Yanacağın, texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrin, avadanlıqların atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlaşdırmanın Qaydalarının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli, 501 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Yanacağın, texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrin, avadanlıqların atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlaşdırmanın Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 17 oktyabr 2002-ci il
№ 159
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli, 159 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
Yanacağın, texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrin, avadanlıqların atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlaşdırmanın
QAYDALARI
1. Ümumİ müddəalar
[1]
1.1. Bu Qaydalar "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununa və "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli, 501 nömrəli Fərmanına əsasən hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində yanacağın, texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrin, avadanlıqların (bundan sonra - obyektlər) atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlaşdırma qaydalarını müəyyən edir.
1.2. Sertifikatlaşdırma insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuran obyektlərin idxalının və istehlakının qarşısını almaq məqsədi ilə keçirilir. [2]
1.3. Sertifikatlaşdırma milli sertifikatlaşdırma sisteminin əsasını təşkil edən sənədlərə uyğun aparılır.
1.4. Sertifikatlaşdırma milli, beynəlxalq və dövlətlərarası qəbul olunmuş standartların tələblərinə əsasən keçirilir.
1.5. Bu Qaydaların müddəaları təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində atmosfer havasının çirklənməsinə təsir göstərə bilən fəaliyyətlə məşğul olan bütün hüquqi və fiziki şəxslərə şamil edilir.
1.6. Obyektlərin atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlaşdırma proseslərini milli sertifikatlaşdırma orqanı - Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və xüsusi təyin edilmiş orqan - Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. [3]
1.7. Uyğunluq sertifikatının verilməsi qaydalarını Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə hazırlayıb təsdiq edirlər.
1.8. Obyektlərin sertifikatlaşdırılması ilə əlaqəli olan bütün xərclər sertifikatlaşdırmanın nəticələrindən asılı olmayaraq sifarişçilər tərəfindən müqavilə əsasında ödənilir.
1.9. İdxal olunan avadanlıqların müvafiq sertifikatlarının tanınması Azərbaycan Respublikasının qanunvericiliyinə və qoşulduğu beynəlxalq müqavilələrə əsasən həyata keçirilir.
2. Obyektlərİn atmosfer havasının mühafİzəsİnə daİr tələblərə uyğun olmasını təsdİq edən sertİfİkatlaşdırmanın təşkİlatİ strukturu
2.1. Obyektlərin atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlaşdırmanın (bundan sonra - AHMTS) təşkilati strukturunu aşağıdakılar təşkil edir:
milli sertifikatlaşdırma orqanı - Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi;
xüsusi təyin edilmiş orqan - Ekologiya və Təbii Sərvətlər Nazirliyi;
akkreditasiya olunmuş sınaq və analitik laboratoriyalar (mərkəzlər);
sifarişçilər.
2.2. Sertifikatlaşdırma üzrə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi aşağıdakı funksiyaları yerinə yetirir:
Azərbaycan Respublikası ərazisində AHMTS-in ümumi sertifikatlaşdırma prinsiplərinin müəyyənləşdirilməsi;
sınaq laboratoriyalarının akkreditasiyası;
təhlükəsizlik göstəriciləri üzrə sertifikat alınması üçün müqavilənin bağlanması;
sertifikatlaşdırma sxemlərinin seçilməsi;
lazım olan qeydiyyat-hesabat sənədlərinin, onların doldurulma qaydalarının və saxlanma müddətlərinin təyin edilməsi;
akkreditasiya olunmuş laboratoriyaların müəyyənləşdirilməsi və sertifikatlaşdırmanın keçirilməsinə dair qərarın hazırlanması;
başqa təşkilatların analitik, sınaq və elmi tədqiqat laboratoriyalarının işə cəlb edilməsi;
sertifikasiya üçün nümunələrin seçilməsi, sınaq üçün göndərilməsi;
sınağın nəticəsinin analizi, uyğunluq sertifikatının verilməsi və dövlət reyestrində qeydiyyatdan keçirilməsi;
sertifikatlaşdırılmış obyektlərin istehsalına təftiş nəzarətinin həyata keçirilməsi;
akkreditasiya olunmuş sınaq laboratoriyalarının işinə təftiş nəzarətinin həyata keçirilməsi;
xarici ölkələrin sertifikatlarının tanınması.
