"Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatlarının dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələri haqqında Nümunəvi Əsasnamə"nin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununa və "Dövlət sirri haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 17 yanvar tarixli, 539 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
[1]
1. "Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatlarının dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələri haqqında Nümunəvi Əsasnamə" təsdiq edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 17 oktyabr 2002-ci il
№ 160
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2002-ci il 17 oktyabr tarixli, 160 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının müəssisə, idarə və təşkilatlarının dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələri haqqında
Nümunəvİ Əsasnamə
1. Bu Əsasnamə «Dövlət sirri haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq işlənib hazırlanmışdır və Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatlarının dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələrinin yaradılması, ləğv edilməsi qaydalarını və onların səlahiyyətlərini müəyyən edir.
Bu Əsasnamənin müddəaları Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq, dövlət sirri təşkil edən məlumatlarla bağlı işləri yerinə yetirən və ya belə işləri yerinə yetirmək üçün icazə almaq istəyən müəssisə, idarə və təşkilatları tərəfindən hökmən icra edilməlidir.
2. Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi ilə bağlı işlər görülən dövlət hakimiyyəti orqanlarında, müəssisə, idarə və təşkilatlarda (bundan sonra-xüsusi olaraq vurğulanan hallardan başqa — təşkilatlar) məxfilik rejiminin təmin olunması üzrə tədbirlərin işlənib hazırlanması, həyata keçirilməsi və ona əməl olunmasına nəzarət edilməsi məqsədilə dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələri yaradılır.
Məxfilik rejimi — dövlət sirri təşkil edən məlumat və məlumat daşıyıcılarının mühafizəsinin təmin edilməsinin Azərbaycan Respublikasının dövlət sirri haqqında qanunvericiliyi ilə müəyyən edilmiş vahid qaydalarıdır.
Dövlət sirrinin mühafizəsi təşkilatların əsas fəaliyyət növlərindən biridir, onların dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələri isə əsas (təminedici) bölmələrindən biridir. Bu bölmələrin başqa struktur bölmələrin tərkibinə daxil edilməsi və ya dövlət sirri haqqında qanunvericiliklə nəzərdə tutulmayan səlahiyyətlərin onlara verilməsi yolverilməzdir.
[2]
3. Təşkilatların dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi ilə bağlı fəaliyyətinin xüsusiyyətlərindən asılı olaraq, dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələrinin tərkibinə rejim bölməsi, məxfi kargüzarlıq bölməsi və dövlət sirrinin mühafizəsini bilavasitə təmin edən digər bölmələr daxil edilir.
Rejim bölməsi məxfilik rejiminin təmin olunmasının təşkilati-metodik məsələləri və ona riayət olunmasına nəzarətin təşkili üzrə əsas bölmə olaraq, təşkilatlarda məxfilik rejimini təşkil edir və ona ciddi əməl olunmasını təmin edir. Dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı yerinə yetirilən işlərin həcmindən və əhəmiyyətindən asılı olaraq, təşkilatlarda rejim idarəsi, şöbəsi və ya qrupu yaradılır.
Məxfi kargüzarlıq bölməsi məxfi kargüzarlığın aparılması zamanı məxfilik rejiminin təmin olunması üzrə tədbirlər işləyib hazırlayır, həyata keçirir və ona əməl olunmasına nəzarət edir. Dövlət sirri təşkil edən məlumatların daşıyıcısı olan sənədlərin (mətn üzrə — məxfi sənədlər) həcmindən asılı olaraq, təşkilatlarda məxfi kargüzarlıq şöbəsi və ya qrupu yaradılır.
Təşkilatlarda rejim və məxfi kargüzarlıq işlərinin həcmindən asılı olaraq, rejim bölməsinin tabeliyində ondan aşağı statusa malik məxfi kargüzarlıq bölməsi (yaxud əksinə) yaradıla bilər və ya bu işlərdən birinin həcmi çox azdırsa, bu işlər dövlət sirrinin mühafizəsi üzrə digər bölməyə həvalə edilə bilər.
4. Dövlət hakimiyyəti orqanlarında və onun tabeliyində olan təşkilatlarda dövlət sirrinin mühafizəsi üzrə bölmələrin yaradılması, strukturunun dəyişdirilməsi və ləğv edilməsi qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (bundan sonra — təhlükəsizlik orqanı) rəyi nəzərə alınmaqla dövlət hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir.
