AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
31.03.2006
QEYDİYYAT NÖMRƏSİ
91
ADI
“GOV.AZ domeninin inzibatlaşdırılması Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2006, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 310)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.03.2006
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
350.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"GOV

“GOV.AZ domeninin inzibatlaşdırılması Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 172 nömrəli Fərmanı ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: [1]

1. “GOV.AZ domeninin inzibatlaşdırılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   A.RASİZADƏ

 

Bakı şəhəri, 31 mart 2006-cı il

                    № 91

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 31 mart tarixli 91 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

GOV.AZ domeninin inzibatlaşdırılması

 

QAYDALARI

 

1. ƏSAS ANLAYIŞLAR

 

 DNS - domen adları sistemi (Domain Name System). DNS-nin əsas təyinatı qurğuların domen adlarını İP-ünvanlara və İP-ünvanları domen adlarına dəyişməkdir. DNS-nin əsası iyerarxiya üzrə bölünmüş verilənlər bazasıdır.

Domen - DNS-də domen adları fəzasının mərkəzləşdirilmiş inzibatlaşdırılan sahəsidir.

Subdomen - hər hansı domenə nisbətən aşağı səviyyəli domen deməkdir (*.GOV.AZ domeni GOV.AZ domeninin subdomenidir).

Domen adı – internet şəbəkəsində yerləşdirilən informasiya ehtiyatına müraciətin təmin olunması üçün verilən unikal simvol düzülüşüdür. [2]

Zona - bir domendə yerləşən, növbəti (daha aşağı) səviyyəli resurslar və domenlər haqqında qeydlərin cəmidir.

DNS-server - bir və ya bir neçə zonanın saxlanmasını və DNS-nin verilənlər bazasında olan sorğuları emal edən proqramdır.

Zona üçün primary (birinci səviyyəli) DNS-server - bu zona haqqında tam informasiyanın saxlanmasını təmin edən DNS-serverdir.

Zona üçün secondary (ikinci səviyyəli) DNS-server - bu zona haqqında tam informasiyanı digər DNS-serverdən alan DNS-serverdir.

Host - internetə qoşulmuş kompüter və ya digər qurğudur.

 

2. ÜMUMİ MÜDDƏALAR

 

2.1. AZSNET (Azerbaijan State Network) şəbəkəsi Azərbaycan Respublikasının mərkəzi və yerli dövlət hakimiyyəti orqanları üçün internet şəbəkəsinin seqmentidir. AZSNET Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanı statusuna malik olan təşkilatlara məxsus, ərazi üzrə paylanmış şəbəkələrin və daxilolma serverlərinin cəmidir. AZSNET şəbəkəsi istifadəçilərə internet şəbəkəsinin informasiya məkanına daxilolma imkanı verir və öz serverlərində yalnız Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının fəaliyyətinə aid olan rəsmi məlumatları yerləşdirir.

2.2. AZSNET şəbəkəsi əsas və ərazi idarəetmə mərkəzləri olan iyerarxik struktura malikdir. Şəbəkənin idarə edilməsinin əsas mərkəzi (AZSNET şəbəkəsinin əsas qovşağı), habelə ərazi seqmentlərinin idarəetmə mərkəzləri Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin (bundan sonra - XDMX-nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi) sərəncamındadır. [3]

Əsas GOV.AZ domeninin inzibatlaşdırılmasını, *.GOV.AZ subdomenlərinin qeydiyyatını, habelə əsas GOV.AZ domeninin serverlərinə qoşulmuş AZSNET şəbəkəsinin abunəçiləri üçün İP-ünvanlarının verilməsini XDMXnin Xüsusi Rabitəsi həyata keçirir.

XDMX-nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi öz sərəncamında olan texniki vasitələrlə bu Qaydalar və zərurət yarandıqda, qəbul edilə biləcək digər hüquqi sənədlər əsasında GOV.AZ domeninin DNS-nin fəaliyyətini təmin edir (1 və 2 nömrəli əlavələr). [4]

AZSNET şəbəkəsinin əsas və ərazi seqmentlərinin fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 172 nömrəli Fərmanı ilə XDMX-nin üzərinə qoyulmuş vəzifələrlə müəyyən edilir.

