×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
06.04.2006
QEYDİYYAT NÖMRƏSİ
98
ADI
"Dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi, onlara sərəncam verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2006, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 368)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
06.04.2006
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya

"Dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi, onlara sərəncam verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanının 1.9-cu bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.      "Dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi, onlara sərəncam verilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

2.     Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 6 aprel 2006-cı il

                    № 98

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 6 aprel tarixli 98 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

Dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi, onlara sərəncam verilməsi

QAYDASI

1. ÜMUMİ MÜDDƏALAR

1.1.     Bu Qayda "Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə, "Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanının 1.9-cu bəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarında dövriyyəsi məhdudlaşdırılmış informasiyanın mübadiləsi üçün yaradılan xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin (bundan sonra - xüsusi təyinatlı telekommunikasiya şəbəkələri) qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi, onlara sərəncam verilməsi qaydasını müəyyənləşdirir.

1.2.     Xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi, onlara sərəncam verilməsi "Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanının 2.9-cu bəndinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və qanunvericiliyə uyğun olaraq xüsusi telekommunikasiya şəbəkəsini yaradan digər icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. [1]

1.3.     Xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi, inkişafı, onlara sərəncam verilməsi "Telekommunikasiya haqqında", "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının qanunlarına, bu Qaydaya və digər müvafiq normativ hüquqi aktlara əsasən həyata keçirilir.

1.4.     Xüsusi təyinatlı telekommunikasiya şəbəkələri dövlətin idarəetmə, müdafiə, təhlükəsizlik və hüquq mühafizə sahələrinin telekommunikasiyaya olan ehtiyaclarını ödəmək məqsədilə yaradılır.

1.5.     Bu Qaydada "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanunundakı anlayışlardan istifadə olunmuşdur.

2. XÜSUSİ TƏYİNATLI TELEKOMMUNİKASİYA ŞƏBƏKƏLƏRİNİN QURULMASI

2.1. Xüsusi təyinatlı telekommunikasiya şəbəkələri bu Qaydanın 1.2-ci bəndində göstərilən dövlət orqanları tərəfindən aidiyyəti strukturlarla müvafiq qaydada razılaşdırılmaqla yaradılır.

2.2.  Dövlət orqanları layihələndirdikləri və qurduqları xüsusi təyinatlı telekommunikasiya şəbəkələrində qanunvericiliyin tələblərinə müvafiq olaraq, bu şəbəkələrin proqram təminatını, idarə edilməsini, şəbəkənin effektiv və təhlükəsiz fəaliyyətini, həmçinin texniki xidmətinin təşkilini nəzərə almalıdırlar.

2.3.  Xüsusi təyinatlı telekommunikasiya şəbəkələri qurularkən, onların fövqəladə və hərbi vəziyyətdə dayanıqlı işləmələri üçün ehtiyat hissələr nəzərdə tutulmalıdır. [2]

2.4. Xüsusi təyinatlı telekommunikasiya şəbəkələri ümumistifadəli telekommunikasiya şəbəkələrinə, avadanlığın beynəlxalq tələblərə (standart və normalara) və normativ sənədlərə uyğunluğunu təsdiq edən sənəd (sertifikat) təqdim edilməklə, operatorlar tərəfindən verilmiş texniki şərtlər əsasında qoşula bilər. Bu halda xüsusi təyinatlı telekommunikasiya şəbəkələri ümumistifadəli telekommunikasiya şəbəkələri kateqoriyasına keçmir və onun xidmətlərindən istifadə edilməsindəki məhdudiyyətlər saxlanılır.

2.5.  Xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması zamanı radiorabitə vasitələrindən və radiotezliklərdən istifadə olunarsa, radiorabitə vasitələrinə müvafiq radiotezliklərin ayrılmasının mümkünlüyü Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası tərəfindən müəyyənləşdirilir. [3]

2.6.  Qarşılıqlı əlaqədə olan telekommunikasiya şəbəkələrinin operatorları hazırda fəaliyyətdə olan və yeni inşa ediləcək telekommunikasiya şəbəkələrində, vasitə və qurğularında xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinə aid olan texniki vasitələrin yerləşdirilməsi üçün sahələrin ayrılmasını, xətt-kabel qurğularında ehtiyat tutumun yaradılmasını və qida qurğularından istifadəni müvafiq qaydada nəzərə almalıdırlar.

3.  XÜSUSİ TƏYİNATLI TELEKOMMUNİKASİYA ŞƏBƏKƏLƏRİNİN İSTİSMARI

3.1.   Xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin istismarı dövlət hakimiyyəti orqanları tərəfindən hazırlanmış daxili təlimata və texniki istismar qaydalarına (ümumistifadəli telekommunikasiya şəbəkələrinə qoşulma istisna olduğu halda) uyğun olaraq həyata keçirilir.

