×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
12.05.2006
QEYDİYYAT NÖMRƏSİ
104-IIIQ
ADI
“Xilasetmə haqqında” Beynəlxalq Konvensiyaya qoşulmaq barəsində
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2006, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 394)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.05.2006
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
440.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Xilasetmə haqqında” Beynəlxalq Konvensiyaya qoşulmaq barəsində

“Xilasetmə haqqında” Beynəlxalq Konvensiyaya qoşulmaq barəsində

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası “Xilasetmə haqqında” 1989-cu il tarixli Beynəlxalq Konvensiyaya qoşulsun.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

 

 

Bakı şəhəri, 12 may 2006-cı il

№ 104-IIIQ

 

 

 

 

 

Xilasetmə haqqında 1989-cu il tarixli

 

BEYNƏLXALQ KONVENSİYA

 

 Bu Konvensiyanın iştirakçısı olan dövlətlər, xilasetmə əməliyyatlarına dair vahid beynəlxalq qaydaların saziş vasitəsilə müəyyən edilməsini arzuolunan hesab edərək, ətraf mühitin mühafizəsi ilə bağlı mühüm dəyişikliklərin və xüsusən də artan narahatlığın dənizdə kömək göstərilməsinə və xilasetməyə dair bəzi qaydaların birləşdirilməsi üçün 1910-cu il sentyabrın 23-də Brüsseldə qəbul edilmiş Konvensiyada hazırda mövcud olan qaydalara yenidən baxılması zərurətini yaratdığını vurğulayaraq, səmərəli və vaxtında aparılan xilasetmə əməliyyatlarının təhlükədə olan gəmilərin və digər əmlakın təhlükəsizliyinin və ətraf mühitin mühafizəsinin təmin edilməsinə böyük töhfə verəcəyini dərk edərək, təhlükədə olan gəmilər və digər əmlakla bağlı xilasetmə əməliyyatları həyata keçirən şəxslər üçün lazımi stimulların təmin edilməsinin zəruriliyinə əmin olaraq, aşağıdakılar barədə razılığa gəldilər:

 

 

 

 

 

 

 

 

 

I  f ə s i l

 

ÜMUMİ MÜDDƏALAR

 

M a d d ə  1

Təriflər

Bu Konvensiyanın məqsədləri üçün:

a) xilasetmə əməliyyatı gəmilərin hərəkət etdiyi sularda və ya hər hansı digər sularda təhlükədə olan gəmiyə və ya digər əmlaka kömək göstərilməsi üçün həyata keçirilən hər hansı hərəkət, yaxud fəaliyyət deməkdir;

b) gəmi hər hansı gəmi və ya üzmə vasitəsi, yaxud üzə bilən hər hansı bir qurğu deməkdir;

c) əmlak daimi olaraq və bilərəkdən sahilə bənd edilməmiş və risk qarşısında fraxtdan ibarət hər hansı əmlak deməkdir;

d) ətraf mühitə zərər sahilyanı, yaxud daxili sularda və ya onlara bitişik ərazilərdə çirklənmə, yoluxma, yanğın, partlayış və buna bənzər böyük qəzalar nəticəsində insan sağlamlığına, yaxud dəniz flora və faunasına və ya resurslarına dəymiş böyük fiziki zərər deməkdir;

e) ödəniş bu Konvensiyaya uyğun olaraq ödənilməli olan hər hansı mükafat və ya kompensasiya deməkdir;

f) Təşkilat Beynəlxalq Dəniz Təşkilatı deməkdir;

g) Baş katib Təşkilatın Baş katibi deməkdir.

 

 

M a d d ə 2

Konvensiyanın tətbiqi

 

 Bu Konvensiya, onda nəzərdə tutulmuş məsələlərə dair iştirakçı dövlətdə məhkəmə və ya arbitraj icraatının başlandığı istənilən halda tətbiq edilir.

 

M a d d ə 3

Platformalar və qazma qurğuları

 

Stasionar, yaxud üzən platformalar və ya hərəkət edən dəniz qazma qurğuları yerləşdikləri yerlərdə dəniz dibinin mineral resurslarının kəşfiyyatı, işlənməsi və ya hasilatını həyata keçirdikdə belə platforma və ya qurğulara bu Konvensiya tətbiq edilmir.

 

M a d d ə  4

Dövlət mülkiyyətində olan gəmilər

 

1. 5-ci maddəyə xələl gəlmədən bu Konvensiya, hər hansı bir dövlətin mülkiyyətində olan, yaxud onun tərəfindən istismar edilən və xilasetmə əməliyyatlarının aparılması zamanı beynəlxalq hüququn hamılıqla qəbul edilən prinsiplərinə uyğun olaraq suveren immunitetə malik hərbi gəmilərə və ya digər qeyri-kommersiya gəmilərinə, əgər həmin dövlət başqa qərar qəbul etməzsə, tətbiq olunmur.