2.3. Ekologiya və Təbii Sərvətlər Nazirliyi sertifikatlaşdırılma sahəsində aşağıdakı funksiyaları yerinə yetirir:
Azərbaycan Respublikası ərazisində AHMTS işlərinin təşkili və idarə edilməsi;
AHMTS-in aparılması üçün lazımi normativ sənədlərin müəyyənləşdirilməsi;
sertifikatlaşdırılmalı obyektlərin çeşidinin müəyyən edilməsi;
AHMTS işlərinə qiymətlərin təyin edilməsi;
obyektlərin sertifikatlaşdırılması üçün ərizələrin qəbulu və onlara baxılması;
Azərbaycan Respublikası ərazisində atmosfer havasının mühafizəsi məqsədi ilə istehsal və istismar obyektlərinə ekoloji təhlükəsizlik baxımından texniki tələblərin qoyulması və təftiş nəzarətinin aparılması;
lazımi hallarda digər təşkilatlarla qarşılıqlı əlaqələrin yaradılması;
sınaq və yoxlamaların müsbət nəticələrinə görə uyğunluq sertifikatının verilməsi üçün rəy qəbul edilməsi;
obyektlərin AHMTS-in nişanı ilə markalanma hüququnun verilməsi;
başqa ölkələrlə və beynəlxalq təşkilatlarla AHMTS-ə dair qarşılıqlı işlərin aparılması;
beynəlxalq və regional müqavilələrə qoşulma haqqında qərarların qəbul olunmasında, həmçinin sertifikatlaşdırmanın nəticələrinin qarşılıqlı tanınması haqqında sazişlərin bağlanmasına təkliflərin verilməsi;
xarici ölkələrin sertifikatlarının tanınması üçün rəy verilməsi.
2.4. Akkreditasiya olunmuş sınaq və analitik laboratoriyalar (mərkəzlər) sertifikatlaşdırılan obyektlərin sınaqlarını və analizlərini aparır və bu obyektlərin sınaqlarının və analizlərinin nəticələri barədə protokollar (aktlar) tərtib edirlər.
2.5. Sifarişçilər, sertifikatlaşdırılmış obyektlərin, sertifikatların sahibləri:
sertifikatlaşdırılmış obyektin normativ sənədlərin tələblərinə uyğun olmasını və uyğunluq nişanı ilə nişanlanmasını təmin edirlər;
sertifikatlaşdırılmalı obyektlərin vaxtlı-vaxtında sertifikatlaşdırılmasına cavabdehdirlər;
sertifikatlaşdırılmış obyektlərə müfəttiş nəzarətinin edilməsi üçün lazımi şərait yaradırlar;
sertifikatlaşdırılmış obyektlərdə aparılmış və ya tətbiq olunmuş dəyişikliklər barədə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verirlər;
sertifikatın qüvvədə olduğu müddət başa çatdıqda və ya sertifikatlaşdırılmış obyekt normativ sənədlərin tələblərinə cavab vermədiyi halda, bu obyektlərin istehsalı, istismarı və satışının dayandırılması üçün tədbirlər görürlər.
