430.000.000
“Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
1. “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Fərmandan irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 may 2006-cı il
№ 408
Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 25 may tarixli 408 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Azərbaycan Respublikasının Səfirliyi haqqında
ƏSASNAMƏ
I. ÜMUMİ MÜDDƏALAR
1. Azərbaycan Respublikasının Səfirliyi (bundan sonra - Səfirlik) qəbul edən dövlətdə Azərbaycan Respublikasını təmsil edən diplomatik xidmət orqanıdır. Səfirlik Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsis edilir. Səfirlik Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (bundan sonra-Nazirlik) rəhbərlik etdiyi diplomatik xidmət orqanlarının vahid sisteminə daxildir.
2. Səfirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər müvafiq beynəlxalq müqavilələri, eləcə də beynəlxalq hüququn tətbiq edilə bilən digər normalarını, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni, Nazirliyin əmr, sərəncam və göstərişlərini rəhbər tutur və qəbul edən dövlətin qanunvericiliyini nəzərə alır.
3. Səfirlik qəbul edən dövlətdə Azərbaycan Respublikasının vahid xarici siyasət xəttinin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin edir və bu məqsədlə Azərbaycan Respublikasının dövlət və yerli özünüidarəetmə orqanlarının, idarə, təşkilat və müəssisələrinin nümayəndəliklərinin, nümayəndə heyətlərinin və mütəxəssis qruplarının fəaliyyətini əlaqələndirir və işi üzərində nəzarəti həyata keçirir. Adı çəkilən nümayəndəliklər, nümayəndə heyətləri və mütəxəssis qrupları öz fəaliyyətini Səfirliklə razılaşdırmalı və öz fəaliyyəti barədə Səfirliyə məlumat verməlidirlər.
4. Səfirliyin binasında və ya onun ərazisində, Azərbaycan Respublikasının xarici dövlətdəki Fövqəladə və Səlahiyyətli Səfirinin (bundan sonra-Səfir) iqamətgahında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılır. Səfirliyin binasında və ya onun ərazisində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və Azərbaycan dilində və qəbul edən dövlətin dövlət dilində (dövlət dillərində) “Azərbaycan Respublikasının (qəbul edən dövlətin adı) Səfirliyi” yazısı olan lövhə vurulur. Səfirin nəqliyyat vasitəsi üzərində Azərbaycan Respublikasının Dövlət bayrağı yerləşdirilir. Azərbaycan Respublikasının dövlət rəmzləri qəbul edən dövlətin protokol təcrübəsi nəzərə alınaraq istifadə olunur.
5. Səfirlik, səfirliyin əməkdaşları və onlarla birlikdə yaşayan ailə üzvləri qəbul edən dövlətdə beynəlxalq hüquq normalarına və qəbul edən dövlətin qanunvericiliyinə uyğun olaraq immunitet və imtiyazlardan istifadə edir. Səfirliyin əməkdaşları və onlarla birlikdə yaşayan ailə üzvləri qəbul edən dövlətin qanunvericiliyinə, adət və ənənələrinə hörmət etməli, qəbul edən dövlətin daxili işlərinə qarışmaqdan və daxili işlərinə qarışmaq kimi təfsir oluna bilən hərəkətlərdən çəkinməlidir.
6. Səfirlik Nazirlik tərəfindən təsdiq olunmuş Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, ştamplara, blanklara və bank hesablarına malikdir.
7. Azərbaycan Respublikasının mülkiyyəti olan Səfirliyin torpaq sahələri, binaları, qurğuları və digər əmlakı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada Səfirliyə təhkim olunur.
8. Səfirlik ona təhkim olunmuş əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququnu Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada həyata keçirir.
II. SƏFİRLİYİN ƏSAS VƏZİFƏLƏRİ
9. Səfirliyin əsas vəzifələri aşağıdakılardır:
9.1. öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Azərbaycan Respublikasını təmsil etmək;
9.2. qəbul edən dövlətdə Azərbaycan Respublikasının vahid xarici siyasət xəttini öz səlahiyyətləri daxilində həyata keçirmək;
9.3. qəbul edən dövlətdə Azərbaycan Respublikasının milli maraqlarını, o cümlədən suverenliyini, təhlükəsizliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını, siyasi, iqtisadi və digər maraqlarını diplomatik üsul və vasitələrlə öz səlahiyyətləri daxilində təmin etmək və müdafiə etmək;
9.4. qəbul edən dövlətdə Azərbaycan Respublikasının, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarını öz səlahiyyətləri daxilində müdafiə etmək;
9.5. qəbul edən dövlətdə Azərbaycan Respublikasının diplomatik və konsul əlaqələrini qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirmək;
9.6. qəbul edən dövlətə rəsmi nümayəndə heyətlərinin səfərlərinin hazırlanmasına və həyata keçirilməsinə öz səlahiyyətləri daxilində kömək etmək.
III. SƏFİRLİYİN FUNKSİYALARI
10. Səfirlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:
10.1. müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Prezidentini, Azərbaycan Respublikasının Nazirlər Kabinetini və Nazirliyi qəbul edən dövlətin xarici və daxili siyasət məsələləri üzrə məlumatlandırır;
10.2. Azərbaycan Respublikasının qəbul edən dövlətlə iqtisadi, sosial, elmi- texniki, mədəni və başqa sahələrdə əməkdaşlığının inkişafına öz səlahiyyətləri daxilində kömək göstərir;
10.3. Azərbaycan Respublikasının qəbul edən dövlətlə dostluq münasibətlərini inkişaf etdirir, habelə Azərbaycan Respublikasının həmin bölgədə və bütövlükdə dünyada maraqlarının təmin edilməsinə dair Nazirliyə təkliflər təqdim edir;
10.4. qəbul edən dövlətdə Azərbaycan Respublikasının xarici və daxili siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında rəsmi məlumatın yayılmasını təmin edir;
10.5. dövlət orqanlarına və zəruri hallarda Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına (ictimai birliklərinə və fondlarına) və işgüzar dairələrinin nümayəndələrinə həmin dövlətin qeyri-hökumət təşkilatları və işgüzar dairələrinin nümayəndələri ilə əlaqələr qurmasına öz səlahiyyətləri daxilində kömək göstərir;
10.6. Azərbaycan Respublikası ilə qəbul edən dövlət arasında beynəlxalq müqavilələrin layihələrinin hazırlanmasında, Azərbaycan Respublikası ilə qəbul edən dövlət arasında müqavilələrin bağlanması, icrası, ləğv edilməsi və qüvvəsinin dayandırılması barədə təkliflərin hazırlanmasında, Azərbaycan Respublikası ilə qəbul edən dövlət arasında beynəlxalq müqavilələrin icrası üzərində ümumi müşahidənin həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak edir;
10.7. qəbul edən dövlətdə Azərbaycan Respublikasının konsulluqlarının fəaliyyəti üzərində ümumi siyasi rəhbərliyi həyata keçirir;
10.7-1. viza məsələləri ilə bağlı xidmətləri həyata keçirir və Azərbaycan Respublikasına gəlmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirir;
[1]
10.7-2. xarici ölkədə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslərə elektron imza sertifikatının verilməsini təmin edir;
[2]
10.8. qəbul edən dövlətdə Azərbaycan Respublikasına, onun xarici siyasət təşəbbüslərinə münasibətdə müsbət mövqenin təşəkkül tapmasına öz səlahiyyətləri daxilində kömək göstərir;
10.9. qəbul edən dövlətdə Azərbaycan Respublikasının əmlak hüquqlarının və maraqlarının müdafiəsində öz səlahiyyətləri daxilində iştirak edir;
10.10. qəbul edən dövlətin əvvəlcədən razılığı olduğu təqdirdə, qəbul edən dövlətdə akkreditə olunmamış üçüncü dövlətin xahişi ilə həmin üçüncü dövlətin və onun vətəndaşlarının maraqlarını beynəlxalq razılaşmalar əsasında müdafiə edir;