XDMX-nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi *.GOV.AZ subdomenlərinin müdiriyyətlərini və AZSNET şəbəkəsinin abunəçilərini şəbəkənin fəaliyyətində və ondan istifadə qaydalarında olan dəyişikliklər barəsində məlumatlandırır.

2.3. Bu Qaydalara riayət edilməsinə ümumi nəzarət tərkibində XDMX-nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İnformasiya Resursları və Texnologiyaları Mərkəzinin, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının səlahiyyətli nümayəndələri olan Koordinasiya Şurası tərəfindən həyata keçirilir. Bu tərkib genişləndirilə bilər. [5]

 

3. DOMENLƏRİN QEYDİYYATA ALINMASI QAYDALARI

 

3.1. XDMX-nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi üçüncü səviyyəli *.GOV.AZ domenlərinin qeydiyyatını həyata keçirir və 1 və 2 nömrəli əlavələrə uyğun olaraq, onların inzibatlaşdırılması səlahiyyətlərini istifadəçiyə verir. Domenlərin qeydiyyatı və inzibatlaşdırılmaq üçün verilməsi haqqında müraciətlər mərkəzi və yerli dövlət orqanlarından bərabər əsaslarla qəbul edilir və baxılır.

3.2. Üçüncü səviyyəli *.GOV.AZ domenlərinin qeydiyyatı və inzibatlaşdırılmaq üçün verilməsi aşağıdakı qaydada həyata keçirilir:

AZSNET şəbəkəsinə qoşulması nəzərdə tutulan mərkəzi (yerli) dövlət hakimiyyəti orqanının aparatının rəhbərliyi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə (AZ1066, Bakı ş., Lermontov küçəsi, 68) üçüncü səviyyəli *.GOV.AZ domeninin qeydiyyata alınması və istifadəçiyə verilməsi barədə yazılı müraciət edir. Müraciətdə üçüncü səviyyəli domenin adı, birinci və ikinci səviyyəli DNS - serverlərin İP-ünvanları və adları, orqanının adı (Azərbaycan və ingilis dillərində), orqanda bu fəaliyyət istiqamətinə məsul olan şəxsin soyadı, domenin inzibatlaşdırılmasına məsul şəxslərin soyadları, onların əlaqə telefonlarının nömrələri, elektron poçt ünvanları göstərilməlidir. Eyni zamanda, AZSNET şəbəkəsinə qoşulması nəzərdə tutulan mərkəzi dövlət hakimiyyəti orqanı aparatının müraciəti noc@gov.az E-mail ünvanına göndərilməlidir (əlaqə telefonları: (99412) 435 16 02, (99412) 435 16 03). Domenin inzibatlaşdırılmaq üçün verilməsi haqqında qərar yalnız yuxarıda adları çəkilən hər iki müraciətin olduğu halda həyata keçirilir.

3.3. Müraciətin XDMX-nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə daxil olması barədə məlumat onun daxil olduğu vaxtdan sonrakı bir iş günü ərzində müraciət edən orqana (təşkilata) göndərilir.

3.4. Daxil olmuş müraciətə 5 iş günü ərzində baxılır və qəbul edilmiş qərar barədə sənəd müraciət edən orqana (təşkilata) göndərilir.

3.5. Eyni adlı domenin qeydiyyata alınması barədə eyni iş günündə iki və ya daha çox ərizə daxil olduqda, həmin adlı domen qeydiyyatdan birinci keçmiş müraciət edənə verilir. Digər müraciət edən orqanlara 5 iş günü ərzində yeni domen adının XDMX-nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə göndərilməsinin zəruriliyi barədə bildiriş göndərilir.

3.6. Bu Qaydalarla nəzərdə tutulmuş, habelə Koordinasiya Şurası tərəfindən müəyyənləşdirilmiş digər texniki tələblər yerinə yetirildikdən sonra 7 iş günü ərzində üçüncü səviyyəli domenin qeydiyyata alınması barədə qərar qəbul edilir.

