×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
12.05.2006
QEYDİYYAT NÖMRƏSİ
103-IIIQ
ADI
“Beynəlxalq dəniz gəmiçiliyinin asanlaşdırılması haqqında” Konvensiyaya qoşulmaq barəsində
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2006, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 393)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.05.2006
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
440.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Beynəlxalq dəniz gəmiçiliyinin asanlaşdırılması haqqında” Konvensiyaya qoşulmaq barəsində

“Beynəlxalq dəniz gəmiçiliyinin asanlaşdırılması haqqında” Konvensiyaya qoşulmaq barəsində

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası “Beynəlxalq dəniz gəmiçiliyinin asanlaşdırılması haqqında” 1965-ci il tarixli Konvensiyaya qoşulsun.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 12 may 2006-cı il

№ 103-IIIQ

 

 

 

 

Beynəlxalq dəniz gəmiçiliynin asanlaşdırılması haqqında

 

KONV EN S İ YA

 

 Razılığa gələn Hökumətlər, Beynəlxalq səfərdə olan gəmilərin ölkəyə gəlməsi, ölkədə qalması və ölkədən yola düşməsi zamanı rəsmiyyətin, prosedurun və sənədləşməyə dair tələblərin sadələşdirilməsi və minimuma endirilməsi məqsədilə,

aşağıdakılar barədə razılığa gəldilər:

 

M a d d ə 1

 

 Razılığa gələn Hökumətlər bu Konvensiyanın və onun Əlavəsinin müddəalarına müvafiq olaraq, beynəlxalq dəniz gəmiçiliyni asanlaşdırmaq və sürətləndirmək, eləcə də gəmilərin, həmin gəmilərdəki şəxslərin və əmlakın lüzumsuz ləngiməsinin qarşısını almaq üçün bütün zəruri tədbirlərin görülməsini öz öhdələrinə götürürlər.

 

M a d d ə  2

 

 1. Razılığa gələn Hökumətlər bu Konvensiyanın müddəalarına müvafiq olaraq, gəmilərin ölkəyə gəlməsi, ölkədə qalması və ölkədən yola düşməsinin asanlaşdırılmasına yönələn tədbirlərin müəyyənləşdirilməsində və tətbiqində əməkdaşlıq etməyi öz öhdələrinə götürürlər. Praktiki cəhətdən mümkün olan hər şeyi etmək lazımdır ki, bu cür tədbirlər beynəlxalq nəqliyyatın digər növlərinə münasibətdə görülən tədbirlərdən az səmərəli olmasın; hərçənd konkret tələblərdən asılı olaraq bu tədbirlər müxtəlif ola bilər.

2. Beynəlxalq dəniz gəmiçiliynin asanlaşdırılması üçün bu Konvensiyada və onun Əlavəsində nəzərdə tutulan tədbirlər Hökumətləri bu Konvensiyanın iştirakçısı olan istər sahilyanı dövlətlərin gəmilərinə, istərsə də dənizə birbaşa çıxışı olmayan dövlətlərin gəmilərinə eyni dərəcədə tətbiq edilir.

3. Bu Konvensiyanın müddəaları hərbi gəmilərə və istirahət yaxtalarına tətbiq edilmir.

 

M a d d ə  3

 

Razılığa gələn Hökumətlər bütün məsələlərdə rəsmiyyətin, prosedurun və sənədləşməyə dair tələblərin mümkün qədər yüksək eyniyyətini qoruyub saxlamağı öhdələrinə götürürlər ki, bu eyniyyət beynəlxalq dəniz gəmiçiliyni asanlaşdırsın və təkmilləşdirsin, habelə xüsusi dövlətdaxili tələblərin yerinə yetirilməsi üçün zəruri olan rəsmiyyət, prosedur və sənədləşməyə dair tələblərdə olan fərqləri minimuma endirsin.

 

M a d d ə   4

 

 Bu Konvensiyanın əvvəlki maddələrində göstərilmiş məqsədlərə nail olmaq üçün Razılığa gələn Hökumətlər rəsmiyyət, prosedur və sənədləşməyə dair tələblərlə bağlı məsələlərdə, eləcə də onların beynəlxalq dəniz gəmiçiliyində tətbiqi məsələsində bir-biri ilə, yaxud Hökumətlərarası Dəniz Məşvərət Təşkilatı (bundan sonra – Təşkilat) vasitəsilə əməkdaşlıq etməyi öhdələrinə götürürlər.

 

M a d d ə   5

 

 1. Bu Konvensiyanın və ya onun Əlavəsinin heç bir müddəası Razılığa gələn Hökumətin öz milli qanunvericiliyi, yaxud hər hansı digər beynəlxalq saziş əsasında beynəlxalq dəniz gəmiçiliyinə daha geniş imkanlar yaratmasına və ya gələcəkdə yarada bilməsinə maneə kimi təfsir oluna bilməz.

2. Bu Konvensiyanın və ya onun Əlavəsinin heç bir müddəası ictimai əxlaqın, asayişin və təhlükəsizliyin qorunması, yaxud insanların sağlamlığına, heyvanlara və ya bitkilərə zərər vuran həşərat və ya xəstəliklərin peyda olmasının və yayılmasının qarşısının alınması üçün Razılığa gələn Hökumətin zəruri hesab etdiyi müvəqqəti tədbirləri həyata keçirməsinə maneə kimi təfsir oluna bilməz.

3. Bu Konvensiyada ətraflı müəyyən edilməyən bütün məsələlər Razılığa gələn Hökumətlərin qanunvericiliyinin predmetidir.

 

M a d d ə    6

 

Bu Konvensiyada və onun Əlavəsində:

a) "Standartlar" dedikdə, beynəlxalq dəniz gəmiçiliyini asanlaşdırmaq üçün Razılığa gələn Hökumətlər tərəfindən eyni cür tətbiqi zəruri və mümkün olan tədbirlər nəzərdə tutulur;

b) "Tövsiyə olunan təcrübələr" dedikdə, beynəlxalq dəniz gəmiçiliyini asanlaşdırmaq üçün Razılığa gələn Hökumətlər tərəfindən tətbiqi arzuedilən olan tədbirlər nəzərdə tutulur.

 

M a d d ə 7

 

1. Razılığa gələn Hökumətlər bu Konvensiyanın Əlavəsinə onlardan birinin təklifi ilə, yaxud bu məqsədlə çağırılan konfransda düzəliş edə bilərlər.

2. Razılığa gələn Hökumətlərdən hər hansı biri düzəlişin layihəsini Təşkilatın Baş katibinə (bundan sonra – Baş katib) göndərməklə Əlavəyə düzəliş olunmasını təklif edə bilər:

a) Bu bəndə müvafiq olaraq təklif edilən düzəlişə Təşkilatın rəsmiyyətin asanlaşdırılması üzrə Komitəsinin iclasında baxılır; bir şərtlə ki, düzəlişin layihəsi həmin iclasdan üç həftə əvvəl Komitəyə göndərilsin. Düzəliş layihəsi Komitənin iclasında səsvermədə iştirak edən Razılığa gələn Hökumətlərin üçdə ikisinin səsi ilə qəbul olunduğu təqdirdə, Baş katib düzəlişi Razılığa gələn bütün Hökumətlərə göndərir.

b) Baş katib bu bəndə müvafiq olaraq qəbul edilmiş düzəlişi Razılığa gələn bütün Hökumətlərə göndərdikdən sonra, Razılığa gələn Hökumətlərin ən azı üçdə biri bu düzəlişi qəbul etmədiyi barədə Baş katibə yazılı surətdə məlumat verməzsə, həmin düzəliş göndərişdən 15 ay sonra qüvvəyə minir.

c) Baş katib (b) yarımbəndinə müvafiq olaraq aldığı istənilən məlumat haqqında, eləcə də düzəlişin qüvvəyə minmə tarixi barədə Razılığa gələn bütün Hökumətlərə məlumat verir.

d) Düzəlişi qəbul etməyən Razılığa gələn Hökumətlər həmin düzəlişə görə öhdəlik daşımırlar, hərçənd bu Konvensiyanın 8-ci maddəsindəki prosedur qaydalarına riayət edirlər.