[3]
Dövlət hakimiyyəti orqanlarının tabeliyində olmayan təşkilatlarda dövlət sirrinin mühafizəsi üzrə bölmələr təhlükəsizlik orqanının rəyi nəzərə alınmaqla, dövlət sirri təşkil edən məlumatlardan istifadə etməklə bağlı işlərin görülməsini sifariş edən dövlət hakimiyyəti orqanının və təşkilatın birgə qərarı ilə yaradıla bilər.
Yeni yaradılan bölmələr onların fəaliyyəti üçün uyğun şəraitin mövcudluğu barədə təhlükəsizlik orqanının və ya onun ərazi orqanlarının rəyi nəzərə alınmaqla fəaliyyətə başlaya bilər. Dövlət sirrinin mühafizəsi üzrə bölmələrin fəaliyyəti üçün şəraitin uyğunluğunu şərtləndirən tələblər təhlükəsizlik orqanı tərəfindən müəyyən edilir.
5. Təşkilatlar birgə və başqa işlər gördükdə və bununla əlaqədar dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi zərurəti yarandıqda, onlar dövlət təşkilatlarının dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələrinin xidmətindən istifadə edilməsi barədə həmin təşkilatlarla müqavilə bağlaya bilərlər.
Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi ilə bağlı yerinə yetirilən işlərin həcmi az olan təşkilatlarda məxfi sənədlərin qeydiyyatı və saxlanılması, məxfilik rejiminin təmin olunması üzrə tədbirlər təşkilat rəhbəri və ya onun təyin etdiyi səlahiyyətli şəxs tərəfindən həyata keçirilə bilər.
6. Təşkilatların dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi ilə bağlı böyük həcmli işlər görən struktur bölmələrində (idarə, şöbə, sex, laboratoriya və s.); dövlət sirrinin mühafizəsi üzrə bölmələrini (şöbə, qrup) yaratmaq və ya dövlət sirrinin mühafizəsi üzrə bölmələrin səlahiyyətli nümayəndələrini təyin etmək olar.
Struktur bölmələri üzrə səlahiyyətli nümayəndələrə olan tələbat və namizədlər bu bölmələrin rəhbərləri ilə birlikdə dövlət sirrinin mühafizəsi üzrə bölmələri tərəfindən müəyyən edilir və təşkilatın rəhbəri tərəfindən təyin edilirlər. Dövlət sirrinin mühafizəsi üzrə bölmələrin səlahiyyətləri həmin nümayəndələrə şamil edilir.
7. Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi ilə bağlı böyük həcmli elmi-tədqiqat, təcrübi-konstruktor, istehsal-texniki işlər icra edən təşkilatlarda dövlət sirriniin mühafizəsi üzrə bölmələrin səlahiyyətlərinin şamil edildiyi, rəhbərin rejim üzrə müavini (köməkçisi) vəzifəsinin təsis edilməsi, həmin təşkilat rəhbərinin təqdimatına əsasən və təhlükəsizlik orqanının rəyi nəzərə alınmaqla təşkilatın tabe olduğu dövlət hakimiyyəti orqanının qərarı ilə həyata keçirilir.
Təşkilat rəhbərinin rejim üzrə müavinləri (köməkçiləri), dövlət sirrinin mühafizəsi üzrə bölmələrin rəisləri və həmin bölmələrin səlahiyyətlərini həyata keçirən şəxslər təhlükəsizlik orqanının rəyi nəzərdə alınmaqla vəzifəyə təyin edilir və vəzifədən azad olunurlar.
8. Təşkilatların dövlət sirrinin mühafizəsi üzrə bölmələrinin səlahiyyətləri dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin və bu Əsasnamənin tələblərinə uyğun olaraq dövlət hakimiyyəti orqanları tərəfindən qanunvericiliklə onlara verilmiş səlahiyyətlər nəzərə alınmaqla işlənib hazırlanan və təsdiq edilən dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələri haqqında Əsasnaməyə əsasən müəyyən edilir.