3.2.   Xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin son qurğularına xidmət həmin şəbəkələri istismar edən aidiyyəti dövlət orqanları tərəfindən həyata keçirilir.

3.3.   Xüsusi təyinatlı telekommunikasiya şəbəkələrində rabitənin təşkili zamanı ümumistifadəli telekommunikasiya şəbəkələrindən də istifadə edildiyi halda, zədələnmələrin təyin edilməsi və aradan qaldırılması bu strukturlar arasında bağlanan müqavilələrlə tənzimlənir. Ümumistifadəli telekommunikasiya şəbəkələrinin işçiləri tərəfindən ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulmuş xüsusi təyinatlı telekommunikasiya şəbəkəsinin son qurğularının yerinin dəyişdirilməsinə, digər kommutasiya qurğularına qoşulmasına, təmirinə və şəbəkədən açılmasına yol verilmir.

3.4. Xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin ehtiyacları üçün ümumistifadəli telekommunikasiya şəbəkəsinin operatorlarına məxsus kanallar, qanunvericiliklə nəzərdə tutulmuş qaydada, bu orqanlara üstünlük verilməklə icarəyə verilir. Bu halda telekommunikasiya operatorları dövlət hakimiyyəti orqanlarının müdafiə, təhlükəsizlik, hüquq mühafizə, ictimai asayiş və s. dövlət əhəmiyyətli ehtiyacları üçün telekommunikasiya kanallarının etibarlılığını ilk növbədə təmin etməli, telekommunikasiya kanalları zədələndikdə onların bərpası üçün təxirəsalınmaz tədbirlər görməlidirlər.

3.5.     Ümumistifadəli telekommunikasiya şəbəkəsinin operatorları dövlət hakimiyyəti orqanlarının müdafiə, təhlükəsizlik, hüquq mühafizə, ictimai asayiş və s. dövlət əhəmiyyətli ehtiyacları üçün icarəyə verdikləri telekommunikasiya kanallarının fəaliyyətini əvvəlcədən xəbərdarlıq etmədən və aidiyyəti strukturlarla razılaşdırmadan dayandıra bilməzlər.

3.6.   Telekommunikasiya operatorları sülh dövründə əməliyyat şəraitinin mürəkkəbləşdiyi halda, habelə fövqəladə və hərbi vəziyyətdə xüsusi əhəmiyyətli tədbirlərin və əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi məqsədilə dövlət hakimiyyəti orqanlarının müraciəti əsasında əlavə telekommunikasiya kanallarını və birbaşa xətləri müvəqqəti istifadə üçün müvafiq qaydada ayırırlar. [4]

3.7.   Xüsusi təyinatlı telekommunikasiya şəbəkələrində qəza baş verdikdə, dövlət hakimiyyəti orqanlarının müraciəti əsasında, ümumistifadəli telekommunikasiya şəbəkəsinin operatorları qəzanın aradan qaldırılması üçün onları müvafiq qaydada xüsusi maşın-mexanizm, ehtiyat hissələri və mütəxəssislərlə təmin etməlidirlər.

4. XÜSUSİ TƏYİNATLI TELEKOMMUNİKASİYA ŞƏBƏKƏLƏRİNİN TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ

Dövlət orqanları xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin təhlükəsizliyini təmin etmək məqsədilə öz səlahiyyətləri çərçivəsində aşağıdakı tədbirləri həyata keçirirlər:

4.1.   xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin informasiya təhlükəsizliyinin, ayrılmış radiotezliklərdən istifadəyə nəzarətin və kateqoriyasından asılı olaraq bu şəbəkələrdən ötürülən məlumatların mühafizəsini həyata keçirirlər;

4.2.  dövlət hakimiyyəti orqanlarının binalarında və mülkiyyət formasından asılı olmayaraq digər təşkilatlarda xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinə aid olan vasitə və qurğularda informasiya təhlükəsizliyinin təminatı üzrə işləri təşkil edir və yerinə yetirirlər;

4.3.  mühafizə olunan informasiya-telekommunikasiya sistemlərinin yaradılması, istismarı və inkişafının əlaqələndirilməsində iştirak edirlər;

4.4.  xüsusi təyinatlı telekommunikasiya şəbəkələrindən informasiyanın sızmasına yol vermir, belə hallar baş verdikdə lazımi tədbirlər görürlər;

4.5.   qanunvericiliyə müvafiq olaraq informasiyanın mühafizəsinin tələblərinə əməl edilməsinə nəzarət edir, bu tələblər pozulduqda isə müvafiq tədbirlər görürlər;

4.6.  dövlət informasiya ehtiyatlarının mühafizəsi sahəsində milli sistemin yaradılmasını və möhkəmləndirilməsini həyata keçirirlər;

4.7.  dövlət sirrinin qorunmasını təmin edirlər;

4.8. xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin təşkili üçün ümumistifadəli telekommunikasiya şəbəkələrindən qismən istifadə etdikləri halda, bu hissəyə xidmət göstərən ümumistifadəli telekommunikasiya şəbəkəsi işçilərinin təlimatlandırılmasını aparır və bu sahədə olan normativ texniki sənədlərlə təmin edilməni həll edirlər.

