AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
07.03.2006
QEYDİYYAT NÖMRƏSİ
65
ADI
Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2006, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 293)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
07.03.2006
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
150.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011

Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.5-ci, 1.17-ci, 1.64-cü, 1.67-ci və 1.70-ci bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: [1]

1. “Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin Siyahısı”, “Epizootiya monitorinqinin aparılması Qaydası”, “Baytarlıq preparatlarının ehtiyatının yaradılması, saxlanması və istifadəsi Qaydaları” və “Dövlət baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətcilərinin vəsaiti hesabına qanunla müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsinin Qaydası və Şərtləri” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 7 mart 2006-cı il

         № 65

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 7 mart tarixli 65 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin

 

S İ Y A H I S I

 

Bu Siyahı “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanmışdır və baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısını müəyyən edir.

Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəlikləri aşağıdakılardır:

1.  Müxtəlif növ heyvanların ümumi xəstəlikləri:

dabaq (virusun bütün tipləri);

qarayara (dərinin askolizasiyasından başqa);

quduzluq;

vərəm;

bruselyoz (planlı profilaktiki müayinələr); [2]

leptospiroz;

Kü isitməsi;

trixinelyoz;

şmallenberq virusu; [3]

pasterelyoz. [4]

2.  İribuynuzlu heyvanların xəstəlikləri:

taun;

süngərvari ensefalopatiya;

kontagioz plevropnevmoniya;

yoluxucu nodulyar dermatit. [5]

3.  Dəvələrin xəstəlikləri:

     taun.

4.  Xırdabuynuzlu heyvanların xəstəlikləri:

çiçək;

infeksion artrit;

taun;

skrepi;

blutanq; [6]

bradzot;

anaerob enterotoksemiya. [7]

5.  Donuzların xəstəlikləri:

Afrika taunu;

klassik taun;

vezikulyar xəstəlik;

Teşen xəstəliyi.

6.   At xəstəlikləri:

Afrika taunu;

kontagioz metrit;

ensefalomiyelitlər;

manqo;

saqqo;

atların qripi;

atların rinopnevmaniyası. [8]

7.  Quş xəstəlikləri:

yüksək patogenli qrip (influensa);

Nyukasl xəstəliyi.

8.   Xəz-dərili heyvanların, dovşanların xəstəlikləri:

su samurunun ensefalopatiyası;

dovşanların hemoroji virus xəstəliyi.

9.  Balıq xəstəlikləri:

karpların hemoroji septisemiyası;

qızıl balığın furunkulyozu.

 

Qeyd. Respublika ərazisində əvvəllər qeydə alınmamış və adları çəkilməyən xüsusi təhlükəli xəstəliklər baş verdikdə bütün baytarlıq tədbirləri kompleksi büdcə vəsaiti hesabına aparılır.

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 7 mart tarixli 65 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Epizootiya monitorinqinin aparılması

 

QAYDASI

 

1. ƏSAS MÜDDƏALAR

 

1.1. Bu Qayda “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanmışdır və epizootiya monitorinqinin aparılması qaydasını müəyyən edir.

1.2. Epizootoloji müşahidə və monitorinqin aparılması, epizootik prosesin öyrənilməsi - heyvanların infeksion xəstəliklərinin müxtəlif şəraitdə və ərazilərdə baş verməsi və yayılmasının xüsusiyyətlərini və riskini müəyyənləşdirmək, həmçinin tətbiq olunan profilaktiki və sağlamlaşdırıcı tədbirlərin səmərəliliyini qiymətləndirmək üçün istifadə olunan üsul və vasitələrin məcmusudur.

1.3. Epizootoloji müşahidə və monitorinq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin təsdiq etdiyi profilaktiki proqram əsasında onun yerli təşkilatları tərəfindən və ya onların nəzarəti altında səlahiyyətli mütəxəssisləri tərəfindən aparılır. İşin xüsusiyyətindən asılı olaraq epizootoloji monitorinqin aparılmasına aidiyyəti təşkilatların nümayəndələri dəvət edilir. [9]

1.4. Müşahidə və monitorinqin gedişi zamanı alınmış materiallar sistemləşdirilir, xəstəliyin epizootoloji təhlili aparılır. Epizootoloji təhlillər əsasında isə xəstələnmə faizinin azaldılması və xəstəliklərin ləğv edilməsinə yönəldilmiş epizootiya əleyhinə tədbirlərin daha da təkmilləşdirilməsi üçün konkret tövsiyələr hazırlanır.

1.5. Epizootoloji müşahidə monitorinqin əsasını təşkil etməklə, təcrübə, nəzarəti yoxlama və ya elmi-tədqiqat məqsədilə həyata keçirilir. Monitorinq ərazisinin ölçüləri nəzərə alınmaqla, bir epizootik ocaq (epizootik mənbə), rayon, vilayət və respublika miqyasında aparıla bilər.

 

2. EPİZOOTOLOJİ MÜŞAHİDƏ VƏ MONİTORİNQİN

APARILMASI QAYDALARI

 

2.1. Epizootoloji müşahidə və monitorinqin aparılması aşağıdakı qaydada həyata keçirilir:

epizootik ocağın (qeyri-sağlam məntəqənin, təsərrüfatın) epizootoloji müayinəsi;

respublika ərazisində epizootoloji şəraitin öyrənilməsi;

konkret şəraitdən və heyvandarlığın vəziyyətindən asılı olaraq ayrı-ayrı xəstəliklər zamanı epizootik prosesin xüsusiyyətlərinin (mövsümilik, residiv vermə və s.) öyrənilməsi;

konkret xəstəliklərə qarşı aparılan mübarizə tədbirlərinin səmərəliliyinin öyrənilməsi;

ayrı-ayrı infeksion xəstəliklərin coğrafi yayılmasının qanunauyğunluqlarının və onların müasir nozoarealının müəyyənləşdirilməsi, ətraf mühit amillərinin, habelə heyvandarlığın inkişaf səviyyəsi ilə əlaqəsinin təyin edilməsi;

konkret bir ərazidə infeksion xəstəliklərin qeyri-bərabər yayılmasının səbəblərinin araşdırılması;

epizootoloji proqnozlaşdırma üçün məlumatların toplanılması;

qonşu ölkələrdə epizootik şəraitin və heyvanların infeksion xəstəliklərinin yayılması barədə məlumatın əldə edilməsi və nəzarətdə saxlanılması.

2.2. Epizootiya monitorinqi proqram əsasında aparılan epizootoloji müşahidənin nəticəsində infeksion xəstəliyin ölkə ərazisində baş verməsi və yayılması faktının dəqiqliyini müəyyən edir və epizootoloji vəziyyət barədə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin verdiyi hesabatın təsdiqlənməsi üçün vacib elementlərdən sayılır.

2.3. Müəyyən edilmiş ərazilərdə epizootiya monitorinqinin aparılması nəticəsində xəstəliyin baş verməsi və epizootiyanın mərhələləri, epizootiyaqabağı, maksimum yayılma riskinin olması, epizootiyasonrası və epizootiyalararası dövrlər müəyyənləşdirilir.

2.4. Epizootoloji müşahidə və monitorinq zamanı nəzərdən keçirilən məsələlər aşağıdakılardır:

2.4.1. Təsərrüfatın (məntəqənin) ümumi xarakteristikası:

ərazinin topoqrafik və torpaq-iqlim xüsusiyyətləri;

təsərrüfatın ixtisaslaşması və heyvandarlıq üzrə əsas istehsal göstəriciləri;

heyvanların növ və yaş qrupları üzrə sayı;

heyvanların saxlanma və bəslənmə şəraiti;

təsərrüfatın heyvanlarla komplektləşdirilməsi qaydası;

su və suvarma sistemlərinin vəziyyəti, yemləmə, yemlə təminatı, otlaqların və yaylaqların (yay düşərgələrinin) vəziyyəti, peyinin yığılması və zərərsizləşdirilməsi, qansoran həşəratların və gəmiricilərin olması, vəhşi heyvanlarla təmasda olma vəziyyəti, digər təsərrüfatlarla əlaqəsi;

zoobaytar mütəxəssislərin sayı və ixtisas dərəcələri.

2.4.2. Baytarlıq-sanitariya vəziyyətinin xarakteristikası:

müalicəxanaların, apteklərin, laboratoriyaların, təcridxanaların, karantin binalarının, kəsim meydançalarının sayı;

sanitar keçidlərin, dezobaryerlərin, heyvan qəbirstanlıqlarının, biotermik quyuların və s. miqdarı və vəziyyəti.

2.4.3. Epizootik vəziyyətin xarakteristikası:

təsərrüfatın monitorinqindən əvvəlki dövrlərdə infeksion xəstəliklərə görə sağlamlıq vəziyyəti;

təsərrüfat əlaqələri olan digər təsərrüfatların və məntəqələrin epizootik durumu;

baş vermiş kütləvi yoluxmadan əvvəl profilaktik tədbirlərin planı və onun yerinə yetirilməsi vəziyyəti;

baytarlıq nəzarət müayinələrinin keçirilməsi sistemi;

yeni gətirilən heyvanların karantini, diaqnostik müayinələr, profilaktiki peyvəndləmənin aparılması, vaksinin növü, peyvəndləmənin tarixi və üsulu, peyvənd olunmuş heyvanların miqdarı;

kütləvi xəstəliyin təsviri;

ilk xəstənin qeydə alındığı tarix;

xəstələnmiş heyvanın növü və yaşı;

diaqnozun kim tərəfindən, nə vaxt və hansı üsulla qoyulması;

təsərrüfata xəstəlik törədicisinin daxil olmasının ehtimal olunan yolları və vasitələri;

xəstələnmiş, ölmüş və məcburi kəsilmiş heyvanların (günlər, dekadalar və aylar üzrə heyvanların yaşı və növü göstərilməklə) sayı;

xəstəliyin kliniki əlamətlərinin təsviri, epizootiyanın və xəstəliyin gedişi və kliniki formalarına görə xarakteristikası.

2.4.4. Epizootiya əleyhinə həyata keçirilmiş tədbirlərin xarakteristikası:

təsərrüfatın qeyri-sağlam elan olunmasının, məhdudlaşdırma və ya karantin qoyulmasının tarixi;

mühafizə-karantin postlarının sayı və yerləşdirilməsi;

xəstə heyvanların məcburi peyvəndlənməsi, peyvəndin növü, peyvəndləmənin tarixi və üsulu;

cari dezinfeksiyanın aparılması, dezinfeksiya maddəsinin növü və tətbiqi üsulu;

heyvanların məcburi kəsimi, evtanaziyası, ətin və digər heyvandarlıq məhsullarının zərərsizləşdirilməsi və ya utilizasiyası;

xidmət personalının xüsusi geyimlə təmin edilməsi;

heyvandarlıq işçiləri arasında baytarlıq maarifləndirmə işlərinin aparılması;

xəstə heyvanın sonuncu sağalma və ya ölüm tarixi;

yekun baytarlıq-sanitariya tədbirlərinin yerinə yetirilməsi;

təsərrüfatın kim tərəfindən və nə vaxt sağlam elan olunması, məhdudiyyət və karantinin götürülməsi;

epizootoloji sistemin səmərəli fəaliyyət göstərməsi üçün çevik və etibarlı infrastrukturun yaradılması;

xəstəliyə şübhəli heyvanların yoxlanılması (bakterioloji, seroloji və s. üsullarla) xəstəlik törədicisinin müəyyən edilməsi;

müayinəyə birinci növbədə ekzotiki və yeni baş verən xəstəliklər və ya ölkədə yayılmağa meyilli xəstəliklərin cəlb edilməsi.

2.5. Dövlət epizootoloji sistemi xəstəlik törədicisinə edilən müşahidə və monitorinqi, habelə xəstəlik baş verən heyvanlara və ətraf mühitə qiymət verilməsi barədə əldə olan məlumatları özündə birləşdirir.

2.6. Epizootoloji müşahidələr və monitorinq zamanı xəstəliyin baş verməsinə təsir edə bilən aşağıdakı təsərrüfatdaxili və xarici amillər müəyyənləşdirilir:

daxili faktorlardan genetik və demoqrafik (yaş qruplarına, növünə və cinsinə görə ayrılma) amillər;

xarici faktorlardan ayrılma marketinq və heyvanların miqrasiya xarakteri;

ev heyvanları ilə vəhşi heyvanlar arasında əlaqələrin mövcudluğu (iş qüvvəsi kimi, ət, süd və yumurta alınması məqsədilə saxlanan heyvanlar və evdə saxlanan heyvanlar ilə) və bu heyvanların saxlanma rejimi.