9. Məxfilik rejiminin təmin olunması üzrə təşkilatların rəhbərlərinin, onların rejim üzrə müavinlərinin (köməkçilərinin), dövlət sirrinin mühafizəsi üzrə bölmələrinin vəzifəli şəxslərinin, səlahiyyətli nümayəndələrinin və digər vəzifəli şəxslərinin səlahiyyətləri dövlət sirrinin mühafizəsi üzrə bölmələrin səlahiyyətlərinə uyğun işlənib hazırlanmış vəzifələr təlimatı və əmək müqaviləsi (saziş, kontrakt) ilə müəyyən edilir.
10. Məxfi kargüzarlıq bölməsinin fəaliyyəti üçün bu Əsasnamənin 4-cü bəndində təsbit edilmiş rəyi almış təşkilat bu barədə xidmətindən istifadə etmək istədiyi və qanunla belə xidmət göstərməyə icazəsi olan xüsusi rabitə (feldyeqer rabitəsi) orqanına yazılı məlumat verir. Belə bildiriş olmadan xüsusi rabitə orqanı təşkilatlarla müqavilə bağlamamalı və xidmət göstərməməlidir.
11. Dövlət sirrinin mühafizəsi üzrə bölmələr bilavasitə təşkilatın rəhbərinə və onun rejim üzrə müavininə (köməkçisinə) tabe olur.
Dövlət sirri təşkil edən məlumatlardan istifada edilməsi ilə bağlı görülən işlərin məxfilik dərəcəsi «xüsusi əhəmiyyətli» deyildirsə, dövlət sirrinin mühafizəsi üzrə bölmələrə «tam məxfi» məlumatlarla işləməyə buraxılışı olan müvafiq mütəxəssislər işə qəbul edilir.
Dövlət sirrinin mühafizəsi üzrə bölmələr üçün mütəxəssislərin hazırlanması, ixtisaslarının artırılması işini təşkilatlar təşkil edir.
12. Dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələrin vəzifələri:
təşkilatların digər struktur bölmələrinin məxfilik rejiminin təmin olunması sahəsində fəaliyyətinin əlaqələndirilməsi;
Azərbaycan Respublikasının vəzifəli şəxslərinin və vətəndaşlarının, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin əsassız olaraq dövlət sirri ilə işləməyə buraxılışının və dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa buraxılmasının yolverilməzliyinin təmin edilməsi;
təşkilatların fəaliyyəti proseslərində dövlət sirri təşkil edən məlumatların mümkün axın (kənara sızma) kanallarının müəyyən edilməsi və məlumat axınının qarşısının alınması;
təşkilatların fəaliyyəti proseslərində məxfilik rejiminin təmin olunması məqsədi ilə zəruri tədbirlərin işlənib hazırlanmasının və həyata keçirilməsinin təmin edilməsi;
təşkilatların beynəlxalq əlaqələr üzrə fəaliyyəti prosesində məxfilik rejiminin təmin edilməsi;
məxfi kargüzarlığın təşkili.
13. Dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələrinin funksiyaları:
təşkilatlarda dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlər görülərkən məxfilik rejiminin təmin olunması üzrə fəaliyyəti tənzimləyən əsasnamə, təlimat və digər təşkilati-metodik sənədlərin işlənib hazırlanmasını, təsdiq olunmasını və tətbiq edilməsini təşkil edir;
dövlət sirri təşkil edən məlumatların mümkün axın kanallarının müəyyən edilməsi və məlumat axınının qarşısının alınması məqsədi ilə təşkilatın elmi tədqiqat, təcrübi-konstruktor, istehsal-texniki, iqtisadi-ticarət və digər sahələr üzrə fəaliyyətinin öyrənilməsini və təhlil edilməsini təşkil edir;
dövlət sirri təşkil edən məlumatların axını ilə nəticələnə bilən səbəb və şəraitlərin aradan qaldırılması üçün tədbirlərin işlənib hazırlanmasını təmin edir, onların mənimsənilməsində iştirak edir və icra olunmasına nəzarət edir;
dövlətin təhlükəsizliyinin təmin olunması, müdafiə maraqları naminə aparılan elmi tədqiqat, təcrübi-konstruktor işlərinin görülməsi üçün işlənib hazırlanan taktiki-texniki tapşırıqlara, onların işlənib hazırlanması haqqında standartlara uyğun olaraq, dövlət sirrinin mühafizəsinin təmin olunması üzrə tələbləri müəyyən edən bölmələrin daxil edilməsinə nəzarəti təşkil və təmin edir, göstərilən tələblərin icrasına nəzarət edir;