3. Baş katib Əlavəyə təklif olunan düzəlişlərin nəzərdən keçirilməsi üçün Razılığa gələn Hökumətlərin ən azı üçdə birinin xahişi ilə konfrans çağırır.

Həmin konfransda səsvermədə iştirak edən Razılığa gələn Hökumətlərin üçdə iki səs çoxluğu ilə qəbul etdiyi hər bir düzəliş Baş katibin Razılığa gələn Hökumətləri həmin düzəlişin qəbul olunması barədə məlumatlandırmasından altı ay sonra qüvvəyə minir.

4. Baş katib Konvensiyanı imzalamış Razılığa gələn bütün Hökumətləri bu maddəyə əsasən istənilən düzəlişin qəbul edilməsi və qüvvəyə minməsi barədə dərhal məlumatlandırır.

 

M a d d ə   8

 

1. Öz rəsmiyyətini, prosedurunu və sənədləşməyə dair tələblərini Standartlardan hər hansı birinə tam uyğunlaşdırmağı praktiki cəhətdən qeyri-mümkün hesab edən, yaxud xüsusi səbəblərə görə həmin Standartdan fərqli rəsmiyyətin, prosedurun və sənədləşməyə dair tələblərin qəbul olunmasını zəruri hesab edən Razılığa gələn hər hansı Hökumət bu barədə, eləcə də öz təcrübəsi ilə həmin Standart arasındakı fərqlər haqqında Baş katibə məlumat verir. Belə məlumat bu Konvensiyanın aidiyyəti Hökumət üçün qüvvəyə minməsindən və ya həmin Hökumət tərəfindən Standartdan fərqli rəsmiyyətin, prosedurun və sənədləşməyə dair tələblərin qəbul edilməsindən dərhal sonra göndərilir.

2. Haqqında Razılığa gələn Hökumətin məlumat verdiyi istənilən bu cür fərq Standarta edilən düzəlişə və ya yeni qəbul edilmiş Standarta aid olduqda, həmin məlumat Standarta düzəlişin və ya qəbul edilmiş Standartın qüvvəyə minməsindən, yaxud Standartdan fərqli rəsmiyyətin, prosedurun və sənədləşməyə dair tələblərin qəbulundan dərhal sonra Baş katibə göndərilir. Həmin məlumat rəsmiyyətin, prosedurun və sənədləşməyə dair tələblərin düzəliş edilmiş və ya yeni qəbul edilmiş Standarta tam uyğunlaşdırılması üçün görülməsi təklif olunan tədbiri də əhatə edə bilər.

3. Razılığa gələn Hökumətlərə məsləhət görülür ki, onlar öz rəsmiyyət, prosedur və sənədləşməyə dair tələblərini Tövsiyə olunan təcrübələrə praktiki cəhətdən mümkün olduğu qədər uyğunlaşdırsınlar. Razılığa gələn istənilən Hökumət öz rəsmiyyət, prosedur və sənədləşməyə dair tələblərini Tövsiyə olunan təcrübələrdən hər hansı birinə uyğunlaşdıran kimi bu barədə Baş katibə məlumat verir.

4. Baş katib bu maddənin əvvəlki bəndlərinə əsasən aldığı məlumatlar barədə Razılığa gələn Hökumətlərə bildiriş göndərir.

