Geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnamənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi ilə əlaqədar geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətinin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:
1. "Geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Dövlət geodeziya nəzarəti haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 1992-ci il 3 mart tarixli, 118 nömrəli və "Geodeziya və kartoqrafiya nəzarəti haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 1998-ci il 17 oktyabr tarixli, 210 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 10 oktyabr 2002-ci il
№ 156
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2002-ci il 10 oktyabr tarixli, 156 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti haqqında
ƏSASNAMƏ
I. Ümumi müddəalar
1. Bu Əsasnamə "Geodeziya və kartoqrafiya haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq, geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətinin qaydalarını müəyyən edir.
2. Geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətinin məqsədi (bundan sonra – dövlət nəzarəti) Azərbaycan Respublikasının ərazisində geodeziya, topoqrafiya və kartoqrafiya fəaliyyəti ilə məşğul olan bütün müəssisə və təşkilatların (Müdafiə Nazirliyi istisna olmaqla) Azərbaycan Respublikasının geodeziya və kartoqrafiya haqqındakı mövcud qanunvericilik aktlarına riayət etmələrini təmin etməkdir.
3. Dövlət nəzarəti xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra - Əmlak Məsələləri Dövlət Xidməti) və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, digər hallarda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir. [1]
4. Dövlət nəzarətini həyata keçirən səlahiyyətli vəzifəli şəxslər öz fəaliyyətlərində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Geodeziya və kartoqrafiya haqqında" Qanununun və digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı və sərəncamlarını Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Əsasnaməsini və bu Əsasnaməni rəhbər tuturlar.
[2]
5. Dövlət nəzarəti digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, təşkilatlar və ictimai birliklərlə qarşılıqlı əlaqədə həyata keçirilir.
6. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri vəzifə etibarı ilə eyni zamanda Azərbaycan Respublikasının geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti üzrə Baş dövlət müfəttişidir. Onun müavini isə Baş Dövlət müfəttişinin müavinidir.
[3]
7. Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri vəzifə etibarı ilə eyni zamanda Naxçıvan Muxtar Respublikası ərazisində geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti üzrə Baş dövlət müfəttişidir, onun müavini isə Naxçıvan Muxtar Respublikası ərazisində geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti üzrə Baş dövlət müfəttişinin müavinidir.
8. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin baş idarələrinin və onların tabeliyində olan şöbələrin rəisləri vəzifələrinə görə eyni zamanda geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti üzrə dövlət müfəttişləridir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət nəzarətinin həyata keçirilməsi həvalə edilmiş baş və aparıcı mütəxəssisləri isə geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti üzrə müfəttişlərdir. Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin baş idarələrinin və onların tabeliyində olan şöbələrin rəisləri vəzifələrinə görə eyni zamanda geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti üzrə Naxçıvan Muxtar Respublikası ərazisində dövlət müfəttişləridir. Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət nəzarətinin həyata keçirilməsi həvalə edilmiş baş və aparıcı mütəxəssisləri isə geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti üzrə Naxçıvan Muxtar Respublikası ərazisində müfəttişlərdir.
9. Azərbaycan Respublikası Dövlət Torpaq və xəritəçəkmə Komitəsinin və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon (şəhər) şöbələrinin müdirləri vəzifə etibarı ilə müvafiq rayon və şəhərlərdə geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti üzrə rayon (şəhər) dövlət müfəttişləridirlər. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon (şəhər) şöbələrinin baş məsləhətçiləri isə müvafiq rayon və şəhərlərdə geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti üzrə müfəttişlərdir.