2. Əgər iştirakçı dövlət Konvensiyanı özünün 1-ci bənddə göstərilən hərbi gəmilərinə və ya digər gəmilərinə tətbiq etməyi qərara alarsa, bu cür tətbiqin şərtlərini göstərməklə Baş katibə bu barədə bildiriş göndərir.

 

M a d d ə   5

Rəsmi hakimiyyət dairələrinin nəzarətində olan xilasetmə əməliyyatları

 

 1. Bu Konvensiya milli qanunvericiliyin və ya hər hansı beynəlxalq konvensiyanın rəsmi hakimiyyət dairələri tərəfindən və ya onların nəzarəti altında həyata keçirilən xilasetmə əməliyyatlarına dair heç bir müddəasına xələl gətirmir.

2. Bununla belə, bu cür xilasetmə əməliyyatlarını həyata keçirən xilasedənlər xilasetmə əməliyyatları ilə bağlı bu Konvensiyada nəzərdə tutulan hüquqlardan və müdafiə vasitələrindən istifadə edə bilərlər.

3. Xilasetmə əməliyyatlarını həyata keçirməli olan rəsmi hakimiyyət dairələrinin bu Konvensiyada nəzərdə tutulmuş hüquqlardan və müdafiə vasitələrindən nə dərəcədə istifadə edə biləcəyi həmin hakimiyyət dairələrinin yerləşdiyi dövlətin qanunvericiliyi ilə müəyyən olunur.

 

M a d d ə 6

Xilasetmə haqqında müqavilələr

 

 1. Bu Konvensiya müqavilədə birbaşa, yaxud dolayısı ilə başqa qayda nəzərdə tutulduğu hallar və hədlər istisna olmaqla, istənilən xilasetmə əməliyyatlarına və həmin dərəcədə tətbiq edilir.

2. Gəmi kapitanı xilasetmə əməliyyatlarının həyata keçirilməsi barədə gəmi sahibinin adından müqavilələr bağlamaq hüququna malikdir. Gəminin kapitanı, yaxud sahibi gəmidə olan əmlakın sahibi adından belə müqavilələr bağlamaq hüququna malikdirlər .

3. Bu maddədə heç nə 7-ci maddənin tətbiqinə, habelə ətraf mühitə zərərin qarşısının alınması və ya onun azaldılması üzrə vəzifələrə xələl gətirmir.

 

M a d d ə 7

Müqavilələrin ləğv edilməsi və ya dəyişdirilməsi

 

Əgər:

a) müqavilə lüzumsuz təzyiq nəticəsində, yaxud təhlükənin təsiri altında bağlanmışdırsa və onun şərtləri ədalətsizdirsə; yaxud

 b) müqavilədə nəzərdə tutulmuş ödəniş faktiki göstərilmiş xidmətlərə nisbətən həddən artıq artırılmış və ya azaldılmışdırsa, müqavilə və ya onun istənilən şərtləri ləğv edilə və ya dəyişdirilə bilər.

 

 

I I f ə s i l

 

XİLASETMƏ ƏMƏLİYYATLARININ KEÇİRİLMƏSİ

 

M a d d ə 8

Xilasedənin, gəmi sahibinin və kapitanın vəzifələri

 

1. Təhlükədə olan gəminin və ya digər əmlakın sahibinə münasibətdə xilasedən:

a) xilasetmə əməliyyatlarını lazımi qayğı ilə aparmağa;

b) a) yarımbəndində göstərilən vəzifənin yerinə yetirilməsi zamanı ətraf mühitə zərərin qarşısının alınması və ya azaldılması üçün lazımi qayğı göstərməyə;

c) şərait ağlabatan tərzdə tələb etdikdə, yardım üçün digər xilasedənlərə müraciət etməyə; və

 d) təhlükədə olan gəminin sahibi və ya kapitanı, yaxud digər əmlakın sahibi tələb etdikdə digər xilasedənlərin iştirakına razılıq verməyə borcludur, lakin bu şərtlə ki, əgər belə tələbin ağlabatan olmadığı etiraf edilsə, bu onun mükafatının məbləğinə təsir göstərməsin.

2. Təhlükədə olan gəminin kapitanı və ya sahibi, yaxud digər əmlakın sahibi xilasedənə münasibətdə:

a) xilasetmə əməliyyatları gedişində onunla tam əməkdaşlıq etməyə;

b) bu zaman ətraf mühitə zərərin qarşısını almaq və ya onu azaltmaq üçün lazımi qayğı göstərməyə; və

c) gəmi və ya digər əmlak təhlükəsiz yerə çatdırıldıqdan sonra xilasedən ağlabatan tərzdə tələb etdikdə gəmini və ya digər əmlakı qəbul etməyə borcludur.

 

M a d d ə 9

Sahilyanı dövlətlərin hüquqları

 

 Bu Konvensiyada heç nə sahilyanı dövlətin, öz sahilboyunu və ona bitişik əraziləri dəniz qəzası nəticəsində və ya belə qəza ilə bağlı olub, ciddi zərərli nəticələrə gətirib çıxaracağı ağlabatan tərzdə ehtimal olunan hərəkətlər nəticəsində çirklənmədən və ya çirklənmə təhlükəsindən qorumaq məqsədilə, beynəlxalq hüququn hamılıqla qəbul edilən prinsiplərinə uyğun olaraq tədbirlər görmək hüququna, o cümlədən sahilboyu dövlətin xilasetmə əməliyyatları barədə göstərişlər vermək hüququna xələl gətirmir.

 

M a d d ə 1 0

Kömək etmək vəzifəsi

 

1. Hər bir kapitan dənizdə ölüm təhlükəsi qarşısında olan hər hansı bir şəxsə, öz gəmisini və həmin gəmidə olan şəxsləri ciddi təhlükəyə məruz qoymadan kömək edə bildikdə, kömək etməyə borcludur.

2. İştirakçı dövlətlər 1-ci bənddə göstərilən vəzifənin yerinə yetirilməsinin təmin olunması üçün zəruri tədbirlər görürlər.

3. Gəmi sahibi 1-ci bənddə göstərilən vəzifənin kapitan tərəfindən pozulmasına görə heç bir məsuliyyət daşımır.

 

M a d d ə   1 1

Əməkdaşlıq

 

İştirakçı dövlət xilasetmə əməliyyatları ilə bağlı məsələlərə-qəzaya uğramış gəmilərin limanlara buraxılması, yaxud xilasedənlərə xidmətlər göstərilməsi kimi məsələlərə dair qaydalar müəyyənləşdirərkən, yaxud qərarlar qəbul edərkən, təhlükədə olan insanların və ya əmlakın xilas edilməsi, eləcə də bütövlükdə ətraf mühitə dəyə biləcək zərərin qarşısının alınması məqsədilə xilasetmə əməliyyatlarının səmərəli və uğurla həyata keçirilməsinin təmin edilməsi üçün xilasedənlər, digər maraqlı tərəflər və rəsmi hakimiyyət dairələri arasında əməkdaşlığın zəruriliyini nəzərə alır.

 

 

I I I  f ə s i l

 

XİLASEDƏNLƏRİN HÜQUQLARI

 

M a d d ə   1 2

Mükafatlandırma şərtləri

 

1. Faydalı nəticə ilə başa çatan xilasetmə əməliyyatları mükafatlandırılmaq hüququ verir.

2. Başqa qayda nəzərdə tutulmamışdırsa, xilasetmə əməliyyatları faydalı nəticə ilə başa çatmadıqda, bu Konvensiyaya uyğun olaraq, heç bir mükafat verilmir.

3. Xilas edilmiş gəmi və xilasetmə əməliyyatlarını həyata keçirən gəmi eyni sahibə məxsus olduğu halda da bu fəsil tətbiq edilir.

 

M a d d ə 1 3

Mükafatın müəyyən edilməsi meyarları

 

1. Xilasetmə əməliyyatlarının təşviqi məqsədilə aşağıdakı meyarlar, sıralanma qaydasından asılı olmayaraq, nəzərə alınmaqla, mükafat müəyyən edilmir:

a) gəminin və digər əmlakın xilas edilmiş dəyəri;

b) ətraf mühitə dəyə biləcək zərərin qarşısının alınmasında və azaldılmasında xilasedənlərin ustalıq və səyləri;

c) xilasedənin nail olduğu uğurun dərəcəsi;

d) təhlükənin xarakteri və dərəcəsi;

e) gəminin, digər əmlakın və insanların xilas edilməsində xilasedənlərin ustalıq və səyləri;

f) xilasedənlərin sərf etdikləri vaxt, çəkdikləri xərclər və məruz qaldıqları ziyan;

g) məsuliyyət riski, xilasedənlər və onların avadanlığının məruz qaldığı digər risklər;

h) xidmətlərin göstərilmə sürəti;

i) xilasetmə əməliyyatları üçün nəzərdə tutulmuş gəmilərin və digər avadanlığın olması və istifadəsi;

j) xilasedənin avadanlığının hazırlıq vəziyyəti və səmərəliliyi və onun dəyəri.