 

M a d d ə   9

 

 Baş katib Razılığa gələn Hökumətlərin ən azı üçdə birinin xahişi ilə, bu Konvensiyanın yenidən nəzərdən keçirilməsi və ya ona düzəlişlər edilməsi üçün Razılığa gələn Hökumətlərin konfransını çağırır. Konvensiyanın yenidən nəzərdən keçirilmiş mətni və ya ona düzəlişlər konfransda üçdə iki səs çoxluğu ilə qəbul edilir, sonra təsdiqlənir və qəbul olunması üçün Baş katib tərəfindən Razılığa gələn bütün Hökumətlərə göndərilir. Razılığa gələn Hökumətlərin yenidən nəzərdən keçirilmiş mətni və ya düzəlişləri üçdə iki səs çoxluğu ilə qəbul etməsindən bir il sonra hər bir belə düzəliş və ya yenidən nəzərdən keçirilmiş mətn, onların qüvvəyə minməsinədək bəyanatla çıxış edərək yenidən nəzərdən keçirilmiş mətni və ya düzəlişi qəbul etmədiyini bildirən Hökumətlər istisna olmaqla, Razılığa gələn bütün digər Hökumətlər üçün qüvvəyə minir. Konfrans yenidən nəzərdən keçirilmiş mətni və ya düzəlişi qəbul edərkən üçdə iki səs çoxluğu ilə belə müəyyən edə bilər ki, həmin yenidən nəzərdən keçirilmiş mətnin və ya düzəlişin qüvvəyə minməsindən sonrakı bir il ərzində bu yenidən nəzərdən keçirilmiş mətni və ya düzəlişi qəbul etmədiyi barədə bəyanat vermiş Razılığa gələn istənilən Hökumət bu müddətin başa çatmasından etibarən Konvensiyada iştirakını dayandırır.

 

M a d d ə  1 0

 

1. Bu Konvensiya bugünkü tarixdən etibarən altı ay ərzində imzalanmaq üçün, bu müddətdən sonra isə qoşulmaq üçün açıq olacaqdır.

2. Birləşmiş Millətlər Təşkilatının, yaxud onun ixtisaslaşmış qurumlarının və ya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin üzvü olan dövlətlərin, yaxud Beynəlxalq Ədalət Məhkəməsinin Nizamnaməsini qəbul etmiş dövlətlərin hökumətləri aşağıdakı üsullarla bu Konvensiyanın iştirakçısı ola bilərlər:

a) qəbuletməyə dair qeyd-şərtsiz imzalama;

b) sonradan qəbul etməklə qəbuletməyə dair qeyd-şərtlə imzalama; yaxud

 c) qoşulma.

Qəbuletmə və ya qoşulma müvafiq sənədin Baş katibə saxlanca verilməsi ilə qüvvəyə minir.

3. Bu maddənin 2-ci bəndi ilə Konvensiyada iştirak etmək hüququ olmayan istənilən dövlətin Hökuməti iştirakçı olmaq üçün Baş katib vasitəsilə müraciət edə bilər. Təşkilatın ortaq üzvlərindən savayı digər üzvlərin üçdə ikisinin razılığı olduğu təqdirdə həmin Hökumət 2-ci bəndə əsasən iştirakçı kimi qəbul olunur.

 

M a d d ə  1 1

 

Bu Konvensiya ən azı on dövlətin Hökumətinin onu qəbuletməyə dair qeyd-şərtsiz imzalamasından və ya qəbuletmə, yaxud qoşulma haqqında sənədləri saxlanca verməsindən altmış gün sonra qüvvəyə minir. Bu Konvensiyanı sonradan qəbul edən və ya ona qoşulan Hökumət üçün Konvensiya qəbuletmə, yaxud qoşulma haqqında sənədlərin saxlanca verilməsindən altmış gün sonra qüvvəyə minir.

 

M a d d ə   1 2

 

 Bu Konvensiya Razılığa gələn Hökumət üçün qüvvəyə mindikdən üç il sonra həmin Hökumət Baş katibə yazılı bildiriş göndərməklə onu ləğv edə bilər. Baş katib istənilən belə bildirişin daxil olma tarixi və məzmunu haqqında Razılığa gələn bütün Hökumətləri məlumatlandırır. Bu cür ləğvetmə Baş katibin həmin bildirişi almasından bir il sonra, yaxud bildirişin özündə göstərilə bilən daha sonrakı tarixdə qüvvəyə minir.

