280.000.000
Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasında uzun illər ərzində aparılan böyük quruculuq işləri nəticəsində irimiqyaslı meliorasiya və su təsərrüfatı sistemləri və qurğuları tikilib istismara verilmiş, çoxsahəli meliorasiya və su təsərrüfatı kompleksi yaradılmışdır. Bununla belə, müasir dövrdə ölkənin dinamik sosial-iqtisadi inkişafı bu sahədə iqtisadi münasibətlərin təkmilləşdirilməsini, dövlət idarəetməsinin və təsərrüfat fəaliyyətinin bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq həyata keçirilməsini tələb edir.
Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmə sistemini təkmilləşdirmək, su ehtiyatlarından istifadənin səmərəsini artırmaq, torpaqların meliorasiyası və irriqasiyası ilə bağlı işlərin təşkilini yaxşılaşdırmaq məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin əsasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti yaradılsın.
2. Müəyyən edilsin ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərən, torpaqların su təminatını həyata keçirən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil edən, bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən səhmləri dövlətə məxsus səhmdar cəmiyyətidir.
2-1. Cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin:
[1]
2-1.1. Azərbaycan Respublikasının Prezidentinə:
2-1.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi;
2-1.1.2. Cəmiyyətin sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi.
2-1.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
2-1.2.1. Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
2-1.2.2. Cəmiyyətin inkişafı strategiyasının müəyyən edilməsi;
2-1.2.3. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
[2]
2-1.2.4. Cəmiyyətin sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
2-1.2.5. Cəmiyyətin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;
2-1.2.6. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;
2-1.2.7. bu Fərmanda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
2-1.3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:
2-1.3.1. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi.
[3]
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
3.1. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin layihəsini hazırlayıb razılaşdırmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. qüvvədə olan normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.3. Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2006-cı il
№ 372
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
26 fevral 2016-cı il tarixli 802 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 6 mart 2016-cı il, № 52; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 266)
2.
23 iyun 2016-cı il tarixli 952 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1048)
3.
13 may 2020-ci il tarixli 1020 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 may 2020-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 545)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
26 fevral 2016-cı il tarixli 802 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 6 mart 2016-cı il, № 52; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 266) ilə yeni məzmunda 2-1-ci hissə əlavə edilmişdir.
[2]
13 may 2020-ci il tarixli 1020 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 may 2020-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 545) ilə 2-1.2.3-cü yarımbəndində “mühasibat balanslarının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilmişdir.
[3]
23 iyun 2016-cı il tarixli 952 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1048) ilə 2-1.2.5-ci yarımbəndi və 2-1.3-cü bəndi ləğv edilmişdir.