3. EPİZOOTOLOJİ MÜŞAHİDƏNİN VƏ MONİTORİNQİN

NƏTİCƏLƏRİ

 

3.1. Epizootoloji müşahidə və monitorinq başa çatdıqda aşağıdakı elementləri aydınlaşdırmaqla nəticə barədə rəy hazırlanır:

diaqnozun vaxtında və düzgün qoyulması haqqında;

xəstəlik törədicisinin ehtimal olunan (və ya dəqiqləşdirilmiş) mənbəyi haqqında;

tətbiq olunmuş epizootiya əleyhinə tədbirlərin səmərəlilik dərəcəsi haqqında;

heyvanların bəslənməsi və yemlənmə şəraitinin baytarlıq-sanitariya tələblərinə uyğunluğu haqqında.

3.2. Epizootoloji müşahidə və monitorinqin nəticələrinə əsasən aşağıdakı məsələləri də əhatə etməklə təkliflər hazırlanır:

təsərrüfatda müəyyən edilmiş nöqsanların aradan qaldırılmasına yönəldilmiş epizootiya əleyhinə əlavə tədbirlərin siyahısı;

həmin tədbirlərin konkret icra müddəti və buna məsul şəxslər.

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 7 mart tarixli 65 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Baytarlıq preparatlarının ehtiyatının yaradılması, saxlanması və istifadəsi

 

Q A Y D A L A R I

 

I. ÜMUMİ MÜDDƏALAR

 

Bu qaydalar “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanmışdır və baytarlıq preparatlarının ehtiyatının yaradılması, saxlanması və istifadəsi qaydalarını müəyyən edir.

 

II. BAYTARLIQ PREPARATLARININ EHTİYATININ YARADILMASI VƏ SAXLANMASI QAYDALARI

 

Baytarlıq preparatlarının ehtiyatı heyvanların xüsusi təhlükəli xəstəlikləri siyahısına daxil edilmiş xəstəliklərin epizootiya ocağının ləğv edilməsində və yayılması təhlükəsinin qarşısının alınmasında istifadə edilən və vaxtaşırı təzələnən müəyyən miqdar baytarlıq preparatlarından ibarətdir. Həmin preparatların ehtiyatı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən müəyyən edilir. [10]

Baytarlıq preparatlarının ehtiyatı dövlət tərəfindən tədarük edilən baytarlıq preparatlarından yaradılır və onların yaradılması, saxlanılması xərcləri dövlət büdcəsindən maliyyələşdirilir.

Ehtiyat üçün ayrılan baytarlıq preparatlarının miqdarı onların illik tələbatının təxminən 10 faizi həcmində müəyyənləşdirilir.

Baytarlıq preparatlarının saxlanma rejimi həmin preparatların təlimatında göstərilən qaydada müəyyənləşir.

Bioloji preparatlar, diaqnostikumlar, kimyəvi-farmakoloji maddələr və dezinfeksiya vasitələrinin xüsusiyyətləri nəzərə alınmaqla, onların hər biri qruplara bölünür və həmin qrupa aid olan şəraitdə saxlanması tələb olunur.

Baytarlıq preparatları saxlanan anbarların qapısı və pəncərələri dəmir şəbəkə ilə bağlanmalı, yanğın əleyhinə qaydalara əməl edilməli, vaxtaşırı uçotu aparılmalıdır. Anbarların kənarları hasarlanmalı, bütün hallarda mühafizə edilməli və ya xüsusi mühafizə siqnalizasiyası quraşdırılmalıdır. Hər gün işdən sonra mühafizəçinin iştirakı ilə anbar möhürlənib plomblanmalı və bu barədə xüsusi jurnalda qeydiyyat aparılmalıdır.

Anbarda temperaturun və havanın nəmliyinin preparatın saxlanma rejiminə təsirini nəzərə alaraq, döşəmədən 1,5-1,7 m hündürlükdə, qapıdan 3 m aralıda termometr və psixrometr (hiqrometr) asılır, zirzəmidə və yarımzirzəmidə olan anbarlarda havanın dəyişdirilməsi üçün ventilyasiya sistemi quraşdırılır. Burada müəyyənləşdirilmiş normada yanğın əleyhinə avadanlıq quraşdırılır.