10.11. qəbul edən dövlətdə yaşayan azərbaycanlılarla əlaqələrin qurulmasına və əməkdaşlığın inkişafına öz səlahiyyətləri daxilində yardım edir;
10.11-1. xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşlarını qeydiyyatdan keçirir;
[3]
10.12. öz səlahiyyətləri daxilində qəbul edən dövlətin iqtisadi, sosial, elmi-texniki, mədəni və başqa sahələri, habelə xarici və daxili siyasəti haqqında məlumat toplayır, qəbul edən dövlətin beynəlxalq münasibətlər sistemində yerini təhlil edir, həmçinin qəbul edən dövlətin yerləşdiyi bölgədə digər dövlətlərin, beynəlxalq və regional təşkilatların fəaliyyətini öyrənir və bu barədə Nazirliyə mütəmadi olaraq məlumatlar təqdim edir;
10.13. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Nazirliyin tapşırıqlarını yerinə yetirir, həmçinin Nazirliklə razılaşdırılmış Azərbaycan Respublikasının digər dövlət hakimiyyəti orqanlarının müraciətlərinə baxır;
10.14. yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının, idarə, təşkilat və müəssisələrinin müraciətlərinə baxır;
10.15. Azərbaycan mallarının və xidmətlərinin beynəlxalq bazarlara çıxarılması sahəsində Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarına öz səlahiyyətləri daxilində kömək göstərir;
10.16. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər funksiyaları həyata keçirir.
IV. SƏFİRLİYİN HÜQUQLARI
11. Səfirlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
11.1. öz səlahiyyətləri daxilində rəsmi nümayəndə heyətlərinin səfərlərinə dair Nazirliyə təkliflər vermək;
11.2. qəbul edən dövlətin dövlət və yerli özünüidarəetmə orqanları, qeyri- hökumət təşkilatları (ictimai birliklər və fondlar), elmi və mədəni dairələri, kütləvi informasiya vasitələri, qəbul edən dövlətdə fəaliyyət göstərən diplomatik nümayəndəlik, konsulluq və beynəlxalq və regional təşkilatlar ilə işgüzar əlaqələr qurmaq və inkişaf etdirmək;
11.3. Səfirliyin səlahiyyətinə aid olan məsələlərin həll olunması üçün Azərbaycan Respublikasının dövlət orqanlarından, eləcə də yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları, idarə, təşkilat və müəssisələrindən müəyyən olunmuş qaydada sənədləri, məlumat və digər xarakterli materialları almaq;
11.4. öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Azərbaycan Respublikasının fəxri konsullarının təyin edilməsi barədə təkliflərini Nazirliyə təqdim etmək;
11.5. öz səlahiyyətləri daxilində konfranslar, görüşlər və digər tədbirlər təşkil etmək;
11.6. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
V. SƏFİRLİYİN FƏALİYYƏTİNİN TƏŞKİLİ
12. Səfirliyə akkreditə olunduğu dövlətdə Azərbaycan Respublikasının ən yüksək rəsmi nümayəndəsi olan Səfir başçılıq edir. Səfir Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir və geri çağırılır. Səfir Azərbaycan Respublikasını təmsil edir.
13. Ali təhsilli və üzərinə qoyulmuş vəzifələri yerinə yetirmək üçün müvafiq işgüzar, mənəvi, peşəkar keyfiyyətlərə və sağlamlıq vəziyyətinə malik olan Azərbaycan Respublikasının vətəndaşı Səfir təyin edilə bilər.
14. Səfir təyin olunmuş şəxsin qəbul edən dövlətdə fasiləsiz iş müddəti, bir qayda olaraq, beş ildir. Səfir müavini təyin edilmiş şəxsin xaricdə fasiləsiz iş müddəti dörd ildir. Bu müddətlər Azərbaycan Respublikasının Prezidenti tərəfindən uzadıla bilər.
[4]
Səfir və ya Səfirliyin digər əməkdaşları xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmət ilə bir araya sığmayan hərəkətlərə görə, həmçinin Azərbaycan Respublikasının və ya qəbul edən dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, habelə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda vaxtından əvvəl geri çağırıla bilərlər.