təşkilatlarda dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi ilə bağlı işlərin görülməsi, məmulatların yaradılması proseslərində onların maskalanması, şifrlənməsi, əfsanələşdirilməsi tədbirlərinin müvafiq digər bölmələrlə birlikdə işlənib hazırlanmasını təşkil edir və onların həyata keçirilməsinə nəzarət edir, aşkaredici əlamətlərin müəyyən edilməsində və aradan qaldırılmasında iştirak edir;
dövlət sirri təşkil edən məlumat daşıyıcısı olan məmulatların (mətn üzrə –– xüsusi məmulatlar) işlənib hazırlanması, layihələndirilməsi, istehsalı, sınağı, istismarı, kino-foto çəkilişi, qeydiyyatı, saxlanılması, daşınması və məhv edilməsi proseslərində məxfilik rejiminin təmin olunması üzrə tədbirlərin həyata keçirilməsini təşkil edir və ona nəzarət edir;
xüsusi məmulatların mərkəzləşdirilmiş qeydiyyatını və onların mövcudluğunun yoxlanılmasını, bölmələrdə məxfilik rejiminə riayət edilməsinə nəzarəti təşkil edir;
dövlət sirri təşkil edən məlumatların texniki vasitələrdə emalı (yaranması, yığılması, işlənməsi, saxlanması, axtarışı, verilməsi) prosesində mühafizəsini təmin edən tədbirlərin işlənib hazırlanmasını və həyata keçirilməsini təşkil edir;
təşkilatların məxfiləşdirilməli məlumatlar siyahılarının işlənib hazırlanmasında iştirak edir, dövlət sirri təşkil edən məlumat daşıyıcılarının məxfilik dərəcələrinin vaxtında və düzgün təyin olunmasına nəzarət edir;
təşkilatlarda dövlət sirri təşkil edən məlumat və məlumat daşıyıcılarının məxfilik dərəcəsinin və məxfilik müddətinin dəyişdirilməsi təkliflərinin və ekspert rəylərinin hazırlanmasında iştirak edir;
təşkilatlarda, onların struktur bölmələrində məxfi kargüzarlığı təşkil və təmin edir, məxfi sənədlərlə işləyərkən, müəyyən olunmuş qaydaların təmin olunması və sənədlərin mühafizəsi üzrə tədbirlərin işlənib hazırlanmasını həyata keçirir;
təcrübi əhəmiyyətini itirmiş, elmi, tarixi və digər dəyərləri olmayan məxfi sənədlərin və sənədli materialların məhv edilmək üçün seçilməsi və məhv edilməsi, həmçinin məxfi sənədlərin təşkilatda saxlama müddəti bitdikdən sonra arxivlərə verilməsi işlərini təşkil edir və həyata keçirir;
məxfi sənədlərin çoxaldılmasının, onların qeydiyyatının, saxlanılmasının və onlardan istifadə olunmasının müəyyən olunmuş qaydada təmin olunmasına nəzarəti həyata keçirir;
dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı müşavirələrin, konfransların, sərgilərin keçirilməsi, dissertasiyaların, diplom işlərinin müdafiəsi və mühafizə olunmayan texniki-rabitə kanallarından istifadə proseslərində məxfilik rejiminin təmin olunmasını təşkil edir və ona nəzarət edir;
digər təşkilatlarla dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı birgə iş görülməsi, dövlət sirri təşkil edən məlumatın və məlumat daşıyıcılarının digər dövlətlərə və beynəlxalq təşkilatlara verilməsi, mətbuatda dərc olunmaq, televiziya və radioda verilmək, açıq müşavirə və konfranslarda istifadə etmək, açıq sərgilərdə nümayiş etdirmək üçün nəzərdə tutulmuş materialların rəsmiləşdirilməsi və açıq yazışmaların aparılması proseslərində dövlət sirrinin yayılmasının və axınının qarşısının alınması üzrə tədbirlərin işlənib hazırlanmasını və həyata keçirilməsini təşkil edir;
[4]