2. 1-ci bəndə uyğun olaraq müəyyən edilmiş mükafat gəmidə və digər əmlakda marağı olan şəxslərin hamısı tərəfindən, onların xilas edilmiş dəyərinə mütənasib olaraq ödənilir. Lakin iştirakçı dövlət öz milli qanunvericiliyində nəzərdə tuta bilər ki, mükafatı həmin şəxslərdən biri ödəməlidir, bu şərtlə ki, ona özlərinin müvafiq payları miqdarında digər maraqlı şəxslərə qarşı reqress hüququ verilmiş olsun. Bu maddədə heç nə hər hansı müdafiə hüququnun həyata keçirilməsinə əngəl törətmir.

3. Mükafatlar, mükafatlandırma ilə bağlı ödənilməli ola bilən hər hansı faizlər və əvəzi ödənilən məhkəmə və ya arbitraj xərcləri istisna olmaqla, gəminin və digər əmlakın xilas edilmiş dəyərindən artıq olmamalıdır.

 

M a d d ə   1 4

Xüsusi kompensasiya

 

1. Əgər xilasedən, özü və ya içərisindəki yük ətraf mühitə zərər vurulması təhlükəsi yaradan gəminin xilas edilməsi ilə bağlı xilasetmə əməliyyatları həyata keçirmişsə və 13-cü maddəyə uyğun olaraq mükafat, - heç olmazsa, bu maddəyə uyğun olaraq müəyyən edilən xüsusi kompensasiyaya bərabər miqdarda mükafat qazana bilməmişdirsə, o, həmin gəminin sahibindən, burada müəyyən edildiyi kimi, çəkdiyi xərclərə bərabər miqdarda xüsusi kompensasiya almaq hüququna malikdir.

2. Əgər 1-ci bənddə nəzərdə tutulmuş hallarda xilasedən apardığı xilasetmə əməliyyatları nəticəsində ətraf mühitə zərərin qarşısını almış və ya onu azaltmışdırsa, gəmi sahibinin xilasedənə 1-ci bəndə uyğun olaraq ödədiyi xüsusi kompensasiya xilasedənin çəkdiyi xərclərin ən çoxu 30%-dək artırıla bilər. Lakin məhkəmə və ya arbitraj, bunu ədalətli və ağlabatan hesab edərsə, 13-cü maddənin 1-ci bəndində göstərilmiş müvafiq meyarları nəzərə alaraq, bu cür xüsusi kompensasiyanı sonradan artıra bilər, ancaq ümumi artım xilasedənin çəkdiyi xərclərin 100%-dən heç bir halda artıq ola bilməz.

3. 1-ci və 2-ci bəndlərin məqsədləri üçün xilasedənin xərcləri xilasetmə əməliyyatını həyata keçirərkən xilasedənin ağlabatan tərzdə sərf etdiyi faktiki xərclər və 13-cü maddənin 1 h), i) və j) bəndlərində göstərilmiş meyarlar nəzərə alınmaqla, xilasetmə əməliyyatı gedişində faktiki olaraq və ağlabatan tərzdə istifadə olunmuş avadanlıq və heyətə görə ədalətli ödəniş deməkdir.

4. Bu maddəyə uyğun olaraq, məcmu xüsusi kompensasiya yalnız o halda və o həddə ödənilir ki, həmin kompensasiya xilasedənin 13-cü maddəyə uyğun ala biləcəyi hər hansı mükafatdan artıq olsun.

5. Əgər xilasedən laqeydlik etmiş və bunun nəticəsində ətraf mühitə dəyən zərərin qarşısını ala və ya onu azalda bilməmişdirsə, bu maddəyə uyğun olaraq verilməli olan xüsusi kompensasiyadan tamamilə və ya qismən məhrum edilə bilər.

6. Bu maddədə heç nə gəmi sahibinin reqress hüquqlarına xələl gətirmir.

 

M a d d ə   1 5

Mükafatın xilasedənlər arasında bölüşdürülməsi

 

1. 13-cü maddəyə uyğun olaraq müəyyən edilmiş mükafatın xilasedənlər arasında bölüşdürülməsi bu maddədə göstərilən meyarlar əsasında aparılır.

2. Gəmi sahibi, gəmi kapitanı və xilasedən hər bir gəmidə xidmətdə olan digər şəxslər arasında bölüşdürmə bu gəminin bayrağını daşıdığı dövlətin qanunu ilə müəyyən olunur. Əgər xilasetmə gəmidən həyata keçirilməmişsə, bölüşdürmə xilasedən ilə onun xidmətində olanlar arasında bağlanmış müqaviləyə şamil olunan qanunla müəyyən edilir.