 

 

M a d d ə 1 3

 

  1. a ) Birləşmiş Millətlər Təşkilatının hər hansı bir əraziyə münasibətdə inzibati hakimiyyəti həyata keçirdiyi, yaxud Razılığa gələn Hökumətin hər hansı bir ərazinin beynəlxalq əlaqələrinə məsul olduğu hallarda Birləşmiş Millətlər Təşkilatı və ya Razılığa gələn Hökumət bu Konvensiyanın həmin əraziyə də şamil edilməsi təşəbbüsü ilə mümkün qədər tez bir zamanda sözügedən ərazinin nümayəndələri ilə məsləhətləşmə aparır və istənilən vaxt Baş katibə yazılı bildiriş göndərməklə Konvensiyanın həmin əraziyə şamil olunduğunu bəyan edə bilər.

b) Bildirişin alındığı tarixdən, yaxud bildirişin özündə göstərilə bilən hər hansı digər tarixdən etibarən bu Konvensiya həmin bildirişdə adı çəkilən əraziyə şamil olunur.

c) Bu maddəyə əsasən Konvensiyanın şamil edildiyi istənilən əraziyə bu Konvensiyanın 8-ci maddəsinin müddəaları tətbiq olunur; bu məqsəd üçün "onun rəsmiyyəti, proseduru və sənədləşməyə dair tələbləri" dedikdə, həmin ərazidə qüvvədə olan rəsmiyyət, prosedur və sənədləşməyə dair tələblər nəzərdə tutulur.

d) Baş katibin bu Konvensiyanın hər hansı belə əraziyə şamil olunmasının dayandırılması barədə bildiriş alması tarixindən və ya həmin bildirişdə göstərilə bilən daha sonrakı tarixdən bir il ötdükdən sonra bu Konvensiyanın həmin əraziyə şamil olunması dayandırılır.

2. Baş katib bu maddənin 1-ci bəndinə əsasən Konvensiyanın hər hansı bir əraziyə şamil olunması barədə, şamil olunma tarixini də göstərmək şərtilə, Razılığa gələn bütün Hökumətləri məlumatlandırır.

 

M a d d ə   1 4

 

 Baş katib Konvensiyanı imzalayan bütün Hökumətləri, Razılığa gələn bütün Hökumətləri və Təşkilatın bütün üzvlərini aşağıdakılar barədə məlumatlandırır:

a) Konvensiyanın hər hansı hökumət tərəfindən imzalanması və imzalanma tarixi;

b) qəbuletmə və ya qoşulma haqqında sənədlərin saxlanca verilməsi və onların saxlanca verilmə tarixi;

c) Konvensiyanın 11-ci maddəyə müvafiq olaraq qüvvəyə minmə tarixi;

d) 12-ci və 13-cü maddələrə müvafiq olaraq hər hansı bildirişin alınması və həmin bildirişin alınma tarixi;

e) 7-ci və ya 9-cu maddələrə müvafiq olaraq hər hansı konfransın çağırılması.

 

M a d d ə   1 5

 

  Bu Konvensiya və onun Əlavəsi Baş katibə saxlanca verilir və o, həmin sənədlərin təsdiqlənmiş surətlərini Konvensiyanı imzalayan və ona qoşulan hökumətlərə göndərir. Bu Konvensiya qüvvəyə minən kimi, Baş katib onu Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 102-ci maddəsinə müvafiq olaraq qeydiyyata alacaqdır.

 

M a d d ə   1 6

 

 Bu Konvensiyanın və onun Əlavəsinin mətni ingilis və fransız dillərində tərtib olunmuşdur, hər iki mətn eyni qüvvəyə malikdir. Rus və ispan dillərində rəsmi tərcümələri hazırlanaraq imzalanmış əsilləri ilə birgə saxlanca veriləcəkdir.

 

Bunun təsdiqi olaraq, öz hökumətləri tərəfindən lazımi qaydada səlahiyyətləndirilmiş aşağıda imza edənlər bu Konvensiyanı imzaladılar.

 

1965-ci il aprelin 9-da Londonda imzalanmışdır.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status