3.7. Domenin qeydiyyata alınmasından sonra 30 gün ərzində müraciət edən orqan müraciətdə göstərilən DNS - serverlərin (primary və secondary) alınması və onların quraşdırılması barədə XDMX-nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə məlumat verməlidir. Bundan sonrakı 10 iş günü ərzində XDMX-nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi GOV.AZ domeninə xidmət göstərən DNS-lərdə *.GOV.AZ subdomeninin qeydiyyata alınması və verilməsinin son mərhələsinə aid olan müvafiq tədbirləri (update) həyata keçirir.

3.8. Qeydiyyata alınmış subdomenin inzibatlaşdırılması həmin subdomenin inzibatçısı tərəfindən domenin idarə edilməsinə dair işlənib hazırlanmış tövsiyələrə və bu Qaydalara uyğun olaraq həyata keçirilir.

3.9. *.GOV.AZ subdomeni qeydiyyata alındıqdan sonrakı 30 gün ərzində müraciət edən orqan tərəfindən DNS-serverlərin quraşdırılması təmin edilməzsə, qeydiyyata alınmış subdomen ləğv olunur. Bundan sonra müraciət edən orqan ümumi əsaslarla subdomenin qeydiyyata alınması barədə təkrar müraciət edə bilər.

3.10. Domen adının müəyyənləşdirilməsi zamanı müraciət edən dövlət hakimiyyəti orqanının adının əsas götürülməsi tövsiyə olunur. Domen adı kimi təşkilatın qısaldılmış adını və ya fəaliyyətini əks etdirən söz seçilməlidir. Domen adı qısa, yadda qalan və beynəlxalq təcrübəyə uyğun olmalıdır. Domen adları kimi Azərbaycan və ingilis dillərində olan adlar seçilə bilər.

3.11. Domen adının qeydiyyata alınması zamanı müraciət edən orqan tərəfindən ticarət markalarının, mülkiyyət hüquqlarının və ya başqa təşkilatların adlarının istifadə edilməsi ilə əlaqədar yarana biləcək mübahisələrə görə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti məsuliyyət daşımır.

3.12. Bütün mübahisəli hallar müraciət edən orqan və ya GOV.AZ domeninin inzibatçısı tərəfindən Koordinasiya Şurası çərçivəsində müzakirəyə çıxarıla bilər. Koordinasiya Şurasının qərarı sadə səs çoxluğu ilə qəbul edilir.

3.13. Bu Qaydalar *.GOV.AZ domeninin inzibatlaşdırılmasını həyata keçirən abunəçi tərəfindən mütəmadi olaraq pozularsa, Koordinasiya Şurasının hər bir üzvü və ya GOV.AZ domeninin inzibatçısı subdomenin həmin orqan tərəfindən idarə edilməsinin ləğv olunması barədə məsələ qaldıra bilər. Bu məsələ üzrə müvafiq qərar qəbul edilərsə, domenin inzibatlaşdırılması vəzifəsi müvəqqəti olaraq XDMX-nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin və ya Koordinasiya Şurasının digər üzvlərindən birinin üzərinə qoyulur. Zəruri hallarda Koordinasiya Şurasının növbəti iclasına qədər GOV.AZ domeninin inzibatçısı həmin vəzifəni müvəqqəti olaraq dayandıra və ya öz üzərinə götürə bilər.

 

4. ABUNƏÇİLƏRİN AZSNET ŞƏBƏKƏSİNƏ QOŞULMASI QAYDALARI

 

 4.1. AZSNET şəbəkəsinin abunəçiləri (abunəçilər qrupu) Azərbaycan Respublikasının mərkəzi hakimiyyət orqanları, onların struktur hissələri və digər dövlət təşkilatları (ayrı-ayrı vəzifəli şəxslər də daxil olmaqla) ola bilərlər.