 

M a d d ə 1 6

İnsanların xilas edilməsi

1. Xilas edilmiş insanlardan heç bir mükafat alınmalı deyildir, lakin bu maddədə heç nə milli qanunvericiliyin həmin məsələyə dair müddəalarına xələl gətirmir.

2. Xilasetmə zərurəti doğurmuş qəza ilə bağlı xidmətlərin göstərilməsində iştirak edərək insanları xilas etmiş şəxs gəminin və ya digər əmlakın xilas edilməsi, yaxud da ətraf mühitə zərərin qarşısının alınması və ya azaldılması üçün xilasedənə ödənilən məbləğdən ədalətli pay almaq hüququna malikdir.

 

M a d d ə   1 7

Mövcud müqavilələrin icrası zamanı göstərilən xidmətlər

 

Əgər göstərilmiş xidmətlər təhlükə yaranmasından əvvəl bağlanmış müqavilənin lazımi qaydada icrası üçün ağlabatan sayıla bilən xidmətlərdən artıq deyilsə, bu Konvensiyanın müddəalarına uyğun olaraq heç bir ödəniş nəzərdə tutulmur.

 

M a d d ə 1 8

Xilasedənin düzgün olmayan davranışının nəticələri

 

Xilasetmə əməliyyatlarının xilasedənin təqsiri və ya ehtiyatsızlığı üzündən zəruri və ya daha çətin olmuşdursa, yaxud da əgər xilasedən aldatmaqda və ya digər vicdansız davranışda təqsirlidirsə, o, bu Konvensiyaya uyğun olaraq ona düşən haqdan həmin həddə mütənasib olaraq tamamilə və ya qismən məhrum edilə bilər.

 

M a d d ə 1 9

Xilasetmə əməliyyatlarının qadağan olunması

 

Gəmi sahibinin və ya kapitanının, yaxud gəmidə olmayan və olmamış, təhlükə qarşısında qalan hər hansı bir digər əmlakın sahibinin birbaşa və ağlabatan qadağasına zidd olaraq göstərilən xidmətlər bu Konvensiyaya uyğun olaraq ödəniş almaq hüququ vermir.

 

 

I V  f ə s i l

 

TƏLƏBLƏR VƏ İDDİALAR

 

M a d d ə   2 0

Dəniz girovu

 

1. Bu Konvensiyada heç nə hər hansı beynəlxalq konvensiyaya və ya milli qanunvericiliyə uyğun olaraq xilasedənə verilən dəniz girovu hüququna xələl gətirmir.

2. Əgər, xilasedənin faizlər və xərclər də daxil olmaqla, tələbinə dair lazımi təminat tələb olunan qaydada təklif edilmiş və ya verilmişdirsə, xilasedən dəniz girovu hüququnu həyata keçirə bilməz.

 

M a d d ə   2 1

Təminat vermək vəzifəsi

 

1. Bu Konvensiyaya uyğun olaraq ödənişə görə məsul olan şəxs xilasedənin xahişinə əsasən onun, faizlər və məhkəmə və ya arbitraj xərcləri daxil

olmaqla, tələbi ilə bağlı lazımi təminat verir.

2. Xilas edilmiş gəminin sahibi, yük sahibləri tərəfindən onlara qarşı irəli sürülmüş tələblərə, faizlər və məhkəmə və ya arbitraj xərcləri də daxil olmaqla, yük təhvil verilənədək, 1-ci bəndə xələl gətirmədən lazımi təminatın verilməsi üçün hər cür səy göstərir.

3. Müvafiq gəminin və ya əmlakı xilasedənin tələbinə lazımi təminat verilməyincə, xilas edilmiş gəmi və ya digər əmlak xilasetmə əməliyyatları başa çatdıqdan sonra ilk çatdırıldığı limandan və ya yerdən xilasedənin razılığı olmadan, başqa yerə aparıla bilməz.

 

M a d d ə   2 2

Aralıq ödəniş

 

 1. Xilasedənin tələbinə münasibətdə yurisdiksiyaya malik olan məhkəmə və ya arbitraj aralıq qərar çıxarmaq yolu ilə və zəruri olduqda, bu işin hallarına uyğun olaraq, təminatla bağlı ədalətli və ağlabatan olan şərtlərin də daxil

olduğu şərtlər əsasında, xilasedənə ədalətli və ağlabatan hesab edilən məbləğdə avans ödənilməsi barədə qərar verə bilər.

2. Bu maddəyə uyğun olaraq aralıq ödəniş edildiyi halda, 21-ci maddəyə əsasən verilən təminat müvafiq olaraq azaldılır.

 

M a d d ə    2 3

İddia müddəti

 

 1. Əgər məhkəmə və ya arbitraj icraatı iki il ərzində başlanmamışdırsa, bu Konvensiyaya uyğun olaraq haqq ödənilməsi barədə hər hansı bir iddia müddətin bitməsinə görə ləğv edilir. İddia müddəti xilasetmə əməliyyatlarının başa çatdığı gündən hesablanır.

2. Tələbin irəli sürüldüyü şəxs iddia müddəti ərzində istənilən vaxt tələbi irəli sürənə ərizə göndərmək yolu ilə bu müddəti uzada bilər. Həmin müddət sonradan da eyni yolla uzadıla bilər.

3. Əgər iddia, icraatın başlandığı dövlətin qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində irəli sürülürsə, məsuliyyət daşıyan şəxs ziyanın ödənilməsi barədə iddianı hətta əvvəlki bəndlərdə nəzərdə tutulmuş iddia müddəti bitdikdən sonra da irəli sürə bilər.

M a d d ə   2 4

Faizlər

 

Xilasedənin, bu Konvensiyaya uyğun olaraq, verilməli olan istənilən məbləğdən faizlər almaq hüququ işə baxan məhkəmənin və ya arbitrajın yerləşdiyi dövlətin qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.

 

M a d d ə  2 5

Dövlət mülkiyyətində olan yüklər

 

 Əgər mülkiyyətçi dövlət razılıq vermirsə, bu Konvensiyanın heç bir müddəası dövlət mülkiyyətində olan və xilasetmə əməliyyatlarının keçirilməsi zamanı beynəlxalq hüququn hamılıqla qəbul olunan prinsiplərinə uyğun olaraq, suveren immunitetə malik qeyri-kommersiya yüklərinin nə hər hansı bir yurisdiksiya proseduru yolu ilə, nə də belə yüklərə dair məhkəmə icraatı qaydasında götürülməsi, üzərinə həbs qoyulması və ya saxlanılması üçün əsas kimi istifadə edilməməlidir.

 

M a d d ə   2 6

Humanitar xarakterli yüklər

 

Əgər hər hansı bir dövlət humanitar xarakterli yüklərin xilas edilməsi üzrə xidmətlərin haqqını ödəməyə razılıq vermişsə, bu Konvensiyanın heç bir müddəası hər hansı bir dövlətin hədiyyə etdiyi bu cür humanitar yüklərin götürülməsi, üzərinə həbs qoyulması və ya saxlanılması üçün əsas kimi istifadə edilə bilməz.

 

M a d d ə   2 7

Arbitraj qərarlarının dərc edilməsi

 

İştirakçı dövlətlər xilasetmə haqqında işlərə dair arbitraj qərarlarının dərc olunmasını mümkün olan həddə və Tərəflərin razılığı ilə təşviq edirlər.

 

 

 

 

 

V f ə s i l

 

YEKUN MÜDDƏALAR

 

M a d d ə   2 8

İmzalama, ratifikasiya, qəbul etmə, təsdiq etmə və qoşulma

 

1. Bu Konvensiya 1989-cu il iyulun 1-dən 1990-cı il iyunun 30-dək Təşkilatın mənzil-qərargahında imzalanmaq üçün açıqdır və bundan sonra qoşulmaq üçün açıq qalır.

2. Dövlətlər bu Konvensiyanın onlar üçün məcburiliyinə öz razılığını aşağıdakı yollarla bildirə bilərlər:

a) ratifikasiya, qəbul etmə və ya təsdiq etmə ilə bağlı qeyd-şərt olmadan imzalama; yaxud b) sonradan ratifikasiya, qəbul etmə və ya təsdiq etməklə ratifikasiya, qəbul etmə və ya təsdiq etmə barədə qeyd-şərtlə imzalama; yaxud c) qoşulma.

3. Ratifikasiya, qəbul etmə, təsdiq etmə və ya qoşulma müvafiq sənədin saxlanılmaq üçün Baş katibə verilməsi yolu ilə həyata keçirilir.

 

M a d d ə   2 9

Qüvvəyə minmə

 

1. Bu Konvensiya 15 dövlət, onlar üçün Konvensiyanın məcburiliyinə öz razılığını bildirdiyi tarixdən bir il sonra qüvvəyə minir.

2. Konvensiyanın qüvvəyə minməsi üçün zəruri olan şərtlərin yerinə yetirilməsindən sonra bu Konvensiyanın onun üçün məcburiliyinə öz razılığını bildirmiş dövlət üçün o, bu cür razılığın bildirildiyi tarixdən bir il sonra qüvvəyə minir.