dövlət sirri ilə işləməyə buraxılış hazırlanmalı olan vəzifələr nomenklaturasının aidiyyəti bölmələri cəlb etməklə işlənib hazırlanmasını təşkil və təmin edir, şəxslərə müvafiq buraxılışların rəsmiləşdirilməsində iştirak edir və buraxılışların etibarlılıq müddətinə nəzarət edir;
dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılmış şəxslərin məxfilik rejimi məsələləri üzrə təlimatlandırılmasını təşkil edir və həyata keçirir, məxfilik rejiminin tələblərinin onlar tərəfindən mənimsənilməsinin məqbulluq səviyyəsinin müəyyən edilməsini təşkil edir;
dövlət sirri ilə işləməyə buraxılışın rəsmiləşdirilməsində iştirak edir, müvafiq sənədlərin, buraxışların rəsmiləşdirilməsi və yenidən rəsmiləşdirilməsi üçün vaxtında təqdim olunmasını təşkil edir;
məxfilik rejiminin tələblərinə əməl olunması və dövlət sirrinin mühafizəsinə görə məsuliyyətin artırılması naminə təşkilatın əməkdaşları ilə izahat işinin aparılmasını və qabaqlayıcı tədbirlərin görülməsini təşkil edir və həyata keçirilməsində iştirak edir;
dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələrinin əməkdaşlarının, səlahiyyətli nümayəndələrinin, dövlət sirri təşkil edən məlumatlara buraxılan şəxslərin məxfilik rejimi sahəsində ixtisaslarının artırılması üzrə işləri təşkil edir və həyata keçirir;
təşkilatlarda işləyənlərin dövlət sirri təşkil edən məlumatlarla məlumatlılığının qeydiyyatının aparılmasını təşkil edir və həyata keçirir;
təşkilatların xarici ölkələrlə elmi-texniki, iqtisadi-ticarət və digər əlaqələri prosesində, o cümlədən xarici ölkə nümayəndələrinin qəbulunda məxfilik rejiminin təmin olunması üzrə tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
xüsusi hərbi rejimli obyektlərə, xarici ölkələrə ezam olunmaq üçün mütəxəssislərin seçilməsində və təlimatlandırılmasında iştirak edir;
xarici ölkəyə ezam olunan, xarici ölkədə daimi yaşamaq üçün təşəbbüs göstərən şəxslərin dövlət sirri ilə məlumatlılığı barədə təşkilatların müvafiq struktur bölmələri ilə birlikdə qanunvericiliklə nəzərdə tutulmuş materialları hazırlayır;
təşkilatın ərazisində obyektlərin layihələndirilməsi, tikintisi, yenidən qurulması üzrə texniki tapşırıqların məxfilik rejiminin təminatı hissəsinə baxır və razılıq verir;
təşkilatlarda fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması, mülki müdafiə və təxliyə tədbirlərinin həyata keçirilməsi proseslərində məxfilik rejiminin təmin olunması üzrə tədbirlər işləyib hazırlayır və həyata keçirir;
müvafiq bölmələrlə birlikdə təşkilatın xüsusi və rejimli obyektlərinin siyahısını hazırlayır, bu obyektlər üzrə əlavə təhlükəsizlik tədbirlərinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
təşkilatların mühafizəsinin, obyektdaxili və buraxılış rejimlərinin təmin olunması üzrə tədbirlərin işlənib hazırlanmasını təşkil edir və əməl olunmasına nəzarəti həyata keçirir;
təşkilatlarda mühafizənin mühəndis-texniki vasitələrlə təchizatının təkmilləşdirilməsi, mənimsənilməsi, səmərəliliyinin müəyyən edilməsi üzrə işləri təşkil edir. Xidməti vəsiqələrin, möhür və ştampların hazırlanmasına, qeydiyyatına, saxlanılmasına, verilməsinə, istifadə olunmasına və məhv edilməsinə nəzarəti təşkil və təmin edir;
təşkilatların struktur bölmələrində məxfilik rejiminin təşkili vəziyyətinin yoxlanılmasını təşkil edir;
dövlət sirri təşkil edən məlumat və məlumat daşıyıcılarının yayılması və itirilməsi faktları üzrə xidməti təhqiqatların keçirilməsini təşkil edir;
məxfilik rejiminin təmin olunması məsələləri üzrə təşkilat rəhbərlərinin sərəncamverici sənədlərinin hazırlanmasında iştirak edir.
14. Dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələrinin hüquqları:
təşkilatın işçilərindən və təşkilata ezam olunmuş şəxslərdən dövlət sirri haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə və müvafiq normativ hüquqi aktlarına, həmçinin məxfilik rejiminin təmin olunması üzrə təşkilatın normativ metodik və sərəncamverici sənədlərinə riayət edilməsini tələb etmək;
təşkilatın mütəxəssislərini məxfilik rejiminin təmin olunması üzrə işlərə cəlb etmək;
təşkilatın struktur bölmələrində, həmçinin onun tabeliyində olan təşkilatlarda məxfilik rejiminin vəziyyəti və təşkili işləri üzrə yoxlamalar keçirmək;
təşkilatda, həmçinin onun tabeliyində olan təşkilatlarda dövlət sirrinin mühafizəsi üzrə bölmələrin ştat cədvəllərinin layihələrinə baxılmasında iştirak etmək, həmin bölmələrin strukturu və say tərkibi barədə təkliflər vermək;
dövlət sirri təşkil edən məlumatların yayılması, belə məlumat daşıyıcılarının itirilməsi faktları üzrə təhqiqatda iştirak etmək və məxfilik rejiminin pozulmasının digər faktları üzrə təşkilatın işçilərindən yazılı izahatlar tələb etmək;
təşkilatın struktur bölmələrinin, həmçinin təşkilatın tabeliyində olan təşkilatların rəhbərlərinə məxfilik rejiminin təmin olunması məsələləri üzrə tövsiyələr və tapşırıqlar vermək;
təşkilat rəhbərinə zəruri şərait olmadıqda və ya məxfilik rejiminin kobud pozulması halları müəyyən edildikdə, dövlət sirri təşkil edən məlumatlardan istifadə etməklə yerinə yetirilən işlərin dayandırılması haqqında təqdimat vermək, həmçinin məxfilik rejimini pozan şəxslərin dövlət sirri təşkil edən məlumatlarla bağlı işlərin icrasından kənarlaşdırılması və ya məsuliyyətə cəlb edilməsi barədə müvafiq struktur bölmələri ilə birlikdə hazırlanmış təkliflər vermək. İşlərin yerinə yetirilməsinin dayandırılması haqqında təqdimatın surəti yuxarı təşkilatın dövlət sirrinin mühafizəsi üzrə bölməsinə təqdim edilir;
məxfilik rejiminin təmin olunması məsələləri üzrə digər təşkilatlarla, onların dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələri ilə müvafiq qaydada poçt-teleqraf yazışmalarını həyata keçirmək.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
20 sentyabr 2006-cı il tarixli 214 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cI il, № 9, maddə 827)
- 11 yanvar 2007-ci il tarixli 3 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 47)
- 3 fevral 2005-ci il tarixli 19 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 122)
- 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
3 fevral 2005-ci il tarixli 19 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 122) ilə qərarının preambulasından “və “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 17 yanvar tarixli 539 nömrəli Fərmanına” sözləri çıxarılmışdır.
[2]
20 sentyabr 2006-cı il tarixli 214 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cI il, № 9, maddə 827) ilə “Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatlarının dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələri haqqında Nümunəvi Əsasnamə”nin 2-ci bəndinin üçüncü abzasında “(aparıcı)” sözü “(təminedici)” sözü ilə əvəz edilmişdir.
[3]
3 fevral 2005-ci il tarixli 19 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 122) ilə qərarının preambulasından “və “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 17 yanvar tarixli 539 nömrəli Fərmanına” sözləri çıxarılmışdır.
22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatlarının dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələri haqqında Nümunəvi Əsasnamə”nin 4-cü hissəsinin birinci abzasında “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilmişdir.
[4]
11 yanvar 2007-ci il tarixli 3 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 47) ilə Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatlarının dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələri haqqında Nümunəvi Əsasnamə"nin 13-cü bəndinin on altıncı abzasında "xarici ölkəyə " sözləri "digər dövlətlərə və beynəlxalq təşkilatlara " sözləri ilə əvəz edilmişdir.