“İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 avqust tarixli 272 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 6 mart 2006-cı il
№ 62
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2006-cı il 6 mart tarixli 62 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi
Q A Y D A L A R I
1. Bu Qaydalar “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 avqust tarixli 272 nömrəli Fərmanına əsasən hazırlanmışdır və insan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi mexanizmini müəyyən edir.
2. İnsan alveri qurbanlarının sosial reabilitasiyası onların cəmiyyətə reinteqrasiyası, normal həyat tərzinə qaytarılması məqsədilə həyata keçirilir və insan alveri qurbanlarına yaşından, cinsindən və tələbatlarından asılı olaraq hüquqi yardımın göstərilməsi, onların təhsilinin davam etdirilməsi, psixoloji reabilitasiya və psixoloji korreksiyası, tibbi və peşə reabilitasiyası üçün tədbirlər görülməsi, həmin şəxslərin iş və yaşayış sahəsi ilə təmin edilməsi imkanlarından istifadə edilməsini nəzərdə tutur.
[1]
3. İnsan alveri qurbanlarının sosial reabilitasiyası özünü insan alverinin qurbanı kimi təqdim edən hər hansı şəxsə onun xahişi əsasında “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xüsusi müəssisələr tərəfindən (insan alveri qurbanlarının yaşaması üçün sığınacaqlar, insan alveri qurbanlarına yardım mərkəzləri) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və “İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş digər aidiyyəti orqanlarla qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirilir.
[2]
4. İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi məqsəd ilə yardım mərkəzləri tərəfindən hər bir insan alveri qurbanı üçün fərdi sosial reabilitasiya planı tərtib edilir.
[3]
5. İnsan alverinin qurbanı olmuş uşaqlar üçün fərdi sosial reabilitasiya planlarının tərtib edilməsi “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları nəzərə alınmaqla həyata keçirilir.
6. İnsan alveri qurbanlarının sosial reabilitasiyasının əsas istiqamətləri aşağıdakılardır:
6.1. insan alveri qurbanlarına hüquqlarının bərpa edilməsi üçün hüquqi yardım göstərilməsi;
6.2. insan alveri qurbanlarına və onların ailə üzvlərinə alınmış psixoloji travmanın aradan qaldırılması məqsədilə psixoloji yardımlar göstərilməsi;
[4]
6.3. insan alveri qurbanlarının tibbi reabilitasiyası - pozulmuş, yaxud itirilmiş funksiyaların bərpasına yönəldilmiş müalicəvi tədbirlərin həyata keçirilməsi, onların xəstəliyinin, alınmış xəsarətlərin nəticələrinin aradan qaldırılması, psixoloji, fizioloji və anatomik pozuntuların tam və ya qismən bərpası;
6.4. insan alveri qurbanlarının peşə vərdişlərinin bərpasına yönəlmiş peşə reabilitasiyasının həyata keçirilməsi;
6.5. insan alveri qurbanlarının peşə hazırlığının, yenidən hazırlığının və məşğulluğunun təmin edilməsi;
6.6. insan alveri qurbanlarına təhsillərinin davam etdirilməsi ilə bağlı kömək göstərilməsi;
6.7. insan alveri qurbanlarının yaşayış sahəsi ilə təmin edilməsi.
7. İnsan alveri qurbanlarının fərdi sosial reabilitasiya planının həyata keçirilməsi aşağıdakı kimidir:
7.1. insan alveri qurbanlarına hüquqi yardım insan alveri qurbanları üçün sığınacaqlar və yardım mərkəzləri , habelə onların və ya insan alveri qurbanlarının yazılı sorğusu əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir;
[5]
7.2. insan alveri qurbanlarına psixoloji yardım “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə uyğun olaraq ödənişsiz həyata keçirilir;
[6]
7.3. tibbi reabilitasiya tədbirləri insan alveri qurbanları üçün sığınacaqlar və yardım mərkəzlərinin göndərişi əsasında aidiyyəti tibb müəssisələri tərəfindən həyata keçirilir;
[7]
7.4. peşə hazırlığı, yenidən hazırlıq və işə düzəltmə insan alveri qurbanları üçün yardım mərkəzlərinin göndərişi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri tərəfindən həyata keçirilir;
[8]
7.5. insan alveri qurbanlarının təhsili insan alveri qurbanları üçün yardım mərkəzlərinin göndərişi əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil müəssisələri tərəfindən həyata keçirilir;
7.6. insan alveri qurbanlarının yaşayış sahəsi ilə təmin edilməsi insan alveri qurbanları üçün yardım mərkəzlərinin təqdimatı əsasında onların yaşından, ailə və sağlamlıq vəziyyətindən asılı olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
8. İnsan alveri qurbanlarının fərdi sosial reabilitasiyası planları insan alveri qurbanları üçün yardım mərkəzləri tərəfindən müəyyən edilir. Fərdi sosial reabilitasiya planına qanunvericiliklə müəyyən edilmiş insan və vətəndaş hüquqlarını hər hansı formada məhdudlaşdıran, yaxud insan alveri qurbanlarının iradəsinə zidd tədbirlərin daxil edilməsi yolverilməzdir.