 

 

M a d d ə  3 0

Qeyd-şərtlər

 

1. Hər hansı dövlət imzalama, ratifikasiya, qəbul etmə, təsdiq etmə və ya qoşulma zamanı bu Konvensiyanın müddəalarını tətbiq etməmək hüququnu aşağıdakı hallarda özündə saxlaya bilər:

a) xilasetmə əməliyyatı daxili sularda aparıldıqda və cəlb edilmiş gəmilərin hamısı daxili sularda üzən gəmilər olduqda;

b) xilasetmə əməliyyatları daxili sularda aparıldıqda və heç bir gəmi cəlb edilmədikdə;

c) maraqlı tərəflərin hamısı bu dövlətin vətəndaşları və ya təşkilatları olduqda;

d) cəlb edilmiş əmlak qədim, arxeoloji və ya tarixi əhəmiyyətli mədəniyyət səciyyəli dəniz əmlakı olduqda və dənizin dibində yerləşdikdə.

2. İmzalama zamanı edilmiş qeyd-şərtlər ratifikasiya, qəbul etmə və ya təsdiq etmə zamanı təsdiq olunmalıdır.

3. Bu Konvensiyaya qeyd-şərt etmiş hər hansı dövlət istənilən vaxt Baş katibə ünvanlanmış bildiriş yolu ilə onu geri götürə bilər. Bu cür geri götürmə bildirişin alınma tarixindən qüvvəyə minir. Əgər bildirişdə qeyd-şərtin geri götürülməsinin qüvvəyə minməsinin konkret tarixi göstərilirsə və bu tarix Baş katibin bildirişi aldığı tarixdən sonra gəlirsə, geri götürmə daha sonra gələn tarixdən qüvvəyə minir.

 

M a d d ə   3 1

Denonsasiya

 

 1. Bu Konvensiya hər hansı bir iştirakçı dövlət üçün onun qüvvəyə minmə tarixindən bir il keçdikdən sonra hər hansı iştirakçı dövlət tərəfindən denonsasiya edilə bilər.

2. Denonsasiya bu barədə sənədin Baş katibə saxlanılmağa verilməsi yolu ilə həyata keçirilir.

3. Denonsasiya Baş katibin denonsasiya barədə sənədi aldığı tarixdən bir il keçdikdən sonra, yaxud denonsasiya barədə sənəddə göstərilə bilən daha artıq müddət keçdikdən sonra qüvvəyə minir.

 

M a d d ə   3 2

Yenidən baxılma və düzəlişlər edilməsi

 

1. Təşkilat bu Konvensiyaya yenidən baxılması, yaxud ona düzəlişlər edilməsi məqsədilə konfrans çağıra bilər.

2. Baş katib səkkiz iştirakçı dövlətin və ya iştirakçı dövlətlərin dörddə birinin, hansı rəqəmin daha böyük olmasından asılı olaraq, xahişi ilə Konvensiyaya yenidən baxılması və ya ona düzəlişlər edilməsi məqsədilə iştirakçı dövlətlərin konfransını çağırır.

3. Bu Konvensiyaya düzəlişin qüvvəyə mindiyi tarixdən sonra bu Konvensiyanın məcburiliyinə bildirilmiş hər hansı bir razılıq dəyişiklik edilmiş Konvensiyaya aid olan kimi nəzərdən keçirilir.

 

M a d d ə   3 3

Depozitari

 

1. Bu Konvensiya saxlanılmaq üçün Baş katibə verilir.

2. Baş katib:

a) bu Konvensiyanı imzalamış, yaxud ona qoşulmuş bütün dövlətləri, habelə Təşkilatın bütün üzvlərini:

i) tarixlər göstərilməklə, Konvensiyanın hər bir yeni imzalanması, yaxud ratifikasiya, qəbul etmə, təsdiq etmə və ya qoşulma haqqında sənədin saxlanılmağa verilməsi;

ii)    bu Konvensiyanın qüvvəyə minməsi;

iii) alınma tarixi göstərilməklə, bu Konvensiyanın denonsasiyası barədə hər hansı sənədin saxlanılmağa verilməsi və denonsasiyanın qüvvəyə minmə tarixi;

iv)  32-ci maddəyə uyğun olaraq edilmiş hər hansı düzəliş;

v)  bu Konvensiyaya uyğun olaraq verilmiş hər hansı qeyd-şərt, bəyanat və ya bildirişin alınması barədə məlumatlandırır;

b) bu Konvensiyanın əsl mətninin təsdiq edilmiş surətlərini Konvensiyanı imzalamış, yaxud ona qoşulmuş bütün dövlətlərə göndərir.

3. Bu Konvensiya qüvvəyə mindikdən dərhal sonra depozitari onun əsl mətninin təsdiq olunmuş surətini Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 102-ci maddəsinə uyğun olaraq qeydiyyatdan keçirilmək və dərc edilmək üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə göndərir.