[4]
II. Geodezİya və kartoqrafİya fəalİyyətİnə dövlət nəzarətİnİ həyata keçİrən orqanların vəzİfələrİ
10. Dövlət nəzarətini həyata keçirən orqanların vəzifələri aşağıdakılardır:
10.1. respublika ərazisində astranom - geodeziya, qravimetriya, kartoqrafiya, topoqrafiya, markşeyder işlərinin, habelə topoqrafiya-geodeziya tərkibli layihə-axtarış işlərinin, aerofotoplanalma, kosmik planalma, xəritə nəşri, kadastr işlərinin topogeodeziya sahəsinə aid geoinformasiya sistemlərinin yaradılması, coğrafi adların standartlaşdırılması, qeydiyyatı və istifadəsinin nizamlanması, həmçinin başqa geodeziya və kartoqrafiya işlərinin yerinə yetirilməsində geodeziya və kartoqrafiya haqqında qanuna və normativ texniki aktlara, coğrafi obyektlərin adlandırılması sənədlərinə düzgün riayət edilməsinə nəzarət etmək;
10.2. kartoqrafiya məhsullarında və normativ texniki sənədlərdə Azərbaycan Respublikası ərazisinin, dövlət sərhədlərinin, Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan bölməsinin, şelfinin, Naxçıvan Muxtar Respublikasının, inzibati ərazi vahidlərinin sənədlərinin, habelə obyektlərin qanuni və düzgün əks etdirilməsinə nəzarət etmək;
geodeziya-kartoqrafiya fondunda material və məlumatların formalaşmasına, saxlanılmasına və onlardan istifadəyə, həmçinin rəqəmli kartoqrafiya məlumatı banklarının, elektron xəritələrin, geodeziya məlumatları və coğrafi adlar üzrə kataloqların yaradılmasına nəzarət etmək;
istehlakçıların geodeziya və kartoqrafiya fəaliyyətinin nəticəsi olan məhsullarla müəyyən edilmiş qaydada təmin edilmələrinə nəzarət etmək;
10.3. kartoqrafiya fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə müvafiq qaydada lisenziyalar vermək və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görmək;
[5]
10.4. Azərbaycan Respublikasının dövlət sərhədlərinin, o cümlədən sərhəd sularının və Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin delimitasiyası, demarkasiyası və redemarkasiyası işlərində aidiyyəti üzrə iştirak etmək;
10.5. Azərbaycan Respublikası ərazisindəki dəyişikliklərin uyğun olaraq topoqrafik, inzibati, coğrafi və məlumat xəritələrində düzgün və qanuni göstərilməsini və bu dəyişikliklərin yeni nəşr olunan xəritələrdə əks etdirilməsi məqsədi ilə növbətçi məlumat xəritəsinin müasirliyini təmin etmək, qeydiyyatını aparmaq;
10.6. operativ-məlumat xəritələrində Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının, digər inzibati ərazi vahidlərinin sərhədlərindəki, həmçinin yer səthində, coğrafi obyektlərdə və onların adlarındakı dəyişikliklərin əks etdirilməsini təmin etmək;
10.7. geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin yerinə yetirilməsinə, həmçinin onların metroloji təminatına və dövlət standartlarına olan tələblərə, qeydiyyatlarına, saxlanılmasına, çoxaldılmasına və bu işlərin nəticəsində alınmış məlumat və materialların istənilən məlumat daşıyıcıları ilə qrafiki, rəqəmli, elektron, fotoqrafik və başqa formalarda təqdim edilməsinə qoyulmuş tələblərin yerinə yetirilməsinə nəzarət etmək;
10.8. xəritə, plan və atlasların tərtibatına və nəşrinə, həmçinin tərkibində kartoqrafiya materialları olan və onların istənilən qrafiki, rəqəmli, elektron, fotoqrafik və başqa formalarda informasiya daşıyıcıları vasitəsi ilə təqdim edilməsinə qoyulmuş qaydaların yerinə yetirilməsinə nəzarət etmək;
10.9. plan, xəritə və atlaslarda Azərbaycan Respublikasının inzibati ərazi və dövlət sərhədlərinin, şelfinin və Azərbaycan Respublikasının iqtisadi zonalarının sərhədlərinin düzgün əks etdirilməsinə, həmçinin coğrafi obyektlər haqqındakı başqa məlumatlara və onların düzgün adlandırılmasına öz səlahiyyəti daxilində nəzarət etmək;
10.10. geodeziya və kartoqrafiya fəaliyyəti nəticəsində alınmış, geodeziya və kartoqrafiya fonduna daxil edilmiş material və məlumatların yoxlanılmasını və həmin materiallardan istifadə edilməsinə icazə qaydalarını müəyyən etmək və bu qaydaların icrasına öz səlahiyyəti daxilinə nəzarət etmək.
10.11. geodeziya, kartoqrafiya işlərinin və istinad məntəqələrinin qeydiyyatını aparmaq, respublika ərazisinin bu işlərlə təmin olunması barədə məlumatları toplamaq və müəyyən edilmiş qaydada istifadəçiləri bu məlumatlarla təmin etmək;
10.12. geodeziya və kartoqrafiya fəaliyyəti ilə məşğul olan təşkilatların, onların işinin nəticəsi olan kartoqrafik məhsulların və kosmik planalma materiallarının satışının, informasiya fondlarının, geodeziya və kartoqrafiya material və məlumatlar bankının yaradılmasının qeydiyyatını aparmaq;
10.13. topogeodeziya sahəsinə aid kadastr işlərinin vahid sistemdə yerinə yetirilməsinə, bu sahədə yaradılan rəqəmlə, elektron xəritələrin və onların məlumat banklarının informasiya təminatına nəzarəti həyata keçirmək;
10.14. geodeziya və kartoqrafiya fəaliyyəti ilə məşğul olan təşkilatlarda işlərin layihələşdirilməsi və yerinə yetirilməsi üçün istifadə edilən istənilən koordinat sistemlərindəki geodeziya məntəqələrinin yüksəkliklərinin və koordinatlarının vaxtında ləğv edilməsini yoxlamaq;
10.15. yerli koordinat sistemlərinin yaradılmasına və istifadəsinə dövlət nəzarətini həyata keçirmək;
10.16. geodeziya, topoqrafiya, kartoqrafiya və qravimetriya istehsalatına aid normativ texniki sənədlərin hazırlanmasında iştirak etmək, onlara metodiki kömək göstərmək;
10.17. xüsusi razılıq olmadan (lisenziyasız) kartoqrafiya fəaliyyəti ilə məşğul olan idarə (müəssisə), təşkilat, firma və şirkətləri müəyyənləşdirmək və onların fəaliyyətini qanuna müvafiq qaydada dayandırmaq;
10.18. geodeziya və kartoqrafiya işlərinin yerinə yetirilməsi üçün tərtib edilən texniki layihə-smeta sənədlərini müvafiq qaydada ekspertizadan keçirmək;
10.19. müəssisə və təşkilatlarda geodeziya, topoqrafiya və kartoqrafiya istehsalatında istehsalat sanitariyası, yanğından mühafizə, texniki təhlükəsizlik və əməyin mühafizəsi normalarının yerinə yetirilməsinə müəyyən edilmiş qaydada nəzarət etmək;
10.20. geodeziya və kartoqrafiya sahəsindəki qanun pozuntuları işlərinə baxılarkən ekspert səviyyəsində iştirak etmək;
10.21. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq geodeziya və kartoqrafiya materiallarının və məlumatlarının məxfilik dərəcələrini müəyyən etmək;
10.22. geodeziya, topoqrafiya və kartoqrafiya istehsalatının elmi-texniki səviyyəsinin yüksəldilməsinə, yeni texnologiyaların, cihaz, alət və avadanlıqların tətbiqinə, həmçinin ixtisaslaşdırılmış müəssisə və təşkilatların təlimatlara uyğun olaraq yerinə yetirdikləri geodeziya və kartoqrafiya işlərinə nəzarət etmək;
10.23. müəyyən edilmiş qaydada müəssisə və təşkilatlar tərəfindən yerinə yetirilən aidiyyəti işlərin və buraxılan məhsulun dövlət qəbulunu təşkil etmək;
10.24. xüsusi təyinatlı geodeziya və kartoqrafiya cihaz, alət və avadanlıqlarının idxalının, ixracının uçotunun və qeydiyyatını aparmaq, nəzarət etmək və bu məqsədlə Dövlət Gömrük Komitəsini və Dövlət Təhlükəsizliyi Xidmətini müvafiq metodik sənədlərlə və siyahılarla təmin etmək; [6]
10.25. dövlət geodeziya – istinad məntəqələrindən və yerüstü geodeziya məntəqə və nişanlarından istifadəni və onların mühafizəsini qüvvədə olan qanunvericilik aktlarına uyğun həyata keçirmək;
10.26. müəyyən edilmiş formada bütün istehsalçılar tərəfindən ildə iki dəfə 01 iyul və 01 yanvar vəziyyətlərinə, yerinə yetirdikləri geodeziya və kartoqrafiya işləri və onların keyfiyyəti haqqında bu Əsasnamənin 3-cü hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidmətinə hesabatlar təqdim edilməsini təmin etmək. [7]
10.27. illik hesabatlara uyğun olaraq, tabeliyindən asılı olmayaraq topoqrafiya, geodeziya və kartoqrafiya işlərini yerinə yetirən bütün müəssisə və təşkilatların (Müdafiə Nazirliyi istsina olmaqla) fəaliyyətini yoxlamaq;
10.28. bu Əsasnamənin 3-cü hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidmətində daimi fəaliyyətdə olan texniki komissiyanın işində iştirak etmək.