3. Obyektlərİn sertİfİkatlaşdırılması
3.1. Obyektlərin sertifikatlaşdırılması ilə əlaqədar aşağıdakı işlər həyata keçirilir:
təhlükəsizlik və texniki tələblərə görə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə və ekoloji təhlükəsizlik göstəricilərinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə obyektlərin sertifikatlaşdırılması üçün sifarişçi tərəfindən ərizənin verilməsi;
sifarişçilərdən sifarişlərin və təqdim olunmuş sənədlərin qəbulu, ilkin yoxlanması və qeydiyyatı;
sənədlərə baxılması, ekspertiza aparılması;
istehsalatın vəziyyəti ilə ilkin tanışlıq;
sertifikatlaşdırma üçün normativ sənədlərin seçilməsi;
sifarişə dair qərarın qəbul edilməsi, sertifikatlaşdırma sxeminin, akkreditasiya olunmuş sınaq laboratoriyasının müəyyənləşdirilməsi, nümunənin seçilməsi və onun sınaq laboratoriyasına göndərilməsi;
proqramın və sınağın həcminin müəyyənləşdirilməsi;
təqdim olunan nümunələrin qeydiyyatı, onların müəyyən edilmiş tələblərə uyğunluğunun qiymətləndirilməsi, proqram üzrə sınaq həcminin keçirilməsi və sınaq protokolunun tərtib edilməsi;
sınaq protokolunun Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunması;
sınaq protokollarının və yoxlama aktlarının təhlili;
maliyyə sənədlərinin hazırlanması;
sertifikatlaşdırılan obyektin müəyyən edilmiş tələblərə uyğunluğunun qiymətləndirilməsi və sertifikatın verilməsi barədə qərar qəbul edilməsi;
uyğunluq sertifikatını və uyğunluq nişanını tətbiq etməyə verilən icazənin rəsmiləşdirilməsi, onların qeydə alınması və verilməsi;
uyğunluq sertifikatının qüvvədə olduğu müddətdə sertifikatlaşdırılmış obyektə müfəttiş nəzarəti.
3.2. Sertifikat 2 il müddətinə verilir.
4. Sertİfİkatın qüvvədə olma tələblərİnə
rİayət edİlməsİnə nəzarət
4.1. Sertifikatın qüvvədə olduğu müddətdə sertifikatlaşdırılmış obyektdə sertifikatlaşdırılmanın tələblərinin yerinə yetirilməsinə dair müfəttiş nəzarəti həyata keçirilir.
4.2. Sertifikatlaşdırılmış obyektlərə nəzarətin keçirilməsi zamanı sertifikatlaşdırılmış parametrlərlə normativ sənədlərin tələbləri arasında uyğunsuzluq aşkar edilərsə, aşağıdakı qərarlar qəbul edilə bilər:
a) aşkar olunmuş nöqsanlar aradan qaldırılanadək sertifikatın qüvvəsinin müvəqqəti dayandırılması haqqında;
b) sertifikatın qüvvəsinə xitam verilməsi haqqında;
c) sertifikatlaşdırma prosedurlarının yenidən aparılması haqqında.
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
- 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32)3
- 12 may 2015-ci il tarixli 182 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 may 2015-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №5, maddə 663)
- 30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817)
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
[1]
21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32) ilə "Yanacağın, texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrin, avadanlıqların atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlaşdırmanın Qaydaları"nın 1.6-cı, 1.7-ci, 2.1-ci, 2.2-ci, 2.5-ci və 3.1-ci bəndlərində ismin müvafiq hallarında "Agentliyi" sözü ismin müvafiq hallarında "Komitəsi" sözü ilə əvəz edilmişdir.
[2]
12 may 2015-ci il tarixli 182 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 may 2015-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №5, maddə 663) ilə “Yanacağın, texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrin, avadanlıqların atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlaşdırmanın Qaydaları”nın 1.2-ci bəndində “əhalinin həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəli olan” sözləri “insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuran” sözləri ilə əvəz edilmişdir.
[3]
30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817) ilə “Yanacağın, texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrin, avadanlıqların atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlaşdırmanın Qaydaları”nın 1.6-cı, 1.7-ci bəndlərində, 2.1-ci bəndinin ikinci, 2.2-ci bəndinin birinci, 2.5-ci bəndinin beşinci, 3.1-ci bəndinin ikinci və onuncu abzaslarında ismin müvafiq hallarında “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilmişdir.