qiymət tənzimləməsi məsələlərində Azərbaycan Respublikasını beynəlxalq və regional təşkilatlarda, elmi-praktiki konfranslarda və seminarlarda təmsil etmək;

2.1.11. qanunvericiliyə uyğun olaraq digər vəzifələri həyata keçirmək.

 

III. ŞURANIN HÜQUQLARI

 

3.1. Şura öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

3.1.1. təsdiq olunmuş iş planına uyğun müəyyən olunmuş qaydada dövlət orqanlarından, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə və təşkilatlardan Şuranın səlahiyyətlərinə aid olan məsələlərlə bağlı zəruri sənədlər və məlumatlar almaq;

3.1.2. Şurada baxılan məsələlərlə bağlı Şuranın və Şuranın Katibliyinin iclaslarına ekspert və məsləhətçilər cəlb etmək və digər tədbirlər həyata keçirmək;

3.1.3. Şuranın qərarlarının yerinə yetirilməsinin monitorinqini aparmaq və mənfi halların aradan qaldırılması üzrə zəruri tədbirlər həyata keçirmək;

3.1.4. Şuranın qərarının dayandırılması, onun müddətinin uzadılması üzrə qərar qəbul etmək;

3.1.5. qiymətlərin iqtisadi cəhətdən əsaslılığını, səmərəliliyini, bazarın tələbləri və əhalinin alıcılıq qabiliyyəti baxımından optimallığını müəyyənləşdirmək üçün araşdırmalar və təhlillər aparmaq;

3.1.6. Şuranın fəaliyyətinin səmərəliliyinin artırılması, çevik tənzimləmə tədbirlərinin həyata keçirilməsi üçün komissiya və işçi qrupları yaratmaq;

3.1.7. qanunvericiliyə uyğun olaraq digər hüquqları həyata keçirmək.

 

IV. ŞURANIN FƏALİYYƏTİNİN TƏŞKİLİ

 

4.1. Şuranın sədri və üzvləri dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət olmaqla Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. [2]

4.2. Şuranın sədri aşağıdakı vəzifələri həyata keçirir:

4.2.1. Şuranın fəaliyyətinin cari və perspektiv istiqamətlərini müəyyənləşdirir, onun fəaliyyət proqramını təsdiq edir və həyata keçirir;

4.2.2. Şuranın fəaliyyəti ilə bağlı zəruri olan metodiki sənədləri, aktları, əmrləri, göstərişləri, məktubları və digər sənədləri imzalayır;

4.2.3. Şuranın fəaliyyəti ilə bağlı müvafiq işçi qrupları yaradır;

4.2.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər işləri həyata keçirir.

4.3. Şura üzvlərinin hüquq və vəzifələri aşağıdakılardır:

4.3.1. Şuranın iclaslarında və fəaliyyətində iştirak etmək;

4.3.2. Şuranın iclaslarının gündəliyi, eləcə də gündəliyə daxil edilmiş məsələlər barədə təkliflər vermək;

4.3.3. Şuranın fəaliyyəti ilə bağlı digər işləri görmək.

4.4. Şuranın cari fəaliyyətinin təşkili üçün Şuranın ictimai əsaslarla fəaliyyət göstərən Katibliyi yaradılır. [3]

4.5. Şuranın sədri Katibliyin Əsasnaməsini və Şuranın dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət tərkibini təsdiq edir. [4]

4.6. Katiblik: [5]

4.6.1. müvafiq icra hakimiyyəti orqanlarının, müəssisə və təşkilatların mütəxəssislərindən və müstəqil ekspertlərdən ibarət olmaqla Katibliyin işçi qruplarını formalaşdırır;

4.6.2. işçi qruplarının üzvləri bu və ya digər səbəbdən (üzrlü hallar istisna olmaqla) işçi qrupunun yığıncaqlarında ardıcıl olaraq üç dəfədən artıq iştirak etmədikdə, təmsil etdiyi orqan qarşısında həmin şəxsin əvəz edilməsi barədə məsələ qaldırır;

4.6.3. Şuranın illik fəaliyyət planını və iclaslarda baxılacaq məsələlərin layihələrini hazırlayır;

4.6.4. aidiyyəti dövlət orqanlarından, mülkiyyət formasından və təşkilati hüquqi formasından asılı olmayaraq müəssisə və təşkilatlardan baxılan məsələlərlə bağlı məlumat, rəy və təkliflər alır;

4.6.5. Katibliyin gerbsiz möhürü, ştampları və blankları vardır; [6]

4.7. Katibliyin işçiləri dövlət qulluqçusu hesab edilirlər. [7]

4.8. Katibliyə daxil olmuş layihə və təkliflərə baxılması, gündəliyə daxil

edilməsi, qəbul edilmiş qərarların rəsmiləşdirilməsi qaydaları Şura tərəfindən təsdiq edilir.

4.9. Şuranın gündəliyinə daxil edilmiş sənədlər adi hallarda 5 gün, təcili olduqda isə 2 gün müddətində Şura üzvlərinə təqdim olunur və Şuranın iclasında baxılır.

4.10. Şuranın iclasları aşağıdakı qaydada həyata keçirilir:

4.10.1. Şuranın iclasları onun üzvlərindən azı doqquz nəfər iştirak etdikdə baş tutmuş sayılır; [8]

4.10.2. Şuranın iclasları rübdə bir dəfədən az olmayaraq, zərurət yarandığı hallarda isə Şura üzvlərinin müraciətinə əsasən keçirilir;

4.10.3. Şuranın iclaslarında səsvermə açıq şəkildə keçirilir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda Şura sədri həlledici səsə malikdir;

4.10.4. Şuranın iclaslarında qəbul edilmiş qərarlar protokolla rəsmiləşdirilir, Şuranın sədri və üzvləri tərəfindən imzalanır;

4.10.5. Şuranın gündəliyinə daxil edilən məsələlər Şura tərəfindən təsdiq

olunmuş iş planına əsasən aparılır;

4.10.6. Şuranın gündəliyinə daxil edilmiş məsələlər barədə Şuranın sədri, katibi və ya üzvlərindən biri məlumat verir;

4.10.7. Şuranın hər bir iclasının reqlamenti, müzakirə olunacaq məsələlərdən asılı olaraq, Şuranın sədri tərəfindən üzvlərin rəyi nəzərə alınmaqla müəyyənləşdirilir.

4.11. Şuranın iclaslarında malların (işlərin, xidmətlərin) qiymətləri (tarifləri) təsdiq olunur. Şura tərəfindən təsdiq edilmiş (və ya dəyişdirilmiş) qiymətlərin (tariflərin) qüvvəyə minməsi zəruri hallarda Azərbaycan Respublikasının müvafiq ilin dövlət büdcəsi haqqında qanununun müddəalarına uyğunlaşdırılır.

4.12. Şuranın iclaslarına dəvət olunan ekspert və məsləhətçilər yalnız təkliflər vermək və müvafiq məsələlərə rəy bildirmək hüququna malikdirlər.

4.13. Şuranın iclaslarında baxılan məsələlər barədə məlumat Şuranın sədri və ya onun razılığı ilə Katiblik tərəfindən kütləvi informasiya vasitələri və Şuranın internet saytı vasitəsilə yayılır.

4.14. Şuranın yenidən təşkili və ləğv edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının

 

TƏRKİBİ

 

Şuranın Sədri

 

Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri [9]

 

Şuranın üzvləri:

 

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası vergilər nazirinin müavini [10]

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası sənaye və energetika nazirinin müavini [11]

Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini [12]

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini [13]

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini [14]

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini [15]

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri.

 


FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       20 iyun 2008-ci il tarixli 780 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 498)

2.       2 dekabr 2013-cü il tarixli 41 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1508)

3.       2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)

4.       17 mart 2016-cı il tarixli 848 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 17 mart 2016-cı il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 469)

5.       16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

6.       7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)

7.       1 avqust 2018-ci il tarixli 227 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1677)

8.       5 aprel 2022-ci il tarixli 1644 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 aprel 2022-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 305)

9.       31 may 2022-ci il tarixli 1703 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 471)

10.    3 sentyabr 2022-ci il tarixli 1839 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 4 sentyabr 2022-ci il, № 190, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1028)

11.    03 mart 2023-cü il tarixli 2050 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 03 mart 2023-cü il, “Xalq” qəzeti, 04 mart 2023-cü il, № 49)

12.    07 aprel 2023-cü il tarixli 2085 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 07 aprel 2023-cü il, “Xalq” qəzeti, 08 aprel 2023-cü il, № 72)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 17 mart 2016-cı il tarixli 848 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 17 mart 2016-cı il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 469) ilə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə “dövlət tənzimlənməsi” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla,” sözləri əlavə edilmişdir.

 

5 aprel 2022-ci il tarixli 1644 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 aprel 2022-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 305) ilə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin 1.1-ci bəndində icra hakimiyyəti orqanıdır sözləri orqandır sözü ilə əvəz edilmişdir.

 

[2] 07 aprel 2023-cü il tarixli 2085 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 07 aprel 2023-cü il, “Xalq” qəzeti, 08 aprel 2023-cü il, № 72) ilə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin 4.1-ci bəndində mərkəzi icra hakimiyyəti orqanlarının sözləri dövlət orqanlarının (qurumlarının) sözləri ilə əvəz edilmişdir.

 

[3] 5 aprel 2022-ci il tarixli 1644 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 aprel 2022-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 305) ilə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin 4.4-cü bəndinə ikinci halda Şuranın sözündən sonra ictimai əsaslarla fəaliyyət göstərən sözləri əlavə edilmişdir.

 

[4] 5 aprel 2022-ci il tarixli 1644 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 aprel 2022-ci il, № 69) ilə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin 4.5-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

4.5. Şuranın sədri Katibliyin strukturunu, fəaliyyətinə dair təlimatları təsdiq edir, onun rəhbərini vəzifəyə təyin və vəzifədən azad edir.

 

07 aprel 2023-cü il tarixli 2085 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 07 aprel 2023-cü il, “Xalq” qəzeti, 08 aprel 2023-cü il, № 72) ilə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin 4.5-ci bəndinə orqanlarının sözündən sonra (qurumlarının) sözü əlavə edilmişdir.

 

[5] 5 aprel 2022-ci il tarixli 1644 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 aprel 2022-ci il, № 69) ilə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin 4.6-cı bəndində Şuranın Katibliyi sözləri Katiblik sözü ilə əvəz edilmişdir.

 

[6] 5 aprel 2022-ci il tarixli 1644 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 aprel 2022-ci il, № 69) ilə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin 4.6.5-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

4.6.5. Şuranın Katibliyi Azərbaycan Respublikasının Dövlət gerbi və onun adı əks olunmuş möhürə, ştamplara, blanklara və bank hesablarına malikdir.

 

[7] 5 aprel 2022-ci il tarixli 1644 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 aprel 2022-ci il, № 69) ilə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin 4.7-ci bəndi ləğv edilmişdir.

 

[8] 7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin 4.10.1-ci yarımbəndində “üzvlərinin azı dörddə üçü” sözləri “üzvlərindən azı səkkiz nəfər” sözləri ilə əvəz edilmişdir.

 

07 aprel 2023-cü il tarixli 2085 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 07 aprel 2023-cü il, “Xalq” qəzeti, 08 aprel 2023-cü il, № 72) ilə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin 4.10.1-ci yarımbəndində səkkiz sözü doqquz sözü ilə əvəz edilmişdir.

 

[9] 2 dekabr 2013-cü il tarixli 41 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1508) ilə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibi”nin “Şuranın sədri” hissəsində “iqtisadi inkişaf naziri” sözləri “iqtisadiyyat və sənaye naziri” sözləri ilə əvəz edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə “Azərbaycan Respublikasının Tarif (qiymət) şurasının tərkibi”nin “Şuranın sədri” hissəsindən “və sənaye” sözləri çıxarılmışdır.

 

[10] 5 aprel 2022-ci il tarixli 1644 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 aprel 2022-ci il, № 69) ilə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibinin “Şuranın üzvləri hissəsindən Azərbaycan Respublikası vergilər nazirinin müavini sözləri çıxarılmışdır.

 

[11] 2 dekabr 2013-cü il tarixli 41 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1508) ilə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibi”nin “Şuranın üzvləri” hissəsində “Azərbaycan Respublikası sənaye və energetika nazirinin müavini” abzasından “sənaye və” sözləri çıxarılmışdır.

 

[12] 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibi”nin “Şuranın üzvləri” hissəsində “rabitə və informasiya texnologiyaları nazirinin” sözləri “rabitə və yüksək texnologiyalar nazirinin” sözləri ilə əvəz edilmişdir.

7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibi”nin “Şuranın üzvləri” hissəsindən “Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini” sözləri çıxarılmışdır və həmin hissəyə “rabitə” sözündən əvvəl “nəqliyyat,” sözü əlavə edilmişdir.

1 avqust 2018-ci il tarixli 227 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1677) ilə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Tərkibi”ndə “Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri “Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini” sözləri ilə əvəz edilmişdir.

31 may 2022-ci il tarixli 1703 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 471) ilə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibi”nin “Şuranın üzvləri” hissəsində “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

 

3 sentyabr 2022-ci il tarixli 1839 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 4 sentyabr 2022-ci il, № 190, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1028) ilə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibinin “Şuranın üzvləri hissəsinin dördüncü abzasından birinci sözü çıxarılmışdır.

 

[13] 03 mart 2023-cü il tarixli 2050 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 03 mart 2023-cü il, “Xalq” qəzeti, 04 mart 2023-cü il, № 49) ilə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibi”nin “Şuranın üzvləri” hissəsində “təhsil” sözü “elm və təhsil” sözləri ilə əvəz edilmişdir.

 

[14] 20 iyun 2008-ci il tarixli 780 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 498) ilə "Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibi"nin "Şuranın üzvləri" hissəsində "Dövlət Tikinti və Arxitektura Komitəsi" sözləri "Dövlət Şəhərsalma və Arxitektura Komitəsi" sözləri ilə əvəz edilmişdir.

 

[15] 07 aprel 2023-cü il tarixli 2085 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 07 aprel 2023-cü il, “Xalq” qəzeti, 08 aprel 2023-cü il, № 72) ilə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibinin “Şuranın üzvləri hissəsinə yeni məzmunda on birinci və on ikinci abzaslar əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status