[5]
Səfir və ya Səfirliyin digər əməkdaşlarının vaxtından əvvəl geri çağırılmasına, onlarla birlikdə yaşayan ailə üzvlərinin yuxarıda göstərilən əməllərin törədilməsində təqsirli bilinməsi də əsas ola bilər.
15. Səfir Səfirliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır, göstəriş və tapşırıqların yerinə yetirilməsinə görə Nazirlik qarşısında hesabat verir.
16. Səfir:
16.1. Səfirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
16.2. dövlət sirrinin və qanunla mühafizə edilən digər sirlərin qorunmasını öz səlahiyyətləri daxilində təşkil edir;
16.3. Səfirliyə ayrılan dövlət vəsaitinin səmərəli sərf olunması və maliyyə intizamına riayət olunması üzərində nəzarəti öz səlahiyyətləri daxilində həyata keçirir;
16.4. öz səlahiyyətləri daxilində Səfirliyin fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir;
16.5. öz səlahiyyətləri daxilində Səfirlikdə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və Nazirliyin əmr, sərəncam və göstərişlərinin icrasını təşkil edir və onların yerinə yetirilməsi üzərində nəzarəti həyata keçirir;
16.6. Səfirliyin əməkdaşlarını lazımi iş şəraiti ilə təmin edir, müəyyən olunmuş qaydada səfirliyin fəaliyyəti ilə bağlı Nazirliyə təkliflər irəli sürür;
16.7. Nazirliyin razılığı ilə xidməti ezamiyyətlərə gedir;
16.8. Səfirliyin xüsusi fərqlənmiş əməkdaşlarının Azərbaycan Respublikasının dövlət təltifləri ilə təltif edilməsi üçün, habelə Səfirliyin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Nazirliyə təqdimat verir;
16.9. Səfirliyin diplomatik xidmət əməkdaşlarının rütbədə və vəzifədə yüksəldilməsi, Səfirliyin diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərinin xaricdəki iş müddətinin “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq uzadılması haqqında Nazirliyə müəyyən olunmuş qaydada təklif verir;
16.10. Səfirliyin diplomatik və inzibati-texniki əməkdaşlarının məzuniyyətləri və ezamiyyətləri barədə əmrlər verir;
16.11. Səfirliyin ştatdankənar vəzifələrinə Nazirlik ilə razılaşdıraraq işə qəbul edir və işdən azad edir, ştatdankənar vəzifələrdə çalışan əməkdaşların məzuniyyətləri və ezamiyyətləri barədə əmrlər verir;
16.12. Səfirliyin əməkdaşlarının və onlarla birlikdə yaşayan ailə üzvlərinin Azərbaycan Respublikasına və digər ölkələrə səfərləri ilə bağlı məsələləri öz səlahiyyətləri daxilində həll edir;
16.13. öz səlahiyyətləri daxilində Səfirliyin, onun əməkdaşlarının və onlarla birlikdə yaşayan ailə üzvlərinin təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlər görür, fövqəladə vəziyyət şəraitində qəbul edən dövlətdə Azərbaycan Respublikasının xaricdəki diplomatik xidmət orqanlarının işini və vətəndaşlarının hərəkətlərini müəyyən olunmuş qaydada təşkil edir və onun üzərində rəhbərliyi öz səlahiyyətləri daxilində həyata keçirir;
16.13-1. mühafizəsi zəruri hesab edilən Səfirlikdə mühafizə xidmətinin aparılmasına nəzarət edir;
[6]
16.14. beynəlxalq hüquqa və qəbul edən dövlətin qanunvericiliyinə görə Səfirliyə və qəbul edən dövlətdə yerləşən Azərbaycan Respublikasının digər nümayəndəliklərinə, onların əməkdaşlarına və ailə üzvlərinə, diplomatik poçta və onu daşıyan şəxslərə, həmçinin immunitet və imtiyazlara hüququ olan Azərbaycan Respublikasının digər vətəndaşlarına verilən immunitet və imtiyazların təmin olunması məqsədilə öz səlahiyyətləri daxilində lazımi tədbirlər görür;
16.15. Səfirliyin və qəbul edən dövlətdə yerləşən Azərbaycan Respublikasının digər qurumlarının heyətinə qəbul edən dövlətdə Azərbaycan Respublikasının maraqlarını layiqli təmsil etmələri, onun qanunvericiliyinə, adət və ənənələrinə hörmət etmələri üçün tövsiyələr verir;
16.16. qəbul edən dövlətlə danışıqlar aparır, beynəlxalq konfranslarda və görüşlərdə iştirak edir, habelə qanunvericiliklə nəzərdə tutulmuş qaydada beynəlxalq müqavilələr imzalayır;
16.17. Azərbaycan Respublikasının dövlət orqanlarının nümayəndə heyətlərinin və mütəxəssis qruplarının qərarları və hərəkətləri Azərbaycan Respublikasının maraqlarına cavab vermədiyi halda Nazirliyə məlumat verir və Nazirlik bu məlumat əsasında həmin dövlət orqanlarının nümayəndə heyətlərinin və mütəxəssis qruplarının işinə vaxtından əvvəl xitam verilməsi məsələsi ilə bağlı həmin dövlət orqanları qarşısında məsələ qaldırır;
16.18. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
17. Səfir vəzifəsi vakant olduqda və ya Səfir öz vəzifəsini icra etmək iqtidarında olmadığı halda onun funksiyalarını səfir müavini icra edir. Həmin funksiyaları səfir müavininin (Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 iyun tarixli 422 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının beynəlxalq təşkilat yanında Daimi Nümayəndəliyi haqqında Əsasnamə”nin 17-ci bəndinin ikinci yarımbəndində nəzərdə tutulmuş halda daimi nümayəndənin müavininin) icra etməsi mümkün olmadıqda isə Azərbaycan Respublikasının xarici işlər naziri tərəfindən təyin olunan Azərbaycan Respublikasının müvəqqəti işlər vəkili yerinə yetirir.
[7]
Əgər Səfir eyni zamanda yerləşmə dövlətində Azərbaycan Respublikasının beynəlxalq təşkilatlardakı daimi nümayəndəsidirsə, o, hər hansı səbəbdən funksiyalarını icra etmək iqtidarında olmadığı halda, onun daimi nümayəndə funksiyalarını daimi nümayəndənin müavini, o olmadıqda isə səfir müavini icra edir.
[8]
Müvəqqəti işlər vəkilinin adı Səfir tərəfindən və ya Səfir bunu etmək iqtidarında olmadığı halda Nazirlik tərəfindən qəbul edən dövlətin Xarici İşlər Nazirliyinə bildirilir.
18. Səfirliyin strukturu və ştat cədvəli Nazirlik tərəfindən təsdiq edilir.
19. Səfirliyin maddi-texniki təminatı Nazirlik tərəfindən həyata keçirilir.
20. Səfirliyin əməkdaşlarının hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyi, Nazirliyin normativ aktları və vəzifə təlimatları ilə müəyyən olunur. Səfirliyin əməkdaşları Səfirə, o olmadığı halda isə Səfirin funksiyalarını icra edən şəxsə tabedirlər və onun əmr və göstərişlərini yerinə yetirməyə borcludurlar.
[9]
21. Səfirliyin işi müəyyən olunmuş qaydada Nazirlik tərəfindən təsdiq edilmiş illik iş planı əsasında təşkil olunur.
22. Səfirliyə qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının digər dövlət orqanlarının nümayəndələri ezam oluna bilərlər. Səfirliyə ezam olunmuş Azərbaycan Respublikasının digər dövlət orqanlarının nümayəndələri öz qərarlarını və hərəkətlərini Səfirlə razılaşdırmalıdırlar.
23. Səfirlikdə Azərbaycan Respublikasının və qəbul edən dövlətin qanunvericiliyinə uyğun olaraq ümumtəhsil məktəbi və məktəbəqədər müəssisə fəaliyyət göstərə bilər.
24. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həmkarlar ittifaqı istisna olmaqla, Səfirlikdə siyasi partiyaların, dini təşkilatların və qeyri-hökumət təşkilatlarının (ictimai birliklərin və fondların) bölmələri yaradıla, siyasi partiyaların təşkilatları yerləşdirilə bilməz.