Bioloji preparatlar quru, qaranlıq binanın içində quraşdırılmış soyuducularda +2-120C temperatur rejimində saxlanılır. Hər növ preparatlar (vaksinlər, serumlar və diaqnostikumlar) ayrılıqda saxlanmalıdır. Onlar biofabriklərdən flakonlarla, ampulalarla qablaşdırılmış şəkildə gətirildiyi tarada, flakonların ağzı fabrikdə hermetik bağlanmış halda, ampulalar isə qutularda saxlanmalıdır. Anbarda saxlanan hər bir flakonun və qutunun üstündə biopreparatı istehsal edən müəssisənin və preparatın adı, onun həcmi və dozası, seriya və nəzarət nömrəsi, hazırlanma tarixi və yararlılıq müddəti yazılmalıdır. Biopreparatların qəbulunda, buraxılmasında qablaşdırılmanın kip, onun daxilindəki maddənin həmcins olmasına və etiketlərin mövcudluğuna ciddi fikir verilməlidir. Flakonlarda çat olduqda, çalxalandıqda qarışmayan topacıqlar və nazik təbəqə (qaysaq) yarandıqda, preparata xas olmayan rəng və konsistensiya dəyişikliyi olduqda, etiket olmadıqda və ya ondakı yazı oxunmadıqda, ağızları kip bağlanmadıqda, yararlılıq müddəti bitdikdə və dondurulduqda onun qəbul edilməsinə, buraxılmasına və istifadəsinə icazə verilmir.

Vaxtı keçmiş biopreparatların keyfiyyətini müəyyənləşdirmək məqsədilə qəbul edilmiş formada hər seriyadan 2-3 flakon olmaq şərtilə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna göndərilir və preparat cavab alınana kimi anbarda saxlanılır. [11]

İstifadəyə yaramayan biopreparatlar barədə akt tərtib edilir, diri və zəiflədilmiş kulturadan ibarət olanlar avtoklavda +1200C  temperaturada bir atmosfer təzyiqində 60 dəqiqə saxlanılmaqla və ya iki saat müddətində qaynadılmaqla zərərsizləşdirilir.

Mülayim rejim tələb edən kimyəvi-farmakoloji preparatlar əsasən quru, qızdırıcı olan binalardakı şkaflarda, şüşə qablarda +12+180C, soyuq tələb edənləri isə +8-100C temperaturda saxlanmalıdır.

İşığın təsirindən keyfiyyətini itirə bilən kimyəvi-farmakoloji preparatlar qaranlıq yerdə saxlanılır, buna şərait olmadıqda isə qalın parça ilə örtülmüş rəfdə yerləşdirilir.

Zəhərli və güclü təsirə malik olan preparatlar, habelə kəskin iyi olan (yodoform, naftalin, qətran və s.), aşılayıcı qaz buraxan maddələr digərlərindən təcrid olunmuş vəziyyətdə saxlanılır.

Maye halında olan yeyici qələvilər ağzı kip bağlanaraq parafinlə örtülmüş şüşə qablarda saxlanılır, onların həcminin 5/6 hissəsi qədər doldurulmasına icazə verilir, yeyici qələvilər böyük miqdarda olduqda onların dəmir qablarda saxlanmasına icazə verilir.

Formalin ağzı kip bağlanmış qablarda və ya alüminium və taxta çəlləklərdə işıqdan yaxşı qorunan +90C temperaturda saxlanılır.

Xlorlu əhəng möhkəm və kip taxta çəlləklərdə saxlanılır. Onun saxlandığı anbar (otaq) quru, qaranlıq və hava cərəyanı yaxşı olmalı, temperatur +200C səviyyəsində qalmalıdır.

Baytarlıq ehtiyatında olan sarğı materialları ümumi qaydada sərin və nəmliyi olmayan yerdə saxlanmalıdır. Sarğı materiallarının yanmasına səbəb ola bilən maddələrlə (bitki yağı, kükürd, əlif yağı) birlikdə hər hansı bir formada saxlanması qadağandır.

Baytarlıq preparatlarının ehtiyatının yaradılmasının və onların dövriyyəsinin uçotu tərtib edilmiş xüsusi kitabda aparılır.

 

III. BAYTARLIQ PREPARATLARININ EHTİYATININ İSTİFADƏSİ QAYDALARI

 

Ehtiyatda saxlanan baytarlıq preparatlarının istifadəsinə icazə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rəhbəri tərəfindən verilir. [12]

Bu preparatlar ölkə ərazisində xəstəlik təhlükəsi yarandıqda və ya preparatın ehtiyatı təzələndikdə tərtib olunmuş bölgü əsasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Təchizat Bazası tərəfindən müvafiq temperatur rejiminə riayət etməklə xüsusi təyinatlı refrijerator avtomaşınlarla istifadə üçün yerlərə çatdırılır. [13]

Yerlərə göndərilən biopreparatlar rayon və şəhər baytarlıq xidməti tərəfindən qəbul edilərək, müvafiq temperatur rejimində saxlanılır və təlimata uyğun heyvanlara tətbiq edilərək bu barədə müvafiq akt tərtib edilir.

Baytarlıq preparatlarından istifadə etməklə həyata keçirilən heyvanların müayinəsi, müalicəsi və heyvan xəstəliklərinin profilaktikası barədə məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq, “Elektron kənd təsərrüfatı” informasiya sisteminə daxil edilir. [14]

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 7 mart tarixli 65 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikası Dövlət baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına qanunla müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsinin

 

Q A Y D A S I      Ş Ə R T L Ə R İ

 

I. ÜMUMİ MÜDDƏALAR

 

Bu Qayda və Şərtlər “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanmışdır və dövlət baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına qanunla müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsinin qaydasını və şərtlərini müəyyən edir.

 

II. MÜLKİYYƏTÇİLƏRİN VƏSAİTİ HESABINA MALİYYƏLƏŞDİRİLƏN BAYTARLIQ TƏDBİRLƏRİ

 

“Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 39.2-ci maddəsinə əsasən baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına maliyyələşdirilən baytarlıq tədbirləri aşağıdakılardır:

- ölkədə istehsal olunan və idxal edilən baytarlıq preparatları, yem və yem əlavələrinin istifadə üçün təqdim edilən seriyalarının (partiyalarının) aprobasiyası, sınağı, ekspertizası, qeydə alınması və keyfiyyətin müəyyən edilməsi xərcləri; [15]

- heyvanların identikləşdirilməsi (kodlaşdırılması), heyvandarlıq müəssisələrinin, bazarların dövlət baytarlıq nəzarətində olan məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, emalı və satışı yerlərinin, həmçinin heyvanlar üçün yem və bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı xərcləri; [16]

- heyvanların dehelmintizasiyası, obyektlərin dezinfeksiyası, dezinseksiyası, deratizasiyası (məcburi dezinfeksiya, dezinseksiya və deratizasiya və dövlət sərhədinin buraxılış məntəqələrində nəqliyyat vasitələrinin dezinfeksiyası istisna olunmaqla) və heyvan mənşəli məhsulların və xammalın baytarlıq (baytarlıq-sanitariya) ekspertizası xərcləri; [17]

- xüsusi təhlükəli heyvan xəstəlikləri istisna olmaqla, digər xəstəliklərin qanunvericiliklə müəyyən edilmiş qaydada profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi xərcləri;

- Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada baytarlıq sənədlərinin verilməsi xərcləri.

 

III. MÜLKİYYƏTÇİLƏRİN VƏSAİTİ HESABINA MALİYYƏLƏŞDİRİLƏN BAYTARLIQ TƏDBİRLƏRİNİN QAYDASI VƏ ŞƏRTLƏRİ

 

1. “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 39.2-ci maddəsində nəzərdə tutulmuş baytarlıq xidməti və nəzarəti tədbirlərinə (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tədbirlər istisna olmaqla) görə alınan xidmət haqqının məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. [18]

2. Dövlət baytarlıq orqanları tərəfindən bu Qaydanın II bölməsində nəzərdə tutulan xidmətlərin göstərilməsi yalnız mülkiyyətçi və dövlət baytarlıq orqanları arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

3. Dövlət baytarlıq müəssisələrində baytarlıq xidmətlərinin göstərilməsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada haqq alınır. Dövlət baytarlıq müəssisələrindən kənarda bu xidmətlər göstərildikdə, həmin xidmətə görə haqq mülkiyyətçi tərəfindən ona təqdim olunmuş qəbz əsasında ödənilir.

4. Bu xidmətlərin göstərilməsi ödəniş həyata keçirildikdən sonra aparılır.

5. Baytarlıq xidməti ilə bağlı bütün ödəmələr dövlət büdcəsinə köçürülür.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34)
  2. 16 iyul 2014-cü il tarixli 246 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 24 iyul 2014-cü il, № 157; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 934)
  3. 22 yanvar 2015-ci il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 yanvar 2015-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №1, maddə 64)
  4. 13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 227)
  5. 21 sentyabr 2018-ci il tarixli 409 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 sentyabr 2018-ci il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1937)
  6. 1 dekabr 2018-ci il tarixli 518 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2018-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2721)
  7. 23 may 2019-cu il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 may 2019-cu il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 972)
  8. 19 iyul 2019-cu il tarixli 318 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 iyul 2019-cu il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1340)
  9. 10 aprel 2020-ci il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 aprel 2020-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 484)
  10. 29 iyun 2020-ci il tarixli 221 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 iyul 2020-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 811)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 1 dekabr 2018-ci il tarixli 518 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2018-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2721) ilə preambuladan “1.17-ci,” sözləri çıxarılmışdır.

 

[2] 21 sentyabr 2018-ci il tarixli 409 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 sentyabr 2018-ci il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1937) ilə “Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin Siyahısı”nın 1-ci hissəsinin altıncı abzasından “(planlı profilaktiki müayinələr)” sözləri çıxarılmışdır.

 

[3] 22 yanvar 2015-ci il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 yanvar 2015-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №1, maddə 64) ilə “Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin Siyahısı”nın 1-ci hissəsində “trixinelyoz” sözündən sonra nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və həmin hissəyə yeni məzmunda onuncu abzas əlavə edilmişdir.

 

[4] 19 iyul 2019-cu il tarixli 318 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 iyul 2019-cu il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1340) ilə “Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin Siyahısı”nın 1-ci hissəsində “şmallenberq virusu” sözlərindən sonra nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və həmin hissəyə yeni məzmunda on birinci abzas əlavə edilmişdir.

 

[5] 22 yanvar 2015-ci il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 yanvar 2015-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №1, maddə 64) ilə “Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin Siyahısı”nın 2-ci hissədə “kontagioz plevropnevmoniya” sözlərindən sonra nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və həmin hissəyə yeni məzmunda beşinci abzas əlavə edilmişdir.

 

[6] 21 sentyabr 2018-ci il tarixli 409 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 sentyabr 2018-ci il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1937) ilə “Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin Siyahısı”nın 4-cü hissəsində “skrepi” sözündən sonra nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və həmin hissəyə yeni məzmunda altıncı abzas əlavə edilmişdir.

 

[7] 19 iyul 2019-cu il tarixli 318 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 iyul 2019-cu il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1340) ilə “Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin Siyahısı”nın 4-cü hissəsində “blutanq” sözündən sonra nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və həmin hissəyə yeni məzmunda yeddinci və səkkizinci abzaslar əlavə edilmişdir.

 

[8] 21 sentyabr 2018-ci il tarixli 409 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 sentyabr 2018-ci il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1937) ilə “Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin Siyahısı”nın 6-cı hissəsində “saqqo” sözündən sonra nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və həmin hissəyə yeni məzmunda yeddinci, səkkizinci abzaslar əlavə edilmişdir.

 

[9] 13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 227) ilə “Epizootiya monitorinqinin aparılması Qaydası”nın 1.3-cü və 2.2-ci bəndlərinə “Baytarlıq” sözündən sonra “Nəzarəti” sözü əlavə edilmişdir.

 

[10] 13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 227) ilə “Baytarlıq preparatlarının ehtiyatının yaradılması, saxlanması və istifadəsi Qaydaları”nın 2-ci və 3-cü hissələrinin birinci abzaslarında ismin müvafiq hallarında “Dövlət Baytarlıq Xidməti” sözləri ismin müvafiq hallarında “Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

1 dekabr 2018-ci il tarixli 518 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2018-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2721) ilə “Baytarlıq preparatlarının ehtiyatının yaradılması, saxlanması və istifadəsi Qaydaları”nın II hissənin birinci abzasının ikinci cümləsindən və III hissənin birinci abzasından “Nəzarəti” sözü çıxarılmışdır.

 

23 may 2019-cu il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 may 2019-cu il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 972) ilə “Baytarlıq preparatlarının ehtiyatının yaradılması, saxlanması və istifadəsi Qaydaları”nın II hissənin birinci abzasının ikinci cümləsində “Dövlət Baytarlıq Xidməti” sözləri “Aqrar Xidmətlər Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

[11] 1 dekabr 2018-ci il tarixli 518 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2018-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2721) ilə “Baytarlıq preparatlarının ehtiyatının yaradılması, saxlanması və istifadəsi Qaydaları”nın II hissənin doqquzuncu abzasında “Azərbaycan Baytarlıq Preparatları Dövlət Elmi Nəzarət İnstitutuna” sözləri “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna” sözləri ilə əvəz edilmişdir.

 

[12] 23 may 2019-cu il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 may 2019-cu il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 972) ilə “Baytarlıq preparatlarının ehtiyatının yaradılması, saxlanması və istifadəsi Qaydaları”nın III hissənin birinci abzasında “Dövlət Baytarlıq Xidmətinin” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin” sözləri ilə əvəz edilmişdir.

 

[13] 1 dekabr 2018-ci il tarixli 518 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2018-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2721) ilə “Baytarlıq preparatlarının ehtiyatının yaradılması, saxlanması və istifadəsi Qaydaları”nın III hissənin ikinci abzasında “Dövlət Baytarlıq Təchizatı Birliyi” sözləri “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Təchizat Bazası” sözləri ilə əvəz edilmişdir.

 

[14] 10 aprel 2020-ci il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 aprel 2020-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 484) ilə “Baytarlıq preparatlarının ehtiyatının yaradılması, saxlanması və istifadəsi Qaydaları”nın III hissəsinə yeni məzmunda dördüncü abzas əlavə edilmişdir.

 

[15] 16 iyul 2014-cü il tarixli 246 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 24 iyul 2014-cü il, № 157; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 934) ilə "Azərbaycan Respublikası Dövlət baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına qanunla müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsinin Qaydası və Şərtləri"nin II hissəsinin ikinci abzasında "nəzarət" sözü "keyfiyyətin müəyyən edilməsi" sözləri ilə əvəz edilmişdir.

 

[16] 1 dekabr 2018-ci il tarixli 518 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2018-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2721) ilə “Azərbaycan Respublikası Dövlət baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına qanunla müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsinin Qaydası və Şərtləri”nin II hissəsinin üçüncü abzasına “heyvanların” sözündən sonra “identikləşdirilməsi (kodlaşdırılması)” sözləri əlavə edilmişdir və həmin abzasda “identikləşdirilməsi (kodlaşdırılması)” sözləri “qeydiyyatı” sözü ilə əvəz edilmişdir.

 

[17] 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə "Azərbaycan Respublikası Dövlət baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına qanunla müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsinin Qaydası və şərtləri"nin II hissəsinin dördüncü abzasında "(məcburi və dövlət sərhəd baytarlıq məntəqələrində dezinfeksiya, dezinseksiya və deratizasiya istisna olunmaqla)" sözləri "(məcburi dezinfeksiya, dezinseksiya və deratizasiya və dövlət sərhədinin buraxılış məntəqələrində nəqliyyat vasitələrinin dezinfeksiyası istisna olunmaqla)" sözləri ilə əvəz edilmişdir.

[18] 29 iyun 2020-ci il tarixli 221 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 iyul 2020-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 811) ilə  “Azərbaycan Respublikası Dövlət baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına qanunla müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsinin Qaydası və Şərtləri”nin III hissəsinin 1-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

1. Baytarlıq xidmətlərinin göstərilməsinə görə alınan məbləğin miqdarı Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status