III. Geodezİya və kartoqrafİya fəalİyyətİnə dövlət nəzarətİnİ həyata keçİrən orqanların hüquqları
11. Geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətini həyata keçirən bu Əsasnamənin 3-cü hissəsində nəzərdə tutulmuş orqanlara aşağıdakı hüquqlar verilir: [8]
11.1. geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətini həyata keçirən bu Əsasnamənin 3-cü hissəsində nəzərdə tutulmuş orqanların səlahiyyətli nümayəndələri xidməti vəsiqələrini, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə daxil olarkən, həmçinin nəzarətin həyata keçirilməsi haqqında qərarın surətini və nəzarətin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etməklə, mülkiyyət formasından asılı olmayaraq geodeziya və kartoqrafiya fəaliyyəti ilə məşğul olan müəssisə, təşkilat və idarələrə daxil olmaq (həmin obyektlərə giriş-çıxış qaydalarına əməl etmək şərti ilə), qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirmək; [9]
11.2. geodeziya və kartoqrafiya fəaliyyəti ilə məşğul olan təşkilatlarda yoxlamaya təqdim edilən işlərin yerinə yetirilməsində istifadə olunan texniki-istehsalat, layihə-smeta və başqa sənədlərlə tanış olmaq;
11.3. geodeziya və kartoqrafiya fəaliyyəti ilə məşğul olan təşkilatlarda işin nəticəsinin, məlumat və materialların qeydiyyatının, saxlanılmasının, çoxaldılmasının və istifadəsinin aparılma qaydalarını və bu məlumat və materiallardan icazəsiz istifadənin qarşısının alınma yollarını yoxlamaq;
11.4. yoxlama zamanı aşkar edilmiş çatışmazlıqları müəyyən edilmiş qaydada təşkilatların rəhbərlərinin nəzərinə çatdırmaq və bu nöqsanların aradan qaldırılması üçün öz səlahiyyəti daxilində göstərişlər yaxud müvafiq təqdimatlar vermək;
11.5. qanunvericiliyin pozulmasında təqsirkar olan şəxslərin məsuliyyətə cəlb edilməsi barədə tərtib edilmiş sənədləri müvafiq orqanlara göndərmək;
11.6. müəssisə və təşkilatlar tərəfindən yerinə yetirilən işləri, buraxılan məhsulun sayını, keyfiyyətini, yerinə yetirilən işlərdə istifadə olunan alət və avadanlıqların metroloji təminatının mövcudluğunu yoxlamaq;
12. "Geodeziya və kartoqrafiya haqqında" Azərbaycan Respublikası Qanununun, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamənin və bu Əsasnamənin müvafiq tələblərini pozan hüquqi və fiziki şəxslər barədə müvafiq orqanlar (məhkəmələr) qarşısında iddialar qaldırmaq;
[10]
13. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrinin və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin yerli qurumlarının geodeziya, topoqrafiya, kartoqrafiya və qravimetriya fəaliyyətinə dövlət nəzarəti ilə əlaqədar gördükləri işlər barədə hesabatların müəyyən edilmiş formada hər ilin 1 yanvar vəziyyətinə Azərbaycan Respublikasının xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinə münasibətdə Əmlak Məsələləri Dövlət Xidmətinə, digər hallarda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməsini təmin etmək. [11]
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
26 sentyabr 2003-cü il tarixli 126 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 09, maddə 533)
2.
16 iyul 2014-cü il tarixli 240 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyul 2014-cü il, № 155; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 928)
3.
22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)
4.
6 oktyabr 2016-cı il tarixli 394 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 9 oktyabr 2016-cı il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1712)
5.
2 noyabr 2016-cı il tarixli 437 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2016-cı il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1925)
6.
3 may 2019-cu il tarixli 209 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 may 2019-cu il, № 99, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 944)
7.
19 noyabr 2021-ci il tarixli 361 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2021-cu il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1284)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
2 noyabr 2016-cı il tarixli 437 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2016-cı il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1925) ilə “Geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnamə”nin 3-cü hissədə “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinə münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi, digər hallarda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
19 noyabr 2021-ci il tarixli 361 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2021-cu il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1284) ilə “Geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnamə”nin 3-cü hissədə “Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra - Əmlak Məsələləri Dövlət Xidməti) və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti” sözləri ilə əvəz edilmişdir.