 

M a d d ə   3 4

Dillər

 

Bu Konvensiya ingilis, ərəb, ispan, Çin, rus və fransız dillərində bir nüsxədə tərtib edilmişdir, həm də bütün mətnlər autentikdir.

Bunun təsdiqi olaraq, öz hökumətləri tərəfindən bunun üçün lazımi qaydada səlahiyyətləndirilmiş aşağıda imza edənlər bu Konvensiyanı imzaladılar.

Min doqquz yüz səksən doqquzuncu il aprelin iyirmi səkkizində Londonda bağlanmışdır.

 

 

ƏLAVƏ 1

 

Xilasetmə haqqında 1989-cu il tarixli Beynəlxalq Konvensiyanın 13-cü və 14-cü maddələrinə dair ümumi anlayış

 

Konfransın ümumi anlayışına görə, Xilasetmə haqqında 1989-cu il tarixli Beynəlxalq Konvensiyanın 13-cü maddəsinə uyğun olaraq mükafatın müəyyənləşdirilməsi və 14-cü maddəsinə uyğun olaraq xüsusi kompensasiyanın müəyyənləşdirilməsi zamanı məhkəmə və ya arbitraj 13-cü maddəyə uyğun olaraq mükafatı 14-cü maddəyə uyğun olaraq ödənilməli olan xüsusi kompensasiyanın müəyyən edilməsinə qədər gəminin və digər əmlakın xilas edilmiş maksimum dəyəri məbləğində müəyyənləşdirməyə borclu deyildir.

 

 

ƏLAVƏ 2

 

1974-cü il tarixli York-Antverpen qaydalarının dəyişdirilməsi

barədə qətnamə

 

Xilasetmə üzrə 1989-cu il tarixli Beynəlxalq Konfrans, Xilasetmə haqqında 1989-cu il tarixli Beynəlxalq Konvensiyanı qəbul edərək, 14-cü maddəyə uyğun olaraq, həyata keçirilən ödənişləri ümumi qəzaya aid etməyin nəzərdə tutulmadığını hesab edərək, Beynəlxalq Dəniz Təşkilatının Baş katibindən xahiş edir ki, 14-cü maddəyə uyğun olaraq ödənilən xüsusi kompensasiyanın ümumi qəza qaydasında bölüşdürülməməsi məqsədilə 1974-cü il tarixli York-Antverpen dəyişikliklərinin tez təmin edilməsi üçün müvafiq tədbirlər görsün.

 

 

ƏLAVƏ 3

 

Xilasetmə haqqında 1989-cu il tarixli Beynəlxalq Konvensiyanın həyata keçirilməsi məqsədilə beynəlxalq əməkdaşlıq haqqında qətnamə

 

Xilasetmə üzrə 1989-cu il tarixli Beynəlxalq Konfrans, Xilasetmə haqqında 1989-cu il tarixli Beynəlxalq Konvensiyanı (bundan sonra "Konvensiya" adlandırılacaq) nəzərə alaraq, mümkün qədər daha çox dövlətin Konvensiyaya üzv olmasını arzuolunan hesab edərək, Konvensiyanın qüvvəyə minməsinin dəniz mühitinin qorunması işində mühüm əlavə amil olacağını etiraf edərək, Konvensiya haqqında məlumatın beynəlxalq miqyasda yayılmasının və onun geniş həyata keçirilməsinin Konvensiyanın məqsədlərinə nail olunması üçün müstəsna əhəmiyyət kəsb etdiyi fikrində olaraq, 1. Tövsiyə edir:

a) Təşkilat seminarların, kursların və ya simpoziumların keçirilməsi yolu ilə ictimaiyyətin Konvensiya ilə tanış olmasına kömək göstərsin;

b) Təşkilatın himayəsi altında yaradılmış tədris müəssisələri Konvensiyanın öyrənilməsini özlərinin müvafiq tədris kurslarına daxil etsinlər;

2. Xahiş edir:

a) üzv dövlətlər Konvensiyanın tətbiq sahəsinə aid olan müxtəlif məsələlərlə bağlı özlərinin dərc etdirdikləri qanunların, sərəncamların, fərmanların, qaydaların və digər sənədlərin mətnlərini Təşkilata göndərsinlər;

b) üzv dövlətlər Təşkilatla məsləhətləşərək, bu Konvensiyanın həyata keçirilməsi üçün zəruri olan qanunların, sərəncamların, fərmanların, qaydaların və digər sənədlərin tərtibində texniki yardım göstərilməsi xahişi ilə müraciət edən dövlətlərə kömək göstərsinlər;

c) Təşkilat 2 a ) bəndinə uyğun olaraq ala biləcəyi hər hansı məlumat barədə iştirakçı dövlətlərə bildiriş göndərsin.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status