[9]
9. Müvafiq beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları insan alveri qurbanlarının sosial reabilitasiyası tədbirlərinin həyata keçirilməsinə cəlb edilə bilərlər.
10. İnsan alveri qurbanları üçün yardım mərkəzlərinin maliyyələşdirilməsi də daxil olmaqla, insan alveri qurbanlarının sosial reabilitasiyası Azərbaycan Respublikasının dövlət büdcəsi və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
24 fevral 2010-cu il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 162)
2.
25 iyun 2015-ci il tarixli 245 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 8 iyul 2015-ci il, № 145; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 879)
3.
20 oktyabr 2020-ci il tarixli 402 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 oktyabr 2020-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1290)
4.
5 mart 2021-ci il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 mart 2021-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 272)
5.
30 oktyabr 2021-ci il tarixli 329 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1196)
6.
21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
20 oktyabr 2020-ci il tarixli 402 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 oktyabr 2020-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1290) ilə “İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları”nda 2-ci hissəyə “psixoloji” sözündən sonra “reabilitasiya və psixoloji korreksiyası” sözləri əlavə edilmişdir.
[2]
21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552) ilə “İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları”nın 3-cü hissəsində və 7.6-cı bəndində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvə edilmişdir.
[3]
24 fevral 2010-cu il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 162) ilə "İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları"nın 4-cü bənddə "məqsədi ilə" sözlərindən sonra "yardım mərkəzləri tərəfindən" sözləri əlavə edilmişdir.
[4]
24 fevral 2010-cu il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 162) ilə "İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları"nın 6.2-ci bənddə "ailələrinə" sözü "ailə üzvlərinə" sözləri ilə əvəz edilmişdir.
[5]
24 fevral 2010-cu il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 162) ilə "İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları"nın 7.1-ci bənddə "yardım mərkəzlərinin, habelə bu qurbanların" sözləri "yardım mərkəzləri, habelə onların və ya insan alveri qurbanlarının" sözləri ilə əvəz edilmişdir.
25 iyun 2015-ci il tarixli 245 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 8 iyul 2015-ci il, № 145; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 879) ilə “İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları”nın 7.1-ci bəndindən “, habelə onların və ya insan alveri qurbanlarının yazılı sorğusu əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi” sözləri çıxarılmışdır.
[6]
24 fevral 2010-cu il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 162) ilə "İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları"nın 7.2-ci bənddə "mərkəzlərinin" sözü "mərkəzləri, habelə onların" sözləri ilə əvəz edilmişdir.
20 oktyabr 2020-ci il tarixli 402 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 oktyabr 2020-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1290) ilə “İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları”nın 7.2-ci bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
7.2. insan alveri qurbanlarına psixoloji yardım insan alveri qurbanları üçün sığınacaqlar və yardım mərkəzləri, habelə onların göndərişi əsasında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir;
[7]
24 fevral 2010-cu il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 162) ilə "İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları"nın 7.3-cü bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
7.3. tibbi reabilitasiya tədbirləri insan alveri qurbanları üçün sığınacaqlar və yardım mərkəzlərinin göndərişi əsasında səhiyyə müəssisələri və digər aidiyyəti təşkilatlar tərəfindən həyata keçirilir;
30 oktyabr 2021-ci il tarixli 329 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1196) ilə “İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları”nın 7.3-cü bəndində “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilmişdir.
[8]
5 mart 2021-ci il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 mart 2021-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 272) ilə “İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları”nın 7.4-cü bəndində “məşğulluq xidməti orqanları” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri” sözləri ilə əvəz edilmişdir.
[9]
24 fevral 2010-cu il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 162) ilə "İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları"nın 8-ci bəndin birinci cümləsi çıxarılmışdır.