[2]
2 noyabr 2016-cı il tarixli 437 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2016-cı il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1925) ilə “Geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnamə”nin 4-cü hissəsindən “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Əsasnaməsini” sözləri və 12-ci hissəsindən “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamənin” sözləri çıxarılmışdır.
[3]
2 noyabr 2016-cı il tarixli 437 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2016-cı il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1925) ilə “Geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnamə”nin 6-9-cu hissələri ləğv edilmişdir.
[4]
26 sentyabr 2003-cü il tarixli 126 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 09, maddə 533) ilə "Geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnamə"nin 9-cu bəndində "baş mütəxəssisləri" sözləri "baş məsləhətçiləri" sözləri ilə əvəz edilmişdir.
[5]
6 oktyabr 2016-cı il tarixli 394 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 9 oktyabr 2016-cı il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1712) ilə “Geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnamə”nin 10.3-cü və 10.17-ci bəndləri ləğv edilmişdir.
[6]
22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “Geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnamə”nin 10.24-cü bəndində “Milli Təhlükəsizlik Nazirliyini” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətini” sözləri ilə əvəz edilmişdir.
[7]
2 noyabr 2016-cı il tarixli 437 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2016-cı il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1925) ilə “Geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnamə”nin 10.26-cı və 10.28-ci bəndlərdə ismin müvafiq hallarında “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri ismin müvafiq hallarında “bu Əsasnamənin 3-cü hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.
19 noyabr 2021-ci il tarixli 361 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2021-cu il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1284) ilə “Geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnamə”nin 10.26-cı və 10.28-ci bəndlərdə ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Xidməti” sözləri ilə əvəz edilmişdir.
[8]
2 noyabr 2016-cı il tarixli 437 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2016-cı il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1925) ilə “Geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnamə”nin 11-ci hissədə “Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Baş dövlət müfəttişlərinə, onların müavinlərinə, dövlət müfəttişlərinə və müfəttişlərə onlara həvalə edilmiş vəzifələrə müvafiq olaraq öz səlahiyyətləri daxilində” sözləri “bu Əsasnamənin 3-cü hissəsində nəzərdə tutulmuş orqanlara” sözləri ilə əvəz edilmişdir.
[9]
16 iyul 2014-cü il tarixli 240 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyul 2014-cü il, № 155; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 928) ilə 11.1-ci yarımbəndə “xidməti vəsiqələrini” sözlərindən sonra “, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə daxil olarkən, həmçinin nəzarətin həyata keçirilməsi haqqında qərarın surətini və nəzarətin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı” sözləri əlavə edilmişdir.
2 noyabr 2016-cı il tarixli 437 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2016-cı il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1925) ilə “Geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnamə”nin 11.1-ci bənddə “dövlət müfəttişləri və müfəttişlər” sözləri “bu Əsasnamənin 3-cü hissəsində nəzərdə tutulmuş orqanların səlahiyyətli nümayəndələri” sözləri ilə əvəz edilmişdir.
[10]
16 iyul 2014-cü il tarixli 240 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyul 2014-cü il, № 155; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 928) ilə 12-ci bəndə “Qanununun,” sözündən sonra “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun,” sözləri əlavə edilmişdir.
[11]
2 noyabr 2016-cı il tarixli 437 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2016-cı il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1925) ilə “Geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnamə”nin 13-cü hissədə “Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon (şəhər) şöbələrinin” sözləri “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin yerli bölmələrinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələrinin və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yerli bölmələrinin” sözləri ilə, “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə” sözləri “xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinə münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, digər hallarda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə” sözləri ilə əvəz edilmişdir.
3 may 2019-cu il tarixli 209 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 may 2019-cu il, № 99, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 944) ilə “Geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnamə”nin 13-cü hissəsində “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin yerli bölmələrinin” sözləri “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin” sözləri ilə əvəz edilmişdir.
19 noyabr 2021-ci il tarixli 361 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2021-cu il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1284) ilə “Geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnamə”nin 13-cü hissəsində “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələrinin və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yerli bölmələrinin” sözləri “Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrinin və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin yerli qurumlarının” sözləri ilə, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “Əmlak Məsələləri Dövlət Xidmətinə” sözləri ilə əvəz edilmişdir.