Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.4-cü, 1.46-cı, 1.47-ci və 1.54-cü bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasında baytarlıq fəaliyyəti ilə məşğul olmaq üçün dövlət baytarlıq orqanında uçota durma Qaydaları” və “Heyvanların və əhalinin sağlamlığı üçün təhlükə törədən xüsusi təhlükəli xəstəliklərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
[1]
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 7 iyul 2006-cı il
№ 167
|
|
Azərbaycan Respublikasında baytarlıq fəaliyyəti ilə məşğul olmaq üçün dövlət baytarlıq orqanında uçota durma
QA Y D A L AR I
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qaydalar “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.4-cü və 1.54-cü bəndlərinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və baytarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərin (bundan sonra - şəxs) dövlət baytarlıq orqanında uçota durma aydalarını müəyyən edir.
1.2. Baytarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxs Dövlət Baytarlıq Xidmətinin müvafiq ərazi bölməsində (bundan sonra - dövlət baytarlıq orqanı) uçota durmalı, baytarlıq tədbirlərinin yerinə yetirilməsi barədə müəyyən edilmiş formada uçot aparmalı və bu barədə dövlət baytarlıq orqanına müvafiq hesabatlar təqdim etməlidir.
1.3. Baytarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin uçota alınması ödənişsiz həyata keçirilir.
2. BAYTARLIQ FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLMAQ ÜÇÜN DÖVLƏT BAYTARLIQ ORQANINDA UÇOTA DURMA QAYDASI
2.1. Baytarlıq fəaliyyəti ilə məşğul olan şəxs uçota alınmaq üçün dövlət baytarlıq orqanına ərizə ilə müraciət etməlidir və ərizədə aşağıdakılar göstərilir:
fiziki şəxs olduqda - adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi;
hüquqi şəxs olduqda - adı, olduğu yer və qeydiyyat nömrəsi.
Ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunmalıdır:
baytarlıq fəaliyyəti ilə məşğul olan şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) surəti;
baytarlıq fəaliyyəti ilə məşğul olmaq üçün lazımi avadanlıqlar və yerlə təchiz olunma barədə məlumat;
baytarlıq fəaliyyəti ilə məşğul olan şəxsin baytarlıq ixtisası üzrə ali və ya orta ixtisas təhsilini təsdiq edən sənədin notarial qaydada təsdiqlənmiş surəti.
2.2. Müraciət edən şəxs ərizədə və təqdim etdiyi sənədlərdə göstərilən məlumatların düzgünlüyünə cavabdehdir.
2.3. Dövlət baytarlıq orqanı şəxsin uçota alınması haqqında ərizənin və digər zəruri sənədlərin təqdim edildiyi gündən 15 gün müddətində uçotu həyata keçirməlidir.
2.4. Baytarlıq fəaliyyəti ilə məşğul olan şəxsin uçotu tərtib edilmiş xüsusi kitabda və elektron variantda aparılır. Uçot məlumatları ərizədə və təqdim edilmiş sənədlərdə qeyd edilmiş məlumatlardan ibarətdir.
2.5. Dövlət baytarlıq orqanı baytarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin siyahılarını ildə bir dəfə dəqiqləşdirməli və faktiki olaraq bu cür fəaliyyətlə məşğul olmalarına baxmayaraq dövlət baytarlıq orqanında uçota durmayan şəxslərin aşkar edilməsi məqsədilə müvafiq tədbirləri həyata keçirməli və onların uçota alınmasını təmin etməlidir.
3. UÇOT MƏLUMATLARININ DƏYİŞDİRİLMƏSİ
3.1. Şəxsin uçot məlumatlarında hər hansı bir dəyişiklik baş verdikdə, yaxud şəxs baytarlıq fəaliyyətini dayandırdıqda, dəyişiklik baş verən gündən 15 gün müddətində o, dövlət baytarlıq orqanını məlumatlandırmalıdır.
3.2. Baytarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin fəaliyyətini dayandırması onların uçotdan çıxarılmasına əsas vermir.
3.3. Baytarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada ləğv edildikdə və ya şəxs bu fəaliyyətə xitam verilməsi barədə müraciət etdikdə, habelə sahibkarlıq fəaliyyəti ilə hüquqi şəxs yaratmadan məşğul olan fiziki şəxs vəfat etdikdə onlar uçotdan çıxarılmalıdır.
3.4. Şəxsin baytarlıq fəaliyyətinin dayandırılması və ya uçotdan çıxarılması barədə qeyd xüsusi kitaba daxil edilir.
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2006-cı il 7 iyul tarixli 167 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Heyvanların və əhalinin sağlamlığı üçün təhlükə törədən xüsusi təhlükəli xəstəliklərin
S İ Y A H I S I
1. Ümumi müddəa
Bu Siyahı “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.46-cı və 1.47-ci bəndlərinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və heyvanların və əhalinin sağlamlığı üçün təhlükə törədən xüsusi təhlükəli xəstəlikləri əhatə edir.
2. Müxtəlif növ heyvan xəstəlikləri
bruselyoz (Brucella abortus)
bruselyoz (Brucella melitensis)
bruselyoz (Brucella suis)
qarayara
aueski xəstəliyi
exinokokkoz
leptospiroz
Kü isitməsi
quduzluq
trixinelyoz
dabaq
vezikulyar stomatit
Rift vadisi isitməsi
qoyunların kataral isitməsi
botulizm
tulyaremiya
aktinomikoz
staxibotriotoksikoz
asperqilyoz
trixofitiya
mikrosporiya
qoturluq
dəmrov
dovşancıq (tetanus)
listerioz
melioidoz
çiçək
dermatomikoz
toksoplazmoz
3. İri buynuzlu heyvanların xəstəlikləri
iri buynuzlu heyvanların vərəmi
iri buynuzlu heyvanların sistiserkozu
infeksion rinotraxeit/infeksion vulvovaqenit
iri buynuzlu heyvanların süngərvari ensefalopatiyası
iri buynuzlu heyvanların taunu
iri buynuzlu heyvanların kontagioz plevropnevmoniyası
4. Qoyun və keçi xəstəlikləri
qoyunların epididimiti (Brucella ovis)
skrepi
xırda buynuzlu heyvanların taunu
bradzot
vərəm
5. Təkdırnaqlı heyvan xəstəlikləri
manqo
atların infeksion anemiyası
atların qoturluğu
atların ensefalomiyeliti
6. Dəvə xəstəliyi
taun
7. Donuz xəstəlikləri
sistiserkoz
donuzların qızıl yeli
8. Quş xəstəlikləri
quş vərəmi
qambora
quş xlamidiozu
yüksək patogenli quş qripi
Nyukasl xəstəliyi
ornitoz (psitokokkoz)
quş salmonelyozu
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1.
4 sentyabr 2008-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 09, maddə 853)
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
[1]
4 sentyabr 2008-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 09, maddə 853) ilə 1-ci bəndindən “Azərbaycan Respublikasında baytarlıq fəaliyyəti ilə məşğul olmaq üçün dövlət baytarlıq orqanında uçota durma Qaydaları” və” sözləri çıxarılmışdır.