4.2. Abunəçilərin (abunəçilər qrupunun) AZSNET şəbəkəsinə ilkin qoşulması aşağıdakı üsullarla həyata keçirilir:

4.2.1. orqanın rəhbəri XDMX-yə AZSNET şəbəkəsinin informasiya-kommunikasiya resurslarına qoşulmaq üçün müraciət göndərir; müraciətdə aşağıdakılar göstərilir:

- AZSNET şəbəkəsinin abunəçisi olacaq orqanın rəsmi adı (Azərbaycan və ingilis dillərində);

- AZSNET şəbəkəsinə qoşulma zərurətinin əsaslandırılması;

- orqanın lokal abunəçilərinin (hostlarının) sayı və internet (AZSNET) şəbəkəsinin zəruri xidmətlərinin siyahısı;

- orqanın internet (AZSNET) şəbəkəsinin digər abunəçiləri üçün açıq olan informasiya resurslarının siyahısı;

- AZSNET lokal şəbəkəsinin serverlərinin yerləşdirilməsi üçün ayrılan yerin ünvanı və kateqoriyalaşdırılması;

- yuxarıda göstərilən serverlərin inzibatlaşdırılmasına təyin olunan əməkdaşların adları, soyadları və telefon nömrələri;

4.2.2. XDMX-nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi sərəncamında olan texniki və maliyyə imkanlarına uyğun olaraq abunəçi ilə birlikdə AZSNET şəbəkəsinə qoşulma ardıcıllığını, kommunikasiyalara texniki qoşulmanın konkret variantını müəyyən edir, abunəçiyə zəruri olan avadanlıqların və proqram təminatının tərkibi barədə tövsiyələrini, identifikatorları və daxilolma parollarını verir.

4.3. Abunəçi orqan XDMX-nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə öz abunəçilərinin qeydiyyat məlumatlarına dair dəyişikliklər (orqanın adının, strukturunun dəyişdirilməsi, iş yerinin ünvanının dəyişməsi, məsul şəxslərin dəyişməsi, AZSNET şəbəkəsindən ayrılma və s.) barədə vaxtında məlumat verməlidir.

4.4. Orqan tərəfindən tələb olunan internet (AZSNET) şəbəkəsinin informasiya- kommunikasiya resursları yalnız abunəçilər və serverlərin inzibatçıları tərəfindən internet şəbəkəsindən əldə edilmiş proqram məhsulu informasiya və informasiya-kommunikasiya sahibi tərəfindən elan edilmiş proqram məhsullarına və informasiyaya daxil olma, onlardan istifadə etmə və yayma qaydalarına riayət etmək üzrə öhdəliklər barədə sənəd imzalandıqdan sonra təqdim olunur (2 nömrəli əlavə).

 

5. GOV.AZ DOMENİNƏ İNZİBATÇILIQ EDİLMƏSİ QAYDALARININ DƏYİŞDİRİLMƏ ÜSULU

 

GOV.AZ domeninin inzibatlaşdırılması Qaydalarına, habelə onunla əlaqədar sənədlərə dəyişikliklər və əlavələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə qəbul edilir. Yalnız abunəçi tərəfindən müvafiq öhdəlikləri əks etdirən müqavilə imzalandıqdan sonra, AZSNET şəbəkəsinin rəhbərliyi istifadəçiyə bu öhdəliklərin yerinə yetirilməsi şərtilə internet şəbəkəsindən əldə etdiyi proqram məhsulu verə bilər və informasiya-kommunikasiya resurslarına daxil olmaq imkanları yarada bilər (2 nömrəli əlavə).

 

 


 

 

GOV.AZ domeninin inzibatlaşdırılması Qaydalarına

1 nömrəli ƏLAVƏ

 

 

*.GOV.AZ domenlərinin inzibatlaşdırılması üzrə

 

T Ö V S İ Y Ə L Ə R

 

1. Cari tövsiyələr GOV.AZ ünvan fəzasında ondan sonra gələn bütün səviyyəli domenlərin inzibatlaşdırılmasının üsullarını müəyyən edir.

2. Heç bir domenə münasibətdə “amirlik” və “sahiblik” münasibətlərinin tətbiq edilməsi yol verilmir. Domenin inzibatlaşdırılmasının əsas məqsədi DNS xidmətinin təqdim edilməsi üzrə vəzifələrin yerinə yetirilməsidir.

3. İstifadəsinə ünvan məkanı verilən domenin inzibatçısı bu sahədə zəruri bilik səviyyəsinə malik olmalı, DNS-nin konsepsiyalarını və beynəlxalq RFC-1032, 1033, 1034 və 1591, habelə RİPE-007, 105, 114 və s. sənədlərdə göstərilən qaydaları bilməli və onlara riayət etməlidir.

4. DNS xidmətləri etibarlı, sabit və kəsilməz olaraq təmin edilməlidir. Subdomenlərin inzibatçıları bu DNS xidmətlərinin şəbəkənin cari vəziyyətinə uyğun olmasına görə cavabdehlik daşıyırlar. İnzibatçılar öz subdomenində hostların vəziyyətini bilməli, yaranan problemləri həll etmək üçün operativ tədbirlər görməlidirlər.

5. Subdomenin inzibatçısı öz funksiyalarını yerinə yetirmək üçün yuxarı səviyyəli domen inzibatçısı tərəfindən ona verilmiş müvafiq səlahiyyətlərə malikdir. Subdomenin inzibatçısı yuxarı səviyyəli domen inzibatçısının razılığı ilə öz səlahiyyələrini müvəqqəti olaraq başqa inzibatçıya verə bilər.

6. Subdomenə inzibatçılıq səlahiyyətləri verilərkən mütləq inzibati və texniki əlaqə üçün ən azı 2 məsul şəxs müəyyən edilməlidir. Subdomen inzibatçılarından hər biri elektron poçt ünvanına malik olmalıdır.

7. İnzibatçılıq səlahiyyətləri üçüncü səviyyəli subdomenə yalnız onun birinci və ikinci DNS serverlərə (primary və secondary) malik olduğu halda verilə bilər. Bu zaman DNS serverlərinin hər biri internet şəbəkəsinə etibarlı İP-qoşulmaya malik olmalıdır. Zəruri halda subdomenin inzibatçısı öz “secondary” serverini yuxarı səviyyəli domenin “primary” DNS serverində yerləşdirə bilər.

 

Qeyd. “Etibarlı İP-qoşulma” dedikdə, serverlə əlaqəsi sutka ərzində cəmi iki saatdan artıq olmamaqla, kəsilməyən qoşulma nəzərdə tutulur.

 

8. Subdomenə inzibatçılıq edilməsi səlahiyyətlərinin verilməsi üçüncü dərəcədən başlayaraq, bir DNS-server olduqda da mümkündür. Lakin subdomenin inzibatçısı bilməlidir ki, “secondary” serverinin olmaması elektron poçtun itirilməsinə gətirib çıxara bilər, belə ki, yuxarı səviyyəli domenin inzibatçısı buna görə məsuliyyət daşımır.

9. Bu tövsiyələrə riayət etməyən və şəbəkənin normal fəaliyyətini təmin etməyən və ya düzgün qurulmayan DNS-serverlərdən istifadə edən subdomenin inzibatçısının səlahiyyətləri yuxarı səviyyəli domenin inzibatçısı tərəfindən başqa orqana verilə və ya özündə saxlanıla bilər.

10. Subdomen qarşılıqlı razılaşma əsasında bir orqandan başqa orqana verildikdə, hər bir orqan bu barədə yekun qərar çıxaran yuxarı səviyyəli domenin inzibatçısına məlumat verməlidir.

 

 


 

 

GOV.AZ domeninin inzibatlaşdırılması Qaydalarına

2 nömrəli ƏLAVƏ

 

 

AZSNET şəbəkəsinin abunəçilərinin

 

Ö H D Ə L İ K L Ə R İ

 

1. AZSNET şəbəkəsi Ümumdünya İnternet Şəbəkəsinin bir hissəsidir və Azərbaycan Respublikasının mərkəzi və yerli dövlət hakimiyyəti orqanları arasında qarşılıqlı açıq informasiya mübadiləsində, habelə beynəlxalq informasiya mübadiləsində istifadə edilə bilər.

2. AZSNET şəbəkəsindən aşağıdakı məqsədlərlə istifadə edilə bilər:

2.1. Azərbaycan Respublikasında, həmçinin digər ölkələrdə fəaliyyət göstərən orqanlarla informasiya mübadiləsi həyata keçirilməsi üçün;

2.2. mərkəzi hakimiyyət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, habelə onların işçilərinin peşəkarlığının yüksəldilməsi üçün zəruri olan müxtəlif növlü məlumatların əldə edilməsi üçün;

2.3. nəticələrinin tətbiq edilməsi kommersiya və hərbi məqsədlərlə bağlı olmayan sosioloji, statistik və sair tədqiqatların aparılması üçün;

2.4. xidməti yazışmaların həyata keçirilməsi üçün;

2.5. Azərbaycan Respublikasına məxsus və beynəlxalq informasiya resurslarından istifadə etmək üçün.

3. Aşağıdakı məqsədlər üçün AZSNET şəbəkəsindən istifadə edilməsi qadağandır:

3.1. AZSNET şəbəkəsi vasitəsilə ondan istifadə edərək, özünə aid olmayan kommersiya fəaliyyətinin həyata keçirilməsi;

3.2. şəxsi mənafe və məqsədlər;

3.3. istənilən növ kommersiya reklamı;

3.4. Azərbaycan Respublikasının təhlükəsizliyinə, milli maraqlarına ziyan vura bilən fəaliyyət növləri ilə məşğul olmaq;

3.5. Azərbaycan Respublikasının qanunları ilə qadağan edilmiş fəaliyyət növləri ilə məşğul olmaq;

3.6. dövlət sirri təşkil edən və tərkibində yayılması məhdudlaşdırılmış xidməti informasiya işlənən, habelə məhdudlaşdırılmış daxilolma növlü informasiya yerləşən informasiya sistemlərini, rabitə şəbəkələrini və fərdi kompüterləri internet şəbəkəsinə qoşmaq.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       8 fevral 2013-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 13 fevral 2013-cü il, № 33; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 02, maddə 190)

2.       13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747)

3.       22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)

4.       18 iyul 2017-ci il tarixli 296 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 iyul 2017-ci il, № 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1493)

5.       21 yanvar 2019-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 yanvar 2019-cu il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 158)

6.       4 aprel 2022-ci il tarixli 141 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 aprel 2022-ci il, № 73)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747) ilə preambulasında “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

 

[2] 18 iyul 2017-ci il tarixli 296 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 iyul 2017-ci il, № 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1493) ilə “GOV.AZ domeninin inzibatlaşdırılması Qaydaları”nın 1-ci hissəsinin dördüncü abzası yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Domen adı - DNS-nin verilənlər bazasındakı, adətən bir-birindən “.” işarəsi ilə ayrılmış şəkildə göstərilən yazının eyniləşdiricisidir.

 

[3] 8 fevral 2013-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 13 fevral 2013-cü il, № 33; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 02, maddə 190) ilə “GOV.AZ domeninin inzibatlaşdırılması Qaydaları”nda 2.2-ci bənddə “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitəsinin (bundan sonra - XDMX-nin Xüsusi Rabitəsi)” sözləri “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin (bundan sonra - XDMX-nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi)” sözləri ilə əvəz edilmişdir.

 

[4] 8 fevral 2013-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 13 fevral 2013-cü il, № 33; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 02, maddə 190) ilə “GOV.AZ domeninin inzibatlaşdırılması Qaydaları”nda mətn üzrə ismin müvafiq hallarında “XDMX-nin Xüsusi Rabitəsi” sözləri ismin müvafiq hallarında “XDMX-nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

[5] 13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747) ilə “GOV.AZ domeninin inzibatlaşdırılması Qaydaları”nın 2.3-cü bəndində “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “GOV.AZ domeninin inzibatlaşdırılması Qaydaları”nın 2.3-cü bəndində “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilmişdir.

21 yanvar 2019-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 yanvar 2019-cu il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 158) ilə “GOV.AZ domeninin inzibatlaşdırılması Qaydaları”nın 2.3-cü bəndində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

 

4 aprel 2022-ci il tarixli 141 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 aprel 2022-ci il, № 73) ilə “GOV.AZ domeninin inzibatlaşdırılması Qaydaları”nın 2.3-cü bəndində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar sözləri Rəqəmsal İnkişaf və Nəqliyyat sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status