5. XÜSUSİ TƏYİNATLI TELEKOMMUNİKASİYA ŞƏBƏKƏLƏRİNƏ SƏRƏNCAM VERİLMƏSİ

Dövlət orqanları sərəncamında olan xüsusi təyinatlı telekommunikasiya şəbəkələrini aşağıdakı prinsiplər əsasında idarə edirlər:

5.1.     xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin texnoloji və inzibati idarə edilməsini həyata keçirirlər;

5.2.   şəbəkələrdə zədələnmə, normadan artıq yüklənmə və digər hallarda yaranmış vəziyyəti aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlər görürlər;

5.3.   şəbəkələrdə informasiya ehtiyatlarını formalaşdırır və səlahiyyətləri daxilində onlardan istifadəni təmin edirlər;

5.4.   texniki kəşfiyyata qarşı əks təsir tədbirlərini həyata keçirirlər;

5.5.   aidiyyəti icra hakimiyyəti və digər strukturlarla birgə şəbəkənin idarə edilməsini həyata keçirirlər;

5.6.   dövlət hakimiyyəti orqanlarının informasiya təminatında iştirak edirlər;

5.7. xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin tikintisi və rekonstruksiyası zamanı müvafiq qaydada sifarişçi funksiyasını yerinə yetirirlər;

5.8.   xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin vasitə və qurğularının mühafizəsini həyata keçirirlər;

5.9.   öz səlahiyyətləri çərçivəsində digər dövlət və yerli idarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə şəbəkənin dayanıqlı və təhlükəsiz fəaliyyətinin təmin edilməsi üzrə təqdimatlar verirlər;

5.10.  mülkiyyət formasından asılı olmayaraq xüsusi təyinatlı telekommunikasiya şəbəkəsinin avadanlığı olan sahələrə və xətlərə günün istənilən vaxtı maneəsiz daxil olur, texniki sənədlərdən istifadə edir və şəbəkənin normal funksiyası üçün işləri yerinə yetirirlər;

5.11.  normativ aktların tələblərini pozmaqla işləyən və xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin işinə radiomaneələr yaradan radioelektron vasitələrinə, aidiyyəti strukturlarla razılaşdırmaqla, müvafiq məhdudiyyətlər yaradırlar;

5.12.  ümumistifadəli telekommunikasiya şəbəkəsinin imkanlarından istifadə etməklə yerli və şəhərlərarası rabitə, həmçinin səyyar radiorabitə xidmətləri göstərilərkən, informasiyanın mühafizəsi tədbirlərini həyata keçirirlər;

5.13.  fövqəladə və hərbi vəziyyətdə rabitədən istifadə üçün qoyulmuş xüsusi qaydalara riayət edirlər.

6. MƏSULİYYƏT

Bu Qaydanın tələblərinin pozulmasına görə məsuliyyət Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)

2.       11 sentyabr 2018-ci il tarixli 385 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 sentyabr 2018-ci il, № 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1913)

3.       18 may 2022-ci il tarixli 196 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 may 2022-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 558)

4.       25 avqust 2022-ci il tarixli 328 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı 31 avqust 2022-ci il, “Xalq” qəzeti 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1015)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “Dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi, onlara sərəncam verilməsi Qaydası”nın 1.2-ci bəndindən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılmışdır və həmin bəndə “Müdafiə Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti,” sözləri əlavə edilmişdir.

25 avqust 2022-ci il tarixli 328 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı 31 avqust 2022-ci il, “Xalq” qəzeti 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1015) ilə “Dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi, onlara sərəncam verilməsi Qaydası”nın 1.2-ci bəndində “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

[2] 11 sentyabr 2018-ci il tarixli 385 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 sentyabr 2018-ci il, № 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1913) ilə “Dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi, onlara sərəncam verilməsi Qaydası”nın 2.3-cü və 5.13-cü bəndlərinə “fövqəladə” sözündən sonra “və hərbi” sözləri əlavə edilmişdir.

 

[3] 18 may 2022-ci il tarixli 196 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 may 2022-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 558) ilə “Dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi, onlara sərəncam verilməsi Qaydası”nın 2.5-ci bəndinə “mümkünlüyü” sözündən sonra “Azərbaycan Respublikasının” sözləri əlavə edilmişdir.

 

[4] 11 sentyabr 2018-ci il tarixli 385 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 sentyabr 2018-ci il, № 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1913) ilə “Dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi, onlara sərəncam verilməsi Qaydası”nın 3.6-cı bənddə “və fövqəladə” sözləri “, habelə fövqəladə və hərbi” sözləri ilə əvəzedilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status