“Təbiət abidələrinin və onların yerləşdiyi ərazilərin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Təbiət abidələrinin və onların yerləşdiyi ərazilərin təşkili Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan SSR-in təbiət abidələrinin mühafizə olunması haqqında” Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 16 mart tarixli 167 nömrəli qərarının 4-cü bəndi qüvvədən düşmüş hesab edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 12 iyul 2006-cı il
№ 169
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2006-cı il 12 iyul 169 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Təbiət abidələrinin və onların yerləşdiyi ərazilərin təşkili
QA Y D A L A R I
1. Bu Qaydalar “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə uyğun olaraq hazırlanmışdır və təbiət abidələrinin və onların yerləşdiyi ərazilərin təşkilini tənzimləyir.
2. Təbiət abidələri xüsusi ekoloji, elmi, mədəni və estetik əhəmiyyəti olan təbiət obyektləridir.
3. Təbiət abidəsi obyektlərinə konkret coğrafi zona üçün səciyyəvi olan nadir landşaftlar və yaxud ayrı-ayrı ünsürlər, yerli ağac qruplarının etalonunu təşkil edən və nadir növ tərkibinə görə seçilən qiymətli meşə sahələri, endemik və ya məhv olmaq təhlükəsinə məruz qalan bitkilərin yayıldığı yerlər, çoxyaşlı ayrı-ayrı ağaclar, həmçinin geoloji açılışlar, palçıq vulkanları, mağaralar, paleontoloji və paleonəbatat qalıqlarının çöküntüləri, bulaqlar, nadir göllər və digər yerlər aid edilir.
4. Təbiət abidələri yerləşən ərazilərdə xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilir və onların təbii vəziyyəti qorunub saxlanılır.
5. Təbiət abidələri respublika və ya bölgə əhəmiyyətli ola bilər. Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla respublika əhəmiyyətli təbiət abidələri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti, bölgə əhəmiyyətli təbiət abidələri isə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil edilir.
6. Təbiət abidələrinin kateqoriyalara aid edilməsi və bir kateqoriyadan digərinə keçirilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
7. Təbiət abidələri torpaq mülkiyyətçilərindən, istifadəçilərindən və icarəçilərindən torpaq sahələri geri alınmadan bu Qaydaların 5-ci bəndinə uyğun olaraq onların torpaq sahələrində təşkil edilə bilər.
8. Təbiət abidələri yerləşən torpaq sahələrindən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin razılığı və ya məhkəmənin qərarı ilə servitut hüququ (özgə torpaq sahəsindən məhdud istifadə hüquq) əsasında istifadə olunur.
9. Təbiət abidələri hər hansı fiziki və hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan dövlətinə mənsubdur və özgəninkiləşdirilə bilməz.
10. Təbiət abidələrinə aid edilən obyektlər və onların yerləşdiyi ərazilər təsərrüfat istismarından çıxarılır və orada təbiət abidələrinin təbii vəziyyətini pozan hər hansı fəaliyyət qadağan edilir.
11. Təbiət abidələrinin fiziki və hüquqi şəxslərin idarəçiliyinə, istifadəsinə və icarəsinə verilməsi qadağandır.
12. Təbiət abidələrindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada elmi, mədəni və tədris məqsədləri üçün istifadə oluna bilər.
13. Qanunvericiliklə nəzərdə tutulmuş hallarda təbiət abidələrinə aid edilən obyektlərin və onların yerləşdiyi ərazilərin istifadəsi ödənişli ola bilər.
14. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi təbiət abidələrini naturada göstərici nişanlarla qeydə alır və təbiət abidələri üzrə idarəetməni təmin edir, bu obyektlərin mühafizəsi, qorunması, bərpası və istifadəsi üzrə dövlət nəzarətini həyata keçirir.
15. Təbiət abidələrinin hər biri üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən pasport hazırlanır. Pasportda təbiət abidəsinin əhəmiyyəti, adı, yerləşdiyi yer, təşkil olunma tarixi, abidənin yerləşdiyi ərazidə torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin torpaqdan istifadə hüququna dair dövlət aktının qeydiyyat nömrəsi və tarixi, mühafizə olunan obyektin növü, onun xarakteristikası, fəaliyyət prosesində orada aparılan dəyişikliklər barədə qeydlər öz əksini tapmalıdır.
Pasport Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində dövlət qeydiyyatına alınmaqla müvafiq yerli icra hakimiyyəti orqanında və təbiət abidəsinin yerləşdiyi ərazinin torpaq mülkiyyətçisində, istifadəçisində və ya icarəçisində saxlanılır.
16. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi təbiət abidəsinin yerləşdiyi ərazinin torpaq mülkiyyətçisi, istifadəçisi və icarəçisi ilə mühafizə öhdəliklərini müəyyən edən müqavilə bağlayır. Müqavilədə təbiət abidəsinin yerləşdiyi ərazidə xüsusi mühafizənin hüquqi rejimi, mühafizə zonasının ölçüsü, tərəflərin hüquq və öhdəlikləri, məsuliyyəti və digər zəruri məlumatlar öz əksini tapmalıdır.
Mühafizə öhdəliklərini müəyyən edən müqavilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində, təbiət abidəsinin yerləşdiyi ərazinin torpaq mülkiyyətçisi, istifadəçisi və icarəçisində saxlanılır.
17. Təbii fəlakət nəticəsində və digər səbəblərdən təbiət abidəsi zədələndiyi və ya məhv olduğu halda təbiət abidəsinin yerləşdiyi ərazinin torpaq mülkiyyətçisi, istifadəçisi və icarəçisi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməlidir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi əmrlə bu nazirliyin mütəxəssislərinin, alimlərin və müvafiq yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə komissiya yaradır. Komissiyanın üzvləri təbiət abidəsinə baxış keçirərək onun bərpası tədbirlərini hazırlayır, abidə məhv olduqda isə akt tərtib edirlər. Hər iki halda müvafiq sənədlər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir.
Zədələnmiş təbiət abidəsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin və alimlərin nəzarəti altında bərpa olunur. Məhv olmuş respublika əhəmiyyətli təbiət abidəsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti, bölgə əhəmiyyətli təbiət abidəsi isə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ləğv olunur.
18. Təbiət abidələrinin və onların yerləşdiyi ərazilərin vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, habelə mühafizə rejiminə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı aparılır.
19. Təbiət abidələrinin və onların yerləşdiyi ərazilərin təşkili dövlət büdcəsindən, yerli büdcələrdən, büdcədənkənar vəsaitlərdən, ətraf mühitin mühafizəsi üzrə fondların vəsaiti hesabına və qanunvericiliklə qadağan edilməyən digər maliyyə mənbələrindən maliyyələşdirilir.
20. Təbiət abidələri yerləşən ərazilərdə xüsusi mühafizənin hüquqi rejiminin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
21. Qanun pozuntusu nəticəsində təbiət abidələrinə vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsində və təbiətin mühafizəsi ilə bağlı digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada ödənilir.