[10]
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 13 noyabr 2012-ci il tarixli 745 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 14 noyabr 2012-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1105)
2.
28 avqust 2013-cü il tarixli 962 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 30 avqust 2013-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 905)
3.
23 oktyabr 2013-cü il tarixli 6 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 25 oktyabr 2013-cü il, № 234; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1151)
4.
11 sentyabr 2014-cü il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 sentyabr 2014-cü il, № 200; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1057)
5.
26 fevral 2016-cı il tarixli 807 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 28 fevral 2016-cı il, № 46; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 271)
6.
27 avqust 2018-ci il tarixli 236 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 28 avqust 2018-ci il, № 190, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1686)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
11 sentyabr 2014-cü il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 sentyabr 2014-cü il, № 200; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1057) ilə “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”yə yeni məzmunda 10.7-1-ci bənd əlavə edilmişdir.
[2]
27 avqust 2018-ci il tarixli 236 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 28 avqust 2018-ci il, № 190, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1686) ilə “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”yə yeni məzmunda 10.7-2-ci bənd əlavə edilmişdir.
[3]
11 sentyabr 2014-cü il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 sentyabr 2014-cü il, № 200; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1057) ilə “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”yə yeni məzmunda 10.11-1-ci bənd əlavə edilmişdir.
[4]
28 avqust 2013-cü il tarixli 962 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 30 avqust 2013-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 905) ilə 14-cü bəndin birinci yarımbəndinin ikinci cümlə üçüncü cümlə hesab edilmişdir və yeni məzmunda ikinci cümlə əlavə edilmişdir və üçüncü cümlədə “müddət” sözü “müddətlər” sözü ilə əvəz edilmişdir.
[5]
26 fevral 2016-cı il tarixli 807 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 28 fevral 2016-cı il, № 46; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 271) ilə “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”nin 14-cü hissəsinin ikinci abzasına “digər əməkdaşları” sözlərindən sonra “xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmət ilə bir araya sığmayan hərəkətlərə görə, həmçinin” sözləri əlavə edilmişdir.
[6]
23 oktyabr 2013-cü il tarixli 6 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 25 oktyabr 2013-cü il, № 234; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1151) ilə “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”yə yeni məzmunda 16.13-1-ci yarımbənd əlavə edilmişdir.
[7]
28 avqust 2013-cü il tarixli 962 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 30 avqust 2013-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 905) ilə 17-ci bəndin birinci yarımbəndə “funksiyalarını” sözündən sonra “səfir müavini icra edir. Həmin funksiyaları səfir müavininin (Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 iyun tarixli 422 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının beynəlxalq təşkilat yanında Daimi Nümayəndəliyi haqqında Əsasnamə”nin 17-ci bəndinin ikinci yarımbəndində nəzərdə tutulmuş halda daimi nümayəndənin müavininin) icra etməsi mümkün olmadıqda isə” sözləri əlavə edilmişdir.
[8]
28 avqust 2013-cü il tarixli 962 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 30 avqust 2013-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 905) ilə 17-ci bəndin ikinci yarımbənd üçüncü yarımbənd hesab edilmişdir və yeni məzmunda ikinci yarımbənd əlavə edilmişdir.
[9]
28 avqust 2013-cü il tarixli 962 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 30 avqust 2013-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 905) ilə 20-ci bəndin ikinci cümləsində “Səfir olmadığı halda isə Azərbaycan Respublikasının müvəqqəti işlər vəkilinə” sözləri “o olmadığı halda isə Səfirin funksiyalarını icra edən şəxsə” sözləri ilə əvəz edilmişdir.
[10]
13 noyabr 2012-ci il tarixli 745 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 14 noyabr 2012-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1105) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”nin 24-cü bəndindən “siyasi partiyaların,” sözləri çıxarılmışdır, həmin bənddə “bilməz” sözündən əvvəl “, siyasi partiyaların təşkilatları yerləşdirilə” sözləri əlavə edilmişdir.